“İncəsənət Körpüsü” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub
Layihə çərçivəsində 13–15 yaşlı şagirdlər üçün gitara kurslarının təşkili nəzərdə tutulur. Bu məqsədlə 32 şagird gitara dərslərinə cəlb olunacaq, təlimlər vasitəsilə onların musiqi bacarıqları ilə yanaşı diqqət və fokuslanma, özünəinam, özünüifadə, zaman idarəetmə, əməkdaşlıq və komanda işi kimi həyati bacarıqlarından ən azı 3-nün inkişafına yönəlmiş praktiki fəaliyyətlər həyata keçiriləcək.
Xatırladırıq ki, “İncəsənət Körpüsü” qrant layihəsi Dürdane Əsgərova Talıb qızı tərəfindən 150 nömrəli tam orta məktəbdə, tərəfdaş kimi Azərbaycan İncəsənət Məktəbi ilə birgə həyata keçirilir.
Layihənin məqsədi gitara kursları vasitəsilə şagirdlərdə həyati bacarıqları inkişaf etdirərək onların təhsil mühitinə adaptasiya olmasına dəstək olmaqdır.
Lipogram ədəbiyyatda istifadə olunan xüsusi yazı üsuludur. Bu üsulda müəllif mətni elə yazır ki, əvvəlcədən seçilmiş bir hərf bütün mətn boyunca işlədilmir. Buna baxmayaraq, mətn oxunaqlı qalır və mənasını itirmir. Məhz bu gizli qayda lipogramı maraqlı və çətin edən əsas cəhət hesab olunur.
Termin etimoloji baxımdan yunan dilinə gedib çıxır. “Leípein” buraxmaq, kənarda saxlamaq, “grámma” isə hərf mənasını verir. Bu baxımdan lipogram hərfin qəsdən çıxarıldığı yazı forması kimi izah olunur. Burada əsas məqsəd təkcə müəyyən bir hərfi işlətməmək deyil, həmin məhdudiyyət daxilində dili canlı, ifadəli və təsirli saxlaya bilməkdir. Bu cür mətnlər müəllifin dil üzərində nə dərəcədə ustalıqla işlədiyini nümayiş etdirir.
Lipogram haqqında danışarkən dünya ədəbiyyatında ilk yada düşən əsər fransız yazıçısı Jorj Perekinin “La Disparition” romanıdır. Əsər fransız dilində ən çox işlənən hərflərdən biri olan “e” hərfi olmadan yazılmışdır. Romanın əhəmiyyəti yalnız texniki xüsusiyyətləri ilə məhdudlaşmır; əsər eyni zamanda mövzu və rəmzi məna baxımından da diqqətəlayiqdir. Mətndə itki, yoxluq və boşluq anlayışları hərfin yoxluğu ilə simvolik şəkildə əlaqələndirilir.
Lipogramın izlərinə digər ədəbi mühitlərdə də rast gəlinir. Antik Yunanıstanda bəzi şairlərin müəyyən hərflərsiz şeirlər yazdığı məlumdur. Müasir dövrdə isə eksperimental ədəbiyyatla məşğul olan müəlliflər lipogramdan dilin sərhədlərini yoxlamaq və oxucunun diqqətini forma ilə məzmun arasındakı əlaqəyə yönəltmək məqsədilə istifadə edirlər.