Etiket arxivi: HEKAYƏ

ZAUR USTAC – QIRMIZI YARPAQLI AĞAC

ZAUR USTACIN HEKAYƏLƏR KİTABI – “BB”

QIRMIZI YARPAQLI AĞAC
(hekayə)
2021-ci ilin adi payız günlərindən biri idi. Əslində bəlkə də bu gün heç adi gün deyil, sadəcə belə deməyə öyrənmişik. Payızın artıq son günləri olmasına rəğmən günəşli gün idi. Kimlər üçünsə gün hələ indi başlasa da mən onu artıq demək olar ki, tamamlamışdm. Dünən axşamdan iş başındayam. Artıq yorulduğumu hiss edib telefonda saata baxdım. 03.12.2021 Cümə günü 10:01. Mən yazı masamın arxasında oturanda hələ 02.12.2021 idi. Artıq buz kimi olmuş çayımın son damlalarını da udumlayıb, masadan qalxdım. Əlimdə fincan mətbəxə keçdim. Fincanı yaxalayıb, başı aşağı mətbəx masasındakı məcməyiyə qoydum və pəncərədən küçəyə, daha doğrusu havaya baxmağa başladım. Hava adama gəl-gəl deyirdi. Nazik qara yelliyimi geyinib aşağı düşdüm. Hava o qədər xoş idi ki, başıma nəsə qoymağa ehtiyac duymadım. Gəzə-gəzə gəlib Akademiya Bağına çatdım. Bura demək olar ki, Bakının gözü sayıla biləcək əsas xiyabanlarından birinin tən ortasında yerləşən böyük bağdır. Həm Elmlər Akademiyası metro stansiyası, həm də Elmlər Akademiyası özü və bir çox institutları bu ərazidə yerləşir. Səhər-axşam bu bağda çoxlu sayda insanların gəzişdiyini görmək olar. Pandemiya ilə əlaqədar sərt karantin günlərində bağa giriş yasaqlansa da hal-hazırda elə bir qadağa yoxdur. İnsanlar yenə səhər-axşam maneəsiz olaraq burada öz ehtiyaclarını ödəyirlər. Necə deyərlər şəhərin ən ucqar guşələrindən maşınlarla bu bağda gəzməyə gələnlər də daxil olmaqla yaxın ətrafda yaşayan insanlar bu bağda gəzməyi sözün əsl mənasında hələ anasının qarnında öyrənir və uşaq arabasından başlamış ta əlil arabasına qədər bütün həyatı boyu davam edir. Bu bağda adax-çiçək eləməyi, qaçmağı, şeir əzbərləməyi, sevişməyi, şeir yazmağı, qocalmağı öyrənirlər. Bir sözlə bu bağ elə əsl həyat məktəbi, akademiyasıdır. Mənim də digər insanlardan elə bir fərqim yoxdur. Ən azı gündə bir dəfə, ya səhər, ya da axşam bu bağda təxminən 2 saat gəzməsəm olmaz. Müxtəlif səbəblərdən əgər bu gəzinti alınmasa, sanki həmin gün tamamlanmamış qalır. Adətim üzrə Texniki Universitet tərəfdən bağa girib öz marşrut istiqamətimdə hərəkətə başladım. Adətən bağa girən kimi telefonda saata baxıram, 10:20 idi. İynəyarpaqların altından keçəndə payız hiss olunmasa da, tut, palıd, qaraağaclar olan hissəyə çatanda günəş şüaları altında daha da cazibədar görünən sarılı, qırmızılı müxtəlif rəngli yarpaqlar insanın ruhunu oxşayır. Qeyri-iradi nə vaxtsa oxuduğum şeirdən “Sarı yarpaq gör nə gözəl, Kimə güldü, kimə xəzəl…” misralarını xatırladım.

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Payızın qıpqırmızı yarpaqlarla bəzəyib amansız qışın görüşünə hazırladığı orta boylu bir ağacın altında dayandım. Hələ məktəbli vaxtlarımdan botanika və coğrafiya fənlərindən həmişə “5” alsam da bu ağacın adını yadıma sala bilmədim. Sadəcə onun görünüşü, bu halı diqqətimi həmişə cəlb edirdi. Mən də onun yanından keçəndə ayaq saxlar, səsizcə iki doğma şəxs kimi dərdləşər, sonra da sükutla, bir az da hüznlə ayrılardıq. Son günlər, yəni yarpaqları qızarmağa başlayandan hər bu ağacı görən kimi artıq uzun müddət üzərində işlədiyim, bir türlü bitirə bilmədiyim “Zabitlər” povesti, daha doğrusu oradakı ümumiləşdirilmiş zabit obrazı gəlib durur gözümün qabağında… Qarlı qışı qarşılamağa qırmızı yarpaqlarla bəzənib-düzənmiş halda hazırlaşmış, yaşıl vaxtlarından daha ötkəm, daha qürurlu olan bu ağacı əsərimin qəhrəmanına bənzədirdim. “Deyirəm, bu zabit peşəsi də çox qəribə peşədir, bir ömür boyu əlləşib-vuruşub, min bir əziyyət bahasına nə vaxt səni haqlayacaq güllənin görüşünə hazırlaşırsan… Eynən amansız qarlı qışın görüşünə qırmızı yarpaqlarla bəzənib-düzənib hazırlaşan bu adsız ağac kimi…” – düşünə-düşünə adsız ağacdan aralanıb yoluma marşrut üzrə davam edirdim ki, ani olaraq gözümə sataşan mənzərə diqqətimi cəlb etdi. Orta boylu dolu bir oğlan ondan nisbətən hündür şumal digər bir cavanın əlindən tutub addım atmasına, yeriməsinə yardım etməyə çalışırdı. Əslində buna əlindən tutmaq demək olmazdı. İkisi də hardasa yaşıd olardılar. Orta boylu oğlan bütün bədəni və var gücü ilə ucaboylu oğlana dayaq olmağa çalışsa da bu onda yaxşı alınmırdı. Açıq-aydın hiss olunurdu ki, gücü çatmır. Qardaşa da oxşamırdılar. Tamam fərqli fizionomiyaya malik iki şəxs idi. Hətta elə ilk baxışdaca ayrı-ayrı millətin nümayəndələri olduğu aydın sezilirdi. Nə qədər arıqlamış olsa da qarabuğdayı hündür oğlanın şux qaməti, əzələli bədənli, bir az da zəhimli görünüşü sarıyanız ortaboylu, dolu bədənli oğlandan çox fərqlənirdi. Sarıyanız oğlanın “…ha qeyrət, ha qeyrət qardaş” kəlmələri aydın eşidilirdi. Qarabuğdayı hündür oğlan isə böyük tərəddüdlər içərisində nə qədər addım atmağa çalışsa da bu onda heç cür alınmırdı. Yaxınlıqda ağ maşın dayanmışdı. Sarıyanız ortaboylu oğlan arada qanrılıb maşına tərəf baxır nəsə narahat görünürdü. “Yəqin ki, ondan düşüblər” fikri keçdi eynimdən. Onların tuşuna çatana qədər:
“Qazi qardaş, səndələmə, mətin ol,
Bu torpağın altı, üstü sənindir!
Addımını ürəklə at, şax yeri,
Bu torpağın altı, üstü sənindir!
* * *
Altda qalan, “üzü bərkdir” deyilən,
Yerli-yersiz harda gəldi söyülən,
Dağı, daşı “əppək” kimi yeyilən,
Bu torpağın altı, üstü sənindir!”
Bu misralar süzülüb keçdi ruhumun süzgəcindən. Sarıyanızın “Qardaş, qardaş”- deyə məni haylaması ilham pərisini hürkütdüyünə görə şeir yarımçıq qaldı. Oğlanın yəqin ki, artıq üçüncü “Qardaş”ı idi ki, məni sanki yuxudan oyatdı. “Qardaş, zəhmət olmasa yardım et,”- mən onların tuşuna çatıb dayananda sarıyanız oğlan bir daha mənə müraciət etdi. Cəld dönüb onlara tərəf getdim. Və çata-çata: “Salam! Allah köməyiniz olsun! Necə yardımçı ola bilərəm?”- deyə soruşdum.
– Zəhmət olmasa, siz qardaşın qolundan ikicə dəqiqəlik tutun, mən maşının yük yerindən bir-iki şey götürməliyəm. Həm də hələ qapıları bağlamamışam, – deyə yardım etməyimi istədi. Maşın sovetin istehsalı olan ağ rəngli “06” idi.
– Buyurun, – deyə ucaboylu oğlanın qolundan yapışdım. Və elə o andaca onu belə saxlaya bilməyəcəyimi anladım. Eynən sarıyanız oğlan kimi bütün bədənimlə dayaq duraraq, onu güclə ayaqda saxlayır və addım atmasına yardımçı olmağa çalışırdım. Oğlanın nə qədər zəif və gücsüz olmasına baxmayaraq, hazırlıqlı adam olması hər halından bəli idi. Məlum döyüşlərdə yaralanıb-yaralanmadığını dəqiqləşdirmək istəyim nə qədər güclü olsa da, marağımı boğurdum. Ancaq oğlanın üzündəki ifadə sadəcə: “Dost, niyə belə üzgünsən?”- ifadəsinin lap deyə dilimdən çıxmasına səbəb oldu.
– Deyiləsi dərd deyil, müəllim. Boş ver, – dedi və çətinliklə olsa da yavaş-yavaş addımlamağa başladıq.
– Yenə də, – deyə sözgəlişi yenə soruşdum. Müsahibim arada yüngülcə səndələsə də getdikcə addımlarını yeyinləşdirir, daha ürəkli təsir bağışlayırdı.
– Nə bilim, Vallah.
– Allah köməyiniz olsun. Özünüzü sıxmayın. Həm də paylaşmaq adama yüngüllük gətirir. Bir də görürəm, hərbçiyə oxşayırsınız. Allah bütün mərd oğullara kömək olsun.
– Nədən bildiniz ki, hərbçiyəm?
– Sizdə zabit qaməti var. Hərtərəfli hazırlıqlı adama oxşayırsınız.
– Bəli, zabitəm.
– Rütbəniz?
– Kapitan.
– Məlum hadisələrdə hansı tərəfdə idiniz?
– Füzuli cəbhəsində idim. Elə ilk gün yaralandım. Heç nə edə bilmədim. Neçə illər əziyyət çək, əlləş-vuruş gözlə və o gün gəlsin sən heç nə edə bilmə. Tam səmimi deyirəm. Yaralanmağıma, bu halıma deyil, məhz belə alınmasına çox üzülürəm.
– Buna görə belə dilxorsunuz? Bir ildən çox vaxt keçib. Şükür Allaha torpaqlarımız qayıdıb. Siz iştirak edə bilməsəniz də, sizin zabitlər, əsgərlər bu məsələni həll etdilər. Üzqaramızı təmizlədilər. Bir də hərənin öz missiyası var bu həyatda, üzülməyə dəyməz.
– Tək o deyil. Yəqin, xəbəriniz var helikopter qəzasından?
– Bəli, əlbəttə. Çox üzüldüm. 14 şəhidimiz və 2 yaralımız var. Bəzi xəbərlərdə 4 yaralı da deyirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
– Amin. Bu televiziya, mətbuat adamı lap dəli edir.
– Nə olub ki? – dolayısı ilə də olsa özümü bu tayfadan hesab etdiyimə görə iradın üzümə deyiməsi məni lap müttəhim yerinə qoymuşdu.
– Yəqin, fikir vermisiniz, siyahıda hərbçilərin arasında lap sonda işçi deyə təqdim olunan bir nəfər var?
– Bəli, soyadını unutdum, ancaq belə bir adam var. Özü də deyirlər məşhur adam olub. Polkovnikdir.
– Bəli, polkovnik. Qəhrəman. Mərd. Qorxmaz. Bilirsiniz, belə insanları olduğu kimi təqdim edib tnıtmağa heç doğru-düzgün söz də yoxdur. Bəlkə də var mən bilmirəm.
– Haqlısınız. Hərdən belə məsələlər olur. Yəqin, tələsik siyahı istəyəndə rəsmi məlumatlar əsasında belə tərtib olunub. Bunu ancaq belə izah etmək oar. Deməli, əsl narahatçılığınız bu səbəbdəndir? – Bu vaxt sarıyanızın yük yerini tappıltı ilə örtməsi ikimizin də eyni vaxta maşına tərəf baxmağımıza səbəb oldu. Onun bir əlində “06” nın yük yerindən çıxardığı qatlama kətil, digərində top və çiynində yüngül yorğan kimi bir örtük var idi. Sarıyanızın əllərinin dolu olduğundan kapitana bir az da yoldaşlıq etməli oldum. Sarıyanız gəlib bizə çatanda kapitan sözünə davam etdi:
– Xeyr. Təsadüf deyil… Bax, görürsünüz bu qatlama kətili? 1 ildən artıq vaxt keçib. Allahın əlil arabasını ala bilməmişik. Əlil demişkən. Hələ heç əlillik də təyin olunmayıb. Ancaq, bilirsinz məni üzən, qorxudan əsas məsələ bunların heç biri deyil.
– Bəs nədir sizi belə narahat edən?
– Qorxuram ki, sabah Allah eləmımiş bir şey olsa, məsələn, lap elə bu bağda yıxıldım başım dəydi səkiyə, və ya – bu vaxt bağın içndəki yolda döngəni sürətlə dönüb siqnal verən xarici markalı maşını işarə edərək – maşın vurdu öldüm. Onda deyəcəklər bu gün Elmlər Bağında bir “əlil” ölüb. Hə, mütləq əgər xəbər verən olsa, bax belə verəcək. “Əlil” ölüb. Həlak olanlardan biri “işçi” olub… nəsə, boş ver müəllim. Sizi də yordum. Haqqınızı halal edin.
– Bu nə sözdür, cənab kapitan, borcumuzdur. – Hiss etdim ki, “cənab kapitan” ifadəsi qarabuğdayı oğlanın ürəyinə yağ kimi yayıldı. Bəti-bənizi açıldı. – Buyurun. Halal, halal xoş. Allah köməyiniz olsun. Bu ara qatlama kətili yerə qoyub telefonla rus dilində danışan sarıyanıza işarə edərək:
– Dostum deyəsən rusdur? – deyə soruşdum.
– Bəli. Atası da anası da rusdur. Bakılıdır. Uşaqlıqdan bir məhlədə böyümüşük. O qədər dost-tanışdan ən çətin günlərimdə mənə dayaq olan, həmişə yanımda olub dəstək verən təkcə bu oldu. Adı İqordur.
– Bəs sizin adınız necə oldu? Bayaqdan gəzirik heç soruşmadım.
– Adım Çingizdir. Çingiz.
– Çingiz, üzr istəyirəm. Bəlkə yersiz sualdır. Qardaşınız yoxdur?
– Xeyr . Tək uşağam. Bilirsiniz atam da hərbçi olub. O da kapitan rütbəsində Birinci Qarabağ Müharibəsində yaralanmışdı. Mənim 7 yaşım olanda rəhmətə getdi. Uşaq olsam da onun yaralarına görə acılar içində əzab-əziyyət çəkə-çəkə necə yaşadığını, can verdiyini unuda bilmirəm. Deyəsən məni də eyni aqibət gözləyir.
– Hansı idə anadan olmusunuz, Çingiz müəllim?
– 20 yanvar 1990 – cı il. Özü də bilirsiniz harada?
– Harada?
– Kamçatkada. Atam orada xidmət edirmiş. 20 yanvar hadisələrindən sonra mən lap körpə olanda qayıdıb Bakıya. Sonra da müharibə. Və sizə danışdığım kimi. Bax belə, müəllim. Bəs sizin adınız necə oldu? Yəqin daha burada tez-tez rastlaşacağıq.
– Mənim adım Vahiddir. Vahid Dilsiz.
– Hə eşitmişəm. Deməli Vahid müəllim sizsiniz. Çox sağ olun! Yenə siz arada-bərədə hərbçilərin problemlərindən yazırsınız. Allah sizdən razı olsun.
– Minnətdarm. Siz sağ olun. Sizin etdiklərinizin yanında bizimkilər heç nədir.
– Elə deməyin. Bayaq siz özünüz dediniz axı, hər kəsin öz missiyası var.
– Elədir. – Bu vaxt telefonla danışıb qurtaran İqor qatlama kətili yoldan bir az kənarda ağacların altında açaraq, çiynindəki örtüyü də üstünə atıb bizə tərəf yaxınlaşdı. Çingizi İqora təhvil verib: – Hələlik. Siz demiş yəqin tez-tez burada görüşəcəyik,– deyib marşrut üzrə dövrə vurmağa başladım. Mən dövrə vurduqca “əlil” və “işçi” kəlmələri də burğu kimi beynimə işləyirdi.
Son.
03.12.2021-09.01.2022. Bakı.

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Müəllif: Zaur Ustac

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vaxtın çölündə qəza – Kənan Hacı

KƏNAN HACININ YAZILARI

Qapını açıb dəhlizə keçdi. Gözü divar saatına sataşdı. Bir anlıq fikirləşdi ki, görən, zaman dayanıb ya saat yorulub yatıb? Bu evdə vaxtın ayağından sanki daş asılmışdı; günlər ağır keçirdi. Qapıdan içəri keçən kimi sanki sükut tunelinə girirdi, tunel də uzandıqca uzanırdı. Bir Allah bəndəsi rəhmə gəlib qapının zəngini basmırdı. Qocadan savayı. Heç cür hekayəmizin qəhrəmanına çevrilə bilməyən bu qoca haqqında bir azdan danışacam. Azca səbrli olun.

Mobil telefonu da gün boyu bağlı olurdu. Telefon zəngləri nədənsə onu diksindirirdi, səbəbsiz yerə həyəcanlanırdı. Baş verməmiş və çox güman ki, heç vaxt baş verməyəcək şeylərə görə aramsız narahatlıq hissi keçirirdi. Onu qarabaqara izləyən təlaş hissi dincliyini əlindən almışdı.

Psixoloq yanına getdi, doktor onu diqqətlə dinlədikdən sonra belə dedi:

– Sizi özünüzdən başqa heç kəs xilas edə bilməz. Dərman yaza bilərəm, amma dərmanlar aldadıcıdır. Siz xəstə deyilsiniz, dostum. Dərmanı xəstəyə yazırlar. Sadəcə, beyninizdə bir az səliqə-sahman yaratmalısınız.

Bu sözlər ona qəribə göründü. Necə yəni beyində səliqə-sahman yaratmalısan?

– Doktor, bunu necə edə bilərəm? – deyə soruşdu.

Psixiatr gülümsədi:

– Çox sadə. Bütün pis düşüncələri beyninizdən silib atırsınız. Keçmiş haqda düşünməyi özünüzə qadağan edirsiniz. Nəfəs gimnastikası ilə mütləq məşğul olun, yəni nəfəs alıb-verməni tənzimləyin. Səhərlər qaçın, qida rejiminizi qaydasına salın, tez yatıb erkən oyanın. Zərrəli vərdişləri bir kənara qoymalısınız. Bu da sizə pulsuz müalicə.

Pəncərə qırağında dayanıb küçəni seyr edir. Təkəm-seyrək maşınlar gözə dəyir. Bulvar adda-budda dirəklərə asılmış fanarların işığında uzanıb gedir. Evdə tək olsa da darıxmır. Neçə vaxtdır qoca haqqında hekayə yazmaq istəyir, lakin heç cür fikirlərini bir yerə toplaya bilmir.

Çevrilib yatmış saata baxdı. Bu inamsızlıq əsrində yalnız vaxta inanmaq olardı. Vaxt insanı heç vaxt aldatmır. Bu evdə isə saat öz vəzifəsini unutmuşdu. O, özünü bu evdə zamanın soyuducusunda hiss edirdi. Donmuş vaxt onu da həyatdan geri qoymuşdu. Lakin vaxt onun sinəsində, ürəyinin döyüntülərində əks-səda verirdi.

Qoca görünmürdü. Həmişə bu vaxtlar nərdtaxta qoltuğunda qapının zəngini oyadırdı. Onun gəlişilə sükut pərən-pərən düşürdü. Ev yiyəsi siqaret çəkməsə də qocanın külqabısı həmişə masanın üstündə olurdu. Ağlına gəlməzdi ki, qocadan hekayə yazmaq bu qədər çətin olacaq.

Qoca da qəribə tip idi. Hərdən oyunun qızğın vaxtında zərləri ovcunda oynada-oynada gözlərini qıyıb sağa-sola boylanaraq pıçıltıyla anlaşılmaz sözlər deyirdi. Sanki kənardan kiminsə onun dediklərini eşidəcəyindən ehtiyat edirdi.

– Sən heç quyruqlu ulduz görmüsən?

Bu hardan çıxdı? Ev yiyəsi duruxdu.

– Yoox, nədi ki?

– Onu görmək adama ancaq bir dəfə nəsib olur. Xoşbəxtlik də quyruqlu ulduz kimidir, insanın həyatında ancaq bir dəfə gözə görünür.

Qocanın atdığı zər şeş-qoşa düşdü.

– Bəxtin gətirdi, qonşu, – ev yiyəsi əlini oyundan üzdü.

Qoca dünyada bütün işlərini görüb qurtarmış adam kimi dərindən köks ötürdü və kürəyini stula söykədi. Ev yiyəsi fikirləşdi ki, görəsən, qoca özü quyruqlu ulduzu görüb? Qonşusu onun sualını gözlərindən oxudu.

– Həri, görmüşəm. Onda mənim beş-altı yaşım olardı. Bacım evə qaçıb anamı çağırdı ki, ay mama, tez gəl, göydə quyruqlu ulduz gördüm. Anam da, mən də tələsik dama dırmaşdıq. Göyün üzündə əcaib bir ulduz parlayırdı. Onda mən ulduzun nə olduğunu bilmirdim. Anam heyrətlə göyə baxıb dedi:

– Bir gör necə quyruğu var? Oğlum, sən də onu görürsən?

– Hə, görürəm, – dedim.

Quyruqlu ulduzu görənlər çox yaşayır, deyirlər. Amma nolsun, çox yaşamaq da bir şey deyil e. Budey, bu da mənim axırım.

Qoca dişsiz ağzını marçıldadıb doluxsundu. Gözlərində sanki quyruqlu ulduz parlayıb tez də söndü.

Qocanı yola salandan sonra pəncərədən çölə, yağan qara baxmaq həvəsi də canından çəkildi. Hekayəni hardan, necə başlamağı bilmirdi, bu da onun rahatlığını əlindən alırdı. Yazmaq – özünü depressiyadan bu yolla çıxarmağa çalışırdı. Tərslikdən, qoca hekayəyə yaxın düşmürdü.

Yerinə uzandı, yuxusu ərşə çəkilmişdi. Maşın təkərlərinin tükürpədici xırçıltısına və küt tappıltı səsinə yerindən dik atıldı. Küçədə kimisə maşın vurmuşdu. Həmişə yağış, qar yağanda bu küçədə maşın qəzası baş verirdi. Yəqin yenə kimlərsə bədbəxt oldu.

Bayaqdan kimsəsiz görünən küçədə qəfil hardansa peyda olan adamlar qarışqa kimi qaynaşırdı. Ona elə gəldi ki, yerdə uzanan bədənsiz kölgədir. Yuxarıdan bu qaraltı qətiyyən adama oxşamırdı. Gözlərini yumub dodaqaltı mızıldandı:

– Yazıq…

Qar dənəcikləri “kölgə”nin üstünə düşürdü. Çevrilib masanın üstünə qoyduğu ağ vərəqləri xışmaladı, cırıb tikə-tikə etdi. Kağız qırıntıları ağ göyərçin təki göydən yerə enirdi. Fənərlərin işığında bir dəstə qara qarğa yerə yapışmış “kölgə”nin başı üstündə fır-fır fırlanırdı. Gecənin heç bir rəngə bənzəməyən boyası bütün cizgiləri örtməyə çalışırdı. “Kölgə” hələ də yerində bozara-bozara qalmışdı.

Gözü yenə saata sataşdı. Saat işləyirdi. Mat-məəttəl qaldı.

Qapının zəngi özünü yeyib-tökürdü. Özünü dəhlizə atdı. Mühafizəçi oğlan rəngi ağarmış halda dilləndi:

– Əmi, qocanı maşın vurdu. Siqaret almağa çıxıbmış. Yolu keçəndə…

Heç bilmədi ki, ağzından bu sözlər nə vaxt çıxdı:

– Sən heç ömründə quyruqlu ulduz görmüsən?..

15 fevral, 2022-ci il.

Müəllif: Kənan HACI ,
Şair, yazıçı, tərcüməçi.

KƏNAN HACININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL – HEKAYƏLƏR

Şəlalə CAMAL – şair, yazar.

QISA HEKAYƏLƏR

TOY GÜNÜ
Bu gün toyumdu, otağımda oturmuşam. Bir azdan toy adamları gələcək, vağzalı səslənəcək. Mən də həyat yoldaşımın qoluna girib otaqdan çıxacam. Bir də bu evə qayıtmayacağam sonra. İçimdən bir səs “ Etmə, hər şeyi yarıda qoy, soyun gəlinliyini” – deyir… Amma qonşular nə deyər, ailəm nə deyər?… Axı hər kəsin ümid yeriyəm… Axı hər kəs bəzənib – düzənib restorana gələcək. Axı bizim toydan kim isə kiməsə qız bəyənəcək, kimlərsə sağlıq deyəcək axı…
Halbuki məni düşünən yoxdu…
Hə, bir şey yaxşı oldu, daha “Nə vaxt tərpənirsən?”- sözünü eşitməyəcəm. Yerinə “Bir şey, mir şey var?”- deyəcəklər bir müddət.
Amma istəmirəm, könülsüz gedirəm. O bir mahnının da sözlərində var e, deyir: “Könülsüz gedən qızın, ağlamaqdır peşəsi”… Mən ağlamaq istəmirəm artıq. İndiyədək ağladığım bəsdi mənə. Güclü olmaq,. eh… Bəlkədə elə xoşbəxt olmaq istəyirəm.

HƏDİYYƏ
Səliqəli evdə valideynləri və Arif süfrə arxasında əylışib yemək yeyir. Bu zaman Arifə mesaj gəlir, “ Biz kafedəyik, istəyirsən sən də gəl”. Arif anasını qucaqlayıb, öpüb, atasından icazə alıb evdən çıxır. Anası qapıda: “Arif, oğlum, amandı, qurbanın olum tez gəl, bilirsən ki, narahatam, yeməyini də yemədin.”
Arif: Narahat olma, anam, qayıdacam.
Kafe: Uşaqlar yığışıb çay içir, hərə maşından danışır, hə… Arif, sən nə vaxt maşın alırsan?.. (yerdən gülüş səsləri eşidilir) – Onun anası icazə verməz, Arif hələ uşaqdı… (gülüş səsləri)
– Sürücülük vəsiqən də yox idi sənin? (gülüş səsləri davam edir)
– Adə, sürməyi bilir ki, öyrənsin də?
– (yerdən yenə səs) qırxında öyrənər… (gülür) o məsələ
Gülüş səsləri davam edir.
Arifin isə heç nəyi yox idi, söhbətə qarışa bilmirdi və bu onu çox narahat edirdi. Hər dəfə dostlarının xoşbəxtliyi və onların hər şeyi olduğunu görüb, özünün isə heç nəyi olmadığını biləndə çox pis olurdu. Nəhayət stoldan pərt olaraq durur və evə gəlir.
Qapını qəzəblə çırpıb açır və deyir: Bəsdir də, başqaları hər gün yeyib- içməkdə, sən mənə heç nə etmirsən. Mən də rahat yaşamaq istəyirəm. Mənim də buna haqqım var, mən bir də bu evə qayıtmayacam”- qapını çırpıb ağlaya- ağlaya evdən çıxır.
Ana donuq vəziyyətdə, məyus olur.
Televizorda aparıcının təqdimatında xəbərlər eşidilir: “Efiri elə indicə baş vermiş gərgin bir ölüm hadisə ilə açırıq. Hazırda Bakının inşaatçılar prospektində ağır avtonəqliyyat hadisəsi baş vermişdi. Sürücü idarəetməni itirərək avtomobili divara çırpmış, ölənlər var”…
Qara fon: fatihə surəsi eşidilir.
Mərhumun dəfnindən sonra oğlan əlini cibinə qoyub millətdən uzaqlaşır… gəlir evə, anasını öpüb qucaqlayır.
Kadr arxası səs: “Bəzən qıymır deyə valideynlərimizin bizə almadıqları şeylər əslində bizim varlığımızdır. Ən böyük hədiyyə də məhz budur”.


ARZU
Sərxoş bir kişiyə oğlu yaxınlaşır, “ Ata, mənim anam hanı, anam üçün darıxıram, olar, məni anama apararsan? Kişi içki şüşəsini balaca uşağın üstünə vıyıldadıb, ananın? Bu dəqiqə… gəəl, gəl sənə göstərəcəm. Uşaq qorxaraq geri addımlayır və deyir,
– Ata, axı mən qorxuram, qolumu incidirsən, ata.
– Ata deyir: “ Sən deyilsən ananın yanına getmək istəyən? Aparıram da… (uşaq ağlayır…) Sakit dur, yum ağzını…
Uşağı boğmağa çalışır və uşağın gözləri yumulur. ( Uşaq xırıltılı səslə boğulur).
Ambulans səsləri və xəstəxana
Klinika: Uşaq reanimasiya şöbəsində : Gözlərinin önünə atası gəlir və gülümsəyir. Çox sağ ol ata, çox sağ ol – deyərək gözlərini yumur və ürək döyüntüləri dayanır.

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer.

ŞƏLALƏ CAMALIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV – BİLİM Kİ ADAMSAN

AKİF ABBASOVUN YAZILARI

BİLİM Kİ ADAMSAN
(hekayə)
Toğrulun rayon mərkəzində işlədiyi müəssisə idimi, təşkilat idimi, hər nə idisə bağlanmışdı. O da qalmışdı işsiz-gücsüz. O, kənddə yaşayırdı. Rayon mərkəzinə gedib-gəlmək heç də ürəyincə deyildi. Yol ölçmək özünə qalırdı. Aldığı qəpik-quruş idi. Odur ki, fikirləşdi ki, elə ən yaxşısı evinin içində – kənddə bir işin qulpundan yapışsın. Rayon mərkəzinə gedib-gəlmək üçün xərclədiyi pul da cibində qalar. Günorta naharını da evində yeyər, izafi xərci çıxmaz.
Odur ki gəldi kənd icra nümayəndəsinin yanına:
-Bir iş versəydin, işləyərdim. Rayon mərkəzinə gedib-gəlməkdən xəstəlik tapmışam. Bunun qışı, soyuğu, yayı, istisi var. Yol maşını gözləməkdən adamın gözünün kökü saralır. Şaxta bədəninə işləyir, yayda da gün başını deşir.
İcra nümayəndəsi quru adam idi. Tez rəsmiyyətə saldı:
-Bir arayış al, gətir ki, işsizsən, heç yerdə işləmirsən.
Toğrul çaşıb qaldı:
-Arayış?
Çiyinlərini çəkib soruşdu:
-Hardan alım? Dedim işləmirəm axı…
İcra nümayəndəsi əlini yelləyib işi ilə məşğul oldu:
-Arayışsız mümkün deyil.
Toğrul:
-Kimdən alim? De, gedib alım, gətirim.
İcra nümayəndəsi başını qaldırmadan hansısa sənədə möhür vura-vura:
-Bu sənin problemindir, mənim yox.
Toğrul onu dilə tutmağa çalışdı:
-Əzizim, burda nə var ki?! Arayış nəyə lazım? Kimdən soruşsan, deyəcək həqiqətən heç yerdə işləmirəm. Sən özün də kənd əhlisən. Özün də bilirsən ki, işləmirəm.
İcra nümayəndəsi əlini saxladı, bir qədər mülayim:
-Bilirəm işləmirsən, – dedi. -Amma bu hökumət kağıza inanır, sözə yox.
Xahişindən, dil tökməyindən kar aşmadığını görən Toğrul:
-Yaxşı, – dedi, -onda, sən də bir arayış yaz, ver mənə ver ki, sən adam deyilsən.
Bu dəfə icra nümayəndəsi çaşıb qaldı, dik ayağa qalxdı:
-Bu nə danışıqdır? Məni dolayırsan?
Toğrul əsəbi:
-Yaz. Niyə yazmırsan? Arayış yaz, mən də inanım ki, sən doğrudan da adam deyilsən. Heç adamlıqda yerin yoxdur… Adam dolayan da sənsən, mən yox.
İcra nümayəndəsi başını aşağı salıb dinmədi. Toğrul bilmədi ki, o, öz hərəkətindən utanıb başını aşağı dikib, yoxsa yenə Toğruldan arayış tələb edəcək.
Bakı şəhəri, 14 yanvar 2022-ci il.

Müəllif:Akif ABBASOV

AKİF ABBASOVUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KƏNAN HACININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB

KƏNAN HACININ KİTABLARI

Tanınmış yazar Kənan Hacının sayca 21-ci, hekayələrdən ibarət olan “Pirosmaninin qonağı” adlı yeni kitabı “Günəş” nəşriyatında işıq üzü görüb. Müəllifi bu münasibətlə təbrik edir yeni-yeni nailiyyətlər arzu edirik! Çox dəyərli oxucularımız isə artıq sabahdan kitab mağazalarından “Pirosmaninin qonağı”nı alıb oxuya bilərlər.

KƏNAN HACININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyla Yaşar – “Üşüyən“ ocaq

Leyla YAŞAR

“ÜŞÜYƏN“ OCAQ
Qapı açılıb örtüldükcə küləyin özüylə bərabər gətirdiyi buz kimi soyuq hava evi soyutmuşdu. Sobanın içindəki közərən od sönmək üzrə idi. Alovlanmağa can atan köz, yorulur, kömürə dönürdü.
– Fevralın qarlı, şaxtalı günündə bu evin sahibləri hara yoxa çıxdı, görəsən?- Bu nədi belə, stolun üstündə mürəbbə, çörək, yağ, pendir, soyulmuş yumurta? Nələr oldu bu evdə?

– Hər səhər yuxudan durub ocağı alışdıran, o əli qabarlı ata, ona kömək edən məktəbli, qaraşın oğlan hardadılar görəsən?

– Anasına kömək edən, o uzun saçlı, nazlı qəmzəli qızcığaz hanı bəs?

– Xəmir yoğurub, üstünü bağlayıb isti sobanın yanına qoyan, hərdən gəlib, xəmirin gəlib-gəlməməsini yoxlayan o xanım haradadı bəs?
Bunlar hara getdi birdən-birə? Lap darıxdım.

– Çöldəki nə səsidi elə? Nə qəribə qoxu var havada?
Ocaq yavaş – yavaş sönürdü. Közərən ağacın içindən sanki göz yaşları süzülür, onu sönməsini tezləşdirirdi.
Üstündən bir neçə gün keçdi .
Deyəsən gələn var idi.
-Aha deyəsən qayıtdılar .
Yanılmışdı .
Həsrərlə qapıya boylandı. Burnuna tanış olmayan qoxu gəldi .
Budur evə yeni sakinlər gəldi .

– Ay aman, bunlar kimdi belə?
Nə səliqəsizdilər. Nə yaman bərkdən danışırlar. Deyəsən bayramlarıdı. İlahi, bu nədi belə?
Yaxınlaşıb sobanın içinə deyinə – deyinə baxan saqqallı gedib bir yaş odun gətirdi. Nə qədər etsədə ocağı yandıra bilmədi. Hirslə sobaya bir təpik vurub, öz dilində nəsə deyib, onu yerli dibli götürüb həyətə tulladı. Hikkəsi soyumadığından zirzəmini açıb, onu zibil kimi ora necə atdısa, dəmir soba bir neçə yerdən zədələndi .

– O günlər harda qaldı? Yayda səliqə ilə çıxarılıb zirzəmiyə qoyulan, qışda nadir tapıntı kimi əzizlənib ordan çıxarıldığı günlər?
Atayla oğul onu ordan ehtiyyatla götürüb, həyətin ortasında rəngləyərdilər, içinə quru odun yıgıb bir-iki gün oradaca yandırardılar . Sonra ananın köməyilə yerinə səliqə ilə yerləşdirər, ilk ocaqlarını çatardılar. Başına yığışıb istisinə qızınardılar. Çox doğma idilər ona. Harda qaldı o günlər?
Zirzəmidə illərlə qalmağa məcbur oldu. Hərdən sevmədiyi zəhirmar yağan sifətlər gəlib zərblə qapını açar, nələrsə yıgıb gedərdilər . Tər-təmiz zirzəmini də zibilliyə çevirmişdi bu yeni sakinlər. Zirzəmidə ona xoş olmayan qoxular bir – birinə qarışmışdı .
Həmişə yayda evin xanımı buradan gəlib bankaları çıxardıb, içərisini səliqə ilə doldurub gətirib yerinə yığardı.
Qışda onun başına yığışıb, o bankaları açıb elə ləzzətlə yeyərdilər ki…
İndi… Bu nədi, qıcqırmış şərab iyi, qapağı atılmış bankalardan az qala yerə töküləcək şorabaların iyi bir- birinə qarışıb zirzəmiyə xüsusi bir “iy” verirdi.
İllərdi bu acını “yaşayan” dəmir soba artıq dözə bilmirdi.
İçində ocaq çatılmayan soba darıxmağa başlamışdı. Köhnə sakinlərin bir gün dönəcəyi günü həsrətlə gözləyirdi. Zirzəmidə mürgü vura-vura illəri bir-birinə calayırdı. Bir neçə gündü çöldə eşidilən, yeri silkələyən səslər yavaş- yavaş azalırdı. Evin sakinlərinin səsi küyü kəsilmişdi. Yoxa çıxmışdılar deyəsən.
Axrıncı dəfə gəlib qıcqırmış şorabalarını, şərablarını elə acıgözlüklə çölə daşıyırdılar ki, zirzəmidə nə vardısa hamısını çölə yığmışdılar. Bir tək ona əl vurmadılar. Nə yaxşı ki, onu götürmədilər.
Və bir gün, həmın gün zirzəmin qapısı yavaşca açıldı. İçəri girən iki oğlan onu qucaqlarına götürüb, doğma yerinə aparıb qoydular.
Yox bunlar köhnə sakinlər deyildi. Amma danışıq səsləri ona o qədər doğma gəlirdi ki… Evin səliqəsi geri dönmüşdü.

– Aha, bu qaraşın oğlan. Ocağı alışdırmağa çalışan qaragöz oğlan. Həmən məktəbli, nə yaman dəyişib, əynindəki nədi belə? Bunlar hamısı eyni geyinib?
Ocağı sevgi ilə qalayıb, əvvəl sobanı, sonra otagı qızdıran əsgərlər yaman sevincli idilər. Hər şeyə sevgiylə, ehtiyyatla toxunurdular.
Əsgərlər ocağın ətrafına yığışıb əvvəl əllərini qızdırdılar, sonra qazan asdılar. Yeməyin gözəl ərti evi bürüdü. Evə qayıdan doğmalıq, ev sahiblərindən 30 ildi ayrı düşən “üşüyən” ocağı isitməyə başladı. Beləcə sönən ocaq illər sonra yenidən alovlanıb, bir evi, bir eli isitdi. Alovun rəqs edə-edə yanıb, şölə saçdığı o işıltı evə gözəl nəşə gətirdi.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – BB

“Kulis.az”ın  “İlin hekayəsi”  müsabiqəsində (archive.vn) ən çox oxunan hekayə.

BB

(Zaur Ustacın “Cadulanmış ev” kitabına daxil edilmiş hekayə)

20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9:00, mən artıq işdəyəm. Düzü, telefondakı vaxt barədə nəticə məni qane etmədiyinə görə tələsik dəhlizə çıxıb divardakı saata da baxası oldum. Heç məndən çıxmaz iş, bəlkə də ömrümdə birinci dəfə işə vaxtında gəlmişəm. “Tez oyananla tez evlənən uduzmaz” məsəlini beynimdə çək-çevir edə-edə iş masamın arxasına əyləşdim. Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı. Ofisdə orta yaşlı xadimə xanımla məndən başqa heç kim yox idi. Dəstəyi xanım götürdü:

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

– Bəli. Buyurun. Bəli. Yaxşı, – telefona cavab verdikdən sonra, – Əli müəllim, zəhmət omasa 14 – ü qaldırın.

– Məni soruşurlar? – Bir az da heyrətlə soruşdum. Düzü məəttəl qalmışdım. Səhərin gözü açılmamış kim idi ,görəsən? Nə istəyirdi? “Adbaad elə məni soruşdular ay xanım?” – deyə bir də xanımdan soruşdum.

“KULİS.AZ”DA “İLİN HEKAYƏSİ” MÜSABİQƏSİ (2021)

– Xeyr. Soruşdular işçilərdən orada kim var?

– Oldu, – deyib dəstəyi götürməkdən başqa çarəm qalmadı, – Bəli. Buyurun. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim. Eşidirəm sizi, – Xəttin o başından incə, ancaq amiranə xanım səsi eşidildi:

– Olar, sizə elə kəsədən Əli müəllim deyim?

– Bəli. Olar. Buyurun. Eşidirəm sizi.

– Sizi “BB”-dən İlahə xanım narahat edir.

– Buyurun, İlahə xanım, – Məşhur “BB”-şirkətinin adını eşidən kimi gözlərimə işıq gəldi. Ani olaraq ataların ruhuna bir rəhmət göndərib, – Buyurun. Narahat etmirsiniz xoşdur. – davam etdim.

– Bilirsiniz, qarşıdan həm bizim bosun, həm də şirkətimizin yaranmasının yubileyi gəlir. Bu münasibətlə Bəy Bala müəllim jurnalistləri çağırıb müsahibə verir. Bu gün səhər saat 10:00 üçün gələ bilərsiniz, sizi görüşə yazım?

– Bəli. Yaza bilərsiniz. Yazın. Ancaq gəlin ünvanı dəqiqləşdirək. Mən sizin ofisin yerini təxmini bilirəm. Yenə də dəqiqləşdirsək yaxşı olar. Deyə bilərsinizmi?

– Bəli. Zəhmət olmasa, qeyd edin.

– Deməli, – Çingiz Mustafayev 104, həyətə girən kimi sağdakı boz qapı, üstündə iri hərflərlə “BB” yazılıb. Oldu. Düz vaxtında orada olacam. Xanım dedikcə qeyd edirmiş kimi, qələmi qeyd dəftərçəsinin üzərində gəzdirsəm də əslində heç nə yazmırdım. Çünki o dedikcə hara gedəcəyim gözlərimin önündə canlandığından buna ehtiyac duymadım. Söhbət bitəndə sadəcə bugünkü tarixə görüş vaxtını qeyd etdim. Sonra redaksiyanın çıxış kitabına çıxdığım vaxtı və gedəcəyim ünvanı yazdım. İçərisində müxtəlif vəziyyətlər üçün hazır suallarım və gündəlik iş üçün vacib digər sənədlər olan qovluğumu qoltuğuma vurub ofisdən çıxdım. “BB” – nin ofisi bizdən bir neçə küçə Qış Parkına tərəf aralı idi. Bizim ofis Həzi Aslanov küçəsində yerləşirdi. Vaxta 15 dəqiqə qaldığına görə “BB” – nin ofisi olan küçədən keçib Qış Parkına gəldim. 10:00-a 5 dəqiqə qalana qədər düz iki siqaret çəkdim. 5 dəqiqə qalanda ağzıma bir saqqız atıb, üstümə ətir vurub təyin olunmuş ünvana doğru yönəldim. “Çingiz Mustafayev 104” – ə çatan kimi bazubənd əvəzi qoluma keçirtdiyim maskamı çıxardaraq üzümə taxdım və üzərində böyük boz rəngli hərflərlə “BB” yazılmış boz qapını açıb içəri daxil oldum. İlahə xanımı soruşdum. Elə girişdəcə telefonların yanında oturmuş xanım gülərüzlə məni qarşıladı:

– Buyurun. Sizə necə kömək edə bilərəm? İlahə xanım mənəm.

– Mən Əli Mülayim. Saat 10 tamama görüş təyin etmişdik.

– Bəli. Buyurun keçin. Bəy Bala müəllim sizi gözləyir. Ancaq zəhmət olmasa, üst geyiminizi və telefonunuzu verin mən saxlayım. Bu qalstuklardan birini bağlasanız lap əla olar. Bax, bu sizin köynəyə lap uyğun gəlir. Buyurun, – deyə üzərində sarı ay-ulduz olan tünd göy rəngli qalstuku mənə uzatdı. Çar – naçar qalstuku alıb girişdəki böyük güzgünün qabağına keçdim. Qalstuku səliqə ilə bağladıqdan sonra, suallar və sənədlər olan qovluğumu da götürüb:

– Mən hazır, – dedim. Xanım əvvəlcə qovluğumu da əlimdən almaq istədi. Birtəhər göz-qaşla başa saldım ki, iş üçün lazım olacaq. Nəhayət:

– Buyurun. Keçin, – deyə-deyə qapını açıb məni otağa saldı. Bəy Bala müəllim sanki məni görmürmüş kimi öz işində idi. “T” şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan notbuk və sonsuz sayda kağız-kuğuz … Bu mənzərəni insan öz gözləri ilə görməsə, sözlə ifadə etmək çox çətindir. Bəy Bala müəllim başını qaldırmadan bir az yorğun səslə:

– Xoş gəlmisiniz. Əyləşin, – dedi və sağ tərəfdə olan yeganə boş kürsünü əli ilə mənə işarə etdi. 5-10 dəqiqə oturandan sonra mənə məlum oldu ki, o da açıq notbuklarda digər ofislərdəki işçilərinin davranışlarını müşahidə edir. Nəhayət, sanki bu məşğuliyyətdən bezərək, – üzr istəyirəm, sizin adınız necə oldu?- deyə düz gözlərimin içinə baxdı.

– Əli Mülayim.

– Çox gözəl, Əli müəllim. Vallah, indi elə zamanada yaşayırıq ki, mülayim olmayıb neynəyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun.

– Elədir.

– Əli müəllim. Deməli, vəziyyət belədir. Bu üzümüzə gələn dekabrın 25 – i həm mənim 55 yaşım tamam olur, həm də şirkətimin 20 illiyi olacaq. Düzdür, mənim buna ehtiyacım yoxdur, ancaq yenə istəyirəm ki, mətbuatda, televiziyada bu barədə məlumatlar getsin.

– Lap yaxşı. Aydındır, Bəy Bala müəllim.

– Bir də xahiş edirəm o maskanı çıxardasınız ki, sizin nə dediyinizi anlaya bilim. Yoxsa, heç nə başa düşə bilmirəm. Burada kim var ki? Bir də inanın səmimiyyətimə bunlar hamısı boş şeydir. Canı verən də, alan da bax o kişidir! – Dedi və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı.

– Doğrudur. Doğrudur. – deyə-deyə maskamı çıxardıb əziz matah bir aksesuar kimi köynəyimin döş cibinə qoydum.

– İndi deyin görüm, hazır gəlmisiniz yoxsa, hər işi mən görəcəm?

– Nə mənada?

– Yəni suallarınız, ya nə bilim bir proqramınız varmı belə hallar üçün?

– Əlbəttə.

– Onda başlayaq.

– Başlayaq. Özünüz, ailəniz və işiniz barədə ürəyinizdən keçənləri, bizim oxucularla bölüşmək istədiklərinizin hamısını anladın. Söhbət əsnasında yarana biləcək vəziyyətlərə uyğun köməkçi suallarla mən sizə kömək edəcəm. – deyib, qovluğumdan bu hal üçün nəzərdə tutulmuş suallar qeyd olunan vərəqi və qeydlər aparacağım ağ A4 kağızları çıxardıb masanın üstünə qoydum.

– Deməli belə. Mən Xanlar rayonunun Bəyoğlular kəndindənəm. Atamın adı Böyük Bəy, onun da atasının adı Bəy Bura, onun da atasının adı Böyük Bəy, onun da atasının adı Bəy Bala, onun da atasının adı Bala Bəy… Nə başını ağrıdım. Bax beləcə gedir. Adam var, atasın tanımır. MaşAllah olsun. Biz yeddi arxa dönənimizi tanıyırıq. Adətdəndi. Kişi gərək yeddi babasının adını bilə. Siz cavanlar da öyrənin və uşaqlarınıza öyrədin. Bu çox vacib məsələdir. Çox yerdə görürsən mənim adımı səhvən “Bəybala” kimi bitişik yazırlar. Bu səhvdir bizim adlarımız ayrı yazılır. Məsələn, Bəy Bala və ya Böyük Bəy. Bax, belə. Siz də düzgün yazın. Siz inanırsınız mən neçə dəfə belə səhvlərə görə bir qəzetin bütün nömrələrini köşklərdən toplatmışam. Nəsə sözüm onda deyil. Biz ailədə, Böyük Bəyin ocağında iki qardaş və iki bacı, dörd uşaq olmuşuq. Mən ailənin ilki, böyük uşaq olmuşam. Sonra bacılarım, Böyük Bəyim, Balaca Bəyim və sonbeşiyimiz, balaca qardaşım Bala Bəy. Deməli, ötən əsrin 90-cı illərində köhnə hökumət dağılanda mənim olardı 25 yaşım. Cavan, sütül oğlan idim. Atam məni oxutmaq istəsə də, düzü, mənim elə bir fikrim yox idi. Rusun əsgərliyinə də gedib gəlmişdim. Bizdə də ara yavaş-yavaş qarışırdı. Nəsə axır ki, kişi saqqızımı oğurladı. 1991-ci ildə nə az, nə çox düz 60.000 manat pul verib məni qoydu Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə. İndi hər yan universitetdir e. Onda bircə dənə universitet var idi. Kişi deyirdi oxu qurtar, səni raykom katibi qoyacam. Onu deyim ki, o vaxt elə oxumaq, filan da yox idi. İnanın bir torba alçaya qiymət yazan müəllimlər var idi. Onları da qınamalı deyil. O vaxtlar vəziyyət çox pis idi. Bu oxumağın mənə xeyri o oldu ki, o vaxtlar müharibəyə getmədim. Bir də günüm Bakının “talkuçka”larında, bazarlarında keçdi. Ticarətin bütün sirlərinə yiyələndim. Bir şənbə-bazarın alverinə bir semestri yola verirdim. Oxumaq, imtahan belə idi. Mən tarixi qurtarana qədər nə raykom qaldı, nə də katiblik. Ta kişinin də o vaxtları deyildi. Mənimlə oxuyan uşaqlardan bir-iki nəfər indi universitetlərdə müəllim işləyir. Çoxu mənim kimi biznesdədir.

– Biznesiniz konkret olaraq hansı sahəni əhatə edir? Zəhmət olmasa bu barədə danışın.

– Tələsməyin. İndi ora gəlirəm. Hamısını yerli-yataqlı danışacam. Deməli, mən Bakıda alverdə, ailəmiz də qalmışdı rayonda. Universiteti bitirdim. Müharibə bitdi. Amma ölkədə vəziyyət daha da çətinləşmişdi. Alverdən başqa heç bir işdə pul yox idi. Atam nə qədər dedi ki, gəl müəllim işlə. Lap səni məktəb direktoru qoyum. Maarifə işə düzəldim. Dedim ki, yox e, bunlar mənlik deyil, mənimki alverdi. Biznes. Onu da deyim ki, ta mənim satmadığım şey qalmayıb ha. Elə axtarışdayam. Nə olsun? Necə olsun? Nə yenilik edim? Nə iş qurum? Bax belə fikirləşirəm. Xarici biznesmenlərin həyatından filmlərə baxıram, kitablar, məqalələr oxuyuram. Bərk axtarışdayam. Allah deyir səndən hərəkət, məndən bərəkət. Bir dəfə bir xarici kinoya baxıram. Lap o qədim Amerika filmlərindəndir. Bəlkə, siz də baxmısınız. Bir əczaçı qadın əlində bir şüşə öz hazırladığı dərmanı kino boyu hərləyir- fırlayır, nə qədər edir bu dərmanı sata bilmir. Axırda necə olursa bir kişi ilə vuruşmalı olur. Kişini yaralayır və kişi infeksiya qorxusundan məcbur olub dərmanı qızıl pulla qadından alır. Üstəlik qadından xahiş də edir ki, bu məhlulla onun yarasını təmiz-təmiz yuyub sarısın. Filmdəki bu fraqment mənə ideya vermişdi, ancaq bu ideyanı harada necə tətbiq edəcəyimi heç cür dəqiqləşdirə bilmirdim. Artıq evlənmişdim. Üzr istəyirəm, arvad da pul istəməkdən başqa heç nə bacarmırdı. Xırda alver ta mənim ehtiyaclarımı ödəmirdi. Ata-anam da rəhmətə getdi. Dost-tanış da hərə bir yandan deyirdi ki, kənddə bacı-qardaşın vəziyyəti pisdir. Onları da yığ gətir Bakıya. Bu kimi hallar məni lap bezdirmişdi. Elə bu vaxtlar qızımın ad gününə hazırlaşırdıq. Böyük uşağım qızdır. Adını da Böyük Bacı qoymuşam. 1 yaşı tamam olurdu. Uşağı ilk dəfə aparmışam bərbərxanaya. Öz dəlləyimin yanına getmişik. Bakıya gələndən bəlkə necə ola, bir-iki dəfə başqa usta yanına gedəm, həmişə bu dəlləyin yanınına getmişəm. İndi də sağ olsun, gəlir elə bax burda, bu ofisdə bütün işini görüb gedir. Nəsə, orda işimiz bitəndən sonra dəllək yavaşca qulağıma deyəsən ki, bəs uşağın başında bit var. Düzü, bu sözü eşidəndə orda sakit qalsam da cin vurdu təpəmə. Gəldim evə arvadla yenə qırdıq bir-birimizi. Baldızım da biz də idi. O dedi ki, bəs yeznə narahat olma, Türkiyədə olanda bizim də saçımıza düşmüşdü. Orda apteklərdə yaxşı dərman satılır. Dərman deyəndə şampun kimi bir şeydir. Ballı indi oradadır. Ad gününə gələcək deyərəm alıb gətirər. Narahat olma ikisin alıb gətirsə, bəsdir. Ballı da mənim balaca baldızımdır. Üç bacıdırlar. Ballı ən kiçiyidir. Alverdə o da yaxşıdır. Dubaydan vurur, İslambuldan çıxır. Bax, mənim bütün həyatım bu Ballı baldızımın hesabına dəyişdi. Yəqin, şəhərdə görmüsünüz “Bala Baldız” gözəllik salonları, “Bal Baldız” kosmetika mağazaları hamısı onundur. Yəni mənimdir. O idarə edir. Nəsə, baldız gəldi, iki qab bit dərmanı da gətirdi. Dərman işə yaradı. Bu məsələ yüngülvari dalağımı sancsa da, hələ elə bir ciddi dönüş etməmişdim. Hələ qadın koftası mağazası işlədirdim. Arvadla da elə orda, ona kofta satanda tanış olmuşam. Nəsə, bu başqa söhbətin mövzusudur. Yadınızda olar yəqin ki, bir ara quş qripi yayılmışdı?

– Bəli. Bəli. Yaxşı yadımdadır.

– Bax, o vaxtlar söz gəzirdi ki, guya xaricdə bloklara girib qapı dəstəklərinə, avtobus və metroda tutacaqlara nəsə püskürdürlər camaat da xəstələnir. Əslində bu xəstəliyin göydə uçan quşlarla heç bir əlaqəsi yoxdur. Yerdəki bayquşların işidir. Bu məsələnin bizə heç bir aidiyyəti olmasa da ideyanı bir az yerindən tərpətmişdi. Və nəhayət, bir gün təsadüfən televizorda gördüm ki, bir kişi bizim Tərtər rayonun bir kəndində soxulcan yetişdirib, fermerlərə, balıq tutanlara satır. Bu xəbəri görən kimi, “Böyük Biznes” ideyası işə düşdü və avtomatik olaraq anındaca “Biq Boss”a çevrildim. İnan ki, o gecəni evdə yatmadım. O saat hava limanına, oradan da bir başa İslambula uçdum. Ora çatdım, heç otelə də getmədim. Elə hava limanında gözlədim səhər olan kimi apteklərə baş çəkməyə başladım. Gördüm, maşAllah olsun bit dərmanının çeşidləri lap çoxdur. Bir gün aradım-araşdırdım. Ən tanınmış firmaların üçü ilə danışıb, razılaşıb elə həmin gecə qayıtdım Bakıya. Və başladım burada da apteklərlə, kosmetika mağazaları ilə danışıb, razılaşmağa. Hər şey tam hazır olandan sonra kofta mağazasını mal qarışıq satdım. Başladım Türkiyədən mal vurmağa. Mallar gəldi payladım “toçka”lara. Gördüm, yox e mal getmir. İdeyanı saldım işə. Daha doğrusu öz – özündən düşdü işə. Birinci rayonda olan qardaşım Bala Bəy xəbər göndərdi ki, uşaqları bit basıb. O dərmandan bizə də göndər. Mən də ona xəbər elədim ki, bəs dərmanı neynirsən evi-eşiyi də sat, külfəti də götür gəl Bakıya. Sağ olsun, sözümü yerə salmadı. Heç bir həftə keçmədi gördüm yığışıb gəlib. Gələn kimi Sovetskidə hamam – tualetsiz evlərindən bir dənə 3 otaqlı ev kirayə tutdum onlara.

– Üzr istəyirəm, niyə məhz belə?

– Hövsələniz olsun. İndi deyəcəm. Deməli, qardaşımın maşAllah 7 uşağı var. 2 nəfər özləri, bir də qaynanası. Düz 10 nəfərdirlər.

– Mən onu soruşmurdum. Həqiqətən evin hamam-tualeti yox idi. Bəs necə yaşayırdılar orada?

– Əlbəttə. O evlərdə hamam-tualet olmur. Sadəcə həyətdə bir ümumi ayaqyolu olur vəssalam. Bizə də elə belə evlər lazım olur. Çünki onlar saçlarını yumurlar. Əksinə çirkli saxlayırlar ki, bitlər üçün münbit mühit olsun.

– Bəs onlar nə iş görürdülər?

– “Görürdülər” yox, “görürlər”? Onlar bu saat da elə orada yaşayır və işləyirlər.

– Bəs sökməyiblər oranı?

– Xeyr. Neçə illərdir deyirlər, hələ bir şey yoxdur. Bir də qardaşımın indi lap şəhərin mərkəzində yeni tikilən binalarada bir yox, bir neçə mənzili var. Ora sadəcə bizim iş yerimiz çörək ağacımızdır. Deməli, bunları ora yerləşdirib, tapşırdım ki, siz ancaq əlinizdə olanı yemək-içməyə bir də yol puluna xərcləycəksiniz hər ayın 5 – i həm xərcliyinizi həm də qazancınızı mən verəcəm. Sizin işiniz o olsun ki, yeyin-için, bitləri çoxaldın. Səhər –axşam şəhərin insanlar gur olan yerlərində, ticarət mərkəzlərində, avtobuslarda, metroda basabas vaxtı girin camaatın içinə, ürəyiniz istəyən qədər gəzin.

– Üzr istəyirəm, belə niyə?

– Eh, dostum. Bitlərin yayılması üçün. Bu bit təmiz başı, yəni xam yeri elə tanıyır, elə tanıyır… Bir bilsən. Bu barədə yazsam indi elmlər doktoru idim. Deməli, birinin saçında bit varsa, 25-30 nəfər sərnişin tutumu olan avtobusda bircə dövrə vuranda ən azı 100 adama bit salır. Gör indi maşAllah 50-60 nəfərlik avtobusda bu nə qədər olur ha… Öz də onlara tapşırmışam ki, avtobusa bir dəfə mindin sürücü tanıyıb zorla düşürənə qədər düşməsinlər. Belə həm də “rasxod” azalır. Onların özlərinə xeyirdir. Qazancları artır. Nə başını ağrıdım. Birinci ayın sonunda apteklərə mal çatdıra bilmədim. Allah bərəkət verdi. Mal vur, pul götür… Mal vur, pul götür… Bacılarımı da gətirdim Bakıya. İndi maşAllah olsun. Təkcə qardaş-bacılar deyil, qardaşuşaqları, bacıuşaqları, hələ canım sənə desin, sinifyoldaşlarımdan da bir neçəsinin çalışdığı belə ocaqlarımız var. Şəhərdə təxminən 100- ə yaxın obyektdə bit yetişdirib yayırıq. Daha doğrusu bitlərin çoxalıb, yayıla biləcəkləri münbit mühit formalaşdırırıq. Dünyanın müxtəlif təbiəti, canlı aləmi sevən təşkilatlarından bilirsiniz nə qədər mükafatlarımız var? – deyə mənə işarə edərək yana qanrılıb rəfdəki müxtəlif formada və dillərdə olan diplomları, prizləri göstərdi.

– Bu işlə yalnız Bakıda məşğulsunuz?

– Bəli. Hələlik ancaq Bakıda. Bilirsiniz bu biznes sırf inkişafla bağlı, inkişaf göstəricisi olan sahədir. Gərək yaşayış ola, insan ola ki, bit də olsun. Bakıdan başqa sıx yaşayış olan yer yoxdur. Gəncə və Sumqayıtda bir-iki dəfə eksperiment aparmışıq nəticə “0”. Hələlik ancaq Bakıda fəaliyyət göstəririk.

– Üzr istəyirəm, Bəy Bala müəllim, sizin qohumlar kimi həyat yoldaşınızın qohumları da belə canla-başla bu ailə şirkətində çalışırlarmı?

– Bayaq sizə dedim, şəhərdə gördüyünüz bütün “Bala Baldız”, “Bal Baldız” obyektlərin hamısı mənim balaca baldızım Ballı xanıma aiddir. Yəni o işlədir. Sağ olsun. Doğmaca arvadımdan görmədiyimin hamısını ondan gördüm. Həm mənəvi, həm maddi. Mən də onu yaşadıram. Hələ indiyə qədər bir sözünü iki eləməmişəm.

– Bəs Ballı xanımdan başqa?

– Başqa heç nə. Siz elə düşünürsünüz ki, onlar da bitli saçla metro, avtobus gəzib bit yayırlar. Yox, dostum. Nəinki, onlar heç doğmaca var yox bircə oğlum Bic Bala burax bit yaymağı, “toçka”lardan pul yığmağa getməyə belə ərinir. Bu işi sinifyoldaşlarımdan birinin oğluna tapşırmışam. Sağ olsun halal uşaqdır. Demişəm əgər qanunu yolla adını dəyişib, Bəy Bura qoysa qızım Böyük Bacını ona ərə verib, şirkəti də bağışlayacam onlara. Oğul, arvad tərəf zaydır. Oğlum olanda nə qədər elədim babalarımdan birinin adını qoya bilmədim ona. Arvadla qaynənəm birləşdilər. Mən də dirəşdim ki, necə olur olsun 2 “B” mütləq olmalıdır. Onlar da dedilər, “nə şiş yansın nə kabab” adını qoydular Bic Bala. Uşaq da odu cüvəllağı, avara. Oxumaq, zad nədi. 15 yaşı olan kimi də evlənib. Yəni arvad “padruqa”larından birinin qızı ilə baş-göz edib. 1 oğul nəvəm var adını da yenə arvad tərəf 2 “B” –ni gözləmək şərti ilə Biq Boss qoyublar. İndi onun da ad günü yaxınlaşır. 1 yaşı tamam olacaq. Bir sözlə qızm Böyük Bacı ilə baldızım Ballını çıxmaq şərti ilə arvad tərəf ancaq xərcləməklə, dağıtmaqla məşğuldur. Düzü, bu ötən müddət ərzində arvadın hələ zəng vurmamasına narahat olmağa başlamışam… – Bəy Bala müəllimin sözü ağzında qaldı. Şəhər telefonunun cingiltili səsi kabineti başına götürdü. Dəstəyini qaldıraraq qaş-gözlə mənə “görürsən?” – deyib davam etdi: – Bəli, buyur, başımın tacı, evimin yaraşığı, şirkətimin loqosu, buyur. Votsapla? Baş üstə. Görüntülü? Baş üstə. – deyib dəstəyi asdı. Və mobil telefondan görüntülü yığdı. Nə billah etsə də həyat yoldaşı öz görüntüsünü açmadı. Əksinə Bəy Bala müəllimi məcbur etdi ki, kabinetin bütün künc bucağını mən də daxil olmaqla ona göstərsin. Görüntü olmasa da arada xırç-nırç, şap-şup kimi səslər qarışıq kişi səsinin eşidilməsi mənim də diqqətimi çəkdi. Elə bu vaxt Bəy Bala müəllim bir az da əsəbi kimi: – Hardasan, bu nə səs-küydü? – deyə sual verdi. Cavab özünü çox gözlətmədi: – Qəssab Mehralının yanındayam, bilirsən də onda həmişə “üçbacılıq” yaxşı ət olur. Eşidirsən, Mehralı sənə salam deyir. Deyir, çox sağ olsun. Yaxşı kişidir. Bəy Bala müəllim bu dəfə yenə də mənə qaş-göz eləsə də mən bu işarələrə bir anlam verə bilmədim. Nəhayət: – Yaxşı canım, öpdüm. Sən də salam de. Di, hələlik. Əlimdə işim var. – dedi və cavab gözləmədən zəngi sonlandırdı. Dilxor halda mənə tərəf çevrilərək:

– Evlisiniz, subay?

– Subay.

– Kifayətdir. İndi bu yazının adını nə qoyacaqsınız?

– Fikrimdən“Bit Biznesi” keçsə də, “Böyük Biznes” dedim.

– Bəlkə, bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız? Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq. Siz də xahiş edirəm bunu götürüb, o məşhur tamaşada deyildiyi kimi… – deyərək əlində tutduğu şax “200”lüyü zorla maskanın yanına yerləşdirdi.

– Çox sağ olun. Heç yaxşı olmadı, Bəy Bala müəllim. Əgər fikriniz dəyişə, qoy İlahə xanım sadəcə mənə xəbər eləsin. Yazını hazırlayıb, hazır saxlayacam.

– Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil. Qalstuku da açma, sənə yaraşır. Bizdən hədiyyə olsun. Subay oğlansan get dincəl! Ye, iç, kef elə! Qarşıdan gələn Yeni İlin də mübarək!

– Çox sağ olun, – sağollaşıb ofisə qayıtdım. İndi oturub yeni zəng gözləyirəm. Ancaq bu dəfə tək deyiləm. Ac və qoca qurdlar hamısı buradadır.

Son
06.12.2021 – Bakı ş.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏN ÇOX OXUNAN HEKAYƏ

ZAUR USTACIN HEKAYƏSİ

ƏN ÇOX OXUNAN HEKAYƏ

Zaur Ustacın “Cadulanmış ev” kitabına daxil edilmiş 14 (on dörd) hekayədən biri olan bu HEKAYƏ ilin ən çox oxunan hekayəsi olub. Hekayə “İlin hekayəsi”  müsabiqəsində  (archive.vn)  209 hekayə arasında oxucuların daha çox diqqətini cəlb edib.

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

İlİLKİN MƏNBƏ:

“KULİS.AZ”DA “İLİN HEKAYƏSİ” MÜSABİQƏSİ (2021)

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ائلیار پولاد – کؤرپو

ELYAR POLAD – KÖRPÜ

ائلیار پولاد

قاراباغ دؤیوشلرینده قهرمانجاسینا وارلیقلارین قوربان وئرنلرین ابدی خاطیره­سینه:

کؤرپو

   اوچ گون ایدی کندی ائرمنی قولدورلاریندان تمیزله­ییب، مرکزله علاقه ساخلامیشدیلار، قوه گوندرسینلر. مرکزدن اونا قطعی جاواب وئرمه­ییب دئمیشدیلر: “گؤره­ک نه ائده بیلریک.”

   اوچ گون ایدی کندین اطرافینا قاراوول قویوب و اؤزلری کندین کؤرپو کناریندا اولان یئمکخانادا یئرله­شیب مرکزله علاقه یاراتماغا چالیشیردیلار. علاقه یارانمیردی. بوتون دسته تشویش ایچینده­یدی. “بلکه مرکز اله کئچیب، اودور کی جاواب وئرمیرلر” بیر آن اوره­ییندن کئچدی. اوره­یینده­کینی دیلینه گتیرمه­دی. یئمکلری قورتارماق اوزره­یدی. تئلچی بیرآن دسته­یی یئره قویموردو. آنجاق او طرفدن جاواب گلمیردی.

   سحره یاخین هاوا سویوقلامیشدی. تک-تک قار اله­نیردی. پوستدان گلن قاراوولچولار یاتیردیلار. هاوا آیازیلاییب چیسکین کندین و یئمکخانانین اوزه­ریندن چکیلیردی. اون بئش- ایگیرمی مترلیک آیدینجا گؤرونوردو. بیردن کندین یوخاری باشیندا آتیشما باشلادی. تئز آیاغا دوروب ایکی نفر او طرفه گؤندردی: “تئز اولون سیز ایکینیز­ یوخارییا گئدین. بیزده اوبیری پوستلاری مؤحکملندیرمه­لییک.”-دئدی. نئچه آن کئچمه­دن کندین آشاغی طرفینده آتیشما باشلادی. آتش سسلری چوخالدی.  پوستلارا کمک یوللادی. هر پوستا بیر باشچی تعیین ائدیب و تاپشیریق وئردی: “چالیشین قولدورلاری کندین ایچریسینه چکیب درسلرینی وئرین.”

   آتیشما گوجلنمیشدی. پیلیموتلار بیرآن سنگیمیردیلر. هاوا ایشیقلانیب اطراف آیدینجا گؤرونوردو. ائرمنی قولدورلاری بویوک بیر نئچه دسته­یله بونلارا هجوم ائتمیشدیلر. اونلارین سایی قات- قات بونلاردان آرتیق ایدی. گوجلو سیلاحلارلا تجهیز اولونموشدولار. قولدورلاری کندین ایچریسینه چکیب بویوک تلفاتا معروض قویموشدولار. دؤیوش شدتله داوام ائدیردی. مرمیلری قورتارماق اوزره­یدی. پوستلارا خبر گؤندردی: “مرمیلرینیزدن یئترینجه یارارلانین. محاصیره­یه آلینمیشیق. سون مرمی بیزی اونلارین الیندن قورتارمالی دیر. اونلار گرک بیزه غالیب گلمه­سینلر. بیز اؤلومومیزله اونلاری ناکام قویمالییق.”

   ایره­لی­ده ائرمنیلر هوجوما باشلامیشدیلار. هر طرفدن آتش یاغیردی. گئتدیکجه سایلاری آزالیردی. گئری چکیلدیلر. یئمکخانا آرخادایدی. اؤزلرینی یئمکخانایا یئتیریب ایکینجی قاتا قالخدیلار. اوچ نفر قالمیشدیلار. دوارلاری اؤزلرینه سنگر ائدیب پنجره­دن اونلاری آتشه توتدولار. ائرمنیلر خزل یارپاغی سایاغی یئره تؤکولوردولر. آنجاق بئشی اولوردوسه، آلتیسی یئرینی توتوردو. ائرمنیلر قومبارا آتدیلار. یئمکخانانی توز و باریت قوخوسو بورودو. ایچریده قالماق مومکون اولمادیقیندان اؤزونو یئمکخانانین باییرینا سالدی. یئمکخانانین مانقالی اونون گؤزونه چارپدی. اورانی یاخشی تانییردی. بورانین اوستو مانقال و آشاغیسی کؤمور آنباری ایدی. مانقال دورد دمیر اوستونده اطرافی تاختایلا اؤرتولموشدو. انی بیر متر اوزونو ایکی و اوجالیغی یئردن هشتاد سانت ایدی. چوخ کؤومور توتسون دئیه ایچریسینی اووب بیر متر یئردن آشاغی سالمیشدیلار. اؤزونو اورایا یئتیریب کؤمور تایلارینین آلتیندا گیزلندی. آتش سسی آزالیردی. بیرآزدان یئمکخانین پیلکنلریندن آیاق تاققیلتیلاری ائشیدیلدی. دئمه­لی بوتون یولداشلارینی ایتیرمیشدی.

   یئریندن دربنمیردی. نفسینی سینه بوشلوغوندا حبس ائتمیشدی. بوتون حیسلری­ایله باییری دینشه­ییردی. تاختانین جیریغیندان باییری گؤروردو. قولدورلار گل-گئت ائدیردیلر. او اونلارین آیاقلارینی، دیزدن آشاغی­نی گؤروردو.

   ائرمنی باشچی­سی “سیرایا دوزولون”. -دئیه سسلندی. دسته سیرایا دوزولدو. اللی-آتمیش نفر اولاردیلار. نئچه نفر سسله­ییب تاپشیریق وئردی: “بوتون کندین بور-بوجاقلارینا کیمی دولاشین. بیر شئی نظردن قاچماسین”. -دئدی. دسته­یه راحاتلیق وئردی. هره اؤز دوردوغو یئرده سره­لندی. باشچی اونا یاخین اولدوغوندان بوتون امرلری آیندینجا ائشیدیردی.  

   گئدنلر بیر-بیر قاییدیب راپورت وئردیلر: “بوتون کند ضررسیزلشیب. بو کند بیزیم الیمیزده اولدوغوندان اونلار عکس هجوملا کندی اله کئچیریبلر. ساییلاری آز اولدوغوندان کشفیاتچیمیشلار. بیریده جانینی ساغ قورتارا بیلمه­ییب. یالیلاری­دا هئچ یوخدور. بوتون کند و اؤنده­کی کندلرده بیزیم الیمیزده­دیر.”

  باشچی تئلچی­نی سسله­دی: “قرارگاهلا علاقه ساخلا.”-دئدی. تئلچی علاقه یارادایب دسته­یی اونا وئردی: “بوتون کند اله کئچیب. اللی نفره یاخین ایتیرمیشک. اون دورد نفر آغیر یارالی دیر. امرینیزی گؤزله­ییرم.” تئلین او طرفینده دانیشانین سؤزلرینی ائشیده بیلمه­دی. “باش اوسته، امرینیزه عمل اولونور.” -دئیه دسته­یی تئلچی­یه وئردی.

   باشچی درحال خبردالیق وئردی. هامی اؤز یئرینده سیرایا دوزولدو. ” ایره­لی­ده آغیر دؤیوش گئدیر. بیزیمکیلر تاب گتیرمه­ییب، گئری چکیلیرلر. اونلارین بیزیم کمگیمیزه احتیاجی وار. اون کیلومتر قاباقدا خسته­خانا وار. یارالیلاری دا اؤزوموزله آپارمالییق. آرخادان آغیر تئخنیکا و تانکلار بیزیم کمگیمیزه گلیر. تله­سین یولا دوشوروک.”- دئدی. او دوردوغو یئرده اونلارین گئتمه­سینی گؤروردو.

او نه ائده­جه­یینی بیلمیردی. تانکلار و آغیر تئخنیکا اونون فیکرینی دارماداغین ائتمیشدی. ایچریده بوغولوردو. دسته سیرایلا کؤرپونون اوستونده ایره­لی­له­ییردی. اونلار اوزاقلاشدیقدا اطرافی دینشه­دی. سس-کوی کسیلمیشدی. مانقالین آنباریندان چیخیب سورونه-سورونه یئمکخانایا طرف یؤنلیب اؤزونو زئرزمی­یه سالدی.

   نریمان دایی بو یئمکخانانی باغی­نین قیراغی و یولون کناریندا تیکمیشدی. یول طرفدن بیر مرتبه و باغ طرفدن ایکی مرتبه ایدی. یئمکخانانین آرخاسیندا بویوک بیر قوواق آغاجی واریدی. بو قوواغین دووره کؤلگه­سینده دورد-بئش ماسا یئرلشردی. آغاجین گؤوده­سی ائله بویوک ایدی کی بوماسادا اوتورانلار او بیر ماسالاردا اوتورانلاری گؤرمزدیلر. مشتریلر یاز-یای مؤسومونده آشاغی و پاییز- قیش آیلاریندا اوست قاتدا اوتوراردیلار.

   اؤزونو قوواغین آرخاسینا چکدی. آخیرینجی قولدورلار کؤرپونون اوستوندن کئچیردیلر..او قرارا گلدیکی کؤرپونو پارتلادسین. کؤرپو اوتوز-قیرخ مترلیکده­یدی. اورا نئجه گئتملی ایدی؟ اونو گؤره بیلردیلر. بیردن بیر خاطره یادینا دوشدو.

   یئمکخانین آرخاسیندا نریمان دایی­نین باغی یئرلشیردی. بو باغین سویو بیر کؤهولدن گلردی. یازین اورتالاریندان یایین اوللرینه قدر چایین سویونون سطحی قالخاردی. سو آیاغی ایله گلیب باغی سوواراردی. سویون سطحی آشاغی دوشنده دجل اوشاقلارین سیناق میدانی اولاردی.

   یایین آخیرلاری ایدی. اورتا مکتبی قورتارمیشدیلار. هره اؤز سندینی اینستوتا وئرمیشدی. نامیق کند تصرفاتی اینستوتو، انتقام انشات، اودا اوکراینا یئر قووه­لر اینستوتونا. جاوابلار گلیب اوچونوده گؤتورموشدولر. گؤنلرینی نریمان دایی­نی باغیندا کئچیریردیلر. بیر گؤن آخشام اوستو انتقام دئدی:”گلین مرجلشک. کؤهولون بو باشیندان گیریب او بیری باشیندان چیخمالییق. بیر-بیریمیزدن آرالی اولمالییق. هرکس گئری قاییدسا اودوزور. اوهامینی یئمه­یه قوناق ائتمه­لی­دیر.”

   کؤهوله اول نامیق ، اوندان بیر نئچه دقیقه سونرا انتقام و آخیردا او کئچدی. اون-اون بئش متر گئتمیشدی، اونو واهیمه بورودو. قارانلیق، نم قوخولو هاوا و دوواردا اوچوشان یاراسالار اونو قیجیقلاندیردی. تاب گتیره­بیلمه­ییب، گئری دوندو. دوستلارین قوناقلیقی اونون حسابینا وئریلدی.

   اوکرایینا انستوتونو قورتاریب، جسارتینه گورا مدال آلیب، کشفیات بولومونده ضابیط وظیفه­سینه ییه­لنمیشدی. روسیا داغیلیب، آذربایجان مستقیل اولدوقدا باکی دا یئر قووه­لر آلانین کشفیات بولومونون کاماندری اولموشدو. قاراباغ، ائرمنی قولدورلاری طرفیندن ایشغال اولدوقدا، کؤنوللو جبهه­یه گلیب، کشفیات بؤلومون یاراتدی.  اونلارین کندی بویوک استراتژی یؤنلره مالیک ایدی. کند ائرمنی ایشغالیندا اولدوغوندان اوبیری جبهه­لرده چتینلیک چکیردیلر. باش کاماندرین اجلاسیندا آیاغا دوروب اون بئش نفرلیک بیر دسته ایله کندی ائرمنی قولدورلاریندان آزاد ائتمه­یه سؤز وئردی. باش کاماندردن خاهیش ائله­دی کی کند آزاد اولدوقدا قووه گؤندریلسین.

   ایکیجه گون چکمه­دن دسته­نی یاراتدی. دسته عضولری­نین چوخو هم­یئرلیسی ایدی. اونلار کندی اللری­نین ایچی کیمی بوتون بور-بوجاقلارینا کیمی بلد ایدیلر. گون باتار- باتماز کنده یاخینلاشدیلار. چایین ایچری­سینده گیزله­نیب هاوانین قارالماغینی گؤزله­دیلر. بوتون لازیمی تاپشیریقلاری وئریب دورد طرفدن کندی قومارالاییب و سسیز-سمیرسیز بوتون پوستدا اولان قولدورلاری سویوغ آلتلرله آرادان گؤتوردولر. ائرمنی قرارگاهینی دینامیتله­ییب کنارا چکیلدیلر. قرارگاه بیر آنین ایچینده پارتلاییب هاوایا سوورولدو. ایچریدن جانینی قورتاران دا باییردا گوﻟﻠه­لندی……

    زئرزمی­یه کئچیب دینامیت یئشیگینی گوتوردو. بیر کندیرله ساغ آیاغینا باغلاییب و کؤهوله گیردی. ایندی اطرافینا فیکیر وئرمه­دن، دورد ال-آیاقلی ایره­لی­له­ییردی. اونو دوشوندورن آنجاق کؤهولدن او طرفه چیخماسی و کؤرپونو دینامیتله پارتلاتماسی ایدی.

   نهایت کؤرپودن چیخدی. دینامیت یئشیگینی آیاغیندان آچیب بوینونا کئچیردی. ایلک ستوندان قالخیب دینامیتلری ستونا یئرلشدیردی. ستونلار بیر-بیرندن بئش متر آرالی ایدی. دوشوب بیرده قالخماق واخت ایتیرمکدن علاوه احتیاطسیزلیق ایدی. کؤرپونون تیریندن یاپیشیب وار گوجویله ایره­لی­له­ییب ستونلاری دینامیتله­ییردی. قول ساعاتینا باخدی. اون دقیقه­یه ایکی ستون دینامیت­له­میشدی. هله سککیز ستون آرخادا قالیردی. دئمه­لی آزی اللی دقیقه واخت لازیم ایدی کی ایشینی قورتارسین. یئشیگی گؤزدن کئچیردی. یئترینجه دینامیت واریدی. خرجلری بیرآزدا آرتیردی. آلتینجی ستونو قورتارمیشدی. بیردن تانکلارین سسینی ائشتدی. دورد ستون هله آرخادایدی. بو آز مدتده ستونلارین هامیسینی دینامیتله­ییب، قورتارا بیلمه­یه­جکدی. دینامیتلری یوخون فاصله­لرله کؤرپونون تیرلرینه ده یئرلشدیریردی. یئدینجی ستونا چاتمیشدی. کؤرپو بیردن دبردی. تانکلار کؤرپونون اوستونه چیخیردیلار. قالان دینامیتلری یئدینجی ستوندا یئرلشدیردی. هر آن تاققیلتی چوخالیردی. بوش یئشیگی بوینوندان چیخاریب تیردن آسدی. دینامیت ایشه سالان جاهازی الینه آلدی. قان-تر ایچینده بوغولوردو. هر آن سانکی بیر گون ایدی. آیاقلارینی تیره دایایاراق کوره­یینی ستونا یاپیشدیردی. ایندی اللری آزاد اولموشدو. تاققیلتی بئینینه دوشوردو. کؤرپو ائله سیلکلنیردی کی آز قالا ترازلیغینی ایتیریردی. وار گوجونو آیاقلارینا وئریب اؤزونو ستونا یاپشدیردی. تانکلار باشینین اوستونده­یدی. جاهازی ایشه سالدی.

   بیر آنین ایچینده بویوک بیر پارتلاییش یاراندی. دومان قاریشیق آلوو اطرافی بورودو. کؤرپو هاوایا سوورولدو. اوستونده اولان تانکلار و بوتون حربی تئخیکالار یووارلانیب چایین ایچینه توکولوب آلوولانیب یئنی­دن پاتلاییش سسی عالمی بورودو………..   

   دئییلنه گورا سمندر قوشو اوددان یارانیر. منجه قاراباغ قارتالی دا اوددان یارانیر. اونون جیسمی داغیلسادا روحو قارتال کیمی قاراباغین سماسینی دولاشیر…..

Müəllif: Elyar POLAD – إلیار پۏلاد

ELYAR POLADIN YAZILARI – إلیار پۏلاد


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Pərviz Yəhyalı – Dekabr qarpızı

PƏRVİZ YƏHYALI – YAZAR

DEKABR QARPIZI
(Hekayə)
Görünür, yaxşı sürücü olmadığımdandır ki, heç nə hiss etməmişəm.Yanımdan ötən maşın qəza işıqlarını yandırıb-söndürdü və daha sonra sürücü sükan arxasından əli ilə nə isə işarə etdi. Maşını yolun kənarına verib saxladım. Arxa sağ təkərin havasız olduğunu gördüm.Təbii ki, ilk olaraq ehtiyat təkəri çexolundan çıxarıb, təkər açmaq üçün açarı və domkratı yük yerindən götürdüm. Təəssüf ki, ehtiyat şində də hava yox idi. Nasos isə ümumiyyətlə maşınımda olmadığı yadıma indi düşdü.
Məndən təxminən otuz-qırx metr irəlidə ağ rəngli jiquli maşını dayanmışdır. Adətən belə sovet maşınlarında nasos olur deyə yaxınlaşmağa qərar verdim. Üz-gözündən nüranıliyi ilk andaca sezilən yaşlı kişi yolun kənarında qarpız satırdı. Onun piştaxtasının üstündə on-on iki qarpız vardı.
-Salam ağsaqqal,bazar olsun!- dedim.
-Çox sağ ol oğul -deyə cavab verdi və əlavə etdi:- Texnika şıltaqlıq edir?
-Hə ağsaqqal. Nasosunuz olmaz?
-Yox oğul! Qabaqda Sığırlı kəndinə yaxın təkər təmiri yeri var.
-Axı necə…
– Problem deyil, mən aparıb hava vurduraram, altı-yeddi klometr ola-ya olmaya
-Dayı can, xəcalət verirsiz ,amma başqa secimim də yoxdur- dedim.
Ehtiyat təkərimi baqajında qarpız olduğundan maşının salonuna yerləşdirdim.
-Narahat olma, bu saat hava vurdurub qayıdacam.Əgər kimsə saxlayıb qarpız istəsə kilosu iki manatdır. Hamısı standart on kiloluqdur. İyirmi manat!
-Arxayın olun, dayı – dedim.
Heç ağsaqqalın maşını uzaqlaşmamış bir AMC markal mersedes saxladı. Salamsız-kəlamsız qarpız neçəyədir soruşan gənc oğlana bir anlıq tərəddüdən sonra iki manat cavabını verdim.
-Yəni biri iki manata?
-Xeyir kloqramı,biri iyirimi manata
-Bu dekabr soyuğunda qarpızı kimdi alan. Birinə beş manat verim?
-Sahibi mən deyiləm. Mənə tapşırıb ki,birini iyirmi manata verərsən.
Gənc oğlan, heçnə demədən, sükan arxasına əyləşib sürüb getdi.
Bir az keçmişdi, solğun yaşıl rəngli vaz “011” markalı köhnə maşın saxladı. Maşının vəziyyətindən hiss olunurdu ki,o yalnız ayağı yerdən üzməyə yarayır.Sürücü 30-35 yaşlı, qarayanız gənc idi. Maşının arxa qapısı da eyni vaxtda açıldı. Solğun bənizli gənc xanım düşəndə zənn etdim ki, onlar ər-arvaddır. Qarpız seçmək üçün ikisi də piştaxtaya yaxınlaşacaq. Amma zənnimdə yanılmışdım. Xanım maşının arxasına keçdi. Mənə elə gəldi ki,onun sifəti avazımış, üzündə ləkəyə bənzər qızartı vardı. Diqqət yetirməyin etik normalardan kənar olduğunu anlasam da, ancaq onun ögüməyini hiss etməmək mümkün deyildi.
-Salam qardaş! Bazar olsun! Qarpız neçəyədir?
Tutuquşu kimi ikinci “müştərimə” də cavab verdim.
-Bu soyuqda qarpızı heç kim kefindən almaz- deyə o, maşınına tərəf döndü.
Qeyri-ixtiyari əlini dəsmalla ağzına tutan xanıma baxdım. O, maşından iki-üç metrlik məsafədə idi. Çevrilib əyləşmək istəyəndə ilk olaraq sol ayağını atdı. Anidən,haradan yadıma düşdüyünü anlamadım ki,axı qadınlar əsasən yeriyəndə sağ ayağı birinci atır. Bəlkə də bu xanım boyludur fikirləşdim.
-Qardaş bəs siz neçəyə istəyirsiz?
Gənc:
-Beş manatım var,verərsiz?
-Əlbəttə! Buyurun götürün!
Ağsaqqal naşı olduğumu görüb, təkərin dəyişdirilməsini də özü etdi. Xüdafizləşmək məqamı çatanda, cibimdən iyirmi manat çıxarıb:
-Siz gələnəcən bir qarpızınızı satmışam -dedim.
-Nə yaxşı, ay oğul. Elə olur ki, heç mən üç gündə bir qarpız sata bilmirəm.
Sonra isə onun “qonaq olun” deməsinə baxmayaraq, bir qarpız da özüm üçün aldım.                                                                                       

Müəllif: Pərviz YƏHYALI

PƏRVİZ YƏHYALININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru