Bu gün Azərbaycanın Xalq yazıçısı Anarın 88 yaşı tamam olur – Təbrik

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Anarın 88 yaşı tamam olur. Anar müəllim ədəbi-bədii yaradıcılığını ictimai-siyasi fəaliyyəti ilə uzlaşdıra bilən nadir şəxsiyyətlərdən biridir. Anar müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona bərəkətli ömür, cansağlığı arzulayıram.

Hörmətlə: Məlahət Qənbərova

AYB Kadrlar Şöbəsinin rəisi

Məlahət Qənbərovanın yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ARİSTOKRAT YAZIÇIMIZ ANARIN 88 yaşına SIRAVI OXUCU TƏBRİKİ

ARİSTOKRAT YAZIÇIMIZ ANARIN 88 yaşına SIRAVI OXUCU TƏBRİKİ

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, xalq yazıçısı Anar Rzayevin 88 yaşı tamam olur.
Uzun illərdir ki, onun adı Azərbaycan nəsrinin, milli ədəbiyyatımızın və mədəni mühitimizin ən parlaq simvollarından biri kimi çəkilir. Anar təkcə yazıçı deyil – o, bütöv bir ədəbi məktəbin, düşüncə tərzinin və mənəvi ənənənin davamçısı olmaqla yanaşı , həm də xalqın qayğı daşıyıcısıdır.
Azərbaycan ədəbiyyatı tarixində nadir hallarda rast gəlinən bir ailə fenomeni də məhz Anarın taleyinə yazılıb. Onun doğulduğu və böyüdüyü ailə sözün həqiqi mənasında ədəbiyyat ocağıdır. Bu böyük ailədə altı yazıçı yetişib: atası – görkəmli şair Rəsul Rza, anası – incə lirikanın tanınmış nümayəndəsi Nigar Rəfibəyli, özü – xalq yazıçısı Anar, qızı Günel Anarqızı, oğlu Tural Anaroğlu və nəvəsi Anar. Bu, təkcə bir ailənin deyil, bütöv bir ədəbi ənənənin nəsildən-nəslə keçən canlı davamıdır.
Sözün, fikrin, bədii düşüncənin belə təbii şəkildə varislik qazanması Azərbaycan ədəbiyyatında nadir hadisədir.
Anar müasir dövrümüzün ən məşhur yazıçılarından biri hesab olunur. Onun yaradıcılığı Azərbaycan nəsrində yeni nəfəs, yeni üslub, yeni düşüncə tərzi formalaşdırıb. Yazıçının əsərlərində insan taleyi, mənəvi seçim, zamanın dəyişən dəyərləri, sevgi və vicdan kimi mövzular dərin fəlsəfi çalarlarla təqdim edilir. Bu əsərlər oxucunu təkcə hadisələrin axarına aparmır, həm də insanın daxili aləminə, mənəvi dünyasına işıq salır.
Onun ən məşhur əsərlərindən biri olan “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı Azərbaycan nəsrində xüsusi yer tutur. Bu əsər təkcə sevgi hekayəsi deyil; o, insan münasibətlərinin, mənəvi məsuliyyətin və zamanın yaratdığı psixoloji çətinliklərin bədii təhlilidir. Roman uzun illərdir ki, müxtəlif nəsillərin oxucuları tərəfindən maraqla oxunur və hər dəfə yeni mənalarla yenidən kəşf olunur.
Anarın ədəbi nüfuzu yalnız yazdığı əsərlərlə məhdudlaşmır. O, uzun illərdir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri kimi milli ədəbiyyatın inkişafında mühüm rol oynayır. Çoxlarının tənqid atəşinə tutduğu bu vəzifə onun ədəbiyyata və söz sənətinə olan məsuliyyətini daha da artırıb.
O, bir tərəfdən ustad yazıçı kimi yaradır, digər tərəfdən isə gənc qələm sahiblərinin yetişməsinə, milli ədəbi mühitin qorunmasına və inkişafına xidmət edir.
Anar Azərbaycan xalqını, onun incəsənətini və mədəniyyətini yalnız əsərləri ilə deyil, həm də şəxsiyyəti ilə təmsil edən ziyalılardandır.
Onun sadəliyi, xeyirxahlığı və təbii aristokratlığı hər kəs tərəfindən hörmətlə qarşılanır.
O, sözün əsl mənasında Azərbaycan ziyalısının klassik obrazını yaşadan nadir şəxsiyyətlərdəndir.
Ustad yazıçının qələmi təkcə bir müəllifin yaradıcılıq aləti deyil. Bu qələm xalqın yaddaşını, tarixini, mənəviyyatını və ədəbi irsini qoruyan bir söz missiyasını daşıyır.
Anarın əsərlərində Azərbaycan insanının düşüncəsi, mənəvi dünyası, sevinci və kədəri bədii dillə əbədiləşir. Məhz buna görə də onun yaradıcılığı zamanın sınağından çıxaraq oxucuların yaddaşında yaşayır.
Bu gün 88 yaşını qeyd edən ustad yazıçıya baxanda insan bir daha anlayır ki, əsl ədəbiyyat zamanla köhnəlmir. O, yeni nəsillərin düşüncəsində yenidən doğulur. Anarın yaradıcılığı da məhz belədir – o, dünənin, bu günün və sabahın ədəbiyyatıdır.
Sevimli xalq yazıçımız Anar Rzayevə ən səmimi təbriklərimizi çatdırırıq. Ona Allahdan möhkəm cansağlığı, uzun ömür və yeni-yeni əsərlər arzulayırıq. Çünki onun qələmi yalnız bir yazıçının qələmi deyil – xalqın yaddaşını və mənəviyyatını qoruyan sözün qələmidir.
O, sözün həqiqi mənasında xoşbəxt insandır.

Bir daha Təbriklər, BÖYÜK İNSAN- ŞƏXSİYYƏT- ANAR!!!
Hörmətlə: Əlövsət Qaraca 

14/03/2026

Əlövsət Qaracanın yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Tahir Əmiraslanov-68

Tahir Əmiraslanov-68

Haraya gedibsə, harada olubsa geri dönəndə özüylə apardığı Azərbaycan sevgisini orada qoyub qayıdıb, olduğu yerdə vətənini sevdirə, ləyaqətlə təmsil edə bilib. Gələndə isə Azərbaycana gətirdiyi qızıl medallar, müxtəlif mükafatlar olub. Bəli, o olan yerdə həmişə Azərbaycanın adı zirvələrə ucalıb, sırada birinci sadalanıb…

Çox gözəl insandır. İllərlə “sehirli qutu”dan izləyən milyonlarla tamaşaçı kimi, mən də onun nitq mədəniyyətinin, düşüncə tərzinin, müdrikliyinin vurğunuyam. Heç bir çıxışı bir-birinə bənzəmir. Hər birinin öz gözəlliyi, öz məntiqi, öz məzmunu var. Lap elə milli kulinariyamızdakı təamların dadı kimi…

Tahir Əmiraslanov- Azərbaycan kulinariyasını dünyada tanıdan görkəmli şəxsiyyət, böyük insan. Adı gələndə adam heyrətini saxlaya bilmir, el diliylə desək:- belə insanların qadasını alım. Bu cür vətən oğlunu necə sevməyəsən? Bütün varlığı sevgidən yoğrulub, eşqə bələnib. Bax, elə bu sevginin gücüdür ki, Azərbaycan mətbəxini bütün dünyaya sevdirə bilir…

O, 1958-ci il martın 14-də Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya gəlib. 1975-ci ildə Gəncədə 39 saylı orta məktəbi bitirib. 1975-1976-cı illərdə Gəncə Toxuculuq fabrikində fəhlə işləyib. 1978-ci ildə ordudan təxris olunduqdan sonra 1979-cu ilədək Leninqradda tikintidə bənnalıq edib. 1979 ildə Leninqrad Sovet Ticarəti İnstitutununa qəbul olunub. 1984-cü ildə ali təhsilini uğurla başa vuraraq, peşəkar iaşəçi-kulinar, mühəndis-texnoloq ixtisasına yiyələnib.

Tarix üzrə fəlsəfə doktorudur. Gürcüstan Universitetinin professorudur. Gürcüstan Millı Elmlər Akademiyasının və Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. Əməkdar mədəniyyət işçisi fəxri adına və “Şöhrət” ordeninə layiq görülüb…

Milli mətbəximizin inkişafında, süfrə mədəniyyətinin qorunmasında, unudulan xörəklərin bərpasında, təbliğatında, elmi təşəkkülündə və praktikada tətbiqində müstəsna xidmətləri olub…

Bu gün Azərbaycan kulinariyasında Tahir Əmiraslanov zirvəsi var. Möhtəşəm, əlçatmaz bir zirvə. O zirvəni qorumaq lazımdır. Amma ötən illərdə ona lazımsız təzyiqlər göstərildi və uzun illər beynəlxalq yarışlarda milli mətbəximizi yüksək səviyyədə təqdim etməyi bacaran bu adama, dəstək vermək əvəzinə, sıradan çıxarmağa nail oldular. 64 yaşı olmasına baxmayaraq, yəni təqaüd yaşına bir il qalmış, onu tutduğu vəzifədən çıxardılar. Bir ağıllı adam tapılıb demədi ki, ölkədə 65 yaşından yuxarı o qədər işləyənlər var ki… Məsələn, elə AMEA-da çalışan akademikləri götürək. Məgər Tahir Əmiraslanov o akedemiklərdən ölkəyə azmı mənfəət gətirib, ölkəni azmı tanıtdırıb? Əsla yox! Əksinə, Azərbaycan mətbəxini dünyada təbliğ edir, mübahisəli xörəklərimizə sahib çıxır, Azərbaycana aid olduğunu dünyaya sübut edir. İş o yerə çatıb ki, o, vəzifədən uzaqlaşdırılandan sonra Azərbaycan Milli Klinariya Mərkəzi irəli yox, xeyli geriyə gedib. Məsələn, 2022-ci ilin sonunda erməni nümayəndə heyəti, son 30 ildə ilk dəfə olaraq, Lüksenburqda keçirilən yarışlarda qızıl medala yox, medallara layiq görülüblər…

Martın 14-ü Tahir Əmiraslanovun doğum günüdür, 68 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm cansağlığı, firəvan həyat arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Həmid Herisçinin yazıları

ƏLİ RZA XƏLƏFLİNİN YAZILARI

>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<

Elman Eldaroğlunun digər yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Nərmin Məmmədova yazır

Sehrli aləm
Biri var idi, bir yox idi. Böyük qəsəbənin kiçik məhəlləsində bir-birindən heç ayrılmayan, həmişə birgə oynayan, günün asudə vaxtlarını bir yerdə keçirən dörd dost var idi. Mehriban dostlar: Şəms, Nuray, Ümid və İnam adları uyğun-biri günəş kimi istiqanlı, biri ay işığıtək dostların ürəyinə işıq saçan, biri dostları ümidsiz olanda onları ümidsiz olmağa qoymayan, biri də hər dostun inandığı, güvəndiyi dost idi. Yenə dostların vaxtlarını birlikdə keçirdikləri günlərdən biri idi. Həmişəki kimi evlərinə yaxın meydançada topla oynayırdılar. Birdən Ümid topu meydançadan kənara atdı və top meydançanın yanındakı ağaclığa düşdü. İnam topun arxasıyca getmək istədi, amma ərindi. Gözü bir anlıq Şəms və Nuraya sataşdı. Onlara səsləndi:
-Həmişə top meydançadan kənara düşəndə mən gedirəm, bir dəfə də siz gedin də. Elə ancaq söhbət etməyi bilirsiniz.
Bunu eşidən Ümid İnama əsəbiləşərək:
-Qızları niyə top arxasıyca göndərirsən, özüm atmışam özüm də gətirəcəm, -dedi.
Ümid topun arxasıyca ağaclığa tərəf yeridi.Biraz getmişdi ki, böyük , qoca ağacın yanında atdığı topu gördü.Qaçıb götürmək istəyəndə gözlərinə inanmadı. O topa doğru addım atdıqca top ağacdakı oyuğa doğru yuvarlandı. Bir anlıq təəccüb içində düşündü ” Necə ola bilər axı? Əl-ayaq vurmasan, tərpənməyən top niyə oyuğa doğru yuvarlansın ki?” Bu düşüncələrlə dostlarının yanına qayıtdı. Gördüklərini onlara danışdı. Dostlar inanmaq istəmədi, hətta Şəmsin “Bu qədər də yox da, ay Ümid, ola bilməz. Bilirik, yalan danışan deyilsən, amma ola bilsin külək hərəkət etdirib topu, yoxsa sən ona doğru gedəndə niyə yuvarlansın ki? “deməsindən ürəyində incidi də. Uşaqlara səsləndi:
-Gəlin, birlikdə gedib baxaq, onda bəlkə inanarsınız. Dostlar ağaclıqdakı ağaca doğru yol aldılar. Ağaca çatanda oyuğa təəccüb və maraqla tamaşa edirdilər. Qəribə oyuq idi. Təbiətin bu sirli möcüzəsi nə idi görəsən? Top oyuğun düz kənarında idi. Ümid birazca da yaxınlaşıb topu götürmək istərkən top oyuğa doğru yuvarlanıb oyuqdan içəri keçdi. Ümid dostlara çevrildi, bir anlıq baxışlar dostlara sanki ” Gördünüzmü? ” deyirdi. Ümid yarı həyacanlı, yarı qayğılı halda :
-Hə, nə deyirsiniz, dostlar, gəlsənə girək oyuğa görək nə var?, deyə dilləndi.
Maraqlı mübahisə başladı. Həmişə nədəsə gözləməyə üstünlük verən səbirli Şəms bir az da gözləməyi, hər şeyə həddindən çox maraq göstərən Nuray dərhal içəri girməyi, tərəddüd içində olan İnamsa qəti qərara gələ bilmirdi. Ümid özünə güvənərək, irəli atıldı. Dostlarının belə qətiyyətini görən digər dostlar da oyuğa girdilər. Qarşılarına qapı çıxdı. Nurayın təəccüb dolu səsi eşidildi “Aaa, bu nədir, nə gözəl qapıdır, bəzəkli, naxış dolusu” Ümid qapıya toxunub qapını açdı. Dostlar içəri daxil oldular.
Nə gözəl yer idi bura. İçəridə güllü pərdələr, işıqlı tavan, dəyirmi masa, divarlarda izlədikləri gizgi filmlərindəki qəhrəmanların şəkilləri. Nağıllar aləmi idimi bura, ya hansısa sirli dünya idimi? Havada əşyalar: kitablar, rəngli karandaşlar, oyuncaqlar, rəsm vərəqlərin uçuşu, əşyalar anidən yox olur, yenidən peyda olub uçmağa davam edirdi. Bəzən bu uçuş qəribə rəqs yaradırdı sanki. Şəms qeyri-ixtiyari ” Ora baxın, uşaqlar, itirdiyim kitab, tapdım uraaa”deyib kitaba doğru yürüdü. Ancaq kitab gözdən itdi. “Axı mən o kitabı çox xoşlayırdım” deyib ağlamağa başladı. Ümid çoxdandır itirib tapa bilmədiyi şahmat füqurunu, Nuray rəngli qələmlərini, İnam anasının ona ad günündə aldığı oyuncaq maşınını gördü. Ancaq heç biri itirdiklərini əldə edə bilmədi. Bu sehrli aləmdə dayansınlarmı, getsinlərmi bilmədilər. Hər kəs kefsiz dayanmışdı. Sanki o şən uşaqlardan əsər-əlamət yox idi. Birdən qapı açıldı. İçəri üzündən təbəssüm, gözlərindən sevinc yağan ağbirçək qarı, nurani nənə daxil oldu. Uşaqlara gülümsünərək:
-Həə, gözəl balalar, axır ki, gəldiniz. Mən də sizin yolunuzu gözləyirdim, – dedi. İtirdiyiniz əşyalar sizdən şikayət edirlər, ha. Deyirlər onlar bizi sevmir yəqin, ona görə bizi qoruya bilmirlər, itirirlər.Görürsünüzmü, havada tutmaq istəyirsiniz, amma olmur. Çünki sizdən küsüblər.
Şəms qarı nənəyə gözləri dolmuş halda:
-Nənəcan, indi necə edək, itən əşyalarımızı istəyirik, bilirsinizmi necə darıxmışıq?, – deyə səsləndi.
-Bilirəm, mənim gözəl balalarım, bilirəm. Əşyalarınız sizə çatacaq, narahat olmayın, amma bir daha itirməyin. Axı siz ağıllı uşaqlarsınız.
Əşyalar bir anda uşaqların ovuclarında dayandı. Ağbirçək nənə təbəssümlə, mehribancasına uşaqların başlarını sığallayıb ” İndi isə gedə bilərsiniz “deyib onları evlərinə yola saldı
… Uşaqlar qayıdarkən meydançada bir vərəqi küləyin həzin mehiylə yelləndiyi gördülər. “Yenə hansımız bu vərəqi itirmişik? “, deyərək meydançaya doğru qaçdılar. Vərəqə çatdıqları an gözlərinə inanmadılar. Vərəqdə “Əşyalarınızı qoruyun, çünki onları itirəndə, bəzən, yalnız sehrli dünyalar tapa bilir “yazılmışdı. Uşaqlar gülümsündü.
Bu hadisənin üstündən illər keçdi. Dostlar Nurayın ad günü münasibətilə toplaşmışdılar. Şəms “Uşaqlar, gedək uşaqlığımın gözəl anlarının keçdiyi meydançaya, xatirələr yada düşsün” deyə səsləndi. Uşaqlar illər öncəki uşaq şıltaqlığıyla meydançaya gəldilər. Bir anda gözləri bir zamanlar sehrli aləmə düşdükləri ağaclığa sataşdı. “Görəsən, o sehrli aləm yenə varmı, o gülərüz, qayğıkeş qarı nənə yenə yaşayırmı?”, deyə astadan pıçıldadılar.

Müəllif: Nərmin Məmmədova

Nərmin Məmmədovanın yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İlqar İsmayılzadənin yeni kitabı işıq üzü görüb

BİR ÖMRÜN TABLOSU…
(Nəşr olunmuş yeni kitab təqdimatı)
Nəşr olunmuş yeni kitabım Cəlilabad rayonunda təsviri incəsənət sahəsinin ilk xanım rəssamı, mənə rəssamlıq sənətini öyrətmiş əziz və dəyərli müəlliməm, həm də mənəvi anam Laləzar xanım Sadıqovaya həsr olunmuş təqdimat kitabıdır.

Ümumi məlumatlar:
Kitabın adı: “Bir ömrün tablosu” (Cəlilabad rayonunda təsviri incəsənət sahəsinin ilk xanım nümayəndəsi Laləzar xanım Sadıqovanın təqdimatı)
Müəllif: İlqar İsmayılzadə
Naşir: “Həməşəra” mətbu orqanı, Cəlilabad
Çap: “Qazi” Çap Mərkəzi
Nəşr olunduğu il: 2026
Çap növbəsi: Birinci
Kağız formatı: 60×90 1/16
Səhifə sayı: 120 səhifə.

Kitab barədə:
Bu kitab Cəlilabad rayonu üzrə hələ sovetlər dönəmində ilk xanım rəssam olaraq tanınmış və Cəlilabad tarixinə düşmüş, o vaxtlar bir neçə il ərzində Cəlilabad şəhər Pioner və Məktəblilər Evinin Təsviri incəsənət dərnəyinin rəhbəri və baş müəllimi işləmiş dəyərlimiz Laləzar xanım Əsədova (Sadıqova) haqqında qələmə alınmış və hazırlanaraq işıq üzü görmüş bir təqdimat əsəridir.
Kitab Laləzar xanımın öz həyat hekayəsi barədə maraqlı məlumatlar təqdim edən ön sözü ilə başlamış, bundan sonra mənim kitab üçün qələmə aldığım təəssürat, izahat və arzu-diləklərlə davam etmişdir. Bunun ardınca isə aşağıda göstərilən beş fəsildə onunla bağlı təfərrüatilə danışılmış, ətraflı məlumatlar təqdim edilmişdir:
Birinci fəsil: Bioqrafik məlumat;
İkinci fəsil: Laləzar xanımın xüsusiyyətləri;
Üçüncü fəsil: Laləzar xanım barədə bir hekayə;
Dördüncü fəsil: Laləzar xanım media orqanlarında;
Beşinci fəsil: Fotoşəkillər və Laləzar xanımin əl işlərindən nümunələr.
Kitabda Laləzar xanımın həyat yolu və bioqrafik məlumatlarından tutmuş, şəxsi xüsusiyyətləri və keyfiyyətləri, onun haqqında qələmə aldığım “Təsviri incəsənət kraliçası” adlı xüsusi bir hekayə, həmçinin, istər Sovet dönəmi, istərsə də müstəqillik illərində haqqında müxtəlif yazı, məqalə və təqdimatların dərc edildiyi bir sıra mətbuat və media orqanlarından nümunələr göstərilmişdir. Kitabın son fəslində isə Laləzar müəllimənin özü və yaxınlarının fotoşəkillərindən əlavə, son 40 il ərzində çəkdiyi və müxtəlif sahələrə (tablo, mənzərə və s.) aid olan 31 əl işi və rəsm əsəri təqdim edilmişdir.

Təşəkkür və diləklər!
Sonda dəyərlimiz, eyni halda Cəlilabad rayonunda təsviri incəsənət sahəsinin kraliçası sayılan, həmçinin, mənə və mənim kimi onlarla şagirdinə əziz, mehriban müəllimə, qayğıkeş və mənəvi ana kimi rəssamlıq sənətini öyrətmiş əziz Laləzar müəlliməyə bu kitabın ərsəyə gəlməsində özü ilə bağlı şəxsi məlumatları və xüsusilə də rəsm əsərlərini yollamaqda səmimiyyət göstərdiyinə görə təşəkkürümü bildirir, ona uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi arzulayıram!
Eyni halda indiyədək işıq üzü görmüş sayca 53-cü məlum əsərimin çapında xüsusi peşəkarlıqla zəhməti olmuş “Qazi” Çap Mərkəzinin direktoru Yasər müəllim İsmayılova və çap mərkəzinin əməkdaşı Nurəddin müəllim Hüseynova dərin təşəkkürümü bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür diləyirəm!

İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçıar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
07.03.2026

VAQİF OSMANLININ YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Seyran Səxavət və Pərvanə Bayramqızı – yazarlar

Seyran Səxavət və Pərvanə Bayramqızı

Soruşur: — Bilirsən, səni niyə çox istəyirəm?
Deyirəm, təxmin edirəm, amma özünüz izah edin.
— Gözütoxsan, təmənnasızsan, yaltaqlanmırsan. Gənclərin çoxu adama nəyəsə nail olmaq üçün yaxınlaşır. İki kəlmə xoş söz deyir, ardınca nəsə xahiş edirlər, səndə bu yoxdur.
— Bunu hiss etdiyinizə çox sevindim, Seyran müəllim.
Yadıma düşür, haqqında bir neçə dəfə yazmış, özünə bildirməmişəm. Yazıların dərcindən üç-dörd il sonra bir gün zəng elədi. “Alo” deyən kimi:
— Pərvanə, əməllərindən xəbər tutmuşam — dedi. Xoşbəxtlikdən pis əməlim olmadığından həyəcanlanmadım, amma təəccübləndim. Düşündüm, yəqin qulağına çatdırıblar ki, soyuqdır, heç nəyə qarışmır, tədbirlərə gedən deyil və s. Tərəddüddə olduğum məqamda güman qarışıq sualı ilə məni sakitləşdirdi:
— Deyəsən, heç buralara gəlmirsən?
AYB-ni nəzərdə tuturdu. Fikirləşdim ki, “əməllərim bu imiş”, düz tapmışam, amma mətləbə keçməklə yanıldığımı bildirdi:
— Haqqımda yazdıqlarını topla mənə çatdır. Yaxşı?
Dərindən nəfəs aldım:
— Oldu, Seyran müəllim.
— Belə xəlvət işlər görmə.
— Ona söz vermirəm.
Yaxşı ki, söz vermədim. Yoxsa gərək həmişə əsərlərindən hissələr paylaşdığımı, harda olsa “Nekroloq”dan danışdığımı özünə söyləyim.
Əslində, bu şeyləri deyib könlünü şad eləməliyəm, qorxduğum odur ki, qarşılıq gözlədiym anlaşılar.
Seyran Səxavət tükü tükdən seçən adamdır, bilir hər şeyi. Bilir ki, təmənna etmək mənlik deyil. Ona görə aramızdakı söhbəti arxayınlıqla qələmə aldım.

Dünənin söhbəti deyil ee, bizim eradan əvvəlin xatirəsidir.

Müəllif: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə

SEYRAN SƏXAVƏİN YAZILARI

VAQİF OSMANLININ YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ƏJDƏR OL OBRAZI

ƏJDƏR OL OBRAZI
yaxud lo-dan gələn yazı
Xalq arasında qəfil gələn bəlaya “lo” deyirlər, bəzi yerlərdə “lov”, bəzi yerlərdə “alov” da deyilməyi var.
Cəmiyyətin içində baş verən hadisələrin “lo”-ya çevrilməyi də var. “Lo” bir çox hallarda cəmiyyəti dəyişməyə, onu yeni axara salmağa xidmət edir, bəzən də yaxşıya, pisə fərq qoymur. Qabağına çıxanı öz axarına alır, ağzına götürür. Görünməzliklərə, bilinməzliklərə aparır.
Azərbaycanın siyasi-mənəvi mühitində son vaxtlar baş verən hadisələr çoxlarını qane edir. İnsafən insanlar nizam, başıpozuq əməllərə düzəm intizarındadır. Ona görə də korrupsiya əməllərinə qarşı görülən tədbirləri əhalinin çox böyük əksəriyyəti razılıqla qarşılayır və mən də bu razı olanların tərəfindəyəm.
Ancaq bəzən axın rənglərə fərq qoymur; az günahı olanla, çox günahı olanın arasında fərq görmür.
Azərbaycan ədəbiyyatının çox istedadlı şairi və tərcüməçisi, “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” povest və hekayələri, “Lo” romanı ilə görkəmli nasir kimi tanınan Əjdər Olun hüquq mühafizə orqanları tərəfindən saxlanılması söz-sənət bilicilərini, ədəbiyyat adamlarını və mənim özümü də çox acı xəbər kimi sarsıtdı.
Yazıçı Əjdər Ol- Əjdər Cəbiyev adı ilə sıradan bir məmur olub. Həyatının az qismini rəsmi dövlət orqanında müəyyən rəhbərliyin tapşırığı ilə icraçı qismində yaşayıb. Zənnimcə, müəyyən tapşırıq və icraçı anlamları qarşı-qarşıya gələndə ölçülər çox aydın görünür. Əgər bu cür yanaşma olsa, Əjdər Olun yazıçılıq missiyası onun günahlarının (əgər varsa) fövqündə dayanır.
Vicdanlı münasibət tələb edir ki, etiraf edək; Əjdər Ol Azərbaycan ədəbiyyatı üçün sıradan bir nəfər deyil. Onun ədəbi kimliyi Azərbaycan mənəvi mühitinin siması olub. Mənim ( və yüzlərlə mənim) kimi sıradan ədəbiyyat adamlarının nəzərində Əjdər Ol (Əjdər Cəbiyev) yaşayan Xaqanidir, canlı Seyid Əzimdir, milli dərdlərin daşıycısı Sabirdir. Onun cəmiyyətdən az müddətə də olsa, təcrid olunması dəyərlərin əzilməsinin təcəssümüdür.
Mən hüquq mühafizə orqanlarının qanunun aliliyinə xidmətini qətiyyən şübhə altına almıram. Ancaq Hüquq Mühafizə orqanlarındakı ali şəxslərin humanist təbiətinə güvənərək xahişimi bildirirəm: Əjdər Cəbiyevə – Əjdər Ola mümkün qədər humanizm prinsipləri ilə yanaşmaq sözə, sənətə hörmətin təsdiqi demək olardı. Ona görə də vəziyyət aydınlaşana qədər zəmanəmizin böyük yazıçısı Əjdər Olu heç olmasa, göz altında saxlamaq şərti ilə azadlığa buraxsınlar.
Hər bir ədəbi mühitin hadisəsi kimi ədəbi tənqidin yaddaşında yer alan əsərləri yaradan sənətkar təkcə ədəbiyyatın milli ruhunun qorunmasına yox, həm də milli düşüncənin qorunmasına təkan veirir. Təkcə elə “Lo” romanı 90-cı illərin əvvəlləri üçün yaddaşın qoruyucusudur, əgər belə demək mümkünsə, ədəbi qaraçuxadır. Nə qədər ədəbi qaraçuxadırsa, bir o qədər də əbədi qaraçuxasıdır. O dövürdə baş verən siyasi hadisələri bu gün hər kəs öz niyyətinə uyğun şərh etməyə çalışır. Kütləni isə biz görmüşük ki, populit çıxışlarla asanlıqla aldatmaq mümkündür. Ancaq Əjdər Ol “Lo” romanı ilə elə bir daş yazısı yaradıb ki, hər vaxt canlı şahid kimi tarixin obyektiv şərhinə sübut olacaq.
Bütün bunları nə üçün xatırladıram: mənə elə gəlir ki, Əjdər Olu düşdüyü mühitin özündə, yaranmış şəraitin özündə qavramaq, dərk etmək vicdani bir iş olardı. Onsuz da hamımıza məlumdur: məmur düşdüyü vəziyyətdə demək olar ki, müstəqil deyil, o, şəraitin diktəsi ilə hərəkət edir.
Qanunlarımızın humanist tərəfi də var; göz altında gözləmək yolu da seçmək olardı. Onsuz da zaman çox səhvləri düzəldir. Təəssüf ki bəzən gec olur.
Dövrümüzün böyük sənətkarı Musa Yaqub deyir ki, Əjdər Olun günahı olsa-olsa Günəbaxan zəmisindən götürdüyü bir tumdur. Bir var bütöv zəmini biçəsən, bir də var zəmidən bircə tum götürəsən. Axı bunların fərqi var. Qanunun humanist mahiyyəti bunu yaxşı bilir.
Bu yazının ikinci başlığında “Lo” sözünü sərbəst verdik, dırnağa almadıq. Yəni təbiətin üstündən keçən bir külək var, buna “lo” deyirlər. Və elə buna müvafiq olaraq cəmiyyətdə baş verən hadisələrin də mahiyyətində lonu görmək mümkündür.
Əjdər Ol – Əjdər Cəbiyev açıq təbiətli adamdır. Onun ziyanını özündən başqa gərək ədəbi mühitin çoxlu simaları yığışıb ödəsin. Çünki Əjdər Ol işıq olanda özünü hamı üçün paylamışdı…
Biz çox məhkumluqların xəcalətini çəkmişik. Repressiyaların ağrısını yaşamışıq. Əjdər Ol – Əjdər Cəbiyev kimi sənətkarın da ağrısını çox istərdim ki, gələcək nəsillər yaşamasın.
Mən inanıram humanizm qalib gələcək…
Əli Rza Xələfli
15.02.2021
“Kredo” qəzeti №7-8, fevral 2021
P.S.
mənim Əjdər Ol ilə şəxsi dostluq münasibətim olmayıb..
P.S.S.. söhbət yalnız məsələyə vicdani münasibətlə bağlıdır…
(Bu P.S.lər bəzi telefon zənglərinə cavab üçün yazıldı)

ƏLİ RZA XƏLFƏLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Babəklər yurdunun hürr övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

DAHA ÇOX MƏLUMAT BURADA

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Xoşbəxtlər xöşbəxti

YÜZ BİRİNCİ YAZI
88 – Xoşbəxtlər xoşbəxti
(Anarın 88 illiyinə)
      Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu bir ömrün 88 baharın yaşamış Azərbaycanın Xalq yazıçısı Anar haqqında olacaq. “8” rəqəmi xoşbəxtliyin, zənginliyin rəmzi-simvolu kimi assosasiya edir. Bu gün uzun və keşməkeşli bir yol keçərək iki səkkizi yanaşı ömür kitabının titul vərəqinə yazmağa nail olmuş azman söz adamının doğum günüdür! Bir “8” “xoşbəxt”lik olanda, iki “8” (88) təbii ki, “xoşbəxtlər xoşbəxti” olmalıdır. Anar bir qələm adamı kimi xoşbəxtdir (əlinə qələm almış hər bir yurddaşın nümunə götürə biləcəyi etalon şəxsiyyət kimi bu sahənin fəth olunmaz zirvəsi hesab olunur). 14 mart – 14 özü də məsumiyyəti simgələyir.  Doğum gününüz mübarək olsun, Anar müəllim! Və bu yazı mənim bu qəbildən olan 101-ci yazımdır. Keçək mətləbə.

A N A R
      Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın ömür yoluna nəzər salanda insanın ağlına ilk gələn ifadələrdən biri də məhz budur: xoşbəxtlər xoşbəxti. Çünki hər yazıçıya nəsib olmur ki, həm böyük bir xalqın sevgisini qazansın, həm də yaradıcılığı ilə milli düşüncənin, milli yaddaşın qoruyucularından birinə çevrilsin.
       Martın 14-də ustad yazıçının 88 yaşı tamam olur. Bu yaş sadəcə təqvim göstəricisi deyil. Bu, Azərbaycan ədəbiyyatında bütöv bir epoxanı ifadə edən ömür yolunun növbəti zirvəsidir. Bu gün də böyük enerji ilə yazıb-yaradan, düşünən, milli sözün keşiyində dayanan Anar müəllim Azərbaycan ədəbi mühitində canlı bir məktəbdir.
       Anarın həyat yolu Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və ictimai düşüncəsinin inkişaf tarixinin ayrılmaz bir hissəsidir. O, yalnız yazıçı kimi deyil, həm də milli mədəniyyətin fəal təbliğatçısı, ictimai fikir adamı kimi tanınır.
     Onun qələmindən çıxan əsərlər Azərbaycan insanının mənəvi dünyasını, milli xarakterini, sevinc və ağrılarını, zamanın çağırışlarını əks etdirən dərin bədii salnamədir. Yazıçının hekayələri, povestləri, romanları (ssenariləri), dram əsərləri və publisistik yazıları uzun illərdir oxucuların düşüncə dünyasına təsir göstərir.
      Anarın yaradıcılığında diqqəti çəkən əsas xüsusiyyətlərdən biri milli yaddaşın qorunması və insanın mənəvi məsuliyyəti məsələsidir. Onun qəhrəmanları yalnız bədii obrazlar deyil, həm də dövrün mənəvi portretidir.
      Anar müəllimin son illərdə qələmə aldığı ən mühüm əsərlərdən biri geniş həcmli “Yaşamaq haqqı” tarixi-kulturoloji traktatıdır. Yazıçının öz sözləri ilə desək, bu əsər onun xalqına bir növ mənəvi vəsiyyətidir.
HAŞİYƏ
    Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” (1120 səhifə) tarixi-kulturoloji traktatı Azərbaycanın qədim dövrdən bu günümüzə qədərki tarixini əhatə edir. Əsərdə bütövlükdə ümumtürk tarixinə ekskursiya olunur. Qədim türk abidəsi olan Orxon-Yenisey kitabələrindən üzü bəri bir çox mühüm yazılı mənbəyə müraciət edən müəllif tarixi hadisələr, görkəmli şəxsiyyətlər, ictimai-siyasi xadimlər, maarifçilərimiz haqqında şəxsi mülahizələrini bölüşür.
     Xalqımızın millət olaraq formalaşması, özünüdərk prosesi hansı çətin mərhələlərdən keçib?
      Dil problemi, işğalçıların ana dilimizə təcavüz siyasəti, çar Rusiyasının xanlıqlarla müharibələri, Azərbaycanın ikiyə parçalanması, Şərqdə ilk demokratik cümhuriyyətin yaranışı, Sovet imperiyasının qurulması və Azərbaycanın İttifaqa qoşulması, Stalin hakimiyyəti, repressiyalar, kütləvi qırğınlar tariximizdə nə kimi izlər buraxıb?
      Əsrlər boyu Azərbaycanın başına gətirilmiş bəlalar ədəbiyyatımıza, incəsənətimizə necə sirayət edib?
     Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra ermənilərin torpaqlarımıza təcavüzü və Qarabağın işğalı, 20 Yanvar, Xocalı faciəsi kimi qanlı-qadalı, ağrılı-acılı hadisələrin kökündə hansı məkrli niyyətlər gizlənirdi?
      Vətəndaş müharibəsi təhlükəsi və ölkədə vəziyyətin kritik həddə çatması, hakimiyyət çəkişmələri, belə bir vaxtda Heydər Əliyevin yenidən hakimiyyətə dönüşü, bundan sonra respublikanın mədəni, iqtisadi, ictimai həyatında baş verən dəyişikliklər Azərbaycanı hansı təhlükələrdən xilas etdi?
    Anar uzun illərin həyat təcrübəsinə və dərin mütaliəyə dayanan yazıçı baxışı ilə əsərdə bütün bu suallara cavab axtarır, Azərbaycan tarixinə müxtəlif rakurslardan işıq salır.
     Əsərdə Azərbaycanın tarixində, xalqın taleyində bu və ya digər şəkildə rol oynamış ayrı-ayrı şəxsiyyətlərin həyat və fəaliyyəti də ön plana çəkilir. Cavad xan-Sisyanov qarşıdurması, Məhəmməd Əmin Rəsulzadənin millət qarşısında xidmətləri, ilk maarifçilərimiz Mirzə Kazımbəyin, Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin, Həsənbəy Zərdabinin Azərbaycan mədəniyyəti üçün gördüyü böyük işlər, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkarlarımızın milli musiqimizin inkişafındakı rolu barədə mülahizələr traktatda önəmli yer tutur. Təzadlı tarixi şəxsiyyətlərdən olan Mir Cəfər Bağırovun fəaliyyətinin bütöv, hərtərəfli əksi xüsusi maraq doğurur.
     Azərbaycandan kənarda baş verən hadisələrin tariximizə, millətimizin taleyinə təsirindən də söz açan müəllif əsərdə Avqust Putçası, SSRİ-nin dağılması, ölkəmizin müstəqillik qazanması, gənc suveren respublikaya kənardan təzyiqlər barədə fikirlərini bölüşür, məsələlərə tam yeni, fərqli aspektlərdən yanaşır.
      Bu monumental əsərdə Azərbaycanın qədim dövrlərdən bu günümüzə qədər keçdiyi tarixi yol geniş şəkildə araşdırılır. Yazıçı yalnız salnaməçi qələmdar kimi deyil, həm də milli taleyin düşüncəli müşahidəçisi kimi çıxış edir. Əsərdə Azərbaycan xalqının dövlətçilik ənənələri, mədəniyyət tarixi, milli kimlik məsələləri və müxtəlif ictimai-siyasi proseslər dərin təhlil olunur.
       Xüsusilə diqqət çəkən məqamlardan biri də traktatda Cənubi Azərbaycan məsələsinə ayrılmış bölmədir (günümüzdə olduqca aktualdır). Bu hissədə yazıçı bütöv Azərbaycanın taleyini, milli yaddaşın bölünməzliyini və xalqın tarixi birliyini xüsusi həssaslıqla təqdim edir. Anarın bu yanaşması onun yaradıcılığında milli düşüncənin nə qədər mühüm yer tutduğunu bir daha göstərir.
     Anar uzun illərdir Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edir və bu təşkilatın ədəbi həyatın mərkəzlərindən biri kimi fəaliyyət göstərməsində böyük rol oynayır. Onun rəhbərliyi ilə Azərbaycan ədəbiyyatında yeni nəsil yazıçıların formalaşması, milli sözün qorunması və inkişafı istiqamətində mühüm işlər görülüb.
        Əslində, Anar müəllimin fəaliyyəti yalnız yazmaqla məhdudlaşmır. O, ədəbiyyatın təşkilatçısı, milli mədəniyyətin müdafiəçisi, gənc qələm adamlarının mənəvi dayaq nöqtələrindən biridir.
      Bir yazıçının xoşbəxtliyi nə ilə ölçülür? Şöhrətləmi, kitabların tirajı iləmi, yoxsa mükafatlarla?
      Anarın həyatına baxanda bu sualın cavabı aydın görünür. Yazıçı üçün ən böyük xoşbəxtlik xalqının yaddaşında yaşamaqdır. Onun əsərləri onilliklərdir oxunur, müzakirə olunur, yeni nəsillərin düşüncəsinə təsir göstərir.
      Məhz buna görə də Anarı “xoşbəxtlər xoşbəxti” adlandırmaq təsadüfi deyil. O, həm öz xalqının sevgisini qazanıb, həm də söz sənətində silinməz iz qoyub.
    Martın 14-də 88 yaşını qeyd edən ustad yazıçıya ən böyük təbrik onun yaratdığı əsərlərin hələ uzun illər yaşayacağına olan inamdır. Bu gün də böyük yaradıcılıq enerjisi ilə çalışan Anar müəllim Azərbaycan ədəbiyyatının canlı klassiklərindən biridir.
    Ustad yazıçıya sağlam ömür, möhkəm cansağlığı və yeni-yeni əsərlər arzulayırıq. Çünki onun qələmi yalnız bir yazıçının qələmi deyil — xalqın yaddaşını, tarixini, ədəbiyyatını və mənəviyyatını qoruyan sözün  — mədəniyyətin qələmidir. O, sözün əsl mənasında xoşbəxt qələmdardır!
    Və bu mənada Anar həqiqətən də
xoşbəxtlər xoşbəxtidir. Bir daha təbriklər, ustad!
   Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm! Hələlik!
14.03.2026. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

ANARIN YAZILARI

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I