
Qar
Qar yağır gecəyə,
Qar yağır küçəyə,
Qar yağır
Göydən yerə xəbər var,
Uçub gəlir
Ağ-ağ məktublar.
Qar yağır,
Gecə işıq salır
əlində ağ fənər.
Oyaqdır, yem gəzən sərçələr.
Fit çalır hardasa sərsəri küləklər.
Ağ yuxular görür
ac itlər.
Qar yağır
Ağarır binalar,
Ağarır meydanlar,
Ağarır vağzalda
qaralan qatarlar.
Qar yağır
Hamıdan daha çox
sevinir bu şəhər.
Dünyaya
ağ üzlə çıxacaq bu səhər.
Qar yağır
Gecə xəlvət başlayır, kimsə xəbər tutmayır,
Küpəgirən qarının süpürgəsi çatmayır,
Kimsə qara dünyanı ağ quyuya sallayır,
Qar yağır…
Sanki div yuxusudur, şəhər yatır, oyanmır,
İşıqda mərcan xoruz, çaşır vaxtı tutammır,
Ağaclar gəlin köçür, toy evini tapammır,
Qar yağır…
Külək hey vıyıldayır, quldur kimi dolanır,
Ayaqyalın dilənçi hardasa daldalanır,
İtlər zibil qabını tapammır, ac dolanır
Qar yağır…
Qonşu Məsmə qarının evi yenə də damır,
Şıltaq “kaskadyor” pişik damdan dama tullanır,
Yuxu görür küçələr, ağ düyünü açammır
Qar yağır…
Buz bağlayır budaqlar, quşlar hay-həşir salır,
Göydə quldur dəstəsi yerə qoşun yollayır,
Yollar, izlər çəhənnəm, ürəyim buz bağlayır
Qar yağır…
Müəllif: Narıngül NADİR
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
One thought on “Narıngül Nadir – Qarlı şeirlər”