ƏLİ BƏY AZƏRİ – CÜCƏ OVU

CÜCƏ OVU

(hekayə)

Zakir axşamüstü işdən qayıdırdı. Çox yorğun idi. Əlindəki boş yemək torbasını yelləyə-yelləyə həyət qapısına yaxınlaşırdı. Arvadı Züleyxanın səsi həyəti başına götürmüşdü. Hətta yol ilə keçənlər də eşidə bilərdilər.

-Qapı-bacada cücə qalmadı. – Züleyxa deyinirdi. – Kor qalmış bu pişik hardan gəlib buraları tanıdı? Səni görüm…

-Aaz, bir dayan görüm… – Səsə ayağını yeyinlədib özünü həyətə salan Zakir arvadına təpindi. – Aaz, havalanmış qarı kimi nə səsini başına atmısan? Demirsən yolunan keçib-eliyən olar, eşidər. Heç ayıb deyil?

-Nağayırım? – Züleyxa geri çəkilmədi. – İdarənin pişiyi dadanıb qapıya, gündə bir cücəmizi aparır.

Zakir bir il olardı ki, bura köçmüşdü. Həyət evində yaşayırdılar. Həyət-bacası vardı. On-on iki gün qabaq gedib cücə bazarından iyirmi cücə almışdı ki, arvadı saxlasın. Broyler toyuq əti yeməkdən ağzının dadını itirmişdi.

-Neçəsini aparıb?

-Bu günküynən yeddisi getdi. – Züleyxa əlini yelləyib gileyləndi.

-Bəs bunu mənə niyə indi deyirsən?

-Guya birinci cücəni aparanda desəydim qulağını kəsəcəkdin?

Zakir dinmədi, nəsə fikrə getdi. Ərinin susduğunu görən Züleyxa sözünə davam elədi:

-Sənin kimi fəhlələrdi də, gətirib sür-sümüyü atıb pişiyi cücə ətinə öyrəşdiriblər.

-Ağzının danışığını bil. – Zakir arvadına çəmkirdi. – Biz broyler toyuğun sür-sümüyünü atırıq.

-Yaxşı qazanın, broyler toyuq əti yeməyin, kənd çolpası alın.

-İşinin adı nədir? Cücələrə bax, pişik gəlib aparmasın.

-Day mənim işim-gücüm yoxdu. – Züleyxa gileyləndi.

Yekun qərar belə oldu. Həftənin sonuna kimi Züleyxa cücələri pişikdən qoruyur, bazar günü Zakir güdüb pişiyi güllə ilə vuracaq.

Zakirin təklülə ov tüfəngi vardı. Yaxşı ata bilməsə də hərdən üzü Şamaxıya tərəf dovşan ovuna çıxardı. Hələ vurduğu olmasa da ümidini üzməmişdi, əlbət bir gün vuracaqdı.

Şənbə günü Zakir işdən qayıdanda arvadı onu “muştuluqladı”:

-Cəmi bircə cücə qaldı.

-Sənə tapşırmışdım axı…

-Nağayırım? – Züleyxa əllərini yellədi. – Girdim evə ki, bir qurtum su içim, çıxdım gördüm apardı. Ha qışqırdım, xeyri olmadı.

-Yaxşı, daha keçib. Sabah onun işini həll edərəm. – Zakir əminliklə bildirdi.

Ertəsi gün Zakir tək qalmış cücəni ayağından ağaca bağladı. Qabağına dən tökdü, su qoydu. Özü də kənarda başqa bir ağaca söykənib pişiyin gəlməyini gözlədi. Ha gözlədi, pişik gəlib çıxmadı. Günorta oldu, pişik yenə gəlmədi. Zakiri yuxu apardı. Cücənin qışqırtısına yuxudan oyandı. Baxdı ki, pişik cücəni ağzına alıb dartışdırıb ipi qırmaq istəyir. Tüfəngi tuşlayıb çaxmağı çəkdi.

-Part!

Güllənin səsi Zakirin özünü silkələdi. Durub onlara tərəf qaçdı. Pişik cücəni buraxıb qaçdı. Cücə ölmüşdü.

Səsə Züleyxa evdən çıxdı.

-Nə oldu, ay Zakir? – Soruşdu.

-Daha bu gündən canımız qurtardı. – Zakir arxayın-arxayın dilləndi.

-Vura bildinmi? – Züleyxa sevinən kimi oldu.

-Vurmağına vurdum. – Zakir cavab verdi. – Ancaq pişik qaçdı, cücə öldü.

Müəllif: Əli bəy AZƏRİ 

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir