ÖMRÜN QIŞ ÇAĞINDA QUBADLI QIŞI

ÖMRÜN QIŞ ÇAĞINDA
QUBADLI QIŞI

Otuz il getmədi yuxu gözünə,
Doğmalar qoynundan uzağa düşdü.
Qubadlım, biz həsrət qaldıq üzünə,
Ümid çiçəyimiz sazağa düşdü…

Gözümdən sıçrayan həsrət qorudu –
Mürgülü ocağı oyatmaq üçün.
Şükür yaradana, bizi qorudu
Təzədən qoynuna qayıtmaq üçün…

İçimi yurd etdi həsrət qoşunu,
Ağrı mərmiləri başıma düşdü.
Otuz ildən sonra sənin qışını
Görmək ömrümün də qışına düşdü…

Üstündə var imiş Tanrı nəzəri,
Qışın da gözəldi, yazın da gözəl…
Sənin çaylarının varmı bənzəri?
Çardaxlı düzün də, Yazın da gözəl.

Çaylağın kol-kosu meşə olubdur,
Bərgüşad ağlayır hey için-için.
Elə bil təbiət meşə salıbdır,
Yurdu bəd nəzərdən qorumaq üçün…

Həkəri kövrəlib, bulud tək dolub,
Doğma övladların axıb dalınca.
Çaylaqda hər ağac cəngavər olub,
Hər budaq çevrilib iti qılınca…

Qayıtsa ömrümün güllü baharı,
Hönkürən ürəyim kiriyə bəlkə.
İllərin üst-üstə qalanan qarı
Vüsal günəşiylə əriyə bəlkə?

İzn ver, nazını çəkim, Qubadlı,
Ömrün qış çağında ürək yar umur.
Ağ xalat geyinib həkim Qubadlı,
Bəlkə o sağalda könül yaramı…

Həsrət şimşəkləri bəzəyib göyü,
Kömür arzuları nura bələdi.
Çox şükür, Yaradan bu gözəlliyi
Görməyi bizə də qismət elədi…

20.12.2020.

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

One thought on “ÖMRÜN QIŞ ÇAĞINDA QUBADLI QIŞI”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir