
Öncə söz vardı… (11)
VAQİF SƏMƏDOĞLU – Xalq şairi, yazıçı-dramaturq, ictimai xadim
(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)
Ey, uzaq yaşıl adanın sakini. Ayrılığı aramıza salan qos-qoca dəniz var aramızda.Orada yerişiniz necədir, Vaqif müəllim? Orada gülüşünüz necədir?
Dənizin səsi günbəgün batırmı? Quşların səsini susdura bilirsizmi? O yaşıl adadan buralar ağ-qara görünürmü? Bir xanım qarşısında diz çökəcək qədər ucalığınız qalıbmı? Oradan bizim tərəflər necə görünür? Deyəsən, suallarım çox oldu.Elə burada da sualların çox, cavabların az olduğundan giley-güzar edərdiniz.Odur ki, kəsə soruşacam:
O yaşıl adadan qayıdıb əvvəlkitək sevərsizmi bizim dünyanı, 39-da doğulub, 37-də tutulmaqla aranız necədir? Bu günə dönüb “deyəsən, yaşamaq istəyirəm” deməyə gücünüz çatarmı?
Aramıza dönüb şair olarsızmı? Yooox, çaşdım.Şeir olarsızmı, nəğmə kimi oxunmaq istəyən şeir?
Yer üzündə,
Bircə qadın varsa,
Məhəbbət var yer üzündə,
Bircə çocuq varsa,
Övlad var yer üzündə.
Yer üzündə
bircə ağac varsa,
Kölgə var
yer üzündə,
Bircə tikə torpaq varsa,
Vətən var Yer üzündə.
(V.Səmədoğlu)
Vətəni var Yer üzündə sığınmağa Vaqif Səmədoğlunun.
-Nə əla!
Qadını var sevməyə- nə gözəl!
Ağacı var yer üzündə kölgələnməyə
-nə yaxşı!
Nə yaxşı ki, bizim də Vaqif Səmədoğlumuz var.1939-cu ilin iyunun 5-də doğulmuşdu.Elə bu,
“5 iyun tarixi” – Lorkanın, Müşfiqin doğulduğu tarix
“Hünərin var gəl, şair olma!” demişdi Vaqifə.Sonra da təqvimi tərsinə yaşayıb 1937-ci qurbanlarının- Cavidin, Müşfiqin, Cavadın şərəfinə doğum ilindən 2 il əvvəl tutulmağı da bacarmışdı.Elə o zamandan çıxmışdı haşiyələrdən, qəliblərdən, o zamandan yorulmuşdu, usanmışdı çərçivələrdən…
Bacardığı işlər isə çox idi.Həddindən çox…El-obasına vurğun Səməd Vurğunun oğlu idi.Atasının balaca Vaqifin əlindən tutub Konservatoriya nəzdində 10 illik musiqi məktəbinə apardığı gündən başlamışdı müxtəlif peşələrə vaqif olmağa…
“Violonçel çalmaq balaca Vaqifə ağır olar” – deyib onu pianoya yönləndirə bilmişdi Səməd Vurğun.Ancaq tədricən şeir də yazmağa başlayır.
“Səmədin oğlu Səməd kimi yazar” – deyənləri əməlli-başlı mat qoyur…Vaqif öz üslubu, öz təhkiyəsi ilə gəlir ədəbiyyata.Sərbəst şeirlərinə xeyir-duanı isə Rəsul Rza verir.Bu şeirlər Tanrı duaları kimi, pıçıltı ilə oxunmağa başladı.
Azman kişilərə “əmi” deyərdi.Onların yanında boya-başa çatdı.Kimləri görməmişdi ki gəncliyində? Uşaq ikən atasının Kislovodskidə aldığı “Komsomolets” foto-aparatının neqativinə nələri, kimləri köçürmədi ki?!
40-50-ci illər Bakı mənzərələrini, Dağlı məhəlləsinin qədeşlərini, məşhur Bakı dəlilərini – Mişoppanı, Tarzanı, Hüsü Hacıyev küçəsinin alverçilərini.Amma komsomolçuluq yox, istiqlalçılıq oldu amalı.Anası azadlıq, özü isə kükrəyən misraları ilə azadlığı yellədən dəlisov bir rüzgar oldu.
Sən mənim
Doğma anamsan, Azadlıq,
Mən sənin
Yad qapısında böyümüş balan…
Sən son ümidimin qaldırdığı
Ağ bayraqsan, Azadlıq,
Mən səni
Yellədən külək…
P. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçdikdən sonra Bakıda müəllimlik edir.”Azərbaycan” jurnalında “Yeddi şeir” adlı ilk mətbu əsəri ilə tanınmağa başlayanda hələ 1963-cü il idi.1972-ci ildə nəşr olunan “Günün baxtı” ilk şeirlər kitabı isə Vaqifin baxtına gün kimi doğdu.Hobbiləri o qədər çox idi ki, adama elə gəlir ki, indi 5-6 Vaqifdən bəhs edirəm sizə:
Ovçu Vaqif, şair Vaqif, fotoqraf Vaqif, dramaturq Vaqif, motosikl həvəskarı Vaqif, pianoçu, cazmen Vaqif…
Vaqif Səmədoğlu dramaturgiyaya poeziyadan gəlib.Gələndə kəskin yumorunu, sarkazmını da əl çantasına qoyub gəlib.Yayda qartopu oynatmağa, gözlərə yaşıl eynək taxmağa, köhnə yəhudi nəğməsini qoşmağa həvəs də buna görə idi.Mamoy kişinin çin çıxan yuxularının insanda yaratdığı xof dramaturqun bizim üçün keçirdiyi əndişələri idi.
-“Bilirsiz, bu dünyanı çox sevirəm, həddindən artıq sevirəm bu həyatı” -belə deyərdi.Görünür, uşaq kimi inanırdı bu dünyanın keçici zövqlırinə.Yaz başında, təzə otlar çıxarkən yağan dolunun, yağışın bu otları döyməsini ən gözəl mənzərə sanardı.
Bilin ki, Vaqif müəllim, biz də yazın şehini, payızın mehini çox sevirik.Heç kimə deməyin amma.Heç kimə deməyin ki, daş evlər arasında biz də dumandan qorxmuruq və bu yaz gecəsində diriyik, lap sizin şeirləriniz kimi…
Bakıya duman gəlib,
Heç kəsə demə!
Deyəsən, yaman gəlib,
Heç kəsə demə!
Çıraq yanıb bu axşam,
Yanıb, sönüb bu axşam.
Bu dumana qapımdan,
Çıxan kimi azmışam,
Yenə şeir yazmışam.
Heç kəsə demə!
Daş evlər arasında,
Neyləyər duman mənə?
Gülüm diriyəm yenə,
Heç kəsə demə!
(Yazımda müəllifi olduğum “Sətirlər” kitabına və digər mətbu məqalələrimə söykənmişəm)
MÜƏLLİF: TURAN UĞUR
“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru