
ÇARDAXLI SUYU
İnci axtarmışam hər an dərində,
Gözüm uzqalara baxıb həmişə…
Mənim Çardaxlımın həndəvərində
Bulaqlar çağlayıb, axıb həmişə…
Bir cam su içmədim Cam bulağından,
Ucqar Quş bulağı quşlara qalıb…
Qarağac bulağı Səngər dağından,
Süzülb, durulub, daşlara qalıb…
Həsrət yağışları üzümü yuyur,
Nisgil ürəyimi dəlib həmişə…
Mənim Qubadlımın içməli suyu,
Mənim Çardaxlımdan gəlib həmişə…
Baxıb uzaqlara köks ötürmüşük,
Ov bircə addımlıq bərədə qalıb.
Pəyhan bulağından su gətirmişik,
Qısraq boynubükük dərədə qalıb.
Lalə dənizimi Çardaxlı düzü?
Ona gözəlliyi yaradan verib…
Hər an təşnə qalıb Çardaxlı özü,
Suyu Qubadlıya həyat, can verib…
Bu kənddə gəlmişəm imana, dinə,
Bu kənd neçə qərib qonaq saxlayıb,
Heç kəs susuz yerdə salmayıb binə,
Eli öz başına bulaq toplayıb…
14.01.2021
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.