Bu gün “Azərkitab”da tanınmış şair, yazar Kamalə Abiyevanın Şuşa ilinə həsr olunmuş “Torpaq” və “41” adlı kitablarının təqdimatı keçirilib.
Tədbirdə qazilər, şəhid ailələri, millət vəkilləri, oxucular, tanınmış mədəniyyət adamları iştirak edib. Hər iki kitab Qarabağ şəhidlərinə həsr olunub.
Gənc yazıçı Mövlud Mövludun əziz xatirəsinə ithafən…
Bilirsən, Mövlud, Bu insanlar ki var, pafosla danışıb, bir qəpiyə dəyməyən, qarışqa mənəviyyatlı olanları deyirəm, onlar ən qatı cinayətkardırlar… Elədiklərinin fərqinə varmasalar, zaman keçdikcə, həyatın oyuncağına çevriləcəklər … Qısılacaqlar bivecliklərinə, guya fərqlilik axtaracaqlar… Gedəcəklər… Lakin Tanrı çox az insana, fərqli ruh verib … Hansı ki, o həssadı, O, başından dırnağına kimi sadiqlikdən yaranıb… O, vicdanlıdı, O, yeni fincan görəndə belə, 20illik qulpu sınıq fincanını atmır! Elə sənin kimi… Bizlər kimi… Bu dəmdə, sənin 17-ci mərtəbən düşür yadıma… Məhəbbətdən yetim qalan sən, Yerlə göyün arasında, necə hərəkətsiz qaldın axı… Sən cəsarətlisən! Onlar isə qorxaqdı! Qorxaqlar! Hisslərini itirib, məhrumdular hər şeydən… Acdılar mərhəmətə! Bilmirlər ki, fədakarlıq nədir! Bilmirlər ki, körpən böyüyəndə Ona səndən nə danışsınlar!
Mövlud…Mövlud..Mövlud… Nə çox oxşayırmışıq biz… Qorxuram ki, sonumuz da eyni ola… Sadəcə başqa versiyalarda… Bilməyəcəklər nələr çəkdiyimizi Qınayacaqlar, qorxdu deyəcəklər.. Halbuki məlum olmayacaq, hansı cəsarətlə ölümün üstünə getdiyimiz… Danışacaqlar… Danışacaqlar … Və susacaqlar…
Əzizim, Mövlud Çətin də olsa vərdiş etməliyik, Gələnlər dəyişilər… Əvvəl cüzi yalanlar, Sonra başqaları, fərqli mühit Və dizlərini qucaqlayan Bu dünyanın kimsəsizi”Sən”! Qəbullanmalıyıq, əzizim Ya elə ,ya da belə Gələn mütləq getməlidir… Torpaqdan yaranan biz də, Kişinin qabırğasından yaranan, Ruhu milyon ilə bərabər Heç getməyəcəm deyən qadın -elə mən də, Cırtdanından tutmuş, Div’inə qədər Pisindən yaxşısına, Varlısından kasıbına qədər… Kirpiyindən tökülən , Yanağında itən damlan kimi Əriyib, itib, səssiz gedəcəyik… Gedənləri qınama, mənim ruhum Elə hamımız getmək üçün gəlmişik…
12.04.2019.
Bu dünyada sipər olduq, Kədər nədir bilər olduq. Özümüzdən keçər olduq, Əzizimizin gül xətrinə.
Qiyamət deyib sus qalmışıq, O dünyaya səs salmışıq. Köç edənlərə darıxmışıq, Yamanların dad əlindən.
Saçlarımız üsyan edir, Bir-bir düşüb gözdən itir. Ömür belə gəlib keçir, Qalmışıq elə tən yarıda.
Dünya başdan yalandı, Özünü çoxdan danandı. Axı bu mirət kimə qalandı?! Süleymanı tək apardı axırda.
Bu dünyada əhdə vəfa hardadır?! Adəm oğlu yenə dərdə bulandı. Yara deyin, əğyar yaman dardadır, Vay o gündən aşiq gəlib çıxmasın.
Yaralarımı can dediyim sarmadı, Çoxları da sözün üstə durmadı. Beyin getdi, qəm də məni yormadı, Belə yorulmağa dəyməz həyatda.
Dost dediyim yağı imiş, bilmədim, Gözüm gördü, qulaq duydu, dinmədim. Bircə dəfə lap ürəkdən gülmədim, Sakit-sakit ağladanmış bu dünya…
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya institutunun “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,tanınmış filosof alim Faiq Ələkbərli ölkəmizdə və onun hüdudlarından kənarda tanınmış tədqiqatçılarından biridir.
On beş il öncə “XX əsrdə Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir tarixində Məhəmməd Əmin Rəsulzadənin yeri və rolu” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edən Faiq Ələkbərli “Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü”(2007), “Milli ideologiya problemlərinə tarixi-fəlsəfi baxış” I hissə (2011), “Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və tanrıçılıq” (2017), “Azərbaycan-Türk fəlsəfi və ictimai fikir tarixi” (I hissə) (2018) kitabları, həmçinin ölkəmizdə və xaricdə dərc edilmiş yüzlərlə elmi və publisistik məqalələri xalqımızın elmi-fəlsəfi irsini daha da zənginləşdirmişdir.
Faiq Ələkbərli – fəlsəfə doktoru, dosent.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və azərbaycançılı” adlı monoqrafiyası “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Monoqrafiya Azərbaycan və Türk dünyasının böyük oğlu, Azərbaycan Cümhuriyyətinin qurucusu, politoloq, sosioloq, filosof-mütəfəkkir ədəbiyyatşünas Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə, milli həmrəylik (solidarizm) və azərbaycançılıq təlimlərinə həsr olunub. Öncə, monoqrafiyada M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşləri kontekstində sosial-demokratiya, milli demokratiya, liberalizm, islamçılıq, müsavatçılıq cərəyanları hərtərəfli şərh edilib. Əsərdə M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşləri ilə birbaşa bağlı olan milli həmrəylik (təsanüdçülük-solidarizm) təlimi dünyəvilik və türk fəlsəfəsi kontekstində araşdırılmış, bu cərəyanla bağlı sosial-fəlsəfi fikirləri şərh olunmuşdur.
Monoqrafiyada M.Ə.Rəsulzadə azərbaycançılıq təliminin banisi kimi “Azərbaycan” milli ideyasının sosial-fəlsəfi və ideoloji yönləri də əsaslı şəkildə tədqiq edilmişdir. Eyni zamanda, tədqiqatda M.Ə.Rəsulzadənin qafqazçılıq, türkçülük, ya da yeni turançılıq və Türk federasiyası məsələlərinə dair baxışları da geniş şəkildə öz əksini tapmışdır.
Hər şeydən öncə Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur, tariximizdə öz izi var. Rəsulzadə Xalq Cümhuriyyətinin əsasını qoymaqla müstəqil dövlət ideyasının formalaşmasına nail oldu. Rəsulzadə və onun silahdaşları milliyyətindən, irqindən və dinindən asılı olmayaraq, bütün vətəndaşları cümhuriyyət adı altında birləşdirdi.Əsərdə F. Ələkbərov Rəsulzadənin Cümhuriyyətinin, həmçinin bütöv Azərbaycan məfkurəsinə də xidmət etdiyini qeyd edib. Bununla bərabər, tarixçi Rəsulzadə və onun silahdaşlarının rəhbərlik etdiyi dövlətin idarəçiliyində demokratik prinsiplərin əsas rol oynadığını bildirir.
Tədqiqatçıya görə “Azərbaycan Xalq Cümhuriyyətində bütün vətəndaşlar eyni hüquqlara və azadlıqlar malik idilər. Bu dövlətdə heç bir milli, irqi və dini ayrı-seçkilik olmayıb. Milli demokratiya uğrunda mübarizə onların əsas təməl prinsiplərdən biri olub”.
F.Ələkbərov Rəsulzadənin siyasi nəzəriyyəsində “Türkçülük, İslamçılıq və Müasirlik” üçlüyünün də önəmli yer tutduğunu vurğulayıb.
Bir sıra türk ədibləri və maarifçiləri ilə yanaşı Məhəmməd Əmin Rəsulzadə də siyasi fəaliyyətində “Türkçülük, İslamçılıq və Müasirlik” üçlüyünü dəstəkləyib. Üç rəngli bayrağımız məhz bu üçlük ideyası əsasında formalaşaraq, 1918-ci ilin noyabrın 9-da Xalq Cümhuriyyətin bayrağı elan edildi. İndiyədək üçrəngli bayraq xalqımızın qürur və şərəf mənbəyidir.
Əsərdə Faiq Ələkbərov Məhəmməd Rəsulzadənin təkcə Azərbaycan yox, həmçinin türk və islam dünyası üçün də önəmli tarixi şəxsiyyət olduğunu faktlarla səciyyələndirir.
Rəsulzadə Azərbaycan Xalq Cümhuriyytənin əsasını qoymaqla türk və islam dünyasında siyasi inqilab edərək öz adını tarixə yazmışdır.
Xatırladaq ki, Məhəmməd Əmin Rəsulzadə 1884-ci ildə Bakı şəhərində anadan olub. O, gənc yaşlarda ikən aktiv siyasətlə məşğul olub və müstəmləkəçilik və sosial ədalətsizliyə qarşı kəskin mübarizə aparıb. Rəsulzadə, həmçinin İran və Türkiyədə də azadlıq və demokratiya uğrunda mübarizə aparıb.
Əziz dostum, zəhmətkeş tədqiqatçı, layiqli vətən oğlu, istedadlı alim Faiq Türkoğluya həyat və sənət uğurları arzu edirəm.
Yeni əsərin də həmişəki kimi əliyül-əladır. Mübarək olsun!
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədə “Turan”ın xalq şairi adı verilib.
“Turan” Beynəlxalq Yazıçılar Cəmiyyətinin sədri, akademiyanın prezidenti Heydərbəy Bababəyov Vüqar Əhmədə təbrik məktubu ünvanlayıb. Qeyd edib ki, “türk dünyasının sevilən şairi bu uca fəxri ada Türk ədəbiyyatının, o cümlədən, öz xalqının milli ədəbiyyatının, poeziyasının inkişafındakı böyük xidmətlərinə görə layiq görülür. Təbrik edirik – Turanın xalq şairi!!”
Vüqar Əhmədə “Turan”ın xalq şairi adı verilib.
Xatırladaq ki, Vüqar Əhməd bir müddət öncə Özbəkistan Respublikası Mahpirat adına Orta Asiya Xalqları Tarixi İnstitutu “Turan” Elmlər Akademiyasının Rəyasət Heyətinin akademiki seçilmiş və qurumun medalı ilə təltif olunmuşdu.
Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının yaranmasının 10 illik yubileyi ilə əlaqədar Akademiyanın Rəyasət Heyətinin və “Turan” Beynəlxalq Yazıçılar Cəmiyyətinin yığıncağı keçirilib. “Turan” Elmlər Akademiyasının akademiki, bir çox beynəlxalq akademiyaların və Yazıçılar Təşkilatlarının akademiki və həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, görkəmli ədəbiyyatşünas alim Vüqar Əhməd Beynəlxalq “Turan” Yazıçılar Cəmiyyətinin həqiqi üzvü seçilib.
Qeyd qeyd edək ki, məşhur özbək şairi Əmir Xudayberdi də “Turanın xalq şairi” fəxri adına layiq görülüb. Qardaş xalqın şairini də təbrik edirik. “Turan”ın başqanı, akademik Heydərbəy Bababəyova və rəyasət heyəti üzvlərinə səs çoxluğu ilə Vüqar Əhmədi dəstəklədiklərinə görə elmi-ədəbi ictimaiyyətimiz adından təşəkkür edirik.
“Mütərcim” nəşriyyatı ali təhsil müəssisələri müəllimləri və tələbələri üçün yeni dərsliyi nəşr etmişdir. Bu dərslikdən həm ali təhsilin bakalavriat, həm də magistratura pilləsində, 5804.01 – ümumi pedaqogika, pedaqogikanın və təhsilin ixtisası üzrə doktoranturaya qəbul imtahanlarında və doktorluq imtahanlarında faydalanmaq mümkündür. Dərsliyin müəllifləri pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Akif Abbasov, pedaqogika üzrə fəlsəfə doktorları Lalə (Abbasova) Məmmədova və İradə Əmirəliyevadır.
Qeyd etmək lazımdır ki, istər xaricdə, istərsə keçmiş SSRİ-də və istərsə də ölkəmizdə ilk dəfədir ki, bu adda dərslik nəşr olunur.
Akif Abbasov, Lalə Məmmədli, İradə Əmirəliyeva. Pedaqogika nəzəriyyəsi və tarixi: Ali təhsil müəssisələri üçün dərslik. Bakı: Mütərcim, 2022, 464 səh.
Dərslik iki hissədən ibarətdir. I hissədə “Pedaqogika nəzəriyyəsi”, II hissədə isə “Pedaqogika tarixi” məsələləri diqqət mərkəzinə gətirilir.
“Pedaqogika nəzəriyyəsi” hissəsində pedaqogikanın ümumi məsələləri, əsas anlayışları, predmeti, məqsəd və vəzifələri, tədqiqat metodları, didaktika və tərbiyə məsələləri, məktəbə rəhbərlik və onun idarə olunması (məktəbşünaslıq) problemləri nəzərdən keçirilir.
“Pedaqogika tarixi” hissəsində Azərbaycanın və Şərqin möhtəşəm sənəd abidələrində, Azərbaycan mütəfəkkirlərinin, klassik və müasir pedaqoqlarının, eyni zamanda dünya pedaqoqlarının təhsil, tərbiyə, təlim və onların təşkili məsələlərinə, məktəbin idarə olunması, müəllim şəxsiyyətinə dair fikirləri nəzərə çatdırılır.
Dərslikdən ali məktəb tələbələri, müəllimlər, dissertant və doktorantlar, magistrantlar, magistrlər, valideynlər, həmçinin geniş oxucu kütləsi istifadə edə bilərlər.
VAQİF DÜNYASI (Bu gün onun doğum günüdür! Ruhu şad olsun!) Vaqifin barmağından doğulan bir dünya var, Səmədin qələmindən doğulan dünya kimi. Yeddi qat, yeddi arğac mayası sirr dünya var, Səttarın fırçasından doğulan dünya kimi. * * * Vaqifin barmağından doğulan bir dünya var, Ana laylası kimi, nənə bayatısıtək. Onun barmaqlarında dilə gəlir arzular, Ata duası kimi, baba hayqırtısıtək. * * * Vaqifin barmağından doğulan bir dünya var, Ta qədimdən bu günə, ilmə-ilmə toxunur. Anamın hanasında olan sirli naxışlar, Vaqifin barmağında kəlmə-kəlmə oxunur. * * * Vaqifin barmağından doğulan bir dünya var; Azərbaycandır adı, – mənim yurdum bu diyar! 16.03.2022. Bakı-İçərişəhər.
Novruz təbiətin oyanışını,baharın gəlməsini,ilin tamam olmasının,gecə ilə gündüzün bərabərləşməsini Tanrını özündə təcəssüm əks etdirən türklərin ulu bayramıdır. Novruz bayramı əsrlər boyu ulu babalarımızdan bizə qalan qədim milli bayramımızdır. Bu bayram baharın gəlməsi,gecə ilə gündüzün bərabərləşməsi,xeyrin şər üzərində qələbəsi,Ahurəməzdanın rəmzi sayılan işığın,günəşin zülmətə,şərə,qara qüvvə olan Əhrimənə qalib gəlməsi əsas xüsusiyyətlər kimi izah olunur.Novruzun yaranmasını İslamla bağlamaq düzgün deyil,çünki bu bayram heç bir din və şəriətdən asılı olmayan təbiət bayramıdır.İslamın ilk dövrlərində yaşamış müqəddəslər Novruzu xoş sözlərlə qeyd edirlər. Rəvayətə görə, Həzrət Əli ibn Əbu Talibin xilafəti illərində möminlərdən biri ona Novruz hədiyyəsi gətirir. İmam Əli bu hədiyyənin hansı münasibətlə verildiyini soruşanda, Novruz bayramı olduğunu söyləyirlər. İmam hədiyyəni qəbul edib buyurur: ”Hər günümüzü Novruz edin“.
“Novruz”un mənşəcə bir fars sözü olub-“yeni gün” mənasını ifadə edir. Novruza “Bozqurd”,”Çağan”,”Nevruz” və.s də deyilmişdir. Novruz bayramı haqqında məlumatlara qədim türk mənbələrində Mahmud Kaşğarlının “Divanü Lügət-it Türk”,Balasaqunlunun “Qutadqu bilik”,Ömər Xəyyamın “Novruznamə”,Nizami Gəncəvinin “İsgəndərnamə” əsərlərində rast gəlmək olar.
Novruz bayramının qədim türklərin “Ərgənəkon” bayramının davamı olmasıyla bağlı mülahizələrdə günümüzə qədər gəlib çatmışdır. Bu mülahizələrə görə türklərin qədimdən bəri qeyd etdikləri “Ərgənəkon bayramı” müəyyən zaman kəsiyindən sonra “Novruz” adı ilə davam etdiyi və günümüzədək gəlib çıxdıgı qeyd edilir.
Novruz bayramı haqqında islam miflərinin yaranmasını dinlə bağlamaq olar. Ulu Tanrı dünyanı gecə və gündüzün bərabər olduğu gündə-Novruzda yaratmışdır. İlk insan olan Adəm məhz bu gündə yaranmışdır. Adəm və Həvvanın nəfsini məğlub olub Tanrı tərəfindən qadağan edilən meyvədən yediklərinə görə cənnətdən yer üzünə qovulan Adəm məhz Novruz bayramında Həvvasına qovuşub.
Bu bayram əlbəttə ki,farslar tərəfindən də qeyd olunur,amma farslara məxsus bayram olduguni qeyd etmək doğru olmaz.
Farslarda Novruz bayramının qeyd edilmə tarixi bununla bağlı rəvayətlərdə öz əksini tapmışdır. Belə ki,Novruz bayramını yeni ilin ilk günü kimi qeyd edilməsinə Sasani və Əhəmənilər dövründən rast gəlinir. Bəzi mənbələrdə Novruz Cəmşidin taxta çıxmasıyla da bağlıdır.
Ömər Xəyyam ” Novruznamə” əsərində Novruz bayramının yaranmasıyla bağlı bəzi fikirlər var. “Novruzun yaranmasının ilkin və başlıca səbəbi budur ki,həmin gün Günəş dövrə vurmuş və 365 gün keçmişdir”. Bəzi rəvayətlərə görə bu bayram İran şahlarından biri olan Cəmşidin vətənimizə gəlməsiylə bağlıdır. Əl-Biruni “Asar əl-Baqiyyə” əsərində də bu haqda qeyd olunur.
Bu bayramla bağlı adətlərin yaranması
Yaz mövsümünün gəlişini “Səməni” təmsil edir. Bu ənənə təbiətin oyanmasını,dirçəlməsini təsvir edir. Bunun da əsas mövqeyini “tonqal” tutur. Tonqal qədim türklərdə od,alov,atəş mənasını verir. Tonqal günəşi simvolizə edir. Qədim türklərdə günəş müqəddəs Tanrı kimi izah olunur. Tonqal üzərindən tullanarkən deyilən “ağırlığım,uğurluğum burda qalsın” deyimi türklərin bədii təfəkkürünə görə odun arındırıcı funksiyaya sahib olması ilə başa düşülür.
Novruz qədim türkün təbiətə bağlılığından və oda olan inamdan irəli gələn bir bayramdır. Çin qaynaqlarında ilk və son baharın rəsmi dövlət olmasıyla bağlı məlumatlar var.
Novruzun gəlişi Şərqdə Azərbaycan poeziyasında geniş yayılmış “Bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir. Azərbaycan ədəbiyyatında xüsusəndə lirik poeziyamızda Novruz bayramına həsr olunan şeirlərdən Hüseyn Cavidin “Novruz bayramı” və Mikayıl Müşfiqin “Bayram axşamı” şeirlərinə rast gəlmək olar.
Yazıçı İsmayıl Şıxlı “Dəli Kür” romanınında bu bayramı adət-ənənələriylə təsvir etmiş və Azərbaycan xalqının milli adət-ənənəsi olan Novruzu qeyd etməyə hazırlaşan bir kəndin həmin kəndin əhalisinin bayrama hazırlıq təlaşını, həyəcanını,sevincini və dini inanclarını da ustalıqla qələmə almışdır.
Novruz bayramı idi. Kənd uşaqları səbirsizliklə axşamın düşməsini gözləyir, tez-tez xırman yerinə topladıqları ota baxırdılar. Onlar qucaq-qucaq küləş, saman gətirib otun üstünə atırdılar. Bundan başqa, əllərinə keçən quru çırpıları, odun qırıntılarını da buraya atırdılar. Onlar şər qarışan kimi tonqal yandıracaqdılar. Oğlanlar bundan başqa, meşədən uzun payalar kəsib gətirmişdilər. İri bir gərməni ortasından deşib həmin ağaca keçirmiş və lopa düzəltmişdilər. Tonqallardan başqa damın üstündə lopa da yanacaqdı. Qızlar sakit oturmurdular. Özlərinə təzə paltar tikir, axşama qədər hazır edib geyməyə çalışırdılar. Gəlinlər yumurta boyayır, arvadlar tez-tez düyü arıtlayan qızlara göz yetirirdilər. Səmənilər süfrələrə düzülürdü. Hamı bayrama hazırlaşırdı. Varlı da, kasıb da çalışırdı ki, bu axşam süfrəsi boş qalmasın.
Göründüyü kimi Novruz bayramı Azərbaycan xalqının əsrlər boyu yaşatdıgı və gələcək nəsillərə ötürdüyü milli bayramımızdır.
Qeyri-adi tətqiqat Bu evə təzə köçmüşəm. Yarım il olar. Qonşuları hələ yaxşı tanımıram. Həyatımın çox hissəsinini işim alır əlimdən. Gecələr təcili yardımda, günüzlər də özəl klinikada çalışıram. Həkiməm. Evlənmədim. Qadınlara, qızlara heç vaxt ayıra bilmirəm. Bəlkə də hələ ürəyimi fəth edən tapılmayıb. Ev telefonuma zəng gəldi. -Axşamınız xeyir -Salam -Sizinlə söhnət etməliyəm, doktor. -Buyurun. Kimdir? -Qonşunuz. Üzbəüz binada yaşayıram. -Çox gözəl. Buyurun. Dinləyirəm sizi. -Yox. Gəlin görüşək. Telefon söhbəti deyil. -Görüşək. Harda? Nə vaxt? -Sabah axşam saat 7 də sizi həyətdəki kafedə gözləyirəm. Ertəsi gün danışdığımız kimi kafeyə getdim. Boş stolların birində əyləşib məni buraya çağıran adamı görməyə tələsirdim. Arxadan gələn səsi tanıdım. -Axşamınız xeyir, doktor. Çox sağ olun ki, gəldiniz. Sözümü yerə salmadınız. – Buyurun, mən sizi ilk dəfədir görürəm. Və… – Tanış olaq. Adım Avraamdır. Bu adı mən özüm seçmişəm . Avraam Linkolnu çox sevdiyimdən. Onu da mənim kimi öldürüblər. – Bağışlayın. Anlamadım. – Məsələ burasındadır ki, mən çox maraqlı bir tətqiqatla məşğulam Qarşımdaki cavan oğlanın psixikasında problem olduğunu dərhal hiss etdim və – Mənim sizin tətqiqatda rolum nə? – Mən uzun illərdir nə vaxt və necə öləcəyimi hesablayıram. Vaxtı hələ bilmirəm. Amma necə öləcəyimi bilirəm. Bunu dəqiq bilirəm. – Siz dəlisiniz – Bəli. Mənə hamı dəli deyir. Çünki məni anlamırlar. Siz elə bilirsiniz dəli deyilən hər kəs dəlidir? Əsla. Onların beyinlərinin quruluşu siz normal dediklərinizdən fərqlidir. – Bilirsiniz, cavan oğlan, mənim o qədər vaxtım yoxdur. Mən bu cəfəngiyyatı eşitmək belə istəmirəm. Nə istəyirsiniz edin mənim burada nə işim var? – Məsələ burasındadır ki, məni siz öldürəcəksiniz.Hesablamalar nəticəsində sizin evdən gəlir mənə ölüm. – Nə? Siz həqiqətən xəstəsiniz. Mən həkiməm, insanlara şəfa verirəm. Mən niyə kimisə öldürməliyəm? -Bilmirəm. Ancaq mənim tətqiqatımın nəticəsinə görə məni siz öldürməlisiniz. Mən əsəbi halda ayağa qalxdım -Sağ olun. Mən getməliyəm.Xahiş edirəm məni bir daha narahat etməyin! Bu olanları çox fikirləşdim. Və qərara gəldim ki,həqiqətən sərsəmin birinə rast gəlmişəm və maraqlısı da odur ki, o mənim qonşuluğunmda yaşayır. Bir həftə sonra təcili yardım həkimi kimi bir mənzilə çağırıldım. Qapını yaşlı bir qadın açdı. O oğlunun halının qəfil pisləşməsini dedi və bizi içəri dəvət etdi. Xəstənin bir neçə gün əvvəl mənimlə kafedə görüşən adam olduğunu görüb özümü itirdim. – Salam doktor. – Nə olub Avraam? – Avraam deyil adı, ay doktor – deyə ana ağlamağa başladı. Narahat olmayın, ana, biz tanışıq. Öz aramızda ona elə deyrik. Qadın sakitləşib geri çəkildi. – Doktor. Bəlkə bu elə həmin gündür? Siz indi mənə iynə vuracaqsınız və mən… – Siz sağlamsınız. Ağrayan yeriniz varmı? – Bilmirəm. Başım, başım bərk ağrayır. Gözlərim qaralır. Mən təcili onun təzyiqini ölçdüm və tibb bacısına göstəriş verdim. Düzü təşvişdəydim. Təzyiqi çox yüksək idi. Onun sərsəm sözləri isə qulağımda səslənirdi. “Məni siz öldürəcəksiniz” Tibb bacısının əlindəki şpritsə baxıb – Dayan – dedim- Lazım deyil! Vurma! – İsti su gətirin! Limon sıxın! Bir neçə adi tədbirlərdən sonra o özünə gəldi. Baş ağrısı keçdi. Gözləri açıldı. Mən tərimi silib ayağa qalxdım – Yaxşısınız artıq. Biz gedək. – Doktor mən səhv edə bilməzdim axı. – Siz nəinki səhv edirsiniz, hətta boş bir fikir söyləyirsiniz. Qapıda qoca anayla sağollaşıb mənzili tərk etdik. Maşında siqaret çəkə- çəkə fikrə getdim: “Birdən həqiqətən o iynədən ölsəydi?” Sonra, sanki yuxudan ayılıb fikrimi dağıtdım. Həyat davam edirdi. Bu sərsəm qonşumu tədricən unudurdum. O da məni narahat etmədi daha. Bir gün işdən qayıdanda qonşuların bir yerə toplandıqlarını gördüm. Maraqlanıb onlara yaxınlaşdım. Qonşu binada yaşayan cavan oğlanın bu gün səhər öldüyünü eşitdim. Bu həmin mənimlə kafedə görüşən oğlan idi. Ölümün səbəbiylə maraqlandım. Dedilər ki, yolu keçəndə onu maşın vurub. Elə yerindəcə keçinib. Çox pis oldum. Sürücünün kim olduğunu bilmək istədim. Heç kim bilmədi. Ürəyimdə ona çox yazığım gəldi. Yorğun halda pilləkənləri qalxıb evə getdim və işıqları yandırmadan divana uzanıb fikrə getdim. Onunla kafedəki söhbəti sonra onu necə xilas etdiyimi yada saldım. Telefon zəng çaldı. Dostum idi. – Salam. Qanım qaradır. Qonşuluqda tanıdığım bir oğlanı maşın vurub. Ölüb. – Hə.Bilirəm. Bilirsən kim vurub? -Yox – Sənin evinin keçmiş yiyəsi. Sən evi ondan almısan.
Mətbuatda naşı deyiləm. Çap olunmağa orta məktəb illərindən başlamışam. Paytaxta baş alıb varmamın məğzində mütaliə edib bəyəndiklərimin həmkarı -jurnalist olmaq, ondan da əsas – yazıçı, şair kimi tanınmaq həvəsi dayanıb. Bu arzunun ucundan tutub çox çətinlikləri dəf etmişəm. İlk cəhdlərim uğursuz alınsa da, sonradan dövrü mətbuatda məqalələrim, şeir və hekayələrim, publisistik yazılarım dərc olunub. Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvüyəm. Qələm əhli kimi ölkə daxilinə və xaricə səfərlərim də az olmayb. Bu gün çap olunmaq problemi yaşamasam da, mətbuatı “külliyyatımla” zəbt eləmək fikrindən uzağam. Hər dəfə düşüncələrimi ictimailəşdirmək istəyəndə yüz yol götür-qoy edirəm, ağır məsuliyyətin altına girməkdə ehtiyatlı davranıram. Həm də yazımın qəhrəmanı, bu günlərdə 55 yaşını qeyd edəcəyimiz Əli bəy Azərinin rəhbərlik etdiyi “Xəzan” jurnalına hekayə və şeirlərimi çapa göndərəndə!..
Vətəndaş kimliyində sadəcə Əli Rzaquliyev adı və soyadı qeyd olunmuş, çağdaş Azərbaycan yaradıcı mühitində həm yazar, həm də naşir kimi tanınan Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xəzan” jurnalının təsisçisi və baş redaktoru, dostumuz Əli bəy Azərinin ədəbi KİMliyinə işıq salmaq haqqıma özümütanıdımla ayaq verməyim oxucuya qəribə gəlməsin. Xalqımızın “dostunu tanıt, deyim sən kimsən!” misalını bilərəkdən belə baş-ayaq nizama çəkməyim də yaradıcı dostumun orijinallığa meyilliliyinin qarşılığı səbəbindəndir. Sözün doğrusu, Əli bəy Azəri ilə dost da olmaq mənim üçün həm bir qədər çətin, həm bir o qədərdən çox asandır. Məsələ mənim bir neçə bahar böyük olmağımda deyil, sadəcə onun sadəliyində və səmimiyyətindədir. İstənilən və istənilməyən yerdə və məqamda haqsızlığı şax, çəkinmədən üzə çırpa bilər. Tezliklə də günahını başa düşənin könlünü almağı bacarır. Yaxud haqqında deyilən fikirlə (mənfi, ya müsbət) anındaca razılaşmaq meylindən uzaqdır, düşüncə süzgəcindən keçirər, sakit, yaxud çılğın şəkildə münasibətini bildirər. Cəmiyyətdəki hər hansı problemə, yaxud uğurlu perspektivə biganə qala bilmədiyindən, bu və ya digər məsələ barədə çox götür-qoy etdiyindəndir ki, ən optimist qərar vermək bacarığı ilə dostlarının rəğbətini qazanıb. Kini, küdurəti tez soyuyan hirs və qəzəbindən o yana keçmir.
Haşiyə: Azərbaycan Yazıçılar Birliyi nəzdində sayı heç də az olmayan zəngilanlı yazarların təşkilatlanması fikri çoxdandır ki, hər ikimizin diskussiyasına çevrilmişdi. Hər dəfə söz salır, sosial şəbəkələrdə ağzına gələni yazan və deyənlərə qarşı müəyyən tədbirlərin görülməsi haqqında arzularımızı bəyan edirdik. Ancaq konkret iş görməyə vaxt və məqam tapa bilmirdik. Nəhayət, yeni yaradılmış AYB Qubadlı Regional Birliyi tərkibində təşkilatlanmağa razılaşdıq. Yadımdadır ki, təsis yığıncağına getməzdən əvvəl aramızda tam başqa bir məsələ ilə bağlı ciddi fikir ayrılığı yarandı, mən sözümü deyib, necə deyərlər, otağı tərk elədim. Sabahısı gün 20 nəfərədək Zəngilan qələm əhlinin iştirakı ilə keçirilən tədbirdə kimin təşkilatlanmamıza rəhbərlik edəcəyi təklifinə hamı bir-birinin üzünə baxdı. Bu vaxt Əli bəy Azəri əlini qaldırıb tribunaya çıxdı və mənim namizədliyimi irəli sürərək fikrini əsaslandırmağa çalışdı. Sözsüz ki, dünənki mübahisəmizi xatırladıb bir xarakter kimi təqdir etməklə!
Əli bəy Azəri oxuya-oxuya güclü qələmi olan yazara, yaza-yaza mükəmməl oxucuya, redaktə edə-edə təcrübəli naşirə doğru peşəkar yaradıcı insan ömrünü yaşayır. O, Azərbaycan tarixini dərindən öyrənib, hər bir dövrə dair, xüsusən torpaqlarımızın yadellilər tərəfindən zəbti ilə bağlı zəngin mənbə və tutarlı qaynaqlara söykənən faktlardan geniş və izahlı məlumat vermək, yazmaq bacarığına malikdir. Müasir Azərbaycan hərb tarixmizin həm iştirakçısı, həm də salnaməçisidir. Bir neçə kitabın müəllifi, almanaxın tərtibçisidir. Həyatı haqqında dövrü mətbuatda, sosial şəbəkələrdə məlumat bol olduğundan aşkar faktlara yer verməyərək, bu insanın güclü vətəndaş mövqeyinə malik ziyalı, eyni zamanda, çağdaş ədəbi mühitdə özünü və sözünü təsdiqləmiş qələm sahibi kimi dəyərli olduğunu vurğulamaq xüsusilə yerinə düşərdi. Əli bəy Azərinin həyatı onun nəsrində, hekayə, povest və romanlarında öz əksini tapıb. Publisistik düşüncələri təsisçisi və naşiri olduğu, oxucularının və müəlliflərinin coğrafiyası respublikamızın hüdudlarını aşan gözəl tərtibli və dərin mövzulu “Xəzan” jurnalının “Baş redaktordan” səhifəsində real hadisələr, aktual məsələlər barədə obyektiv mövqeyində oxucuya çatdırılır. Sosial şəbəkələrdəki paylaşımlarında hər hansı mənfi meyllər və ünsürlər barədə yumoru, sarkazmı öldürücü xarakter daşıyır.
Əli bəy Azəri müasir Azərbaycan mətbu və ədəbi mühitinin fəal simalarındandır. Əminəm ki, onun gördüyü işlər, həyata keçirdiyi layihələr ədəbiyyat tariximizdə əbədiyyət qazanacaq və gələcək müzakirələrin aktual mövzuları sırasında yer alacaq – müəllifi olduğu və redaktor kimi xeyir-dua verdiyi kitablar, çoxlu sayda aktual mövzulu, məzmunlu publisistikası, təsisçisi və naşiri olduğu nəfis tərtibli “Xəzan” jurnalı… və bir də bu yığcam səmimi dost yazısı!