FİKİRLƏRİNİZİ FİLTRLƏYİN
“Özünüzü tanımaq ilk addımdır. İkinci addım isə biliklərə əsaslanaraq hərəkət etməkdir.”
Psixoloqlar qeyd edir: “Düşüncə tərzinizi dəyişin, onda həyatınız da dəyişəcək.”
Həqiqətən də, fikirlərimiz hərəkətlərimizin, insanlara, cəmiyyətə və ilk növbədə özümüzə olan münasibətimizin əsasıdır. Fikirlərimiz bizi hərəkətə gətirən, məqsədimizə çatmağa yönəldən yeganə qüvvədir. Necə ki, bədənimiz beynin nəzarətindədirsə, hərəkətlərimiz də düşüncələrimizin təsiri ilə formalaşır.
Hər bir insan xoşbəxt yaşamaq, arzu və məqsədlərinin reallaşmasını və həyatını öz istədiyi kimi qurmağı arzulayır. Aramızda çoxları heç bir maneəyə əhəmiyyət vermədən, hər cür çətinliyi dəf edərək nəzərdə tutduğu hədəfə çatır. Şəxsi təcrübəm və müşahidələrim əsasında deyə bilərəm ki, əgər zamanı, fikirlərimizi və özümüzü düzgün idarə edə bilməsək, heç vaxt istədiyimiz nəticələrə çata bilmərik.
Çox vaxt işlərimiz alınmadıqda və ya uğursuzluqla üzləşdikdə, günahı asanlıqla taleyin üstünə atmağa çalışırıq. Amma əslində, uğursuzluqlarımızın səbəbi təcrübəsizliyimiz, səhvlərimiz və səbirsizliyimizdir. Tale bizim uğursuzluqlarımıza səbəb deyil; əksinə, ali məqsədlərimizə daim dəstək olur. Ona görə də müsbət və düzgün düşünməyi öyrənmək hər birimiz üçün vacibdir. Xəyallar qurmağı sevirik, amma niyə daha konstruktiv düşüncəyə önəm vermirik?
Bu yaxınlarda sahibkar, bloqer və psixoloq Darius Forounun “Düzgün düşünün” adlı kitabını oxudum. Bu əsər vasitəsilə özünü inkişaf etdirmək, zamanı səmərəli idarə etmək və düzgün düşünməklə bağlı həyati təcrübələrdən xəbərdar oldum. Kitabda həyatımızda kiçik səhvlərin necə böyük problemlərə yol açması və əksinə, kiçik, düzgün hərəkətlərin bizi çətin vəziyyətlərdən necə qurtara biləcəyi barədə həyat nümunələri ilə izah edilir.
Əgər fikirlərinizi yaxşı idarə etmək, həyatınızın keyfiyyətini artırmaq və cəmiyyətdə öz yerinizi tapmaq istəyirsinizsə, bu kitab məhz sizin üçündür.
Ralf Valdo Emerson belə deyib: “Bütün gün nə düşünürsünüzsə, ona çevrilirsiniz.” Bu fikir onu göstərir ki, özünüzü idarə etmədən, vaxtınızı düzgün bölmədən və düşüncələrinizi filtrləmədən arzu və məqsədlərinizi həyata keçirmək mümkün deyil.
Unutmayın: düşüncələrimiz necədirsə, dünyamız da elə olacaq.
Cihangir NOMOZOV,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru