BƏXTİYAR VAHABZADƏ

BƏXTİYAR VAHABZADƏ

Əziz dostlar, fevralın 13-ü xalqımızın böyük şairi Bəxtiyar Vahabzadənin anım gündür. O, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ən çox sevilən böyük şairlərindən biri idi. Universitetin rektoru və Təhsil naziri işlədiyim dövrlərdə Bəxtiyar müəllimlə dəfələrlə görüşmüşdüm.Təhsil naziri təyin olunduqdan sonrakı ilk görüşümüzü yaxşı xatırlayıram, məni təbrik etdikdən sonra dedi ki: Uşinskinin ana dili haqqındakı məqaləsini, Azərbaycan dilinə tərcümə edib, “Müəllim” qəzetində çap etdirsən yaxşı olar.
Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan dili onun yaradıcıllığında xüsusi yer tutur. Dəfələrlə onun Azərbaycan dili ilə bağlı məsələlərin müzakirəsində ciddi söz deməsinin şahidi olmuşam.
Növbəti görüşümüz Şəkidə onun evində baş tutdu.Şəkidə “Müəllimlərin avqust konfransına” getmişdim, məni evinə dəvət etmişdi.Son görüşümüz isə 2009-cu ildə Bakı Dövlət Universitetində oldu.Tale elə gətirdiki ki, son görüşümüzdə, onun dəfn mərasimini aparmalı oldum…Allah rəhmət eləsin, məkanı cənnət olsun.

Əziz dostlar, Bəxtiyar Vahabzadə haqqında hazırladığım yazının ilk hissəsini Sizə təqdim edirəm.
Hərdən fikirləşirəm ki, mən Bəxtiyar Vahabzadəni niyə belə sevirəm? Milli düşüncənin, ictimai vicdanın, vətəndaş mövqeyinin qüdrətinə görəmi? Dövrünün mənəvi tribunası, xalqın duyğularının və düşüncələrinin sözə çevrilmiş möhtəşəm abidəsi olduğuna görəmi? Bəlkə insanın daxili dünyasına, onun mənəvi axtarışlarına işıq salan bədii bir xəzinə yaratdığına görə? Ən sərt ideoloji məhdudiyyətlərin mövcud olduğu illərdə xalqın dərdini, dilini, kimliyini qoruyub saxlamaq uğrunda apardığı mübarizəyə, “Gülüstan”, “Latın dili”, “Vətən”, “Ana dili” kimi əsərlər yazdığına görəmi? Bəlkə bütün ömrünü Azərbaycan dilinə, ədəbiyyatına həsr etdiyinə, yaradıcılığının kökündə azadlıq, vətən sevgisi, haqsızlığa qarşı etiraz və milli birlik ideyaları dayandığına görə? Ədəbiyyat tariximizə milli dəyərləri ən çox tərənnüm edən, xalqın ruhunu, dilini, tarixini və azadlıq ideallarını poeziyasında yaşadan böyük sənətkar kimi düşmüş Səməd Vurğun yaradıcılığını geniş tədqiq etdiyinə, həm namizədlik, həm də doktorluq dissertasiyalarını bu nəhəng dühaya həsr etdiyinə görəmi? Ən çıxılmaz anlarda xalqın xilas yolunu düzgün müəyyənləşdirməyi bacardığına, 1993-cü ildə ölkədəki siyasi qeyri-sabitlik və Qarabağ münaqişəsinin gərginliyi fonunda Azərbaycan parlamentində Heydər Əliyevi təcrübəli və güclü lider kimi ölkəni bu çətinliklərdən çıxara biləcək yeganə şəxsiyyət kimi dəyərləndirdiyinə görəmi? Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin onun yaradıcılığını təkcə Azərbaycan ədəbiyyatının deyil, bütün türk dünyasının ortaq sərvəti kimi səciyyələndirdiyinə görəmi? Türk və bütün müsəlman dünyasının şəksiz və şəriksiz lideri Prezident Rəcəb Tayyib Ərdoğanın onun şeirlərindən tez-tez sitatlar gətirdiyinə, 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradında dediyi:
İsa bulağının zümzüməsini,
Cabbarın, Seyidin, Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?, – misralarına görəmi?
Yox, əlbəttə, yox! Ayrı-ayrılıqda bu keyfiyyətlərin hər biri hər hansı bir şəxsiyyəti tarixiləşdirmək üçün kifayət etsə də, bunların hamısının, hətta sadalaya bilmədiyim onlarla digər xüsusiyyətlərin cəmləşdiyi Bəxtiyar Vahabzadəni sevməmək, onu lazımi qədər dəyərləndirməmək mümkün deyil. Mənə bu işdə həm də onu yaxından tanımağım, bir müddət davam edən səmimi münasibətlərimiz çox kömək etmişdir.
Əlbəttə, mən də 60-cı illərin digər gəncləri kimi, Bəxtiyar Vahabzadəni milli məfkurəmizin memarlarından biri olaraq tələbəlik illərindən tanıyırdım. 1958-ci ildə Şəki rayonunun “İpəkçi” qəzetində çap olunmuş “Gülüstan” poeması 60-cı illərdə, xüsusən də onun müəllifi universitetdəki pedaqoji fəaliyyətindən uzaqlaşdırıldıqdan sonra tələbələr arasında çox məşhurlaşmışdı. Poemanın əlyazması uşaqlar arasında surətlə yayılırdı və mən də bu poemanın mövzusu, müəllifi ilə çox maraqlanmışdım. Sonralar BDU-da müəllimlik fəaliyyətinə başlayanda məni ən çox qürurlandıran amillərdən biri də bu idi ki, Bəxtiyar Vahabzadə kimi böyük şəxsiyyətlərin çalışdığı bir ali məktəbdə işləyəcəyəm…
Filologiya fakültəsi də daxil olmaqla humanitar fakültələr İstiqlaliyyət küçəsində, indiki UNEC-in binasında yerləşdiyi üçün oradakı müəllimlərlə əlaqəmiz zəif idi deyə, mən onunla şəxsən tanış ola bilməmişdim. Əslində buna heç özümü hazır da hesab etmirdim, o bütün xalqın tanıdığı və pərəstiş etdiyi böyük bir şəxsiyyət, mən isə adi riyaziyyat müəllimi idim. İlk dəfə tanış olduğumuz 1986-cı ildə də aramızda xeyli “məsafə” mövcud idi, mənim 40, onun 61 yaşı var idi, o, şöhrətinə bir az da əlavə edə bilmişdi, Dövlət mükafatı da almışdı, ancaq mənim həyatımda elə də ciddi dəyişikliklər yox idi. Görüşməyimiz və tanış olmağımız təsadüfi bir hadisə ilə bağlı oldu.
1986-cı ildə BDU-nun Qəbul komissiyasının Məsul katibi vəzifəsində işləyirdim. Qəbul komissiyası bir növ indiki Dövlət İmtahan Mərkəzinin funksiyalarını yerinə yetirir, universitetə qəbul prosesini təşkil edirdi. Ancaq fərq burasında idi ki, biz ölkənin müvafiq qurumları ilə bərabər, mərkəzi hökumətə, yəni SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinə də tabe idik və onların göstərişlərini müzakirəsiz icra edirdik. O dövrdə qayda belə idi ki, qəbul imtahanlarının keçirilməsinə üç-dörd ay qalmış Moskvadan – SSRİ Ali və Orta İxtisas Təhsili nazirliyindən imtahanların təşkili və keçirilməsi ilə bağlı qaydalar məcmuəsi, təlimat məktubu göndərilərdi. Bu təlimatda sənədlərin qəbulundan imtahanların təşkilinə, müsabiqənin aparılmasına qədər bütün proseslərin necə keçirilməsi haqqında göstərişlər olardı. Yaxşı xatırlayıram ki, orada bəzi abituriyentlərə nəzərdə tutulan güzəştlər, hərbi xidməti başa vurub qayıdan gənclərə verilən üstünlüklər, orta məktəbi medalla bitirən uşaqların hansı fəndən imtahan verməsi və digər onlarla bu kimi hallar barədə geniş izahat verilərdi. Doğrusunu desək, təlimat hər il göndərilsə də, əslində ötən illərdəki ilə eyni olardı, demək olar ki, heç bir əsaslı dəyişiklik edilməzdi.
Ancaq 1986-cı ildə həmin təlimata yeni bir bənd əlavə edilmişdi – Azərbaycan bölməsinə sənəd verən bütün abituriyentlər ixtisasından asılı olmayaraq verdikləri əsas imtahanlarla (bunların sayı, adətən, dörd olurdu) yanaşı rus dilindən yazılı (imla) imtahan da verməli idilər. Bu, doğrudan da absurd bir qərar idi. Əvvəla, imtahanlara cəmi üç-dörd ay qalırdı, rus dili fənnindən heç bir hazırlıq mərhələsi keçməyən abituriyentlər üçün bu imtahanı vermək çox çətin olacaqdı. Digər tərəfdən, rayon məktəblərində rus dili bir qədər zəif tədris edilirdi, bu fakt heç kəsə sirr deyildi. Deməli, riyaziyyatçı, yaxud həkim olmaq istəyən ən istedadlı kənd uşağı rus dilindən kəsilib geri dönə bilərdi. Məni Məsul katib kimi ən çox düşündürən məsələ isə həmin imtahanların təşkili idi, qısa müddətdə bu qədər abituriyent üçün yazı vərəqlərinin çap edilməsindən “bu imlanı kim diktə edəcəkdi?”, “kim yoxlayacaqdı?” kimi texniki məsələləri götür-qoy edirdim. Çünki Moskvadan gələn təlimatlar bizim üçün konstitusiya kimi birmənalı qanun idi, onu dəyişmək, milli təəssübkeşlik baxımından “rus dilindən imtahan vermək bizim nəyimizə lazımdır?” deyərək etiraz etmək heç ağlımıza da gəlməzdi – dövrün tələbləri belə diktə edirdi.
Demə, bizim hələ yaxşı tanımadığımız, sözdə yox, əməldə vətənpərvər olan qeyrətli, necə deyərlər, papaq altda oğullarımız var imiş. Bu təlimat bizim o vaxtkı Ali və Orta İxtisas Təhsili Nazirliyinə göndərilmiş, oradan da dilimizə tərcümə edilib ali məktəblərə paylanmışdı. Hansı vasitə ilə isə (indiki texniki imkanlar – sosial şəbəkələr, votsap, kseroks və s. o zaman yox idi) bu xəbər (rus dilindən imtahanın məcburi olması) bütün ölkəyə yayılmışdı. Həmin günlərdə Şüvəlan qəsəbəsində Yazıçıların yaradıcılıq evində ölkə başçısı Kamran Bağırovla şair və yazıçıların görüşü keçirilirmiş. Təbii ki, rus dilində keçirilən həmin görüşdə Kamran Bağırov yenidənqurmanın yazıçılar qarşısında qoyduğu vəzifələr haqqında bir saatlıq məruzə etdikdən sonra soruşub ki, kimin nə dərdi, sualı var, imkan daxilində kömək edəcəyik. Bəxtiyar Vahabzadə əlini qaldırıb, ona məxsus pafos və məntiqlə odlu-alovlu bir çıxış edib ki, bu nə biabırçılıqdır, mənim xalqımın övladı niyə rus dilindən məcburi imtahan verməlidir? Nəsirəddin Tusi, Füzuli, Nəsimi rus dilini bilməyib alim, şair olmayıb? Mənim kənddə oxuyan balalarım rus dilini heç keçmirlər, yaxşı da eləyirlər keçmirlər, ona doğma dili lazımdır, rus dili yox, deməli, bu uşaq gəlib ali təhsil ala bilməyəcək? Eynşteyn rus dilini bilməyib, Nobel mükafatı almayıb? Bu uşaq da öz dilində fizikanı öyrənib fizik olmaq istəyir, rus dilini zorla niyə sırıyırsınız mənim xalqıma? Birdəfəlik universitetləri bağlayın, rus dilində eləyin, biz də bilək ki, dilimizdə ali təhsil almaq qadağandır… və s.
Kamran Bağırov öyrəşdiyi – ev almaq, əmək haqqını qaldırmaq, şəxsi problemlər kimi sosial məsələlərin həlli ilə bağlı müraciətlərin əvəzinə belə ritorik sualları olan çıxışı eşidəndə çaş-baş qalıb və iclası yarımçıq saxlayıb otaqdan çıxıb. Səhəri günü rektor Faiq Bağırzadə işə gələndə partkom (Partiya Komitəsinin katibi) Qurban Bayramovu, prorektor Teymur Vəliyevi və məni (Məsul katib kimi) təcili otağına çağırtdırdı: “Bilirsiniz, nə biabırçılıq olub? Dünən o Bəxtiyar yenə cızığından çıxıb, şairliyi tutub, Kamran Mamedoviçə (qardaşına belə deyirdi) ağzından çıxanı deyib ki, niyə rus dilindən qəbul imtahanı salmısınız? Guya bunu o eləyib, ya mən eləmişəm?! Niçeqo ne ponimayet (yəni heç nə başa düşmür). Nə isə, bizi Mərkəzi Komitəyə çağırıblar, saat 11-də orada olmalıyıq, gedin hazırlaşın. Görək başımıza nə oyun açacaqlar?”
Saat on birin yarısında universitetin qarşısında idik. O vaxtlar əsas korpusun önündən keçən Patris Lumumba (indiki Zahid Xəlilov) küçəsi maşın yolu idi, Faiq Bağırzadənin qara rəngli, Qurban müəllimin isə ağ rəngli QAZ-24 markalı xidməti maşınları dayanıb bizi gözləyirdi.
…Faiq müəllim aşağı düşəndən sonra Teymur Vəliyevi öz maşınına mindirdi, mən də Qurban Bayramovun xidməti avtomobilinə əyləşib indiki Nazirlər Kabinetinin binasında yerləşən Mərkəzi Komitəyə yola düşdük. Faiq müəllimgil bizdən bir az əvvəl çatıb binaya daxil olmuşdular, biz çatanda gördük ki, qabağımızdakı maşından Bəxtiyar Vahabzadə düşdü və surətlə binaya tərəf getdi. “Partkomumuz” onu görüb mənə göz vurdu, “buna bax, gör necə qaçdı, yəqin məni görüb qorxusundan belə elədi”, – dedi. Biz də onun arxasınca binaya daxil olduq. Həmin binanın liftləri çox kiçik – ikinəfərlik və “astagəl” olduğuna görə Faiq müəllimgili yuxarı aparan lift hələ qayıtmamışdı, Bəxtiyar Vahabzadə onun qarşısında dayanıb gözləyirdi. İri cüssəli Qurban müəllim arıq və nə üçünsə büzüşmüş şairə yaxınlaşıb bayaq dediyi sözlərin havası ilə hücuma keçmək istədi:

Ay Bəxtiyar müəllim, o nə sözlərdir dünən demisən? Sənin nəyinə lazımdır kim imtahan verir, nədən verir, niyə verir, adamın var, gəl de, kömək eləyək də…
Cılız bədənli, bayaqdan büzüşmüş şairə elə bil haradansa sehrli qüvvə gəldi, bir anın içində nağıllarda ağzından od püskürən əjdahalara döndü. Səsinin tonu, sözləri elə idi ki, bayaqdan “gur-gur guruldayan” Qurban müəllim özünü əməlli-başlı itirdi. Bu zaman qarşılarında lift dayandı və qapıları açıldı. Qurban müəllim tez özünü liftə salıb canını qurtarmaq istədi. Ancaq Bəxtiyar müəllim də, mən də onunla birlikdə balaca kabinəyə daxil olduq. Yuxarı qalxana kimi şairin gurultulu səsi və ittihamları davam edirdi: Vicdanınız yoxdur sizin, milli qeyrətiniz yoxdur, rus desə ki, o biri imtahanları da rus dilində keçirin, ləbbeyk deyəcəksiniz. Puldan başqa heç nə bilmirsiniz. Buna bax, mənə deyir, adamın var, de, keçirdim. Bunun mənə nəsihət verməyinə bax… Məndən soruşur ki, niyə belə demisən, niyə elə demisən. Mən danışanda gəlib səndən icazə almalıyam? Adamda milli qeyrət olmalıdır… və s.
Bu qışqırıqlarla lift yuxarıya qədər getdi, yuxarıda da Bəxtiyar müəllimin səsi bütün binanı başına götürdü. Səs-küyə dəhlizə çıxanlar şairin səsindən, hökmündən vəziyyətin mürəkkəbliyini görüb hərə öz kabinetinə getdi. Bu məsələ ilə bağlı Mərkəzi Komitənin (indiki Prezident Administrasiyası) Birinci katibi də olmaqla bütün rəhbərliyinin iştirak etdiyi iclas başladı və həmin iclasda da Bəxtiyar Vahabzadə heç kəsə danışmağa aman vermədi.
Əslində, dövr çox mürəkkəb idi, şairi oradaca dövlət məmurlarını təhqir etmək adı ilə həbs edib apara bilərdilər, üzünə duranlar, şahidlik edənlər də, şübhəsiz tapılardı. Münasibətlərimiz istiləşəndən sonra özü də vaxtilə belə vəziyyəti yaşamış bir insan kimi hər şeyi gözlədiyini etiraf etdi, ancaq həmin anlarda gözünə heç nə görünmürdü, milli qeyrət, vətəndaşlıq mövqeyi, dildə yox, əməldə xalqın, dilin təəssübkeşi olmaq ona qeyri-adi cəsarət vermişdi.
Vəziyyəti belə görən Birinci katib Kamran Bağırov təcili Moskvaya, bu sahəni kurasiya edən Heydər Əliyevə məlumat verir. Ulu öndər də SSRİ Ali və Orta İxtisas Təhsili nazirinə zəng edib xalqın o məsələyə ciddi etiraz etdiyini bildirib və tapşırıb ki, o təlimata yenidən baxın və dəyişdirin. Nazir də söz verib ki, növbəti Kollegiya iclasında bu məsələni müzakirə edib müsbət qərar qəbul edərik.
Bir neçə gündən sonra Moskvadan rus dili imtahanının ləğv edilməsi ilə bağlı yeni təlimat məktubu gəldi. Bəxtiyar Vahabzadənin cəsarəti, “qəhrəmanlığı” sayəsində bu imtahanı təkcə bizim ölkəmizdə yox, bütün müttəfiq respublikalarda ləğv etmişdilər. Latviyada, Estoniyada, Gürcüstanda, Tacikistanda və digər ölkələrdə çoxu bilməmişdi ki, SSRİ-nin ən nüfuzlu nazirlərindən biri nə üçün imzaladığı əmri 15-20 gün sonra geri oxumuşdu, bunun səbəbkarı kimdir?
Mənim də canım yeni blanklar çap etdirməkdən və imtahanları təşkil etməkdən qurtardı…
1989-cu ildə siyasi vəziyyət bir az da mürəkkəbləşəndə Bəxtiyar Vahabzadə ilə daha yaxından ünsiyyətdə ola bildim. Vəziyyət haqda bir qədər ətraflı yazım ki, gənclər yaşadığımız illəri yaxşı təsəvvür edə bilsinlər. Biz hələ müstəqilliyimizi əldə etməmişdik, bu möhtəşəm hadisəyə iki il qalırdı, Moskva bütün aparıcı nöqtələrdə “öz adamını” – milliyyətcə rus olan bir nəfər əyləşdirmişdi. Doğrudur, 20-ci, 30-cu illər deyildi, nazirlər, İdarə rəisləri milli kadrlar idi, ancaq müavinlər mütləq rus olmalı, lazım bildikləri məlumatları “yuxarıya” çatdırmalı idilər. Həmin dövrdə nazir Rafiq Feyzullayevin birinci müavini Mirabbas Qasımovdan savayı, 3 müavini var idi – Əlimirzə Əhmədov, Mahirə Fərəcova və milliyyətcə rus olan Krotkov Yuri İvanoviç. Mənim Ali Təhsil şöbəsinin (bir az sonra Ali Təhsil İdarəsinin) müdiri vəzifəsində də bir nəzarətçim var idi – müavinim Muxin Anatoli Pavloviç.
Adını beynəlmiləlçilik qoyub bizi aldatmaq istəyirdilər, ancaq hamıya hər şey aydın idi. Təəssüf ki, əlimizdən heç nə gəlmirdi, onu nə dəyişə, nə də başqa vəzifəyə keçirə bilirdik. İşi də elə qurmuşdular ki, istər bizim şöbədən olsun, istərsə də nazirlikdən, müavinlərin imzası olmadan bir sənəd də xaricə çıxa bilməzdi. Deməli, müavin olsalar da, əslində biz onlardan asılı vəziyyətdə idik. Bircə təsəllimiz bu idi ki, əyləşdiyimiz Hökumət evinin önündə – Azadlıq meydanında çox mühüm hadisələr cərəyan edirdi, böyük ümidlər yaradan mitinqlər, müxtəlif toplanışlar baş tutur, çox ciddi bəyanatlar eşidilirdi. İnanmaq çətin olsa da, milli mənafelərlə bağlı səslənən şüarlar, bizim kabinetlərə qədər gəlib çıxan söz-söhbətlər, şayiələr, ümumiyyətlə gedən proseslər belə bir təəssürat yaradırdı ki, yaxınlarda bu müavinlərdən canımız qurtaracaq, respublikamız milli və müstəqil dövlət olacaq.
Buna inanmaq ona görə çətin idi ki, nazirliyin bütün sənədləri, yazışmaları, nazirin, onun müavinlərinin, rektorların, hətta orta məktəb direktorlarının yazdıqları dərkənarlar rus dilində olurdu. Bunların hamısı birdən necə dəyişə bilərdi?
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, 1990-cı ilin yanvarında baş verən hadisələrdən sonra bu proses daha da gücləndi, Azadlıq meydanından Leninin, dağüstü parkdan (indiki Şəhidlər xiyabanından) Kirovun heykəllərinin götürülməsi, əhalinin kütləvi şəkildə Kommunist partiyası biletindən imtina etməsi və bu biletlərin nümayişkaranə şəkildə yandırılması milli hisslərin bir qədər də alovlanmasına rəvac verdi.
Yaxşı xatırlayıram, həmin dövrdə idarə və müəssisələrin kargüzarlıq sənədlərinin Azərbaycan dilinə keçidini təmin etmək məqsədilə bir Dövlət Komissiyası yaradılmışdı. Komissiyanın sədri Xalq şairi Bəxtiyar Vahabzadə, müavini isə şair Qasım Qasımzadə idi. Onlar bütün nazirlikləri, digər dövlət qurumlarını gəzir, sənədləşmənin milli dildə aparılmasının vəziyyətini yoxlayır, bu prosesin sürətlənməsini inadla tələb edirdilər.
Dərd burasında idi ki, hələ çar dövründən, yəni Azərbaycan Rusiyaya ilhaq edildiyi tarixdən ölkəmizin idarə və müəssisələrində bütün rəsmi sənədlər, kargüzarlıq işləri rus dilində tərtib edilirdi. Bura adi arayışdan ən yüksək dövlət qurumlarında yazılan sənədlərə kimi hər şey daxil idi. 1918-ci ildə Xalq Cümhuriyyəti qurulduqdan sonra sənədləşmənin doğma dildə aparılması ilə bağlı qərar qəbul edilsə də, 23 aylıq müddətdə mütəxəssislərin yoxluğundan milli əlifba ilə şriftləri olmayan nəşriyyatlarda doğma dildə blankların çap edilməsinə kimi yüzlərlə problemin mövcudluğu buna imkan verməmişdi. Sonra isə məlum hadisələr baş vermiş, yenidən “böyük qardaşların” hakimiyyəti ələ alması həmin arzunu ürəklərdə qoymuşdu. Nəticə isə bu idi ki, rus dilində kargüzarlıq sənədlərinin ən azı 150 illik kökləri olduğu halda, bunun Azərbaycan dilində heç rüşeymləri də yox idi. Əlbəttə, 1989-cu ildə vəziyyət başqa idi, Azərbaycan dilində heç bir sənəd olmasa da, milli və qeyrətli kadrlarımız var idi…
…Əsas nazirliklərdən biri olduğuna görə rəhmətlik Bəxtiyar müəllim tez-tez bizim təşkilata gəlir, nazirlə görüşür, özü bu prosesin necə getdiyini şəxsən yoxlayırdı. O dövrdə təbii ki, bütün şöbələrdə sənədləşmə, yazışmalar rus dilində aparılırdı, vəziyyətdən çıxmaq üçün nazir Rafiq Feyzullayev Bəxtiyar müəllimi mənim yanıma göndərirdi. Mən o zamanlar Ali məktəblər İdarəsinin rəisi işlədiyimə görə ali məktəblərin potensial imkanlarından və kadrlarından istifadə edərək xeyli sənədi Azərbaycan dilinə tərcümə etdirmiş, milli dildə yenilərini hazırlatdırmışdım. Kağızın tapılmadığı, nəşriyyatların çox məhdud sayda və imkanda olduğu bir zamanda böyük çətinliklərlə məktubları, blankları, digər xeyli sənədi Azərbaycan dilinə tərcümə etdirib, dəfələrlə yoxladıqdan sonra çap etdirmişdim. Doğrusunu deyim ki, Bəxtiyar müəllimin rəhbərlik etdiyi o komissiyanın da xofu var idi, ancaq özümüz də bir vətəndaş olaraq sənədlərin milli dildə olmasında çox maraqlı idik. Təsəvvür edin ki, ali məktəblərdə jurnallardan başlamış kafedralarda tədris yükü, metodik təlimatlara, dekanlıqlarda verilən arayışlara, tələbələrin şəxsi işlərinə, diplomlara kimi bütün sənədlər rus dilində idi. Bizim şöbədə də vətəndaşların qeydiyyatından təlimat məktublarına kimi yüzlərlə sənəd rus dilində idi. Bu qədər sənədi, blankı, jurnalı, məktubu Azərbaycan dilinə tərcümə etmək üçün əməkdaşlarla birgə bəzən gecə yarısına kimi işdə qalmalı olurduq…
Bəxtiyar müəllim hiss ediləcək qədər qürurla bu sənədləri diqqətlə oxuyur, işin belə sürətlə getdiyini görüb çox sevinir, mənə səmimi razılığını bildirirdi. Ancaq tez-tez də deyirdi ki, nə məsələdirsə, gələn kimi bu nazir bizi Sizin şöbəyə göndərir, məgər başqa şöbə yoxdur? Nə qədər dərin təfəkkürlü şəxsiyyət, geniş düşüncəli şair olsa da, həm də çox saf və dürüst insan olduğuna görə nazirin onu aldatdığını, digər şöbələrdə bu məsələ ilə bağlı heç bir işin getmədiyinə görə onu daim bizim idarəyə yönəltdiyinin səbəbini hiss etmirdi. Ancaq müntəzəm görüşlərimiz bu fövqəladə keyfiyyətlərə malik böyük insanı daha yaxından tanımağımla və onu bir qədər də çox sevməyimlə nəticələndi…
…Etiraf etmək lazımdır ki, 90-cı illərin sonlarına doğru ölkədə siyasi durum mürəkkəb olaraq qalırdı. Bu gün vəziyyət xeyli aydınlaşmış, o illərlə müqayisə edəndə tərəddüdlər, ikibaşlı oyunlar, məkrli niyyətlər xeyli azalmışdır. Zaman öz işini görmüş, bir çox həqiqətlər üzə çıxmış, kimin kim olduğu bilinmiş, necə deyərlər, “maskalar açılmışdır”. Bu gün biz “5-ci Kolon” sözünü cəsarətlə deyib bu adın altında gizlənənləri ifşa edə bilirik. Ancaq 90-cı illərdə Rusiyanın agenti olub içəridən bizi “yeyən” “5-ci Kolon” nümayəndələrinə güldən ağır söz demək mümkün deyildi, onlar da “bəlkə də qaytardılar” ümidi ilə ruslaşdırma siyasətini həm eninə, həm də uzununa davam etdirirdilər. Bu, bir həqiqətdir, niyə gizlədək?! İndi özünü qəhrəman, “millət fədaisi” kimi qələmə vermək üçün maskasını dəyişib “Avropa”, yaxud “Türk” qılafına girənlərdən fərqli olaraq o çətin illərdə də Rusiyanın “assimilyasiya siyasətinə” qarşı həqiqi mübarizə aparan oğullar var idi. Bunlardan biri də Bəxtiyar Vahabzadə idi …
Buna görə də nazir təyin edildiyim ilk günlərdə – 1998-ci il aprelin əvvəllərində Bəxtiyar Vahabzadə ilə görüşmək, onunla milli məsələ ilə bağlı məsləhətləşmək qərarına gəldim. Hesab edirdim ki, Bəxtiyar müəllim milli konsepsiyamızın ən qüdrətli nümayəndələrindən biridir və onun məsləhətləri mənə nazirlik fəaliyyətimdə çox kömək edə bilər. Həqiqətən belə də oldu. Bəxtiyar müəllimlə iki saata yaxın söhbət etdik, qərara aldıq ki, nazirliyin kollegiyasının genişləndirilmiş iclasını onun iştirakı ilə mayın əvvəllərində BDU-da keçirək və əsas məruzəçi də elə o olsun. Görüş zamanı şair mənə məsləhət bildi ki, XIX əsrin ortalarında yaşamış tanınmış rus pedaqoqu Dmitri Uşinskinin məşhur “Ana dili” məqaləsinin tərcüməsini “Azərbaycan müəllimi” qəzetində çap etdirək. XIX əsrdə Rusiyada fransız və alman dillərinin rus dilini sıxışdırdığı bir zamanda Uşinski bu məqalədə xalq ruhunu mənimsəmək üçün ana dilinin böyük əhəmiyyəti olduğunu göstərmiş və dil məsələsinə xüsusi diqqət yetirmişdi: “Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz”. Bu fikirlər Bəxtiyar müəllimin ruhuna, o illərin milli siyasətinə çox yaxın olduğuna görə həmin məqalənin çap edilməsi cəmiyyət tərəfindən böyük maraqla qarşılanmışdı.
Onu da yaxşı xatırlayıram ki, 1998-ci il mayın 1-də Bakı Dövlət Universitetində Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası üzvlərinin iştirakı ilə nazirliyin genişləndirilmiş kollegiya iclasını keçirdik. İclasda təhsil sahəsində islahatların strateji istiqamətləri kimi iki əsas məsələ – müəllim nüfuzunun bərpası və təhsilin milliləşdirilməsi geniş müzakirə edildi. Burada əsas məsələ olan təhsilin milliləşdirilməsi ilə bağlı mən bir neçə dəqiqə çıxış edərək dedim ki, bu gün müstəqil dövlətdə yaşasaq da, təhsilimizin vəziyyəti Rusiyanın vilayətlərində olduğu kimidir – hələ də Kiril qrafikalı əlifba ilə yazırıq, dərsliklərimizin əksəriyyəti sovet dönəmindən qalmadır, rus dili 1-ci sinifdən 11-ci sinfə kimi məcburi fənn kimi tədris edilir, mərkəzi şəhərlərdə – Bakıda, Gəncədə, Sumqayıtda və bəzi digər regionlarda təlim rus dilində olan məktəblərin sayı Azərbaycan məktəblərinin sayına ya bərabərdir, ya da rus bölmələri artıqdır. Bundan sonra xalqımızın böyük vətənpərvər şairi Bəxtiyar Vahabzadə ölkəmizdə ana dilindən istifadənin vəziyyətilə bağlı danışdı və ümumtəhsil müəssisələrində Azərbaycan dilinin tədrisinə dair dəyərli təkliflərini verdi. Çıxışının sonunda isə indiyə qədər unutmadığım şeirindən bir parçanı oxudu:
Siz ey doğma dilində danışmağı ar bilən
fasonlu ədabazlar,
Ruhunuzu oxşamır qoşmalar,
telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi sizlərə qənim olsun.
Bu çıxışlar, həmin kiçik şeir parçası və şairin odlu-alovlu, həm də ürək yanğısı ilə dediyi sözlər iclasa tamam başqa əhval-ruhiyyə gətirdi. Hər zaman dil məsələsinə özünəməxsus yanaşması olan Bəxtiyar müəllimin ziyalı mövqeyi, həqiqətən, hamı üçün örnək idi.
Bu tədbirdən sonra dil məsələsi ilə bağlı həm təhsil sistemində, həm də deyərdim ki, bütün ölkədə ciddi dəyişikliklər oldu. O vaxta qədər məcburi fənn kimi tədris olunan rus dilinə xarici dil statusu verildi, o da ingilis, fransız dilləri kimi şagirdlərin arzusu ilə seçmə fənn oldu, yalnız müəyyən siniflərdə keçirildi, rus bölmələrinin sayı surətlə azalmağa başladı. Belə ki, əgər 1988/89-cu tədris ilində ölkədə təlim yalnız rus dilində olan məktəblərin sayı 163 idisə, 2010/11-ci tədris ilində onların sayı 18-ə düşdü. Şagirdlərin sayı isə müvafiq olaraq 117 min nəfərdən 5800 nəfərə qədər azaldı. Əlbəttə, milli-azadlıq hərəkatı günlərində dediyi sözlərə görə heç bir məsuliyyət daşımadan, həmin vədləri yerinə yetirmək mexanizmini təsəvvür belə etmədən odlu-odlu danışmaq, “milli dili bütün tədris müəssisələrində birmənalı şəkildə tətbiq etmək lazımdır” tipli çağırışlar etmək ayrı bir məsələ idi, ancaq onu reallaşdırmaq tamam ayrı bir məsələ. Müəyyən çətinliklərlə rastlaşsam da, həmin çıxılmaz vəziyyətlərdə böyük şairin milli məsələlərdə aydın və birmənalı mövqeyi, həmçinin sarsılmaz cəsarəti mənə “ikinci nəfəs” verirdi.

Mənbə və müəllif: Misir Mərdanov

MİSİR MƏRDANOVUN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Araz Şəhrilidən maraqlı faktlar – statistika

Cənubi Azərbaycanda neçə milyon azərbaycanlı yaşayır?: 50, yoxsa 19…?

ARAŞDIRMA

İranda, xüsusilə Cənubi Azərbaycanda yayaşan azərbaycanlıların sayı barədə məlumatlar həmişə qeyri-dəqiq olub. Məsələn, SSRİ dövrünə aid nəşrlərdə İran azərbaycanlılarının sayı 7 milyon civarında göstərilirdi. Şayiə formasında dolaşan xəbərlərə görə, bu rəqəm 20 milyona yaxın idi. Azərbaycan müstəqillik qazandıqdan sonra İranda əvvəlcə 20 milyon, sonra 25 milyon, ardınca 30 milyon, nəhayət, 35-40 milyon azərbaycanlının yaşaması barədə məlumatlar yayıldı. Bugün iddia edilir ki, İrandakı azərbaycanlıların sayı artıq 50 milyon nəfərdir.

Bəs həqiqi vəziyyət necədir? İranda yaşayan azərbaycanlıların sayını müəyyən etmək mümkündürmü? Zənnimizcə, bunu edə bilərik. Amma bəri başdan vurğulayaq ki, əldə edəcəyimiz rəqəmlər təxmini, lakin reallığa yaxın olacaq. Bunun üçün İran ostanlarındakı demoqrafik vəziyyətə nəzər salmalıyıq. İranda 31 ostan var. Onları əlifba sırası ilə təqdim edirik:

1.Buşəhr ostanı: ərazisi – 22.743 km, əhalisi – 1.174.000 nəfər.
2.Cənubi Xorasan ostanı: ərazisi – 151.913 km, əhalisi – 786.000 nəfər.
3.Çahar-Mahal və Bəxtiyar ostanı: ərazisi – 16.332 km, əhalisi – 973.000 nəfər.
4.Əlburz ostanı: ərazisi – 5.833 km, əhalisi – 2.730.000 nəfər.
5.Ərdəbil ostanı: ərazisi – 17.800 km, əhalisi – 1.284.000 nəfər.
6.Fars ostanı: ərazisi – 122.608 km, əhalisi – 4.904.000 nəfər.
7.Gilan ostanı: ərazisi – 14.042 km, əhalisi – 2.546.000 nəfər.
8.Gülistan ostanı: ərazisi – 20.367 km, əhalisi – 1.893.000 nəfər.
9.Həmədan ostanı: ərazisi – 19.493 km, əhalisi – 1.756.000 nəfər.
10.Hörmüzgan ostanı: ərazisi – 70.697 km, əhalisi – 1.806.000 nəfər.
11.Xuzistan ostanı: ərazisi – 64.055 km, əhalisi – 4.725.000 nəfər.
12.İlam ostanı: ərazisi – 20.164 km, əhalisi – 591.000 nəfər.
13.İsfahan ostanı: ərazisi – 107.018 km, əhalisi – 5.136.000 nəfər.
14.Kirman ostanı: ərazisi – 183.285 km, əhalisi – 3.184.000 nəfər.
15.Kirmanşah ostanı: ərazisi – 24.998 km, əhalisi – 2.003.000 nəfər.
16.Kohgiluyə və Boyar-Əhməd ostanı: ərazisi – 15.504 km, əhalisi – 728.000 nəfər.
17.Kürdistan ostanı: ərazisi – 29.137 km, əhalisi – 1.614.000 nəfər.
18.Qərbi Azərbaycan ostanı – ərazisi – 37.437 km, əhalisi – 3.278.000 nəfər.
19.Qəzvin ostanı: ərazisi – 15.567 km, əhalisi – 1.284.000 nəfər.
20.Qum ostanı: ərazisi – 11.526 km, əhalisi – 1.300.000 nəfər.
21.Luristan ostanı: ərazisi – 28.294 km, əhalisi – 1.784.000 nəfər.
22.Mazandaran ostanı: ərazisi – 23.833 km, əhalisi – 3.302.000 nəfər.
23.Mərkəzi ostanı: ərazisi – 29.127 km, əhalisi – 1.436.000 nəfər.
24.Rəzəvi Xorasan ostanı: ərazisi – 118.884 km, əhalisi – 6.444.000 nəfər.
25.Simnan ostanı: ərazisi – 97.491 km, əhalisi – 715.000 nəfər.
26.Sistan və Bəlucistan ostanı: ərazisi – 180.726 km, əhalisi – 2.777.000 nəfər.
27.Şərqi Azərbaycan ostanı: ərazisi – 45.650 km, əhalisi – 3.925.000 nəfər.
28.Şimali Xorasan ostanı: ərazisi – 28.434 km, əhalisi – 868.000 nəfər.
29.Tehran ostanı: ərazisi – 18.814 km, əhalisi – 13.323.000 nəfər.
30.Yəzd ostanı: ərazisi – 76.469 km, əhalisi – 1.156..000 nəfər.
31.Zəncan ostanı: ərazisi – 21.773 km, əhalisi – 1.103.000 nəfər.

Qeyd:
Cənubi Azərbaycanı təşkil edən Ərdəbil, Həmədan, Qərbi Azərbaycan, Qəzvin, Şərqi Azərbaycan, Zəncan ostanlarının ümumi ərazisi 139.938 km, əhalisi 12.630.000 nəfərdir. İranın ümumi ərazisi 1.648.195 km-dir. Cənubi Azərbaycan ərazi baxımından İranın 8.5 faizidir.

Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların təxmini sayı:

1.Ərdəbil ostanında əhalinin təxminən 95 faizi, yaxud 1.220.000 nəfəri azərbaycanlıdır.
2.Həmədan ostanında əhalinin təxminən 60 faizi, yaxud 1.054.000 nəfəri azərbaycanlıdır.
3.Qərbi Azərbaycan ostanında əhalinin təxminən 77 faizi, yaxud 2.524.000 nəfəri azərbaycanlıdır.
4.Qəzvin ostanında əhalinin təxminən 52 faizi, yaxud 668.000 nəfəri azərbaycanlıdır.
5.Şərqi Azırbaycan ostanında əhalinin təxminən 97 faizi, yaxud 3.807.250 nəfəri azərbaycanlıdır.
6.Zəncan ostanında əhalinin təxminən 90 faizi, yaxud 993.000 nəfəri azərbaycanlıdır.

Nəticə:

Cənubi Azərbaycanda təxminən 10.266.250 nəfər azərbaycanlı yaşayır.

İranın digər ostanlarında yaşayan azərbaycanlıların təxmini sayı:

1.Buşəhr ostanında əhalinin təxminən 2 faizi, yaxud 24.000 nəfəri azərbaycanlıdır.
2.Cənubi Xorasan ostanında azərbaycanlı, demək olar ki, yoxdur.
3.Çahar-Mahal və Bəxtiyar ostanında əhalinin təxminən 18 faizi, yaxud 176.000 nəfəri azərbaycanlıdır.
4.Əlburz ostanında əhalinin təxminən 39 faizi, yaxud 1.065.000 nəfəri azərbaycanlıdır.
5.Fars ostanında əhalinin təxminən 14 faizi, yaxud 687.000 nəfəri azərbaycanlıdır.
6.Gilan ostanında əhalinin təxminən 19 faizi, yaxud 484.000 nəfəri azərbaycanlıdır.
7.Gülistan ostanında əhalinin təxminən 34 faizi, yaxud 625.000 nəfəri türkmən, təxminən 8 faizi, yaxud 151.440 nəfəri Xorasan türküdür.
8.Hörmüzgan ostanında əhalinin təxminən 0.5 faizi, yaxud 1.000 nəfəri azərbaycanlıdır.
9.Xuzistan ostanında əhalinin təxminən 3.4 faizi, yaxud 161.000 nəfəri azərbaycanlıdır.
10.İlam ostanında əhalinin təxminən 0.1 faizi, yaxud 600 nəfəri azərbaycanlıdır.
11.İsfahan ostanında əhalinin təxminən 11 faizi, yaxud 565.000 nəfəri azərbaycanlıdır.
12.Kirman ostanında əhalinin təxminən 1 faizi, yaxud 32.000 nəfəri azərbaycanlıdır.
13.Kirmanşah ostanında əhalinin təxminən 2 faizi, yaxud 40.000 nəfəri azərbaycanlıdır.
14.Kohgiluyə və Boyar Əhməd ostanında əhalinin təxminən 7.2 faizi, yaxud 53.000 nəfəri azərbaycanlıdır.
15.Kürdistan ostanında əhalinin təxminən 4.1 faizi, yaxud 66.000 nəfəri azərbaycanlıdır.
16.Qum ostanında əhalinin təxminən 30 faizi, yaxud 390.000 nəfəri azərbaycanlıdır.
17.Luristan ostanında əhalinin təxminıən 0.5 faizi, yaxud 9.000 nəfəri azərbaycanlıdır.
18.Mazandaran ostanında əhalinin təxminən 2.5 faizi, yaxud 83.000 nəfəri azərbaycanlıdır.
19.Mərkəzi ostanında əhalinin təxminən 21 faizi, yaxud 301.000 nəfəri azərbaycanlıdır.
20.Rəzəvi-Xorasan ostanında əhalinin təxminən 5.5 faizi, yaxud 355.000 nəfəri Xorasan türkü, təxminən 0.3 faizi, yaxud 20.000 nəfəri türkməndir.
21.Simnan ostanında əhalinin təxminən 1.5 faizi, yaxud 11.000 nəfəri azərbaycanlıdır.
22.Sistan və Bəlucistan ostanında əhalinin təxminən 0.1 faizi, yaxud 3.000 nəfəri azərbaycanlıdır.
23.Şimali Xorasan ostanında əhalinin təxminən 50 faizi, yaxud 434.000 nəfəri Xorasan türkü, təxminən 5.3 faizi, yaxud 46.000 nəfəri türkməndir.
24.Tehran ostanında əhalinin təxminən 35 faizi, yaxud 4.663.000 nəfəri azərbaycanlıdır.
25.Yəzd ostanında əhalinin təxminən 0.5 faizi, yaxud 6.000 nəfəri azərbaycanlıdır.

Nəticə:

İranın digər 25 ostanında təxminən 8.820.600 nəfər azərbaycanlı, 940.440 nəfər Xorasan türkü, 691.000 nəfər türkmən yaşayır. Siyahıdan göründüyü kimi, Əlburz (39%), Fars (14%), Gilan (19%), Gülistan (42%), İsfahan (11%), Qum (30%), Mərkəzi (21%), Şimali Xorasan (55.3%) və Tehran (35%) ostanlarında əhalinin əhəmiyyətli hissəsi türklərdir. Bu ostanlardan yalnız Əlburz, Gilan və Mərkəzi ostanlarının Cənubi Azərbaycan ostanlarına birbaşa çıxışı var. Qum və Tehran ostanları isə Əlburz və Mərkəzi ostanları ilə həmsərhəddir. Gülistan, Şimali Xorasan və Rəzəvi Xorasan ostanları Türkmənistan və Əfqanıstan sərhədlərində yerləşir.

Qeyd:

Xorasan türkləri əslində azərbaycanlı və qızılbaş olsalar da, onları bəzən türkmən, bəzən isə özbək hesab edirlər. Lakin çox vaxt sadəcə Xorasan türkü adlandırırlar.

Beləliklə, İranda yaşayan türklərin ümumi sayı təxminən 20.718.290 nəfərdir. Onların təxminən 19.086.856 nəfəri azərbaycanlıdır. İran əhalisinin ümumi sayı 80.528.000 nəfərdir. Bu isə o deməkdir ki, İranda əhalinin təxminən 25 faizi türklərdir. Onların tən yarısı Cənubi Azərbaycanda, 20 faizi Tehran şəhərində, 30 faizi isə ölkənin müxtəlif vilayətlərində yaşayır.

Müəllif: Araz ŞƏHRİLİ,

araşdırmaçı-yazar, tədqiqatçı

ARAZ ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

ZAUR USTAC – GÜL ƏTİRLİ KİTAB

ZAUR USTAC – GÜL ƏTİRLİ KİTAB – PDF

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sədulla Şirinov təltif olunub

Sədulla Şirinovla görüş keçirilib

12 fevral 2026-cı ildə ölkəmizin paytaxtı Bakı şəhərində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında Balakən rayonunda yaşayıb yaradan tanınmış yazıçı Sədulla Şirinovla görüş keçirilib. Tədbirin gedişində yazıçının son illər ərzində çap olunmuş kitabları təqdim olunub. Şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlunun moderatorluğunda keçirilən tədbirdə ölkəmizin tanınmış söz adamları, ziyalılar Sədulla Şirinovun həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüblər. Sədulla Şirinov son illər ərzində qazandığı uğurlarına görə yazarlar cameəsi adından “Alqışnamə” mükafatı ilə təltif olunub. Bundan əlavə onun bütün kitablarının redaktoru Vaqif Osmanlı “Fəxri yazar”, kitabların ərsəyə gəlməsində müstəsna xidmətləri olan Oruc Şirinov isə “Ziyadar” mükafatı ilə təltif olunub. Mükafatları yazarlar cameəsi adından “Yazarlar” jurnalının baş redaktoru tanınmış şair-publisist Zaur Ustac təqdim edib. Tədbirdən fotolar:

O>>>>>>Sədulla Şirinovun kitabları

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustacın “Gül ətirli kitab”ı işıq üzü görüb – monoqrafiya

Zaur Ustacın “Gül ətirli kitab”ı işıq üzü görüb

Azərbaycan Yazıçılar Birliynin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, tanınmış şair-publisist Zaur Ustacın “Gül ətirli kitab” adlı yeni kitabı işıq üzü görüb.

Yazarlar.az xəbər verir ki, “Kitab haqqında kitab” seriyasından növbəti nəşrin redaktoru Günnur Ağayeva, naşiri isə Tuncay Şəhrilidir. Zaur Ustacın “Gül ətirli kitab”ı tanınmış şair-ədəbiyyatşünas alim Qəndab Haqverdinin (Əliyeva) “Ətirli güllər” kitabının təhlilinə həsr olunmuşdur.

Kitab ölkənin əsas kitabxanalarına hədiyyə olunmaqla yanaşı, bir neçə stabil platforma üzərindən elektron kitab formasında da yayımlanır.

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qacarlar heç vaxt farslaşdırma siyasəti aparmayıb – əksinə

Qacar dövlətindəki Osmanlı səfirliyi tərcüməçilərə ehtiyac olmadığı üçün geri göndərdi. Səbəb nə idi?

1811-ci ilə aid bu Osmanlı sənədi çox mühüm bir tarixi həqiqəti açıq şəkildə ortaya qoyur: Osmanlıya burada tərcüməçilərə ehtiyac yox idi, çünki əhalinin böyük əksəriyyəti türk dilini bilirdi. Hətta bölgədə olan ingilis diplomatları belə türk dillərində danışmağa alışmışdılar.

“Hazırda İran [Qacar dövləti-red.] səfiri Yasincizadə əs-Seyyid Əbdülvəhhəb Əfəndinin yanında xidmətə təyin edilmiş fars tərcüməçisi Osman Əfəndi və digər tərcüməçi qulluqçular, həmin bölgənin əhalisi ilə uyğunlaşa bilmədiklərinə görə, həmçinin İran əhalisinin hamısının türk dilinə bələd olması və orada olan ingilislərin də fars və türk dillərində danışmağa vərdiş etmələri səbəbindən tərcüməçiyə ehtiyac qalmadığını bildiririk.”

Bu fakt Qacarlar dövründə guya “farslaşdırma siyasəti” aparıldığı iddialarına növbəti tarixi cavabdır. Əgər sistemli farslaşdırma olsaydı, türkcənin bu qədər geniş istifadə olunduğu və ümumi ünsiyyət dili olduğu açıq şəkildə qeyd edilməzdi.

İstinad: “Arşiv belgelerinde Osmanlı-İran ilişkileri”, 2010

Mənbə: Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ənvər Məmmədxanlı – Buz heykəl

Buz heykəl

(hekayə)
Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır,
ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.
Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərlə tənha bir kölgə hərəkət edir.
O gənc bir anadır, körpəsini bağrına basmışdır, yurdunu tapdayan yırtıcı düşmən əlindən baş götürüb qaçmışdır, namusunu qara əllərdən xilas eləmişdir, özünü və ciyərparəsini bu rəhmsiz gecənin ağuşuna atmışdır.
Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf üz tutub Böyük Torpağa doğru gedir.
Qarşıda sahilləri meşəli böyük bir çay var, cəbhə xətləri o çay yaxasından keçir və zaman-zaman ordan gələn top gurultuları gecələr dağlardakı qar uçqunlarının çoxmərtəbəli nəriltiləri kimi şaxtalı gecəni titrədib lərzəyə salır.
Və ana tələsir, hava işıqlanmamış o özünü cəbhə xəttinə yetirməlidir, körpəsini çayın o tayına – azad torpağa keçirməlidir, sinəsi üstündəki uşaq həyatını yenidən ocaq istisi, gündüz işığı, günəş ziyası ilə isindirməlidir.
Ana nəfəsini dərmədən gedir, yıxılır, qar içində batıb qalır, çırpınır, qar içindən ayağa qalxır, amma nə qədər yol gedirsə elə bil zaman da bu gecə donub hərəkət eləmir, saniyələr yerində sayır, irəli getmir və qarlı çöllərin sonsuzluğunda bir qarış tükəniş əlaməti görünmür.
Ana taqətdən düşür, şaxta zəhərlə suvarılmış qılınc kimi kəsir və anaya elə gəlir ki, bu qılınc indi onun qucağındakı körpənin həyatına qəsd edir və ananın alacalanmış gözləri daldalanmaq üçün bir bucaq, pənah gətirmək üçün bir sığınacaq axtarır.
Bir az irəlidə qoşa bitmiş bir cüt ağcaqayın ağacı iki ağ sütun kimi göyə ucalmışdır, ana o ağaclara doğru gedir, qucağındakı körpəsiylə o ağaclara söykənib dayanır, indi ayaq üstə dayanmaq üçün, nəyə isə istinad etmək üçün bu sonsuz qarlı çöllərdə bu bir cüt çılpaq ağcaqayın ağacından savayı ana üçün digər bir istinadgah yoxdur…
Şaxta isə buzlu bir alov kimi ananın üz-gözünü qarsır və ana, ürəyində qıvrılan bir qorxunun ağladığını, şivən qopardığını eşidir – körpə donur, körpə donacaq, qolları arasındakı kövrək bir nəfəs sönəcək, sinəsi üstünə buz bağlamış bir dünyanın ağırlığı çökəcək…
Lakin ana ürəyində ağlayan qorxuya üsyan eləyir – qoy dünya donub buzlağa dönsün, həyat yer üstündən qaçıb yer altına köçsün, yenə də ana ürəyinin hərarəti sönməyəcək və rəhmsizliyi ilə bədheybət olan heç bir kor qüvvə kiçik bir həyat fidanını ananın sinəsindən qoparda bilməz!
Və ana kəskin bir hərəkətlə əynindən yun jaketini çıxardır və bərk-bərk körpəsini büküb bürgələyir, amma şaxta qızmar bir dəmir kimi ananın üz-gözünü dağladıqca, iliklərinə işləyən soyuqdan vücudu tir-tir əsib titrədikcə, anaya yenə elə gəlir ki, bu donan, bu titrəyən körpəsidir və ana bu dəfə başından qalın şalını da qopardır və yenə körpəsini
büküb-bürmələyir, özü isə yalın əyni ilə şaxta qarşısında müdafiəsiz qalır.
İndi o hiss edir ki, donur, şaxtanın buzlu kəməndindən qurtuluşa gümanı yoxdur və istinadı yalnız budur ki, söykəndiyi bu bir cüt ağcaqayın ağacı onu tutub ayaq üstündə saxlamışdır və ana yenə bir əlilə əynindən nə isə qopardır və bir əlilə əynindən nə qopardırsa hamısını bir-bir körpəsinin üstünə qalaqlayır və titrəyən son nəfəsini, eşidilməyən son sözünü də körpəsinin üstünə örtür – qorxma tifilim, qorxma ufacığım, son nəfəsimin istisi də sənindir…
Sonra ana susur, beynində batqın bir uğultu qopur, qulaqları dibində sınıq cingiltili mis simlər bir-birinin ardınca qırılır, ananın göz qapaqları kilidlənir, nəfəsi çilik-çilik olub ayaqları altına tökülür və ana şaxtanın buz zəncirilə qoşa ağcaqayın ağaclarına bitişib hərəkətsiz qalır. Və indi göydə ulduzları cingildədən amansız bir qış gecəsi anaya başqa bir don biçir, başqa bir örtü geyindirir və şaxtanın buz barmaqları dayanmadan ana üçün büllur naxışları ağ ulduzlu yeni bir libas toxuyur…

Ovxarlanmış bir qılınc tiyəsi kimi kəskin işığıyla göz qamaşdıran şaxtalı bir səhər açılmışdır.
Və iki ağ sütun kimi göyə ucalan qoşa ağcaqayın ağacları qarşısında çiyinləri ağxalatlı üç nəfər dayanmışdır.
Onlar gecə kəşfiyyatından qayıdan üç nəfər gənc döyüşçüdür, indi hər üçü başlarını açıb, yerlərindən qımıldanmadan, gördükləri bir mənzərə qarşısında donub qalıblar və onlar bütün ömürləri boyu qarşısında dayandıgları bu mənzərəni unutmayacaqlar…
Bu donmuş gənc bir qadının buzdan tökülmüş buz heykəlidir.
Və onlar, üç nəfər gənc döyüşçü müqəddəs bir mehrab qarşısında dayanmış kimi nəfəslərini udublar. Nə vaxtdan bəri gəlib burda dayanıb durduqlarını unudublar və daş kimi ürəklərindən asılan hissin ifadəsi söz xaricində qaldığı üçün susublar!
Nəhayət onlardan biri yerindən tərpənir, nə isə bilinməz bir qüvvə çəkib onu irəli aparır, yaxınlaşır, donmuş qadının buz heykəli qarşısında dayanır və bir an tərəddüddən sonra hansı bir sövqi-təbii hissin və daha artıq dəlicəsinə bir ümidin təlqini ilə ananın qolları arasındakı üstü buz bağlamış düyünçəni yoxlayır, həyəcandan titrəyən barmaqları ilə qarı çırpır, dırnaqları ilə buz təbəqəsini qəlpə-qəlpə qopardır və ürək döyüntüsilə buz altındakı örtükləri çözür, açır, dağıdır və birdən… Ordan, düyünçənin dərinindən kiçik bir varlığın baxışları gözlərinə zillənirkən, bütün gözlədiklərinə və gözləmədiklərinə rəğmən bu ansızın körpə baxışından səksənir, döşündən itələnmiş kimi bir addım geri sıçrayır və sonra dönür təlaş içində ona baxan yoldaşlarına, susub durmuş bu sonsuz qarlı çöllərin səssizliyinə və donmuş, buz bağlamış bütün bu dünyaya üz tutub qıy vurur:

-Körpə sağdır, uşaqlar eşidin, körpə sağdır və qoy bütün dünya eşitsin, körpə sağdır!..
Və o vaxt ki, hər üçü baş-başa verib ana qucağındakı körpənin üstünə əyilir, baxırlar, gözlərinə inanmırlar, baxırlar, boğazlarında düyünlənən qəhərdən heç biri heç bir söz deyə bilmir, səhər işığından gözləri qamaşan körpə isə donmuş ana qucağından heyrətlə onlara baxır və
gülümsəyir dəfələrlə od-alov içindən keçmiş üç gənc döyüşçünün gözlərində yaş durmur və hər üçü əllərinin tərsilə gözlərini silirlər.
Sonra başlarını qaldırırlar, yenidən ananın buz heykəlinə baxırlar və yerə kimi səcdə edərək, son dəfə ananın buz heykəli qarşısında baş əyirlər.
Vaxtdır – geri dönməlidirlər və hər üçü bir-biri arxasınca sıraya düzülüb geri dönürlər – və körpəni növbə ilə bir-birindən alıb sinələri üstə aparırlar və hər dəfə körpə kimin qucağında gedirsə, digər ikisindən biri öndə, biri arxada körpənin keşiyində mövqe tutub addımlayır.
Və indi gənc ananın buz heykəli artıq onlar üçün tuncdan tökülmüş əbədi bir heykəldir ki, ana ürəyinin ölməz şücaətini təcəssüm etdirən ən
möhtəşəm bir abidə kimi həmişə onların xəyalında həkk olub qalacaqdır…

Bakı, 1944

Müəllif: Ənvər Məmmədxanlı

Ənvər Məmmədxanlının yazıları

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

MƏN HEÇ KİMƏ OXŞAMADIM…

MƏN HEÇ KİMƏ OXŞAMADIM…

Nə atama, nə anama,
nə dayıma.
Yerdən çıxdım, göydən gəldim,
Bir bətindən,beldən gəldim,
Bir balaca uçuq evdən,
Bir obadan,eldən gəldim…

Bənzətdilər,
məni ona, onu mənə
Geydirdilər
heç əynimə biçilməyən donu mənə.
Göstərdilər,
görünməyən sonu mənə.

Mən heç kimə bənzəmədim.
Bəlkə adam tapılmadı
mənə bənzər,
Bəlkə mən adam olmadım, adam kimi,
Niyə baxır mənə ,,adam” yadam kimi?

Mən heç nəyə bənzəmədim.
Külək kimi əsməyim yox,
Bulud kimi yağmağım yox,
Yerə-göyə sığmağım yox.
Bənzətdilər
biri gözə, biri yaşa.
Ağlatdılar, demədilər yaşa! yaşa!
Bənzərimi axtarmağa döndüm başa.

Yarpaq kimi tökülməyim
payıza oxşatdı məni,
Düzü dedim, yüzü dedim,
sizi dedim,bizi dedim,
nə faydası, bu deməyim
qarğışa oxşatdı məni.
Mən heç kimə oxşamadım!

Müəllif: İqbal Nəhmət

İQBAL NƏHMƏTİN YAZILARI

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Akif Əlinin “Özgə dünya” povesti ayrıca kitab şəklində çap olunub

“Yazarlar” jurnalının Azərbaycanın Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun xatirəsini əbədləşdirmək məqsədilə hər il həyata keçirdiyi “25 yarpaq” layihəsi çərçivəsində 2026-cı il üçün Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlinin “Özgə dünya” povesti ayrıca kitab şəklində çap olunub.

AZƏRTAC xəbər verir ki, tələbə tağımının komandiri olmuş Azərbaycanın Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun doğum günü fevralın 22-si olduğuna görə hər il fevral ayında bu layihə çərçivəsində bir kitab nəşr olunub oxuculara təqdim edilir.

Kitabın redaktoru Gülü – Gülüzə Mustafayeva, naşiri Tuncay Şəhrili, layihə rəhbəri isə “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacdır.

Kitab ölkənin əsas kitabxanalarına hədiyyə olunmaqla yanaşı, bir neçə stabil platforma üzərindən elektron kitab formasında da yayımlanır.

AZƏRTAC

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"