CƏNNƏTƏ DÖNƏN TORPAĞIN SƏSİ

CƏNNƏTƏ DÖNƏN TORPAĞIN SƏSİ
(Asif Yusifcanlının “Cənnətə dönəcək Qarabağımız” şeiri haqqında səh. 57)
Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu təkcə coğrafi bir məkanın təsviri deyil, milli yaddaşın, tarixi ədalətin, itkinin və qayıdışın poetik salnaməsidir. Asif Yusifcanlının “Cənnətə dönəcək Qarabağımız” şeiri də bu salnamənin çağdaş mərhələsini ifadə edən, ümid, inam və gələcəyə yönəlmiş bir poetik manifest kimi səslənir.
Şeirin ilk misralarından etibarən oxucu İlahi bir ədalət duyğusu ilə qarşılaşır:
“Yetdi dağdımıza Ulu Yaradan,
Qovduq yağiləri Qarabağdan biz.”

Burada qələbə yalnız hərbi-siyasi hadisə kimi deyil, mənəvi haqqın, ilahi ədalətin təcəssümü kimi təqdim olunur. Müəllif Qarabağın azadlığını təsadüfi bir nəticə yox, tarixin və Tanrının hökmü kimi oxucuya çatdırır. Bu yanaşma şeiri sırf emosional mətndən çıxarıb, milli-ideoloji məzmunla zəngin publisistik çağırışa çevirir.
Şeirin əsas gücü onun bərpa və quruculuq fəlsəfəsindədir. Müəllif təkcə dağıdılmış yurdların ağrısını xatırlatmır, eyni zamanda gələcək Qarabağın mənzərəsini yaradır:
“Gülşən yurdlarımız olsa da talan,
Burada gül açacaq əməllərimiz.”

Bu misralarda mühüm bir ideya var: Qarabağı cənnətə çevirəcək olan yalnız torpaq deyil, insan əməyidir, vicdanlı fəaliyyətidir, yaradıcı ruhudur. Şair oxucuya mesaj verir ki, qayıdış yalnız fiziki deyil, mənəvi məsuliyyət tələb edir.
Məqalə baxımından diqqətçəkən məqam odur ki, şeirdə Qarabağ gələcəkdə boşluq yox, həyat məkanı kimi təqdim olunur:
“Boş yer qalmayacaq azad torpaqda,
Yenə də şəhərlər, kəndlər olacaq.”

Bu misralar çağdaş Azərbaycan reallığında aparılan bərpa, məskunlaşma və dirçəliş prosesləri ilə səsləşir. Şeir ictimai düşüncəni ruhlandıran, insanları quruculuğa səsləyən ideoloji mətndir.
Şeirin mədəni-estetik qatında isə Qarabağın musiqi və təbiət obrazları ön plana çıxır:
“Nəğmələr dolaşır dildə, dodaqda,
Bülbüllər hər yerdə haray salacaq.”

Burada Qarabağ sadəcə azad edilmiş ərazi deyil, yenidən mədəniyyətin beşiyi, musiqinin, poeziyanın, sözün və səsin məkanı kimi canlanır. Bülbül obrazı Qarabağ folklorunun, muğam dünyasının və Şuşa ruhunun simvolu kimi çıxış edir.
Şeirin kulminasiyası isə nikbin və ümumiləşdirici finalda cəmlənir (kaş müəllif burada “yerimizdə” əvəzinə “elimizdə” işlədəydi… Z.U.):
“Toy-bayram olacaq hər yerimizdə,
Cənnətə dönəcək Qarabağımız.”

Bu sonluq publisistik baxımdan çox mühümdür. Burada Qarabağ yalnız azad edilmiş torpaq deyil, yaşanan, sevilən, şənlənən Vətən kimi təqdim olunur. Şair oxucuya gələcəyin Qarabağını ağrı ilə deyil, sevinc və həyat eşqi ilə düşünməyi təlqin edir.
Nəticə olaraq demək olar ki, Asif Yusifcanlının “Cənnətə dönəcək Qarabağımız” şeiri müasir Azərbaycan poeziyasında qələbədən sonrakı mərhələnin bədii ifadəsidir. Bu şeir həm tarixi yaddaşı qoruyur, həm də gələcək üçün ictimai məsuliyyət hissi formalaşdırır. O, oxucunu yasdan quruculuğa, həsrətdən ümidə, xatirədən sabaha aparan poetik-publisistik bir yol xəritəsidir.
Bu yolun adı isə birdir:
Qarabağın cənnətə dönür!

16.01.2026. Xankəndi.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir