“39” – Həyat, tale və insan ruhunun poetikası (Murad Eloğlunun “39” adlı şeirlər kitabı haqqında) Salam olsun çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu şeir olacaq. Şeir! Müasir Azərbaycan poeziyasında həyatın içindən gələn səmimi söz həmişə öz oxucusunu tapır. Bəzən bədii ifadənin mürəkkəbliyi deyil, duyğuların təbiiliyi, həyat həqiqətlərinin olduğu kimi qələmə alınması daha böyük təsir gücünə malik olur. Məhz bu baxımdan tanınmış şair Murad Eloğlunun “USTAC.AZ” nəşrləri tərəfindən yüksək poliqrafik səviyyədə çap olunmuş “39” adlı şeirlər kitabı son illərin diqqətəlayiq poeziya nümunələrindən biri kimi qiymətləndirilə bilər. Kitab “Yazarlar” jurnalının Yaradıcılıq Komissiyasının qərarı ilə nəşr olunmuş, “Qarabağ yazarları” seriyasının növbəti dəyərli nümunəsi kimi oxuculara təqdim edilmişdir. Nəşrin ön sözünün müəllifi Zaur Ustac (bəndəniz), redaktoru Həcər Atakişiyeva, naşiri isə Tuncay Şəhrilidir. Kitabın xeyriyyə məqsədilə, kommersiya marağı güdülmədən çap olunması da onun mənəvi missiyasını daha da artırır. “39” adı ilk baxışdan sadə görünür. Lakin kitabın səhifələrini vərəqlədikcə bu rəqəmin müəllif ömrünün poetik hesabatı olduğu aydınlaşır. Burada otuz doqquz şeir vasitəsilə bir insanın uşaqlıqdan yetkinliyə, sevincdən kədərə, ümiddən məyusluğa, ayrılıqdan mənəvi kamilliyə qədər keçdiyi həyat yolu bədii dillə ifadə edilir. Kitab müəllifin daxili aləminin poetik portretidir. Murad Eloğlu mürəkkəb metaforalardan daha çox həyatın öz dilində danışan şairdir. Onun şeirlərində səmimiyyət əsas estetik meyardır. Oxucu müəllifin hər misrasında yaşanmış ömrün izlərini hiss edir. Şair öz hisslərini süni bəzəklərlə gizlətmir, onları olduğu kimi oxucuya təqdim edir. Bu isə poeziyanın ən qiymətli xüsusiyyətlərindən biridir. Kitabın əsas ideya xəttini ailə dəyərləri təşkil edir. Xüsusilə ata mövzusu müəllif yaradıcılığında dərin emosional çalarlarla təqdim olunur. “Atamdan ötəri darıxıram mən”, “Ata”, “Biz səni saxlaya bilmirik Ata”, “Çox görmə atamı dünya”, “Atalar yatağa düşməsin Allah” kimi şeirlər yalnız şəxsi kədərin ifadəsi deyil, Azərbaycan ailəsinin mənəvi dayaqlarına ucaldılmış poetik abidə təsiri bağışlayır. Ataya duyulan sevgi burada təkcə övlad hissi deyil, bütöv bir milli mənəviyyat anlayışına çevrilir. Anaya həsr olunan şeirlər də kitabın ən təsirli nümunələrindəndir. “Həqiqət anamın sözündə imiş”, “Tək səni vəsf edə bilmədim ana”, “Qadın” kimi şeirlərdə müəllif ananı müqəddəslik zirvəsinə yüksəldir. O, ananı təkcə ailənin dayağı kimi deyil, insanın mənəvi dünyasının başlanğıcı, vicdanın və mərhəmətin ünvanı kimi təqdim edir.Kitabın mühüm istiqamətlərindən biri də Vətən mövzusudur. “Paradına qurban olum ey əsgər”, “Ürəyimi göynədər”, “Getmişdim Şəhidlər xiyabanına”, “Bayram qabağı” kimi şeirlərdə müəllif Azərbaycanın qəhrəman oğullarına ehtiramını, şəhidlərin müqəddəs xatirəsinə sonsuz hörmətini poetik dillə ifadə edir. Burada pafosdan daha çox səmimi vətəndaş duyğusu hiss olunur. Şair üçün Vətən yalnız coğrafi məkan deyil, mənəvi kimlikdir, şəhid qanı ilə müqəddəsləşən torpaqdır. Murad Eloğlu sevgi lirikasında da özünəməxsus üslub nümayiş etdirir. Onun sevgi şeirlərində romantik hisslər həyatın acı təcrübəsi ilə vəhdət təşkil edir. “Tək sənin xətrinə”, “Gözəllər gözümə baxanda sən gəl”, “Peşman olarsan”, “Sənin öz yolun var, mənim öz yolum”, “Özümü odlara sala bilmərəm” kimi nümunələrdə sevgi təkcə xoşbəxtlik deyil, həm də insanı kamilləşdirən mənəvi sınaq kimi təqdim edilir. Kitabın sosial məzmunlu şeirləri də xüsusi diqqət çəkir. “Ey pul”, “Məndə sənin günündəyəm”, “Çətin”, “Mən sənə nə nağıl danışım bala?” kimi əsərlərdə müəllif müasir cəmiyyətin sosial problemlərini, yoxsulluğu, insan münasibətlərindəki dəyişiklikləri, maddi çətinliklərin yaratdığı mənəvi aşınmaları böyük səmimiyyətlə qələmə alır. Burada müəllif oxucunu ittiham etmir, düşündürür. O, həyatın acı həqiqətlərini poetik dillə ifadə edərək insanı vicdanı ilə üz-üzə qoyur. Ana dili mövzusu kitabda xüsusi yer tutur. “Öz dilim” və “Ana dilim qəribsəmə” şeirləri milli kimliyin qorunmasına çağırışdır. Müəllif xarici dillərin öyrənilməsinin vacibliyini qəbul etsə də, ana dilinin unudulmasını milli faciə hesab edir. Bu mövqedə vətəndaş məsuliyyəti ilə şair duyğusu birləşir. Murad Eloğlunun poetik dili sadə, axıcı və xalq danışıq üslubuna yaxındır. O, klassik qoşma və gəraylı ənənələrini müasir düşüncə ilə sintez etməyi bacarır. Şeirlərdə ahəng, qafiyə və ritm təbii şəkildə qorunur. Xalq deyimləri, atalar sözləri, gündəlik danışıq elementləri müəllif üslubunu daha da canlı edir. Kitab boyunca müəllif tez-tez “Muradam” müraciəti ilə özünə üz tutur. Bu bədii üsul daxili monoloqu gücləndirir, müəlliflə oxucu arasında səmimi ünsiyyət yaradır. Oxucu sanki şairin düşüncələrinin canlı şahidinə çevrilir. “39” kitabının diqqətəlayiq cəhətlərindən biri də müəllifin yaşadığı hər hadisəni ümumiləşdirərək ictimai məna qazanmasıdır. Şəxsi ağrı ümummilli ağrıya, ailə sevgisi mənəvi dəyərə, fərdi həsrət isə insan taleyinin ümumi fəlsəfəsinə çevrilir. Bu xüsusiyyət kitabı yalnız avtobioqrafik toplu deyil, bütöv bir həyat salnaməsi səviyyəsinə yüksəldir. Nəşrin yüksək tərtibatı da xüsusi qeyd olunmalıdır. Kitabın nəfis dizaynı, səliqəli poliqrafiyası, üz qabığının estetik həlli və peşəkar redaktəsi “USTAC.AZ” nəşrlərinin Azərbaycan kitab mədəniyyətinə verdiyi töhfənin növbəti uğurlu nümunəsidir. Murad Eloğlu artıq müasir Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən qələm sahiblərindəndir. Onun ədəbiyyat sahəsində qazandığı mükafatlar, “Yazarlar Akademiyası”nda formalaşması, “İlin şairi” və “Ziyadar” mükafatlarına layiq görülməsi bu yaradıcılıq yolunun təsadüfi olmadığını göstərir. Nəticə etibarilə, “39” təkcə şeirlər toplusu deyil. Bu kitab insan ömrünün poetik tərcümeyi-halı, ata-ana sevgisinin dastanı, Vətənə sədaqətin etirafı, sevginin, həsrətin, ümidin və həyat mübarizəsinin səmimi salnaməsidir. Oxucu bu kitabı vərəqlədikcə yalnız Murad Eloğlunun taleyi ilə deyil, öz duyğuları, öz xatirələri və öz həyat həqiqətləri ilə də qarşılaşır. Məhz buna görə də “39” müasir Azərbaycan poeziyasında oxunmağa, haqqında danışılmağa və gələcək nəsillərə çatdırılmağa layiq olan dəyərli poetik nəşrlərdən biri kimi qiymətləndirilməlidir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanı qardaş Türkiyədə türk dilində nəşr olunub
Azərbaycanın tanınmış yazıçısı Yunus Oğuzun “Səfəvi Şeyxi” tarixi romanı qardaş Türkiyədə türk dilində nəşr olunub.
Olaylar.az xəbər verir ki, roman Bilge Tonyukuk Yayınları tərəfindən çap edilərək oxucuların ixtiyarına verilib.
“Səfəvi Şeyxi” romanı Səfəvilər dövlətinin ideoloji və mənəvi əsaslarının formalaşdığı dövrü bədii dillə əks etdirir. Əsər eyni zamanda Azərbaycan dövlətçilik tarixinin mühüm səhifələrini canlandırır. Romanın Türkiyədə nəşri təkcə müəllifin yaradıcılığı üçün deyil, həm də Azərbaycanın zəngin tarixi irsinin və ortaq türk mədəniyyətinin qardaş ölkədə tanıdılması baxımından mühüm hadisə kimi dəyərləndirilir.
Qeyd edək ki, Yunus Oğuzun tarixi romanları indiyədək müxtəlif ölkələrdə nəşr olunaraq geniş oxucu auditoriyasının marağına səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Yunus Oğuzun “Türk Etnonimi ve Töreleri” adlı kitabı Türkiyə oxucularının ixtiyarına verilib
Olaylar.az xəbər verir ki, Türk dünyasının tarixi, etnogenezi və dövlətçilik ənənələri ilə bağlı araşdırmaları ilə tanınan yazıçı və tədqiqatçı Yunus Oğuzun “Türk Etnonimi ve Töreleri” adlı kitabı Türkiyə oxucularının ixtiyarına verilib.
Bilgə Tonyukuk Yayınları tərəfindən nəşr olunan kitabda müəllif türk etnoniminin mənşəyi, türk xalqının formalaşması və qədim tarixinin müxtəlif aspektlərini araşdırır. Əsərdə qeyd olunur ki, bu gün türklərin harada meydana gəlməsi və inkişaf etməsi ilə bağlı iki əsas nəzəriyyə mövcuddur. Müəllif xüsusilə XIX əsrdən etibarən formalaşmış və uzun illər əsas elmi yanaşma kimi təqdim edilən nəzəriyyəyə fərqli münasibət sərgiləyir.
Kitabda bildirilir ki, keçmiş Çar Rusiyası və daha sonra Sovet İttifaqının siyasi təsiri nəticəsində türklərin ana vətəninin yalnız Orta Asiya olduğu barədə yanaşma geniş yayılıb. Müəllif bu nəzəriyyənin siyasi amillərin təsiri altında ön plana çəkildiyini vurğulayaraq, türk tarixinin daha geniş coğrafi və tarixi kontekstdə araşdırılmasının vacibliyini önə çəkir.
Yunus Oğuz əsərdə türklərin etnik kimliyi, qədim adət-ənənələri, dövlətçilik və töre sistemi ilə bağlı müxtəlif mənbələrə istinad edir, oxuculara alternativ elmi baxış təqdim etməyə çalışır.
“Türk Etnonimi ve Töreleri” kitabı türk tarixini, etnologiyasını və mədəni irsini araşdıran tədqiqatçılar, tarixçilər, tələbələr və türk dünyasının keçmişi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31