Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Rəcəb Tayyib Ərdoğanı yenidən Prezident seçilməyi münasibətilə təbrik ediblər.
Təbrikdə deyilir:
“Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana
Hörmətli Prezident!
28 may 2023-cü ildə keçirilən seçkidə yenidən Türkiyə Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik!
Bundan əvvəl, 14 May seçkilərində Sizin başçılıq etdiyiniz Ədalət və İnkişaf Partiyasının, bütövlükdə isə Cümhur İttifaqının qalib gələrək TBMM-də çoxluq əldə etməsi bizi qəlbən sevindirdi və bu münasibətlə də Sizə ayrıca təbriklərimizi çatdırırıq.
Çox şadıq ki, Türkiyə dövləti və xalqı, eləcə də yaşadığımız region üçün taleyüklü seçki olan bu ümumxalq səsverməsində Sizi yenə də özünün rəhbəri görməyə qərar vermiş qardaş türk xalqı bir daha müdriklik və qədirbilənlik nümayiş etdirib.
Sizin indiyədək – 20 ildən artıq müddətdə həyata keçirdiyiniz uğurlu siyasət Türkiyəni inkişafın zirvələrinə daşıyıb, onu dünyanın ən güclü dövlətlərindən birinə çevirib. Daima səmimiyyət və cəsarətlə dayaq olduğunuz qardaş Azərbaycanda da Sizin siyasətiniz mütləq əksəriyyət tərəfindən bəyənilir və bu seçkilərdə də namizədliyiniz böyük inamla mənəvi baxımdan dəstəkləndi.
Tərəddüdsüz inanırıq ki, Türkiyə Respublikası Sizin güclü rəhbərliyiniz altında yeni-yeni uğurlara nail olacaq, qardaş Azərbaycan Respublikası ilə birlikdə dünyada öz layiqli yerini, üstün mövqeyini durmadan möhkəmləndirəcək.
Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə yeni uğurlar diləyirik! Allah Sizi qorusun!
“Qərib payız” axşamlarında “Tənha sarı yarpaq” kimi duyğularını “Yarpaq-yarpaq” vərəqlərə köçürən, “Quruyan ərik ağacı”nın, “Ata evim”də “Bir ana köçünə çatmamışam” deyib, “Ana əlləri”nə “Ehtiyacım var”, “Gəl sənə həzin bir şeir oxuyum” arzusuyla, “Bu yağış mənə bənzəyir” deyib, “Yaman uzandı bu yaz yağışı” gileyi ilə “Səni sevdim Allahım” söylədi…
“Bu nə eşq sevdası necə möcüzədir” marağıyla, “Yollara yağış yağır” nəğmələriylə “Narın yağış” romantikliyi ilə, “Bir az günəş göndər” həsrətiylə “Sənsiz keçən bir günüm”ün acığına “Gəl gedək bu şəhərdən”, “Vallah gözə gəldi bu ilahi eşq”, “İlləri əl-ələ verib gəlmişik” deyib yollara dikilən gözlərini “Sarı gözəl, sarı çiçək”lərdən çəkməyərək, “Bir az möhlət ver Allah” deyib də, “Arazbarı” “Ay qaragilə” kimi şeirləri ilə dünyanı özünün çəhrayı baxışları ilə seyr edən, rəngli dünyanın, rəngsiz, boyasız nurlu xanımı Sona Vəliyeva “Zaman xəbərsiz ötdü” deyərək “Bir əl qarışdırır qoca dünyanı” deyib , “Üzü Tanrıya” doğru “Ömrün yaddaşı”nı vərəqlədi.
Vərəqlədikcə “Darıxan adam” a çevrilir, bəzən də “Xəyanət” edənlərə, “Çəkilin yolumdan, çəkilin” dedi və “Söz yolu”na davam etdi.
Hər kəsin bir ömür yolu var, o yol uzandıqca yaşananlar xatirələrə çevrilir, yaddaşa köçür. Çevrilib geri baxanda, yaddaşı vərəqlədikcə özünü tanımağa başlarsan. Evinin, ailəsinin deyil, el-obasının, xalqının ziyalısına, ictimai xadiminə çevriləndə daha çox tanınırsan. İctimai simaya çevrilib, söz ünvanı, güman yeri olanda xalqına xidmət etmiş olursan. Səlahiyyətin çərçivəsində kiməsə dayaq, arxa ola bilirsənsə, əl uzatmağı bacarırsansa, odur sənin şəxsiyyətin, odur sənin kimliyin, əməllərin, addımların. Demək ki, bu dünyada ömrünü yalnız özün üçün deyil, başqalarını da düşünərək yaşamısan. Eləsinə deyirlər ki, elin adamı, Allah adamı.
“Şerimizin, nəsrimizin ağıllı qızı” adlandırır xalq şairimiz Nəriman Həsənzadə onu.
Bir neçə il qabaq Həsən bəy Zərdabiyə həsr edilmiş tədbirdə şairimiz Nəriman Həsənzadə ilə yanaşı oturmuşduq. Bir-birindən fərqli çıxışlar vardı. Zamanın necə keçdiyinin fərqində deyildik. Nəriman müəllim şirin təbəssümü ilə çıxışları izləyirdi. Uşaqların hazırladığı kompozisiyaları heyranlıqla izləyirdi. “…Səmimi, sadə, xanımdır, gözəl qələmi var Sona xanımın. Qarşısındaki ilə o qədər incə- zərif danışır ki, səmimiliyinə heyran oluram. Gör nə gözəl hazırlaşdırıb uşaqları, bax onun təlimatı, onun ideyalarıdır. Keçmişə qaytardı məni…. o illəri yaşatdı mənə” demişdi.
Tanınmış şair, yazıçı, publisist ,filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyini üzvü, Prezidentimiz tərəfindən “Əməkdar jurnalist” fəxri adı və “Tərəqqi” medalı ilə mükafatlandırılmış, Ümumdünya Türk xalqları Konqresinin Qızıl, TÜRKSOYun “Molla Pənah Vaqif”, Qırğızıstan Respublikası Milli Yazıçılar Birliyinin “Qızıl qələm” mükafatı laureatı, Özbəkistan Respublikası Ürgənc Dövlət Universitetinin Fəxri professoru, eləcə də bir çox milli və xarici mükafatlara layiq görülən Sona Vəliyeva ölkənin mədəni həyatında öz imzası, addımları, yazıları, kitabları ilə fərqlənən ziyalılarımızdandır.
Azərbaycan milli ideologiyası, milli dövlətçilik mövzuları təkcə kitablarında deyil, həyat yaşamında, gerçəkləşdirdiyi daxili və xarici arenadakı layihələrində özünü hər zaman göstərib. Xalqımızın dəyərli ziyalısı, vətəndaşlıq ruhu ilə yoğurulmuş poeziyası ilə bizləri öz “Çəhrayı dünyasına” aparan, diqqəti ilə ucaldan, səmimiyyəti ilə sevdirən, zərif əməlləri, davranışları ilə gözümüzdə böyüyən ziyalımız, şairəmizdir. İman, inanc, həyat fəlsəfəsindən bəhs edən şeirlərinin əksər misrasında, cümləsində Allahını unutmayan, unutdurmayan güclü bir qadın ruhu var. O ruh səmimiyyəti, diqqəti ilə çox ruhu sevindirmişdi, şadlandırmışdı, çoxlarının həyatını dəyişmişdi. İnsana sevginin təmənnasızlığını, ruhunun və niyyətinin gözəlliyini, haqqa inamını, millətə bağlılığını itirmədən yazmaq, yaratmaq Sona xanımın özəllikləridir. Qəlbimizdəki səmimilik, düşüncələrimizdəki aydınlıq münasibətlərimizi dəyişmədi. Hörmət qarşılıqlı olanda, məqsəd və təmənna olmadıqda insani sevgi yox ola bilməz.
Başqaları olsaydı fərqli davranardı. Laqeydlik, lovğalıq, özündənrazılıq edə bilərdi. Ətrafımızda kifayət qədər Sona xanım statusunda olan bəziləri vardı və onların davranışlarını görürük, bilirik. Amma söhbət ürəyinin səsi ilə oturub-duran, könlünün sarı simi ilə davranan, bu vəzifədədir, bunun adamı yoxdur, onun adamı filankəsdir anlayışını qəbul etməyən bir alicənab xanım Sona Vəliyevadan danışırıq.
Səmimidir, sadədir, diqqətlidir. Allah adamıdır və əsl xanımdır. Dəyişmədi, görmədim. Eyni sevgi, eyni diqqət, “Çəhrayı dünya”sını adı kimi qorudu. Susdu ürəyindən keçənləri şeirə, sətirlərə çevirdi. Yaradıcı xanımdır. Şeirləri ürəyimizdə Vətən havasını əsdirir, doğma ocağa, kökə bağlılığı aşılayır, uşaqlıq dünyamıza aparır. Mənəviyyat, sevgi, nəciblik, xeyirxahlıq, təmənnasızlıq qığılcımları yaradır. İllər qabaq “İşığa gedən yol” tarixi romanını oxumuşdum . Zaman darlığı olsa da, iki günə oxumuşdum kitabı. İlahi milli ruhu, milli düşüncəni, milli ideologiyanı o qədər maraqlı, o qədər səmimi işıqlandırmış, yazmışdı ki, Həsən bəy Zərdabini yenidən sevdirmişdi, tanıtmışdı oxuculara. Həsən bəy Zərdabi haqqında o cür mükəmməl əsər maarifçilik işini mükəmməl bilən və sevərək qələmə alan Sona Vəliyeva ola bilərdi. Haqlı olaraq xalqımız Sona xanımı Həsən bəy Zərdabinin davamçısı, varisi adlandırırlar. Yaxşı ənənələri davam etdirmək, yaşatmaq da ürək istər, cəsarət istər, sevgi istər. Alimdir, publisistdir, şairdir, yazıçıdır və anandır, bir çox gənc xanımlara ailə nümunəsidir Sona xanım.
Allah sevgisinə sığınıb inancını imanla yaşayanlardan, vətən sevgisini imandan bilənlərdən olan Sona xanım Vəliyevanın qələmindən çıxan sözlər ürəklərdə yer tapır. Sadə sözlərin yaratdığı dəyərli misralar ürəklərə cığır açır, həzinləşir. Ədəbiyyatımızda milli adət-ənənələrə önəm verən, milli dəyərləri ön plana çəkən, xalq mədəniyyətinin ruhunu qorumağa çalışan müdrik klassik milli və mənəvi dəyərlərin daşıyıcısı olan yazıçı, şairədir Sona Xanım. Sən demə çəhrayı rəng xeyirxahlığın rəmziymiş. Bu səbəbdən “Çəhrayı dünyam” deyən şairənin misraları könlümüzə hopur.
Azərbaycançılıq ideyalarının yorulmaz təbliğatçısı və tədqiqatçısı olmaqla yanaşı ədəbiyyatımızda öz yeri, öz imzası olan qələm sahibidir.
Mən, xalq yazıçısı Anar müəllimi “Xalqımızın Dədə Qorqudu” adlandırıram. Özü də bilir, hətta Şuşada Vaqif poeziya günlərində çıxışımda demişdim. (O da zarafatca dedi Gülşən xanım Dədə Qorqud 300 il yaşayıb.)
Şeirlərində “Şuşam baş örtüyüm” ifadəsini oxuyanda Sona xanımı xalqımızın Banuçicəyi kimi gördüm. Abır-ismət, milli düşüncə, mənəvi dəyər, milli əxlaq, böyük-kiçik, hörmət, diqqət Sona xanım Vəliyevanın insan, şəxs kimi əvəzedici adlarıdır. Zəngin ənənəsi, zərif və kövrək, bəzən də sərt və döyüşkən qələm sahibi olaraq poeziyası ilə ruhumuzu maarifləndirən Azərbaycanın şairələri arasında seçilən, fərqlənəndir. Vətən məfhumunu ən yüksək zirvədə tutmuş və vətəndaşlıq mövqeyini əməlləri ilə ortaya qoyaraq mənəvi dəyərlərin təbliğində ciddi addımlar atmış, ziyalı xanım, vətənpərvər insandır. Sona xanımın vətən sevgisi, Həsən bəy Zərdabi sevgisi “İşığa gedən yol” kimi işıqlı və ədəbiyyatımızın qalıcı əsərlərindən olan roman yazdırdı. Budur sevgi, budur milli düşüncə, ideologiya. Özünəməxsus yaradıcı sevgisi ilə insana, insanlığa, insani dəyərlərə qiymət verməyi bacaran şairimizin şeirləri ilahi məhəbbətin, Allaha olan sevginin təcəssümüdür.
Zərifliyi, incəliyi, sədaqəti, etibarı ilə seçildiyi kimi, bağışlamağı da bacaran böyük ürək sahibidir Sona xanım. Şeirləri ürəyimizi titrədirsə, ruhumuza toxunursa poeziyanı içində yaşadan, sətirlərində, sözlərində şeiriyyata çevriləndir Sona xanım. “Dünya Tanrı biçimdədir” deyən şairəmizin şeirlərini oxuduqca düşünürsən, saflaşırsan. Sona xanımın yaradıcılığı, mövzuları bu gün də, sabah da aktuallığını itirməyəcək mövzulardır. Şairi şair edən, sevdirən onun qələmi ilə yanaşı humanistliyi və insanlığıdır. Allaha yaxın insandır Sona xanım Vəliyeva. Ad gününüz mübarək Allahın sevdiyi və Allaha bağlı xanım…
Mən onu hələ 9- cu sinifdə (1989 – Agdam, Yusifcanlı) oxuyanda 9-cu siniflər üçün “Ailə” adlanan dərsliyin müəllifi kimi tanımışam. Sonralar Ali və orta ixtisas təhsili müəssisələrində tədris olunan pedaqogika kitablarının müəllifi də məhz mənim sevimli qiyabi müəllim olduğunu öyrəndim. Bu gün bu gözəl insanın; böyük alim, sevimli yazıçı, peşəkar pedaqoq, əsl ziyalı Akif Abbasovun doğum günüdür!!! Təbrik edirəm, Müəllim!!! “Hər kənddə, hər şəhərdə Sənin meyvələrin var!” Var olun!!! Allah Sizi qorusun!!! Allah uzun ömür, can sağlığı versin ki, yazın, yaradın!!! Biz də oxuyaq, öyrənk!!! Hörmətlə: Zaur Ustac
ZAUR USTAC: – USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Vətən uğrunda apardığı savaşda qalib gəlsə də, yaşamaq uğrunda savaşda məğlub olan Baş Leytenant….
Ağdam Şəhidi Baş Leytenant Səfərov Hikmət İldırım oğlu 11.07.1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. Hikmət 1979-cu ildə Ağdam rayonunun Yusifcanlı kəndi orta məktəbinin birinci sinfində orta təhsilinə başlayıb və 1989-cu ildə elə həmin məktəbi bitirərək 1990-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub və 1995-ci ildə “İnformasiya ölçmə texnikası” ixtisasını bitirdikdən sonra “Leytenant” rütbəsi almışdır. Hikmət Səfərov 2001-ci ildən etibarən Yazıçılar birliyinin “Ulduz” jurnalında işləməyə başlayıb və elə həmin il ailə həyatı qurub. Daha sonra 2002-ci ilin oktyabrında həqiqi hərbi xidmətdə “Leytenant” olaraq xidmətə başlayıb və 2004-cü ilin yayında Baş Leytenant olaraq ehtiyyata buraxıldı. 12.11.2004-cü il tarixində “Qaya” mətbuat yayımında işə başlayan Hikmət Səfərov 30.08.2016-cı il tarixində həmin işdən ayrılıb və 04.01.2018-ci il tarixində “Dokta MMC” şirkətində Xəzinadar kimi fəaliyyət göstərməyə başlayıb. 20.09.2020-ci il tarixində ehtiyyatda olan Baş Leytenant olaraq hərbi təlimlərə çağırılan Hikmət Səfərov Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq ordu sıralarına qoşulur və Baş Leytenant 04.10.2020-ci il tarixində Suqovuşan ərazisinin azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Dəfələrlə əməliyyat olunmasına baxmayaraq 17.10.2020-ci il tarixində “koma”-ya düşdü və 52 günlük komadan sonra 08.12.2020-ci il tarixində (48 yaşında) Şəhid oldu.. Və Baş Leytenant Səfərov Hikmət 09.12.2020-ci il tarixində yüksək rütbəli ordu məmurlarının, müvafiq icra hakimiyyəti nümayəndələrinin, ailə üzvlərinin və xeyli sayda insanların iştirakı ilə 2-ci Fəxri xiyabanda dəfn olunub. Ailəli idi. Ondan yadigar 2 oğul övladı – Azər və Anar qaldı.. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Baş Leytenant Səfərov Hikmət İldırım oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub. Ruhun qarşısında baş əyirik, cənab Baş Leytenant! Ruhun şad olsun!
Kim idi onlar? – Uşaqlıq xatirələrimin ala-toranlığında var-gəl edirəm, təxminən 5-6 yaşlarımda idim. Bizim binanın qarşısındakı bina ilə üzbəüz tələbə yataqxanası var idi. Böyüklərdən eşitdiyim cümlələr hopub yaddaşıma : ” indi yataqxanaya qaçqınlar gəlib, ermənilər onların çoxunu öldürüb, çoxu yaralanıb, bəziləri də qaçıb gəlib, o binada qalırlar.” O erməni dedikləri kimlər idisə pis adam idilər, çünki adamları öldürüblər, bəziləri də evləri yanıb, qaçıb gəliblər, mən də qorxurdum adam öldürən ermənilərdən. O binada yaşayan adamlara da yazığım gəlirdi. O binada adam vəfat edəndə analar, nənələr daha çox ah-nalə ilə ağlayırdılar. O binadakı nənələr, xalalar çox kədərli görünürdülər. Danışıq tərzləri fərqli idi. O binada yaşayan əmilər, dayılar usta idilər, fəhlə idilər. Bizim məhlənin qarajlarının üstünü qırlayanda, ya da kiminsə evini təmir edəndə görürdüm onları. O binada yaşayanların əksəri Laçından, Xocalıdan gəlmişdi deyirdilər. Atamın qarajımızın təmirindən ötrü çağırdığı usta da laçınlı idi. O usta ailəsi ilə bizə bir neçə dəfə qonaq gəlmişdi. Bizim kimi adamlar idilər, bəs niyə onlara qaçqın deyirdilər, nə idi fərqimiz? Bu barədə çox düşünsəm də uşaq ağlı ilə heçkəsdən heçnə soruşmadım. Bir neçə dəfə biz də həmin ailənin yataqxanada qaldığı otağa qonaq getmişdik. Binanın içi fərqli idi, hətta blokun spesifik qoxusu var idi, şəraitsizlik, darısqallıq idi. Bu vəziyyətin içində yeganə xoş nəsnə nənələrin, xalaların Sənə olan isti, doğma münasibəti idi, Qazaxdakı nənəm, xalam, kəndçilərimiz kimi. Yəni bu xalalar bizim binaların xalalarından daha istiqanlı idilər. Amma bu binaların uşaqları adətən o binanın uşaqları ilə oynamırdılar. Qaçqın uşaqları özləri ayrıca dava-dava, gizlənqaç oynayardılar. Bəzən gizlənmək üçün onların məhləsinə qaçanda görünməz sərhədlə çizilmiş fərqli abu-hava görürdüm. O uşaqlar da bizi orda görəndə qəribə baxırdılar. Nimdaş əyinləri, köhnə-köşkül oyuncaqları ilə kədərli görünürdülər. Orta məktəbə gedib yuxarı siniflərdə oxumağa başlayanda Vətən, Qarabağ, Xocalı soyqırımı haqqında inşalar yazmağa başlayanda (mən inşalarımı özüm yazırdım, ondan – bundan köçürmürdüm, bir inşa üçün bir neçə kitab oxuyardım) , tədbirlərdə iştirakçı olanda saatlarla kitabxanadan seçdiyim kitabları oxuyur, onların içində olan Çingiz Mustafayevin çəkdiyi şəkillərə baxırdım. Bu görüntülər aylarla gözümün önündən getmirdi. Və beləliklə, mən qaçqın kimdir sualına cavab tapdım. Onlar bizim ürəyimizin yarası idilər, şəhid olmuş övladlarla, əsir düşmüş ana- bacılarla, ana bətnində ikən ermənilərin yarıb çıxardığı, yerinə pişik qoyduğu doğulmayan körpələrlə, qüruru sınmış atalar, oğullarla, bala dağı görən analarla, yetim qalan uşaqlarla birlikdə qəlbimizin ən dərin yarası, ruhumuzun sızıltısı idilər. Onlar əvvəl susqunluğum idilər, sonra yaram oldular, daha sonra şeirlərimə hopdular. Və şükürlər olsun ki, çox sevdiyim, pərəstiş etdiyim Ulu Öndər H. Əliyevin bünövrəsini qurduğu zəfərimizin sevincini Ali Baş Komandanımız və Şanlı Ordumuz bizə yaşatdılar. Bu gün Onlar qayıtdılar. Uşaqlıq xatirəmin nəm qoxulu yataqxana binası yox oldu, əvəzində güllü- çiçəkli Laçın dağları, gözəl şəlaləsi, axar suları var və o istiqanlı nənələr, xalalar, zəhmətkeş dayılar, əmilər, nimdaş geyimli, hürkmüş, utancaq, kədərli uşaqlar daha gözəl yerlərdə yaşayacaqlar. Bu gün laçınlıların qayıtması xəbərini oxuyanda Vətən müharibəsi dövründə olan bir xatirəmi xatırladım. Müharibəyə könüllü yollanan Emin Piri ilə telefon söhbətimi yəqin ki, ölənə kimi unutmaram. -Alo, salam. -Salam. -Şair necəsiz, hardasınız? – Xocalıdayam. -… (Və neçə saniyə çəkdiyinin fərqinə varmadığım susqunluq. ) Sonra nə dediyimi də tam olaraq xatırlamıram. Donmuşdum. Şair Emin Piri Xocalıdadı. Emin Piri ermənilərin yer üzündə görünməmiş vəhşiliklər törədib doğmalarımızı öldürdükləri, düz 10 il inşalarda yazdığım, anım günlərində hıçqırıqla bayatılar oxuduğum həmin Xocalıda idi. Qaçqınlar binasında yaşayan adamların elində, evlərində idi Emin Piri. Özü də O, “Xocalıdayam” sözünü elə sakit, təmkinli, həyəcansız, qorxusuz və inamlı demişdi ki, artıq içimdəki 5yaşlı qız qorxduğu ermənilərdən daha qorxmayacaqdı. O sözlə mən illərin uşaqlıq travmasından arınmışdım. O sözlə mən qələbənin gerçəkliyini tam dərk etmişdim. Və o gün şər qarışana kimi key- key hərlənib gecəni ağlamışdım. Mən o gün anladım ki, Emin Piri də mənim kimi məktəb illərinin Qarabağ acısını daşıyıb içində, onun müharibə şeirlərinin mayası o faciələrin tarixçəsindən cücərib. Daha sonra şeirlər hərbi mühazirələrə, qələmi də süngüyə çevrilib. O gün Emin Pirinin içindəki məktəbli oğlanı görmüşdüm. O məktəbli oğlan da ermənidən qorxan 5,6 yaşlı qızın sevindiyi kimi illərin acısından sonra sevinirdi. O məktəbli oğlan da mənim kimi və eləcə də qaçqın düşəndən sonra dünyaya gələn Qarabağlılar qədər qarabağlı, laçınlı qədər laçınlı, xocalıdan olan uşaqlar qədər xocalılı idi. 1992ci ilin Xocalısını Çingiz Mustafayevin sayəsində bütün gerçəkliyi ilə dərk eləmişəm. 2020nin Xocalısını isə dəyərli Emin Pirinin “Müharibə gündəliyi” sayəsində dərk eləmiş oldum. Emin Piri cəbhədə təkcə vuran əlimiz deyildi, o həm də düşünən beynimiz, tarix yazacaq müəllimimiz, o günləri ədəbiyyata çevirəcək qələmimiz idi. Onun sonunun əziz Ç. Mustafayev kimi olmasından çox qorxurdum, Tanrıya bütün oğullarımızı qoruması üçün dua edəndən sonra, həmişə ayrıca bir xahişim də olurdu ki, Emin qayıtsın, mütləq qayıtsın, qayıtsın ki, biz müharibəni onun sətirlərimdən olduğu kimi oxuyaq, biz zəfərimizi onun misralarından duyaq. Onun kimi vicdanlı insanın, çox savadlı və qeyri- adi yaddaşı olan tarix müəlliminin gələcək nəsillərə verəcəyi faydanı düşündükcə yoxluğu ehtimalını düşünmək bir ayrı dəhşət idi. O döndü və dünyanın bir çox dillərinə tərcümə olunmuş İkinci Vətən müharibəsi həqiqətlərindən bəhs edən “Müharibə gündəliyi” ni və müharibə şeirlərini yazdı. Mən zənnimdə yanılmamışdım. Müharibədə iştirak etmək, illərin kinini, ürəyimdəki Xocalı yanğısını söndürmək üçün səngərdə olmaq nəsibim olmamışdı, amma Müharibə gündəliyini oxuyanda zəfərin sevincini iliklərimə kimi duymuşdum. Bu gün də laçınlıların qayıtması xəbərini görüb dondum, uşaqlıq illərimə geri döndüm. Tanrı yar və yardımçımız olsun! Uca Tanrıdan əziz Şəhidlərimizə rəhmət, Ali Baş Komandanımıza, Qazilərimizə can sağlığı diləyirəm. Və haqqınızı halal edin, əziz Şəhid anaları deyirəm. Gözün aydın, Vətən, gözümüz aydın! Bir gün Laçında qonaq olmaq arzusuyla…
Azərbaycan Respublikasının Xalq şairi nasir, publisist Söhrab Əbülfəz oğlu Tahir 1926-cı il mayın 27-də İranın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə “İran-İngilis neft şirkəti”ndə işləməyə məcbur olmuşdur.
Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalında redaktor olmuşdur.
Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilmişdir.
Xalq şairi uzun illər şəkər xəstəliyindən əziyyət çəkirdi. Son illərdə xəstəliyi şiddətlənmişdir. Görkəmli şair 4 may 2016-cı ildə dünyasını dəyişmişdir.
Səməd Vurğunun “Vaqif” dramında Molla Pənah Vaqifin şəxsiyyəti
(resenziya)
Xalq şairi Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olmuşdur. Şairin Azərbaycan ədəbiyyatının mövzu və məzmunca zənginləşməsində mühüm xidmətləri olmuşdur. Ədibin yaradıcılığı olduqca zəngindir. Səməd Vurğunun zəngin yaradıcılıq irsini təşkil edən “Vaqif’ (1937), “Fərhad və Şirin” (1941), “İnsan” (1945) mənzum dram əsərləri Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətli yer tutur. Səməd Vurğunun 1956-cı ilin martında 50 yaşının tamam olması münasibətilə şairin yubileyi keçirilir. Ona Azərbaycanda ilk olaraq, “Azərbaycanın xalq şairi” adı verilir. Ədib 1956-cı il may ayının 27-də dünyasını dəyişir və Bakıda Fəxri Xiyabanda dəfn edilir. Səməd Vurğunun “Vaqif” dramında Azərbaycanın böyük şəxsiyyəti olan Vaqifin həm şair, həm də bir şəxsiyyət kimi həyatı qələmə alınmışdır. Səməd Vurğunun «Vaqif» dramı mövzu aktuallığına, məzmun keyfiyyətinə, ideya-bədii xüsusiyyətlərinə görə olduqca qiymətlidir. Əsər mükəmməl sənət nümunəsidir. S.Vurğunun «Vaqif» dramı Azərbaycanda XVIII əsrdə baş verən tarixi hadisələrə və şair M.P.Vaqifin həyat və yaradıcılığına həsr olunmuşdur. Ədibin əsərinin əsas qəhrəmanı Vaqifdir, hadisələr onun ətrafında cərəyan edir. Səməd Vurğun “Vaqif” dramında onu vəzir, şair, əyilməz bir şəxsiyyət kimi təqdim edir. Əsərdə Vaqifin xalq arasında hörmətindən, şöhrətindən, saraydan şikayətindən, nüfuzundan, diplomatik hünərindən, cəsarətindən, kəskin zəkasından geniş bəhs olunur. Səməd Vurğun Vaqifin qəzəl və qoşmalarının məclislərdə ifa etməsini, xalqın ona olan böyük məhəbbətini çox yüksək qiymətləndirmişdir. Səməd Vurğun “Vaqif” dramında oxucuya göstərir ki, Vaqifin şeirləri Azərbaycan xalqının mənəvi sərvətidir. Vaqif xarakter olaraq, təbiəti və gözəllikləri vəsf edən, gözəlliyə vurğun, xeyir işə, şadlığa can atan, insanları azad və xoşbəxt görmək istəyən, şairlik əzəmətini uca tutan, insanlıq ləyaqətini hər şeydən önəmli sayan, mənən sadə və zəngin olan, düşmən qarşısında xalqı tək qoymayan, xalq hikmətini dəyərləndirən, məğrur və əyilməz insanları qiymətləndirən, təcrübəli, əyilməz, məğrur durmağı bacaran biri kimi təsvir olunmuşdur. Vaqif əsərdə vətənpərvər, humanist keyfiyyətlərə sahib insan kimi dəyərləndirilir. Səməd Vurğun Vaqifi əsərində əyilməz vicdanın böyük heykəli kimi təqdim edir. Vaqif xarici işğalçılara qarşı mübarizədə xalqını əsla tək, yalnız qoymur. O, əsərdə düşmənə qarşı barışmaz mövqe alaraq, aparıcı qüvvə kimi çıxış edir. Əsərdə Vaqif Azərbaycan xalqının siması kimi təqdim olunur. Səməd Vurğunun Vaqifə Azərbaycan xalqına göstərdiyi xidmətlərə görə böyük hörməti vardı və bu hörmətidə əsərində çox gözəl bir şəkildə əks etdirə bilmişdir. Səməd Vurğunun “Vaqif” əsərini yazmaqda bir məqsədi də o idi ki, Azərbaycan xalqının dəyərli oğlu olan Molla Pənah Vaqifin şəxsiyyətini tanıtdırsın və ona olan sevgisini bir əsərində cəmləşdirsin. Səməd Vurğunun “Vaqif” əsəri Molla Pənah Vaqifin şöhrətini xalq arasında, ədəbiyyatçılar, ziyalılar, şeir pərəstişkarları arasında çox yüksəklərə qaldırdı. Səməd Vurğunun əsas məqsədi o idi ki, Vaqifin şeirlərini, XVIII əsrdə Azərbaycan ədəbiyyatındakı mövqeyini, xidmətlərini özündə birləşdirən əsər yazsın və Vaqifi geniş tanıtdırıb, onu xalqa daha da yaxınlaşdırsın. Vaqifin şəxsiyyətini açmaq, onun surətini xalqa göstərmək və Vaqifi xalqa doğma etmək – bunların hamısı Səməd Vurğunun Azərbaycan ədəbiyyatı tarixinə göstərdiyi xidmətlər idi. Səməd Vurğun “Vaqif” əsəri ilə Vaqif obrazını xalqa o qədər çox sevdirdi ki, çox ailə yeni doğulan övladlarına Vaqif adını verdi. Səməd Vurğunun “Vaqif” dramında Azərbaycan xalqının dahi şəxsiyyəti olan Vaqifin şəklini, heykəlini görürük. Səməd Vurğun “Vaqif” dramı ilə mədəniyyətimizdə, ədəbiyyatımızda, mənəviyyatımızda Vaqifin adını əbədiləşdirdi. Həmçinin əsər oxucuya Vətənə məhəbbət, xalqa inam, Azərbaycan dilinə, milli ənənələrimizə məhəbbət aşılayır. Səməd Vurğun “Vaqif” əsərində Vaqif obrazını xalqına, millətinə sadiq, millətinin oyanışına, milli dirçəlişinə xidmət edən insan kimi təsvir edib. Vaqif həmişə azadlıq, müstəqillik tərəfdarı kimi çıxış edib. O, Azərbaycanı azad, müstəqil, sərbəst görmək istəyibdir. Səməd Vurğun Vaqifin xalqımızın mədəniyyətinin, ədəbiyyatının, elminin, təhsilinin ümumi səviyyəsinin qalxmasındakı xidmətlərini yüksək qiymətləndirmişdir. “Vaqif” dramında azərbaycançılıq amili önəmli möyqedə dayanır. Səməd Vurğun Vaqifin mədəniyyətimizə, tariximizə, torpaqlarımızın qədimiliyinə, xalqımızın müdriklikliyinə, Azərbaycan varlığının və Azərbaycan sənətinin yüksəkliyinə, böyüklüyünə göstərdiyi xidmətləri yüksək dəyərləndirmişdir. Səməd Vurğun “Vaqif” əsərində Vaqif obrazını tərənnüm etmişdir. Vaqif xalqın sevgisinə və rəğbətinə güvənərək, İbrahim xanın sarayında yaşaya bilmişdir. Onun üçün millət, dil, vətən sevgisi daim ön planda olmuşdur. Səməd Vurğun “Vaqif” əsərində tarixi şəxsiyyətlərə və hadisələrə öz mövqeyindən münasibət göstərmişdir. Səməd Vurğun “Vaqif” dramında ayrı-ayrı şəxsiyyətlərin tarixdəki rolunu özünəməxsus şəkildə qiymətləndirməklə, onları üzə çıxarmaq, tanıtmaq və təbliğ etmək istəyirdi. Əsərdə azərbaycançılıq və vətənpərvərlik ən mühüm duyğudur. Əsərdə Azərbaycan dili Azərbaycan xalqının danışıq dili kimi yüksəklərə qaldırılır. Səməd Vurğunun Azərbaycan dilinin müasir səviyyəsinin formalaşmasında və təkmilləşməsində əvəzsiz rolu vardır. “Vaqif” dramında Vaqif istər Qarabağ xanı İbrahim xanın sarayında, istərsə də Məhəmməd şah qacarın hüzurunda özünün dəyanətini və qürurunu qoruyub, saxlaya bilmişdir. Yazıçı Vaqifin xalqın taleyindəki rolunu, güclü və haqlı mövqeyini xalqın qəhrəmanına çevirməsi üçün əsas bir cəhət görür. Vaqif xalqın çox arzuladığı bir sənətkar idi, çünki o, haqq sözünü, ədalətli kəlməni dilinə gətirə bilirdi. O, hökmdarların hökmünün qarşısında sınmayan bir şəxsiyyət idi. Vaqif saraylarda xalqın ruhunu təmsil edən şəxsiyyət idi. Əsərdə Vaqif XVIII əsrin məşhur Azərbaycan şairi kimi layiqli mövqedə təmsil olunmuşdur. O, İran hökmdarı Ağa Məhəmməd şah Qacara qarşı kəskin mövqedə dayanaraq, xalqının mənafeyini hər şeydən uca tuturdu. Səməd Vurğun “Vaqif” dramında Vidadi ilə Vaqifin yaxın dostluq münasibətlərinin təsviri ilə əsərdə əsl dost problemini qoymuşdur. Dostun dar və şad gündə tanınması mövzusu əsərdə aparıcıdır. Vidadi əsərdə həm dar, həm də şad günün dostu kimi təqdim olunur. Əsərdə Vaqifin xarakterinin bir çox özəllikləri Qarabağ xanı İbrahim xanla, Eldarla, Xuramanla, Əli bəylə, Əli bəyin sevgilisi Gülnarla, Şeyx Alı ilə söhbətlərində təqdim olunur. Səməd Vurğun Vaqifin bir həyat yoldaşı kimi obrazını Xuramanla olan münasibətində vermişdir. Vaqif Xuramana qarşı son dərəcə səbirli, nəzakətli, mehriban, qayğıkeş rəftar edir. Lakin vəfasız Xuraman Vaqifi məyus və peşman edir. Səməd Vurğun “Vaqif” dramında Molla Pənah Vaqifin şəxsiyyətini onun oğlu olan Əli bəy ilə münasibətində göstərir. Vaqif oğluna qarşı olduqca mehriban və qayğıkeş ata idi. Səməd Vurğun Vaqifin atalıq hissini əsərdə çox dolğun bir şəkildə təsvir etmişdir. Əsərdə Vaqifin şəxsiyyəti hər tərəfli oxucuya çatdırılmışdır. Vidadi və Eldar xətti ilə dostluq məsələsinə toxunmuş, əsl dostluq problemini qabartmışdır. Səməd Vurğun “Vaqif” dramında Molla Pənah Vaqifin şəxsiyyətini hər tərəfli oxucuya çatdıra bilmişdir. Əsərdə Vaqifin vəzirliyinin təsviri ilə Qarabağ xanlığının diplomatik əlaqələrinədə yer verilir. Vaqif hər bir çətinlikdən xalqına güvənərək, çıxa bilir. Səməd Vurğunun “Vaqif” əsəri Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.
Ben zaten bilmezdim aşkın adını. Bu sırrı sen bana anlatmadın mı? Cihana sığmayan şair gönlümü Göğsümden çıkarıp oynatmadın mı?
Ben şarkı söylerdim menekşelerden İşim zevk almaktı şık güzellerden. Benden uzaklarda gezsen de bazen, Kalbimi kırmaya can atmadın mı?
Bin hicran gönlümü esir alanda Sen benim halime üzülmedin mi? Müşfik’in yüreği avuçlarında Tatlı rüyasını sen bölmedin mi?
SEVİYORUM
Seviyorum Menekşe gibi Boynunu bükmeni, O dalgın hallerini…
Seviyorum Benimle göz göze geldiğinde Şimşek bakışlarının fırtınasını. Seviyorum Yelpaze kipriklerinle Beni süzerek Bir mahir avcıdan korkmuş, ürkek Nazlı ceylan bakışlarını…
ONA
İsmiyle gönlümü avlamış biri, Melek değil, ama kanatları var. Siyah kaşlarının ızsızlığında Aşık güvercinler hep kanat çırpar Misafir eyledim gönül dalında, Hep şarkı söylerler onlar benimçin. Şimdi tüm kalbimle inanmışım ben, Ne kadar bahtiyar insanmışım ben. Çağlayan misali akan saçları İnce omuzlardan dökülü vermiş Bembeyaz teninin benzeri ancak Güneşten saklanmış kuzey karları. Aman, fırtınalar kopmasın artık Solmasın aşkımın gonca gülleri.
Şair : Mikayıl Müşfik Türkçeye aktaran : Turan Novruzlu
ZAUR USTAC: – USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!