
MƏDƏNİ İNSAN TƏƏSSÜRATI
Yaşadığım illər ərzində müxtəlif insanlarla ünsiyyətdə olmuşam. Bunların içərisində əxlaqlı, səviyyəli, dünyagörüşlü sadə adamlarla bərabər, tərbiyəsiz, lovğa, yalançı, fırıldaqçı, hiyləgər, şöhrətpərəst, tamahkar və insanlığa yaraşmayan başqa xüsusiyyətlərə malik fərdlərə də rast gəlmişəm. Belə ki, müxtəlif peşə sahibləri içərisində rast gəldiyim və münasibətdə olduğum bəzi insanlarda üzə çıxan naqislikləri gördükdə, onlardan istər-istəməz uzaqlaşıram. Hətta müxtəlif vəzifələrdə çalışan bəzi insanlarda vicdansızlıq, işinə məsuliyyətsiz yanaşma, ayrı-seçkilik, daşıdığı vəzifəyə şəxsi qazanc mənbəyi kimi baxma xüsusiyyətini gördükdə və yaxud aşkar etdikdə, beləsinə hörmətlə yanaşmıram. Eqoist deyiləm. Mən, təmiz, saf qəlbli, obyektiv düşünən, baş verən proseslərə düzgün və obyektiv qiymət verən, yaltaqlıqdan uzaq olan insanlarla ünsiyyətdə olduqda, onları yaxşı tanıdıqda, onlarla olan münasibəti daha da möhkəmləndirir və davam etdirirəm. Hələ bu harasıdır? Bəzən təhsilli və təhsili olmayan həyasız kişilərə də rast gəlmək olur. Belələri həyasızlıqla, işlərini yola verir, istədiklərinə nail ola bilirlər. Şəxsən mən həyasız kişilərə rast gələndə xəcalət çəkirəm.
Son bir ildə neçə illər tanıdığım, lakin iç üzünə yaxşı bələd olmadığım bir neçə nəfəri artıq yaxşı tanıdım. Məsələn: əslində sadə peşə adamı kimi görünən, işlədiyi müəssisədə bir əldə qeyri-qanuni yolla bir neçə “qarpız” tutan, müxtəlif illərdə müəssisə rəhbərlərini “ələ almağı” bacarmaqla iş prosesində nöqsanlara yol verən bir şəxsi aşkar etdim. Oxucu deyə bilər ki, “bacarana can qurban”. Xeyr, qanunsuzluğa yol verə-verə pul qazanmaq qanunlarımıza ziddir. Kişilik, insanlıq təkcə var-dövlət, pulla ölçülmür. Doğrudur, gözəl yaşayış üçün var-dövlət lazımdır və ömrü boyu insanın bu arzusu onu rahat buraxmır. Amma onun əsirinə çevrilmək, insanı artıq məhvə aparır. Pula həris, tamahkar olan bəzi insanları gördükdə, onların yaşadığı həyat yoluna acıyıram, xəcalət çəkirəm.
Bəzi qadın və kişilərlə söhbət zamanı, onların hərəkətləri və danışığı mədəni insan təəssüratı yaradır. Ancaq belə insanları dərindən tanıdıqda, aydın olur ki, heç də belə deyil. Mədəni insan ona deyərəm ki, üzdə mədəni göründüyü kimi iç dünyası da mədəni olsun. Yəni, mədəni insan saxtakarlıqdan, fırıldaqdan, hiyləgərlikdən, haram yolla pul qazanmaqdan uzaq olmalı, vicdanı və insafı özünə əsas meyar götürməlidir.
2025-ci ilin son ayı idi. Bakı şəhərində çalışan, tanıdığım bir şəxslə söhbət edirdim. Söhbət əsnasında o, bir neçə məmur haqqında danışaraq dedi ki, “o, çox mədəni insandır”. Həmin “mədəni insanları” yaxşı tanıdığımdan, söhbəti tez yekunlaşdırdım. Onun dayaz düşüncəsinə görə, onunla söhbət etməyi lazım bilmədim…
Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında