MİNA İLQAR YAZIR

Dünən işdəykən məni çox sarsıdan bir hadisə yaşadım

(esse)

Yağışlı hava idi. Nahar fasiləsi yeni bitmişdi. Təxminən 7-8 yaşlarında bir oğlan uşağı çalışdığım xidmət mərkəzinə yaxınlaşıb mənə dedi:

“Anamı tanıyırsız? Nömrəsini verə bilərsiz?”

İlk anda nə uşağı tanıdım, nə də anasını xatırladım. Amma uşaq “tanımıram” sözünü eşitdikcə gözləri dolurdu. Sanki məndən sadəcə nömrə yox, kömək gözləyirdi…

Bir neçə dəqiqə sonra yadıma düşdü ki, iki gün əvvəl bu uşaq anası ilə birlikdə yaxınlaşmışdı və xanıma nömrə ilə bağlı xidmət göstərmişdik. Uşaq anasının ad və soyadını dedi. Mən də sənədlərin arasından nömrəni tapıb:

“Narahat olma, mamanın nömrəsini tapdım”, dedim.

O an uşağın gözlərində bir sevinc yarandı…

Sonra uşağı istirahət otağına apardım. Əl-üzünü yudu, isti çay içdi. Yemək təklif etdim, qəbul etmədi. Soruşdum:

-Məktəbdən gəlmisən?

Dedi:

“Mən məktəbə getmirəm…” Bir uşaq üçün o qədər ağır cümlə idi ki…

Söhbət etdikcə öyrəndim ki, hər gecə saat 11-ə qədər evdə tək anasını gözləyir. Atasını soruşdum, taksi sürücüsü olduğunu dedi. Amma hiss olunurdu ki, uşaq nələrisə gizlədir və qorxu içində yaşayır.

Saatlar keçirdi, uşaq hələ də yanımda idi. Mən isə düşünürdüm: Necə ana olar ki, azyaşlı uşağının harada olduğunu bilməsin?..

Sonra məlum oldu ki, uşaq mənə anasının yox, əslində öz nömrəsini tapdırmağa çalışıb. Sadəcə qorxudan bunu deyə bilməyib…

Nəhayət, “mama” gəldi.

Amma ən ağır hissə də elə o an başladı…

Uşağı qucaqlamaq, sakitləşdirmək əvəzinə ona qorxu ilə danışdı: “Gedək evə, mən bilirəm sənə nə edəcəyəm…”

O an başa düşdüm ki, bəzi uşaqlar sakit olduqları üçün yox, qorxudan susurlar. İlk dəfə anası ilə gələndə də uşaq sakitcə oturmuşdu. Mən “Maşallah, necə sakit uşaqdır” düşünmüşdüm…

Amma, sən demə, o səssizliyin içində qorxu, stress və yalnızlıq var imiş.

Bir feminist xanım olaraq heç kimi qınamaq istəmirəm. Amma heç bir uşağın haqqı deyil valideynlərin problemləri, əsəbi, aqressiyası və yanlış həyatının içində böyümək… O sadəcə bir uşaqdır.

Sevgi görməli olan…

Qorxmamalı olan…

Gecələr anasını gözləyərək böyüməməli olan bir balaca…

Bəzən düşünürəm… Ana olmaq sadəcə bir uşağı dünyaya gətirmək deyil. Onun ruhunu incitmədən böyüdə bilməkdir.

Müəllif: Mina İLQAR

MİNA İLQARIN DİGƏR YAZILARI

“Xəzan” jurnalı

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Təxəyyül Art Group”un “Xanbulan” layihəsi çərçivəsində növbəti yaradıcılıq səfəri uğurla baş tutdu

“Təxəyyül Art Group”un “Xanbulan” layihəsi çərçivəsində növbəti yaradıcılıq səfəri uğurla baş tutdu
12 iyul 2026-cı il tarixində “Təxəyyül Art Group”un təşkilatçılığı ilə həyata keçirilən “Xanbulan” layihəsi çərçivəsində Lənkəran və Lerik rayonlarına növbəti yaradıcılıq səfəri və plener keçirildi. Təbiətin ecazkar gözəlliklərini sənət dili ilə əks etdirməyi hədəfləyən bu səfər iştirakçılar üçün həm yaradıcılıq, həm də mənəvi baxımdan unudulmaz anlarla yadda qaldı.
Səfər ənənəvi olaraq Salyan rayonunda yerləşən “Xan Süfrəsi” restoranında səhər yeməyi ilə başladı. Daha sonra qrup üzvləri xüsusi dağ nəqliyyatı ilə Lerik rayonunun füsunkar guşələrindən biri olan Bibioni şəlaləsinə yollandılar. Səfər boyu qonaqları Lerikli şair Ədail Korçaylı müşayiət edərək rayonun tarixi, təbiəti və görməli yerləri haqqında maraqlı məlumatlar verdi.
Bibioni şəlaləsində xatirə fotoları çəkdirən iştirakçılar daha sonra Meşəbəyi Ailəvi İstirahət Mərkəzinə, oradan isə Lənkəranın incisi sayılan Xanbulan gölünə yollandılar. Göl sahilində təşkil olunan piknik süfrəsi ətrafında qrup üzvləri bir ailə kimi bir araya gələrək səmimi söhbətlər etdilər, təbiətin bəxş etdiyi gözəlliklərdən zövq aldılar.
Səfərin əsas məqsədi olan plener zamanı qrupun rəssamları Natiq Nəcəfzadə, Vüsalə Yunusova və Qənirə Əsgərova Xanbulan gölünün valehedici mənzərələrindən ilhamlanaraq akvarel texnikasında, kağız üzərində etüdlər işlədilər. Hazırlanan etüdlər Qazaxıstandan gələn turist qonaqlara hədiyyə olundu. Bu xoş jest qonaqlar tərəfindən böyük rəğbətlə qarşılandı və incəsənət vasitəsilə xalqlar arasında dostluq körpüsünün daha da möhkəmlənməsinə töhfə verdi.
Plener başa çatdıqdan sonra layihənin bütün iştirakçılarına xatirə sertifikatları təqdim olundu.
Geri dönüş zamanı qrup üzvləri Lənkəran şəhərinə də baş çəkdilər. Günün sonunda isə Salyanda yerləşən “Xan Süfrəsi” restoranında qrupun nəğməkar şairi Elşən Sabiroğlu və videooperator Rasim Nəcəfov tərəfindən təşkil olunan şam süfrəsi iştirakçılar üçün əsl bayram ovqatı yaratdı. Musiqi, rəqs və səmimi söhbətlərlə yadda qalan axşamın sonunda restoran kollektivinə göstərdikləri qonaqpərvərliyə görə təşəkkür bildirildi. Günün ən yaddaqalan anları isə fotoqraf Nofəl Ümid tərəfindən lentə alınaraq xatirələrə çevrildi.
Beləliklə, “Təxəyyül Art Group”un “Xanbulan” layihəsi təkcə yaradıcılıq pleneri deyil, həm də dostluğun, milli-mədəni dəyərlərin və Azərbaycanın füsunkar təbiətinin təbliği baxımından növbəti uğurlu tədbir kimi yadda qaldı.

Məqaləni hazırladı: Vüsalə Yunusova

taxayyul-art.az saytında yerləşdirdi: Cəmilə Əsgərova

Yazarlar.az saytında yerləşdirdi: Zaur Ustac

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Oslodakı şagirdlərindən vətənpərvərlik və sülh mesajı

Oslodakı şagirdlərindən vətənpərvərlik və sülh mesajı

Norveçin paytaxtı Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu məktəbinin şagirdləri növbəti dəfə Azərbaycan mədəniyyətini və milli-mənəvi dəyərlərimizi uğurla təbliğ ediblər. Məktəblilər sözləri Gülzar İbrahimovaya, musiqisi Elşən Nicata məxsus olan “Sağ ol, ey Vətən!” və “Sülh nəğməsi” mahnılarını böyük ruh yüksəkliyi ilə ifa edərək xüsusi musiqi nömrəsi hazırlayıblar.

Şagirdlərin təqdim etdiyi kompozisiya Vətənə sevgi, sülh, birlik və milli həmrəylik ideyalarını özündə əks etdirib.
Hazırlanan musiqi nömrəsi xaricdə böyüyən azərbaycanlı uşaqlarda ana dilinə, milli musiqiyə və vətənpərvərlik dəyərlərinə bağlılığın formalaşdırılması istiqamətində görülən işlərin bariz nümunəsi olub.

Qeyd edək ki Nizami Gəncəvi adına həftəsonu məktəbi Norveçdə yaşayan azərbaycanlı uşaqlara ana dili, tarix və mədəniyyətimizin öyrədilməsi ilə yanaşı, milli musiqimizin və mənəvi dəyərlərimizin təbliğinə xidmət edən müxtəlif tədbirlər həyata keçirməyə davam edir. Fotolar:

Məlumatı hazırladı: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Kəpənək ömrü

Kəpənək ömrü

Kəpənək hər gün eyni çiçəyə qonardı. Onun xoşbəxtliyi azad qanadlarında gizlənmişdi.
Kəpənəyi sevən biri onu qorumaq istədi. Tutub şüşə qəfəsə qoydu. Sevdiyi çiçəkdən də birini qoparıb yanına yerləşdirdi.
Səhər qəfəsə baxanda kəpənəyin öldüyünü gördü.
Onda anladı ki, sevgi sahib olmaq deyil. Sevgi, sevdiyini öz səmasında, öz çiçəyində yaşatmaqdır.
Çünki sevgi azadlığı məhdudlaşdırmaq deyil.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“GÖVHƏRŞAD BƏYİM” tarixi romanı Azərbaycan dilində

“GÖVHƏRŞAD BƏYİM” tarixi romanı Azərbaycan dilində

Məşhur Özbək yazıçısı Şəhadət İsaxanovanın “Gövhərşad bəyim” tarixi romanı Azərbaycan dilində çapdan çıxıb. 340 səhifəlik əsər “İmza” nəşrlər evində hazırlanıb. Əsəri Azərbaycan dilinə özbək şairi, tərcüməçi Rəhmət Babacan tərcümə edib.

“Gövhərşad bəyim” tarixi romanının Azərbaycan dilində nəşri Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli bəy Azərinin redaktorluğu sayəsində ərsəyə gəlib.

“Gövhərşad bəyim” tarixi romanı daha çox ciddi, tarixi əsərlər müəllifi kimi tanınan məşhur Özbək yazıçısı Şəhadət İsaxanovanın Azərbaycan oxucuları ilə ilk görüşüdür. Xanım yazıçı bu görkəmli əsəri ömrünün müdrik çağında millətə və ümumiyyətlə bəşəriyyatə sülh çağırışı kimi qələmə almışdır. Teymurilər arasında hakimiyyət və var-döblət uğrunda çəkişmələr, əslində dünyanın hər yerində hakim sülalənin törəmələri arasında baş verə biləcək xarakterik hadisələrdir. Gövhərşad bəyim dünyagörmüş xatun olaraq var qüvvəsi ilə ağbirçəklik missiyasını şərəflə həyata keçirməyə çalışır. Di gəl ki, hər nəsildə olduğu kimi, teymurilər arasında da ağsaqqal, ağbirçək üzünə ağ ola biləcək qədər həyasız bir nadan tapılır.

Şəhadət Murad qızı (Muradovna) İSAXANOVA 1949-cu il 1 yanvarda Səmərqənd vilayətinin İştixan rayonunda anadan olub. Daşkənd Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Özbəkistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ədəbi-dramatik verilişlər redaksiyasında redaktor (1971 – 1979-cu illər), “Səadət” (1979 – 1983-cü illər) jurnalında redaktor, “Gənc gvardiya” nəşriyyatında (1983 – 1994-cü illər) şöbə müdiri, baş redaktor müavini, baş direktor müavini və baş direktor vəzifələrində çalışıb.

“Gecikmiş bəxt”, “Ana”, “Sirli istək”, “Ümid”, “Leyləklər”, “Qisas”, “Qəribə ziyafət”, “Anası danışdığı nağıl”, “Qırx hörüklü gəlin” və “Заветное желание” (rus dilində) adlı əsərləri çap olunub.

Son illərdə “Bibixanım”, “Sultan Cəlaləddin, yaxud Çingizxan əlinə düşən məleykə”, “Nadirəli dövran”, “Gövhərşad bəyim” kimi tarixi romanları silsiləsindən nəşr olunub. Əsərləri rus, bolqar, qırğız, ingilis, ərəb, hind, benqal və tay dillərinə tərcümə edilib.

Sözün müqəddəsliyinə hər zaman sadiq qalan Şəhadət İsaxanovanın qələmə aldığı bütün əsərləri oxucular tərəfindən coşqu ilə qarşılanıb. Onun əsərləri müxtəlif dillərə tərcümə olunaraq bir çox ölkələrdə yayılıb.

Ümidvarıq ki, Azərbaycanın geniş auditoriyalarında “Gövhərşad bəyim” tarixi romanı böyük rəğbətlə qarşılanacaqdır. 

17.07.2026, Bakı şəhəri

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Türkün söz dəryasının tək Sonası

YÜZ ON İKİNCİ YAZI

Türkün söz dəryasının tək Sonası
(Sona Abbasəliqızı-İsmayılovanın yaradıcılığı)
Salam olsun, çox dəyərli oxucum! Bəzən bir insanın ömrü təkcə yaşadığı illərlə deyil, yazdığı sözlərlə, yetişdirdiyi qələmlərlə, qoruduğu milli yaddaşla və xidmət etdiyi mənəvi dəyərlərlə ölçülür. Elə ziyalılar var ki, onların adı çəkiləndə ilk növbədə kitab, söz, vətən, tarix və türk dünyası yada düşür. Bu dəfə söhbətimizin qəhrəmanı müasir Azərbaycan ədəbi mühitində məhz belə qələm sahiblərindən biri də yazıçı, jurnalist, redaktor və ictimai xadim Sona Abbasəliqızı-İsmayılovadır.
Onun yaradıcılığına nəzər saldıqda aydın olur ki, Sona Abbasəliqızı yalnız bədii əsərlər müəllifi deyil. O, sözün həqiqi mənasında milli düşüncənin daşıyıcısı, tarixi yaddaşın keşiyində dayanan ziyalı, türk dünyasının mədəni körpülərini quran fədakar qələm adamıdır. Onun fəaliyyəti ədəbiyyatın sərhədlərini aşaraq jurnalistika, redaktorluq, elmi-publisistik araşdırmalar, beynəlxalq mədəni əlaqələr və ictimai xidmət sahələrini də əhatə edir.
Ədəbiyyat xalqın mənəvi pasportudur. Tarix zamanın yaddaşıdır. Yazıçı isə həmin yaddaşı gələcəyə daşıyan mənəvi körpüdür. Sona Abbasəliqızı da yaradıcılığı boyu bu missiyanı böyük məsuliyyətlə yerinə yetirən sənətkarlardandır. Onun əsərlərində Vətən sevgisi, milli kimlik, insan taleyi, mənəvi dəyərlər və Türk dünyasının birliyi əsas ideya xəttini təşkil edir. Bu mövzular müəllifin bədii dünyagörüşünün deyil, həm də həyat amalının ifadəsidir.
Tarixi roman janrında qələmə aldığı “Sözün Xaqanı” əsəri müəllifin yaradıcılığında xüsusi mərhələ təşkil edir. Tarixi hadisələrin bədii-estetik düşüncə ilə vəhdətdə təqdim olunduğu bu roman oxucular tərəfindən maraqla qarşılanmış, sonradan Türkiyə türkcəsinə və özbək dilinə tərcümə edilərək beynəlxalq oxucu auditoriyasına çatdırılmışdır. Əsərin müxtəlif ölkələrdə maraq doğurması Azərbaycan tarixi roman məktəbinin uğurlarından biri kimi qiymətləndirilə bilər.
Sona Abbasəliqızının yaradıcılığı təkcə romanlarla məhdudlaşmır. Onun poemaları, pyesləri, povestləri və publisistik yazıları milli yaddaşın, vətənpərvərlik ruhunun, tarixi həqiqətlərin və mənəvi dəyərlərin təbliğinə xidmət edir. Xüsusilə “Tarix qarşısında cavab günüdür” povestində müəllif tarixi hadisələrə sənədli yanaşmanı bədii düşüncə ilə birləşdirərək oxucunu hadisələrin içərisinə aparmağı bacarır. Bu əsərdə ədalət ideyası, hüquqi məsuliyyət və insan taleyi publisistik dəqiqliklə bədii təsvirin harmoniyasında təqdim edilir.
Müəllifin poeziyası da xüsusi diqqətə layiqdir. Onun şeirlərində ana sevgisi, Vətən məhəbbəti, milli birlik, türkçülük ideyaları, insanlıq və mənəvi ucalıq əsas yer tutur. Təsadüfi deyil ki, onun sözlərinə Azərbaycanda və Türkiyədə iyirmidən çox mahnı bəstələnmiş, aşıqlar tərəfindən qoşmalar və gəraylılar ifa edilmişdir. Bu fakt müəllif sözünün musiqidə də yaşadığını və xalq ruhuna yaxın olduğunu göstərir.
Sona Abbasəliqızının xidmətləri yalnız yazdıqları ilə ölçülmür. O, uzun illər redaktor kimi yüzlərlə müəllifin kitabının ərsəyə gəlməsində mühüm rol oynamış, beş yüzdən artıq kitabın redaktoru olmuşdur. Hər redaktə olunmuş kitab bir müəllif taleyi, bir ədəbi məktəb və bir mənəvi sərmayə deməkdir. Bu baxımdan onun redaktorluq fəaliyyəti müasir Azərbaycan kitab mədəniyyətinin inkişafında mühüm yer tutur.
Türk dünyasının müxtəlif ölkələri ilə qurduğu mədəni əlaqələr isə onun fəaliyyətinin daha geniş coğrafiyasını müəyyənləşdirir. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digər türk dövlətlərində keçirilən beynəlxalq konfranslar, simpoziumlar və ədəbi forumlarda Azərbaycanı uğurla təmsil etməsi, müxtəlif ölkələrdə çıxışlar etməsi, kitab təqdimatlarında iştirak etməsi onun sözünün yalnız Azərbaycanda deyil, bütün türk dünyasında qəbul olunduğunu göstərir.
Sona Abbasəliqızının yaradıcılığında xüsusi yer tutan istiqamətlərdən biri də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasıdır. O, illərdir müxtəlif ölkələrdə bu mövzuda çıxışlar edir, məqalələr yazır, kitablarını təqdim edir və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu xidmət onun yaradıcılığına və ictimai fəaliyyətinə vətəndaş məsuliyyəti qazandıran əsas cəhətlərdəndir.
Müəllifin elmi-publisistik fəaliyyəti də diqqətəlayiqdir. Türkoloji araşdırmalar, milli-mənəvi irs, Azərbaycan ədəbiyyatı və Türk dünyasının ortaq mədəniyyətinə dair elmi məqalələri beynəlxalq jurnallarda dərc olunmuş, Birinci Türkoloji Qurultayın yüz illiyinə həsr olunmuş elmi konfransdakı çıxışı isə elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Bu fəaliyyət onun yalnız yazıçı deyil, həm də araşdırmaçı alim düşüncəsinə malik ziyalı olduğunu nümayiş etdirir.
Onun yaradıcılığına verilən yüksək qiymət də təsadüfi deyil. Əsərlərinin müxtəlif dillərə tərcümə olunması, tanınmış alim və ədiblərin kitablarına ön söz yazması, beynəlxalq mükafatlara layiq görülməsi, yeddi ölkənin Yazıçılar Birliyinə üzv seçilməsi bu zəngin fəaliyyətin məntiqi nəticəsidir. Bu gün Sona Abbasəliqızı İsmayılovanın adı çəkiləndə yalnız bir yazıçını xatırlamırıq. Biz sözün məsuliyyətini daşıyan ziyalını, milli ruhun keşiyində dayanan vətəndaşı, Türk dünyasının ədəbi körpülərini quran mədəniyyət elçisini, yüzlərlə müəllifin uğurunda pay sahibi olan redaktoru, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yolunda yorulmadan çalışan qələm sahibini görürük.
Söz insanın ömrünü uzadan ən müqəddəs sərvətdir. Elə insanlar var ki, onların yazdıqları əsərlər zaman keçdikcə daha da qiymətlənir, çünki həmin əsərlər yalnız dövrünü deyil, gələcəyi də düşünərək yazılır. Sona Abbasəliqızı-İsmayılovanın yaradıcılığı da məhz belə bir mənəvi sərvətdir. Onun qələmi Azərbaycanın milli-mənəvi dəyərlərini, tarixi yaddaşını və Türk dünyasının ortaq ideallarını yaşadan söz ocaqlarından biridir.
Türkün böyük söz xəzinəsində hər qələm sahibinin öz yeri vardır. Lakin elə sənətkarlar da olur ki, onlar yalnız yazmırlar, sözün keşiyini çəkirlər. Bu mənada Sona Abbasəliqızı-İsmayılova həqiqətən də Türkün söz dəryasının tək Sonasıdır. Onun qələmi milli yaddaşın işığını gələcək nəsillərə daşıyan, Azərbaycanın və bütöv Türk dünyasının mənəvi birliyini möhkəmləndirən qiymətli söz karvanının önündə inamla irəliləyir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik!
17.07.2026. Bakı – Qobu q.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Zaur Ustacın “Buta”sı

GÜNAY ƏLİYEVA – “NƏRGİZ”

Zaur Ustacın “Buta”sı barədə

GÜNAY XANIMIN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Babəklər yurdunun hürr övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

BAYRAM MƏMMƏDOV YAZIR

HƏLƏ NƏLƏR DEYƏCƏKSƏN

(Əli bəy Azərinin 60 yaşına)

Söz qüdrətdi, bədii söz düşüncələrin qüdrətə yönəldilməsidi. Bu və ya digər mətləbin ifadəsi olan əsərlərin təxəyyül işığı sabahlar üçündü. Oxuyursan, özünü yaxşı əsərin əhatəsində hiss edirsən. Mahiyyəti zaman anlamında dünənlərlə bağlı olanların da, sabahlarda olacaqların da. Jurnalistikada da belədi. Əsasən, publisistikada.

Son vaxtlar yazılan belə məqalələrin başlıca yönümü vətənpərvərlikdir. Mədəniyyətdən yazılanların da, iqtisadiyyatdan, müharibədən, döyüşlərdən yazılanların da. Bu gərəkli prosesdə Əli bəy Azərinin sözü də sezilir, duyulur, görünür. Zamanında özü döyüşçü olmuşdu, tərxis edilmişdi. Sözü xalq naminə, dövlət naminə, dövlətçilik naminə tərxis edilməyib, yenə sıradadı. Bu qənaətimi onun “Nə deyim?..” kitabı da təsdiqləyir. Bu kitab bir ömürə söz işığıdı. Təfəkkürün işığıdı, onun haqqında yazılanların işığıdı, bir də vətənpərvərliyin işığıdı…

Mən də Zəngilanlıyam, Əli də, mən də zabit kimi xidmət etmişəm, Əli də, mən də Zəngilanda xidmət etmişəm, Əli də, mən də jurnalistika ilə məşğul oluram, Əli də, mənim də məqalələrim Vətəndən barınır, Əlinin də. Bu baxımdan özü könlümə yaxın olan bir yazıçı-jurnalistin kitabını da ruhumun doğması bildim…

“Nə deyim?”in başlıca mahiyyəti söz əsgərləri haqqında sözdü; özü də sözün əsgəridi və kitabda Əli bəy Azəri haqqında da işıqlı fikirlər könüləyatımlıdı…

“Son qor, son qığılcım qalana qədər…” məqaləsi Azərbaycanın tarixinə, deməli Azərbaycana heysiyyətin sözlə ifadəsidir. Sözə söykək kimi xatırlananlar dünyanın etiraf etdiyi gerçəkliklərdir. Əli bəy Azərinin qənaəti (“…İraqın, Suriyanın, İranın, Türkiyənin, Əfqanıstanın, Özbəkistanın və Rusiyanın ərazilərinə qatılan məmləkətlər bir vaxtlar Azərbaycanın əraziləri olub. Azərbaycan olub. Zaman-zaman qonşu dövlətlərin gücü ilə paralanan Azərbaycan ərazisində son olaraq XX əsrin əvvəllərində Ermənistan dövləti yaradılıb. Elə həmin vaxtdan da dünya əlində dəyənəyə çevirdiyi Er mənistan vasitəsilə Azərbaycanı döyəcləyir…”) bir əsrdən də çox çəkən milli qarşıdurmaların, milli münasibətlər müstəvisində döyüşlərin, müharibələrin siyasi-hərbi anatomiyasının annotasiyası kimi oxunur. Ermənistanın Azərbaycandan ərazi iddiası, iddanın nəticəsi olan ədalətsiz müharibə, döyüşlər, Ermənistanın hücumları, təxribatları. … haqqında Əli bəy Azərinin yazdıqları Azərbaycan mət buatının əsgərləşmiş sözü kimi tarixləşib.

90-cı illərdə başlayan, Ermənistanın siyasi, hərbi havadarlarının köməyi ilə apardığı müharibə Birinci Qarabağ müharibəsi adlandırıldı. Həmin vaxtlarda Azərbaycan Ordusu yaradıla-yaradıla for- malaşırdı, formalaşa-formalaşa yaradılırdı. Və formalaşa-formalaşa döyüşürdü. Yaradılan ərazi özünümüdafiə taborları düşmənin hücumlarının qarşısını ala bilsə də bu, yetərli deyildi. Düşmənlə əhali də döyüşürdü, milislər də. Belə bir şəraitdə Zəngilan taboru rayonun Ermənistanla sərhədini müdafiə edirdi. Əli bəy Azəri bu prosesin də təsvirini sözlə verib. Bu təsvir həm də Azərbycanda elan edilmədən başlamış müharibənin tarixi məqamlarının ifadəsidir: “Ərazi özünümüafiə taborunun mart 1992-ci ildə Müdafiə nazirinin birbaşa tabeçiliyindən ayrılaraq Füzuli rayonunda fəaliyyət göstərən briqada qərargahına, avqust 1993-cü ildə isə Qubadlı rayonunda fəaliyyət göstərən briqada qərargahına tabe edilməsi döyüşçülər arasında çaşqınlıq yaratmağa başladı. Qeyd etmək lazımdır ki, hər iki briqada istər idarəçilik, istərsə də nizam-intizam baxımından Zəngilan rayonunda olan döyüş səviyyəsindən, nizam-intizamdan və idrəçilikdən qat-qat aşağı səviyyədə idi. Həmin dövrdə hər iki rayonda beş motoatıcı taborun fəaliyyətdə olmasına baxmayaraq briqada qərargahı tez-tez Zəngilan rayonuna müraciət edir, komək göndərilməsini tələb edirdilər. Bu da döyüş hazırlığına mənfi təsir göstərirdi…”

Bu qeydlər Azərbaycanda ordu quruculuğu ilə bağlı xidmətdə olmuş zabit qeydləri kimi də dəyərləndirilə bilər. Bu zabit qeydlərini həm də təkcə tarixi faktlar kimi deyil, publisistik söz kimi təqdim edir. Hansı daha dəyərlidir? Biri ordu quruculuğunun tarixinə xidmətdə olan zabit münasibətidir, digəri vətəndaş-jurnalist münasibəti. Bu baxımdan SÖZ həmin faktın fövqündə dayanır. Niyə? – Əli bəy Azəri bu “niyə”nin cavabını oxucunun öz düşüncələrinə təslim edir. Və haqlıdır. “Nə deyim?..” deyir ki, oxucu desin…

“Ahın dağlara, dağlara…” məqaləsi Zəngilanın işğalının 25 illiyinə yazılıb. 25 il Əli bəy Azərinin qəlbinin göynəyi olan məqalədi. Sevgidi bu məqalə, sevgi fonunda təəssüf çalarları da var, inam işığı da. O inam da, o işıq da Zəngilanın qədim tarixinə heysiyyətdi, həm də sabahlarının yolunun səmtini nişan verir. Bu təəssüfün Şəhri-Şərifanın timsalında verilməsi isə qəbuledilən (və bəyənilən!) rəmzdi: “Şəhri-Şərifanın sorağı birinci minilliklərdən gəlir. Babək zamanında bir müddət ölkənin mərkəzi şəhərinə çevrilib. Səkkizguşəli sərdabə abidə kompleksinin qalıqları vardır. Deyilənə görə, yeraltı yolu Həkəri çayının altından keçməklə qarşı tərəfdə yerləşən Məmmədbəyli kəndindəki Türbəyə çıxırdı. Tədqiqat aparılmayıb…”. Təəssüf budur. Əli bəy Azərinin təəssüfü Zəngilanı (Azərbaycanı) sevənlərin təəssüfüdür…

Əli bəy Azərinin Vətən anlayışı bütün vətənsevərlərin düşüncələriylə səsləşir. Vətən üçün sərhəd məfhumunu ruh müəyyənləşdirir. Ruhun müəyyənləşdirdiyi sərhəd tarixin gizlinclərində də var, o sərhədləri tanımağa da, milli-mənəvi dəyərləri ayırmağa, ayrı salmağa o sərhədlərin gücü çatmır. Bu baxımdan tarixin neçə yüz illərinin o üzündə qalanlarda da bu gün ruhunda yaşayan işığın izlərini görmək böyük vətənsevərlikdir. “Nə deyim?..” kitabında bu tezisin də izləri duyulur, görünür.

Dərbəndi müqəddəs şəhər adlandıran (bəlkə də bu dərkə görə Dərbəndə sevgisi də müqəddəsləşən!) Əli bəy Azərinin “Dəmirqapı Dərbəndim” məqaləsi janr baxımından yol-səyahət qeydləri olsa da etnoqrafik çalarları ilə də diqqəti çəkir: “Dərbənd Azərbaycanın paytaxtı Bakı şəhərinin 250 kilometrliyində yerləşir. Üzü şimala sağdan Xəzər dənizi, soldan isə Böyük Qafqaz sıra dağlarından Çalqan dağ silsiləsi ilə əhatə olunur. Çox güman ki, Dərbənd etimologiyaya görə Dar və Bərə, yaxud Dar və Bənd sözlərinin birləşməsindən əmələ gəlib, dilin diffuziyası sayəsində Dərbənd kimi formalaşıb. İstər şimaldan cənuba, istərsə də cənubdan şimala yürüş etmək üçün hökmən bu dar bənddən keçmək məcburiyyətində qalıblar”.

Əli bəy Azərinin tarixi hadisələr müstəvisində yazılan “Dəmirqapı Dərbəndim” məqaləsində qürur, ehtiram, ruh zərrələri də müşahidə olunur. Bu zərrələr də sevgidi, bu sevgidə sezilməsi çətin olmayan bir sorğu da var. Kimdən? – oxucu müəyyənləşdirməlidi; “Narın qala adlansa da bura bir qala deyil, bütöv bir qalalar sistemidir” qənaətində də bu sorğunun çalarları duyulur…

Əli bəy Azərinin “Nə yaman dəyişib azman yerişim” məqaləsi Zəngilanlı şair Məhərrəm Mahinin şəxsiyyətinə və yaradıcılığına ehtiramın ifadəsidir və bu, vətəndaşlıq borcu kimi duyğusallıqla yazılıb. Oçerk-müsahibə də (janrı müəllif belə müəyyənləşdirib) bir təsəlliyə söykənir: azman yeriş yavaşıya bilər, dolaşmaz, azman yerişli kişinin sözü (bədii sözü) dəyişməz. Yenə əvvəlki salğarındadı, əvvəlki urvatındadı. Bu, ustadlıqdı! Yeriş yiyəsinin də ustalığıdı, yeriş yiyəsini bu səmimiyyətlə təqdim etmək də…

Hər kitabın özünün yerinə yetirdiyi söz məsuliyyəti, söz missiyası var. Hər oxucu bu məsuliyyəti, bu missiyanı öz dünyaduyumuna, öz dərkinə görə müəyyənləşdirir. Bu və ya digər kitab haqqında oxucu (sərraf oxucu!) fikirləri istər əsərin (kitabın) ideya istiqamətlərinin, istərsə də əsərin (kitabın) bədii məziyyətlərinin (dəyərinin) işığının yolgöstərəninə dönür (buna rəy də deyirlər) . Əli bəy Azəri də Azərbaycanda çağdaş ədəbi prosesi məsuliyyətlə (ehtiramdan barınmış məsuliyyətlə) izləyir. Bu məsuliyyət (ehtiram) çağdaş ədəbiyyatımıza sevgidi. Oxuduğu, ədəbi prosesə yük olmadığına əmin olduğu kitablar haqqında rəylər də yazır. “Başsız qalan yurd yerləri sorağında” məqaləsi də, “Bu dünya yatanı oyadan deyil” məqaləsi də, “Niyə məhz kəpənək ömrü?” məqaləsi də düşündürücüdü, milli mənəvi dəyərlərə söz işığıdı. “Alovun şölələri sifətləri qarsıdır” məqaləsi gerçəkliyə gerçək münasibətin publisistik düşüncələrinin işığıdı. Nədi bu gerçəklik? – ədəbi prosesə qoşulan həvəslərin, nəfəslərin mövcudluğu, həm də əyalətdə. Nədir gerçək münasibət? – bu həvəslərə, nəfəslərə yaradıcılıq xeyir-duası vermək niyyəti. “Almanax jurnal deyil, məcmuədir, dərgidir, topludur. Müxtəlif müəlliflərin eyni mövzu və janrda yazılmış bədii, elmi əsərlərindən ibarət qeyri-dövri buraxılışıdır” deyən Əli bəy Azərin bu məqaləsi “Qızıl Zəngilan” almanaxının təəssübkeşliyidi, bu təəssübkeşlik SÖZə ehtiramdı, çağdaş ədəbiyyatımıza sayğıdı: “Qızıl Zəngilan” almanaxının yaranmasında məqsəd zəngilanlı yazarların yaradıcılığı ilə oxucuları geniş müstəvidə tanış etməkdir. Eyni zamanda, fürsətdən istifadə edib rayonun füsunkar təbiəti, coğrafi relyefi, toponimləri, ədəbi üsluba yaxınlığı ilə seçilən yerli camaatın dili, şəhidləri, qəhrəman döyüşçüləri, tanınmış simalrı haqqında məlumat mübadiləsi aparmaqdır”. Bu missiya “Qızıl Zəngilan”ın, ruhunu (SÖZə vurğunluğunu) “Qızıl Zəngilan”a da ad eləmək Əli bəy Azərinin ömür missiyasıdı. Bunlara dəyər vermək isə oxucuların…

Məqalə yarımbaşlıqlar formatında hazırlanıb, könüləyatımlıdır, düşündürücüdür. Mənim könlümü “Vətəndən kənarda da vətənpərvər yetişdirmək olar” telləndirdi. Həm də bu qətiyyətin inamına inandım…

Əli bəy Azərinin “Hərbi Zəngilan” kitabı nəşr edilib. Zəngilanın müharibə tarixi kimi oxunmalıdır. Özünün də xidmət etdiyi o illərdə olmuşlar haqqında danışmaq, olmuşları xatırlamaq onun üçün həm vətəndaş, həm də hərbçi məsuliyyəti, məsuliyyətə söykənən borc olub. Bunlar yazıçının (jurnalistin) sonrakı yaradıcılığında da davam etdirilib. İstər verdiyi müsahibələrdə, istər bu və ya digər əsər haqqında fikir bildirəndə, istərsə də sosial düşüncələrində…

Əli Qurban oğlu Rzaquliyev (sözün Əli bəy Azərisi) 1966-cı il iyulun 15-də Zəngilanın Vejnəli kəndində anadan olub. Orta məktəbi 1983-cü ildə bitirib, 1984-cü ildə Xarkov şəhərində Qvardiya Ali Hərbi Tank Komandirləri məktəbinə daxil olub, 1988-ci ildən 1992-ci ilə kimi Kiyev, Şimali Qafqaz, Zabaykalye Hərbi Dairəsində xidmət edib. Rusiyaya sədaqət andı içmədiyinə və Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığına görə öz xahişi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına göndərilib. 1992-ci ildən 2002-ci ilə kimi Zəngilanda və digər hərbi hissələrdə xidmət edib. Haramı döyüşlərinin iştirakçısıdır. Mayor hərbi rütbəsi ilə tərxis edilib…

Zamanında respublikamızın qəzet və jurnallarında, “Krasnaya Zvezda” qəzetində məqalələri, “Oğul” pyesi 2019-cu ildə “Rusiya ədəbiyyatı” jurnalında dərc olunub. “Qərbin qərbi”, “Rəsmi Bakı” qəzetlərinin baş redaktoru olub. ”Xəzan” jurnalının baş redaktorudur…

Əli bəy Azərinin 60 yaşdan sonrakı yaradıcılığının da işıqlı olacağına əminik. Əli bəy bu gün “Nə deym?..” deyir, zaman anlamında qürurla “Nə dedim, nələr dedim!” deyəcək!..

Bayram Məmmədov,
İstefada olan polkovnik-leytenant, Əməkdar müəllim
Bayram Məmmədovun digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]