
ZƏMANƏNİN TOMRİSİ
(Səkinə xanım Əliyevanın 100-illiyinə)
(poema)
Tarix bəzən
silah səsi ilə yazılmır,
bəzən bir qadının
titrəməyən səsi ilə yazılır.
1989-un qışı – 19 yanvar 1990-cı il
Naxçıvanı dünyaya tanıtdı.
Bu işi Səkinə xanım –
Zəmanənin Tomrisi gördü…
Kişilər qorxudan qaçıb gizlənəndə
O tribunaya qalxdı,
Yardım istədi…
Ayağında imperiya cəkmələri,
daş divarların içində,
adını tarix bilmirdi hələ –
amma zaman onu tanıyırdı.
Səkinə.
Sadə bir ad,
çətin bir yük.
O, kresloda oturmamışdı,
o, milləti üçün tribunada idi.
Moskva təhdid edirdi,
Bakı tərəddüd edirdi,
imperiyanın ağır dəmir əlləri
Naxçıvanın boğazını sıxırdı.
Deputatlar qorxunu
sükut kimi geyinmişdilər.
50 faiz + 1
bir millətin taleyi qədər ağır idi.
Və o dedi:
— Sessiya olacaq!
Bu nida cümləsi
Naxçıvandakı tanklardan zəhimli idi.
Bu cümlə
SSRİ xəritəsində
ilk çatlaq oldu.
Kərki yanırdı,
qan axırdı,
sərhədlər ağlayırdı,
amma o,
geri çəkilmədi.
Əksinə:
— “Dəmiri isti-isti döyərlər” — deyib,
irəli getdi…
Qars müqaviləsi
tozlu arxivdən çıxıb
canlı sənədə çevrildi.
Türkiyəyə uzanan səs
bir yardım deyil,
bir hüquq idi.
BMT-yə yazılan müraciət
bir kağız yox,
bir fəryad idi.
“SSRİ qoşunları çıxsın!”
— deyəndə
imperiyanın qulağı kar oldu,
amma tarix eşitdi.
Və televiziya ekranında
ilk dəfə
“Azadlıq” nidası səsləndi.
Bir neçə saat sonra
Bakıda
qan yağdı.
20 Yanvar
Naxçıvan qərarının
haqlılığını möhürlədi.
Tarix dedi:
— O qadın gecikmədi.
Sonra
onu kənara çəkdilər,
səssizliyə sürgün etdilər.
Adını demədilər,
şəkillərini gizlətdilər.
Amma
Tomris də
bir vaxt tarixdən
silinmək istənmişdi.
Zamanın Tomrisi
qılınc tutmadı,
amma iradə tutdu.
Ordusu yox idi,
amma xalqı vardı.
Səngəri yox idi,
amma vicdanı vardı.
2010-da
bir qadın köçdü bu dünyadan
ancaq, bir yol,
bir ad qaldı əbədi…
Bu gün
Naxçıvanın dağları
onu tanıyır,
Araz onu xatırlayır,
sərhəd daşları
ona salam verir.
Çünki bəzən
bir ölkəni, bir xalqı
bir qadın xilas edir.
Bəzən
bir imperiyanı
bir cümlə dağıdır.
Və bəzən
zəmanənin Tomrisi
zamanın özündən
cəsur olur.
15.04.2025. Bakı.
Müəllif: ZAUR USTAC