Həmrəylik sərhəd tanımır

Həmrəylik sərhəd tanımır
İsveçdən Azərbaycana uzanan milli məsuliyyət

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını birləşdirən mənəvi körpüdür. Harada yaşamasından asılı olmayaraq, vətənlə nəfəs alan, milli kimliyini və dəyərlərini qoruyan soydaşlarımız bu həmrəyliyin canlı nümunəsidir. Məhz belə həmvətənlərimizdən biri də İsveçdə yaşayan Naxçıvanın Qaraxanbəyli kəndindən olan Turan Əliyevdir.
Hazırda xaricdə yaşayan həmvətənimiz onlayn söhbətimiz zamanı müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları eyni amal ətrafında birləşdirən bu əlamətdar gün kontekstində həm şəxsi həyat yolu, həm də diaspora fəaliyyəti ilə bağlı maraqlı fikirlərini bölüşdü.
Onun Azərbaycandan gedişi planlı bir köç olmayıb. Sağlamlıqla bağlı səbəblər onu müvəqqəti olaraq vətəndən uzaq salıb. Müalicə məqsədilə ölkədən ayrılan müsahibimiz vurğulayır ki, harada yaşamasından asılı olmayaraq, özünü həmişə mənəvi baxımdan Azərbaycana bağlı hiss edib. Onun sözlərinə görə, məsafələr dəyişsə də, vətənlə bağlar heç vaxt qırılmayıb.
İsveçdə yaşayan Turan Əliyev bu ölkədəki həyatla bağlı ilk təəssüratlarının müsbət olduğunu qeyd edib. Xüsusilə İsveçin sosial sistemi, insan hüquqlarına və demokratik dəyərlərə verdiyi önəm onun diqqətini çəkib. O bildirib ki, yaşadığı cəmiyyətə inteqrasiya olmağa çalışmaqla yanaşı, həm də soydaşlarına dəstək göstərməyi və ictimai-siyasi proseslərdə fəal iştirak etməyi özünə borc bilir.
İsveçdə yaşayan müsahibimiz hazırda siyasi fəaliyyətlə məşğul olur və eyni zamanda diaspora sahəsində də aktivdir: “ Mən təxminən 40 min nəfər əhalisi olan bir şəhərin bələdiyyə məclisinin üzvü kimi fəaliyyət göstərirəm və bir sıra siyasi komitələrdə partiyamı təmsil edirəm. Bundan əlavə, İsveçdə İnzibati və Miqrasiya Məhkəməsində jüri kimi çalışıram. Həmçinin, qarşıdan gələn il İsveçdə keçiriləcək parlament, regional və bələdiyyə seçkilərində də namizədliyim qeydə alınıb. Bütün bu fəaliyyətlərimdə əsas məqsədlərimdən biri Azərbaycan həqiqətlərinin təbliği və ölkəmizin milli maraqlarının qorunmasıdır”.
Xaricdə yaşamağın milli kimliyə təsirindən danışan Turan Əliyev qeyd edir ki, bu proses onun azərbaycançılıq düşüncəsini daha da möhkəmləndirir: “ Mən hesab edirəm ki, insan vətəndən uzaqda olduqda dilinin, mədəniyyətinin və kimliyinin dəyərini daha dərindən anlayır. Fikrimcə, azərbaycanlı olmaq milli mənsubiyyətlə yanaşı, eyni zamanda böyük bir məsuliyyətdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların bir amal ətrafında birləşməsinin rəmzi kimi qiymətləndirirəm. M illi həmrəylik xalqımızın gücünü daha da artırır və milli maraqların qorunmasında mühüm rol oynayır”.
Turan Əliyev İsveçdə yaşayan azərbaycanlı icması ilə daim əlaqədə olduğunu da qeyd edib: “ Bu birlik müxtəlif mədəni tədbirlər, görüşlər və ictimai layihələr vasitəsilə qorunur və möhkəmləndirilir. Qarşılıqlı dəstək və milli dəyərlərə sadiqlik bu icmanın əsas dayaqlarından biridir”.

Xaricdə yaşayan azərbaycanlıların ölkəmizin tanıdılmasındakı roluna toxunan Turan Əliyev bildirir ki, diaspor üzvləri yaşadıqları ölkələrdə Azərbaycanın qeyri-rəsmi səfirləri kimi çıxış edirlər. Onlar Azərbaycan həqiqətlərini, mədəniyyətini və mövqeyini tanıdaraq ictimai rəyin formalaşmasına mühüm töhfə verirlər.
Sonda o, həmvətənlərinə də müraciət edir: “Harada yaşamaqlarından asılı olmayaraq, xalqımıZ hər zaman Vətənlə bağlarını qorumalı, ana dilini və milli dəyərlərimizi unutmamalıdır. Təhsil almaq və inkişaf etmək nə qədər önəmlidirsə, milli kimliyə sadiq qalmaq da bir o qədər əhəmiyyətlidir”.

Müəllif: Elnurə Cəfərova

Elnurə Cəfərovanın yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir