KAŞ Kİ, GÖZƏL OLAYDI

KAŞ Kİ, GÖZƏL OLAYDI

(hekayə)

  Səlim kişi gözlərini açanda başına toplaşan övladlarının, nəvələrinin bir ağızdan xorla:-Allaha şükür!-dediklərini eşidəndə, anladı ki, yenə də epilepsiyası tutub.

  – Ay ata! Niyə həkimə gedib özünü yoxlatmırsan?–deyib sonbeşik qızı-Arzu əyilib atasının alnından öpüb, özündən yaş yarım böyük qardaşı-Raufa üzünü tutub onu da qınadı:

  – A lələ! Niyə atamızı həkimə aparmırsan?

  – Sözə baxırmı ki?

  Tək oğul övladı olduğu üçün ərköyün böyüdülən oğlunu uşaqkən sözə baxmadığına görə çox tənbeh eləmişdi Səlim kişi. O vaxtlar ağlına gəlməzdi ki, vaxt gələcək özünü də sözə baxmamadığına görə övladları qınayacaqlar. O, indi başına toplaşan övladlarını nəzərdən keçirdi. Onların yaşında olduğu vaxtlarını xatırladı. Onda onlar indi onun qəfldən yaxalandığı epilepsiyanın təsirindən təlaşa düşən nəvələri yaşda olardılar.

  O zamanlar övladları ondan asılı idilər. Maddi, mənəvi yardımına, qayğısına möhtac idilər. İndi isə o, övladlarının maddi yox, mənəvi dayağına və sayğısına möhtacdır.

  Qayınatasının özünə gəldiyini görən Nargilə mətbəxə qaçıb bal şərbəti hazırlayıb gətirdi.

  – A dayı, yaman qorxutdun bizi. Özünü necə hiss edirsən?

  Səlim kişi qalxıb çarpayıda oturdu. Şərbəti içib gəlininə təşəkkür elədi:

  – Sağ ol qızım! Əbəs yerə qorxmusunuz. Ətrafındakıları nəzərdən keçirib, əlini nəvələrinə uzadaraq gülümsünüb, sözünə davam elədi: – Bu cür qoçuları olan babanın əzrayıl cürət edib həndəvərindən də keçməz.

  Nəvələrin ən kiçiyi beş yaşlı Eldar sinəsini qabardıb, məğrur görünüş yaradıb dedi:

  – Baba! Bunlara çox da güvənmə! Dediyin əzrayılı görən kimi pərən-pərən düşəcəklər. Mən isə, heç cürə ona imkan vermərəm ki, sənə yaxın dursun.

  Böyüklər əhəmiyyət verməsə də Eldarla eyni yaşda olan maması (bibisi) oğlu Fizuli çiyinlərini dartıb, sinəsini qabardıb babasına yaxınlaşdı.

   – A baba! Eldara da güvənmə! O da, əzrayılı görəndə hamıdan qabaqda qaçacaq. Mən isə, Əzrayılın sənə tərəf yaxınlaşacağını görsəm, badalaq atıb yıxaram yerə. Qoymaram onu sənə toxunsun.

  Hazırcavablığı ilə böyükləri də heyrətə gətirən dördüncü sinifdə oxuyan Pərvanə qardaşı – Eldarala maması oğlu – Fizulinin özlərini öymələrinə dözmədi.

  – Doğrudan da uşaqsınızmış. Əzrayıl mələkdir, gözə görsənmir. Əcəli çatmayanların canını almır. Babamız zarafat edirdi. Siz keybaşlar bunu qanmadınız.

 – Buna bax ee! Özünü babamdan da şox bilmiş sanır. Azz! Əzrail dırnağımızın arasına dolan mikrobdurmu ki, gözlə

 görünməsin. Düz demirəmmi baba?

  Həmişə qəliz sualları ilə başını qatan Eldarla Fizulini Səlim kişi çağırıb hərəsini bir dizinin üstündə oturdub  Pərvanəyə də əli ilə işarə elədi ki, yanında əyləşsin.

  – Pərvanə düz deyir. Gerçəkdən də əzrail mələkdir, gözə görünmür. Əcəli çatmayanın canını almır. İndi də diqqətlə əlimə baxın və barmaqlarımı sayın! Neçəsi var?

  Səlim kişinin sualına nəvələr xorla cavab verdilər:

  – Beş.

Səlim kişi ikinci əlini də qaldırıb dedi:  

  – Görürsünüzmü? Bunda da beş barmağım var. Bunların hər hansı  birinə iynə batırsalar, hansınızın canı ağrı hiss edəcək? Əlbəttə, məndən başqa heç birinizin. Çünki, bu barmaqlar mənim canımın bir parçasıdır. Hər hansı birinizə dəyən zərbənin ağrısı isə, sizdən çox, məni yandıracaq. Ona görə ki, hər biriniz canımın bir parasısınız. Siz bir-birinizlə nə qədər mehriban olsanız, mən o qədər sevinəcəyəm. Sizin bir-birinizə olan xoş münasibətiniz mənim heç kəsin yayına bilmədiyi əcəlimin vaxtını üzadır, aqresivliyiniz isə, qısaldır. Mənim də sizin yaşınızda olarkən babam, nənəm olub. İndi hanı onlar? Görürsünüzmü? Yoxdular. Mənim yanınızda daha çox olmağımı istəyirsinizsə, mehriban olun. Bir-birinizə iradınızı it dili-aqresiya ilə yox, insan dilində nəzakətlə emosiyasız bildirin. Kütləvı kin, nifrət, öpkə, aqressivlık cəmiyyətimizi uçuruma sürükləyir. Sadaladığım neqativ anormallıqda bişən bəndələrini uca Allahımız gec-tez qovuşacaqları əbədi yaşayacaqları axirətin cənnətindən məhrum edəcək, od-alovla qaynayan cəhənnəmə göndərəcək.

  Mən adi bir insan oldduğum halda, sizin bir-birinizə qarşı olan aqressiv münasibətinizə dözə bilmirəmsə, ucaların ucası-Allahımız insan kimi yaratdığı bəndələrinin bir-birinə olan vəhşi qəddarlığına dözərmi?

  Az öncə ailəni lərzəyə salan gərginlik sovuşmuşdu. Hamı diqqətlə Səlim kişini dinləyirdi. O danşdıqca, Pərvanə bir –neçə il qabaq anasının maraqla izlədiyi Türk dizisi “Baba sandır“ dizisinin baş qəhrəmanı ilə babasını müqayisə edirdi. Anası ilə birlikdə həmin dizini maraqla izlədiyi vaxtlar,  Pərvanənin ağlına gəlməmişdi ki, ordakı ata obrazı ilə babası eyni taleyi yaşayırmış. Hər ikisi həyat yoldaşını itirib övladlarını tək böyütməli olublar. Atası gündüz vaxtları işdə olduğundan, vaxtının çoxunu birlikdə keçirdiyinə görə o, babasını atasından da, anasından da daha çox istəyirdi. Sözinü bitirdikdən sonra onları, diqqətə süzüb kövrəldiyini görəndə:

  – Babam candır. – deyib boynuna sarılıb üzündən öpdü.

  Digər nəvələrin də Pərvanənin etdiyini təkrarlaması, atalarının nəsihətini dinlədikcə, onun da, yaxın vaxtların bir günündə, “İndi hanı onlar?“ sorduğu babasına, nənəsinə qovuşacağının təlaşını yaşayan Raufla, bacısı Tükəzbanı, kövrəltdi. 

  Neçə saat idi ki, Rauf telefonuna gələn zənglərə cavab verməyib söndürürdü. Bu dəfə gələn zəngi qapada bilməzdi. Çünki, zəng edən urusetdə yaşayan böyük baçısı Maral idi.

  – Bacı, necəsən nə var nə yox?

  – Bizdə salamatçılıqdır. Sizdə nə var nə yox? Keçən axşam qarışıq yuxular görmüşəm. Atamız necədir?

  – Allaha şükür yaxşıdır. Nəvələrinə dərs keçir.

  – Yəqin ki, bizə keçdiyi dərsləri təkrarlayır. Dərs saatını bildirsəydi, mənimkilər də onlayın qoşulardılar. Ona deginən növbəti dərsə məndən xəbərsiz başlamasın.

  – Özün desən daha yaxşı olmazmı?

  Rauf telefonunu atasına verdi.

  – Ata, necəsən?

  – Mən yaxşıyam. Səni gördüm daha da yaxşı oldum. Özün, uşaqlar necəsiniz? Yeznənin işləri necə gedir? Vətənə dönmək fikrinizdən keçmirmi?

  – Ay ata, məndən olsa bir gün də burda qalmazdım. Doğmalardan uzaq düşməyin nə olduğunu özün də görmüsən. Ən çox da, səndən ötrü darıxıram.

   – Mənim dərdimi çəkmə! Görürsənmi yanımdakı cangüdənlərimi? Möhkəm söz veriblər ki, hətta əzrayılı da həndəvərimə buraxmayacaqlar. 

  Nargilə qayınatasına yaxınlaşıb üzünü telefona tutub baldızına əl yelləyib salamlaşdılar, bir-birinin hal-əhvalını sordular. Tükəzban da, telefona üzünü tutub bacısı ilə salamlaşdı.

  – A bacı, olmazmı ki, yeznə qalıb işləsin sən uşaqlarını götürüb gələsən? Biz də, sizdən ötrü narahatıq.

  – Niyə olmurmur ki, olardı. Bir neçə dəfə cəhd də eləmişəm. Tez də fikrimdən daşınmışam. Çünki, Rüstəmlə şəhərə çıxanda, buranın qadınlarının ona, qarşısına dovşan çıxan canavar kimi baxdıqlarını görmüşəm. Yadındadırmı atam yuxuda tez-tez Mehriban adlı bir qadının adını çəkərdı. Rəhmətlik anam o, qadının kim olduğunu soruşanda atamız deyərdi: Adamın yuxusuna cin-şeytan girər. Belə bir adam tanımıram. Ay ata, yadına gəlirmi bir dəfə sən yuxuda sayaqlamışdın: A Mehriban! Mən də çox istərdim. Nə edim ki, alınmadı. Axı səni başa salmışdım. Bunu eşidən anam uzun müddət səni danışdırmdı. Dilə tutub çox çətinlıklə barışdırsaq da, sənə qarşı olan əvvəlki münasibətini bərpa edə bilmədik.

  – A dayı, Son illər nədənsə, yuxuda çox zarıyırsan. Bəzən, Rayfu oyada bilməyəndə, özüm sənə baş çəkirəm. Bir dəfə də olsun qaynanamın adını çəkdiyini eşitməmişəm. Həmişə Mehribanı haraylamısan. Kimdir o qadın?

  Gözəl xasiyyətinə görə qızlarından seçmədiyi gəlininin sualına qeyri-ixtiyari cavab verdi:

  – Urusetdə olduğum zamandakı gəncliyimin acı xatirəsi.

 Raufla Tükəzban təəccüblə bir-birinə baxıb gülümsündülər. Onlar dəfələrlə soruşsalar da, ataları bu sualdan yayınmışdı.

  – Ay ata, ola bilərmi ki, olduğum yerin yaxınlığında baçı-qardaşım olar, mənimsə, bundan xəbərim olmaz. Vardırsa ünvanı bildir, axtarıb tapım.

  Övladlarının ilki olduğuna görə ürəyində xüsusi yeri olan Maralı yanlış təxmininə görə Səlim kişi qınadı:

  – Yaxşı tanıdığın atanı keçmişində qara iz buraxacağında şübhələnəcəyini səndən gözləməzdim.

  – A ata, bağışla. Doğmalarımı birlikdə görəndə, elə sevindim ki, ağzıma nə gəldi üyüdüb tokürəm.

  Doğmaların nəyə görə bir araya gəldiklərini, bir-neçə saat ərzində necə kritik anlar yaşadıqlarını, Maraldan  keyfi  pozulmasın deyə gizlətdilər.

  Çoxdan danışmadıqlarına görə söhbətləri uzun çəkdi. Şam yeməyindən sonra Səlim kişi vərdişini pozdu. Həmişəki kimi televizoru açıb xəbərlərə baxmadı. Otağına gedib çarpayısına uzandı. Uzun illər keçməsinə baxmayaraq hələ də unuda bilmədiyi, hətta yuxuda da ondan əl çəkmədiyi Mehribanla tanış olduğu günü xatırladı.

                                                   ***

  Əsgərlikdən gələndən sonra nə öz, nə də ki, qonşu rayonlarda ixtisasına uyğun iş tapa bilməyən Səlim çətinliklə ata-anasının razılığını alıb, hərbi xidmətdə olduğu şəhərə qayıtdı.

  Səhər tezdən qatardan düşən Səlim yaxşı tanıdığı şəhərin ən böyük avtoparkında elə həmin gün iş tapdı. Bir gün ərzində qeydiyyata alındı, yataqxanada yerlə təmin olundu. Belə tez bir zamanda işinin düzəldiyindən keyfi göyün yeddincı qatında süzən Səlim axşam tərəfi səhər cəzintisinə çıxdı. Yataqxanadan bir-neçə yüz metr aralanmışdı ki, ərzaq mağazasının qarşısında söhbət edən qızlara yaxınlaşanda, qızlardan birinin ondan bəhs etdiyini eşitdi.

  – Mexriban! Mne kajetsya, etot krasvçik vaş zemlyak. (Mehriban! Mənə elə gəlir ki, o, gəşəng oğlan sənin yerlindir.)

  Səlim qızın dediklərini eşitməzliyə salıb addımını yavaşıdıb, gözaltı onlara baxdı. Üç qəşəng rus qızının yanındakı ortaboylu, qarabüğdayı, arıq cənublu qızın Orta Asiya millətlərindən olduğunu zən elədi Səlim. Ondan bəhs edən alagözlü, uca boylu, möhtəşəm bədən quruluşlu qız diqqətini cəlb elədi. İlk baxışda ağlını başından alan qızla tanış olmağın yolunu tapmaqda çətinlik çəkmədi. Yanlarına çatanda, nəyəsə ilişirmiş kimi yerində səndələdi. Onun süni fəndi qızların gülüşünə səbəb oldu.

  – Az qala travma alacaqdım siz isə qəh-qəhə çəkib gülüşürsünüz. Bu çür qəşəng qızlardan bunu gözləməzdim.

  Alagözlü qız soruşdu:

  – Nəyə ilişmişdiniz?

  Səlim ayağının altına baxıb dedi:

  – İlişən ayağım deyildi, ağlım idi. Səbəbkar da, sizin sehirli alagözlərinizdir. Ya osleb ot çujoqo aqnya. (Mən sehrli oddan kor oldum.)

  Gözləmədiyi cavabdan qızın yanaqları qızarıb sinaf almaya döndü. Ona kompliment deyənlər çox olmuşdu. Bu cür poetik üsulla fikrini ifadə edən olmamışdı. Sevişdiyi oğlanlar olsa da, anasının ciddi tələbinə görə araməsafə saxlamışdı. Heç biri ilə münasibəti uzun çəkməmişdı. Bir neçə dəfə evlilik təklifi edənlər də olsa da, heç birini qəbul eləməmişdi. Öz özünə söz vermişdi ki, ali təhsilini başa vurmamış bu barədə düşünməyəcək. Artıq o, öz məqsədinə çatmışdır. Xoşlandığı biri evlənmək təklifi edərsə, yox deməyəcəkdi.

  Alagözlü qızın başını yerə dikib susduğunu görəndə, qızın ondan xoşu gəldiyinə Səlimin şübhəsi qalmadı. Planında olmayan təsadüfi fürsəti qaçırmamaq üçün özünü təqdim etdi:

  – Mən şəhərinizə bu gün gəlmişəm. İşə düzəlmişəm. Yaxınlıqdakı yataqxanada qeydiyyata düşmüşəm. Sabahdan işə başlayıram. Adım Səməddir.

  Səmədin adını ə hərfiylə səsləndirdiyini eşidən Mehriban onun yerlisi olduğuna çox sevindi.

  – Sveta! Sən telepadsanmış. Bu oğlan mənim doğma yerlimiş. Bunu nədən bildin?

  Təxmininin təsdiqini tapdığına Mehribandan da çox sevinən Sveta gülümsəyərək cavab verdi:

  – Gözlərinin bişimindən.

  Svetanın cavabı Səlimə qəribə gəldi. Düşündü: “Qafqaz millətlərinin göz quruluşu eyni bişimdə deyilmi?” Dönüb ilk baxışda çilimsiz görsənən çatmaqaş, qonur gözlü Mehribana baxdı. Sifətdən gözəl olmasa da, məsumluq, abır-həya, yağan gözləri cazibədar idi.

  Qarşısındakı hansının daha gözəl olduğunu soruşsalar, cavab verməkdə çətinlik çəkəcəyi rus qızları ilə, görünüşcə onlardan xeyli fərqlənən yerlisini müqayisə elədi Səlim. Xarici gözəllikdə bunlar onu üstələsə də, daxili gözəlliyin və gözlərin müsabiqəsi keçirilərsə, o, oları üstələyər.

  – Sveta, sizdən bir söz soruşmaq olarmı?

  İlk dəfə görməsinə baxmayaraq, bir poetik komplimentlə ürəyinə yol tapan Səlimin hər sualına məmuniyyətlə cavab verməyə hazır idi Sveta.

  – Niyə olmur ki? Soruşun.

  – Oxuduğum institutda qeyri ruslar şox idi. Rəfiqəm-Nataşa Sultan (Soltan) adlı Azərbayanlıya göz qoymuşdu. Oğlan başqa bir qurupda təhsil alan başqa vurulmuşdu. Nataşa neylədisə, onları ayırdı. Və fürsəti əldən vermədi. Özü Sultana ürəyini açdı və istəyinə çatdı. Həmişə rəfiqələrimizlə biraraya gələndə o, Sultanı ağız dolusu tərifləyirdi. Bir dəfə mən ondan soruşdum:

  – Sveta! Bu qədər oğlanların bolluğunda, Sultanda nə gördün ki, qır-saqqız olub ondan yapışdın. Nə fənd işlətdinsə, sevgisını qazanmamış əl çəkmədin.

 – Allah bizi bir-birimizdən ötrü yaradıbsa, mən imkan verərdimmi ki, qismətimdən başqaları bəhrələnsin. Sultanda nə gördüyümü bilmək istəyən onun gözlərininin biçiminə baxsın. Qrupumusdakı digər qeyri ruslarla müqayisədə, sizin göz quruluşunuzun fərqliliyini hiss elədik.

  – Qızlar! Yerlimlə öz dilimizdə danışsam inciməzsiniz ki?

  Sveta cavab verməyə hazırlaşam Larisanı qabaqladı:

  – Danışın. Xəbəriniz olsun ki, yarım ildən çoxdur ki, biz Mehribana rusca, o da bizi Aərbaycanca danışmağı öyrədir.

Dilinizdə sərbəst danışa bilməsək də, nə dediyinizi başa düşəcəyik.

 – Yaxşı ki, xəbərdarlıq elədiniz. Mən ondan soruşacaqdım ki, Svetanın sevgilisi varmı? Deyəcəkdim ki, işləməsəm də, yola salarkən atam mənə ilk maaşımadək dolandıracaq qədər pul verib. Əgər axşam sizi bəyəndiyiniz restorana dəvət eləsəm, təklifimi qəbul edərsinizmi? Bu gün mənim həyatımın ən uğurlu günlərindən biridir. Evdən çıxarkən heç ağlıma da gəlməzdi ki, düşəcəyim şəhərdə bir gün ərzində, işə düzələrəm qeydiyyata düşərəm, ikinci gün işimə başlayaram.

  Qızların bir-birlərinə baxıb gülümsündüklərini görəndə, Səlim elə zən elədi ki, təklifini qəbul ediblər. Larisanın nə baş verdisə, birdən-birə çiddiləşməsi ona, sevinməkdə tələsdiyini anlatdı.

 – Cavan oğlan,bir gündə hər adama qismət olmayan uğurunuza şükür edin, artığına cəhd eləməyin. Hələ cavansınız qarşınızda o qədər sabahlar var ki, hər biri də uğura möhtacdır. Valideynlərimiz bizə gecələr nəinki, restorana, diskodekaya, kinoya da getməyə qadağa qoyublar.

  Səlim eşitdiyini Mehribandan eşitsəydi, bunu təbii qarşılayardı. Müasir dövürdə yeniyetmə çağında övladlarına tam sərbəstlik verən rus millətinin şəhərli qızların belə bir qadağaya riayət edəcəyi ona, inandırıcı görsənmirdi. O, üzünü Mehribana tutub soruşdu:

  – Rəfiqən düzmü deyir yoxsa? …

  – Atam on beş ildir bu şəhərdə yaşayır. O, zaman mən uşaq idim. Onun bura gəlməyinə səbəb anamın həddindən artıq emosional olması idi. Onların qabaq-qabağa oturub şirin dillə söhbət etdiklərini görməmişəm. Həmişə atam işə tez getdiyindən onu, axşamlar evə gələndə görərdim. Darvazanın səsini eşidən kimi qabağına qaçardım. O, məni qucağına alardı, öpərdi, aldığı çox bəyəndiyim şokaladı verərdi. Kresloda məni dizı üstndə oturtdurub lətifə-nağıl danışardı. Verdiyim sualları cavabsız qoymazdı. Bizim şirin söhbətlərimiz divanda oturub televizora baxan anamı qıcıqlandırardı. “ İkiniz də uşaq ağlındasınız”. – deyib donquldanardı. Bir günün səhərini yuxudan onların savaşına oyandım. Atam ona bağırdı: – Mən buyam xoşun yoxdursa, qapım açıqdır. Anam onda da bərk bağırdı:- bu qapıdan ancaq meyidim çıxar. Mən də buyam. Qane eləmirəmsə, cəhənnəm olub hara istəsən gedə bilərsən. Atam hirslənib üstünə cümanda, anam əvəlkindən də bərk bağırdı: – gəl! Əlin mənə toxunsa səni türmələrdə çürüdərəm. Atam ona yaxın getmədi. – Səndən bu da gözləniləndir. Orda məndən soruşsalar: nə qələt edib bura düşmüsən? Desəm ki, iti döymüşəm, soruşmazlarmı: itnən itlik edərlərmi? Atam mənim ağladığımı görəndə, qucağına alıb, üzümdən örüb demişdi: – ifritə anan sənin göz yaşına dəymir. Ondan adam olmayacağını bilirəm. Səni böyüdüncə, yola verməkdən başqa çarəm yoxdur. Həmin gün evdən hirsli çıxan atam müdiri ilə dalaşıb. Müdür idarə etdiyi maşınının açarını öz xöşu ilə verib ərizə yazmasa onu, əmək məcəlləsinin qırx yeddinci maddəsilə işdən çıxardacağını bildirəndə, atam maşının açarını üstünə atıb, elə həmin gün anamdan başqa bütün yaxınları ilə vibalaşıb yola düşdü. İki həftədən sonra poçtalyon Nəcəf dayı atamın məktubunu verəndə, mən zərfi açıb yazdığı: “ Canım qızım!” başlığını oxuyanda ağladığımı görən Nəcəf dayı doluxsunub:- “Atan yaxşı kişidir”- deməsi anamı qəzəbləndirmişdi.- “ Yaxşı ilan vursun onu!” – deyəndə kişinin onu, necə süzüb başını buladığını görəndə, uşaq olsam da, nə demək istədiyini dərk elədim. Anamsa vecinə də almamışdı. Mən yaşa dolduqca, atamı yurdundan didərgin salan anama qarşı ürəyimdə gizlənən nifrətim özümlə bərabər böyüyrdü. Orta məktəbi bitirən kimi atamın göndərdiyi yol pulu ilə gəlmişəm bura.

  Atam sürücü işləyir. İş yerində də, qonşular arasında da böyük nüfuzu var. Onun məsləhətilə qonşularımız qızlarına tam sərbəstlik vermirlər. Çox gözəl xasiyyətli yoldaşı var. Üç oğlundan çox mənim qeydimə qalır. Doğma anamın atamın üzünə güldüyünü görməmişdim. Bu isə, atamı gülə-gülə, şirin dillə, xoş sözlərlə qarşılayır. Buna görə də ona-mama deyirdim. Bir dəfə çaşıb-ana demişdim. Sevindiyindən məni qucaqlayıb, öpüb demişdi: nə gözəl səslənir. Bir də təkrarlasana! Bir də təkrarlayıb demişdim: – etiraz etməsən sənə ana deyədim.-Çox sevinərdim. Bu, Mamedin də ürəyincə olardı.- deyib məni qucaqlayıb ağlamışdı. O, atamı çox sevir. Mən gəlincə qorxurmuş ki, atam onu atıb vətəninə dönər. Gəlməyim onun təlaşına son qoydu.

  – Təhsilini davam eləmək fikrində varmı?

  – Var. Atam da, burdakı anam da bunu istəyir. Gələn ilin qəbulunda özümü sınamaq fikrimdə var. Gələrkən rusca bir-neçə söz bilirdim. Qonşuların sayəsində indi sərbəst danışıram.

  – Mehriban, qərib ölkədə sizin kimi ağıllı ellimlə rastlaşdığıma çox sevindim. Sizə bacı deyə müraciət eləsəm etiraz eləməzsiniz ki?

  – Niyə eləməliyəm ki? Olarsınız qərib ölkədə dördüncü qardaşım.

  Mehribanın dilindən fərqli olaraq, ürəyi başqa şey deyirdi. Onun, qərib ölkədə dördüncü qardaşa yox, gələcək həyatını birgə davam etdirəcək doğma yox, ögey anası kimi nəzakətlə xidmət edəcək ömür-gün yoldaşına ehtiyacı var idi.

  Səlimin də ürəyində eynən bu cür fikir dolaşırdı. İlk baxışdan Mehribandan ideal həyat yoldaşı ola biləcəyini dərk eləmişdi. Bunun baş tuta bilməyəcəyinə təəssüflənmişdi də. Atasının yola salarkən verdiyi məsləhətə görə o, ancaq Mehribanla qardaş bacı münasibəti qura bilərdi. Çünki, atası ona dönə-dönə tapşırmışdı:

 – Mən gedəcəyin yerlərdə olmuşam. Görkəminə baxanda, sənin Nataşalardan, Tanyalardan birini dalına salıb gətirə biləcək ehtimalı böyükdür. Eləsinə iliş ki, gətirəndə deməsinlər: “Bu nədir əə gətirmisən?”

  Mehriban öz taleyi barədə danışdıqca, Səlim ürəyində düşünürdü: Ay el qızı! Kaş ki, gözəl olaydın! Atamın dediyi kimi səni kəndimizə aparsam, görməyə gələnlər ürəyini yox, üzünü görəcəklər.

  Həmin gün Səlım yumorlu ifadələr qata-qata öz həyatı barədə qızları məlumatlandırdı. Maraqlı söhbətindən çox məmnun olan Sveta onun sabah işdən sonra yaxınlıqdakı istirahət parkında görüşmək təklifini qəbul elədi.

                                                                                               ***

  Həmin gün Sveta görüşə tək gəlmişdi.

  – Salam.

  Svetanın Azərbaycanca salam verməsi Səlimin sevincinə səbəb oldu. Elə bildi ki, təklıfini qəbul edib gəlibsə, həm də öz dilində salam verdisə, artıq məqsədinə çatıb.

  – Çox gecikmədim ki?

  Səlim saatına baxıb cavab verdı:

  – Əqrəblər on iki dəqiqə yarımı göstərir. Bu, məni intizarda saxlayan dəqiqələr sizdən ötrü çox olmasa da, məndən ötrü uzun çəkdi.

  – Bağışlayın! Sizin bu qədər səbrsiz olduğunuzu bilsəydim, tez gələrdim.

  – Dünən siz özünüz barədə danışmadınız. Eşidirəm sizi.

  – Təəssüflə bildirməyə məcburam ki, buna gərək qalmadı.

  – Başa düşmədim bu, nə deməkdir?

  – O deməkdir ki, bu gün səhər qızlar bir araya gəldik. Ölçdük-biçdik qərara gəldik ki, bizimki tutmaz.

  Təklifinə rəd cavabı alacağını düşünməyən Səlim etiraza həyacan təbili çalmadı.“Bir könüldən min könülə vurula” biləcək qədər fanatik deyildi o. Əgər dünən Svetanın baxışındakı ona qarşı olan heyranlığı hiss eləməsəydi, bu gün onu, görüşə dəvət eləməzdi. Diqqətlə gözlərinin içinə baxanda açıq-aydın nəzərə çarpırdı ki, onun baxışındakı dünənki heyranlıq necə vardı elə də,olduğu kimi yerındədir.Heyranlığını ürəyində ört-basdır edən Svetanın dilində səsləndirdiyi süni etirazın arxasında gizlənən ciddi bir səbəbin olduğunu hiss edən Səlim soruşdu:

  – Desəm ki, siz yalan danışa bilmirsiniz, haqlı olduğumu təsdiqləyərsinizmi?

  – Xoşməramlı yalan günah sayılmır.

  Svetanın cavabı dolaşmış kələfin ucunu üzə çıxartdı.

  – Bizdə belə bir atalar zözü var: “ məsləhətli don gen olar.” Bir halda ki, rəfiqələr bir araya gəlib ölçüb-biçib qərar qəbul etmisiniz, nə edə bilərəm? Zorla əldə edilən eşqin odu heç kəsi isitməz, çünki, mayası sevgi ilə yox, nifrətlə yoğrulur.

  Səlimin gözləmədiyi etiraza soyuqqanlı reaksiya verməsindəki süniliyi də, Sveta dərk eləmişdi. Ona qarşı ürəyinin dərinliklərinə nüfuz edən hissini mərhəmətə qurban verməkdən başqa çarəsi qalmamışdı.

  – Səlim! Səmimi etiraf edirəm ki, dünənki təsadüfi üz-üzə gəlməyimiz, qurduğumuz qısa müddətli ünsiyyətimiz,  bizdə sənə qarşı sımpatiya yaratdı. Etiraf edim ki, məndə sənə qarşı yaranan hiss rəfiqələrimin sənə olan marağını üstələyirdi. Mən vaxt keçirmək naminə saxta eşq məcarası yaşayanlardan deyiləm. Belələrinin ötəri hissinin onları necə acınacaqlı duruma dirədiyinin şahidiyəm. Hər bir yetişən qız kımi mənim də, bəyəndiyim yaraşıqlı gənclə eşq məcarası yaşamaq xətrinə yox, saf, normal, qalan bütün ömrümü xoşbəxt yaşayacaq ailə həyatı qurmağa haqqım çatır. Bu gün qızlarla qərara gəldik ki, xoşumuza gəldiyinə görə, səninlə dostluğumuzu davam elətdirək. Müraciəti

“sən”lə başlamaqda da, məqsədim budur. Görüşünə gəlməyim də, səbəbsiz deyil. Səninlə bir dost kimi məsləhətə gəlmişəm. Gözəlliyə aldanıb, həyatı bərbad olanların şahidiyəm. Belələr bizdə də var, sizdə də. Mehribanın anası ilə  Mamed dayının günü xoş keçsəydi, ondan bezib vətənini tərk edərdimi? Artıq sən əyləncə xətrinə yad qızlardan birini tora salıb, bədbəxt edəcək yaşda deyilsən. Belə bir alcaq addım atacaq şərəfsizə də bənzəmirsən. Həm də sən elə bir yaşa çatmısan ki, qalan ömrünü birgə addımlamaq üçün kimisə həyatına qoşmalısan. Həyatına caladığın bu dünyanın ən gözəli olsa da, xasiyyəti pis olarsa, Mamed dayının aqibətini yaşaya bilərsən. Əgər sənə desəm ki, altı aydır yaxşı tanıdığım Mehribandan gözəl xasiyyətli qız bir də qarşına çıxmayacaq, mənimlə razılaşarsanmı? İdeal ailə həyatı qurmaq istəyirsənsə, onun üzünə yox, qəlbinə bax, həyatına qəbul elə.

 Səlimin təxmin etdiyi,gözləmədiyi etirazın arxasında gizlənən səbəbkaın kim olduğunu öyrənsə də, onun bu oyuna cəhd edəcəyinə şübhə ilə yanaşdı.

  – Sənə desəm ki, mənə elçi düşməndən Mehriban xəbərsizdir, təsdiqləyərsənmi?

  – Düz tapmısan. Doğrudan da səninlə bu barədə söhbət açacağımdan onun xəbəri yoxdur. Səhərki söhbətimizdə də, onun iştirakı olmayıb. Dünən ona, qardaşlıq təklifini çatdıranda, sənə necə baxdığını görmürdünmü?

  – Atam istədiyimdən də artıq pul verib, yola salarkən dediklərini sən eşitməmisən, mən isə, unutmaram.

  – Nə demişdi ki?

  – Tapşırmışdı ki, bu görkəmimlə rus qızlarının toruna düşməyəcəyimə əmin deyil. Tələb eləmişdi ki, ilişəsi olsam eləsini seçiməliyəm, kəndimizə aparası olsam deməsinlər: “bu nədir əə, yanına salıb gətirmisən?” Mən Mehribanın   necə gözəl xasiyyətə malik olduğunu ilk baxışda hiss eləmişdim. Ondan ideal ev xanımı olacağına şübhə etmirəm. O, təkcə yerlim olduğu üçün yox, gözəl xasiyyəti ilə millətimə başucalığı gətirdiyinə görə əzizdir.

  – Belə çıxır ki, qızıl xarakterli rəfiqəmi xoşbəxt eləmək cəhdim nəticəsiz qalacaq.

  – Qurulacaq xoşbəxt ailənin açarı qadının dilinin altındadır. Mehriban kimi gözəl xasiyyətli, şirin dilli qızla həyat yoluna çıxan heç kəsi bir-birindən əcəldən başqa heç bir qüvvə ayıra bilməz.

  – Mən deyənə gəldinmi? Qarşına göydən düşən belə dəyərli kladı (xəzinə) niyə qəbul eləmirsən?

  – Nə edə bilərəm. Bütün rənglər dəyərlidir. Aralarında bir-birinə uzlaşmayanları da var axı. Mənim ona qarşı olan münasibətim qardaşlıqdan oyana adlaya bilməz.

  Svetanın ən yaxın sirdaşı-Larisanın diqtəsi ilə qurduqları planın baş tutmayacağına tam əmin olması onu, çıxılmaz bir dalana dirədi. Uğursuz planın nəticəsinə nə üzülə bilirdı, nə də sevinə.

  Əlbəttə o, bilsəydi ki, Larisanın təkidi ilə oynadığı oyunda mat vəziyyətinə düşəcək, bu görüşə gəlməzdi. Əgər ona,  bir-neçə gün qabaq Mehribanla arlarında olan söhbəti Larisa xatırlatmasaydı, Sveta onun təkidinə əhəmiyyət verməzdi. Həmin gün söhbətə Larisa başlamışdı.

                                                            ***

  – Mehriban, sən orta məktəbi bitirmisən. Uşaqlığın daşını atmısan. Həyatının yeni mərhələsinə daxil olmusan. Sən bilirsənmi ki, gələcək həyatını təmin etmək üçün ilk növbədə qabiliyyətinə uyğun peşələrdən birini seçməlisən.   Yaddaşın güclüdürsə ali məktəblərdən birində, ortadırsa, texnikumların və yaxud da peşə məktəblərindən birini seçib, təhsilini davam eləməlisən. Eyni zamanda, özəl həyatını qurmalısan. Sənin atana necə bağlı olduğunu, atanın da səni necə sevdiyini bilirəm. Mamed dayı deyir ki, təqaüdə çıxan kimi burdakı evini satıb, Bakıya köçəcək. Doğma ananı görən gözün olmadığını özün etiraf etmisən. Bizim oğlanlardan biri sənə evlilik təklifi edərsə, qəbul etməyə atan izin verəcəkmi?

  – Larisa, məndən soruşsana özüm qəbul edərəmmi?

  – Niyə eləmirsən dinimiz fərqli olduğuna görəmi?

  – Bizim dinimizdə əhli kipabla evlənməyə qadağa yoxdur.

  – Onda niyə bizim oğlanları qəbul eləmirsən?

  – Ona görə ki, vijdanım yol verməz.

  – Başa düşmədim. Vicdanın evlənməyə dəxli varmı?

  – Var. Yarım ildir ki, burdayam. O qədər bir-birindən yaraşıqlı qızlar görürəm ki, özlərinə ər tapa bilmirlər. Sizdə qızlar çoxdur, oğlan az. Bizdə isə əksinə, oğlan çoxdur, qızlar az. Dediyin baş tutarsa, deməzlərmi: “Bu gözəlliklə biz özümüsə oğlan tapa bilmirik, bu, gəlmə eybəcər olanımızı əlimizdən alır.

  Həmin gün Mehribanın Larisanın sualına verdiyi yarızarafat sualına xeyli gülmüşdülər. Sveta indi də, Mehribanın o gün səsləndirdiyi ifadəni xatırlayıb gülməyə başladı. Onun gülüş doğuracaq bir səbəbin olmadığı halda, öz-özünə gülməsi Səlimə qəribə gəldi. Səbəbi soruşanda, Sveta Mehribanın Larisaya verdiyi çavabı olduğu kimi danışdıqdan sonra soruşdu:

  – Sən bir qardaş kimi baçını rus oğlu ilə evlənməsinə razı olarsanmı?

  – Sənin tanıdıqların arasında, qeyri-ruslarla evlənən qızlar çoxdurmu?

  – Xeyli var. Niyə sordun ki?

  – Qeyri-ruslarla evlənən oğlanlarınız varmı?

  Özünün də marağına səbəb olan suala cavab tapa bilməyən Sveta Səlimin sualına cavab əvəzinə sual caladı:

  – Mənə rast gəlməyib. Necə olur ki, bizim qızlar sizi həvəslə qəbul edir, sizinkilər isə, bizim oğlanlarımızı qəbul eləmir? 

  – Təəssüf ki, sualına cavab verə bilmərəm. Gəl özümüzə aidiyyəti olmayan məsələyə başımızı qatıb, fikrimizi dağa – daşa yönəltməyək. Əvvəlcə öz dərdimizin çarəsinə baxaq. Sənin Larisanın ssenarisinin rolunu oynadığını, amma təbii alınmadığını məndən gizlədə bilməzsən. Əlindən gələni elədin. Dost yolunda öz hissini qurban verəcək qədər mərhəmətli olduğunu sübuta yetirdin. Cəhdin alınmadısa, nə edə bilərdin? Gəlsənə, etiraz eləməyəcəksənsə bir ssenari də mən uydurum.

  – Yəni, demək istəyirsən ki, roldan rola girim hə?

  – Mən sənə, qadağan olunan, məsuliyyətli iş təklifi eləmədim ki?

  – Eləsə, Ssenarinin şifahi mətnini səsləndir, baxım görüm bacararammı?

  – Bacaracaqsan. Oynayacağın rol sözsüz olacaq.

  – Başa düşmədim.

  – Başa düşməyəcək iş deyil bu. Razısanmı?

  – Nə edə bilərəm? Öz-özümün başına elə oyun açdım ki, üzür istəməyə söz tapa bilmirəm.

  – Bir halda ki, məni dost kimi qəbul eləmisiniz, bir müddət özümüzü dost kimi aparaq. Rəfiqələrin elə bilsin ki, sən  təklifimə rəd cavabı vermisən, mən də bunu, anlaşılıqla qəbul eləmişəm.

  – Deyirsən ki, yalana yalan qatım?

  – Sən bunu, yalanmı sanırsan?

  – Nədir bəs?

  – Kor-koranə atdığın düşüncəsiz addımının çıxış yolu.

  – Sən Larisanı tanımırsan. Onu aldatmaq mümkün deyil.

  – Onu çoxmu ağıllı sanırsan? Mehribanın fikrini öyrənmədən qurduğu oyun ağılsızlıq deyilmi? Mehriban bilsə ki, güya onun xoşbəxtili naminə sənə təziq edib, bilirsənmi nə hala düşəcək? İkinizdən də küsməyəcəkmi? Ağıllı adam işini elə görür ki, bizim atalarımızın dediyi kimi: “ qaş düzəltmək əvəzinə göz çıxartmasın.”

  Sveta həyatında ilk dəfəydi ki, özünü könüllü surətdə cəncələ salırdı.İlk baxışdan görkəminə heyran qaldığı gəncin müdrikliyinə də mat qaldı.

  Səlimin ssenarisindəki rolunu Sveta məharətlə oynadı. Mehriban onları birləşdirməkdən ötrü çox çalışdı. İstəyinin  reallaşdığı gün bunun, özünün sayəsində baş tutduğunu zən edib sevinmişdi.

   Səlimin yaşadığı yataqxanada on iki nəfər Azərbaycanlı yaşayırdı. Hər gün işdən sonra toplaşardılar. Söhbətləşər, dərdləşərdilər. Bir gün işlədiyi avtobazada sürücü işləyən İslam nərdə ona uduzduğuna görə Taleyindən gileyləndi:

 – Bu dünyada mənimki gətirmir, üzüm də qaradır, bəxtim də. Bəlkə də ağ gün görəcəyimə ümib bəslədiyim o dünya da qəbul eləmir.

  – O dünya heç kəsi öz istəyi ilə qəbul eləmir. Bəxt insana göydən zənbillə endirilmir. Yada ki, köbələk kimi yerdən bitib qarşına çıxmır. Bu dünyanın nəyindən narazısan?

  İslam dərindən köks ötürüb Səlimin sualına cavab verdi:

  – Nə edim bilmirəm. Orta məktəbi bitirdim, atam istəddi ki, məni müəllim eləsin. Mənim biliyim yetmədi, atamın da imkanı. Müsabiqədən keçmədim. Riyaziyyatı məndən köçürən parta yoldaşım-Tofiqi atası mühəndis elədi, mən isə sofer (sürücü) oldum. Yaşım otuza çatır tay-tuşlarımın uşaqları məktəbə gedir, mən isə qız tapa bilmirəm. Çox da gözəl olana ağız açmıram. Bilirəm ki, deyəcək: “sən hara, mən hara.” Babatına girişirəm, üzümə baxır, dodaq büzür. Gün ötüb bacımdan məktub alıram. Yazır ki, axsaq olsun, keçəl olsun, çəpgöz olsun, urus olsun, juhud olsun, qaraçı olsun, kim olur-olsun fərq eləməz qəbulumuzdur, tap toyunu edək. 

  – A Tofik, hər bazar günü yataqxanaya gəlib səni qoluna keçirib aparan Nataşa gözəl deyilmi?

  – Elə bilmə ki, o, mənim qara gözümə,qara sifətimə, qara saçıma heyran olub boynuma sarılır. İçgi hərisliyi onun zövqünü elə azdırıb ki, mənim qara sifətim gözünə nur topu kimi görsənir.

  – Ağıllı-kamallı, abır-həyalı, gözəl xasiyyətli bir qız qarşına çıxsa, evlənərsənmi?

  – Bu nə sualdır verirsən? Beləsindən ötrü ölmürəmmi? Hanı?

  – Bu şəhərdədir. Özü də mənim adamımdır.

  – Nə vaxt görə bilərəm onu?

  – Tələsmə! Görüncə, altından keçəcək şərtlərim var.

  – Şərt nədir, Fərhad kimi əlimə külüng alıb dağları yarıb, altından keçərəm.

  – Müsəlmandır. Ailəsındə içgi içilmir.

  – Dayan görüm ee zarafat etmirsən ki?

  – Boş-boşuna zarafat edənə oxşayırammı?

  – Xətrinə dəydimsə, bağışla! Məni elə çaşdırdın ki, ağzıma gələni sayaqlayıram. Urusetdə yaşayıb içgi içməyən ailə olarmı?

  – Niyə olmur ki, mən də burda yaşayıram. İçirəmmi?  Qızın uşaqlığı Azərbaycanda keşib.

  Tofiq qəfldən ilan çalmış adamlar kimi oturduğu yerindən dik atıldı. Həyacanla soruşdu:

  – Bizim millətdəndirmi?

  – Bəli. Özü də sizzin zonanızdandır.

  – Adı nədir?

  – Mehriban.

  – Onu nə vaxt görə bilərəm?

  – Özü ilə danışaram. Evlənmək istəyirsə, sizi görüşdürərəm.

  – Yaşı çatıbsa niyə istəməsin ki?

  – Bəlkə təhsilini davam edəcək.

  – Eləsin də. Mən ona mane olmaram.

  – Mən qızla ancaq bir şərtlə danışaram.

  – Bütün şərtlərinə əməl edərəm.

  – Bu gündən içgini tərgiyəcəyinə söz verirsənmi?

  – Verirəm. Lazım gəlsə Allaha da and içərəm.

  – Axırıncı dəfə nə vaxt içmisən?

  – Dünən işdən sonra.

  – İçgi adamın canından qırx cündən sonra təmizlənir. Qadağan etdiyi işgi canından təmizlənməmiş, Allaha and içməyin nə dərəcədə doğrudr?

  – Bəs nəyə and içim?

  – Vicdanına, qeyrətinə. Heç and içməsən də olar. Kişi kimi söz versən, kifayətdir.

  O gün Tofiq kişi kimi söz də verdi. Vicdanına, qeyrətinə, namusuna and da işdi. Səlimə söz verdi ki, tapdığı qızı göz bəbəyi kimi qoruyacaq. Səlim ona inandı. Mehribanla danışdı. Bildirəndə ki, rəngi qaradır, Mehriban gülümsünüb demişdi: – mənim də sifətim qar kimi ağapbağ deyil. Bircə alkaş, narkoman olmasın.

  İlk dəfə Səlim onları görüşdürəndə, Tofiq özünü elə apardı ki, güya bu dünyada ondan fağır adam yoxdur. Məhz bu xasiyyətdə ər arzulayan Mehriban bəxtinə düşən təsadüfi tapıntıdan məmnun olmuşdu. Nə biləydi ki, insanların arasında, məqsədinə çatmaq üşün cilddən-cildə girənlər də olurmuş.

  Tofiq bacısına yazdığı məktubda Azərbaycanlı qızla tanış olduğunu yazdı. Məktubuna cavab gəlincə, bu xəbəri hədsiz cevinclə qarşılayan atası, anası, bacısı, əmici özləri gəldilər. Səlim onları qızın özü və ailəsi barədə məlumat verdikdən sonra üzünü Tofiqə tutub tapşırdı ki, Mehriban onun mənəvi bacısıdır. Üzünü qara edəcəksə, bunu ona bağışlamayacaq. Tofiq əhdinə saiq qalacağına and içdi. Xasiyyətinə yaxşı bələd olan ata-anası da, dönə-dönə ondan xahiş elədilər ki, təsirinə təslim olub, insanlıqdan çıxdığı içginin birdəfəlik daşını atsın.

  Səlimlə birlikdə elşiliyə getdilər. Elimizin adətilə nə məqsədlə gəldiklərini açıqladıqdan sonra, Tofiqin atası-Aydın: – Şirin çay gəlsinmi? – soruşdu.

  Qız atası-Mamed bir-neçə dəqiqəlik sükutdan sonra demişdi: – Qızımı görübsünüzmü?

  Onun nəyə görə bu sıalı verməsini dərk edən Tofiqin anası-Xatın cavab vermişdi: – Mamed qardaş, bizi qızınızın necə olması yox, öz millətimizdən olması yüzdə yüz qane edir.

  Onlardan da çox Mamedi də, qızının öz millətindən olan biri ilə evlənməsi qane edirdi. Yanına gəldiyi gündən bu barədə düşünürdü.

  İlk elçilikdə razılığa gəldilər. Hazırlıqlı gələn oğlan tərəf nişan üzüyünü qızın barmağına taxdılar. Arzuladıqları şansın əldən çıxa biləcəyindən ehtiyat edən, Tofiqin adamları vaxtı uzatmadan toylarını elədilər.

 Birinci uşaqlırı dünyaya gəlinə qədər Tofiq verdiyi kişi sözünü tutdu. Uşağın qırxı çıxmamış köhnə dostları əllərinə düşən fürsəti qaçırmadılar. Bol hədiyyələrlə, ərzaq dolu çantalarla uşaq görməsinə gəldilər. Ürəyincə olmasa da, Mehriban onları xoş qarşılayıb qulluq edib, yola saldı.

  Qonaqları yola saldıqdan sonra Mehriban onu, andını pozub içgi içdiyinə görə qınayanda, Tofiq gözlərini bərəldib demişdi:

  – Urusetdə yaşasaq da, damarımızda Qafqazlı qanı axır. Unutma ki, mən bu evin kişisi, sən də arvadısan özümüzün mentalitetimizi harda yaşamağımızdan asılı olmadan qorumalıyıq.

  Evləndiklərindən bu ana qədər ərindən ilk dəfəydi ki, sərt münasibət görən Mehriban sərxoş olduğuna görə ona baş qoşmadı. Ertəsi gün qəlyanaltı edib işə gedərkən Mehriban ondan soruşdu:

  – Axşamkı dostların yenə gələcəklərmi?

  – Niyə gəlmirlər ki? Onlar mənim xətrimi çox istəyirlər. Necə gəldiklərini görmədinmi?

  – Axşam sərxoşsan deyə susdum. Sən də unutma ki, bizim mentalitetimizdə qırxı çıxmayan körpə olan evdə içgili məclis qurulmur.

   Həmin gün Sveta ilə Larisa gələndə Mehriban baş verənləri danışdı. Hadisəni Svetadan öyrənən Səlim ona son xəbərdarlığını elədi. Yaşadığı evi qaynatasının sayəsində əldə etdiyini xatırladıb tapşırdı ki, növbəti yanlışlığı onu, seçim qarşısında qoya bilər.

   Səlim iki il yarım müddətdə yaşadığı şəhərdə özünə xeyli dostlar qazanmışdı. İşlədiyi avtobazada o, baş mexanik vəzifəsinə təyin olunmuşdu. Təqaüdə getməyə hazırlaşan baş mühəndis yerinə onun namizədliyini irəli sürmüşdü. Atasının qəfildən dünyasını dəyişməsi onun, isinişdiyi bu şəhərlə vidalaşmasına səbəb oldu. Həm ailənin kiçik oğlu olduğuna görə, həm də anasının təkidilə işindən də ayrılası oldu, evlənməyə hazırlaşdığı sevgilisndən də.

  Səlim nə qədər dilə tutsa da, evlənib, Svetanı özü ilə kəndlərinə getməsinə razı sala bilmədi. Həm ailəsinin tək övladı olması, həm də, böyük bir kombinatda məsul vəzifədə işləməsi onu, doğulub böyüdüyü doğma şəhərindən ayrılmasını mümkünsüz elədi.

  Aradan illər keçməsınə baxmayaraq, Səlim kişi ömrünün ən gözəl cağı-gəncliyinin iki il yarımını keçirdiyi xoş xatirələrlə zəngin şəhəri, xüsusən də, ürəyinin dərinlinə nüfuz edən surəti hələ də silinməyən ala gözlü Svetanı, üzü gözəl olmasa da, xasiyyətinin gözəlliyində, niyyətinin saflığında tayı-bərabəri olmayan-Mehribanı unuda bilmirdi. 

  Onu xoşbəxt eləmək üçün etdiyi xoşniyyətli cəhdinin əks nətiçəsinin xəcaləti hələ də qarabaqara onu izləyirdi. O,

İndi sayğılarına möhtac olduğu övladlarının anası ilə anasının xahişi ilə evlənməyə razılıq vermişdi. Uzaq qonumu olan Fatma həddən artıq qısqanc olduğuna görə demək olar ki, birgə yaşadıqları müddətin yarıdan çoxunu küsülü keçirmişdilər.

  Gözəl olmadığına görə istəyini gözündə qoyduğu, baiskarlıq edib həyatını puç etdiyi Mehribanla, təsadüfən rastına çıxıb ilk toqquşan baxışlarının dolaşıb ürəyinin dərinliyinə nifuz edən Sveta ilə saatlarla birgə keçirdikləri vaxtın necə gəlib keçdiyini hıss eləməzdi o.

  Fatma ilə bir neçə dəqiqə də olsun üz-üzə oturub nəyisə müzakirə etdikləri, dərdləşdikləri an olmamışdı. Küsülü olduğu vaxtlarda, verdiyi suala cavab almazdı. Bu cür məqamlarda o zaman Svetanın hələ də aktuallığını itirməyən ifadəsini xatırlayardı: “ Gözəlliyə aldanıb həyatı bərbad olanların çahidiyəm. Belələri bizdə də var,sizdə də. Mehribanın anası ilə Mamed dayının günü xoş keçsəydi, ondan bezib vətənini tərk edərdimi?”

  Artıq o, gec olsa da dərk eləmişdi ki, daynıqlı xoşbəxt, mehriban ailə həyatı qurmağa cəhd edən çütlük vicudun cazibədarlığına yox, ürəyin saflığına diqqət yetirməliymiş.

  Kaprizlərinə baxmayaraq Səlim Fatmaya nifrət etmirdi. Onun amormal davranışını pisixi qüsur kimi qəbul edib, halına acıyırdı. Ölüm qabağı yatağa düşəndə, dünya başına dar olmuşdu onun. Fatmanın varlığı ona, həyat yoldaşı kimi vacib olmasa da, övladlarına ana, nəvələrinə nənə kimi gərəkdi.

  Yoldaşının əlli ikisini keçirən gün camaat dağıldıqdan sonra, divardan asılan təzə evləndikləri vaxt yanaşı cəkilən rəngli şəkilə baxanda, Səlim kişi ağlamışdı. Bunu görən Tükəzban Rayfa demişdi:

  – Ağlıma gəlməzdi ki, atamız anamızı xatırlayıb göz yaşı axıdar.

  O vaxt Səlim kişi cib dəsmalını çıxardıb gözlərinin yaşını silib demişdi:

  – Burda təəccüblənəsi nə var ki? Mərhumatın pis vaxtları olubdur deyə yaxşı vaxtlarının üstündən xət çəkmək olarmı? Necə olmasından asılı olmayaraq o, mənim balalarımın anası, nəvələrimin nənəsidir. İndi anan gec-tez hər birimizin qovuşacağımız haq dünyasındadır. “Niyə elə olmuşdun?”- deyə onu qınamağa haqqımız yoxdur. Çünki, bu sualımıza ondan cavab almayacağıq. Bizə qalır pis-yaxşı cəhətlərindən nəticə çıxardaraq, Allahdan ruhuna rəhmət diləmək. Allah rəhmət eləsin.

  – Amin! Allah günahlarını bağışlasın.

 Uca Allahımız qardaş-bacının xorla səsləndirdikləri bu, dıləyi qəbul edib analarının günahlarını bağışlayacaqmı? Peyğəmbərimiz ümbətinə qəti qadağan etdiyi, riyakar, şərlatan mollaların el adətinə çevirdikləri təmtəraqlı yas mərasimlərinin bu dünya ilə tam əlaqələri kəsilmiş biçimi, ölçüsü, çəkisi, görünüşünün necə olduğunu təxmin belə edə bilməyəcəyimiz ruhlara bir faydası varmı? Nəyə görə insanlar doğmaları yaşadıqları müddətdə yollarını azıb insan cildli vəhşiyə cevriləndə yox, əzrayıl canlarını alandan sonra  Allahı anırlar? Günahlarının bağışlanmasını, ruhunun sad, yerinin behiştlik olmasını diləyirlər? Sağlığında laqeyidlik göztərib,  bu dünya ilə heç bir əlaqəsinin olmadığı ruhun günahlarının bağışlanmasını Allahdan diləməyin məmasız olduğunu dərk eləməmək, cəmiyyətin hələ də ayılmadığının, nadanlığının davam etdiyini təsdiq eləmirmi?

  Səlim kişi kimi bütün ahıllar övladlarına, nəvələrinə bütün dünyanı cənginə almış “korono”dan da dəhşətıli virus- aqresiyaya qarşı təbliğat aparsaydılar, indi dünyamız bu dərəcədə qarışmazdı.

  Dünyamızı qatıb qarışdıranların hər biri bir ailədə yetişdirilib ixtiyar sahibi olublar. Təhsil alıblar. Elmi biliklərə yiyələniblər. Təəssüf ki, ailələrində insanlıq dərsi keçməyiblər. Keçsəydilər, bir şox insanların “cəsur”luq zən edib qürürlandıqları-aqresivliyin vəhçilik əlaməti olduğunu dərk edərdilər.

  Əgər Mamed kişinin birinci həyat yoldaşı aqressiv olmasaydı, ilk övladı-Mehribanı onsuz da böyüyəndə yanına gələcəyinə əmin olduğu üçün onun, ümidinə buraxıb baş götürüb Sibirə qaçardımı?

 Övladlarına görə həyat yoldaşının aqresiyasını həzm etmək məcburiyyətində qalan Səlim kişi bəyənmədiyinə görə həyatına qəbul etmədiyi, “ Kaş ki, gözəl olaydın! “-deyə gözəl xasiyyətli Mehribanı xatırlayardımı?

20.06.2025

Müəllif: Sədulla ŞİRİNOV

SƏDULLA ŞİRİNOVUN YAZILARI

SƏDULLA ŞİRİNOVUN KİTABLARI

Sədulla Şirinovun yaradıcılığı

DAHA ÇOX YENİ MƏLUMAT

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir