Uşaqlarda və yeniyetmələrdə milli dövlətçiliyimizə, dəyərlərimizə məhəbbət, qanunlarımıza hörmət hissinin fomalaşdırılması həmişə vacib və aktual məsələlərdən olub. Bu işdə təbliğat xüsusi yer tutur və hər bir ziyalının üzərinə məsuliyyət düşür. Sənəti, səsi, cəmiyyətdə adı və davranışı ilə insanlarımıza, gənclyə nümunə olan Xalq artisti Eldost Bayramla elə redaksiyamızda bu barədə söhbət etmişik. Məlumat üçün bildirək ki, Eldost Əlövsət oğlu Bayramov 1947-ci ildə yanvarın 25-də Kürdəmir rayonunun Çöl-Ərəb kəndində dünyaya gəlib. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurub. Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Eldost Bayram 2006-cı ildə “Respublikanın əməkdar artisti” fəxri adına, 2008-ci ildə “Tərəqqi” medalına, 2016-cı ildə Cəfər Cabbarlı mükafatına və Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə “Xalq artisti” fəxri adına layiq görülüb.
Televiziya kanallarımızda şəxsi nümunələri önə çıxarmalıyıq.
Eldost müəllim deyir ki, televiziya və radionun insanlara təsir gücü son dərəcə böyükdü. Bu istər müsbət, istərsə də mənfi cəhətdən olsun, belədir. Odur ki, bu təbliğat sistemindən düzgün istifadə etmək lazımdır. Son illərə qədər Azərbaycan ailə dəyərlərinə, Ailə institutunun möhkəmliyinə görə dünyada ən nümunəvi ölkələrdən biri olub. Sonra müəyyən təsirlər, yad düşüncələr, bəzi xoşagəlməz təbliğatlar bizi bu vəziyyətə gətirdi. Amma o demək deyil ki, bu gün nümunəvi ailələrimiz azdı. Əlbəttə ki, indi də möhkəm ailə bağlarımız var, nümunəvi gənclərimiz çoxdur. Televiziya, radiomuzda da, bax, belə gözəl nümunələri önə çıxarmalıyıq. Yoxsa, milli dəyərlərimizə uyğun olmayan, bizə yaraşmayan ailə dramlarını, şəxsi məsələləri insanlara, xüsusilə də, uşaq və yeniyetmələrə nümayiş etdirəndə əlbəttə ki, bu onların mənəviyyatına mənfi təsir göstərəcək. Onda gənclər bu cür davranışları adi hal kimi qəbul edər, böyüyə-kiçiyə hörməti, bir vətəndaş kimi məsuliyyət hissini unudarlar.
Bütün dünya oğullarımızın qəhrəmanlığına şahid oldu
İkinci Qarabağ müharibəsi, şəhidlərimiz, qazilərimiz, igid Vətən övladları nəinki özümüzə, bizi bütün dünyaya tanıtdı. Vətənpərvərlik qandan, gendən gələn bir hissdi, söyləyir hörmətli sənətkarımız. Demək ki, qanımız hələ safdı, sanki bu duyğular illərlə köz kimi kül altında bu günü gözləyirmiş. Müharibə başlayanda o köz elə alışdı ki, oğullarımız gülə-gülə, rəqs edə-edə döyüşə, torpaqlarımızı azad etməyə, Vətən uğrunda can verməyə yollandılar. Bəlkə orta məktəbdə oxuyanda nadinc, hərdən dərsə hazır olmayan, müəllimlərinin narazı qaldığı o gənclər qanları ilə tarix yazdılar. Vətən, torpaq naminə yaralı vəziyyətdə döyüşdülər, ölümün üzərinə getdilər. Şəhidlərimizin, qazilərimizin hər biri bu günkü gəncliyimizə bir nümunədir. Bütün dünya Azərbaycan oğullarının qəhrəmanlığına şahid oldu…
Bu gün hər birimiz Qərbi azərbaycanlıyıq
Bu il Zəngəzur mahalının Qarakilsə rayonunun Şəki kənd icması Şəki kəndində vaxtilə qeyd edilmiş “Baca-baca – ilaxır çərşənbə” adlı möhtəşəm bir tədbir keçirdi. Novruz şənliyində Eldost müəllimin söylədikləri yaddaşıma yazıldı. O, çıxışında deyirdi ki, Qərbi Azərbaycan torpağı olduqca istedadlı insanlar yetişdirib. Onlar həm yaradıblar, həm də yaşadıblar. Bu bölgədən olan ziyalılarımız da söyləyirlər ki, Eldost müəllimin səsi, nəfəsi onlara ilham verib. Onun özünəməxsus şirin-şirin söylədiyi bayatılar, xalqın yaddaşından süzülüb gələn folklor nümunələri bu torpağın yetirmələrinin yaradıcılığına güclü təsir edib. Eldost müəllim illərdi bu istedadlı insanların dostu, sirdaşına çevrilib. Onlar o qədər doğmadılar ki, görənlər bəzən elə bilirlər ki, Eldost müəllim o torpağın yetirməsidi. Düzü, mən də, əvvəlcə elə zənn eləmişdim… Axı bu gün biz hamımız Qərbi azərbaycanlıyıq… Eldost müəllimin səsində Azərbaycan bir yumruq kimidir.
Savab işlər, xeyirxah əməllər…
Eldost müəllim illərlə gözdən əlillər üçün mətnlər, əsərlər oxuyub, onların maariflənməsində əlindən gələni əsirgəməyib. Bəzən imkan, şərait çətin olub. Amma o, bu həssas, incə rulu insanlarla təmasdan ayrılmayıb. Məlumdur ki, bu qrupdan olan adamlar yaxşını-pisi daha aydın hiss edirlər. Onların içərisində də olduqca istedadlı insanlar var. Onlar Eldost müəllimi illərdi ki, özlərinin yaxın adamı, doğması kimi çox sevirlər.
Gənclər valideynlərini çox istəsinlər…
Söhbətimizin sonunda Eldost müəllimdən gənclərə nə demək istədiyini soruşduq. O, bildirdi ki, iki məsələdə çalışsınlar ki, səhv etməsinlər; biri ailə quranda, digəri isə peşə seçimində. Çünki, bunlar çox önəmlidir. Bir də, onu arzuladı ki, gənclərimiz Vətəni, məxsus olduqları xalqı və onlara min bir əziyyət çəkən valideynlərini çox istəsinlər…
—Oğlum, musiqi müəllimin Əlişircani gördüm. Səni çox tərifləyirdi. O qədər sevindim ki, az qala ağlayırdım. “Rəhimcanin şirin səsi var. Onu tərbiyə etmək lazımdır. Yaxşı bir müəllim tapmaq gərək,” dedi. Ruxsar ana, nazik boylu, isti baxışları olan, qara gözlü, qara saçları alnına düşən kiçik oğlunu qucaqlayaraq, ərköyünlədi. – Böyük müğənni olsan, sənin sayəndə Daşkəndi də gəzib görərik, oğlum. – Allahın izni ilə, anacığım! Təhsil alıb bitirəndən sonra, ilk işim sizi böyük şəhərdə gəzdirmək olacaq. Uzun zamandır bunu arzulayıram. Amma… konservatoriyaya qəbul edərlərmi, anacan? – Edərlər, oğlum, edərlər. Səsini eşidib, onlar da sənə heyran olacaqlar. – Anacan, çox böyütmüsünüz, mənə bənzəyənlər nə qədərdir? – Heç biri yoxdur. Allah hər kəsi öz rizki ilə yaradır, oğlum… Rəhimcan məktəbi bitirdikdən sonra gedə bilmədi. Yalnız anasının qazancı ilə nə olar. Musiqi məktəbinə daxil oldu. Müəllimlərinin köməyi ilə qəzəlləri düzgün oxumağı öyrəndi. – Hələ böyük müğənniləri də rahatlıqla ifa edə biləcək səviyyəyə çatacaqsan, oğlum, – deyirdi ustadı Ganibəy də, şagirdinin istedadından sevincini ifadə edərək. Məktəbi bitirəcək ili bölgədə keçiriləcək Gənclər Festivalında Nizaminin qəzəlləri ilə ifa edilən “Qara gözüm”, “Gəlmədi” mahnılarını ifa edərək birinci yerin sahibi oldu. Jüri heyətindəki tanınmış müğənnilərdən biri, özünü Müsli deyə tanıdan yaşlı, geniş bədənli kişi Rəhimcani qucaqlayaraq deyir: – Oğlum, gələcəyin çox parlaqdır. Bu – mənim ünvanım. Bakıya gedəndə məni tap. Təhsilinə başlamağa kömək edərəm, – dedi. O gün Rəhimcanin sevinci sonsuz idi. Sanki göylərdə uçurdu. Evə gələn kimi: – Anacığım, məni təbrik et, – dedi. – Birinci yer verdilər. Bir neçə aydan sonra Bakıya gedəcəyik. Əgər orada da yer alsam, konservatoriyaya imtahansız qəbul olunacam. – Özümün ağıllı oğlumdan öyrənirəm. Səsinə göz dəyərsə, Allah qorusun, oğlum. – Dediyin olsun… Festivalda ikinci yeri tutan Muhsincanin içində işıq yanıb yanmamışdı. – Bütün zəhmətlərim, əməklərim havaya uçdu mu? Bakıdakı böyük səhnələrdə mahnı oxumağı arzulayıram, axı… Muhsin evdə otura bilmədi. Anasının: – Ay, ay, gecə hara gedirsən? – dediyinə baxmayaraq, ustadının yanına yola düşdü. – Sülh olsun, Muhsincan, nə xəbər? – deyə qarşısını aldı ustadı. – Bu gün-erməni dincəl, dedim ki! – Usta, mən də yarışmaya qatılacağam. Bakıya gedirəm. Məqsədim budur. – Dostunun mahnısını özün eşitdin. Həqiqətən də onun səsi çox güclüdür. Amma sənin səsin də pis deyil. Allahın izni ilə, gələn il sən gedəcəksən. Mən bu məsələni həll edəcəyəm. İndi evə gedib dincəl. – Yox, usta, mən gedəcəyəm dedimmi, gedəcəyəm. Bu il mən də təhsil almağa başlayacağam. – Onda… Rahimjonu getməməyə inandırmalısan… O zaman sənə yol açılacaq. – İnandıraram. Əlbəttə, inandıraram… Muhsincan o günü səhnədə Rəhimcanin sevinclə parlayan gözlərini, qucağında gül dolu olduğunu xatırlayaraq, acıdan barmaqlarını sıxdı. – İndi heç vaxt bu qədər sevincli olmayacaqsan, dostum! Ertəsi gün şəhər mərkəzindəki bağda böyük ziyafət oldu. Ustazlar, şagirdlər, tanınmış musiqiçilər, müğənnilər toplanmış ziyafət daha çox tədbirə bənzəyirdi. Çünki, ətrafındakılar hər biri sevdikləri mahnıları oxuyur, maraqlı əskiyalar söyləyirdi. Növbə Rəhimcanin idi. O, anasına ithaf etdiyi mahnını ifa etdi. Alqışlar səsləndi. Hətta tətilə gələnlər də mahnı bitəndə onu alqışladılar. Hamı qədəhlərini doldurdu. Rəhimcan: – Bağışlayın, mən içmirəm, – dedi. – Bəli, bəli, bu ziyafət əslində sənin şərəfinə təşkil olunur, gəlin, bir dəfə, başqa içməyəcəksən? Rəhimcan nə edəcəyini bilmirdi, hamı onun üzünə baxırdı. Həya etdiyi üçün, əlacsızlıqdan bir dəfə qədəhi qaldırıb içdi. – İndi biz sənə inandıq. Həqiqi oğlan oldun! Lakin Rəhimcan, içkini içdiyi zaman əvvəl boğazı, sonra içi qızarmağa başladı, gözlərindən titrəyərək yaş axdı. Könlü narahat oldu. Otura bilmədi. Bağışlayıb yerindən durdu və bağın küncünə doğru getdi… Arxaya dönmədi. Evə necə çatdığını bilmədi. Oğlunun vəziyyətini görən ana isə göz yaşlarını tutaraq: – Oğlum, sənə nə olub, oğlum? Rəhimcan bir həftə yattı. Dəfələrlə öksürdü, heç bir şey yeyə bilmirdi. Demək olar ki, iki ay şəhərdəki böyük xəstəxanalardan birində müalicə olundu. Müalicənin təsiri görünməyə başlasa da, sağalmaq mümkün olmadı. Niyə belə oldu, bunu heç kim başa düşə bilmirdi… Günlər boyu xəstəxanada yatarkən, bezdikdən sonra rəngli kağızlardan gül düzəltməyi öyrəndi. Bu gözəl gülləri həkimlərə, tibb bacılarına, xəstələrə paylayardı… Rəhimcan tükənirdi. – Məni apar, anacan… sağalmayacağam. Evə gələndə xalçasının üzərindəki dutoru gətirmələrini istədi. – Çalmağa başlayacağam… Mağazanın ahənginə uyğunlaşdırmağa çalışdı, amma səsi çıxmadı. O, dutoru yerə qoyub ağlamağa başladı. – Mən artıq heç vaxt mahnı oxuya bilməyəcəyəm, anacan? Niyə, niyə?! Mənə nə oldu? Ruhsal düşkünlük, xəstəlik onu məğlub etdi. Yatdığı yerə bağlandı. Muhsinjon isə o günlərdə Təşkənddə idi. Seçimlərdə iştirak edib, yer tutduqdan sonra qəbul olundu. O çox xoşbəxt idi. – Müəllim, məqsədimə çatdım. Mən çox xoşbəxtəm, – dedi qayıdanda. – İndi yaxşı oxu. Axtarışa davam et. – Əlbəttə. – Dostunun xəstə olduğunu eşitdim. Xəbər aldınmı? – Bu gün sağlam-aman gəlib çatarsam, onu görməyə mütləq gedəcəyəm… Hazırlıqla o qədər də əlaqə qura bilmədim. – Belə et. O çox istedadlıdır. Sağalsın, inşallah… – Allahın izni ilə… Muhsincan belə dedi, amma daxili düşüncəsində: «O artıq heç vaxt mahnı oxuya bilməyəcək, sağalmayacaq», – deyə düşünürdü. Həmin vaxt etdiyi pis işi yalnız Allah və özünə məlum idi. Rəhimcan dərdinə şəfa tapılmadı. Bibilərinin gətirdiyi yaşlı həkimin dediyinə görə, arağa civə əlavə edilməsi mümkündür. Amma qana sürətlə qarışdığı üçün bunun dəqiq olub-olmaması və müalicəsi çətin idi. Gəncin canına qəsd edildiyi məlum olsa da, günahkar tapılmadı. Payız fəslinin, daha dəqiq desək, oktyabrın 28-də, Rəhimcan cavan, 20 yaşında dünyadan keçdi… Onun üçün kədərli, ağlamayan heç kim qalmadı. O gün yağış fasiləsiz yağıb… Muhsincanin şöhrəti isə artmağa başladı… Böyük toplantılara, toy məclislərinə çağırılmağa başlandı. Zənginləşdi, maşın aldı. Daşkənd ona daha yaxınlaşdı. Belə günlərin birində, qarın sıx yağan yanvarın 20-lərində işdən evə gedərkən, Muhsincan avtomobil qəzasına uğradı. Maşın uçuruma düşdü… Son nəfəsində nələr düşündüyü məlum deyil. Amma o, öz günahına uyğun cəza aldı. Bu hadisə illər əvvəl baş verdi. Rə himcanin anası da yaşlanıb dünyadan getdi. Amma həmin dutor və onun şəkli xalçada hələ də asılıdır.
Tərcüməçi: Cahangir NAMAZOV, “Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi. Azerbaycan Jurnalistlar birliyinin üzvü.
Hər yay Novxanıda olan bağ, Arif və Gülnazın həyatının bir parçası olmuşdu. İki ciddi jurnalistin, hər ikisi ağır iş günləri, stress və qarışıq dünyadan qaçmaq üçün təkcə bir neçə günlük sükut və tənhalıq axtardıqları bir yer idi. Yolda təndir, pendir, qarpız, pivə alıb yola düşdükləri anlarda, hər şey onlar üçün sadə və doğma olurdu. Ancaq bağa çatdıqda Gülnazın “yenə gəldik də bu xaraba xanaya” ifadəsi hər şey dəyişib, alt-üst edirdi.
Arif, sanki hər şeyin fərqində olan bir adam kimi, kaset pivələrini alıb, bağın köhnə hasarlarının yanında özünə bir yer tapırdı. Gülnaz isə, yavaş-yavaş bağın dörd hasarı arasında sıxılır, narahat olurdu. Arifin sadəcə sakitcə pivə içməsi və keçmiş günlərin xatirələrinə dalması onun qarşısında sadəcə bir divara bənzəyirdi. Kənddən uzaq olan bu bağda həm içindəki tənha, həm də bağın dəyişən havası onları narahat edirdi.
Qonşuluqdakı bağ isə, Mirzə kişinin 3 il əvvəlki vəfatından sonra, nizam-intizamsız şəkildə böyüyən yabanı bitkilərlə dolmuşdu. Bu bağın təsiri onların bağlarına da sirayət etmişdi. Həmid Herisçinin dediyi kimi, “hər Bakılı öləndə, Abşeronun bir bağında ölər”, deyə düşünürdü Arif, amma bu dəfə bu bağda çox şey ölmüşdü.
Bağdan sonra isə dənizə getdilər. Dənizdə turistlər, idmançı oğlanlar, narahatlıqla ətrafa göz gəzdirən gənc qızlar vardı. Dənizin qoynunda sükut vardı, amma gülnazın içindəki sözləri durmadan çıxırdı. Arif başını aşağı salıb, pivəsini içdi və onun sükutuna qayıtdı.
Bir vaxtlar çox xoşbəxt idilər. İndi isə, Gülnaz özünün fərqli bir yerə getmək arzusunu açıqca bildirdi. “Ayda başlama da, insan gəzməlidir, başqa ölkələr görməlidir, camaat antalyada, kəmərdə, bodrumda kef eləyir, sən də elə novxanıdan, o cındır, iyvermiş bağdan yapışmısan, başa düşə bilmirəm, nə var o bağda axı, vallah adam özünü orda asmaq istəyir” dedi, amma bu sözlər Arifi sanki zamanın və məkanın gerçəkliyindən tamamilə uzaqlaşdırmışdı. Arif isə düşündü: “Bir vaxtlar yaşayırdım, indi isə buradayam, burada təkrar-təkrar, özümü həbs etmiş kimi hiss edirəm.”
Gülnazın nə qədər danışdığına, nələr dediyinə fikir vermədən Arif, əslində heç nəyi dəyişə bilmədiyini anladı. Onlar artıq bağda deyil, yaşadıqları bir dövrün əksini görürdülər. Arifin içindəki suallar çoxdan cavabsız qalmışdı və indi, sahildəki o sükutda yalnız keçmişi xatırlamaq istəyi vardı. Arif özünü Xəzərin qoynunda tapdı, o arxası üstə üzməyi çox sevirdi, Sahildə sifətindən zəhrimar yağan gülnaza baxıb, elə burdan üzə üzə Qazaxıstana, Türkmənistana getməyi düşündü, orada, Mərkəzi Asiyada geniş səhralar, meşəliklər, uca dağlar, böyük məscidlər var idi, bu böyük əraziləri gəzmək həmişə arzusu olmuşdu, lakin, ailə-məişət qayğıları bu arzuların önündə sədd idi.
Bəlkə də bir vaxtlar şeir yazdığı, konsertlərə getdiyi o dövr artıq arxada qalmışdı. Artıq onun arxasında uzun saçlar yox, tökülən saçlar və böyüyən qarnı vardı. Pivə, araq artıq zəhərli bir alışqanlıq olmuşdu. Gülnaz isə çoxdan artıq danışmağa başlamışdı. Arif düşünürdü: Bəlkə də bir vaxtlar daha fərqli yaşadım, səhvlər elədim, içdim, gəzdim, şeir yazdım, dedim, güldüm, ağladım, sevdim, sevildim amma indi hər şey bozdur, bir birinin təkrarıdır…
Bir neçə saat keçdi. Arif sahilə çıxıb, Gülnazın yanında uzandı, o, həmişəki kimi Gülnazın deyinməklərinə yenidən qərq oldu. O, başını aşağı salaraq düşündü:
“Mən bir vaxtlar yaşayırdım… Mən bir vaxtlar azad idim… Mən bir vaxtlar gənc idim…”
Bir neçə il əvvəl biz, bir qrup özbəkistanlı gənc, Rusiyanın şəhərlərində yerləşən ali məktəblərdən birində təhsil alırdıq. Universitet binası yataqxanamızdan o qədər də uzaqda deyildi. Piyada da gedə bilərdik. Bəzən isə nəqliyyatdan da istifadə edirdik. Bir gün dərsimizin birinci saatı olmadığı üçün, vaxtımız bir az geniş idi. Mömüncan adlı dostumla piyada yola çıxdıq. Ətrafda insanlar gur idi. Hər kəs öz işinə tələsirdi, heç kimin başqası ilə işi yox idi. Biz piyada yoluyla gedərkən, birdən gözümüz bir parça ağ çörəyə sataşdı. Mömüncan tez qaçıb çörəyi götürdü və: — Vay, namərdlər e, çörəyi yerə atıblar! – deyib, onu “puf-puf” edərək təmizlədi, öpdü, gözünə sürtdü və mənə uzatdı. Mən də eyni hərəkəti etdim və çörək parçasını yol kənarındakı ağac budaqları arasına qoydum. Yolumuza davam etdik ki, arxamızdan bir səs eşitdik: — Ребята, постойте на минутку… Biz dayandıq və arxaya çevrildik. İnsanlar axını arasından bir rus kişi bizə tərəf sürətlə gəlirdi. Təxminən 50-55 yaşlarında olan bu insan nədənsə həyəcanlı idi. Dostumla ikimiz bu vəziyyətə təəccübləndik. Üstündəki geyimləri özünə yaraşırdı. Sinəsində bir çox nişanlar vardı. Bizə yaxınlaşdıqda: — Haralısız? – deyə soruşdu. — Özbəkistandan, Namangan şəhərindənik – dedik. — Hə, elə fikirləşirdim ki, bu oğlanlar buralı deyil. Eşitmişəm, “Namanganskiye yabloki” (Namangan almaları) mahnısını – dedi, gözləri parlayaraq. Həqiqətən də o vaxtlar bu mahnı çox məşhur idi, rusca versiyası da dillərdə gəzirdi. — Həqiqətən orada bizim Miçurinskdəki qədər alma olur? – deyə maraqlandı. Biz Namanganda təkcə alma deyil, digər meyvələrin də çox olduğunu, həmçinin şəhərin güllər şəhəri kimi tanındığını dedik. — Mənim adım Nikolaydır. Sadəcə Kolyə əmi də desəniz olar – deyə özünü təqdim etdi. – Yolunuzdakı məktəbdə hərbi təlim fənnini tədris edirəm. İndicə gördüyüm hərəkətiniz məni çox sevindirdi. Belə gənclərin varlığı qəlbimi şad etdi.
— Eh, oğlanlar, bir parça çörəyin qədrini biz yaxşı bilirik – deyib dərindən ah çəkdi. Və bizim az əvvəl ağac budaqları arasına qoyduğumuz çörək parçasını götürüb çantasına qoydu. — Bilin ki, bu bir parça çörəyə neçə-neçə insan möhtac olub… İkinci Dünya Müharibəsinin alovlu illəri… Hər yer yanır. Faşist işğalçıları kənd və şəhərləri müvəqqəti ələ keçirib, insanları qovmuşdular. Uşaqlar da, böyüklər də aclıq içində. Hər yer çörək kartı ilə işləyirdi. Bir adama düşən gündəlik pay 30-50 qram idi. Bizim batalyon cəbhənin ön xəttində vuruşurdu. Belarusiyanın kiçik bir kəndini faşistlərdən azad etdik. O zaman yanımıza 9-10 yaşlarında bir oğlan qaçaraq gəldi və bizi evlərinə apardı. Evə daxil olduqda, 40 yaşlarında bir qadın halsız halda uzanmışdı. Bu, həmin oğlanın anası idi. Bir neçə gündür ki, duz belə dadmamışdı. Faşistlər onların bütün ərzaqlarını alıb aparmışdı. Qızardılmış kartof qabıqlarını yeyirdilər. Onların bu acınacaqlı vəziyyətini görüb, əsgərlərimizdə faşistlərə qarşı daha da çox nifrət hissi yarandı. Yanımdakı əsgərlər öz çantalarından bərkimiş çörək, suxarı və konservlər çıxarıb qadının yanına qoydular. Qadın çörəyi alıb gözünə sürtdü, ağladı və oğluna baxaraq: — Al, Grişenka, ye, qarnını doyur! – dedi. Uşaq isə: — Yox, yox, ana, sən ye. Axı bir neçə gündür ki, heç nə yeməmisən! – deyirdi. Bu mənzərəni görən əsgərlərimiz, faşistləri torpağımızdan tez bir zamanda qovmaq gərəkdiyini bir daha hiss etdilər. — Bəli, mən bu cür hadisələrin şahidi olmuşam – dedi Kolyə əmi. — İndicə sizin etdiyiniz hərəkəti görüb o günləri xatırladım. Yerə atılmış bir parça çörəyin yanından laqeyd keçən insanlara baxıb demək istəyirdim: “Eh insanlar, insanlar! Siz bu çətin illəri belə tez unutdunuzmu?” Biz Kolyə əmi ilə sağollaşarkən, o bizə ünvanını verdi. — Evimə gəlin, sizə müharibə xatirələrimi danışaram – dedi.
Biz, o müharibənin dəhşətli illərini görmüş bir insanla sağollaşarkən, onun dedikləri qulaqlarımızda səsləndi.
Və bir daha dərk etdik ki, hər şeyin qədrini bilmək lazımdır. Xüsusilə də çörəyin – bu əvəzolunmaz nemətin bir parçasını belə israf etməmək, ona ehtiram göstərmək lazımdır.
Mahmudjon SOLİYEV, Tərcüməçi: Cahangir NAMAZOV, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi
1965-ci ildə Füzuli rayonunun Seyid Əhmədli kəndində dünyaya göz açıb. Bu kənddə boya-başa, ərsəyə çatıb. Və bir gün də doğma ata-baba yurdundan pərvazlanaraq Bakıya üz tutub, ali təhsil alıb, ev-eşik sahibi olub…
Deyir ki:- “Orta məktəb illərində dövrü mətbuatı, jurnalları oxuyurdum. Jurnalistikaya məndə həvəs yaranmışdı. O zaman Füzulidə “Araz” adlı qəzet çıxırdı. Məqalələrim həmin qəzetdə dərc olunsa da, nədənsə göndərdiyim şeirləri çap etmirdilər. Görünür ki, zəif şeirlər idi. Yaxşı ki, tez başa düşdüm ki, məndən şair çıxmaz, ona görə şeir yazmağın daşını atdım. Amma məqalələr yazırdım. Sonra respublika səviyyəli mətbuatda, “Azərbaycan gəncləri”ndə yazılarım, müəyyən xəbərlərim çıxırdı. Və Bakı Dövlət Universitetinə qəbul olundum. Jurnalistika fakültəsinə sənəd verməyə çalışdım, ancaq sənədlərimi götürmədilər. Tofiq Rüstəmov mənə dedi ki, qəbul edə bilmərik, sənədlərinizi başqa fakültəyə verin. O zaman jurnalistika və hüquq fakültəsinə sənəd vermək üçün ən azı 2 il iş stajı, ya da hərbi xidməti başa vurmaq tələb olunurdu. Fikirləşdim ki, sənədləri hara vermək olar, nisbətən təcrübəli abituriyentlərdən biri mənə məsləhət gördü ki, sənədlərimi kitabxanaçılıq fakültəsinə verim, sonra jurnalistika fakültəsinə dəyişərəm. O məqsədlə də kitabxanaçılıq fakültəsinə sənəd verdim və qəbul oldum. Elə oldu ki, birinci kursdan sonra hərbi xidmətə getdim. O vaxt qayda elə idi. Hərbi xidmətdən qayıdandan sonra yazılarım qəzetlərdə dərc olunmağa başladı. Jurnalistika fakültəsinin tələbələri ilə qaynayıb-qarışdıq. Fikirləşdim ki, fakültəni dəyişdirməyə də ehtiyac yoxdur. İş belə alındı ki, bu sahəni seçdim. Amma orta məktəbdə oxuyandan jurnalistliyə qərar vermişdim. Odur ki mətbuata gəldim…”
2006-cı il mayın 18-də beş nəfər naməlum şəxs tənqidi yazılarına görə qarşısını kəsərək, onu zorla avtomobilə əyləşdiriblər. Bakının kənarına apararaq, huşunu itirənədək döyüblər. Ayağının bir neçə yerdən sındığını, zədələrini görən yerli sakinlər onu xəstəxanaya çatdırıblar. Bu acı olaydan sonra bir il əziyyət çəkib, intensiv müalicə alıb…
“Bu, mənim həyatımın ən ağır məqamlarından biri idi. Təbii ki, insan həyatında cürbəcür çətinliklərlə qarşılaşır. Mən də bir çox çətinliklərlə qarşılaşmışam. Amma o hadisə, mənim həyatımda ən böyük sarsıntıdır. Heç vaxt yadımdan çıxmaz. Hələ də mənəvi ağrı-acılarını yaşayıram. Yəqin ki, heç vaxt da keçməyəcək.”- söyləyir.
İstedadlı jurnalist, yazışı-publisistdir. Maraqlı yazıları ilə ətrafına geniş oxucu audetoriyası toplaya bilib, həvəslə oxunur. Eyni zamanda, gözəl poeziya nümunələri yaradır. Necə deyərlər, dərd onu şairlik səviyyəsinə qaldıra bilib. Şeirlərinə, yazılarına hopan bu dərd, misra-misra, sətir-sətir ah çəkir, qəlbləri göynədir…
Ailədə yeddi uşaq olublar. Atası Füzuli rayonunda Suvarma Sistemləri İdarəsində fəhlə işləyib. Anası isə fəhlə olub…
Deyir ki:- “Mən ailədə üçüncü uşaq idim. Bizim ailə bir sıra qəzetləri, hətta rus dilində “Literaturnaya qazeta”nı da alırdı. Orta məktəbdə tatar müəlliməmiz vardı, bizim kəndə təzə gəlin gəlmişdi, ondan rus dilini öyrənmişdim. Artıq orta məktəbin son siniflərində rusca qəzetləri də oxuyurdum. Fəhlə ailəsi olsaq da, qəzet, kitab oxumaqdan qalmazdıq. Evimizdə çoxlu kitab vardı…”
Həssas təbiəti var. Möhkəmlik, dözümlülük, güclü iradə onun ən əhəmiyyətli xüsusiyyətləri sırasındadır. Kimsə onu asanlıqla istiqamətləndirə, idarə edə bilməz. Həyat yolunda sabit, mühafizəkar davranmağı xoşlayır. Sülh və əminamanlıq tərafdarıdır, amma mübarizəsindən heç zaman dönməz, əqidə adamıdır. İti zəkası var. Etibarlı və sədaqətlidir, əmanətə xəyanət etmək ruhuna ziddir. Dəyişkən, xəbis adamlardan həmişə uzaq dayanır. İradəsi güclü olduğundan çətinliklərin qarşısında ümidsizliyə düşmür, sarsılmır…
“Mən jurnalistikaya bir missiya kimi baxıram. Bu, mənim işimdir. Mən bu işdən ləzzət alır, bu işlə yaşayıram. Cəmiyyət nə qədər varsa, media da olacaq. İstərdim ki, bundan daha yaxşı şərtlər yaransın, jurnalistika ilə daha yaxşı məşğul olaq. Şükür ki, “Bizim Yol” qəzeti hələ də yaşayır və çalışırıq ki, sözümüzü deyək, cəmiyyəti daha da maarifləndirək.”- söyləyir.
Onu həyatda cəmi bir, ya da ki, iki dəfə görmüşəm. Yerişindən, duruşundan, davranışından az da olsa xəbərim var. Yazılarından isə, onu maraqlı və məzmunlu adam kimi tanımışam. Obrazlı desəm, çeşmələr kimi saf, dağ çayları kimi coşqun, dəniz kimi təlatümlüdür…
Ən böyük arzusu ailəsinin problemlərini həll etməyə qadir olmaq, övladlarının cəmiyyətdə layiqli yer tutmasıdır. Ümumi ictimai arzusu isə, ölkəmizi həmişə azad, insanlarını xoşbəxt görməkdir…
…Yəqin ki, söhbət zamanı işlətdiyim “Bizim yol qəzeti” kəlmələri kimdən danışdığımı sizə xatırlatdı. Bəli, mən “Bizim yol” media resurslarının rəhbəri şair, yazıçı-publisist, jurnalist Bahəddin Həzidən danışıram…
Aprelin 28-i Bahəddin bəyin yubileyidir, 60 yaşı tamam olur. Qoy bu söhbət, onun şəninə deyiləcək fikirlərə bir SİFTƏ olsun. Bahəddin bəyə möhkəm can sağlığı, firavan həyat, yaradıcılıq uğurları arzulayıram. Çox yaşasın!
Van Qoqun Teoya Məktubları – Alatoran Yayınlarından Yeni Bir Dərinlik – Azərbaycan dilində İlk dəfə nəşr olunur.
Alatoran Yayınları tərəfindən nəşr olunan “Van Qoqun Teoya Məktublar” kitabı, sənətsevərlər və ədəbiyyat həvəskarları üçün həm estetik, həm də mənəvi baxımdan zəngin bir xəzinədir. Bu məktublar yalnız məşhur rəssam Vincent van Qoqun şəxsi həyatına və sənətə münasibətinə işıq tutmur, eyni zamanda dövrün incəsənət mühitini, insan ruhunun eniş-yoxuşlarını və yaradıcı zəkanın tənhalığını bütün çılpaqlığı ilə ortaya qoyur.
Kitab, Van Qoqun qardaşı Teoya yazdığı məktublardan ibarətdir. Bu məktublar Van Qoqun həyatının müxtəlif dövrlərini əhatə edir – yoxsulluqla mübarizə apardığı günlərdən tutmuş, rəssam kimi inkişaf etdiyi dövrlərə, psixoloji çətinliklərinə və sənətə olan həvəsinə qədər. Qardaşı Teo ilə olan yazışmalar, yalnız ailə münasibətlərinin deyil, həm də yaradıcı insanın daxili mübarizəsinin təcəssümüdür.
Bu kitab oxucuya nə verə bilər? Sənətkarın daxili dünyası ilə tanışlıq: Van Qoqun hər bir məktubu onun ruhunun bir aynasıdır. Oxucu, rəssamın iç dünyasındakı təlatümləri, ümidsizliklərini və eyni zamanda sənətə olan dərin inamını hiss edir.
Yaradıcı ruhun təkliyi və inadı: Bu məktublar oxucuya göstərir ki, böyük sənət əsərləri bəzən cəmiyyət tərəfindən anlaşılmadığı dövrlərdə doğulur. Van Qoqun tənha, lakin dönməz sənət yolçuluğu bir çox yaradıcı insan üçün gücləndirici və ilhamverici ola bilər.
Sənət fəlsəfəsi və estetika anlayışı: Məktublarda Van Qoqun rəssamlıqla bağlı düşüncələri, rənglərə və işığa yanaşması, digər rəssamlarla müqayisələri yer alır. Bu, sənət nəzəriyyəsinə marağı olan oxucular üçün qiymətli mənbədir.
Tarixi və mədəni kontekst: 19-cu əsrin Avropasında sənət dünyasının necə işlədiyini, rəssamların hansı çətinliklərlə üzləşdiyini bu məktublar vasitəsilə öyrənmək mümkündür.
Empatiya və insanlığa dair dərslər: Van Qoqun qardaşı Teoya yazdığı məktublarda dərin bir sevgi, minnətdarlıq və ehtiyac hissi var. Bu münasibət oxucuya ailə bağlarının, emosional dəstəyin və sədaqətin nə qədər önəmli olduğunu xatırladır.
Alatoran Yayınlarının bu nəşri, Van Qoqu yalnız rəsm əsərləri ilə deyil, həm də sözləri ilə tanımaq üçün nadir bir fürsətdir. Kitab həm ədəbiyyat, həm də sənət oxucuları üçün qapılar açır: hiss edən, düşünən, rəsm çəkən və gələcəyə ümid bəsləyən bir insanın əsl portreti.
Bu nəşr, Van Qoqun fırçadan çox qələm tutduğu anlarda da necə bir sənətkar olduğunu göstərir.
23 aprel 2025-ci il tarixində Astara rayon Pəlikəş İnzibati Ərazi Dairəsi üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış şəhid Əbdülov Elnur Qədir oğlunun doğum günü ilə əlaqədar məzarını ziyarət etdilər.
Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, Vətənə məhəbbətdən, toprağa, yurda bağlılıqdan İrəli gəlir. Məhz bu sevgi, birdə 30 illik həsrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Elnur Əbdülovdur. Elnur Qədir oğlu Əbdülov 23 fevral 2002-ci ildə Astara rayonun Ağkörpü (Sipyəpard) kəndində anadan olmuşdur. 2020-ci ilin aprel ayında Astara rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Ermənistan işğalı altında olan torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı həqiqi hərbi xidmət keçən Elnur Vətənin əsgəri olaraq döyüşlərə qatılıb, Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə sentyabrın 28-i döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən Elnur Əbdülov ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur. Allah rəhmət eləsin!
İnsan yaşadığı tarix boyu çoxlu sayda hadisələrlə üzləşməli olur və bu hadisələrin şübhəsiz hamısı yadda qalmır. Yalnız özünəməxsusluğu və aydınlığı ilə seçilən hadisələrin müəyyən bir qismi mənəvi dünyamızın əziz və qiymətli xatirələrinə çevrilir. 1985-ci ildə Moskva şəhərində ali təhsilimi başa vururdum. Bir neçə həmyerlimlə eyniadlı institutun eyni qrupunda oxuyurdum. O zaman Moskvada yüksək vəzifə sahibi olan hörmətli Heydər Əliyevin dövlət rəhbərliyindəki uğurlu yüksəlişi bizi çox sevindirirdi. Ona qarşı olan səmimi münasibət, bizim üçün çox qiymətli idi. Onun bu qədər istəkli olması,mənsub olduğu xalqın adıni və ruhunu ali hakimiyyətin yüksək pilləsindən, cəsarətlə öz şəxsində təmsil etməsindən və Azərbaycanı dünyada tanıtmasından irəli gəlirdi. O, ölkənin bütün guşələrindən çox aydın görünüdü. Nüfuz dairəsi bütün ölkəyə təsir imkanını əhatə edirdi. Reallıq hissi və təcrübəsi, olacaq hadisələr barədə, düzgün mühakimə yürütməyə imkan verirdi. Odur ki, zamanın təsirli yenilikləri qarşısında, hakimiyyətin mahir ustası kimi, yalnız belə dərin nüfuzlu, əməli zəka sahibi dura bilərdi. Onun “fitri” idarəetmə qabiliyyəti, son dərəcə yüksək idi. Elə bu üstünlük də, onu dövlətin üsul-idarə sükanına tərəf çəkərək,ölkənin şəksiz birinci şəxsi olacağına böyük bir yəqinlik gətirirdi. Bir sözlə, həmyerlimizin rəhbər mövqeyini möhkəmlədən fəaliyyətinə heyran idik. Onunla fəxr edib, qürur hissi duyurduq. Biz müntəzəm olaraq mətbuatda gedən aktual və mühüm yazıları izləyib oxuyurduq. Mən bir neçə qəzetlə maraqlanırdım. Bunlardan biri də “Sovetskaya kultura” qəzeti idi. Səhifələri ədəbiyyatın, incəsənətin və mədəniyyətin çox sahələrini əhatə etdiyindən diqqətimi daha çox cəlb edirdi. 1985-ci il aprel ayının 16-sı idi. Səhər vaxtı, adıçəkilən qəzetə baxarkən ”Panorama” adlı səhifədə qara çərçivəyə alınmış, hüznlə bağlı olan yazını oxudum və çox kədərləndim. Bu, müəyyən qədər məlumatım olan, lakin tam əmin olmadığım ağır bir xəbərin rəsmi təsdiqi idi. Yazıda akademik, tibb elmləri doktoru professor ZƏRİFƏ ƏZİZ QIZI ƏLİYEVANIN vaxtsız vəfat etdiyi bildirilirdi. Həmin gün bu hadisə ilə bağli Moskvanın digər aparıcı qəzetləri də, yazılar dərc etmişdi. Zərifə xanım Əliyevanın vaxtsız vəfatı bizə ağır təsir bağışladı. O günü hüzünlü bir əhval-ruhiyyə ilə başa vurduq. Dəfn mərasimində iştirak etmək üçün ertəsi günün gəlməsini gözlədik. Biz üç nəfər, aprelin 17-də Alimlər Evinin yerləşdiyi ünvana tərəf yollandıq. O zaman vəfat edən dövlət xadimlərinin cənazəsi ilə vida mərasimi, adətən SSRİ Həmkarlar İttifaqının ictimai mərkəzi sayılan, İttifaqlar Evinin Sütunlu salonunda keçirilərdi. Görkəmli alimlərin vəfatı zamanı isə vida mərasimi, məhz Moskva Alimlər Evində təşkil olunardı. Artıq biz Alimlər Evinin qarşısında idik. Vaxtından əvvəl gəlsək də, adamların çox olduğunu gördük. Gözlərində hüzn olan bu insanların durduğu uzun növbəyə biz də qoşulduq.Növbənin başlanğıcı geniş Xruşev döngəsinin Kropotkinsk küçəsinə paralel olan, digər küçə ilə birləşdiyi yerdən başlayırdı. Döngədə sırasütunlu girəcəyi olan A.S.Puşkin Dövlət Muzeyinin əzəmətli binası yerləşirdi.Binanın baş fasadı bu döngəyə açılırdı. Bir müddət gözlədikdən sonra, vida mərasimi üçün təyin olunmuş vaxt tamam oldu. Növbəyə dayanmış insanlar hərəkətə gəldi. Biz baş vermiş hadisə barədə fikirləşə-fikirləşə, ağır-ağır irəliləyirdik. Vaxt isə getmək bilmirdi. Hörmətli Heydər Əliyevin dərdinə şərik olmaq istəyini və onu tez görmək ehtiyacını hiss edirdik. İrəli getdikcə, səbrimizi əvəz etmiş həyəcan hissləri anbaan şiddətlənirdi. Nəhayət, matəm libası geymiş binanın həyət darvazasına yaxınlaşırıq. Darvaza önündə Daxili İşlər Nazirliyinin yüksək rütbəli nümayəndəsi, milis general- mayoru xidməti tabeliyində olan bir neçə nəfərlə giriş və çıxışa nəzarət edirdi.Biz darvazanın sağ yan qapısından həyətə daxil olub, bina qapısına tərəf getdik.Mərkəzi qapıdan içəriyə girib, qara kostyum geyinmiş cavan oğlanların, xüsusi bir nəzakətlə bizə göstərdikləri, sağ tərəfdə yerləşən pilləkənlərlə yuxarı mərtəbəyə qalxaraq, matəmin keçirildiyi salona daxil olduq. Birinci mərtəbədən fərqli olaraq bu, hündür sütunlu geniş bir salon idi. Burada matəm melodiyası səslənirdi. Düzülüşü alt mərtəbədən başlanan əklil və çiçək dəstələri salonun hər tərəfini bürümüşdü. Əklillər arasında daha çox gözə çarpan və həcminə görə digərlərindən fərqli dərəcədə seçilən əklilin, matəm lentinin üzərində bu sözlər yazılmışdı! “Hədsiz dərəcədə sevdiyim, əziz və əvəzsiz həyat yoldaşım Zərifə Əziz qızına Heydər Əlirza oğlundan”. Burada mərhumənin övladları adından da əklillər var idi. Salona giriş istiqamətinin sol yan tərəfində, mərhumənin gül- çiçəklərə qərq olmuş cənazəsi hündür postament üzərində idi. Postamentin baş tərəfindən sağa, cərgə ilə düzülmüş stullarda dövlət xadimləri, digər qarşı tərəfdə isə mərhumənin ailə üzvləri və yaxınları əyləşmişdi. Ailə üzvlərinin nəhayətsiz bir qüssə içində olması solğun bənizlərindən görünürdü. Onların hüzün ifadəli sükutu, əvəzolunmaz bir itkidən xəbər verirdi. İlk dəfə yaxından olaraq gördüyüm Heydər Əliyev, kədərini müdrik bir insan nəcibliyi ilə ifadə edirdi. Qüvvətli iradəsinin amansız sınağa çəkildiyi bu anda da, onun nəcib və mənalı üzündə zəifliyin təzahürü görsənmirdi. Dəmir iradəsi, keçirdiyi həyəcan hisslərini ifadə etməyə yol vermirdi. Lakin nüfuzedici və dərin baxışlı gözlərində, mənəvi bir dəyişikliyin baş verdiyi oxunurdu. Ondan sola əyləşmiş qızı Sevil Əliyevanın isə düşüncələrlə dolu sükutu, çox kədərli bir görünüşdə idi. Üzündəki ifadə, bütün fikirlərinin bir nöqtəyə toplandığını göstərirdi. Onun məhzun baxışları mərhumənin cənazəsinə sancılmışdı. Bütün ruhunu əks etdirən bu baxışlarda sarsılmaz övladlıq yanğısından doğan acı bir təəssüf ifadəsi vardı.Qızının bütün həyəcanları üçün narahatlıq keçirən Heydər Əliyev, onun ruhunu başdan-başa bürüyən kədər hissini dağıtmağa çalışırdı. Ona yaxın əyləşən qızına nəvazişlə təskinlik verirdi. Ümid və təsəlli mənbəyi olan insanın vücudunda yaşayan, güclü atalıq hissinin bu andakı təzahürü, istər-istəməz qəlbləri kövrəldirdi. Biz təəssüf dolu, qəmli nəzərlərlə cənazənin önündən ehtiramla keçib, qalxdığımız pilləkənlərə paralel olan, digər pilləkənlərlə alt mərtəbəyə enib, həyətə düşdük. Həyətdə və küçədə rəsmi adamların üçbir-dördbir dəstələri çox idi.Onlar matəm salonunda ,növbələrinin çatmasını gözləyirdilər.Biz bir müddət var-gəl etdik və hörmətli Heydər Əliyevi görmək arzusuna qarşı dura bilməyib yenidən növbəyə qoşulduq. Doğrusu, biz üç azərbaycanlı tələbənin imkanı ancaq buna çatırdı. Fikirləşirdik ki, bu ağır gündə, bizim məhəbbət və qayğımızın ən cüzi təzahürü belə Heydər Əliyevin ağrıyan və sızlayan ürəyinə az da olsa şəfa verə bilər. Biz dövlət xadimlərinin çoxunu yaxından görüb imkan düşdükcə bir az da müşahidə edirdik. Dini rəhbərimiz Şeyxülislam Allahşükür Paşazadəni kədərli və hüznlü halda, çox vaxt tənha dayandığını görürdüm. Yazın nəfəsi az-az duyulsa da, Moskvanın soyuğu adamı üşüdürdü. İnsanların çoxu hələ yaz paltarına keçməmişdi. Şeyx də isti papaqda və qara qış geyimində idi. SSRİ Nazirlər Sovetinin sədri N.A. Tixonov başsağlığı verdikdən sonra xidməti maşınının yanında, bir müddət dayanıb kiminləsə söhbət edirdi.
Otuz il SSRİ Xarici İşlər Naziri işləmiş A.A.Qromıkonun maşını dayanar-dayanmaz, bu dövlət rəsmisinin çevik bir hərəkətlə qapını açıb maşından düşməsi məni heyrətə saldı. O, bir anlığa dayandı və tələsərək irəliyə doğru addımladı. O, matəm salonunda xeyli müddət oturdu. Onun Heydər Əliyevə olan isti münasibəti hiss olunurdu. Bu, A.A.Qromıkonun yüksək şəxsiyyətə olan rəğbətinin əlaməti idi. Biz növbəti dəfə binadan çıxarkən, həyətdə RSFSR Nazirlər Sovetinin sədri V.N.Vorotnikovla qarşı-qarşıya çıxdıq. Yanında iki-üç nəfər də var idi. Birdən baxışlarımız biri-birinə sataşdı. O dəqiqə ona verdiyim salamı çox hörmətlə də aldı. Təbiətən sadə və xoşrəftar bir insan təsiri bağışladı. Ümumiyyətlə, Sov.İKP MK-nın Siyasi Büro üzvlərinin böyük əksəriyyəti və SSRİ hökumətinin bütün rəhbərliyi vida mərasimində iştirak edirdilər. Vida mərasiminə gələn dövlət xadimlərinin matəm libaslı xanımları arasında mərhum L.İ.Brejnevin və K.U.Çernenkonun həyat yoldaşları da var idi. Biz Alimlər Evində yaxın tanışımız, Burdenko adına Neyrocərrahiyyə institutunun operativ cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru Həbib Həbibovla görüşdük. O, bu ağır itkiyə dərindən təəssüflənirdi. Bizim qrup yoldaşımız, onun xəstəsi olduğu zaman, Həbibov öz kabinetində bizimlə çox söhbətlər etmişdi. İş stolu üzərində həmişə doğma Lənkəran şəhərinin fotoəksi olardı. Onunla aramızda olan əsas söhbətlər tükənməz bir mövzuya çevrilmiş hörmətli Heydər Əliyevdən gedərdi. O, söyləyirdi ki, Heydər Əliyev Moskvaya gəldikdən sonra, mənə qarşı olan ögey münasibət kökündən dəyişdi. Nəinki mənə, bütün Azərbaycan ziyalılarına diqqət və qayğı artdı. Əvvəllər xarici dövlətlərdən tez- tez dəvətnamələr alardım, ancaq səfərlərim süni şəkildə əngəllənərdi. İndi isə belə deyil. O, Heydər Əliyevin milli baxımdan çox təəssübkeş bir insan olduğunu tez-tez vurğulayardı. Onu da deyim ki, Həbibov Gəncə şəhərindən olan Məhəmməd adlı qrup yoldaşımızın həyatda yaşaması üçün çox çalışdı və əlindən gələni etdi. Lakin üç aydan sonra qrup yoldaşımız dünyasını dəyişdi. Həbib həkim böyük insan idi.Qrup yoldaşımızın cənazəsinin təyyarə ilə vətənə çatdırılması haqqını və digər prosesləri öz şəxsi hesabına etmişdi. Artıq vida görüşü sona yaxınlaşırdı.Dəfn mərasimində iştirak etmək istəyənlərin qəbiristana aparılması üçün küçədə çoxlu sayda “Ikarus” və bir neçə “LAZ” markalı avtobus dayanmışdı. Saat 16:00-dır. Matəm melodiyasının hüzn dolu sədaları altında Zərifə xanım Əliyevanın tabuta qoyulmuş cənazəsi son mənzilə yola salınmaq üçün doğmalarının çiynində binadan çıxarılır. Tabutun ön hissəsi Heydr Əliyevlə İlham Əliyevin çiyinləri üzərində idi. Matəm karvanı Novo-Deviçye adlanan qəbiristanlığa tərəf istiqamət alır. Bu, ölkənin ən elitar və ən məşhur qəbiristanlığı sayılırdı. Novodeviçyedə dəfn olunmaq cəmiyyətdə yüksək imtiyaz və ali şərəf sahibi olmaq əlaməti demək idi. İnsanlar bu qəbiristanlıqda yalnız ictimai vəziyyətinə əsasən dəfn olunurlar Qrup yoldaşlarımdan biri, Gəncə şəhərindən olan Fuad Məmmədov özünü yaxşı hiss etmədiyindən geri dönməli oldu. Biz isə, Seyid Əli Kazımov və mən digər adamlarla bərabər dəfn mərasimində iştirak etmək üçün dayanmış avtobuslara mindik. Maşın karvanı, ictimai nəqliyyat hərəkəti olan Kropotkinsk küçəsi ilə yox, müəyyən olunmuş digər yolla hərəkət edirdi.Avtobuslar Lujniki keçidi deyilən yerdə dayandı. Biz artıq, qəbiristanlığın darvazası önündə idik. Burada böyük insan toplantısını gördük. İçəri daxil olub Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş matəm mitinqinin keçiriləcəyi meydana tərəf addımladıq, təxminən yüz metr getdik. Meydan dövrələnmiş bir halda, əllərində əklil və çiçək dəstələri tutmuş insanlarla dolu idi. Meydanın baş tərəfində hündürlüyü iki metrə çatan qırmızı qranitdən xitabət kürsüsü və kürsünün qarşı tərəfində isə yenə qırmızı qranitdən olan bir postament vardı. Zərifə xanım Əliyevanın cənazəsi də ailə üzvlərinin və yaxınlarının əhatəsində olan bu postament üzərində idi. Biz dayanmaq üçün münasib bir yer tapa bilmirdik. Odur ki, firkirləşmədən baş tərəfə keçib, üzü mitinq iştirakçılarına tərəf dayanmış, görkəmli adamlar arasında durduq. Ad-san və rütbə baxımından, özümüzlə bu tanınmış insanlar arasında bir uyğunsuzluq hiss etsək də yerimizdən tərpənmədik. Burada mövqe tutmağımıza heç bir kəs də mane olmadı. Düşündük ki, yəqin mərhumənin yaxın və qohum adamları kimi qəbul olunmuşuq. Doğrusu, biz özümüzü özgə və yad saymırdıq. Çünkü yaxın insanlar kimi biz də bu itkinin ağrısını canımızda duyurduq. Bir azdan matəm mitinqi başlanacaqdı. Hörmətli Heydər Əliyevlə bizim aramızda olan məsafə çox deyildi. O, mərhumənin cənazəsi yanında, hədsiz dərəcədə qəmli bir görkəmdə dayanmışdı. Tutqun görünən sifət cizgilərində həyəcan hisslərinin təzahürü aydın görsənirdi. Ondan sola oğlu İlham Əliyev, ondan da sola tanımadığım cavan bir oğlan durmuşdu. O zaman gənc olan İlham Əliyev yaxın məsafədə olanların diqqətindən yayına bilməzdi. Kədərində ləyaqət və nəciblik hissi duyulan bu cavanın gənclik təravətilə döyünən qəlbini dərin bir hüzn bürüsə də, kövrəlmiş hisslərinə təmkini ilə üstün gələrək, zahiri hissiyyata çox da yol vermirdi. Taleyin gözlənilməz zərbəsi altında əzab çəkən ruhun sakit qərar tapa bilməsinə yalnız dəyanət və mərdlik imkan verə bilər. Bu mənada onun mərdliyi və dəyanəti, hər cür gözlənilməz dərdə dözməyi bacaran ürəyinin qərarı ilə bir səslənirdi. Nəcibanə görünən siması, ağır duyğu gətirən hadisənin sarsıdıcı təsirinə səbr ifadə edirdi. Adətən gənclər belə ağrıya səbrlə dözməyə kömək edə biləcək mənəvi qüvvəyə nadir hallarda malik olurlar. O isə kifayət qədər sakitlik və dözümlülük göstərirdi. Mehriban xanım Əliyevanın da qəm kölgəsi ilə örtülmüş məsum çöhrəsində ürək yanğısından doğan ağrı hissi aydın sezilirdi. Kədərində, adı əziz tutulan və son dərəcə qiymətli olan ananın ağır itkisi öz təbii ifadəsini tapırdı. Biz xitabət kürsüsündən bir neçə addım kənarda idik. Ətrafda dövlət nümayəndələri ilə yanaşı, milli mədəniyyətimizin fəxri olan sənətkarlar da var idi. Onlardan müğənni Lütfiyar İmanov bizdən sola, xitabət kürsüsünə nisbətən yaxın olan bir yerdə durmuşdu. Müslüm Maqomayev xanımı Tamara Sinyavskaya ilə, meydan çərçivəsindən də kənar bir yerdə, arxa tərəfdə dayanmışdı. Bizdən sağa, nisbətən arxada, Polad Bülbüloğlunun tənha durduğunu gördüm. Başımın hərəkəti ilə ona kədərli salam verdim. Ehtiramla salamımı aldı. Amma böyüklərin arasında olduğum üçün üzündəki təəccüb əlamətini də sezdim. Haşiyə: Bir ay əvvəl martın 11-də mən onunla eyni təyyarədə, gündüz reysi ilə Moskvaya uçarkən tanış olmuşdum. Oturacaq yerlərimiz qabaq sərnişin salonunda birinci cərgədə yanaşı idi. Onunla yol boyu müxtəlif məzmunlu söhbətlər etmişdik.
SSRİ Səhiyyə naziri C. P. Burenkov xitabət kürsüsünə qalxaraq matəm mitinqini açıq elan etdi. Və birinci olaraq özü nitq söylədi. O, tibb sahəsinə oftalmologiya elminə ağır itki üz verdiyini, görkəmli tibb alimi, tibb elmləri doktoru, professor Azərbaycan Elmlər Akademiyasının akademiki, Əziz Əliyev adına Azərbaycan həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının müdiri Zərifə Əziz qızı Əliyevanın 15 aprel 1985-ci ildə qəflətən vəfat etdiyini dedi. Natiq, akademik Zərifə xanımın tibb elmindəki böyük nailiyyətlərindən, yüz otuz elmi məqalənin, o cümlədən beş sanballı monoqrafiyanın, ali məktəblər üçün bir çox dərsliklərin müəllifi olduğunu söylədi. Onun tibb elminə dəyərli hədiyyə kimi təqdim etdiyi, görmə orqanının peşə patalogiyası və profilaktikası sahəsindəki araşdırmalarının sənaye sahəsində tətbiq edilməsindən danışdı. Sonra neçə- neçə elmlər namizədinin və elmlər doktorunun rəhbəri olduğunu bildirdi. İctimaiyyət arasındakı böyük nüfuzundan söz açdı. Natiq nitqinin sonunda Zərifə xanım Əliyevanın nüfuzlu alim, həkim, pedaqoq, qayğıkeş bir insan kimi əbədi olaraq, qəlblərdə yaşayacağını dedi. Daha sonra elm sahəsində tanınmış altı nəfər də çıxış etdi. Onlar da Zərifə xanım Əliyevanın oftalmologiya elmində böyük xidmətlər göstərməsindən, əsərlərinin xarici ölkələrdə tanınmasından və bu əsərlərin son dərəcə böyük nəzəri və tədqiqi əhəmiyyətindən danışdılar. Həmçinin Zərifə xanımın geniş ictimai fəaliyyətindən də söz açdılar. Xitabət kürsüsünə Vida nəğməsini ifa etmək üçün SSRİ xalq artisti Müslüm Maqomayev dəvət olundu. Qoluna bərk-bərk girmiş xanımı Tamara Sinyavskaya onu xitabət kürsüsünə qədər ötürüb, bir az kənarda dayandı. Nəhayət, dünya opera vokal sənətinin ulduzu Müslüm Maqomayevin gur, lakin yumşaq tembrli məlahətli səsi eşidildi. Dərin qəm sədaları, qəbiristanlığın bütün guşələrini bürüdü…
Hər gecəm oldu kədər, Qüssə, fəlakət sənsiz, Hər nəfəs çəkdim hədər Getdi o saət sənsiz.
O, muğam qaynaqlarından köklənmiş əzəmətli “Sənsiz” romansını ifa edirdi. Qudrətli sözün və qudrətli bəstənin vəhdətindən yaranmış romans, yüksək həssaslıqla, qudrətli bir səslə də oxunurdu. Müğənninin hüznlü hisslə dolu olansəsi, bircə anda adamların varlığına hakim kəsildi. Və hamı bu səsin ecazkar qüvvəsinə tabe olaraq bir neçə anlığa susub sakit dayandı. Ətrafa hənirti belə duyulmayan bir səssizlik çökdü. Sakit ahənglə oxunan vida nəğməsində böyük qüssə nəfəsi vardı. Sözlər çox canlı, güclü, emosional təsirə malik idi. Hər bir vurğu, hər bir kəlmə, qəlb dərdini ifadə edirdi. Onun bir az da qəriblik duyğuları ilə oxuması, səsinin təsir qüvvəsini artırıb daha da yandırıcı etmişdi. O, elə bil oxumur, bayatı deyib, ağı çəkirdi. Sanki yer-göy silkələnirdi. Atəşlə dolu səsin ətrafı bürüyən hərarəti, zərif hissləri daha da kövrəldib hərəkətə gətirdi. Kədər duyğulu bu ürək naləsnə heç bir kəs laqeyd qala bilməzdi. Ruhi gərginliyə davam gətirməyən insanlar qürub sakitliyini ağlamaqla pozdu. Hıçqırtılar, səsin qüssəli ahənginə qarışdı. Hər kəs özünə məxsus bir tərzdə ağlayırdı. Ağrılı vida nəğməsinin təsirindən ağlamayan insan tapılmazdı. Böyüklü-kiçikli hamı gözü yaşlıydı. Könül yandıran səs bizi də mütəəssir edib göz yaşlarına qərq etmişdi.
Müslümün insan qəlbinə bu dərəcədə nüfuz edib, öz hökmranlığı altına alması, bütün hissini biruzə verən, səsindəki matəm ahənginin qəlbində olan hissə müvafiq olması idi. Ürək yanğısı ilə oxunan romans, həyatın hər cür amansızlığı qarşısında məğrur və vüqarlı dayanan , dözüm və səbr mücəssəməsi sayılan Heydər Əliyevin də daxili müvazinətini titrədərək, güclü ağlamağa vadar etmişdi. Yanaqlarından aşağı süzülən almaz kimi parlaq yaş damlaları ürək parçalayırdı. Öz hissinə hakim olmaq, bu an çox çətin idi. Çünki insan hökmündə olmayan və hədsiz məhəbbətin təzahürü olan bu hiss, hər hansı bir vəzifə anlayışı ehkamından güclü idi. Bir də ki, mənbəyi saflıqdan gələn belə bir hissi heç bir qüvvə kölgələyə bilməzdi.Düzünü desəm, belə kövrəklik onun şəxsiyyəti ilə bir yerə siğmaz olduğunu fikirləşirdim. Təbiətinə xas olmayan bir iş sanırdım. Amma güman etdiyimin əksini görürdüm. Artıq göy üzünə qəmgin bir görünüş verən tutqun qara buludlardan , qəm tək səpələnən yağış ələnirdi. Sanki əbədi göylər də uzaq və ulu bir diyarın əziz övladını, uzun ayrılıq mənzilinə göz yaşları ilə yola salırdı. Dəfn mərasimində iştirak edən xalq şairi Bəxtiyar Vahabzadə sonralar həmin anı şerin dili ilə belə təsvir edir:
Bu bahar günündə yağmurlu göy də Bu gün için-için qan ağlayırdı. Sənin matəminə Üzeyir bəy də “Sənsiz”in diliylə yas saxlayırdı.
Bu zaman mərhumənin cənazəsi üzərinə su keçirməyən materialdan örtük tutuldu. Nəzərlərim çox vaxt qeyri- ixtiyarı olaraq Heydər Əliyevin simasında gəzirdi. Bütün diqqətimi toplayaraq, qəlbən onu anlamağa və yaxından müşahidə etməyə çalışırdım. Hətta ona astadan söz demək istəyən, yaxın qohumu olan bir xanıma, bir az qəhərli və azca da sərt bir ahənglə dediyi söz indi də yadımdadır. Çıxış etmək üçün söz, SSRİ xalq artisti Lütfiyar İmanova verilir. Çıxışından əvvəl bir nəfərin onun yanına, bir neçə dəfə gəlib getdiyini gördüm. Görünür, kədərin təsirindən vəcdə gəlmiş müğənni, çıxış etməyə söz istəyirdi. Bəlkə də, gözlənilmədən ona söz verilirdi. Cənazə önündə həyəcanla nitq söyləyən xalq artisti xalqın kədərini ifadə edən sözlər dedi. O, mərhumənin yüksək insani keyfiyyətlərindən və qayğıkeşliyindən danışdı. Onun zərif və incə duyumlu bir insan olduğunu söylədi. Daxili varlığının zəngin olmasını diqqətə çəkdi. O, bu sözləri böyük məhəbbət və səmimiyyətlə, dərin həyəcan içində söyləyirdi. Çox da mütəəssir olmuşdu. Qəmdən süzülüb gələn bir səslə, mərhumənin çox sevdiyi “Bu gecə” mahnısını oxudu. Musiqi müşayiəti olmadan, çox gözəl ifa edilən bu mahnı da hamını kövrəltdi. Bununla da, vəcd içində oxunulan vida nəğmələri və söylənilən xatirə nitqləri, matəm mitinqinin bağlı elan olunması ilə bitdi. İllər ötsə də, Heydər Əliyevin vəfalı ömür dostu ilə son dəfə olaraq, əbədi ayrılıq məqamında olan vida görüşü heç vaxt yaddaşımdan silinməz. Onun əbədi uyğuya dalmış ömür dostunun cənazəsinə dikilən baxışlarında, qəlb dünyasına çokmüş, həsrət soyuqluğunun güclü bir ifadəsi vardı. O, heç vaxt bir daha [24.04 18:20] Hüseyn Müəllim Bütöv Azərbaycan: ona qayıda bilməyəcək, əzizini itirirdi. Omrünü işıqlandıran qiymətli istəklisi ondan uzaqlaşırdı. Sevdiyi insandan əbədi ayrılmağın nə qədər əzablı olduğunu başa düşmək çətin deyildi. Bu fövqəladə anlar idi. Bu anlar onun bütün ruhunu görməyə imkan verirdi. Ayrı düşməyin çarəsizliyi qarşısında amansız bir üzüntü duyan Heydər Əliyev göz yaşları içində, ilk, yeganə, sadiq məhəbbətinə son dəfə “əlvida” deyən nəzərlərlə baxdı. Bu son vida, son görüş idi. Bu ayrılığın son mərhələsini göstərən kədərli, həm də çox əzəmətli bir görünüş idi. Bu, insan duyğusu fövqündə dayanan məhəbbət hissinin dərin köklərə malik olduğunu göstərən yüksək əlamət idi. Məhəbbəti dərindən yaşamağın nə olduğunu, insanı dərk etməyə vadar edən bu bəşəri ucalıq, bu böyük vəfa, şəxsi təxəyyüldən doğan adı mülahizə deyil. Bu can yanğısı ilə insan sayğısının ali məqamını görüb, şahidi olmuş, möhtəşəm dəfn mərasimi iştirakçısının söylədiyi bir həqiqətdir. Doğrudan da mənəvi dərinliklərdən, insanın bəşəri təbiətini zahirə çıxaran, onun sədaqət və səmimiyyətini göstərən ən gerçək meyar, ayrılıqdır. Bu, həmişə ləyaqətli və mənəvi cəhətdən zəngin olan insanların, bütün ülvi keyfiyyətlərini və əsl simasını aşkarlayır. Qəlbimə təsir edəcək bu kədərli mənzərə kimi ikinci bir hadisə yadıma gəlmirdi. Yüksək dövlət xadiminin böyük qəlbi və onda olan insanlıq hissinin müstəsna dərəcədə yüksəkliyi məni heyrət zirvəsinə qaldırmışdı. Bu, mənə məlum olmayan, onun ömür kitabından qarşımda açılan, yeni səhifələrindən biri idi. Nəcib və əzəmətli bir qəlbə malik olan bu böyük insana heyrətlə də baxırdım. Varlığın yüksək forması olan məhəbbətin müqəddəslik zirvəsinin gerçək təcəssümünü və zatən kişiliyin mükəmməl mücəssəməsini görürdüm. Onun böyüklüyünü göstərən bir amil də, təsəvvürəgəlməz sadəliyi idi. Böyük mənada, təbiiliyindəki sadəlik. Onun hərəkətlərində sünilikdən, qeyri təbiilikdən əsər-əlamət yox idi. Gözümün qarşısında dəyişən, getdikcə sadələşən, dünya görüşünün incəliyi ilə fərqlənən bu insana, varlığımda ifadə edilməz bir hörmət hissi duydum. Mən dayanıb durduğum yerdən ətrafa nəzər salıram. Çox da uzaq məsafədə olmayan, bir qəbirüstü abidə, diqqətimi özünə çəkir. Xitabət kürsüsündən təxminən onbeş addım kənarda, ağcaqayın ağacı altında , hündür daş abidənin üzərindəki yazını oxuyuram və bir az da kövrəlirəm. Bu, əsərləri dünya xalqları dilinə tərcümə olunan pyesləri Avropa, Amerika , Asiya teatr və opera balet səhnələrində nümayiş etdirilən, məşhur “İnsan mənzərələri” epopeyasının müəllifi, qan qardaşımız Nazim Hikmətin qəbri idi. Dəfn mərasimi… Bəşər övladının labüd olaraq həyat fəaliyyətinin sonunu göstərən ən kədərli hadisə. Hamı cənazə ətrafına toplanır. Zərifə xanım Əliyevanın tabutunu doğma və yaxınları çiyinlərinə qaldıraraq, qəbiristanlığın “ilk” ərazisində müəyyən edilmiş yerə, son mənzilə doğru ağır-ağır irəliləyirlər. Qəbiristanlıq üç, “ilk”, “yeni” və “daha yeni” ərazilərdən ibarət idi.Dayandığımız matəm mitinqi meydanı, qəbirstanlığın “yeni” ərazisi idi. Buradan son mənzilə olan məsafə isə iki yüz metr olardı. Matəm dəstəsi cənazəni matəm melodiyası ilə müşaiyət edirdi. Cənazə müəyyən olunmuş yerə çatdırıldı və çox ehtiyatla məzara endirildi. Bu zaman himn səsləndi və böyük ehtiramla qəbrin üstü torpaqla örtüldü. Məzar üzərinə saysız- hesabsız gül dəstələri və əklillər düzüldü. Beləliklə, ömrünü mənalı və nəcib hisslərlə, xeyirxah əməllərlə yaşamış, Azərbaycan xalqının sevimli qızı Zərifə xanım Əliyeva, bahar axşamının məhzun qürubunda əbədiyyətə qovuşdu. O, yüksək ideallara malik olan bir şəxsiyyət şərəfi ilə dəfn olundu. Zərifə xanımın ömür yolu apreldə başlamışdı. Saf və şirin arzularla dolu olan bu yol, apreldə də taleyin rəhmsiz qərarı ilə vaxtsız bitdi. Təəssüflər olsun ki, illər uzunu ürəyində yuva salan müqəddəs məram və arzularının bir hissəsinə nail ola bilmədi. Nə etmək olar? Həyatın qaçılmaz sonluğu olan ölüm gözlənilmədən qapımızı döyür. Bütün canlı varlıq həyatın pozulmaz qanunu olan bu hikmətə tabedir. Bu hər kəsin keçəcəyi bir yoldur. Ölümdən sonra xatirəyə dönərək qəlblərdə əbədiyaşarlıq qazanan insan, gördüyü əməllərin məzmununa görə yad edilir. Ona görə də insan düşüncələri və əməlləri ilə ölməzdir. Zərifə xanım da öz ölməzliyini keçdiyi həyat yolunda, həqiqətin və ədalətin təntənəsinə, vətənə, xalqa xidmət etmək nümunəsi ilə sübut etmişdir. O, doğma xalqının qəlbində mərhəmət və xeyirxahlığı ilə ən ülvi hisslər oyadaraq, özünün ölməz heykəlini ucaltmışdır. Ruhuna uyğun olan paklığı, məsumluğu və nadir mehribanlığı onu həmişəyaşar bir insana çevirmişdir. O, hər zaman dərin bir məhəbbətlə xatırlanacaq. İri parlaq hərflərlə yazılan adı, doğma xalqının ömründə əbədi olaraq yaşayacaqdır.
Zərifə xanım Əliyevanın dəfn olunduğu yer şəxsiyyətinə uyğun olan, münasib bir guşə idi. Bu Novo-Deviçye qəbiristanlığının “ilk” ərazisinin, birinci sahəsi idi. Zərifə xanım Əliyevanın məzarının baş tərfindən sağa, məşhur rus şairi A.A. Blokun doğmaca xalası, tanınmış ictimai xadim Sofiya Kubliçkayanın, ondan sonra isə, SSRİ EA-nın prezidenti, akademik V.P. Komorovun, akademik V. A. Obruçevin və digər alimlərin qəbirləri ardıcıl olaraq yerləşirdi. Bir çox dünya ədəbiyyatı və incəsənətinin qızıl fonduna daxil olan dəyərli əsərlər müəllifləri də, məhz burada əbədi uyğuya dalmışlar. Yuxarıda qeyd edildiyi kimi Novodeviçye xüsusi qəbiristanlıq olduğundan burada dəfn olunmaq üçün vətəndaşın yalnız ictimai vəziyyəti, cəmiyyətdə tutduğu yüksək mövqeyi əsas mahiyyət kimi götürülür. Burada müxtəlif dinə mənsub olan insan qəbirləri ilə yanaşı, burada müsəlman qəbirləri da az deyildir. Hətta bunların arasında mərhumun müsəlman dini mənsubiyyətini qabarıq şəkildə göstərən qəbirlərə də rast gəlmək olur. 1922-ci ildə Təbriz üsyanına başçılıq etmiş şair Lahuti Əbülqasım Əhmədzadə, sonradan Sovet dövlətinə mühacirət edir. Bir müddət SSRİ Yazıçılar İttifaqının katibi vəzifəsində çalışır. 1957-ci ildə isə vəfat edir. Bax, onun qəbirüstü sinə daşı üzərində, iri ərəb hərfləri ilə bədii bəzək üslubunda yazılan ad və soyadı sanki müsəlman Şərqinin daş üzərində oyma sənətinin bir nümunəsidir. Məzarın ətrafında sıx canlı divar əmələ gətirmiş adamların “Allah rəhmət eləsin”, “Qəbri nurla dolsun” deyimləri eşidilirdi. Hamı bir ağızdan mərhumənin ruhuna rəhmət oxuyurdu. Hələ də ovunmaq bilməyən Heydər Əliyev, ağır fikirlər ağuşundan çıxa bilmirdi. Qəmginlik içində sakitləşməsinə baxmayaraq, sükutunda acı təəssüfün fəryadı duyulurdu. Səngimək bilməyən ruhi təlatüm, ona iztirab verməkdə davam edirdi. Qəlblərinə ağır bir qüssə hopmuş qohum-qardaş, Heydər Əliyevə bir az da yaxınlaşdı. Başda böyük qardaşı Həsən Əliyev olmaqla son dərəcə bir həssaslıqla, ona ürəyini toxdadan sözlər dedilər. Kədərində həyati bir müdriklik duyulan digər qardaşı Aqil Əliyevin də gözlərində təsəlliverici bir ifadə vardı. Məzar ətrafına yığılan adamlar bir müddət təmkinlə hərəkətsiz dayanıb, Heydər Əliyevi ehtiramla gözlədilər. Sonra onunla birlikdə, ağır addımlarla, yavaş- yavaş qəbiristanın darvazasına tərəf addımladılar. Azərbaycan Respublikasının o zamankı birinci vəzifə sahibi Kamran Bağırov ilə Həsən Əliyev ona daha yaxın məsafədə idilər. Biri sağ, digəri isə sol tərəfində gedirdi. Heydər Əliyev onu əhatə edənlərin kədəri içində, bir ürək sızıltısı ilə yeriyirdi. Addımları, çəkdiyi qüssənin azman ağırlığı altında qətiyyətsiz görünürdü. Hiss olunurdu ki, ayaqlarının biri gedir, biri yox. Biz isə qəmli baxışlarla onları müşayiət edib yola salırdıq. Yadımdadır maşınlar tərpənərkən akademik Həsən Əliyev digər şəxslərə nisbətən, bir az gec olaraq “Çayka” markalı avtomobilin qabaq oturacağına əyləşdi. Axan göz yaşlarının davamı kimi yağan yağış səngimək bilmirdi. Getdikcə güclənən yağışdan adamlar çəkilib gedirdi. Daxili bir meylin hissi tələbinə tabe olaraq, bizim hələ də burada dayanmağımız, Azərbaycan qadınlığının yüksək təcəssümü olan mərhuməyə bəslənən dərin ehtiramdan və kiçik də olsa, bir vətən övladı borcunu qaytarmaq istəyindən irəli gəlirdi. Biz məzara yaxınlaşarkən, məzarın baş tərəfi hissəsində, Şeyxülislam Alahhşükür Paşazadə dəfndən sonra müsəlman dinində müəyyən edilmiş ibadət mərasimini icra edirdi. Yağışdan qorunmaq üçün, bir nəfər də onun başı üzərində çətir tutmuşdu. Kənar məsafədə bir-iki adam da görünürdü. Səhv etmirəmsə, onlar da dini rəhbərimizi gözləyən tanışları idi. Narahatlıq olmasın deyə, bir neçə addım kənarda durduq. Çiçək dəstələrindən və əklillərdən görünməz olmuş məzarın üstü, adam boyundan da hündürə qalxmışdı. Mərhumənin məzar üzərindəki qara lentli şəklindən, xeyirxah insanın surətinə xas olan mehribanlıq və nəciblik duyulurdu. Dövrün ruhu ilə həmahəng olan ateizmin yasaq buyurduğu qayda-qanunlara baxmayaraq Şeyxülislam ibadət mərasimini layiqincə başa vurub, yanındakı adamlarla oradan getdi. Biz isə bir neçə addım irəliyə yeridik və mərhumənin ruhuna rəhmət deyib, axırıncı olaraq qəbiristanlığı tərk etdik. Qədim xalq bayatısında məşhur şah misralarla ifadə olunmuş diləklərlə sözümü bitirirəm: “Bir ayrılıq, bir ölüm Heç biri olmayaydı.” P.S: Xatırladım ki, 1985-ci ilin aprelində Moskvada dünyasını dəyişən, Novo-Deviçye qəbirstanlığında dəfn edilən Zərifə xanımın nəşi 1994-cü ildə Heydər Əliyev tərəfindən Bakıya gətirilərək Fəxri Xiyabanda, atasının məzarı yanında torpağa tapşırıldı. Xalqımızın fəxri hər iki böyük şəxsiyyətə Tanrıdan rəhmət diləyirik!
Aprelin 26-da Günel Natiqin yeni kitabı təqdim ediləcək
Tanınmış yazıçı, jurnalist, aparıcı Günel Natiqin bu günlərdə “Gözəl günlər naminə” adlı yeni kitabı işıq üzü görüb. Kitabda müəllifin son illərdə qələmə aldığı povest və hekayələri toplanıb. Əsərlərdə insan ruhunun dərinliklərinə enən yazıçı, oxucunu yalqızlıq, mənəvi böhranlar və daxili ziddiyyətlərlə üz-üzə qoyur. Günel Natiqin yaratdığı obrazlar həyatiliyi və inandırıcılığı ilə seçilir, bu da oxucunu insan psixologiyasını daha dərindən dərk etməyə sövq edir. 9 kitab müəllifi olan Günel Natiq öz sosial şəbəkə paylaşımlarında yeni nəşrdəki əsərlərindən aşağıdakı fikirləri də oxucuların diqqətinə çatdırıb:
İnsan öz yaratdığından heç vaxt böyük ola bilməz.
Qələm adamının doğması yalnız ədəbiyyatla bağlı olanlardır.
Ədəbiyyat sənin taleyin olarsa, bunu ilk hiss edən də sən olacaqsan.
Allah – ən böyük analitikdir. Hər şeyi incəliyinə qədər hesablayıb. Onun yazısını redaktə etmək olmaz.
İnsanı xilas etmək lazımdır. Ona görə yox ki, o, müsbət varlıqdır… Amma o, yeganə varlıqdır ki, mükəmməlliyə can atır. 6.İnsan ağrısını paylaşanda yüngülləşir. Və nə qədər ki anlayan biri var – ümid də var…
İnsanın ən böyük silahı sevgiymiş… Bunu indi anladım…
Bu dünyada tabut ölçüsünə belə şəriət qaydaları var, amma diri insanların haqqını yeyənlər üçün qayda-qanun yoxdur.
Biz ölümü qarğıyırıq, amma ölümü sevmək ağlımıza gəlmir.
İnsan niyə heç vaxt öləndə ağlamaz? Yəqin ki, son anda həyatın həqiqətini anlayır.
Oğlu öləndə də yanlarında yalnız bu mebellər vardı. Və başqa heç kim yox idi.
Qarı, ərinin cansız bədəninə baxıb, ölümlə birgə darıxdı.
Və bundan sonra yalnız gözəl günlər naminə yaşayacağıq…
Qeyd edək ki, kitabın imza günü 26 aprel 2025-ci il tarixində, saat 14:00-da “Qanun” nəşriyyatında keçiriləcək. Ədəbiyyatsevərlər, yazıçının dostları və oxucular tədbirə dəvətlidir. Giriş sərbəstdir.
Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir.[7] O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qurumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.[8],[9]
↑“”Dağlar” işıq üzü gördü”. anl.az (az.). Həftə içi.- 2019.- 27-28 avqust.- S.4. 27–28 avqust 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.