
GEDİRSƏN
A Zöhrə ulduzum, a Dan ulduzum,
Səhəri tərk edib hara gedirsən?
Ömrümə nur saçan adam ulduzum,
Çəkirsən ruhumu dara, gedirsən.
Sən göylər sonası, göylər gözəli,
Gecənin, gündüzün sonu, əzəli.
Bənzərsiz sevgimin özü, özəli,
Əlini yelləyib yara, gedirsən.
Mən sənin dağınam, sən mənim qarım,
Sanma ki, əriyə əhdim, ilqarım.
A sevgi ağacım, məhəbbət barım,
Dönüb budağımda bara, gedirsən.
Yetər Qəzənfərə həsrətin, yetər,
Ahım küləkləri addıyar, ötər.
Nə var bu dünyada zülmətdən betər,
Eyləyib günümü qara, gedirsən.
Müəllif: Qəzənfər MƏSİMOĞLU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru