LAY LA ELƏDİ
(hekayə)
Qonşu rayonda toy vardı. Qadınlar toya getməyə hazırlaşırdılar. Geyinib-keçinib, bəzənib-düzənib gəldilər Mədinəgilə. Mədinə də geyinib hazır dayanmışdı. Amma onlardan bir az gözləməyi xahiş etdi:
-Qızımı, balaca Südabəni yuxuya verim, gedək.
-Uşağa kim baxacaq?
-Bacım.
-Yaxşı.
Ana palazın üstə oturub ayaqlarını uzatdı. Sonra da uşağı ayaqlarının üstünə uzandırdı. Mədinə başını divara söykəyib lay la çala-çala ayaqlarını yırğalamağa başladı ki, Südabə yuxuya getsin.
Südabənin olardı 3-4 yaşı. Yuxusu gəlmirdi. Anasını acıqlandırmamaq üçün gözlərini yumdu. Amma yatmaq fikri yox idi. Qadınların söhbətini eşitmişdi. O da toya getmək istəyirdi. Ancaq onu aparmırdılar.
Südabə arada gözlərini açaraq anasına baxır, tez də yumurdu. Bir də gördü ki, anasının səsi gəlmir. Lay lası yarımçıq qalıb. Südabə baxdı. Anasını yuxu aparmışdı. Südabə ehmalca yerə düşdü.
Qadınlar həyətdə dayanıb şirin-şirin söhbət edirdilər. Bir də baxdılar ki, qapı açıldı. Tez:
-Hə, Mədinə də uşağı yatırtdı. Tərpənək.
Lakin aynabəndə Mədinənin əvəzinə Südabə çıxmışdı. Qız onları qabaqladı:
-Anam lay la elədi…Gedək toya…
Qadınları gülmək tutdu. Bəsti ilə Nabat içəri keçdilər. Gördülər ki, Mədinə başını divara söykəyib yatıb. Bəsti:
-Biy, Mədinə demişdi, uşağı yatırım. Əvəzində Südabə onu yuxuya verib.
Müəllif: Akif ABBASOV
Azərbaycan Respublikası Təhsil İnstitutunun
elmi katibi, pedaqogika elmləri doktoru, professor.
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru