Valeh Heydər – Şuşa

PARLAYAN CƏVAHİR DAŞIDIR ŞUŞA
(sonet — klasik italyan)

Taxtını qayalar üstündə qurub,
Parlayan cəvahir daşıdır Şuşa.
Minlərlə aşiqi gətirib cuşa,
Neçə şairlərin təbin coşdurub.

Qartal tək ən uca zirvədə durub,
Sanki qanadlanıb dönəcək quşa.
Adı vətən ilə çəkilir qoşa,
Kökün özü boyda dərinə vurub.

Başının üstünü çən-duman aldı,
Yetdi harayına cəsur oğullar.
Qəmi azaldıqca, fərəh çoxaldı.

Yaxşıki yurdumun igidləri var,
Savaşda yağını lərzəyə saldı,
El-oba sevindi, düşmən oldu xar.

Müəllif: VALEH HEYDƏR

VALEH HEYDƏRİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Simurq” kitabxanasının qapıları bağlanmasın!!!

Kitabxanamız bağlanır

Təəssüf hissi ilə bildiririk ki, artıq 6 aydır fəaliyyəti dayandırılmış “Simurq” kitabxanası tamamilə bağlanılır.

Tanınmış dövlət xadimi Tağı Simurq Şahbazinin adını daşıyan kitabxana 4 fevral 2024-cü il tarixində Laçın şəhərində yaradılmış və qısa müddət ərzində rayonun mühüm mədəni-maarif ocaqlarından birinə çevrilmişdi.

Kitabxananın fondu Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Yazıçılar Birliyinin, M.F. Axundov adına Milli Kitabxananın, eləcə də tanınmış yazıçı, şair, tarixçi, jurnalist və ictimai fəalların könüllü ianələri hesabına formalaşdırılmışdı. Qısa müddət ərzində burada 4 000-ə yaxın kitabdan ibarət zəngin fond yaradılmışdı.

Bu kitablar sadəcə kağız üzərində yazılmış əsərlər deyil. Onların hər biri Laçının yenidən dirçələn mədəni həyatının bir parçası, oxucular üçün bilik və maarif mənbəyi, gələcək nəsillərə ötürüləcək mənəvi sərvətdir.

Laçının yenidən qurulduğu, insanların doğma şəhərinə qayıtdığı, şəhərdə yeni həyatın başladığı bir dövrdə kitabxananın fəaliyyətinin dayandırılması və tamamilə bağlanması böyük təəssüf doğurur.

Bir şəhəri yalnız yolları, binaları və küçələri yaşatmır. Şəhəri yaşadan onun yaddaşı, mədəniyyəti, kitabları və insanlarıdır.

Bu gün “Simurq” kitabxanasının qapılarının bağlanması ilə yalnız bir kitabxananın fəaliyyəti dayanmır. Laçının yenidən formalaşan mədəni həyatının mühüm bir ünvanı da itirilir.

Ümid edirik ki, minlərlə kitabın taleyi, onların gələcək nəsillər üçün qorunub saxlanılması və Laçında kitabxana ənənəsinin yaşadılması məsələsinə yenidən nəzər salınacaq.

Çünki kitabxananı bağlamaq asandır, amma bir şəhərin oxumaq və öyrənmək mədəniyyətini yenidən formalaşdırmaq illər tələb edir.

“Yazarlar” olaraq, biz də bu çağırışa qoşuluruq: – Laçındakı ziya ocağını sönməyə qoymayın (söndürməyin), “Simurq” kitabxanasının qapıları bağlanmasın!!!

Hörmət və ehtiramla: Zaur USTAC

Hörmət və ehtiramla: Natəvan Uğurlu

Mənbə: Laçın Simurq Kitabxanası

Mustafa Müseyiboğlu adına kitabxana

Natəvan Uğurlunun yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şəfəq Nasir yazır

ÖZÜ OLMAĞI BACARAN ŞAİR
Avqust ayının birinci ongünlüyündə iki görkəmli şairimizi – Xalq şairi Nəriman Həsənzadəni və Əməkdar incəsənət xadimi Çingiz Əlioğlunu itirdik. Xalqımız – bütün ictimaiyyət hər iki sənətkarı acı kədərlə son mənzilə yola saldı. Belə insanlar haqqında doğru deyirlər ki, onun itkisi bir ailənin, bir elin deyil, bütövlükdə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin ağır itkisidir…

Nəriman Həsənzadənin xatirəsinə yaddaşın işığında yazı üzərində işlədiyim məqamda sosial şəbəkədə Çingiz Əlioğlunun vəfat xəbərini aldım. Oxuduğum ilk yazı Xalq şairi Sabir Rüstəmxanlının qəhərli, qəmli rekviyemi oldu. Və bu saatlara kimi də Çingizlə bağlı xatirə yazıları, çəkildiyi verilişlərdən, haqqında deyilən fikirlərdən fraqmentlər nümayiş olunur. Bütün bunlar fiziki yoxluğundan sonra özünün yaratdığı obrazına qələmdaşlarının əlavə etdiyi rənglər, cizgilərdi…

Çingiz Əlioğlunu 1977-ci ildə “Gənclik” nəşriyyatına gəldiyi vaxtdan tanıyırdım. Həmin vaxt mən artıq 3 ildi ki, bu nəşriyyatda çalışırdım. O, Klassik ədəbiyyat redaksiyasının böyük redaktoru vəzifəsinə təyin olunmuşdu. 1988-1991-ci illərdə isə həmin redaksiyanın müdiri vəzifəsində işləmişdir. Biz onunla 14 il bir kollektivdə çalışdıq.
Çingiz nəşriyyata gələndə artıq respublika mətbuatında şair, tərcüməçi kimi tanınırdı.

İlk günlərdən Çingizin özünəməxsus davranış tərzi, üslubu diqqətimizi cəlb etdi. Səliqəli, zövqlü geyimi, bir qədər də özündən razı olması (ilk baxışdan belə təsir bağışlayırdı), adamayovuşmazlığı, qapalı olmağı da qəribə görünürdü. Onçun da əvvəl-əvvəl onunla rahat və sərbəst danışmağa çoxları cürət etmirdi. Həftələr, aylar keçəndən sonra anladıq ki, onun bizdə yaratdığı bu təsir nə özündən razılıqdı, nə də adamayovuşmazlıq. Bu, özünəxas davranış tərziydi. Əməkdaşlarla söhbətində tez-tez mehribancasına “qadan alım”, “ay bacı”, “qağa” kimi ifadələr işlətməsi ürəyinin təmizliyindən xəbər verirdi. Bütün bunlarla yanaşı ciddiydi, lağ-lağı, etməyi, çox danışmağı, vaxtını boşa verməyi sevməzdi. Redaksiyanın qayğıları, qovluğunda əlyazması olan müəlliflərlə görüşü, müzakirəsi, düşüncəsində daşıdığı mövzuları, poetik axtarışları ilə reallığın axarında gedən Ədəbiyyat Adamı idi Çingiz Əlioğlu…

O, yaradıcılıqda asan yolla getmir, kiminsə təsirinə düşmür, özünün orijinal tapıntıları, güclü həyat müşahidəsi ilə poetik dünyasında məhsuldar şair olaraq yazıb-yaradırdı. Onun bütün şeirləri fəlsəfi, estetik, lirik mahiyyət kəsb edirdi.


Həyatda kiminsə ya zahirən, ya da xaraktercə oxşarı olur. Belələri haqqında deyirlər ki, elə bil bir almanın tən yarısıdırlar. Çingiz Əlioğlu həyatda da, yaradıcılıqda da heç kimə bənzəmirdi, fərqli bir insan idi. O, ədəbi fəaliyyəti, xarakteri, davranışı, insanlarla ünsiyyətində bir nüsxə idi. Amma sonradan bu nüsxə iki oldu. Bu, onu özü kimi dərk edən, duyan həyat yoldaşı, “Gənclik”də qızların arasından sevib-seçdiyi Südabə idi. Bu mavi gözlü, sərv qamətli qız həyata baxışları, xarakteri ilə ona çox bənzəyirdi. Və bir ömür boyu qoşa qanad kimi güclü insanlara xas olan bir həyat yaşadılar. Bu xanım bütöv mənada onun şəxsiyyətini, yaradıcılıq eşqini duyan, ona ilham verən Pəri ola bildi. Elə olmasaydı, Çingiz Əlioğlu bu qədər poetik əsərlərə, özünün də müsahibələrində dediyi kimi, 30 tərcümə kitabına ədəbi həyat verə bilərdimi!..

Çingiz Əlioğlu yaradıcılığında tam fərqli üsluba, dəst-xəttə malik şair idi. Ədəbi fəaliyyəti boyunca qələm dostlarından, zaman-zaman yaradıcılığını tədqiq-təhlil edən ədəbi tənqiddən daha dolğun və kamil bir formada özünün poetik obrazını yarada bildi. Xarakteri, mükəmməlliyi, adamları duya, oxuya bilməsi, bütün jestləri ilə təpədən-dırnağa Özü olmağı bacardı. Bunu isə özünə yazıçı, şair deyən hər ədəbiyyat adamı bacarmır. Şair olaraq, sözün, fikrin səsini, nəfəsini duya, rəngini görə bilirdi. O, sözlə bir heykəltaraş kimi öz abidəsini, rəssam kimi portretini, mükəmməl obrazını yarada bildi…

Çingiz Əlioğlunun İctimai Televiziyanın xəbərlər proqramında vida mərasimindən çəkilmiş süjeti izlədim. Seyran Səxavət onun haqqında deyirdi: Çingizin yazıları da, ozü də heç kimə oxşamırdı, xasiyyətcə də heç kim ona oxşamırdı.

Mən də illər boyu Çingizin simasında, xarakterində məhz bu bənzərsizliyi müşahidə etmişdim…

Çingiz Əlioğlunun sevilən, yaddaqalan şeirləri çoxdur. Poeziyası o qədər səviyyəli, fəlsəfi çalarlarla zəngindir ki, ilk sətrindən oxucunu alıb-aparır. Bu sətirləri yazdığım anda “BELƏDİR BİR EŞQİN NƏTİCƏLƏRİ”ni xatırladım…

Belədir bir eşqin nəticələri
Üstəgəl ayrılıq, çıxaq məhəbbət…

Heç kimə dərs deyil, olub-olacaq…
Həzz ilə zülm edir özünə millət.
Səndən gördüklərim bunlardır ancaq
Üstəgəl məşəqqət, çıxaq mərhəmət…

Hər şeydə günahkar tək məni saydın,
Biz necə olaydıq səninlə xoşbəxt?!
Cəbrinin cavabı öncədən aydın,
Üstəgəl haqsızlıq, çıxaq ədalət!!!

Nə günə qoyurdu məni o eşqin,
Hardandı səndəki bu kin, küdurət?!
Hasilə nə qaldı, indi bax sevin…
Üstəgəl miskinlik, çıxaq əzəmət…

Dedilər sınama, sınanan haqdı,
Əzilən adamdan umma dəyanət.
Gör gəlib axırı hayana çıxdı! –
Üstəgəl xəyanət, çıxaq sədaqət…

Mən ülfət ummadım, sən həsrət dedin…
Dözümə tapmadım özümdə qüdrət!
İndi bu qalığı haqq-hesab edin
Üstəgəl fəlakət, çıxaq səadət…
Allah sənə rəhmət eləsin, Çingiz Əlioğlu…
11.08.26.

Hörmətlə: Şəfəq NASİR

Filologiya üzrə fəlsəfə doktoru

Könül Bünyadzadənin yazıları

Şəfəq Nasiirin digər yazıları

Məmməd Məmmədlinin yazıları

DAHA ÇOX XƏBƏR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Damət Salmanoğlu – QALX AYAĞA ŞAH BABAM

QALX AYAĞA ŞAH BABAM

Qalx ayağa, Şah babam,
Zəmanəmiz dəyişib.
Bəzi cahil, nadanlar
Sənə dil uzadıblar.
Uydurub böhtan, yalan,
Boş-boşuna danışır.
Guya qəddar olmusan,
Baş kəsib, ev yıxmısan…
Tarixdən bixəbərlər
Gör nə yazır, nə deyir!
​Hələ gənc yaşlarından
Keçdin böyük sınaqdan.
Cəmi on iki yaşda
Gilanı tərk eylədin.
Mərd Qızılbaşlar ilə
Böyük bir yola çıxdın.
1501-ci ildə,
On dörd yaşın var ikən,
Təbrizdə şah taxtına
Əyləşib bərqərar oldun.
Səfəvi dövlətini
Öz əlinlə qurubsan.
​Gəlib tarix səhnəsinə,
Ağqoyunlu taxtına
Son qoydun birdəfəlik.
Bölgədə yenilməz bir
Siyasi gücə döndün.
Şirvan, Azərbaycanım,
İranın torpaqları,
İraqın gen düzləri
Keçdi hökmranlığına.
​Hətta Xorasana dək
Sərhədini genişlətdin.
Qısa bir zaman içrə
Məğrur imperiya qurdun.
​Qızılbaş igidləri
Səninlə yola çıxdı,
Müzəffər ordun olub,
Dövlətinə dayaq oldu.
​Türkmənlərin tayfası
Birləşib gücə döndü,
Sənin iradən ilə
Bu ulu dövlət durdu.
​Sarayda, ordu içdə
Ana dilin ucaldı,
“Xətai” təxəllüslə
Neçə incilər yazdın.
Ana dilində dedin
Qəlbinin duyğusunu,
Türkün tarixi yaddaşında
Silinməz iz buraxdın.
​1514-cü ildə,
Ağır Çaldıran döyüşü
Səni sınağa çəkdi.
Lakin bir məğlubiyyət
Silmədi ad-sanını.
​İyirmi üç il hakimiyyət
Tarix üçün az deyil.
Qurduğun ulu dövlət
Ruhunu yaşatdı xalqın.
Böyük Səfəvilər kimi
Şanlı bir dövr yaratdı,
Yaxın Şərq xəritəsində
Dərin izlər buraxdı.
​Ona görə, Şah babam,
Qalx, tarixə bir də bax!
Sənə ləkə yaxanın
Şilləsini vur, ayıltsın!
Oxusunlar tarixi,
Öyrənsinlər həqiqəti!

11.08.2026. Azərbaycan.

Müəllif: Damət SALMANOĞLU

DAMƏT SALMANOĞLUNUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Təranə Məmməd – Sevda gülü

Sevda gülü

(hekayə)

20 ildir ki, xaricdə yaşayıram. Bakıdan gedəndə 40 yaşım var idi, ailəli deyildim. Bir qadınla yaxın əlaqəm var idi. İndi “onu sevirdim” deyə bilərəm, ancaq, o zaman ondan asanlıqla ayrılıb tərk etdim Bakını. Biz bir yerdə yaşamırdıq, ancaq tez-tez görüşürdük. Onunla keçirdiyim ilk gün də yadımdadır. O qadın o qədər incə, sakit, gözəl idi ki, sonralar heç beləsinə rast gəlmədim.
Söhbətlərimiz çox uzun çəkərdi həmişə. Sonda mən onu evlərinə yola salıb qayıdardım. Bəlkə də biz çox yaxşı dost idik və yaxın əlaqəmiz dostluğumuza, dostluğumuzsa sevgililiyimizə mane olmurdu.Bu qənaətə illər sonra gəlmişəm.
Onunla bir yerdə olanda heç bir məsuliyyət hiss etmirdim. Çünki məndən onunla evlənməyi tələb etmirdi.Biz bir yerdə olanda çox xoşbəxt olurduq.
Adətən qadına görüşəndə gül verirlər. Mən, əksinə, onu evlərinə yola salanda bir qızılgül bağışlayırdım həmişə o qadına.
Özü də ağ gül. Ağ gızılğülü çox sevirdi o.
Bu artıq bir ənənəyə çevrilmişdi. Heç unutmurdum ona gül bağışlamağı. Hər dəfə bu ağ gülə o qədər sevinirdi ki, sanki dünyanı bağışlayırdım ona.
Bakıdan gedəndə o məni təyyarə limanından ötürdü. Heç bir vida səhnəsi olmadı. Bir- birimizlə görüşüb ayrıldıq.
O gün mən ona gül bağışlamadım. Bilmirəm nədən, amma o gün o evinə gülsüz qayıtdı.
Bilmirəm niyə bunları xatırladım 20 ildən sonra? Xatirələr belədir. Unudursan, sonra yenə xatırlayırsan. Təbii ki, həmin qadın məni çoxdan unudub. Heç bir əlaqəmiz qalmadı axı. Mən xaricdə başqa bir qadınla evləndim. İndi oğlumun 18 yaşı var.
Bakıya dünən gəlmişəm.
20 ildə şəhər o qədər dəyişib ki, bəzi yerləri heç tanımadım. Çox gözəlləşib Bakı. Bu gün İçəri şəhərə gəldim. Buralarda çox gəzərdim cavanlıqda.
Həmin o qadınla da bura gələrdik çay içməyə.
Budur, yenə həmin daş pilləkənlər, daş örtüklü küçələr. Burda da çox şey dəyişib , ancaq ümumi kolorit dəyişməyib.Yeni restoranlar, kafelər ətrafda çoxalsa da buranın özünıməxsusluğunu pozmayıb.
Bayaqdan gəzirəm buralarda. İndi kafelərdən birində oturub çay içəcəm.
Budur, bax , nə qəribə adı var bu kafenin?! “Sevda gülü”. Lap o ötən günləri xatırlatdı mənə bu ad. O qadın da ağ gülü sevdiyinə görə mənim bağışladığım ağ gızılgülə “sevda gülü” deyərdi. Gör bir 20 ildən sonra həmin söz nələri xatırlatdı mənə?! O görüşləri, o söhbətləri və hər dəfə ayrılanda o qadına bağışladığım ağ sevda gülünü.
Görəsən o indi hardadır? Evlərinin yerini tapmaram artıq. O vaxt Sovetski deyirdilər o yaşadığı küçəyə. İndi oralardan əsər əlamət qalmayıb.Yəqin indi onun da ailəsi, uşaqları var. Nə isə… ötən günlər geri dönmür heyif ki.
Çox rahat kafedir. Adı da mənə doğmadır. “Sevda gülü”. Elə burdaca çay içim.
Bəh, bəh! Samovar çayıdır ki bu, kəklik otuyla, darçınla, limon və Bakı mürəbbələriylə. Dünyanın heç yerində çayın belə ətri yoxdur. Lənkəran çayıdır yəqin. İçməklə doymursan bu çayı. Artıq 3 cü stəkandır içirəm. Armudu stəkanda çayın başqa ləzzəti olur!
Canım Vətənim , nə yaxşı ki, burdayam! Oğlumu da bura gətirəcəm mütləq.
İndi isə durum, işim çoxdur,getməliyəm.
Hesabı vermək üçün ofisantı çağırdım. O yaxınlaşıb bir ağ qızılgül uzatdı mənə.
Mən Avropada belə sürprizlərə çox rast gəlmişəm,amma bu ağ gül mənə qəribə gəldi nədənsə.
-Bu mənimdir?- deyə soruşdum.

-Bəli. Biz müştərimiz kafeni tərk edəndə ona bir ağ gül bağışlayırıq. İlk gündən belədir.

  • Gözəl adətdir! Niyə məhz ağ gül?
  • Bilmirəm. Müdirimiz belə deyib. Gün ərzində bir neçə iri qutuda gül gətiririk və hamısını müştərilərə paylayırıq.
  • Müdiriniz qadındır?
  • Bəli
  • Mən onu görə bilərəmmi?
  • Bəli. İndi çağıraram.
    Mən yıxılmamaq üçün stuldan tutub dayanmışdım. Müdirin 20 il bundan əvvəl Bakıda qoyub getdiyim qadın olmasına əmin idim.
    O asta addımlarla mənə yaxınlaşırdı. Əlbəttə, ötən 20 il öz izini onun üzündə, əllərində, sinəsində qoymamış deyildi, ancaq gözləri həmin gözlər idi.
  • Eşidirəm sizi. Nədən narazısınız?- deyə o dilləndi.
    Mən yaxınlaşıb onun əlindən tutdum və əlimdəki ağ gülü ona uzadıb:
  • Məni tanımadınmı?-
    dedim.
    O susur, mənə baxırdı. Onun baxışlarında o qədər ağır həsrət, inciklik var idi ki. Mənim illərcə anlamadığım, duymadığım bir sevgi də var idi bu baxışlarda.
  • Sən gəlmisən?!-deyə nəhayət o dilləndi.
  • Hə. Ailəmlə Bakıdayam.
  • Nə yaxşı. Çox yaxşı ki, gəlmisən.
  • Sən necəsən? Ailən, uşağın varmı?
  • Var, bir oğlum var.
  • Nə gözəl! Çox sevindim. Oğlunun atasını sevirsənmi?
  • Çox! Ondan başqa heç kimi sevmədim.
  • Nə gözəl! Mən isə sevmədən evləndim, ancaq çox yaxşı qadındır oğlumun anası. Mənim də bir oğlum var.
  • Çox gözəl. Çox sevindim.
  • Bu kafenin adı, müştərilərə gül bağışlama ənənəsi mənə o günləri xatırlatdı.
  • Hə. Mən isə heç unutmadım o günləri. Çox çalışdım ki, unudum. Unuda bilmədim.
  • Ərin də sənə dəstək olub yəqin bu kafeni açmaqda.
  • Mən ərə getmədim ki.
  • Bəs…?
  • Gəl səni oğlumla tanış edim.
    O arxaya çönüb mənim adımı çağıranda anladım ki,oğluna mənim adımı qoyub.
    Otaqdan hündür, yaraşıqlı bir gənc çıxıb bizə yaxınlaşdı.
    Mən stula oturdum, çünki ayaq üstə dursaydım halım pis olacaqdı. Mənə yaxınlaşan oğlan mənim cavanlığımın təkrarı idi.
    Bu necə ola bilər axı?
    Mən o qadınla dəfələrlə birlikdə olurdum. O mənə heç vaxt hamılə olduğunu deməmişdi. Mən ondan ayrılıb onu unutdum. O isə…
  • Tanış ol, bu mənim oğlumdur,- deyə o oğlunu mənə təqdim etdi.
    Mən əlimi cavan oğlana uzadanda bədənimdən sanki isti bir cərəyan keçdi. Artıq heç şübhəm qalmadı. Bu cavan oğlan mənim oğlum idi…

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Özüm öz qəlbimin təranəsiyəm

Qəlbimin təranəsi

Həm bəmdə yerim var, həm zildə varam,
Kamantək titrəyib, neytək ağlaram.
Bir tütək səsinin həzin əksiyəm,
Özüm öz qəlbimin təranəsiyəm.

Qəmim də mənimdir, dərdim də mənim,
Nifrətim mənimdir, sevgim də mənim.
Hərdən həzin-həzin səslənəsiyəm,
Özüm öz qəlbimin təranəsiyəm.

Ümidim tükənib, cəhdim əbəsdir,
Əzəldən bəxtimin ünvanı tərsdir.
Sözləri nisgilli gəm nəğməsiyəm,
Özüm öz qəlbimin təranəsiyəm.

Gərdişi-dünyadan şikayətim yox,
Ömrün müddətinə zəmanətim yox.
Bir gün son nəğməmi söyləyəsiyəm,
Özüm öz qəlbimin təranəsiyəm.

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

I> BİR KİTABA YÜKLƏNMİŞ MİN FİKİR

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Rafiq Həşimovu yubileyi münasibətilə təbrik edirik

Rafiq Həşimovu yubileyi münasibətilə təbrik edirik

Diktor, ssenarist, esseist, tərcüməçi, rejissor, Azərbaycanın görkəmli televiziya və kino xadimi, AYB İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Televiziyasının sədr müavini Rafiq Həşimovun 60 illik yubileyidir.


Rafiq Həşimov “Sözün repressiyası” filminə görə və yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin “Əhməd Cavad” mükafatı ilə təltif edilib.
Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi adından Rafiq Həşimovu yubileyi münasibətilə təbrik edirik.

Hörmətlə: Səlim BABULLAOĞLU


SƏLİM BABULLAOĞLUNUN YAZILARI

Seyfəddin Hüseynlinin yazıları

Sevil Azadqızı “Aprel”dən yazır

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qadın yanar, Qadın donar, Qadın umar — Qadın…

***

Qadın sevər qulağıyla,
Kişi oynayar onunla –
hissləri ilə
həvəsi ilə,
duyğusu ilə…

Soyundurub bir qadını,
qulağına pıçıldayar
sevgi yalanlarını…

Danışar gəlib-keçmiş
Həyat nağıllarını…

Qadın seçər
aldanmağı.
Qadın seçər
inanmağı.

Qadın yanar
Qadın donar
Qadın umar —

Bir balaca sevgini də…

Çünki qadın
Sevilmək istəyər
Çünki qadın
Sevdiyi kəsin
Yalanını həqiqət eşidər.

Çünki qadın
Xəyanəti görsə belə
Atar içinə
Görməzdən gələr.

Çünki qadın susar
Qadın dözər…

Xəyanət olan ev
Uçar,
Tökülər.

Qadın sevərsə —
Dayaq olar,
Qadın ev olar,
Yuva olar…

Qadın sevərsə —
Xəyanəti də,
Nifrəti də unudar.
Ümid edər —
“Bəlkə bir gün düzələr”

Müəllif: Şəlalə CAMAL
Prezident təqaüdçüsü

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

ZAUR USTACIN YAZILARI

QƏNDABIN DİGƏR YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

12 avqust 2026-cı ildə nə baş verəcək?

12 avqust 2026-cı ildə nə baş verəcək?

(astronomiya)

12 avqustda Yer 7 saniyəlik cazibəsini itirəcəkmi? Həqiqət nədir?
Son aylarda sosial şəbəkələrdə maraqlı, lakin elmi əsası olmayan bir iddia sürətlə yayılır: guya 12 avqust 2026-cı ildə Yer kürəsi 7 saniyəlik cazibə qüvvəsini itirəcək, insanlar və əşyalar həmin anda havaya qalxacaq və hətta 40 milyon insanın həyatla vidalaşacağı iddia edilirdi

İddianın daha da diqqətçəkən tərəfi odur ki, guya hadisə 12 avqust saat 14:33 UTC-də, yəni Bakı vaxtı ilə 18:33-də baş verəcək. Bəzi paylaşımlarda hətta bunun NASA-nın “Project Anchor” adlı gizli layihəsi ilə əlaqəli olduğu və hadisənin əvvəlcədən məlum olduğu iddia edilir.

Lakin bütün bunların arxasında heç bir etibarlı elmi sübut yoxdur. NASA-ya istinad edən fakt-yoxlama araşdırmalarında belə bir sənədin və ya Yerin cazibəsini 7 saniyəlik söndürəcək hər hansı mexanizmin mövcudluğuna dair sübut tapılmayıb.

Bəs niyə məhz 12 avqust?
Çünki həmin gün həqiqətən də möhtəşəm astronomik hadisə baş verəcək — tam Günəş tutulması. Ay Günəşlə Yer arasından keçərək kölgəsini Yer səthinə salacaq. Tam tutulma zolağı Qrenlandiya, İslandiya, Şimali Rusiya, Atlantik okeanı, İspaniya və Portuqaliyanın kiçik bir hissəsindən keçəcək. Dünyanın daha geniş ərazilərində isə tutulma qismən müşahidə olunacaq.

Tam tutulmanın başlaması:
16:58 UTC → 20:58 Bakı vaxtı
Maksimum tutulma:
17:46 UTC → 21:46 Bakı vaxtı
Tam tutulmanın başa çatması:
18:34 UTC → 22:34 Bakı vaxtı ilə baş verəcək.

Bəs “7 saniyəlik çəkisizlik” haradan çıxdı?
Görünür, real astronomik hadisə — Günəş tutulması saxta bir hekayə ilə birləşdirilib. Sosial şəbəkələrdə əvvəlcə “Yer 7 saniyəlik cazibəsini itirəcək” iddiası yayılıb, daha sonra buna guya NASA-nın gizli sənədi və “Project Anchor” kimi detallar əlavə edilib.

Əslində isə Günəş tutulması zamanı Yerin cazibə qüvvəsi yox olmur. Ayın Yerə və Günəşin Yerə göstərdiyi cazibə qüvvələri daim mövcuddur. Tutulma sadəcə Ayın Günəş diskinin qarşısından keçməsi nəticəsində yaranan həndəsi hadisədir.

Deməli, 12 avqustda qeyri-adi bir şey həqiqətən baş verəcək — Günəş tutulması. Amma insanların havaya qalxmasına səbəb olacaq 7 saniyəlik “qravitasiya itkisi” baş verməyəcək.

Müəllif: Nazim

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Misralarda zaman və insan

Misralarda zaman və insan

(Cəmil Zəhbullaın yaradıcılığı barədə)

Mən onu bir dostumun 70 illik yubileyinin qeyd olunduğu günü, əyani olaraq tanıdım.
Onunla ünsiyyət zamanı hiss olunurdu ki, qarşımdakı insan təkcə söz adamı deyil, həm də ədəbiyyata, poeziyaya fəlsəfi baxışla yanaşan, sözün mahiyyətini düşüncənin dərin qatlarında axtaran bir şəxsiyyətdir.

Onun danışığında sadəliklə yanaşı, fikir genişliyi,hər cümləsində düşünülmüş bir ölçü və daxili intizam hiss olunurdu.O sözü yalnız ifadə vasitəsi deyil, insanın daxili dünyasını açan bir açar kimi dəyərləndirirdi.Onun psixoloji baxımdan ən diqqətçəkən xüsusiyyəti insanla ünsiyyətdə səmimiyyət və təmkin arasında tarazlıq yaratması idi.Dinləyərkən qarşısındakı insanı diqqətlə “oxuyur”,amma bunu heç vaxt nümayişkaranə şəkildə etmirdi.Bu isə onda yüksək müşahidə qabiliyyəti ilə yanaşı, İncə bir insan duyğusunun olduğunu göstərirdi.Hörmətli Cəmil Zəhbulla ilə görüşdükdən sonra içimdə yaranan maraq və heyranlıq, onu daha yaxından tanımaq istəyinə çevrildi.Qərara gəldim ki, onun yaradıcılığı ilə ciddi şəkildə tanış olum və bu tanışlıq mənimçün həm ədəbi həm də mənəvi bir səyahət olacaqdı.Cəmil müəllimi daha yaxından tanıdıqdan sonra onun həm bədii, həm də intellektual gücünü ustalıqla birləşdirən bir şəxsiyyət oduğunu anladım.Cəmil müəllim rəhbəri olduğu turaztv.az saytında bir çox insanların əsərlərini təmənnasız yayımlayaraq, Azərbaycan ədəbiyyatının misralarına işıq tutur və yolunu aydınlaşdıraraq töhfələr bəxş edir.Cəmil müəllimin elmə verdiyi Əvəzsiz töhfələri, oxucu kütləsinin maarifləndirilməsi yolunda böyük səyləri, bir ziyalının qət edə biləcəyi ən böyük zirvədir.

Hörmətli Cəmil müəllim!
Sizə bundan sonrakı yaradıcılıq fəaliyyətinizdə yeni-yeni uğurlar, tükənməz ilham və möhkəm cansağlığı sağlığı arzulayırıq. Qələminizin işığı daim söz dünyamızı aydınlatsın, düşüncələriniz ədəbiyyatsevərlərin ruhuna yeni nəfəs versin.Qələminiz insan qəlbinə nur, düşüncəsinə dərinlik bəxş etməkdə davam etsin.65 yaşınız mübarək olsun.
Ulu Tanrı sizi qorusun.

Müəllif: Nicat Ərtürk

AYB-nin üzvü, şair-publisist

Nicat Ərtürkünün yazıları

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I