ÖZÜMÜZ DÜZƏLSƏK, DÜZƏLƏR DÜN

ÖZÜMÜZ DÜZƏLSƏK,
DÜZƏLƏR DÜN

(“Dünya düzəlmir ki, düzəlmir, babam”… Məmməd Araz)

Sevdalı qəlbimiz düşər tilsimə,
Yarpağı çevirər xəzələ dünya.
Ona “düzəlmir ki, düzəlmir” – demə,
Özmüz düzəlsək,
düzələr dünya…

Əsrlər, nəsillər düzülüb səfə,
Allah yurd eləyib dünyanı bizə!
Qoynunda dönmüşük əziz-xələfə,
Biz ona borcluyuq,
dünyamı bizə?

Arxa, dayaq olub yetim-yesirə,
Kimin bostanına daş atıb dünya?
Qoynunda yer verib neçə nəsilə,
Yedirdib, içirdib, yaşadıb dünya!

Çoxdur bu yazıqdan inciyən, küsən,
Haqqı var yandırsa,
dünyamı yaxsa…
Özü oturduğu budağı kəsən
İnsan günahkardı,
Dünyamı yoxsa?

İşinə qarışsan, qırğın eləyər,
Saat əqrəbi tək fırlanar dünya…
Gecə qaranlığı yorğan eləyər,
Günəş boylananda nurlanar dünya…

Odur qovuşduran bizi sabaha!
Qəlbin bülbül kimi ötməyi də var…
O yazıq bizimçün neyləsin daha? –
Dünyaya gələnin getməyi də var…

Həmişə yanında dilimiz gödək,
Borcluyuq ona da, elimizə də…
Başqa bir yer varmı dünyadan gedək? –
Qoynunda yer verir ölümüzə də…

Kim dönə bilib ki, ömrün qışından?
Ölüm mələyinin əli yaxamda…
Odur insan kimi bizi yaşadan,
Odur qəbrimizə sahib çıxan da…

Bizi xilas edər dardan, çətindən,
Sərrafı tapılsa, bir incidir o.
Çıxmaz zərrə qədər öz orbitindən,
Mizan-tərəzidə birincidir o!

Bostanın öz yeri, bağın öz yeri.
Böcəyi yerində, quşu yerində…
Dərənin öz yeri, dağın öz yeri,
Payızı yerində, qışı yerində…

Dənizi yerində, çayı yerində,
Necə çirkin deyək gözələ, şair?
Günəşi yerində, ayı yerində,
Dünya əyridi ki, düzələ, şair?!

09.08.2019

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir