Yazarın “Vətən Uğrunda” adlı kitabı Teknofest-də təqdim olundu – FOTOLAR
Yazar Etibar Həsənzadənin “Vətən Uğrunda” adlı kitabı Teknofest-də təqdim olundu – “Xudafərin BHOS” komandası bürünc medal qazandı.
Bu barədə yazar özü QHT.az-a məlumat verib. Onun sözlərinə görə, mayın 1-dən 4-dək Kuzey Kıbrıs Türk Cümhuriyyətində keçirilmiş Teknofest Uzay, Havacılık ve Teknoloji Festivalında Azərbaycanın uğuru və mənəvi dəyərləri bir arada nümayiş olunub. Festival çərçivəsində yazar Etibar Həsənzadənin 44 günlük Vətən Müharibəsində iştirak edən Daşkəsənli şəhid və qazilərimizin döyüş yolundan bəhs edən “Vətən Uğrunda” adlı kitabı da nümayiş etdirilib. Eyni zamanda festivalda iştirak edən və ölkəmizi layiqincə təmsil edən Azərbaycan Xudafərin BHOS komandası böyük uğura imza ataraq bürünc medal qazanıb. Komandanı səmimi qəlbdən təbrik edən Etibar Həsənzadə, daha böyük uğurlar arzuladığını bildirib.
Yazar kitabının təqdiminə icazə verən və Teknofest festivalının keçirilməsində əməyi olan şəxslərə də təşəkkürünü çatdırıb:
Türkiyə Cümhurbaşqanı sayın Recep Tayyip Erdoğana,
Teknofestin təşkilində böyük rolu olan sayın Selçuk Bayraktara,
Baykar Teknoloji şirkətinin baş direktoru sayın Haluk Bayraktara,
Türkiyə Teknoloji Takımı Vəqfinin başqanı sayın Elvan xanıma,
İmanlı Vatan Evladi Derneğinin Genel Başkanı Etibar HəsənzadəninTürkiyə dəki Gönül Elçisi sayın Mustafa Nazilli bəyə,
“Xudafərin BHOS” komandasının baş məsləhətçisi Aysel Məmmədovaya,
Komanda üzvləri Elnur İslamov, Elnur Məmmədov, İlham Kərimli, Nihad Səfərli və Nəzirin Əfəndiyevaya xüsusi minnətdarlığını ifadə edib.
Qeyd edək ki, komandanin layihəsi Dəniz və okean suyundan çevrəyə daha az zərər verəcək şəkildə və daha az xərclə litum istehsal etməkdir.
«Heydər Əliyev və mədəniyyət» mövzusunda Xalq artisti ilə görüş keçirilib
Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində İttifaqın Sədri Hacı İsmayılovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə görüşü keçirilib. «Heydər Əliyev və mədəniyyət» mövzusunda keçirilən görüşdə Xalq artisti Hacı İsmayılov, sədr müavini, Əməkdar artist Azad Şükürov, İttifaqın əməkdaşları və gənclər iştirak edib. Hacı İsmayılov gəncləri salamladıqdan sonra ekranda Ulu Öndərin teatr xadimləri ilə görüşlərini əks etdirən videogörüntü əks olunub. Hacı İsmayılov Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin yüksəlişi və xalqın xoş gələcəyi naminə fəaliyyətindən, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan, onunla canlı görüşlərindən danışıb. Səmimi şəraitdə keçən tədbirdə Hacı İsmayılov Azərbaycan mədəniyyətinin, onun həssas qolu olan teatr sənətinin bu günündən, yeni yaradıcılıq işlərindən söhbət açıb, gənclərin suallarını cavablandırıb. Sonda xatirə şəkli çəkilib.
Yaqut Tofiq qızı Nuriyeva 1977-ci ildə Mingəçevir şəhərində anadan olub və orta təhsilini burada alıb. 1995-ci ildə ailə həyatı qursa da sonra təkbaşına 3 övladını böyüdüb. Yaqut xanımın bir çox bacarıqları var, amma onun əsas sənəti dərzilik olub. Özü dediyi kimi, 27 ildən çoxdur ki, bu sənətlə məşğuldu. Dərzilik oturaq, çətin peşə olsa da Yaqut xanım işindən bezmir. Deyir ki, mən balalarımı bu işlə böyütmüşəm. Ancaq o tək dərzilik etməklə kifayətlənməyib. Dediyim kimi, onun başqa bacarıqları da var. O, rəssamlıq və heykəltaraşlıqla da çiddi məşğul olur. Özü dediyi kimi, dünyaya rəssam kimi gəlib. Uşaq yaşlarından bu günə qədər xoşuna gələnlərin rəsmini çəkə-çəkə böyüyüb. Rəssamlıq onun həyatda dolanışıq üçün pul qazanmaq yox, hobbisidi. Yaqut xanım çox bacarıqlı və istedadlı qadındı. Özünəməxsus fantaziyaları və əl qabiliyyəti var. Hazırda heykəltaraşlıq sənətinə daha çox üstünlük verir. Bu işə 7 il öncə başlayıb. Yaqut xanımın bir sözü məni çox təsirləndirdi. O, sevdiyi işindən danışarkən arada köks ötürüb deyir ki, heyif, ali təhsilim yoxdu. Ali təhsilim olmadığına görə indiyədək istədiklərimi, arzularımı həyata keçirə bilməmişəm… Yaqut xanım rəssamlıq və heykəltaraşlıq sənətinin incəliklərinə yiyələnmək üçün gecəsini gündüzünə qatıb və bu işi özününküləşdirib. Bu zəhmətkeş insan ona bəxş edilən bacarıqlara görə həmişə Allaha şükürlər edir və ona verilən isdedadı dəyərləndirib qədrini bilməyə çalışır. Yaqut xanımının nəzərində öz işinlə vətənə xidmət etmək hər arzudan üstündür. O, bunu təkcə düşünmür, həm də həyata keçirməyə çalışır. Onun əl işlərinə biganə qalmaq olmur. Bu insanın düşüncələri, düzəldib quruluş verdiyi sənət əsərlərində öz əksini tapır. O, düzəltdiyi maketlərə, eksponatlara, fiqurlara, çəkdiyi rəsmlərə baxanları düşündürür. Onun bacarığına, işinə heyran olanlardan biri də mənəm. Yaqut xanım hazırladığı əl işlərinin satışını da özü edir. Əvvəlcə onların telefonla şəklini çəkib, əl işlərini reklam etmək üçün müxtəlif sosial şəbəkə səhifələrində yerləşdirir. Onun nəinki yaşadığı Mingəçevir şəhərindən, başqa rayonlardan da xeyli sifarişləri olur. Ona sifariş veriləndə deyir ki, həmin gecə yuxu gözünə getmir. Səhərə qədər o işin üzərində çalışır ki, heç bir qüsuru olmasın. Ona görə də, Ağdamdan, Yevlaxdan, Kürdəmirdən, Tərtərdən, Goranboydan, Bərdədən çox sifarişləri olur. Sifarişləri olanda daha da ruhlanır, həvəslənir. Deyir ki, nə yaxşı bu sənəti öyrənmişəm. Heykəltaraşlıq işinə başladığı gündən, bu vaxta qədər əl işlərini daha çox dost-tanışa hədiyyə eləyib. Ən çox da onları uşaqlara hədiyyə edəndə sevinir.
Heykəltaraş xanımın hazırladığı Ulu öndərimiz Heydər Əliyevin büstü çoxlarının marağına səbəb olub. Məkkə şəhərindəki müqəddəs Kəbə evinin fiquru da çox bəyənilir. Yaqut xanım ən çox Qarabağı işğaldan azad edən, bu yolda canlarını fəda edən igid, qəhrəman vətən oğullarının, şəhidlərimizin maketlərini hazırlayır. O, hər bir maketi özünəməxsus duruşda, görünüşdə elə real şəkildə hazırlayır ki, bu maketlərə baxanda düşünürsən sanki, qarşında həmin qəhrəman dayanıb. Yaqut xanımın ən çox hazırladığı işlərdən biri də milli atributlarımızdı. O, qürurumuz olan üçrəngli bayrağımızın maketini hazırlayır. Bayrağımızı həm də, ipək parçalardan tikir. Səkkizguşəli ulduz fiqurları isə onun sevimli əl işlərindən biridi. Mənfur düşmənimizin başını əzən Dəmir yumruq fiquru da təqdirəlayiq alınıb. Qəhrəman şəhərimiz Şuşada bitən, əfsanəvi Xarıbülbül fiqurlarını da çox sayda düzəldir. Deyir ki, hazırda bunlar daha çox marağa səbəb olur və satılır. Milli bayramlarımızda Yaqut xanımın əl işlərindən ibarət sərgilər keçirilir. Bura toplaşan insanlar istər azərbaycanlı, istərsə də, başqa ölkələrin nümayəndələri olsun, sərgidə gördükləri bu gözəl sənət əsərlərinə çox diqqət yetirirlər. Onlar bu maraqlı əl işlərinə heyranlıqla tamaşa edir və onlardan gözlərini çəkə bilmirlər. Şəhidlərimizə aid əsərləri hər kəsin marağına səbəb olur. Xarici vətəndaşlar onlara toxunur və o eksponatları çox bəyənirlər. “Dəvə karvanı” adlı əsər də öz quruluş və rəngləri ilə diqqət mərkəzinə çevrilir. Milli bayramlarımıza aid əl işləri baxanların gözünü oxşayır. Qeyd edim ki, Yaqut xanımın axırıncı sərgisi bu il Novruz bayramından əvvəl olub. Bu gözəl işində ona uğurlar arzulayıram.
İmkan ola, bir ömür dünya səyahətinə çıxasan. Gözlərini qıyıb, Yaponiyadan Amerikaya baxasan, elə oradan Nyu- Yorka, Vaşinqtona güllər atasan… Göylərindən atom- atom, çiçək yağa, ləçək yağa… Sonra gəlib, Amerikadan başlayasan utanmağa…
Keçəsən ordan Kanadaya, yaşıl çəmənliklərdə, möhtəşəm bir ağacın altda süfrə sərəsən, yeyib- içib dincələsən. Dincəlməkdən yorulasan, bezəsə, lap uzqlara baxasan, Avstraliyada kenqurulara göz vurasan… Gəlib çıxdın dünyadan ayrı düşmüş qitə- adaya, kisələrdə pul yox, colux- cocux görəsən. Öz- özündən fikir, xəyal hörəsən.
Üzüb gedəsən Antarkitidaya, buz dağlarda gəzəsən, qar yağa qar aləmlərə, üşüyəsən, sonra yavaş- yavaş sən də orda donasan, buz içində buz parçası olasan…
Erkən yazda əriyəsən, Afrikaya axasan. Qara- qara, başda lələy, əldə nizə gəzəsən, xəyalında keçmişini görəsən. Avropadan gələn ağlar, təbiəti, insanları qaralayır, yaralayır… Qucaq – qucaq qan içində hərnə gördü qamarlayır…
Enib gələsən vətənə, Görəsən dost- yoldaş çıxıb gedib, Təkcə sən qalıbsan pir çinar, Öpəsən üçrəngli torpağını, Cənnət elə səniymişsən!- deyəsən, Azərbaycanda öləsən.
Hörmətli Laçın şəhər sakini Pünhan Xanoğlan oğlu Laçın şəhərində yerləşən “Simurq” kitabxanasının qonağı olub. O, #Kitabbəxşetmə kampaniyası çərçivəsində şəxsi kitabxanasından dəyərli kitablar hədiyyə edərək kitabsevərləri sevindirib.
Bu nəcib təşəbbüsünə görə Pünhan Xanoğlan oğluna dərin təşəkkürümüzü bildirir, işlərində uğurlar arzulayırıq.
Leyla Mətinin “Sevgi mövsümü” adlı yeni kitabının imza günü İzmitdə keçirilib
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Leyla Mətinin “Sevgi mövsümü” adlı yeni kitabının imza günü 3 may tarixində Türkiyənin İzmit şəhərində, Kocaeli Bələdiyyəsinin akt zalında baş tutub.
Tədbirdə Türkiyənin tanınmış yazar və şairləri, həmçinin ədəbiyyatsevərlər iştirak ediblər. Tədbirin aparıcısı yazar ədəbiyyat araşdırmacısı Mehmet Asıf Işık sözün yükündən, şairin duyğulu baxış bucağından bəhs edib və tədbir boyunca müəllifin şeirlərini səsləndirib.
Çıxış edən qonaqlar Azərbaycanlı şairlə görüşdən məmnunluqlarını ifadə edərək, iki qardaş ölkənin ədəbiyyat sahəsindəki yaxın əlaqələrinin qürurverici olduğunu bildiriblər.
Kitabın nəşrini təmənnasız şəkildə həyata keçirən Dünya Sanatçılar Dərnəyinin başqanı və “Liz Yayınları”nın rəhbəri, şair Ramazan Seydaoğlu da çıxış edərək kitabın ərsəyə gəlmə prosesindən və sözün dəyərindən danışıb.
Leyla Mətin tədbirin sonunda təşkilatçılara və iştirakçılara təşəkkür edib, öz şeirlərindən nümunələr səsləndirib. Ənənəyə uyğun olaraq, sonda kitablar imzalanıb və xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, “Sevgi mövsümü” müəllifin sayca üçüncü kitabıdır.
YAZARLAR olaraq, Leyla xanımı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!
Naxşıvan Dövlət Universitetinin professor, Əməkdar müəllim
GERİDÖNÜŞÜM MATERİALLARINDAN İSTİFADƏNİN
EKOLOGİYANIN QORUNMASINDA ROLU
XXI əsr dinamikliyi, texnologiyaların sürətlə həyatın bütün sahələrinə nüfuz etməsi ilə, sürətlə sənayeləşmə, əhalinin artması fonunda bütün dövrlərə görə fərqli problemləri özündə əks etdirir. Artıq ərzaq məhsullarına, sənaye və kənd təsürrüfatı məhsullarına təlabatı ödəmək, insanların komfor alanından çıxmadan həyat fəaliyyətlərinin təmin edilməsi tələblərini həyata keçirə bilmək ciddi bir problem kimi qarşıya çıxır. Bunun üçün də sənaye, ərzaq, geyim və s tələblərin həyata keçirilməsi zamanı minimum tullantı, təbiətə ziyan vermədən tullantı maddələrinin zərərsizləşdirilməsi, geridönüşüm, təkrar emal məsələləri zərurət təşkil edir. Bəs geridönüşüm və təkrar emal cəmiyyətə nə qazandıracaqdır?
Geri dönüşüm – resursların təkrar istifadəsini təmin edir ki, bu da ekosistemlərin sabitliyini qorumağa kömək edir. İstifadə edilən materialların geri dönüştürülməsi, çirklənmə yükünü azaldır və ekosistemin özünü təmizləmə qabiliyyətini artırır. Təbii resursların davamlı şəkildə istifadəsi, ekosistemlərdəki bioloji müxtəlifliyi qorumağa kömək edir. Meşələrin kəsilməsinin azaldılması orman ekosistemlərindəki növlərin və bioloji proseslərin qorunmasına səbəb olur. Bioloji nəzəriyyələrə görə, ekosistemlər uzunmüddətli dövrdə təbii sərvətləri və resursları təkrar istifadə edərək balanslı şəkildə fəaliyyət göstərir. Bu təbii proseslərə bənzər olaraq, geri dönüşüm də ekosistemlərdəki daimi resurs dövriyyəsini (biogeokimyəvi dövr) qoruyur. İqlim dəyişikliyi ekosistemləri, xüsusən də qlobal istiləşmə, kütləvi miqrasiyalarla əlaqədar olaraq, həssas növləri təhdid edir.
Geri dönüşüm, təbii sərvətlərin istifadəsini azaldaraq və karbon emissiyalarını aşağı salaraq, iqlim dəyişikliyinin bioloji növlərə təsirini azaltmağa kömək edir. Bioloji dövranlar və ekosistem prosesləri təbii şəkildə resursların bərpa edilməsini təmin edir. Geri dönüşüm, insan fəaliyyəti ilə yaranan qeyri-daimi resurs istifadəsini təbii sistemlərə uyğunlaşdırmağa kömək edir. Geridönüşüm, təbii ehtiyatların qorunmasına və ətraf mühitin mühafizəsinə mühüm töhfə verən bir prosesdir. Müasir cəmiyyətdə geridönüşüm, təbii resursların daha səmərəli istifadə olunmasına, tullantıların azaldılmasına və atmosferə zərərli maddələrin atılmasının qarşısının alınmasına kömək edir. Bu proses yalnız resursların səmərəli istifadəsinə deyil, həm də ətraf mühitin çirklənməsinin qarşısını alır. Ekologiyanın qorunmasında geridönüşümün rolu aşağıdakı kimi izah edilə bilər:
1. Təbii Ehtiyatların Qorunması – Geridönüşüm, təbii ehtiyatların istehsalı üçün lazım olan xammalın istifadəsini azaldır. Məsələn, kağız istehsalı üçün ağacların kəsilməsi, plastik istehsalı üçün neftin çıxarılması və metallurgiya üçün metalın mədənlərdən çıxarılması kimi fəaliyyətlər təbii ehtiyatları tükəndirir. Geridönüşüm prosesləri isə bu ehtiyatları təkrar istifadə etməyə imkan verir. Məsələn, bir ton kağız təkrar emal edildikdə, təxminən 17 ağacın kəsilməsinin qarşısı alınır.
2. Enerji Qənaəti və Emissiyaların Azaldılması – Geridönüşüm enerji istehsalını daha səmərəli edir. Məsələn, alüminiumun təkrar emalı, ilkin alüminium istehsalına nisbətən 95% daha az enerji tələb edir. Bu da CO2 emissiyalarının azalmasına gətirib çıxarır. Plastikin, şüşənin və kağızın təkrar emalı da yüksək enerji qənaəti və azalmağa səbəb olur.
3. Tullantıların Azaldılması – Geridönüşüm, şəhərlərdə və ümumiyyətlə dünyada tullantıların miqdarını əhəmiyyətli dərəcədə azaldır. Tullantıların azaldılması, zibilxanaların yüklənməsini və təbii ərazilərin zərər görməsini azaldır. Həmçinin, təkrar emal olunan materialların yenidən istifadə edilməsi, yerin altına basdırılaraq çürüyən və ətraf mühitə zərər verən tullantıların sayını azaldır
4. İqtisadi Faydalar – Geridönüşüm prosesləri həm də iqtisadi baxımdan faydalıdır. Təbii resursların istifadə olunmasının azalması, xammal istehsalının qiymətini aşağı salır və müxtəlif sektorlarda iş yerlərinin yaradılmasına imkan verir. Həmçinin, təkrar emal edilməsi mümkün olan materialların işlənməsi yeni məhsulların istehsalına şərait yaradır
5. Çirklənmənin Azaldılması – Təkrar emal, ətraf mühitin çirklənməsini azaldır. Məsələn, plastik tullantıların atılması və təkrar istifadə edilməməsi nəticəsində su hövzələrində, okeanlarda və torpaqda mikroplastiklər yaranır ki, bu da bioloji müxtəlifliyi və ekosistemləri zədələyir. Geridönüşüm bu prosesi yavaşlatmağa və ya tamamilə dayandırmağa kömək edir
6. Ekosistemlərin Mühafizəsi – Geridönüşüm, həmçinin ekosistemlərin qorunmasına kömək edir. Təkrar emal edilən materiallar, xammal istehsalına və ya tələsik mədənçiliyə ehtiyacı azaldır, beləliklə də ekosistemlərin məhv edilməsinin qarşısını alır. Məsələn, kağız istehsalı üçün ağac kəsilməsinin azalması, meşələrin qorunmasına imkan yaradır
Maraqlı Faktlar:
Plastiklər və Okeanlar: Hər il təxminən 8 milyon ton plastik tullantısı okeanlara atılır. Geridönüşüm yolu ilə bu tullantılar azaldıla bilər və okeanlar daha az çirklənər.
Kağızın Təkrar Emalı: Bir ton təkrar emal edilmiş kağızın istehsalına 17 ağac qənaət edilir və 70% daha az enerji istifadə olunur.
Şüşənin Təkrar Emalı: Şüşə 100% təkrar emal oluna bilər və təkrar emal edilən şüşə, ilk şüşə istehsalına nisbətən 20% daha az enerji ilə istehsal olunur.
Alüminium və Enerji Qənaəti: Alüminiumun təkrar emalı ilkin istehsalına nisbətən 95% daha az enerji sərf edir. Bu, ətraf mühitin qorunmasında ciddi rol oynayır.
Metalların Təkrar Emalı: Çoxsaylı metallar, o cümlədən mis, qızıl və gümüş təkrar emal edildikdə bu, həm təbii resursların qorunmasına, həm də çirklənmənin azaldılmasına səbəb olur.
STEAM prinsipi və biologiyada geridönüşüm:
STEAM (Science, Technology, Engineering, Arts, Mathematics) prinsipi – təhsil sahəsində tətbiq edilən və müxtəlif elm sahələrini birləşdirərək, yaradıcı və interdisiplinar yanaşmalarla problemlərin həllini təşviq edən bir yanaşmadır. Bu prinsipi biologiyada geridönüşümün əhəmiyyətini başa düşmək və təbiətin qorunmasında necə tətbiq oluna biləcəyini izah etmək üçün istifadə etmək olduqca faydalıdır. Aşağıda STEAM prinsipi çərçivəsində geridönüşümün bioloji sistemlərə təsiri və maraqlı faktlarla əlaqədar daha çox məlumat təqdim edilir. Biologiya və ekologiya elmi, təbiətin qarşılıqlı əlaqələrini və müxtəlif ekosistemlərin necə işlədiyini başa düşməyə kömək edir. Geridönüşüm bu ekosistemləri qorumağa və təbii bioloji prosesləri yaxşılaşdırmağa xidmət edir. Məsələn, təkrar emal edilən materiallar, torpağın qida maddələri ilə zənginləşməsini təmin edə bilər.
Fakt: Kağız istehsalının çoxluğu ağacların kəsilməsinə səbəb olur, halbuki təkrar emal edilən kağızlar azaldığı üçün daha az ağac kəsilir və bu, ekosistemlərin davamlılığını təmin edir. Bu, biologiyanın əsas prinsiplərindən biri olan təbii dövrləri qorumağa kömək edir.
Tədqiqat: Öyrənilmuşdir ki, yalnız 9% plastik materiallar düzgün şəkildə təkrar emal edilə bilib. Bu, təbiətdə uzun müddət qalaraq bioloji müxtəlifliyə mənfi təsir göstərir, çünki mikroplastiklər bioloji dövrləri pozur.
Texnologiya (Technology) – təkrar emal proseslərini daha effektiv etmək və yeni materiallar yaratmaq üçün istifadə olunur. Bu, həm təbiəti qorumağa, həm də insan sağlamlığını təşviq etməyə xidmət edir.
Fakt: Yüksək texnologiyalarla istehsal olunan “bioplastiklər”, plastik tullantıların əvəzi ola bilər. Bioplastiklər, bitki mənşəli maddələrdən hazırlanır və təbiətdə daha sürətli parçalanır. Bu, plastik çirklənməsinin qarşısını alaraq ekosistemlərin bioloji tarazlığını qorumağa kömək edir.
Tədqiqat: Tədqiqatlarda bioplastiklərin plastik tullantılarının azaldılmasında çox təsirli olduğu qeyd edilmişdir. Bu texnologiyalar, plastik çirklənməsinin və bununla əlaqəli bioloji ziyanların qarşısını almağa kömək edir.
Mühəndislik (Engineering) – sahəsində tətbiq olunan innovativ texnologiyalar, təkrar emalın daha təsirli və iqtisadi cəhətdən sərfəli olmasını təmin edir. Bununla yanaşı, tullantıların idarə edilməsi üçün müxtəlif mühəndislik həlləri mövcuddur ki, bunlar təbiətə daha az zərər verir.
Fakt: Mühəndislər, plastik materialların təkrar emalını daha effektiv etmək üçün yeni maşınlar və proseslər inkişaf etdirirlər. Məsələn, plastiklərin bioyığılması üçün xüsusi bakteriyalar istifadə edilərək bu maddələrin təbiətdə daha sürətli parçalanması təmin edilə bilər.
Tədqiqat: Araşdırmalar göstərir ki, müxtəlif mühəndislik yanaşmaları təkrar emal olunan materialların daha sərfəli və ekoloji cəhətdən uyğun olmasını təmin edir. Beləliklə, təbii resursların qorunması və tullantıların azaldılması mümkündür.
Sənət (Arts) – geridönüşümün daha geniş auditoriyaya çatdırılmasına və ətraf mühitin qorunması ilə bağlı insanlarda daha çox məlumatlandırma yaratmağa kömək edir. Sənət və dizayn sahələrində təkrar emal olunan materiallardan istifadə edilməsi həm ekologiya ilə bağlı yeni həll yolları təqdim edir, həm də insanların təbiətə qarşı daha duyarlı olmalarına səbəb olur.
Fakt: Sənətçilər təkrar emal olunmuş materiallardan istifadə edərək həm gözəl, həm də ekologiyaya faydalı əsərlər yaradırlar. Məsələn, bəzi müasir sənət əsərləri plastikdən və digər tullantılardan hazırlanır və bu, insanları geridönüşümün vacibliyi haqqında düşündürür.
Tədqiqat:Kibert araşdırmalarında göstərir ki, sənət dünyası təkrar emal edilən materiallardan istifadə edərək ekologiyanın qorunmasına töhfə verir. Bununla yanaşı, təbii resursların istifadəsini azaltmaq və daha davamlı istehsal üsullarını təşviq edir.
Riyaziyyat (Mathematics) – təkrar emal proseslərinin effektivliyini qiymətləndirmək və tullantıların nə qədər azaldılacağını hesablamaq üçün istifadə edilir. Geridönüşümün ekologiya üçün faydalı olduğunu sübut etmək üçün riyazi modellər və statistik analizlər tətbiq olunur.
Fakt: Riyazi modellər, müxtəlif təkrar emal proseslərinin qarşılıqlı təsirini təhlil edərək ən effektiv və sərfəli metodları seçməyə kömək edir. Bu, təbii resursların daha düzgün idarə edilməsinə imkan verir.
Tədqiqat:United Nations Environment Programme (2019) bu sahədəki tədqiqatında təkrar emal edilən materialların daha səmərəli istifadə edilməsi üçün riyazi modellərin tətbiqini vurğulamışdır. Bu modellər, gələcəkdə tullantıların idarə edilməsində və ətraf mühitin qorunmasında mühüm rol oynayır.
Beləliklə belə nəticəyə gəlmək olar ki, geridönüşüm yalnız ekologiya üçün deyil, həm də iqtisadi, texnoloji və sosial sahələr üçün vacibdir. STEAM prinsipi çərçivəsində, müxtəlif sahələrin birləşdirilməsi geridönüşümün effektivliyini artırmağa və ətraf mühitin qorunmasına daha da töhfə verməyə kömək edir. Biologiya, texnologiya, mühəndislik, sənət və riyaziyyat sahələrində geridönüşümün istifadəsi, ekologiyanın qorunmasında və daha davamlı gələcəkdə mühüm rol oynayır. Bu haqda əlavə fakt və tədqiqatlara nəzər salmaq maraqlı olardı:
Plastiklərin Mikroplastiklərə Çevrilməsi: Mikroplastiklər, su hövzələrinə və qida zəncirlərinə daxil olaraq bioloji müxtəlifliyi məhv edir. Geridönüşüm bu tullantıların təbiətdə parçalanmasına kömək edir.
Şüşə və Alüminium: Şüşə və alüminium kimi materialların təkrar emalı, həm iqtisadi cəhətdən sərfəlidir, həm də təbii ehtiyatların qorunmasına kömək edir.
Bu yanaşma ilə STEAM prinsipi çərçivəsində geridönüşümün bioloji sistemlərə və ekosistemlərə olan təsirlərini daha dərindən başa düşmək mümkündür. Elmi və bioloji yanaşmalarla baxıldığında, geri dönüşüm ekosistemlərin sağlamlığını qorumaq və təbii balansı saxlamaq üçün vacib bir vasitədir. Təbii sərvətlərin qorunması, karbon ayak izinin azaldılması, atıqların düzgün idarə edilməsi və bioloji müxtəlifliyin qorunması kimi bir çox fayda təmin edir. Bu cür yanaşmalar, ətraf mühitin mühafizəsi üçün yalnız insan həyatını deyil, bütün bioloji sistemləri nəzərə alır. Həmçinin, geri dönüşümün cəmiyyətə təsiri, ekoloji təhsilin gücləndirilməsi və cəmiyyətin bu mövzuya diqqətinin artırılması ilə bu yanaşmaların uğurunu təmin edər.
6 May 2025-ci il. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin növbəti iclasında filologiya elmləri doktoru, dos. Mərziyyə Nəcəfovanın “Qulu Ağsəsin vətən mövzusunda şeirləri” məruzəsi dinlənildi. Məruzə ətrafındakı müzakirələrdə AMEA-nın müxbir üzvi Tehran Əlişanoğlu, filologiya elmləri doktoru, prof. Rahid Ulusel, filologiya elmləri doktoru, prof. Salidə Şərifova, filologiya üzrə fəlsəfə doktoru, dos. Qurban Bayramov, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid, elmi işçi Hənifə Səlifova iştirak etdilər.
Az qala hamının şeir yazdığı bir vaxtda gözəl poetik nümunələrə rast gəlmək bəzən o qədər də asan olmur. Təəssüf ki, bəziləri yazıların keyfiyyəti yox, müəllifin kitablarının çoxluğuna qiymət verir, onu tərifləyir və göyə qaldırır. Amma bu bir həqiqətdir ki, əsl şairlərin kitabları az olur. Çünki onlar kitablarının sayını çoxaltmağı düşünmürlər, gözəl nümunələr axtarışında olurlar. Bu günlərdə belə dəyərli nümunələrin toplandığı bir kitabla tanış oldum. “Sənsiz də səndəyəm” adlı bu kitab 2002-ci ildə çap edilib. Kitabla ilk tanışlıqdan şeirlərin doğma havası məni özünə çəkdi. Söhbət yazıları ilə yenicə tanış olsam da, min ilin dostu kimi tanıdığım şair-publisist Nəsib Qaramanlıdan gedir. Dünyagörmüş, həyatın çox sərt eniş-yoxuşlarından keçən, yurd, ocaq həsrəti ilə sınağa çəkilən N.Qaramanlının şeirlərində bircə kəlmə belə ürəksiz yazılmış sözə rast gəlmədim. Mən dağlar oğluyam, dağlar başında Anam beşiyimi yırğalayıbdı. Gül-çiçək ətirli dağların mehi Həmişə saçımı sığallayıbdı. Saçını sığallayan dağlara sonra həsrət qalacaqdı Nəsib müəllim. Gəlin elə bu yerdə onunla daha yaxından tanış olaq. Nəsib Qaramanlı (Nəsib Nuru oğlu Məmmədov) 1956-cı il mayın 13-də Qaraqoyunlu mahalının Yanıqpəyə kəndində anadan olub. 1973-cü ildə Çaykənd kənd orta məktəbini, 1977-ci ildə İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat şöbəsini bitirib. Onun ilk şeiri 1975-ci ildə tələbə olanda “Sovet Ermənistanı” qəzetində dərc edilib. 1978-1979-cu illərdə hərbi xidmətdə olub, orduda “Za boyevuyu çest” qəzetinin alay üzrə müxbiri kimi çalışıb. 1980-1983-cü illərdə Çəmbərək rayonunda çıxan “Dostluq” qəzetində tərcüməçi-müxbir və rayon prokurorluğunda tərcüməçi işləyib. 1983-cü ildə Bakıya köçərək, 2 ildən çox burada yaşayıb və “Azərbaycan məktəbi” jurnalında çalışıb. 1986-cı ildə ata yurduna qayıdaraq əvvəlki iş yerlərində fəaliyyətini davam etdirib. 1988-ci ilin iyununda Gölkənd kəndində keçirilən antierməni mitinqinin təşkilatçılarından olub. həmin ilin dekabrında ata-baba yurdundan didərgin düşüb və Bakıda milli azadlıq hərəkatına qoşulub. 1988-ci ildə gizli çap olunan “Ata yurdu” qəzetinin naşirlərindən biri də o idi. Şeirləri “Sovet Ermənistanı”, “Dostluq”, “Azərbaycan müəllimi”, “Ədəbiyyat və incəsənət”, “Ulu Göyçə”, “Millət”, “Vətən səsi” və s. qəzetlərdə, “Pioner”, “Ulduz” jurnallarında, “Ədəbi İrəvan – 86” almanaxında dərc edilib. 1988-1994-cü illərdə “Vətən səsi” qəzetində xüsusi müxbir, şöbə müdiri, məsul katib işləyib, “Ulu Göyçə” qəzetinin yaradıcı heyətinin üzvü, “Millət” qəzetinin baş redaktorunun birinci müavini olub. Onun “Qaraqoyunlu” və “Vurğun dünyası” adlı poemalarının da daxil edildiyi bir neçə kitabı işıq üzü görüb. Onu da əlavə edək ki, “Vətən səsi” qəzetində “Erməni mətbuatı nədən yazır” rubrikası ilə illərlə analitik yazılarla çıxış edən Nəsib müəllim bu gün düşmənin dilini (erməni dili) bilən sayca az olan ziyalılarımızdandır ki, onun qədrini-qiymətini bilməliyik. Oğlu Elvin İkinci Qarabağ müharibəsinin könüllü iştirakçısıdır və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Yurd həsrəti N.Qaramanlının şair qəlbində bəzən tufanlar qoparır. Elə bu həyəcanla da, bəlkə doğum gününü belə unudan Nəsib Qaramanlıya yeni, neçə gözəl yaşlarında cansağlığı, uzun ömür, bir də vurğunu olduğu o dağlara qovuşmağını arzu edirik.
Onun gözləri ilk dəfə Şuşanın buludlarla öpüşən dağlarında açıldı. Elə bil Tanrı onu o müqəddəs torpaqda yaratmaqla bir işarə vermək istəmişdi: “Bu qız nə vaxtsa bir ömrə işıq olacaq…” Atası uzaqda oxuyurdu, anası isə üç qız övladını çiyinlərində daşıyırdı. Soyuq qışlarda, ocağın başında anasının gözlərindəki səbr, dodaqlarındakı dualar onun ilk məktəbi oldu.
Atası qayıdanda həyat bir az işıqlandı, amma hələ də yoxsulluq evin kölgəsi idi. Uşaqlıq illərində bir fortepiano var idi – ağrılı səslərlə danışan, sanki onun qəlbinə bənzəyən… O musiqini sevmədi, çünki acı notlar uşaqlıqla iç-içə keçmişdi.
Bir gün tale onu Bakıya apardı. O şəhər ki, küçələrində xəyallar pıçıldayır, dalğalarında ümidsiz eşqlər yaşanırdı. Bacısının evində tanış oldu o adamla – Murat… İlk dəfə əlini sıxdı və buraxmadı. Hər şey o toxunuşla başlandı. Hər şey o sükutla danışan baxışlarla yazıldı.
Murat ona məktublar yazdı. Qəlbinə deyil, ruhuna yazırdı. Sözlər onun üçün dua kimi idi. O məktublarda bir qızın qəlbi əridi, bir qadının həyatı başladı.
Aralarındakı yaş fərqi, yoxsulluq, mübarizələr – bunlar ona təsir etmədi. Çünki sevgi vardı. O sevgi ki, qışda pəncərə şüşəsinə düşən buxar kimi, içərini isitdi. Qaçdı – sevdiyi adama, çünki əmin idi: “Mələklər uçmaz, sevdikləri üçün yeriyərlər…”
İllər keçdi. İki oğul anası oldu. Gecələr yazı makinasında Muratın yazılarını çap etdi, səhərlər uşaqları məktəbə yola saldı. O isə heç vaxt öz arzularını qurban verdiyini düşünmədi – çünki sevmək onun arzusu idi.
Ərinin qısqanc, bir az da özündən asılı ruhunu belə sevirdi. Yayda kəndə yollananda onun səsini dinləyən kənd ağacları belə şahid idi: bu qadın səssizcə sevgisini yaşadır.
Muratın kitabları çıxdı, dostları çoxaldı, amma o qadının yeri heç kimlə dəyişilmədi. Onun adı – bəlkə də rəsmi sənədlərdə başqa cür yazılırdı, amma Muratın qəlbində o həmişə “mənim mələyim” idi.
Korona Muratı aldı – elə ad günündə. Sanki həyat zarafat etdi. Amma o qadın ağlamadı. Göz yaşlarını yastığa danışdı, səssiz gecələrdə qoxusunu hələ də hiss etdiyi yastığa…
Bir gün köhnə vərəqlər arasında bir məktub tapdı. Əl yazması. Murat yazmışdı:
“Sənə layiq həyat verə bilmədim. Bilirəm, sən maddi şeylərə bağlı deyildin. Amma yenə də… bağışla.”
O qadın məktubu sinəsinə basdı. Və üzünü güzgüyə çevirib astaca dedi: “Sən demə, mən bir mələkmişəm… qanadlarım olmasa da, səbirim vardı…”
İndi o mələk evində təkdir, amma heç vaxt yalnız deyil. Çünki iki oğlu var – biri atası kimi düşünür, biri anası kimi hiss edir.
Bu, sadəcə bir qadının sevgi hekayəsi deyil. Bu, bir mələyin səssiz uçuşudur – yer üzündə sevgi üçün qanad açanların hekayəsi..