“-ÇILIQ⁴” ŞƏKİLÇİLİ SÖZLƏR HAQQINDA
Bu şəkilçi hansı hallarda -çı⁴ və -lıq⁴ hissələrinə ayrılır, hansı hallarda bütöv şəkildə götürülməlidir?
Xoşbəxtçilik, tələbəçilik, müsəlmançılıq kimi sözlər Orfoqrafiya lüğətində düzgün olaraq xoşbəxtlik, tələbəlik, müsəlmanlıq şəklində verilib.
Bu sözlərin əsasən şifahi nitqdə, bəzən də yazıda yanlış olaraq xoşbəxtçilik, tələbəçilik, müsəlmançılıq şəklində işləndiyini müşahidə edirik.
-çılıq⁴ şəkilçili bütün sözləri -lıq⁴ şəkilçisi ilə əvəz etmək mümkün olmur, çünki bu zaman sözün mənasında fərq yaranır.
Məsələn, əkinçilik sözü sənət, məşğuliyyətlə bağlı olduğu halda, əkinlik (ərazi) sözü əlamət, xüsusiyyət bildirir. Lakin biabırçılıq sözü biabır+çı+lıq şəklində kök və şəkiçiyə ayrılsa da, onu “biabırlıq” şəklində işlədə bilmirik.
Düşmənçilik, kasıbçılıq, nigarançılıq kimi sözlərdə isə -çılıq⁴ şəkilçisini hissələrə ayırmaq olmur, çünki ədəbi dilimizdə düşmənçi, kasıbçı, nigarançı sözləri yoxdur.
-lıq⁴ şəkilçisi -çılıq⁴ şəkilçisini o zaman əvəz edə bilir ki, bu və ya digər bir leksik vahidin ifadə etdiyi əvvəlki və sonrakı məna eyniyyət təşkil etsin: kasıbçılıq – kasıblıq, nigarançılıq – nigaranlıq, avaraçılıq – avaralıq və s.
Müəllif: ŞAHLAR GÖYTÜRK
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru