Fransız yazıçısı Fransua Moriakın yaradıcılığına ədəbi səyahət
“Keçmiş zamanların yeniyetməsi” romanı. Roman atasını və gənc qardaşını itirmiş, anasıyla böyük bir malikanədə yaşayan Alen adlı yeniyetmədən və onun eşqlə etiqad arasında keçirdiyi iztirablardan bəhs edir. Alen mənsub olduğu burjua mühitinə nifrət edir, arzuları, xəyalları ilə yaşayır,təhsil almaq haqqında düşünür. Əsərdə yüksək katolik dairələrin həyatı bütün müsbət və mənfi tərəfləri ilə birgə qələmə alınıb. Əsər avtobioqrafik xarakter daşıyır, birinci şəxsin dilindən yazılıb. Görünür, Alen keşiş və ya sahibkar olmaqdan daha çox yazıçılığa can atır, daha çox mənəvi həyat sürmək istəyir. Müəllif insanın mənəvi yüksəlişi ideyasının ən inandırıcı təcəssümünə yeniyetmənin obrazında müvəffəq olur. İstənilən zamanın yeniyetməsi tamhüquqlu unikal şəxsiyyət, qeyri-məhdud mənəvi sərvətə sahibdir, özünə inam hissi olan maraqlı bir şəxsiyyətdir. Hər yaşda olan bir yeniyetmə saf və məsumdur, hörmətə, sevgiyə,şəfqətə layiqdir.
“Sevgi səhrası” romanı. Səhranın istiliyi mənəvi ehtiyacı simvollaşdırır. Səhra müqəddəs yazılarda insanın Allahla görüşdüyü, tövbə, mənəvi yoxsulluq, seçim və mənəvi azadlıq əldə etdiyi bir yer kimi görünür. Bu, ikili obrazdır: məhrumiyyət, təhlükə, cəza yeri və Allahın insanları xilas etdiyi, özünü göstərdiyi yer. Səhra nemətə lənət kimi məskunlaşan torpağa qarşıdır. Səhra boşluqdur, yəni sevgi yoxdur, amma sevgi əbədidir. Səhra sakini bir sevgiyə rast gəlmək, rahatlaşdırıcı sərin suya qərq olmaq, həm bədənini, həm də hissləri sərinlətmək arzusundadır. Müəllifə görə, “sevgi Allahdır” və Allaha ehtiyacın dərk edilməsi yalnız əzab-əziyyətlə olur, buna görə də sevgisiz, səhra vəziyyətində əzab çəkən insan ruhunun sevgini tapmaq üçün yalnız bir yolu var, o da Allaha gəlməkdir. Əsl məhəbbət mümkündür, ancaq Tanrının vasitəsilə. Yazıçı əsəri ilə bunu demək istəyir. Onun qəhrəmanı Allaha cazibə və cismani, dünyəvi ehtiraslar arasında parçalanır. Allahın səsi səhranın səsidir, harada olursa, olsun-yerdə və ya qəlbdə. Allah insanı oturaq həyat tərzini tərk etməyə və köçəri həyat tərzini qəbul etməyə çağırır. Yalnız maddi dünyaya bağlılığı aradan qaldırmaqla insan Allahla münasibətini qaydaya sala bilər, çünki imtahan insanı elə vəziyyətə salır ki, o, əslində kim olduğunu insana göstərməlidir. İnsan Allahla tək qalır. “Sevgi səhrası” simvolunu yaradan zaman yazıçı kilsəni-onun başında duran ruhaniləri nəzərdə tuturdu. Kilsə də insanlardır, insanlar isə təbiətcə günahkardır, axı Tanrı sevgidir və hər şey Onun vasitəsilə mümkündür. Əsər din, günah, xilas mövzularından bəhs edir. Yazıçı tənhalığın tələyə düşdüyü 3 personajın psixologiyasını, uğursuzluq astanasında olan dünyada yaşadıqları bədbəxtliyi və hisslərinin sıxışdırılmasını, sevgi üçbucağını canlandırır. Kişilərin və qadınların yaşadıqları (eyni qadını sevən ata və oğul) xeyirlə şər arasındakı daxili mübarizənin psixoloji təhlilləri çoxdur.
Absurdizm insanın “öz həyatına məna qatmaq” kimi ən təməl ehtiyacına kainatın “yersiz sükut”la qarşılıq verməsidir. Kamü insan həyatının absurdluğunu yunan mifologiyasındakı Sizif obrazının vəziyyətinə bənzədir. Belə ki, tanrılar onu iri bir daş parçasını dağ ilə üzüyuxarı qaldırmaqla cəzalandırırlar və o, daşın sonda yenə də aşağıya yuvarlanacağını bildiyi halda, bu mənasız tapşırığı ömrünün sonuna qədər yerinə yetirməyə məhkumdur.Həqiqətən vacib olan yeganə fəlsəfi problemin intihar olduğunu düşünən Kamü bu suala cavab verməyi qarşısına məqsəd qoyur: həyatın mənasızlığını və absurdluğunu anlamaq mütləq şəkildə intihar etməyi gərəkdirir? O, sualına cavab axtarmağa absurd vəziyyəti təsvir etməklə başlayır: biz həyatımızı sabaha olan ümidimizin üzərində qururuq, buna baxmayaraq, sabahki gün bizi ölümə daha da yaxınlaşdırır və əsas düşmənimizdir; insanlar həyatını sanki ölümün qaçılmazlığından xəbərsizmiş kimi yaşayır. Romantikləşmiş düşüncələri bir kənara qoysaq, dünya yad və qeyri-insani bir yerdir. Gerçək bilik dediyimiz şeyin mövcud olması mümkün deyil. Rasionallıq və elm dünyanı izah etməkdə acizdir, çünki onların irəli sürdüyü şeylər sadəcə mənasız abstraksiyalar və metaforalarla nəticələnir. Əslində, absurd olan dünyanın özü yox, insanın dünya haqda fikirləridir: insanın anlamaq ehtiyacı dünyanın mənasızlığı, “mütləq və vahid olana duyduğu aclıq” isə “bu dünyanı rasional və ağlabatan bir prinsipə uyğunlaşdırmağın mümkünsüzlüyü” ilə üz üzə gələndə absurd baş qaldırır.
Absurdu qəbul etmək bu mənasız dünyanın insana təklif etdiyi hər şeyə qucaq açmaq deməkdir. Məna olmayan həyatda heç bir dəyər bölgüsü də yoxdur. Beləliklə, sonda Kamü absurdluğunun fərqinə vararaq onunla yaşamağın üç şeylə nəticələndiyi fikrində dayanır: üsyan, azadlıq və ehtiras.
Şopenhauer və Nitşedən təsirlənən Kamü həyatın mahiyyətcə mənasız olduğunu iddia edir, baxmayaraq ki, insanlar varlığa nizam-intizam tətbiq etməyə və cavabsız suallara cavab axtarmağa davam edirlər.
Kamü tanrılar tərəfindən əbədiyyətə məhkum edilmiş Sizif haqqında Yunan əfsanəsindən metafor kimi istifadə edir. Həyatın əsas absurdluğuna qarşı fərdin inadlı mübarizəsinə görə. Kamüya görə, fərdin atmalı olduğu ilk addım bu absurd həqiqəti qəbul etməkdir. Sizifə gəlincə, intihar mümkün cavab deyilsə, yeganə alternativ daş daşı təpəyə yuvarlamaqla sevinərək üsyan etməkdir. Kamü daha sonra iddia edir ki, məğlubiyyətə qarşı mübarizənin sevinclə qəbul edilməsi ilə fərd tərif və şəxsiyyət qazanır.
Absurd, həyata məna vermək üçün əsas insan ehtiyacı ilə cavab olaraq kainatın “əsassız sükutu” arasında qarşıdurmadadır. Kamü iddia edir ki, absurdun həyata keçirilməsi intihara haqq qazandırmır və bunun əvəzinə “üsyan” tələb edir. Daha sonra o, absurd həyata bir neçə yanaşmanı təsvir edir. Son fəsildə Kamü insan həyatının absurdluğunu yunan mifologiyasının simalarından olan Sizifin vəziyyəti ilə müqayisə edir. Daşı dağa itələmək kimi eyni mənasız işi əbədi olaraq təkrarlamağa məhkum edilmişdi, ancaq yenidən yuvarlandığını görmək üçün. Oçerk belə yekunlaşır: “Mübarizənin özü… insanın ürəyini doldurmaq üçün kifayətdir. Sizifi xoşbəxt təsəvvür etmək lazımdır”.
Kamü qeyd edir ki, ” Şəxs Allaha inanmasa belə, intihar qanuni deyil”.
Ölümü zəncirlə bağlayan Sizif əfsanəsini təsvir edir ki, heç bir insan ölməsin. Absurdu qəbul etmək, ağılsız dünyanın təklif etdiyi hər şeyi qəbul etməyi nəzərdə tutur. Həyatın mənası yoxdursa, dəyərlər miqyası da yoxdur. Kamü Sizifi həyatı doyunca yaşayan, ölümə nifrət edən, mənasız işə
məhkum edilən absurd qəhrəman kimi görür. Sizifin aramsız və mənasız zəhmətini fabriklərdə və ofislərdə boş işlərdə işləməklə keçən müasir həyatların metaforası kimi təqdim edir. “İndiki işçi həyatında hər gün eyni işlərlə məşğul olur və bu aqibət heç də az absurd deyil. Ancaq şüurlu olduğu nadir anlarda faciəli olur.” Ölümü zəncirlə bağlayan Sizif əfsanəsini təsvir edir ki, heç bir insan ölməsin. Absurdu qəbul etmək, ağılsız dünyanın təklif etdiyi hər şeyi qəbul etməyi nəzərdə tutur. Həyatın mənası yoxdursa, dəyərlər miqyası da yoxdur. İnsan absurddan qaça bilməz. Kamü üçün insan absurd vəziyyətdədir. Absurd, bir tərəfdən dünyanın mənasızlığı ilə insanın məna və ya mənalı hərəkətə olan həsrəti arasındakı gərginlikdə yatır. O iddia edir ki, Sizif öz tapşırığının mənasızlığını və taleyinin əminliyini etiraf etdikdə, o, öz vəziyyətinin absurdluğunu dərk etmək və razılıqla qəbul etmək vəziyyətinə gəlməkdən azad olur. Əgər absurd varsa, o, yalnız insan aləmindədir. Absurdluqla mübarizənin üç ardıcıl səviyyəsi var: onun idrak, onların fərziyyəsi, yüksələn üsyan.
Kamü iddia edir ki, fəlsəfənin əsas sualı həyatın yaşamağa dəyərmi sualıdır. Bu, həyat və intihar arasında seçim etmək məsələsinə köklənir. İntihar xarici aləmdə olan müəyyən bir səbəbdən baş verir, lakin onun əsasını insanın daxili vəziyyəti təşkil edir. Absurd duyğusunun müxtəlif təzahürləri intihara səbəb olur: dünyanın insana biganəlik hissi, həyatın mənasızlığı, öz ölümünü dərk etmək və ən əsası, cansıxıcılıq hissi – həyatda təkrarlanan hadisələrin mənasını itirmək. O vurğulayır ki, dünya özlüyündə absurd deyil, absurd yalnız insan üçün dünya ilə qarşılaşdıqda mövcuddur. Absurddan iki çıxış yolu var: insanı dünyadan uzaqlaşdıran fiziki intihar və “fəlsəfi”. Sonuncu dinə qaçışdır, daha yaxşı gələcəyə ümiddir, bununla belə, problemi həll etmir, ancaq onu ört-basdır edir, müəyyən ali məqsədlə iztirablara haqq qazandırır. İnsan absurddan qaçmaq əvəzinə onu qəbul edə bilər. O, həyatın sonlu, gələcəyin bilinməməsi ilə barışaraq absurdda yaşamağa davam edir. O, dünyaya “meydan oxuyur” və bununla da özünü ucaldır. Belə insan mütləq əxlaqi dəyərləri inkar edir, onun üçün hər şeyə icazə verilir, lakin bu, özbaşınalığa çağırış deyil. Absurd adamı isə hər hansı bir hərəkətin nəticələrinin bərabərliyini və peşmanlığın mənasızlığını dərk edir. Qəbul edir ki, hər bir hərəkətin başqalarının qiymətləndirməsinə görə həm yaxşı, həm də pis bir nəticəsi var və cinayət törədəndə cəzalandırılmağa hazırdır – onun üçün günah yoxdur, amma məsuliyyət var.Absurd insan yaradıcı olmalıdır və onun yaradıcılığı göstərişlərdən və ya çərçivələrdən azaddır – absurd insan sadəcə olaraq gördüklərini və yaşadıqlarını təsvir edir. Absurd yaradıcılıqda özünü göstərir və bununla da insan ona qalib gəlir. Yaradıcılığın mənası gündəlik həyatda sevinc tapmaqdır. Tanrılar inanırdılar ki, dünyada ağır və faydasız işdən daha dəhşətli bir şey yoxdur. Sizifin yaxşılığa ümidi yoxdur, həyatı mənasız və çətin keçir. Buna baxmayaraq, Kamü onu absurd qəhrəman hesab edir. Sizif daşını özü yuvarlayır, dəfələrlə dağın başına çıxır və buna görə də sevinir. Burada müəllif Sizif mifini insanın faydasız və fasiləsiz səyinin metaforası kimi təqdim edərək intihar və həyatın dəyəri məsələsini müzakirə edir. Bu yolla o,həyatımızın əhəmiyyətsiz olduğunu və yaratdığımızdan daha dəyərli olmadığını iddia edən absurd fəlsəfəsini qaldırır. “Sizifmifi”ndə mövcud olan ekzistensializm bizə hər bir insana öz varlığının mənasını verən fərdi qərarlar qəbul edərkən seçim etmək bacarığını təqdim edir. Bu, vicdan üçün xəbərdarlıqdır. Absurddan xəbərdar olmaq intihar tələb edirmi? Kamü cavab verir: “Xeyr, bunun üçün üsyan lazımdır”.
Sizif öz xoşbəxtliyini bu tapşırığın mənasında deyil, üzərinə götürdüyü vəzifəni yerinə yetirməkdə tapır. Şüurlu olmaq bizə varlığımızı daha çox idarə etməyə imkan verir. “Sizif işgəncəsini yaşamaq”
faktı o deməkdir ki, insan heç vaxt sonunu və kulminasiyasını görmədiyi təkrarlanan absurd bir vəziyyət yaşayır
Əsərdən sitatlar:
Yalnız bir ciddi fəlsəfi problem var: o, intihardır.
Miflər təxəyyül üçün yaradılmışdır ki, onları canlandırsın.
Bu odur ki, əslində yolun əhəmiyyəti yoxdur, çatmaq istəyi hər şeyə kifayətdir .
Absurd dünyadan olduğu qədər insandan da asılıdır.
Çingiz Aytmatovun “Cəmilə” əsərində qadının romantik “xəyanəti”.
Giriş. Qırğız yazıçısı sevilən yazar Çingiz Aytmatovun qələmə aldığı ən gözəl eşq hekayəsi “Cəmilə” əsərində sevginin, məhəbbətin, mərdliyin, dəyanətin gücü azyaşlı yeniyetmənin aləmində ilahiləşdirilir. Əsərin hər cümləsindən, sözlərindən paklıq damlayır, obrazların yaşadığı duyğular oxucunu vəcdə gətirir,əsərin ruhundan şəffaflıq axır, oxucunun, sanki gözlərini qamaşdırır. Əsər cavan, qoçaq oğlanın-Seyidin dilindən nəql edilir. Əsərdə yeganə təhkiyəçi odur. Bu, təsadüf deyil. Aytmatov Talas vadisində cərəyan edən Cəmilənin əhvalatının bilavasitə şahidi olmuş və həmin hadisələri bir neçə il sonra qələmə almışdır. Güman edirik ki, Seyid yazıçının proobrazıdır. Əslində əsər uşağın həyatından, onun gizli dünyasından, duyğularından, istəklərindən, uşaqlığının bir hissəsindən bəhs edir və bu eşq hekayəsinin yeganə canlı şahidi olur.
Cəmilənin həbs olunmuş xəyalları. Əsərin baş qadın qəhrəmanı Cəmilə çalışqan, zəhmətkeş, möhkəm, bacarıqlı, tündxasiyyət bir qırğız gəlini idi. Dağ aili Bəkayirdə ilxıçı qızı idi, atlara yaxşı bələd idi, evin yeganə övladı idi ,xarakterində kobudluq hiss olunurdu ,ailə üzvlərinə qarşı hörmətli, sözə qulaq asan, açıqsözlü, açıqfikirli, ürəyitəmiz bir ev gəlini idi ,lakin eyni zamanda onda mütilik,itaətkarlıq qətiyyən hiss olunmurdu. Cəmilənin xarakteri ailə üzvlərini ,xüsusilə də qayınanasını açmasa da o narazılıq etmir, gəlinini çox sevirdi. Ailəsi onun xoşbəxtliyini, səadətini varlı xoşbəxt evə düşməyində görürdülər. Aildə ən vacib qayda-qanun gəlinin öz xoşbəxtliyi naminə namusunu və vicdanını qoruya bilməsi idi. Cəmilə deyib-gülən, şən, zarafatcıl bir qız idi, özünə azadlıq vermişdi. Xarakterində diribaşlıq, dilli-dilavərlik daha çox nəzərə çarpırdı, cigitlərlə qəhqəhə çəkir, şıltaq hərəkətlər edirdi.
Cəmilə-Sadıq “məhəbbəti”. Onların tanışlığı da müəmmalıdır: baharda cıdır zamanı Cəmilə ilxıçı Sadığı məğlub etmiş, Sadıq bu məğlubiyyətin heyfini Cəmiləni qaçırdaraq çıxmışdı . Sevərək evləndiklərini iddia edənlər də vardı. Hər halda ail əhli belə danışırdı. Əsəri gözdən keçirən zaman bu evliliyin əvvəldən sevgi əsasında qurulmadığı aydın duyulur. 4 aylıq birgə münasibətdən sonra Cəmilənin əri müharibənin başlanması ilə əlaqədar orduya çağrılmışdı və Cəmilə ərinin yalnız 3 ildi, yolunu gözlədiyi “məktubları” ilə təsəlli tapırdı. Daniyarın kəndə gəlişi sanki əsl “müharibənin” başlanğıcı oldu. Cəmilənin qəlbində soyuq küləklər əsdirdi, onun ruhunu tamamilə qoparıb apardı. Cəmilə hər kənd qadını kimi ağır işlər görürdü, ancaq bu, həsrətlə ərindən gözlədiyi məktubun gəlməsi və adının axırda laqeyd şəkildə çəkilməsi qədər ağır ola bilməzdi. Qadın elə bir varlıqdır ki hətta xəyanəti belə bağışlayar, fəqət soyuqluğu, yadlığı, sevgisizliyi bağışlamaz. Hər əzab-əziyyətə dözər, ərinin hər cəfasını çəkər, qəlbi qırılsa da dinməz, sevgi görməsə, sevgi gülləri qəlbində susuz qalsa, onu heç bir qüvvə əvvəlki halına qaytara bilməz, yenidən eşq toxumu artıq cücərməz.
Sadıqın gecikmiş “məhəbbəti”.
Qadının və kişinin xoşbəxtliyi nədə idi? Cəmilə və Sadıq xoşbəxt idi mi? Cəmilə ailin cigitlərilə mehriban və səmimi davranırdı . Buna rəğmən onun qəlbində yığılıb qalmış sevgiyə əsl ehtiyac hissi vardı. Onlar xoşbəxt deyildilər və bu xoşbəxtliyin olmamasına nə onların aralarındakı məsafə, nə də Cəmilənin böyüdüyü mühitin neqativ təsiri səbəb olmuşdu. Məsafələr uzaq olsa da dualarla, istəklərlə görüşən qəlblər var. Cəmilə ər yox, məhəbbət axtarırdı. Sadıqın məhəbbəti isə gecikmişdi, o yetəri qədər xanımına məhəbbət bəsləyə, qayğı göstərə bilmədi. Sevmək üçün bunu dillə demək lazım deyil, sevgini hiss etdirməlisən, o isə xanımına bunu yaşada bilmədi. Əsl xoşbəxtlik sevgini hiss etdirmək, öz həyat yoldaşına sevgini vermək, onun mənəvi ehtiyaclarını qarşılamaqdı. Cəmilə bu xoşbəxtlik məfhumunu düzgün dərk edərək, realist addım atdı və özünü Daniyara təslim etdi.
Cəmilənin xarakteri və ya səfil həyatına öyrəşməsi bu ayrılığa səbəb ola bilərdi mi? Cəmilə zarafatcıl, şıltaq, hətta ərköyün qız idi, o səadəti pulda, var-dövlətdə görmürdü, kənd əhlinin düşüncələrindən fərqli olaraq, reallıqla düşünmək lazım gəlsə, varlı ailənin üzvü olmaq, varlı ailədə övlad dünyaya gətirmək insana sevgi qazandırmır. “Sevgi ilə qarın doymur” deyirlər, amma Cəmilənin qəlbi ac idi, qəlbinin aclığı ona daha çox işgəncə verirdi, qarnı acqız üçün.
Cəmilə Sadıqı sevmirdisə, onun məktuba qarşı münasibəti niyə dəyişdi? Bəlkə də sevmək istəyirdi, lakin o bu sevginin qarşılığın görmədi. Ailin öz adət-ənənələri vardı, bunlardan biri də həyat yoldaşına yazılan məktubun olmaması idi. Düzdür, Sadıq onun adını axırda qeyd edirdi, lakin bu onun yoldaşına toxnunurdu, o ərindən daha çox qayğı, daha çox sevgi görmək istəyirdi, hər halda ərinin yolunu gözləyən bir qadının məktub almasını istənilən qadın arzulayar. Bizim fikrimizcə, ən azından o ,yoldaşına salam göndərmək yerinə “ondan muğayət olun, onu sizə tapşırıram” deməsi daha məqsədəuyğun olardı. Sadıq sevgi məktubu göndərə bilməzdi, buna ehtiyac da yox idi ,amma 3 ildən sonra qadınına qarşı belə saymazlıq etməsi Cəmilənin hislərindən yan keçmədi, doğrudur, sevən heç nəyə baxmır, amma bu sevgi qarşılıqlı olmaq şərtilə. Cəmiləni daha çox qəzəbləndirən ərinin gecikmiş məktubu daha doğrusu, gecikmiş sevgisi idi, çünki hər şey üçün artıq Sadıq gecikmişdi və onun bu hərəkəti Cəmiləni ərindən qaçmağa ondan uzaqlaşmağa sövq etdi.
Sadiq Cəmiləni sevirdi mi? Sevirdisə də Cəmiləyə bunu hiss etdirmək lazım idi .Onun buna ehtiyacı vardı. Cəmilə Allaha və ərinə sadiq olmağa çalışırdı, ailəsinin də istədiyi bu idi, lakin Cəmilə bu həyatdan sıxıldı, Sadıqdan qəlbi qırıldı və o ,təsəllini Daniyarda tapmağa çalışdı. Hər şey bir insanı sevməklə başlayar. Bəlkə də o sevirdi, buna baxmayaraq qəlbi artıq qırılmışdı və Daniyarla getdi, onun yanında xoşbəxtliyini tapdı, ondan sevgi qayğı gördü və onunla yaşlanmağa qərar verdi.
Müharibə olmasaydı Cəmilənin taleyi dəyişərdi mi? Sevən heç vaxt tərk etməz, hər halda ərinin varlığı belə olsa ondan sevgi görməsə yenə gedərdi, ərinin sevgisini uzaqdan hiss etmək ona kifayət edərdi, o, ərinin yanında olmağını deyil, ona sevgisini verməyini istəyirdi. Yanında olduğunu hiss etdirmək yanında olmaqdan daha önəmlidir. Müharibənin bu ayrılığın səbəbkarı olması yalnız bir bəhanə ola bilər. İllərlə ərlərinin yollarını gözləyən namuslu, ismətli qadınlar var. Cəmilə yenə gedəcəkdi ,öz səadətinin arxasınca gedəcəkdi, o sanki bunu əlində fənər gözləyirdi, ömür boyu bu eşqi axtarırdı və axır ki o bu eşqinə qovuşdu. O ac da olsa ,susuz da olsa xoşbəxtliyini tapıbsa, artıq onun var-dövlətə zərrə qədər də ehtiyacı yoxdur. O təngə gəlmişdi ,qəlbindəki boşluq onun bütün varlığına hakim kəsilmişdi və o səfil həyata belə razı idi ,yetər ki yenicə çiçək açmış ülvi məhəbbəti, sevgilisi onun yanında olsun.
Cəmilə daha tez gedə bilərdi, amma…
Gedə bilərdi, lakin bəlkə də axtardığı uzun illər gözlədiyi şəxslə qarşılaşmamışdı, bəlkə də əri ilə aralarındakı mənəvi məsafə onların yenicə çiçək açmış münasibətinin bitməsinə solmasına gətirib çıxartdı. Cəmilənin fikrincə dünyada qadın qəlbini başa düşən kişilər yoxdur, kişilər sadəcə özlərini düşünürlər. Qadın kişilərdə yaxşı gələcək, kişilər isə qadınlarda yaxşı keçmiş axtarır. Görünür, Cəmilə Sadıqda yaxşı gələcək görə bilmədi. Onun laqeyd münasibəti Cəmilənin qəlbini qırdı ,sanki qisas almaq hissilə bu addımı atdı və Sadığı Daniyara dəyişdi. Belə desək, pulu sevgiyə dəyişdi.
Fırtınalı eşq dastanı. Daniyar əsərin əsas sujet xəttini təşkil edən obrazlardan biridir. O, eyni aildən idi ,yetimliyin və həyatın hər sərt üzünü görmüşdü. Bir müddət sonra qohumları tərəfindən unudulmuş, elə burda məskunlaşmağa başlamışdı. Haqqında söz-söhbət yayılan bu cavan oğlan tez bir zamanda da unudulmuşdu. Onun açıq-aşkar olmayan simasında sanki bir fırtına qopur, soyuq küləklər əsirdi. Daniyar deyəndə ağıla qapalı, ciddi, sərt, adamayovuşmaz, qaradinməz, qaraqabaq, hamıdan qaçan, azdanışan bir xarakter gəlirdi. Həmişə ail əhli ilə məsafəli idi, fikri adətən, dağınıq olurdu. Onun dalğın, kədərli, xəyalpərvər gözləri, bitkin, yorğun və qəmgin baxışları insanın gözü qarşısında canlanırdı. Üzdən sakit və fağır görsənirdi, yalnızlığı özünə sirdaş seçmişdi. Müharibə nəticəsində insanlıqdan, qəlbindən başqa hər şeyini itirmişdi. Sanki torpaq onu qəbul etmək istəmirdi və o nəfəs alırdı. Cəmilənin onu lağa qoyması, ona qarşı laqeyd davranması Daniyarı heç vaxt özündən çıxarmamışdı. O, bütün ilhamverici mahnıları Cəmilə üçün oxuyurdu, onun qəlbindəki ehtirası, vurğunluğu, istəklə, arzu ilə coşub-daşan, vəcdə gələn hislərini sanki Cəmilə ortaya çıxara bilmişdi. Cəmilənin quraqlığa çevrilən qəlbinə yeni toxumlar səpən də o idi. Daniyar yalnız bir adamın vurğunu deyildi, sanki qəlbində daha böyük hislər baş qaldırmışdı, təbiətin ,dağların, torpağın, quşların ,bir sözlə həyatın vurğunu idi və bu duyğular onun zümzümə etdiyi mahnıda daha aydın özünü büruzə verirdi ,onu sanki bütün təbiət-çaylar ,yarpaqlar,dağlar-dərələr dinləyir və ifasından feyzab olurdu.
Daniyarın kisəni aparmaq cəsarəti gənc qızda hislər mi oyatdı? Cəmilə ilə qaynının qurduğu bu tələ uğursuz oldu və bu, Cəmiləyə şübhəsiz təsir göstərdi. Həmişə istehza dolu baxışları ilə Daniyarı təqib edən, onu ələ salan, öz şıltaqlığından yenə də vaz geçməyən Cəmilə belə bir hadisə ilə qarşılaşacağını təsəvvürünə belə gətirməzdi. Bu hadisədən sonra iztirab içində idi və vicdan əzabı çəkirdi. Onu ən çox incidən Daniyarın yaralı ayağı ilə o yükü daşıması yox, onun qəlbinin yaralı olması, Cəmiləyə zillənən yalvarış, mərhəmət, imdad dolu baxışları idi. Cəmilə hiss olunurdu ki, son vaxtlar artıq ondan çəkinirdi, cigitlərlə suda oynamaqdan belə utanır, Daniyarın kəskin, qəmli baxışlarını öz üzərində hiss edərək, geri addım atırdı. Daniyar sanki həm fərəh, həm də qüssə dolu baxışları ilə nəsə demək istəyirdi, görünür, o da səadətini gənc qızda görmüşdü. Onlar axtardıqları sevgini, xoşbəxtliyi bir-birlərində tapmışdılar. Cəmiləni artıq nə Sadığın məktubu, “sevgisi” ,nə də özü maraqlandırırdı . Bunun üçün artıq gec idi. Təbiət böyük bir eşqlə yaratdığını eyni təntənə ilə də məhv edər. Daniyar zahirən kasıb idi, lakin onun mənəviyyatı, zəngin eşqi, tükənməz sonsuz idi, bəzən insanlar həyatın köhnə qanunlarının amansızcasına pozulmasının əleyhinə idilər. Onlar Cəmilənin bu addımı ilə barışa bilmir, mental dəyərlərə zidd sayırdılar. Cəmilənin bu hərəkəti “romantik xəyanət” sayılır.
Cəmilə stereotipləri aşa bildimi? Cəmilənin mənəvi həyatı səfil idi, onun bu hərəkəti yolverilməz hesab oluna bilər, ancaq gənc qız çox qırıldı ,sevgi qarşılıqlı hörmət, qayğı, xoşbəxt həyat əsasında yaranır, onun qarşılığın görməsən, artıq sevginə, hörmətinə layiq olmayan insanla eyni dam altında yaşamağa ,bir evdə yaşlanmağa dəyməz. Cəmilə bunları dərk edirdi və artıq o, özünə haqq qazandıraraq, xoşbəxtliyinin arxasınca getdi. Sadıq ilk başda onun xəbərsiz gedişini bayağı qarşılasa da sonradan düşüncələrinin yalnış olduğunu başa düşdü.
Daniyar Cəmilə-Sadıq münasibətlərinin bitməsində rol oynadı mı? Cəmilənin yaşı az olsa da ağlı başında, düşüncəli bir qız idi, onu heç kim bu hərəkəti eləməyə vadar edə bilməzdi. O artıq qərarını vermişdi. Sadığın ona sonradan məktub göndərməsinin bir önəmi qalmamışdı. Ona daha o məktublar lazım deyildi.
Sevgi üçbucağı. Daniyar Cəmiləni sevirdi ,bu onun gizli, inadkar, yalvarış dolu baxışlarından hiss olunurdu, bəlkə də düşünürdü ki, o, əlçatmazdır və heç vaxt Cəmilə onun olmayacaq, amma özü də bilmədən Cəmilənin yatmış ruhunu oyatdı. Daniyar qəlbən vurğun adam idi. Onun məhəbbəti müqəddəs, böyük məhəbbət idi. Bu sevgini o, mahnılarında gizli saxlamış, onunla yaşamışdı. Laqeyd, dağınıq adam bu nəğmələri ürəkdən vurğunluqla səsləndirə bilməzdi. Müharibədən yaralı qayıtmış bu adam insanlardan uzaq dururdu. Əsərdə görünür, gestap Sovet rejiminə qarşı da kəskin etiraz motivləri var. Müharibənin hakim kəsilməsi və dəhşəti Daniyarın geyimindən, fiziki qüsurundan-axsamasından, soyuq davranışından, susqunluğundan hiss olunurdu, lakin ən yaxşı məsləhətçi zamandır. Zaman keçdikcə insan yaşadıqları məşəqqətləri, ağrıları, acıları, yaralarını unudur, bəzən də yaşadığı travmanın, əzabın qarşısında aciz qalır və təslim olur. Bəlkə də buna görə insan öz duyğularında gizlənir, qaranlıq tərəflərini göstərmir, heç kəs bu insanı anlamır, insan bəlkə də onu başa düşən birinin olmamasını bildiyi üçün öz daxili aləminə çəkilir və ətraf aləmdən təcrid olur.
Qadın nə istəyir? Ailə həyatı qayğıdır, özü üçün deyil də başqası üçün yaşamaqdır, həyat da bu zaman mənalı keçir, özü üçün yaşayanda isə ölüm qorxusu onu bütün ağuşuna alır. Ailə qurmaq asandır, lakin onu əldə saxlamaq, dağıtmamaq, qorumaq çətindir. Ailə qala kimidir, ora girmək istəyən çoxdur, mühafizə güclü olsa, o qalanı heç kəs dağıda, ora girə bilməz. İnsan ilk növbədə qalanı özü mühafizə etməlidir, özü dağıtmamalıdır, yalanı, xəyanəti, güvənsizliyi, sevgisizliyi ora buraxmamalıdır, yoxsa qala tez uçular. Cəmilə də mühafizə edə bilmədi, çünki qılıncı yox idi, qorumağa heç nə yox idi. Sadıq orduda mübarizə apardı, öz qalasını mühafizə edə bilmədi, nə özü qılınc oldu, nə də Cəmiləyə qılınc Verdi. Özü buna şərait yaratdı, öz cəsarətsizliyinin, qətiyyətsizliyinin qurbanı oldu. İnsan Allah üçün, qəlb üçün yaşamalıdır. Qəlbi yaradıb ki, insan sevsin, sevgisiz insan heçnədir, sevgi olmayanda, onun yerini nifrət alır. İnsan ilk öncə Allahını, sonra isə bəndələrini sevməlidir. Fırtına zamanı vəcdə gələn okean, göydə guruldayan şimşək kimi ifadələr əsərlərdə estetik ovqat yaradır. İnsan bəzən güllü-çiçəkli, bağlı-bağatlı çəmənliyi seyr edər, bəzən uçurumdan dərənin dibinə baxar, elə olur ki, uçurumun dibindəki gözəlliyə aldanıb özünü onun qucağına atır, həmin gözəllik də onun ölümünə bais olur. Birinci mənzərə sevinc hissidir, ikinci isə qorxu. Digəri isə xoşbəxtliyin görünməyən dəhşətli tərəfi. İnsan uçurumdan uzaqlaşmaq istədikcə, ona yaxınlaşır, əldə edə bilmədiyi şeylərin arxasınca qaçır, ona doğru can atır, daim həsrətini çəkir. Uçurum adlandırdığımız məfhum əslində insan qəlbinin dərinlikləridir, hər bir insanın qəlbi onun uçurumudur. İnsan, xüsusilə də qadınlar daim hislərinin, duyğularının əsiridir. Qəlbdə əgər nifrət məskən salıbsa, məhəbbət məğlub olur, insan hər kəsdən və hər şeydən qaçır, tənhalaşır, sonda bu həyatdan üz döndərir.
Gəlin-qayınana münasibətləri. Müasir dövr üçün bu iki ailə qadının münasibətləri ziddiyyətli olsa da, əsərdə bu halın tam əksilə qarşılaşırıq. Bunun da səbəbi maraqlıdır. Görəsən, Cəmilə kimi gəlinlərin sayı azalıb, yoxsa analar belə gəlini qəbul etmək istəmirlər, ya da belə qayınanalar azlıq təşkil edir, bəlkə də cəmiyyət qəbul etmir…Kiçik ana adlandırılan qəhrəman ana obrazı öz müsbət keyfiyyətlərilə yadda qalır: xeyirxah, üzüyola, fağır, çalışqan, zəhmətkeş, hörmətli, insaflı, ağıllı, təcrübəli, mehriban ev sahibəsi… Ananın sərtliyi və öcüşkənliyi yox idi, lakin onun ağır, tünd, adət-ənənəyə bağlı xasiyyəti də vardı. Gəlini Cəmiləni çox sevirdi, onun şıltaq hərəkətlərinə fikir vermir, yaşa dolandan sonra düzələcəyinə ümid edirdi, onun qəlbinin gizli hislərindən hamı xəbərsiz idi, ona nə qayınana, nə zəngin ev, şərait, nə də quruca bir ər lazım idi. Ona ən çox təsir edən gəlininin evdən vaxtsız gedişi oldu.
Qayınanasının və ya digər ailə üzvlərinin ciddi münasibəti Cəmilə üçün nəyisə dəyişərdi mi? Əgər qayınanası çox sərt olsa idi, deyərdilər ki, qayınanadan bezib getdi, amma qayınanası ən azından onu yoluna qoysa, gəlinə gəlin olduğun hiss elətdirsə idi, gəlin özü ilə hesablaşardı. Qayınana isə istəyirdi ki Cəmilə özü bunu etsin. “Gəlin düşdüyü ocaqda gəlindir” deyiblər. O gəlin ki özünü necə aparmaq qaydasını bilmədi, bunun sonu olmaz. Ən azından o bunu dərk etməli idi, davranışlarını nizama salmalı idi, qayınanası nə qədər ona sərt davransa da onun özünün ağlı başında olmalıdır, özü gəlin olduğun dərk etməlidir.
Geri dönüş oldumu? Sevginin təməlini “Cəmilə” ilə qoyan məhz Aytmatov oldu. Əsərin eşq qəhrəmanlarının sonrakı taleyi oxuculara məlum olmasa da Aytmatov qeyd edir ki, onlar artıq çox xoşbəxtdirlər və layiq olduqları məhəbbətlə yaşayırlar. Əlbəttə güman olunur ki, Cəmilə həyatın anlamını dərk etmiş və arzularına çatmışdır, geri dönüşün olması mümkün deyildi. Onu kimin, nəyin xoşbəxt edəcəyini, kilidlənmiş ürəyinin qıfılını kimdə və harada olduğunu tapdı, küt beyinli, daşlaşmış fikirlərin əsiri olan, düşünmək bacarığını tamamilə itirmiş insanların sözlərini önəmsəmədi. O, camaatın kasıb, fiziki qüsurlu Daniyarı tənqid etmələrinin belə fərqində deyildi. Heç kəs Daniyarın daxili zənginliyindən agah deyildi. Maraqlıdır ki, belə bir ciddi ail mühitində Cəmilənin cigitlərlə zarafatyana münasibəti, özünü bəzən yaşına uyğun olmayan tərzdə aparması deyil də öz səadətinin arxasınca qaçması daha çox ailin zoruna gedir, daha çox istehza və nifrətlə qarşılanırdı.
Cəmilənin günahı nə idi? Saf, pak hisləri qəlbində yaşatması ? Buna görə mi onu məzəmmət edirdilər? Cəsarətilə yaşaya bilməyən əsarətilə ölər. Yazıçı üçün ən böyük mövzu insandır və o, bəşər övladının düşüncələrini, istəklərini, xoşbəxtliyini, sevincini səadətini hər şeydən üstün hesab edirdi. Aytmatov insanları təqsirləndirmir, mühakimə etmirdi. Cəmiyyət basqısını, mühafizəkarlığını, şablon düşüncələrini sübut etməyə çalışır və insandan qat-qat aşağı səviyyədə olduğunu gözlərinin önünə sərir. Cəmilə doğurdan da heyrət doğurdu, güc-qüvvə inam verdi, cəsarət yaratdı, məqsədə çatmağın, istəklərə qovuşmağın, bu qaranlıq zindandan xilas olmağın heç vaxt gec olmadığını, arzuladığımız həyatı yaşamaq üçün kimsənin əngəl yarada bilməyəcəyini isbat etdi. İnsanların bir qismi həyatına sarılan qırılmaz zəncirlərdən qurtulub xoşbəxtliyə qovuşacağı günün xəyallarını qurur. “Başqaları nə deyər” düşüncəsi, mühakiməsi, tənəsi, ucuz və bulanıq fikirləri ilə yaşayan zaman isə artıq bütün arzularını, istəklərini basdırır, xəyallarını öldürür, puç edir, öz cəsarətini itirir və bu itkinin qurbanı olur. Bu düşüncələrdən, qaranlıq fikirlərdən azad olan, öz arzu və məqsədlərinin arxasınca gedən Cəmilə kimilərinin əzmkarlığı, mübarizəsi Daniyar kimilərinin zəngin, mənəviyyatlı olmaları, inam və ümidlərinin aşıb-daşması, nəhayət bu iki gəncin istəklərinin qovuşması insanları motivasiya edir, ruhlandırır, azad quş kimi qanadlandırır . Məsafələr belə uzaq olsa, dualarla görüşən qəlblər vardır.
Seyidin mükəmməl rəsm əsəri. Yazıçı bu sevgi hekayəsini Seyidin dilindən verir. Cəmiləni sevən onu qısqanan ona sahiblənən yeniyetmə qaynı burada diqqət çəkir. Bu obraz yazıçının prototipidir. O, daim doğma olmayan qardaşı arvadını qorumağa çalışır, hətta buna gücü yetməyəndə acıqlanırdı. Bəlkə də o, eyni qandan olan doğma qardaşı olsa idi, belə etməzdi. Cəmilə qaynının ona qarşı bildirdiyi iradını önəmsəmir, hətta inciyirdi. Hər halda Cəmilə özü nəyi necə edə biləcəyi bir qadın olduğunu düşünürdü və ona görə də azyaşlı qaynının etdiyi hərəkətlərinə acığı gəlir, çox vaxt ironiya ilə gülür, bəzən gülməkdən də özünü güclə saxlayırdı. Əsərdə diqqət çəkən məqamlardan biri də bu sirli məhəbbət başlayan andan etibarən adi karandaşla bunları təsvir edən Seyidin rəssamlığıdır. O, gələcəkdə rəssam olur və şahidi olduğu bu sevgini boyalarla təsvir edir, sanki o şəkilə baxanda Cəmilə ilə Daniyarın fizioqnomikası deyil, daxili aləmi daxili dünyası açıq-aşkar görünür. O, onların qısa zamanda şahidi olduğu xoşbəxtliyini rəsm əsərilə əbədiləşdirir və münasibətlərini dəstəkləyir.
Əsərin ideyası. Pozulması yalnış qayda-qanunun hər şeydən yüksəkdə duran məhəbbətdən aşağı olması. Yazıçının da əsl qələbəsi bu idi- sevgini hər şeyin fövqündə vermək və müqəddəsləşdirmək.
Əsəri oxuyanda sanki film izləyirsən və hər şey sənin gözlərinin qarşısında canlanır. Bu cür əsərlər ekranda yayımlanaraq, daha çox uğur qazanır. Onlardan biri də “Cəmilə”dir. Əsərin sujet xətti əsasında film də çəkilmişdir. Müəllif öz yurdunun-Talas vadisinin tarixinə, mədəniyyətinə,kültürünə, adət-ənənələrinə toxunur, vadinin dağları, yaylaqları, çayları aydın şəkildə təsvir olunur. Hətta bəzən özünü bir obraz kimi də görürsən. Əsərdə Aytmatov donmuş cəmiyyəti donmuş sular kimi “əritməyə” çalışır. Müharibənin simvolikası əsərdə Daniyardır. Onun aldığı fiziki və mənəvi travmalar, zərbələr və çəkdiyi iztirablar bunun bariz nümunəsidir. Qəlbi də özü də yaralı olan Daniyarı da bu sevgi dəyişir. Hər kəsə qarşı məsafəli olsa da Cəmilə ilə arasında körpü qurur. İroniya ilə başlanır və eşqlə davam edir. Onun bədbəxt olacağını düşünən camaat onun əsl xoşbəxtliyindən xəbərsiz idilər. Onlar isə heç nəyə baxmadılar və əl-ələ verərək, hər şeyi arxada qoyub getdilər. Onların xoşbəxt olacaqlarından Seyid əmin idi, ona görə də o nə qınıyır, nə də nigaran qalırdı. Aytmatov üçün insanın uğuru, həyatda əldə etdiyi qazanc insanın xoşbəxtliyidir, onun gerçəkləşən arzuları, xəyallarıdır. Cəmilə də sözün əsl mənasında təəccübləndirir, cəsarət verir, güc-qüvvə yaradır, boyunduruqdan çıxmağın heç vaxt gec olmadığını, yaşamaq istədiyin həyatı yaşamaq üçün heç kəsin maneə törədə bilməyəcəyini sübut edir, gələcək nəsillərə də bariz nümunə olur. Onu qınayan saxta, cahil insanlara bu gedişi ilə böyük iz qoyan “bomba” atır.
Təsadüf Allahın gizli təxəllüsüdür. Bəli, qismət də, tale də, alın yazısı da, qəza da, qədər də Allahın müxtəlif adlarıdır. Allah hər kəsə bir fürsət verir və insanın onu dəyərləndirməyini istəyir. Bəzən biz qarşılaşdığımız fürsətləri dəyərləndirir, imtahandan üzüağ çıxırıq, bəzən də Onun bizim üçün məsləhət bildiyi təsadüflərə, qismətə razı olur, mütiliklə boyun əyirik, elə olur ki, təəssüflənirik, elə də olur ki, sevinirik. Tale də sözün əsl mənasında Cəmilənin üzünə gülür və stansiyaya taxıl daşıyaraq, Daniyarla tanış olur. Daniyarın danışığından artıq onun həyat, sevgi –hər şey haqqında fərqli düşüncələri sahib olmasının şahidi oluruq və gənc oğlan düşüncələrini çox vaxt dilə gətirmir, xüsusilə də fəlakətli müharibə haqda danışmağa ürək eləmir, yalnız qəlbinin qapılarının Cəmiləyə açır.
Çingiz Aytmatovun “Cəmilə” əsəri sırf reallığına görə fərqlənir və mənəvi kolliziyaların insan həyatında rolunu göstərmişdir, qadın adət-ənənəyə bağlı olsa da öz fikirlərini ortaya qoymaqdan da çəkinmir, sərt rejimə qarşı çıxır. Cəmilənin yaşadığı mühitdə qanun-qayda hökm sürür və yaşayış da sıxıcıdır, gənc qız da bu mühitdən qopmaq, qurtulmaq istəyir, yəni əslində keçmişdən. Ona sevgi anlayışı yaddır, ideal sevgi axtarır. Yazıçı qadının fərdi xüsusiyyətlərini, etnik-milli psixologiyasını rahat şəkildə ortaya qoyur. Aytmatov yeni tipli insan obrazının formalaşması və təşəkkülündə böyük rol oynamışdır. İlk olaraq, əsərlərində sovet rejiminə qarşı çıxmış, müharibənin törətdiyi fəsadları açıq-aydın təsvir edir. O, obrazların mənəvi aləminin zənginliyini, rəngarəngliyini təbii şəkildə oxucuya təqdim edir, əsərlərində, kredosunda bəşəriliklə millilik vəhdət təşkil edir, harmoniya üzrə tarazlaşır, qəhrəmanların simasında müsbət, dərin insani keyfiyyətlər təzahür edir.
“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ “BB” – Zaur Ustacın ən çox səs salan hekayəsidir, bəlkə də ədəbiyyat aləmində böyük rezanans yaradan on hekayədən biridir. Kriminal aləmin qloballaşan dünyada adi həyat tərzini qat-qat üstələdiyindən bu başlıq ilk görünüşdə “Bas bayıra” kimi anlaşıla bilər. Yaxud, hələ də bir çox hallarda milli mental dəyərlərimizi qoruyub saxlamağa üstünlük verdiyimiz Azərbaycanımızda onu bizə daha yaxın başqa adlarla da əvəzləyə bilərik. Məsələn: “Böyük Bakı”, “Bizim Bakı”, “Babamın babası”, “Balamın balası” və bu stildə adları daha da uzada bilərik. Lakin bizdən fərqli olaraq Zaur Ustac bu adı yenə də qloballaşan dünyanın başqa – bəlkə də daha vacib bir sahəsinə – bazar iqtisadiyyatının şah damarı sayılan ticarət sahəsinə yönəldə bilmiş və son otuz ildə baş verənlərdən bir qisminin mənzərəsini təsvir etməklə maraqlı süjet xətti üzərində gözəl nəsr nümunəsi yaratmışdır. Hekayə nəsrin kiçik növlərindən biridir. Ya birinci şəxsin dili ilə söylənilir, ya da üçüncü şəxsin təsəvvüründə canlandırılır. Oxucu ilə arada daha tez səmimiyyət yaransın deyə bir çox qələm sahibləri avtobioqrafiq təsir bağışlayacaq tərzdə əhvalatı birinci şəxsin dili ilə nəql etməyə üstünlük verirlər. Zaur Ustac bəzi sələflərinin yolu ilə gedərək, hətta Qərb ədəbiyyat nümunələrindən bəhrələnərək adıçəkilən hekayədə məhz, bu üsulu seçmişdir. Nəsrin digər sahələrində olduğu kimi hekayədə də zaman və məkan anlayışı əsasən mücərrəd olur, lakin konkret göstəricilər də qadağan deyildir. “20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9.00, mən artıq işdəyəm” – hekayə bu cümlə ilə başlayır. Texnikanın inkişafı nəticəsində müasir insan dünyanın istənilən məkanında baş verən hadisə barədə tez bir zamanda xəbər tuta bilir. İndi həyatda elə hadisələr baş verir ki, onlar bədii əsərlərdə təsvir olunanlardan daha maraqlı təsir bağışlayır. Oxucunun diqqətini ilk cümlədə cəlb etmək lazımdır ki, sonra nəql edəcəyin istənilən hadisəni ona maraqla dinlətdirə biləsən. Zaur Ustac ilk cümləsi ilə oxucunun diqqətini özünə cəmləşdirməyi bacarmışdır. “Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı”. Bununla da o, həm öz iş yerindəki vəziyyəti təsvir edir, həm də oxucunu ona danışacağı hansısa qəribə əhvalatı dinləməyə hazırlayır. Beləliklə, ofisin telefonlarından biri zəng çalır. Dəstəyi xadimə qaldıraraq cavablandırır və əsərin əsas personajına ötürür. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim özünü təqdim edir və zəng vuran xanımın məqsədini öyrənməyə çalışır. Təqdimatın qeyri-adi uzun şəkildə görünməsi heç də oxucunu dolaşığa salmaq məqsədi daşımır, sadəcə, hürriyyətçilik dövründə belə kolantay vəzifə bölgülərini nəzərə çarpdırmaqla Zaur Ustac planlı dövrdən müstəqillik zamanına keçidin bəzi əndazədən çıxma hallarını təsvir etmiş olur. Həm də oxucuya şərait yaradır ki, qırışığı açılsın, özünü cəmləşdirsin, fikrini hekayədə nəql olunacaq əhvalata yönəltsin, çünki indi onun üçün gözlənilməz bir hadisədən söhbət açılacaq. “BB” şirkətinin nümayəndəsi İlahə xanım telefonda Əli Mülayimin nəzərinə çatdırır ki, qarşıdan yubileylər gəlir, özü də ikisi birdən; həm şirkətin yaranmasının ildönümüdür, həm də şirkətin rəhbəri Bəy Bala müəllimin ad günü olacaq. Bu münasibətlə bos müsahibə vermək istəyir, ona görə ofisə dəvət olunur. Dəvəti məmnuniyyətlə qəbul edir, çünki onların işi elə müsahibələr hazırlamaq, maraqlı əhvalatları yazmaqdır. Beləliklə, “BB” şirkəti ofisinin yerləşdiyi ünvanını dəqiqləşdirən Əli Mülayim dərhal jurnalistin şans alətləri hesab olunan qələm, bloknot, diktafon və fotoaparatı çantasına qoyaraq, necə deyərlər, tədarükünü görüb üz tutur deyilən ünvana. Zaur Ustac müsahibə götürüləcək adamın ofisini – işgüzar şəraitini belə təsvir edir: “T şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan noutbuk və sonsuz sayda kağız-kuğuz… Bu mənzərəni insan öz gözü ilə görməsə, sözlə ifadə etmək çox çətindir”, – deyir. Bundan sonra o, salamlaşma və təqdimolunma səhnəsini təsvir edir: “-Əli Mülayim. -Çox gözəl, Əli müəllim. Vallah, indi elə zəmanədə yaşayırıq ki, mülayim olmayıb neyləyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun!” Bu, kiçikdən kiçik dialoq-tanışlıq vasitəsilə Zaur Ustac oxucuya, bəlkə də cəmiyyətə böyük mətləblərin sirrini açır. Sanki ölkəmizdə mövcud olan jurnalist-məmur faktoru bu iki-üç kəlmədə öz əksini tapıb. Harın, rüşvətxor, təpədən dırnağadək korrupsiyaya qurşanıb qudurmuş bəzi məmurların qarşısında heç bir sosial müdafiəsi olmayan, hüquqları yalnız kağız üzərində qorunan jurnalistin mövcudluğunu qorumaq, elementar yaşayış tələbatını ödəmək üçün mülayim olmaqdan başqa çıxış yolu qalırmı? Qalırsa da, bu yol mübarizlik yolu deyil, sonda onu həbsə aparacaq əzilmək, sındırılmaq, şərlənmək, ölkədən didərgin salınmaq yoludur. Bu yol itki yoludu, gedər-gəlməz yoldu, çox adam gedib, hələ geri qayıdan olmayıb. Bir nəfər yarı yoldan – Türkiyədən qayıtmışdı, o da dərhal həbsə atıldı. Burda elə görünə bilər ki, əsərin zirvəsinə yaxınlaşma prosesi gedir. Ya elə bir hadisə baş verəcək ki, kulminasiya hesab olunacaq, ya da Bəy Bala müəllimlə Əli Mülayim hansısa sözə görə anlaşmayacaq, bununla da müsahibə alınmayacaq. Əslində, əsəri maraqlı edən elə bu cür süjetlərdir, dirənişdir, personajlar arasında yaşanan dramatiklikdir. Zaur Ustac burda belə görüntü yaratsa da başqa yol seçib. Axı onun personajı hansısa Vulkan, İldırım, Şimşək ləqəbli birisi deyil, sadəcə Mülayimdir. Bəy Bala müəllim onu anlayacaq birisini tapdığına görə uşaq kimi sevinir və dərhal niyyətini açıqlayır. Özünün 55, şirkətin yaranmasının 20 illiyini müsahibinin diqqətinə çatdırır. Amma özünü elə göstərir ki, onun buna ehtiyacı yoxdur, elə-belə, sözgəlişi “mətbuatda, televiziyada bu barədə məlumat getsin”, deyir. Əsərin bu yerində Bəy Bala müəllim gözlənilmədən bir eyham vurur: “Bir də xahiş edirəm o maskanı çıxardasınız. Burada kim var ki? İnanın səmimiyyətimə, bunlar hamısı boş şeydir. Can verən də, alan da, bax, o kişidir!” Burda Zaur Ustac üstüörtülü olsa da diqqəti iki məqama yönəldib. Birincisi, dünyanı ağuşuna götürmüş Koronavirus pandemiyası nisbətən səngisə də, qapalı məkanlarda maskasız gəzmək qadağası tam olaraq aradan qaldırılmamışdı. Bəy Bala müəllim öz iş otağında maskasız əyləşsə də qonağının maskada oturmağı onu narahat edirdi, tıncıxdırırdı. İkinci məsələ isə bunun məcazi mənasından gedir. Bir də görürsən məmur hansısa jurnalistin səmimiyyətinə inanır, ağzın qoyur Allah yolunda, nə istəyir, danışır. Danışığı xəlvətcə lentə alan jurnalist cənabları bir müddət sonra bunu üzə çıxardaraq yayır və aləm bir-birinə qarışır. Ya da əksinə olur, məmur jurnalisti dilə tutub danışdırır, onun səsini yazır, rəhbərlərinə qarşı istifadə edir. Maskalanmış insanlardan cəmiyyətdə hər nə desən gözləmək olar. Zaur Ustac məharətlə bu eyhamı vurub tez də üstündən adlayıb keçir. Mirzə Ələkbər Sabir demişkən: “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın!” “Dedi (Söhbət Bəy Bala müəllimdən gedir – Ə.A) və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı”. Beləliklə, Əli Mülayim Bəy Bala müəllimdən müsahibə götürür. Bəy Bala müəllim uşaqlığından başlayaraq həyatında baş verən bütün hadisələri xırdalığınadək incələyib danışır. Böyük ölkənin necə kiçik dövlətlərə parçalandığından, oxuya-oxuya alverə qurşandığından, xırda ticarətini inkişaf etdirərək ailə biznesi yaratdığından tutmuş ailədaxili baş verən kiçik detallaradək hər nə baş veribsə, hamısını açıqlayır. Burda yazıçı məharəti dərhal özünü büruzə verir. Zaur Ustac Bəy Bala müəllimin dili ilə Sovetlər ölkəsinin dağılması ilə müstəqillik əldə etmiş dövlətimizin hansı daxili fəsadlarla üzləşdiyindən, o vaxtkı insan təfəkkürünün bir andaca əriyib getməsindən və yeni yaranmış münbit bazar-ticarət əlaqələrinin sürətlə inkişafından və başqa mətləblərdən söhbət açır. Ən nəhayət, hər şeyi yerli-yataqlı danışıb rahatlıq tapandan sonra Bəy Bala müəllim soruşur: “-İndi bu yazının adını nə qoyacaqsınız? Fikrimdən “Bit Biznesi” keçsə də “Böyük Biznes” dedim. -Bəlkə bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız. Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq”. Dahilərdən hansısa deyib ki, “bütün xoşbəxtliklər eynidir, bədbəxtliklər isə müxtəlif cür olur”. Zaur Ustacın baş qəhrəmanı da özünü “Böyük Bədbəxt” hesab edir. Baxmayaraq ki, evli-eşikli, qohumlu-əqrəbalı birisidir. Biznesi də özünün dediyi kimi Bakıdan vurub Dubaydan çıxan, Dubaydan vurub İstanbuldan fırlanaraq yenidən Bakıya gələn böyük şəhərlərdə adam sıxlığından istifadə edərək sürətlə artıb çoxalan nadir biznes sahəsidir. Bununla belə o, özünü böyük bədbəxt hesab edir. Deməli, xoşbəxlik var-dövlətdə, ailə-uşaqda, qohumlar və dostlar arasında ayın-şayın yaşamaqda deyil, səni anlayacaq birinin yanında olmaqdır. Bəy Bala müəllim məhz o gün – müsahibə verdiyi gün onu anlayacaq birini tapdığına sevinir və özünü xoşbəxt sanır. “-Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil”, – deyir Bəy Bala müəllim. Bu qədər qohum-əqrəba, dost-tanış, biznesində istifadə etdiyi adamlar arasında onu anlayacaq bircə nəfər də olsun tapıb ürəyini boşalda bilməyən “Böyük Biznes” sahibi Bəy Bala müəllim… Zaur Ustacın “BB” hekayəsini uğurlu nəsr əsərlərindən hesab etmək olar. Ən azından otuz illik bir qərinənin gözəçarpmayacaq panoraması canlandırılır bu hekayədə… Bilmədiyimiz, bəlkə də varlığına fikir vermədən adi hal kimi baxıb, yanından ötüb keçdiyimiz ciddi sahələr işıqlandırılıb bu əsərdə… Yazıçının missiyası qələmə aldığı əhvalatı təkcə bədii mətnə çevirib cəmiyyətə təqdim etməkdən ibarət deyil, həm də sətiraltı olsa belə cəmiyyətə ideya verib hekayəsini hərtərəfli mənalandırmağı bacarmaqdır. Düşünürəm ki, Zaur Ustac burda qarşıya qoyulmuş tapşırıqların hər ikisinin öhdəsindən məharətlə gəlib. “BB” hekayəsində təkcə şirkət qurub bizneslə məşğul olmaq deyil, çalışqan insan üçün götürüb inkişaf etdirəsi müxtəlif istiqamət və yollar mövcuddur. Ən əsası isə dövrün bir çox böyük sahələri bu kiçik həcmli əsərdə öz mənzərəsini əks etdirib. 20 noyabr 2022, Xırdalan şəhəri. Müəllif: Əli bəy AZƏRİ ƏLİ BƏY AZƏRİNİN YAZILARI
Hələ min illər əvvəl Şaman fəlsəfəsində şəxsiyyətin fəallıq aspektləri geniş müzakirələrə səbəb olub… İnsanlar (bəzən) bu ali dəyərin məqsədinə vara bilməsələr də, zərrəvi həqiqətləri günün reallığı hesab edib, özlərinin cəmiyyət işində hansı önəm daşıdıqlarını bilməyiblər. Bu da o dövr üçün səciyyəvi olan ibtidai fikirdə itib-batmaq təhlükəsi yaradıb. Lakin zaman keçdikcə şəxsiyyət kodeksi daha çox diqqət çəkdiyi üçün insanlar ali fikirlərə meyl edib, ictimai düşüncə ibtidaidən çıxıb…
Açığı, (biz) parlaq istedadlı şair Tapdıq Əlibəylinin 2021-ci ildə “Elm və təhsil” mətbəəsində işıq üzü görmüş “Payız çöhrəsində yazdı 44 gün” kitabını oxuduqdan sonra bu qənaətə gəldik. Kitabdakı şeirlər (bəlli olduğu kimi) 2020-ci ilin 44 günlük tarixi həqiqətlərinə zəmin verir. Əsas leytmotivi (vahid süjet xətti) “Qarabağ Azərbaycandır!” şüarı olan bu kitabda vətənpərvərlik duyğusu, Vətən hissi bədii zərurətlərdən daha çox fəlsəfi çırpıntı doğurur; yəni (kitab boyu) poetik ruh eyni ləngərdə olsa da, müəllif ovqatını aşkar-sətiraltı ruhda cilalayıb, otuz ilin həsrət yanğılarını bir vətəndaş münasibətinin sədaqəti, əzmi və şücaəti ilə ehtiva edib. Zənnimizcə, (adıçəkilən kitabda) oxucunu acı hislər qoynunda çırpındıran da ən çox elə bu nüansdır. Maraqlıdır ki, Tapdıq Əlibəyli (bu kitabda) adi istəklə deyil, zorla təmin olunan azadlığı vəsf edib, işğala məruz qalmış yurdlarımızı, əsir və itkin düşmüş insanlarımızı, torpaq uğrunda canlarından keçmiş qeyrətli oğullarımızı 44 günün fərəhi qədər işıqlı göstərib. Belə deyək, müəllif oxucuya əzabı bir qədəh mey kimi içmək, hərfən və mahiyyətcə fərqli ideyalarda bərqərar olan zəfəri mənəvi və emosional dərk etmək şansı verib. Kitabdakı şeirlərin hamısında insanın taleyi özünə tabe etmək və yaxud (onu) dəyişdirə bilmək zərurəti var. Həmçinin, burada klassika, nostalji hiss eyni müstəvidə, fəqət başqa anlamlarda cərəyan edir. Əslində, bu təlatüm doğuran harayın içində doğru bir tövsiyyə (də) diqqət çəkir; insanı, insanlığı, torpağı, bütöv halda Vətəni qorumaq üçün nəsil-nəsil çırpınmalıyıq. Çünki illər qanadsız ilğımlar kimidir, qəfil qeyb olurlar…
Əlbəttə, (yuxarıda dediyimiz kimi) kitabın poetik-ictimai süjeti şəxsiyyət fəallığı, bütöv bir epoxanı dəyişən yenilməz İnsan qüdrətidir… Nümunələrə diqqət edək:
Xilaskar Ordunun çarpan ürəyi,
Millətin, dövlətin məslək-diləyi.
Zəfərə aparır qətiyyət, səyi,
İlham Heydər oğlu – Şanlı Sərkərdə!
***
“Əsgər duası”nın sözündə kəsər:
“Minarələr süngü, qübbələr miğfər…”
Ucaldı haqq səsi: Allahu Əkbər!
Müzəffər millətə əsgər Ərdoğan!
***
…Yağı qıfılına Ordumuz açar,
Məğlub aqibətə işğalçı düçar.
Qəsbkar erməni boğulur naçar,
Sevinc göz yaşında Azərbaycanın!
Bu şeir parçalarında müəllif sevən, sevilən, həyata ayıq gözlə baxan İNSAN obrazlarına səcdəlik haqqı verir. Bu haqq öz fəlsəfi mənasını “…Yağı qıfılına Ordumuz açar” prizmasında tapır. Buradan belə anlayırıq ki, oxucuda yüksək həyat eşqi, real vətəndaşlıq hissi yaratmaq şairin ən ümdə vəzifələridəndir, onun (kitab boyu) lirik hədəfi bu ali duyğudur. Doğrudan da, xəyanətkar olduğu üçün “işğalçı məğlub aqibətə (həmişə) düçar” qalır. Bu ədəbi xarakteri aşağıdakı misralar çox dəqiq və sərrast açır:
…Allahın da xoşu, həvəsi gəlir
“İrəli” marşından Azərbaycanın!
Elə bu marş sədaları ilə Azərbaycan 44 gündə öz gerçəyini sübuta yetirdi. Müəllif bununla (sətiraltı) demək istəyir ki, güc kimdədirsə, zəfər də ondadır…
Heç şübhəsiz, Tapdıq Əlibəyli öz üslubu, fərqli düşüncə tərzi olan şairdir. Məsələn, o, işğalçını da, işğal acılarına məruz qalanı da eyni cəmiyyətdə pərvəriş tapmaq səadəti ilə xarakterizə edir, dostluqla düşmənçiliyi eyni duyğu ilə cilalayır, lakin humanist olmağın əngəllərini də aşkar göstərir.
Səmimi deyək ki, «Payız çöhrəsində yazdı 44 gün» kitabında qabarıq həyat eskizləri var və müəllifin poetik təəssüratı məxsusi olaraq bu amillə səciyyələnir. Buradakı şeirlər ləyaqət və insanpərvərlik duyğularının bədii ehtivası qədər səciyyəvidir, səmimi koloritdə öz ifadəsini tapır.
Kitabda emosiya doğuran, həm də çılğın hislər yaradan siyasi ovqat da seysmik təsiri ilə diqqət çəkir:
…“İti qovan” toy tutur,
Oyna, Paşinyan, oyna!
Bu gülüş və sarsıntı doğuran misraları şairin ölkə rəhbərinə şamil etdiyi saf, səmimi və təmiz duyğular parça-parça edir:
Ali Baş Komandan – Ali Baş Əsgər,
Qarabağ uğrunda hər kəs səfərbər.
Əsgərə komandan, xalqına rəhbər, –
İlham Heydər oğlu – Şanlı Sərkərdə!
Bu şeirdə və bu tipdə digər Vətən ruhlu ədəbi komponentlərdə müəllif (haqlı olaraq) diqqətə çatdırır ki, yüksək idarəçilik bacarığı dövlətin idarə olunmasında əsas faktordur. Bu qəti bacarığa malik olduğu üçün Ali Baş Komandan İlham Əliyev Azərbaycanın inkişaf və tərəqqisi üçün böyük əsaslar əldə edib. Daha doğrusu, dövlət quruculuğu, torpaqlarımızın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun qazandığı nailiyyətlər, Azərbaycanın dünyada söz sahibi olması və s. ölkə prezidentinin fəaliyyət strategiyasında son məqsəd deyil.
…Tarix unutqanlıq xoşlamır, qardaş,
Hələ ki, bitməyib son döyüş, savaş…
Bu harayın ehtivası nəhayət ki, 2020-ci ildə öz küləyini əsdirdi. Bu anlamda, Tapdıq müəllim (kitabda) əks hücum əməliyyatının başlanmasını populistcə yox, insanca araşdırıb, qeyrətli oğullarımızın öz canlarından keçmək əzmini fəlsəfi rakursda cilalayıb. Demək istəyib ki, bəlkə də, bir adam bütün həyatını digər bir insan uğrunda xərcləmək üçün doğula bilsin. Lakin Azərbaycan əsgəri bu qətiyyətə toplum halında imza atdı. Bu da o mənadadır ki, Allahın insan(lar)a verdiyi dəyər başqası üçün yaşamaq bacarığıdır, müəllifin xüsusi önəm verdiyi və yüz cür rəng sürtdüyü bu ədəbi salnamə hər kəsin həyat bələdçisi ola bilər.
“Payız çöhrəsində yazdı 44 gün” kitabında bəlkə də müəllifin əsas məqsədi göz önündə yaşanan tarixi həqiqətləri əks etdirmək deyil, əksinə, İlahi nurun fəzilətini ənam almış obrazların, onların bir çoxunun mərdanəliyinə işıq tutmuş yaradıcı insanların mübarək insan çöhrələrində həyatı, taleyi daha işıqlı göstərə bilməkdir. Bu da o anlama gəlir ki, Tapdıq Əlibəyli insan vurğunu, şəxsiyyət aşiqidir, ucalıq qayəsi aydın görünən qələm sahibidir. Biz onun kitabda adbaad sərgilədiyi obrazların əsl insan xislətini, yurd sədaqətini xoşovqat missiya kimi sezirik.
Tapdıq müəllim kitabın vətənpərvərlik kodunu əsgər paltarı (mundiri) kimi ifadə edib, bu şifrəni “Zəfər günümüzün… boyuna biçilib əsgər mundiri. Şəhidlər, qazilər, ər-qəhrəmanlar Geyinib əyninə şəstlə hər biri” fonunda (oxucuya) göstərib. Zaman aşırımları keçmək gücü olan bu kitabı diqqətlə oxuyanlara bəlli olur ki, ekstremal şərait həyatın ən dürüst çalarlarını aydın xarakterizə edir, çılğınlıq dərdi zəkasızlığa sirayət edən mövcud aləmdə insanın azacıq da olsa günah morfemindən bir qat üstdə duruş gətirməsi hazırkı reallığın bəlkə də üz tutula biləcəyi sadə dürüstlükdür. Bu rakurs həyata ruh ucalığı ötürmək missiyalıdır. Bu ideoqrfik zəmin oxucunu Vətən hissindən «uzaq» tutmur, əksinə onu hissi olaraq ikiləşmək qorxusundan «azad edir».
İnanırıq ki, «Payız çöhrəsində yazdı 44 gün» kitabı istedadlı şair Tapdıq Əlibəylinin növbəti yaradıcılıq uğurlarına (bir) körpü olacaq. Çünki
Məni kövrəldən bir roman haqqında yazıma Viktor Hüqonun deyimindən mənalı ad tapa bilmədim. Sokrat 2400 il əvvəl deyirdi ki, məhəbbət ölməzlik cəhdidir. İki sevən qəlbin sevgi dastanları – “Leyli və Məcnun”, “Aşiq Qərib”, “Əsli və Kərəm” və digərləri min il əvvəllər yazılsa da onun qəhrəmanları həmişəyaşardır. “Məhəbbət ölüncə var” fikrində söhbət sevənin ölümündən gedir, yoxsa məhəbbətin. Söhbət aşiqin fiziki ölümdən gedirsə nə deyim, sevgi isə ölməzdir. Aqillər deyiblər ki, sevgi dolu həyatdan sonra sevgi dolu əbədiyyət gəlir. Məcnun, Leyli, Fərhad, Kərəm, Ilham, Fərizə sevgisi ölməzdir.
Leylilərin, məcnunların, əslilərin, kərəmlərin, fərhadların, şirinlərin bu günkü sələflərinin çoxunun sevgi “menyu”su 500-1000 il əvvəlkindən fərqlənsə də saf və təmənnasız sevgilər bu gün də var və olacaq. Əsl sevgi öz ilahiliyini, əbədiliyini özü qoruyur. “Məhəbbət – aşiqin mübhəm qəlb aləminə açılan işıq qapısıdır” (Əbu Turxan). İşıqsa əbədidir.
Xaliq Azadinin kitabının çox mətləblərdən xəbər verən adı məni özünə yaxınlaşdırdı”. “Qəm yağışı. Azərbaycanlı Azadla özbək qızı İnqanın dastanı”. Əvvəldən qeyd edim ki, tanınmış yazıçı, naşir Əli bəy Azərinin redaktorluğu ilə nəşr olunan kitaba redaktor ön söz “qıymayıb”. Niyə? Əli bəy həssas söz adamıdır. Ona görə ön söz yazmayıb ki, iki gəncin saf eşqinin ürəkgöynədən təlatümlərini, yazıçının təxəyyülünü, təhkiyəsini dəyərləndirməyi mütaliəsevərlərin ixtiyarına buraxıb. Əli bəy yaxşı anlayır ki, Əfzələddin Xaqaninin fikri ilə deyilsə, “pərvanə ilə şam əsl aşiq-məşuqdurlar, çünki onlar birgə yanıb birgə də kül olmağı bacarırlar”. El deyimindəki kimi, burada üçüncü artıqdır. Axı “məhəbbət qarşılıqlı anlaşmanın ali ifadəsidir” (Andrey Tarkovski).
“Qəm yağışı”nda yazıçı bizə “sevginin nəyə qadir olduğundan danışmaq istəyir”. Özünü bir az da sığortalayır ki, “qarşılıqlı məhəbbətin sevmək və sevilmək sevincini məgər sözlə ifadə etmək olarmı?” Olar, Xaliq müəllim. Sizin yazdığınız əsər əsl sevgi dastanıdır – vüsalı, həsrətiylə, sevici, ayrılığıyla, ümidiylə, arzusuyla, gələcəyə inamıyla. Elə söz də sevgidən yaranıb. İlk sevənlər – babamız Adəm və nənəmiz Həvva bir-birinə o vaxt nəsə xoş söz deyiblər, həmin söz mütləq sevgini izhar edib. “Mən səni sevirəm!” qışqırmasalar da, göz-gözə baxışıblar. Əvvəlki sevgilərdə “riyazi hesablama” – gəlir-çıxarı toplamaq, bölmək yox idi. “Sevən ürəyin əmrinə tabe olan məhəbbət yaşayırdı ürəklərdə”.
Bir də onu vurğulayım ki, romanın məzmununu yazıb kitabı mütaliə etmək “əziyyət”indən mütaliəsevərləri azad etməkdən uzağam. Romanın süjet xəttini, təhkiyəsini, cərəyan edən hadisələrin təfərrüatlarını, razvyazkasını (ziddiyətlərin açılmasını), kulminasiyasını və finalını açıqlayacağam. Əsas nüansları kitabla üzbəüz olanlar özləri tapacaqlar. Mütaliə insanın şəxsiyyətinin formalaşmasında, təfəkkürünün zənginləşməsində, kamilliyə doğru yolunda önəmli mənəvi qüvvədir.
Çox işlədilən “məhəbbət üçbucağı” bənzətməsinə bu romanda da rast gəldim. Bu mənim bölgümdü: Azad – Solmaz, Baysal – İnqa, Azad – İnqa. Bu üçbucağın hər bucağının sevgi və ayrılıq yolları romanda kövrək, duyğulu, şirin və acı hisslərlə qələmə alınmışdır.
Müxtəlif milli və əxlaqi dəyərlərin daşıyıcıları Azad və İnqanın timsalında Rusiyada təhsil alan gənclərin müstəqil həyata addımları, qarşılarına çıxan maneələr, həyatın amansız sınaqları, ağrıl-acılı anlar çox inandırıcı qələmə alınmışdır. Roman sevgi əzablarının dramatikliyinin çağdaş tamaşasıdır. Obrazların milli xüsusiyyətləri, həyata baxışları, çətin anlardakı davranışları inandırıcıdır. Hadisələrin artan gərginliyi, gənclərin sevgi etirafları təsirli, düşündurucudur, nəticə çıxarmağa, mərhəmətə, xeyirxahlığa çağırır.
Yazıçı nisgilli məhəbbət romanı yazsa da tarixi olayları xatırlamaqla mövzunu aktuallaşdırır. Çernobıl hadisələri, onun insanlığa, təbiətə vurduğu sağalmaz yaraların insanın hisslərinə təsirini, yeddi noyabr paradı, gənclərin ümidləri, arzuları, amalları romanı yaddaqlan edir. Sevgi və tarixin vəhdəti bir-birini tamamlayır. Çernobıldakı qəzanın fəsadlarını ram etmək üçün oraya göndərilən qazax balası Baysalın faciəsini tariximizin XX əsr olayları kimi bunu görməyən, eşitməyən, bilməyən gənclərin hafizəsinə həkk etmək missiyasını üzərinə götürüb, insanlığın biganəliyindən törənən acıların təsviri edir, çoxdan həyəcan təbilini çalmağın vaxtı olduğunu anladır.
“Eşq və ağılın gücü” (N.Gəncəvi) romanda paralel keçir. Azad və İnqanın mənəvi keyfiyyətləri ideal qəhrəman səviyyəsinə yüksəlmiş, onlar eşq ilə ağlın gücünün möhtəşəmliyinin canlı heykəlləridir.
Hər bir əsərdə milli ruhun müsbət və insanın ilahi hisslərinə mane olan cəhətlərini axtarmaq adətimə çevrilib. Azad anlamırdı ki, “sevinclə qəmin arası bir qarışdır”. “Böyük olan yerdə kiçik qələt eləyir, nə istək, nə arzu? Mən müəyyən edəcəm uşağımın taleyini”. Bu Solmazın – Azadın ilk məhəbbətinin atasının amansız hökmüydü. “Mlli adətin pərdəsi altında” onu Solmazından ayırdılar.
Azadın dediklərindən: “Solmazi görmək qismətim olmadı. Əvəzinə qohumları başa saldılar: “münaqişənin uzadılması onun məhvinə çalışmaq deməkdir!” Unuda bilməsəm də, bu işdə nöqtənin qoyulduğu aydın idi. Bu dərd yüküylə qayıtdım arxaya…”
Şərq aləmində bəzi ailələrin qız övladlarına münasibəti hələ də ən azı orta əsrlər adətləri səviyyəsindədir. Qızların əksəriyyəti indi də dilsiz, ağızsız, istəyi nəzərə alınmayan hüquqsuz məxluq, daha doğrusu əşya kimi ərə verilir. İlk yazılı “Leyli və Məcnun “poemasının dahi Nizami Gəncəvi tərəfindən yazıldığı XII əsrdəki kimi. Uğursuzluqlar məngənəsində səssiz fəryad qoparan Azadın həyatının qara zolağı da belə münasibətin nəticəsiydi.
Aristotelin fikri ilə desək, sevmək əzab çəkməkdir, sevməmək ölmək. Azad sevgi əzabı çəkməyə hazır idi, ölmək istəmirdi. Sevməliydi. Axı, gözəl bir qadın gözə, yaxşı bir qadın qəlbə xoş görünür, Birincisi brilyant, ikincisi xəzinədir. İnqa da Azadın tapdığı xəzinə idi… Azadla İnqa dərslər başlayan gündən bir-birinə isinişmişdilər. Onlari səmimi dostluq birləşdirirdi. Azad sevgi haqqında heç düşünmürdü. Çünki onun qəlbini çoxdan Solmazın sevgisi fəth etmişdi.
Yazıçı Azadı milli mentallığa, adət-ənənələrə sadiq qürurlu, xeyirxah Azərbaycan övladı kimi bütöv yaratmışdır. Sözünə sadiq, ünsiyyətcil Azad dili dilindən ayrı rəsmxətt müəllimiylə tez dil tapıb İnqaya zaçotda kömək etməsində Oğuz Türkünün istiqanllığını önə çəkməkdə böyük həqiqət var. Azad işlədiyi qarajda, təhsil aldığı qrupda da hörmət və nüfuz sahibidir.
Və nəhayət, söz vermişəm ki, iki gəncin sevgi hekayəsinin bəzi məqamlarına, bu ilahi sevginin incə nüanslarına, hadisələrin kulminasiya nöqtəsinə toxunmayacağam. Əgər incəlikləri birər-birər açıqlasam kitabı mütaliə etmək həvəsiniz azalacaq. Bu, həm də yazıçının əməyinə sayğısızlıqdır. Başqasının bir əsərin detallarını danışması heç xoşuma gəlmir. Mütaliə ən mənalı istirahətdir. Sizi belə ləzzətli istirahətdən məhrum etmək istəmirəm.
Azad ilk və əlçatmaz sevgisini kənddə dəfn edib qayıtdıqdan sonra “Yaradanın subay vaxtında yaranan, dahi rəssamın rəsm əsərinə bənzəyən, ilahə İnqanın, əsl insan İnqanın” ona qarşı səmimi münasibətindən çox məmnun idi. Paramparça olmuş sevgi dolu qəlbinə İnqanin məsum körpə gülüşləri və bir də şəlalə kimi saçları məlhəm idi. Səmimi dostluq yavaş-yavaş məhəbbətə çevrilirdi. Amma hələlik Azadın qüruru bunu etiraf etməyə mane olurdu. Axı Azadın cibindən düşüb itirdiyi Solmazın şəklini İnqa tapıb Azada qaytarmışdı. İnqayla söhbətində də Solmazı əbədi itirdiyini də boynuna almamışdı.
Xatırladım ki, özbək şairi Əlişir Nəvai “Xəmsə”sinin poemalarından biri – “Leyli və Məcnun”u 1484-cü ildə – Nizamidən təxminən 300 il sonra yazmışdır. Məzmununa görə Nəvainin poeması Nizaminin “Leyli və Məcnun”undan fərqlənir. Leyli xəstəliyə tutulduqdan sonra atası onun sağalması şərəfinə qonaqlıq verir. Qonaqlıqda Leyliyə vurulan Qeysin huşu başından çıxır, Nofəl öz qızını Qeysə vermək istəyir, Qeyssə bu təklifi rədd edir.
Əslində “Leyli və Məcnun” dastanı Yaxın Şərq xalqlarının folklorunda genişyayılmış dastan-rəvayət kimi VII əsrdəki hadisələrdən bəhs edir. Bədəvi şair Qeysin sevgisini əks etdirən rəvayət VI əsrdə Babilistanda geniş yayılmışdı. Bu məşhur sevgi hekayətinin tarixini niyə vurğuladım? Əvvəla, sevğinin tarixi, məkanı olmur. Sevgi sərhəd, millət tanımır. Qadının ləyaqətinin ölçüsü sevdiyi, həyatını ona bəxş etdiyi kişidir, həm də kişinin ləyaqəti onun namusunu qoruyan qadındır.
Bunları niyə xatırladım? Azad və İnqa da sevib sevilməyə layiq ideal cütlük idi. Hegelə görə, özünü başqasında tapan, sufi hikmətinə inansaq, özünü başqasında itirən iki sevgili.
Azad kimdir? “Keçənləri qaytarmağa heç bir yolu olmayan”, gənc və qürurlu olduğundan “səhvləri bir-bir sıralayan”, üz-üzə gəldikləri ilk günlərdə İnqanın duyğularına laqeyd yanaşan, hətta Vətəninə tətilə qayıdanda İnqaya deməyi, onunla görüşməyi unudan, vaxtında düşünüb-daşınıb qəti qərar verə bilməyən, sonda “hərəkətsiz dayanıb səs-küylə, taqqıltıyla gedən həyat qatarının arxasınca baxan” Türk oğlu. Sonra bunların peşmançılığını, acılarını yaşayan Azad İnqaya sevgisi yolunda hətta canını fəda etməyə hazır olsa da, həyatın sərt döngələri onun qulağına pıçıldayır: sən saydığını say…
Bəs İnqa kimdir? 19-20 yaşlı Özbəkistanda doğulan, oranı öz Vətəni bilən, özbək dilini ana dili kimi sevən alman əsilli, həyata inamlı, intellektual, sevgisi uğrunda bütün əzablara dözməyə hazır, sevib sevilməyə layiq bir gözəl. Yuxarıda Əlişir Nəvaidən, “Leyli və Məcnun” poemasından təsadüfən söz açmamışdım. “Özbək dili ilə Azərbaycan dili (Türk dili, Azərbaycan türkcəsi, Oğuz-Türk dili – V.O.) müəyyən oxşarlıq təşkil etsə də, Nəvainin şeir dilini başa düşmək Azad üçün çətin idi. İnqa gözəl köməkçi idi bu işdə, Azadın başa düşmədiyi beytləri İnqa ruscaya çevirirdi…” Ürəyimdən keçənləri bir cümlə ilə yazım: “Kaş, bizim “milli” rusdillilərimizdə ana dilimizə belə yanaşma, milli qürur olaydı…”
Uğursuz sevginin hıçqırıqları, pıçıltıları, naləsi min ilə yaxındır ki, milli ədəbiyyatımızın əbədi mövzusudur. Ancaq Xaliq Azadinin lirik qəhrəmanları həmişə ağlayıb-sızlamırlar, onlar xeyirxahdılar, mərhəmətlidirlər, bir-birinin dərdinə məlhəm qoymağı bacarırlar. Bu cəhətdən Azad çox maraqlı obrazdır. Azərbaycanın mənəvi cəhətdən saf və dolğun gəncliyinin həmişə arzuladığımız nümayəndəsidir. İnqa ilə Azad obrazlarını yazıçı uğurlu cütlük kimi bütöv yaradıb. Amma, doğru deyiblər ki, sevgiylə zarafat etməzlər, sevgidə güzəşt olmaz:
“Baysal o dəqiqə sual dolu nəzərlərlə mənə baxdı. Mən gülümsədim, yalnız. Baysal qəfildən sual verdi:
-Azad, bir dost kimi mənə cavab ver, İnqa ilə münasibətin hansı səviyyədədir?
Mən gülərək başdansovdu cavab verdim:
-Dostluq səviyyəsində.
-Yalnız dostluq?
-Yalnız dostluq.
Mən bu sualları zarafat kimi qəbul etdim…
Yazıçının “başdansovdu” kəlməsi yerində işlədilmişdir. Laqeydlik və başdansovduluq sevgiylə yanaşı dayana bilməz. Azadın Vətənə məzuniyyətə gələndə İnqayla görüşməyi unutması da bu ilahi sevginin ömrünü qısaldır.
Azadın təəssüf dolu düşüncələri də yazıçının dili ilə desək, səhlənkarlığın nəticəsidir:
“Mənə taleyimin təklif etdiyi İnqa adlı gözəlliyi, səadəti qiymətləndirə bilmədim, bəxtimə düşən imkandan sonacan istifadə etmədim. Kaş, biləydim onda, insan soyuqqanlığı nələri gətirə bilərmiş gündəmə…”
Romanı oxunaqlı edən həm də lirik səhnələrdir:
“-Eşidirsən?
-Nəyi?
-Tuk-tuk, tuk-tuk… Necə də gözəl ahənglə vurur, tuk-tuk, tuk-tuk!
-Kimin “tuk-tuk”udur?
-Kimin? Necə yəni “kimin”, məgər ayrı-ayrıdır ürəklərimiz? İkimizin bircə ürəyimiz yoxdur, bəyəm? Diqqətlə qulaq as, eşidirsən?
-Doğru deyirsən, İnqa! İki sinənin bir döyüntüsüdür o səs…”
Ç.Bukovski deyirdi ki, hıçqıraraq ağlayan bir qadının göz yaşları ağladan adamın başına gələcəklərinin altına atılacaq imzadır. Bu deyimin “Qəm yağışı” romanında cərəyan edən hadisələrə, Azadla İnqanın taleyinə dəxli varmı?
Söz vermişəm axı, roman hansı sonluqla bitir, yazmayacağam. Bilirəm ki, sizdə maraq oyanacaq, mən niyə belə etdim. Sonda bir sufi hikmətini xatırladıram: “Sevmək sevilməkdən daha böyük fəzilətdir”. Sevin!
Bu gün bir qrup yazar 9 sentyab Şuşada keçiriləcək XURŞİDBANU NATƏVAN 190 yubiley tədbirlərində iştirak etmək üçün Şuşa şəhərinə yola düşüb. Yubiley tədbirləri ilə bağlı əlavə məlumatlar veriləcək.
Zübeydə Heydərqızı (Rzayeva) AYB-nə üzv qəbul olunub. Şair bu barədə öz sösial şəbəkə hesabında sevinci belə bölüşüb: – “Salam, əziz dostlar! Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul olundum. 2019 – cu ildə sənəd vermişdim, lakin pandemiya səbəbindən yubadılsa da, nəhayət ki, vəsiqəm mənə təqdim edildi. Xeyirli – uğurlu olsun!”Mənbə: facebook.com