
TƏKCƏ XATİRƏLƏR TƏZƏDİR
Ata evimizə qonaq gəlmişəm.
Gəldim həsrətimi Günəşə sərim.
..Elə bil kiçilib həyət də, ev də,
Köhnəlib atalı-analı qəsrim.
Ağarıb cığırlar, ağarıb yollar,
Təkcə xatirələr təzədir burda.
Bir də təzələnib ağaclar, kollar –
İslanıb mənim tək yağan yağmurda.
Ağ pişik dayanıb qapı ağzında.
Qarğa qarıldayır qoz ağacında,
Bütün hisslərimin həzin çağında
Səsimin tezliyi, tonu azalıb…
Fikirlər götürüb aparır məni,
Yadıma salıram olub-keçəni,
Demək on altı il yaşadım cəmi,
Anasız qızların günü gün olmur…
Xəyallar qaç-qovda, dizim qanayır…
Qayıdıb baxdıqca gənclik danlayır…
Biri ağlayırsa demək anlayır…
Qoy bir az buludu çoxalsın göyün.
Qaranlıq endikcə Ay suya düşür,
Hardasa bir ceyran pusquya düşür.
Burda sevgilər də səs-küyə düşür,
Kəndin öz qaydası, qanunu olur.
Dönəmlər hər ilkin gətirir sonun,
Özünəməxsusdur duyğusu onun.
Təbiət zamanla dəyişir donun,
Hər yaşın öz rəngi, öz donu olur.
Adilə, darıxmaq beləmi olur?!
Hara baxıramsa gözlərim dolur,
Yaxşı ki qələm var, dilim lal olur.
Ata evimizə qonaq gəlmişəm.
15.10.2024
Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru