
Şair, ssenarist Turan Uğur (İsmayılzadə Turan Asif oğlu) 1983- cü ilin oktyabrın 14-də Göyçay şəhərində doğulub.Əslən Təbrizin Dəryan qəsəbəsindəndir.Babası İsmayıl Paydar-Dəryani Arazın o tayından-Güney Azərbaycanından quzeyə pənah gətirənlərdəndir. Turan Uğur 1999-2003 cü illərdə Bakı Slavyan Universitetinin rus dili filologiyası, 2004-2007- ci illərdə Azərbaycan Dillər Universitetinin avropaşünaslıq-fransaşünaslıq (fransız dili ixtisası) üzrə bakalavr, 2007-2009-cu illərdə Qərb Universitetinin regionşünaslıq-fransaşünaslıq ixtisası üzrə magistr təhsili alıb. Ədəbi yaradıcılığa 22 yaşından dövri mətbuatda nəşr olunan şeirləri ilə gəlib. 2011- ci ildən AzTV-nin “Səhər” musiqi-informasiya proqramında müxbir, 2015-2022- ci illərdə “Mədəniyyət” kanalında “Buraxılış və əlaqələndirmə” şöbəsində efir redaktoru, 2022-ci ildən AzTV-nin “Uşaq, gənclik və maarifçilik” redaksiyasında baş redaktor müavini vəzifəsində işləyib. Müəllifi olduğu “Sətirlər” verilişi 3 il ardıcıl olaraq 2019-2022 ci illərdə “Mədəniyyət” kanalında nümayiş olunub və izləyicilərin rəğbəti ilə qarşılanıb.Bundan başqa “Çıraq”, “Xudafərin”, “Güzgü” verilişlərinin ssenari müəllifi, habelə “Çərçivəsiz”, “Palitra-Art” verilişlərinin redaktoru olub. “Məram”, ” Örnək” “Şuşa-270-Gəncliyin gözü ilə”, “147 ilin işığı”, “Vətən dedim-Laçın”, “Bir qəsəbənin 3 qəhrəmanı”, “Üfüqə açılan gecə” kimi bədii-sənədli filmlərin və verilişlərin ssenari müəllifidir. Bəzi verilişlərdə “Turan”( GünAz tv-də) “Xudafərin”-də aparıcı qismində çıxış edib. 2021-ci ildə nəşr olunan 480 səhifəlik “Sətirlər” kitabının müəllifidir. 108 ssenarisini və 50-yə yaxın şeirini Xalq artisti Mehriban Zəki ifa edib. “Sətirlər” kitabında fransız müəlliflərdən-Viktor Hüqodan, Artur Rembodan, Jak Preverdən tərcümə etdiyi şeirlər də yer alıb.Hazırda Azərbaycan Televiziyasında müəllif kimi bir sıra ədəbi-bədii və publisistik verilişlər hazırlayır. Şair Turan Uğurun “Köhnə məhləmiz” şeirinə musiqi bəstələnib.
Yazıçının 2023-cü ildə ustad şairimiz Məmməd İsmayılın həyatından bəhs edən “Tale şairi: Məmməd İsmayıl” adlı xatirə-romanı nəşr olunub. Turan Uğur 2024-cü ilin iyulun 31-də Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Ssenari müəllifi və aparıcısı olduğu “İrs” folklor verilişi “Mədəniyyət” kanalında uğurla yayımlanır.
Şair Məmməd İsmayıl, Xalq şairi Sabir Rüstəmxanlı, Akademik Rafael Hüseynov, yazıçı Seyran Səxavət, professor Qəzənfər Paşayev, şair Camal Yusifzadə, yazıçı Mustafa Çəmənli, şair Avdı Qoşqar, yazıçı Azər Qismət, yazıçı Kənan Hacı və başqaları uğurlu yollar diləyib, ünvanına xoş sözlər deyiblər. Türk dünyasının ustad şairi Məmməd İsmayıl Turan Uğurun ilk kitabı olan “Sətirlər”ə Ön söz yazıb.