Etiket arxivi: PROZA

Türk Edebiyyatı Vakfının Ödül töreni – Xəyalənin təqdimatında

4 fevral 2022-ci il tarixində Ankarada TürkSOY Genel Mərkəzində Türk Ədəbiyyatı Vəqfinin 2022-ci il üzrə təsis etdiyi “Yaşayan Dədə Qorqud” və “Türk Dünyasına Üstün Xidmət Ödülləri”nin təqdimatı mərasimi keçirildi. Bu münasibətlə Türk Ədəbiyyatı Vəqfi başqanı Sərhat Kabaklı, “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar, Türk ədəbiyyatı Vəqfinin başqan vəkili Esat Kabaklı, Ömer Balıbey, Vəqfin yönəticilərindən Mehmet Ali Talayhan, “Türk ədəbiyyatı” dərgisinin əməkdaşı Səadət xanım Örməci və Yüksəl xanım Kabaklıdan ibarət heyət İstanbuldan Ankaraya rəsmi səfər etmişlər. TürkSOY genel mərkəzində gerçəkləşən ödül törənini giriş sözü ilə açan Türk Ədəbiyyatı Vəqfi başqanı Sərhat Kabaklı Türk dünyasına könüllü xidmət edən aydınlarımızı bu ödüllərlə təltif etməkdən qürur duyduğunu dilə gətirdi. Başqanın açılış nitqindən sonra “Türk ədəbiyyatı” dərgisinin əməkdaşı Səadət xanım Örməci Türk Ədəbiyyatı Vəqfinin və “Türk ədəbiyyatı” dərgisinin  Türk İnsanının mənəvi təşəkkülündə və milli düşüncəsinin formalaşmasında önəmli yerindən bəhs edən maraqlı nitq söyləyərək çıxışının sonunda Vəqfin təsis etdiyi ödülləri və sahiblərinin adlarını açıqladı: Mərhum şeyxülmühərririn Ahmet Kabaklı və dostları tərəfindən 1972-ci ildə qurulan Türk Ədəbiyyatı Cəmiyyəti 1978-ci ildə Türk Ədəbiyyatı Vəqfi olaraq fəaliyyətini davam etdirmişdir. Türk mədəniyyətinin ən sağlam və sarsılmaz sütunlarından olan Türk ədəbiyyatı Vəqfi bu günə qədər gerçəkləşdirmiş olduğu fəaliyyətlərlə milli köklərimizə bağlı qalaraq “kökü keçmişə söykənən gələcəyi” inşa etməyə çalışan bir qurumdur. Türk ədəbiyyatı Cəmiyyətinin mətbu orqanı olaraq 1972-ci ilin Yanvar ayında ilk sayı ilə oxucuları salamlayan Türk ədəbiyyatı dərgisi bu ay yayın həyatındakı 580 sayını geridə qoymuşdur. Ədəbiyyat tariximizin ulu çinarlarından olan dərgimiz Türk ədəbiyyatında ən çox yol gələn dərgilərdən biridir. Türk Ədəbiyyatı Vəqfi və “Türk ədəbiyyatı” dərgisi yarım əsrdir ki, elm, mədəniyyət və sənət adamlarını dəstəkləyən, onların əsərlərini yayımlayan qutlu bir ocaq olaraq varlığını davam etdirməkdədir. 50 ildir davam edən “Çərşənbə söhbətləri” Türk Ədəbiyyatı kürsüsünü elm, mədəniyyət, sənət məsələlərinin dilə gətirildiyi, gündəmə daşındığı və müzakirə olunduğu bir platformaya çevirmişdir. Calal Bayar, Alparslan Türkeş, Rauf Denktaş, Deniz Baykal kimi siyasətçilər, Mehmet Kaplan, Erol Güngör, Faruk Kadri Timurtaş, Osman Yüksəl Serdengeçti, Samiha Ayverdi, Alaəddin Yavaşca, Nəcib Fazil, Orxan Şaik Gökyay kimi neçə elm, mədəniyyət və adamları, şair və yazarlar bu kürsüdən konfrans vermiş, nitq söyləmişlər. Bu konfranslara aid 50 illik zəngin bir arxivimiz də vardır. Vəqfimizin “Türk ədəbiyyatı Vəqfi yayınları”, “TEDEV uşaq nəşrləri”, Türk dünyası ədəbiyyatlarına aid əsərlərin yayımlandığı “Turay yayınları” olmaqla üç müxtəlif yayın evləri vardır ki, bu günə qədər 375 müxtəlif kitabın nəşrini gerçəkləşdirmişdir. Türk Ədəbiyyatı Vəqfi Türk mədəniyyətinə önəmli xidmətləri olan elm və sənət adamlarını hər il mükafatlarla təltif etməkdədir. Bu il mükafat komissiyamızın irəli sürdüyü təklifə əsaslanaraq Vəqfin idarə heyətinin 8 yanvar 2022-ci il 2022/01 saylı qərarı ilə: Dilçilik elmimizə verdiyi böyük töhfələrinə görə Türk dünyasında dilimizin piri kimi qəbul edilən Professor Ahmet Bican Ercilasun, Türk kimliyinin inşası üçün əsərləri və mücadiləsi ilə bu yolda həmişə ön sırada dayanan, eyni zamanda Vəqfimizin qurucularından olan Professor İsgəndər Öksüz, şeirləriylə Türk dünyasının hər bölgəsində boy göstərən, “Arala ağı”, “Göygöl”, “Türkülər” kimi şeirləri ilə Türkcənin bayraqdarlığını edən şair Ali Akbaş “Yaşayan Dədə Qorqud” ödülünə layiq görülmüşdür. Türk Dünyasının ortaq qurumu olan və qurulduğu gündən bu yana Türk mədəniyyətini və sənətini beynəlxalq müstəvidə təbliğ edən, tanıdan, TÜRKSOYa rəhbərlik etdiyi gündən bəri Türk dünyasının mədəni zəmində birləşib bütünləşməsi üçün çox böyük işlər görən TÜRSOY Genel Sekreteri Düsen Kaseinov; ömrünü türklük davasına həsr etmiş, bugünə qədər qurulan bütün milli təşkilatlarda qurucu və ya üzv olaraq çalışan Türk milliyyətçilərinin böyüyü, ağsaqqalı Sadi Somuncuoğlu, ədəbiyyatdan musiqiyə, dildən sənətə çox fərqli müstəvilərdə milli mədəniyyətimizi yaşatmağa çalışan, hər qurumda, dərgidə yazılarıyla yer alan, intellektual kimliyi ilə istedadlı gənclərə daima yol göstərən şair, yazar, tənqidçi, publisist A.Yağmur Tunalı, qurduğu İLESAM VƏ TÜRKSAV kimi qurumlarda yürütdüyü çalışmalarla Türk dünyasının hafizəsində xüsusi yeri olan, şeirləriylə könüllərdə taxt quran Yahya Akengin, Türk ocaqları təşkilatından başlayaraq Türk dünyasına yönəlik fəaliyyətləri ilə daim öndə olan, Avrasiya Yazarlar Birliyinin və Türk dünyasının ortaq dərgisi olan  “Qardaş qələmlər”in qurucusu doç.dr. Yaqub Öməroğlu “Türk Dünyasına Üstün Xidmət Ödülü”nə layiq görülmüşlər.

 Daha sonra təqdim etmə mərasimi keçilirilmiş və  mükafatlar  sahiblərinə təqdim edilmişdir. “Yaşayan Dədə Qorqud”, “Türk Dünyasına üstün xidmət ödülləri” ilə yanaşı xüsusi  olaraq bir mükafatın da təsis olunduğu diqqətə çatdırılmışdır.  

“Türk ədəbiyyatı” dərgisinin 50 illik yubileyinə özəl olaraq Dərginin ən qiymətli və vəfalı oxucusu Zəki Birdoğan “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar tərəfindən xüsusi təltiflə mükafatlandırılmışdır.  Xatırladaq ki, Vəqfin təsis etdiyi digər ödüllər 8 fevral 2022-ci il tarixdə İstanbulda Türk Ədəbiyyatı Vəqfində düzənləcək törəndə sahiblərinə təqdim ediləcəkdir.  

Müəllif: Xəyalə ZƏRRABQIZI

Filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZNIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xəyalə “Türk edebiyyatı” dergisinin qar çiçəkləri qoxulu fevral sayını vərəqləyir…

“Dergi hür tefekkürün kalesidir” – deyirdi Cemil Meriç. Gerçəkdən də hürr təfəkkürün qalası ola bilmək böyük cəsarət işidir. 50 il boyunca, sözün həqiqi mənasında, türk milli düşüncəsinə söykənərək hürr təfəkkürün binasını qoyan “Türk ədəbiyyatı” dərgisinin bu gün ən yüksək səviyyədə işıq üzü görməsi istiqamətində dəyərli böyüyüm, əziz Ustadım İmdat Avşar yorulmaz xidmətlərdə bulunmaqdadır. 

Kabaklı Hocanın başladığı qutlu yolun mənəvi varisləri kimi bu gün İmdat bəy başda olmaqla dərginin bütün yaradıcı heyəti böyük məsuliyyət və vicdanla çalışmaqdadır. Bu günlərdə “Türk ədəbiyyatı”nın Şubat (fevral) sayı oxucuların görüşünə gəlib. Hər bir sayda olduğu kimi fevral sayında da ədəbi, fəlsəfi, akademik araşdırmaların məzmun orijinallığı, ehtiva etdiyi dərin məna və elmi mündəricəsi, oxucunun hər ovqatda bədii zövqünü oxşayan hekayə və şeirləri, ədəbi proseslə birgə addımlayan, zamanla səsləşən maraqla müsahibələri oxuduqca çağdaş türk ədəbi, mədəni, elmi mühitinin mənzərəsi, eyni zamanda, işinə yüksək peşəkarlıq, həvəslə yanaşan baş redaktorla bərabər yaradıcı heyətin yorulmaz əməyi təsəvvürümüzdə işıqlanır. “Türk ədəbiyyatı” oxucularını sevgiylə salamlayan İmdat bəy “Həsbi-Hal”da fevral ayında Haqqa qovuşan Kabaklı Hocanın əziz xatirəsini rəhmətlə anır: “8 fevral dərgimizin qurucusu, şeyxülmühərririn Ahmet Kabaklının Haqq dünyasına qovuşmasından 21 il ötür. Əlli illik bir mədəniyyət qalasının təməlini qoyan və bu qutlu ocağın məşəlini yandıran ustadımızı rəhmət və minnətlə yad edirəm!” 2022-ci il dərginin 50 illik yürüdüyü yola, tarixə şahidlik edənlərin xatirələrini, dəyərləndirmələrini yayınlamaq təşəbbüsündə bulunan baş redaktorun Fevral sayının ilk səhifələrində Ahmet Kabaklının yetirməsi M.Mehdi Ergüzelin yazısına yer verilməsi olduqca təqdirəlayiqdir. “Milli ədəbiyyatımızın qalası Türk ədəbiyyatı 50 yaşında” yazısıyla M.Mehdi Ergüzel bu müqəddəs ocaqdakı xatirələrin işığında milli ədəbiyyatımızın qalası olaraq dəyərləndiyi dərginin şahid olduğu illəri, o illərin hadisələrini vərəqləyir. “Ahmet Kabaklının ilk şeirləri” adlı məqaləsində Təhsin Yıldırım “Kabaklı Hocanın “Bizim Türkiyə” dərgisində 3 mart – 21 iyun 1948-ci il tarixlər aralığında yayımlanan siyasi həcvlərə bənzəyən ilk qələm təcrübələrini təhlil müstəvisində işıqlandırır. Bir oxucu olaraq hər sayını böyük sevgiylə gözlədiyim, hər bir yazısını maraqla oxuduğum “Türk ədəbiyyatı”nda təqdir etdiyim özünəməxsus bir cəhəti qeyd etmək istəyirəm. May ayında Haqqa yürüyən Əminə İşınsunun, oktyabrda İnci Çayırlının, yanvarda Sezai Karakoçun, bu sayda isə Günay Karaağacın gözəl yazılarla anılması, yad edilməsi bir vəfa borcu olmaqla yanaşı həm də ömrünü ləyaqətlə yaşamış insanların ardından kövrək bir xatirə kimi yadda qalır. Günay Karaağac Türk dünyasının dil bilginlərindəndir. “Azərbaycan bayatıları” kitabını ərsəyə gətirən bu böyük alimin xidmətləri Türkiyə ilə bərabər həm də Azərbaycanı əhatə edir. “Türkcənin dünya dillərinə təsiri”, “Dil, tarix və insan”, “Türkcənin söz düzümü”, “Türkcənin səs bilgisi” kitabları ilə türkoloji elmimizə böyük töhfələr verən Günay Karaağac 8 dekabr 2021-ci il tarixdə 72 yaşında Haqqa qovuşub. Vahid Türk “Günay Karaağacın Türkcə Verintilər sözlüyü”, Özkan Öztekten “Torpağın tərbiyə etdiyi gözəl insan: Günay Karaağac” məqalələrində mərhumun əziz xatirəsini rəhmətlə anır. Bu məqalələr həm də Prof.dr. Günay Karaağacın elm aləmindəki hizmətlərini işıqlandırır. Prof.dr. Mustafa İsen və qızı, türk dünyasının gənc elm adamlarından olan prof.dr. Tuba İşınsu Durmuşun imzası bizlərə “Sultanların şeirləri… Şeirlərin sultanları” kitablarından doğmadır. “Türk ədəbiyyatı”nın fevral sayında Bilal Gözəl “Qılıncın və qələmin sultanları” kitabı üzərinə dəyərli Tuba xanım və Mustafa bəylə maraqlı söhbətini oxuculara təqdim edir. “Nurəddin Topçu: məsuliyyətli bir müəllim, elm və fikir adamı, filosof, yazar” yazısıyla Şaban Kumcu həyatı, yaradıcılığı və əsərlərinin təhlil müstəvisində Nurəddin Topçunun maarifçilik görüşlərini, İslami əxlaq və mənəvi baxış açısını işıqlandırır. Orxan Arasın ötən saylarda yayımlanan Bozkırın böyük oğlu Çingiz Aytmatov haqqında yazısı çox sayda oxucuların rəğbətinə səbəb olmuşdu. Fevral sayının “Almaniyadan məktublar” bölümündə Orxan Aras “Sürgündə bir məzar: Mustafa Çokay” məqaləsində Türküstanın birliyi uğrunda fədakar mübarizlərdən olan, Qazaxıstanın ictimai-siyasi xadimi Mustafa Çokaydan söhbət açır. Ötən yazısında Qonçarovun “Oblomov” romanına və qəhrəmanın adı ilə eyni səsləşən “oblomovçuluq” ideologiyasına orijinal baxış sərgiləyən Aqşin Yenisey bu sayda “Kafka ilə Soljenitsində totalitarizm: Şato və Gulag” adlı araşdırmasında hər iki ədibin yaradıcılığında totalizm görüşlərini təhlil edərək bunun ədəbiyyata və bədii əsərlərə təsirindən danışır. Zəkai Özdəmirin qələmində isə “Dostoyevskinin “Cinayət və cəza” romanının şərhi”ni oxuyuruq. Professor Cemal Kurnazın “Şair sözü yalandır”, Kazım Yetişin “Şeir və düşüncə”, Sultan Poladın “İtmiş miras” dənəmələri elmi-publisitik yönləri ilə diqqətimizi çəkməkdədir. Nəsr bölümündə həyat həqiqətlərini bədii sənət materialına çevirərək bənzərsiz detalları ilə orijinal süjetlər yaradan Zübeyde Andıç “Şəkil”, “Yıldırım Türk “Pərdə”, Hüzeyme Yeşim Koçak “Dik durma”, Özşan Koban “Ben Bilal Hadi” əsərləri ilə hekayəsevərlərin görüşünə gəlir. Azərbaycan ədəbi mühitinin istedadlı gənclərindən Aysel Xanlarqızının “Sən gəldin” şeiri Azərbaycandan şeir payı kimi türk oxucularına ərməğan olunur. Mahmud Bahar “Qu quşları geri döndü” , Şadi Oğuzxan “Göy üzü qədər”, Ahmettahsin Erdoğan “Son gün”, Səlim Tuncbilək “Mərhəba”, Məhmət Baş “Hörgüç”, Cəlaləddin Kurt “Ezgilər çərçisi”, Rıdvan Yıldız “Karstik tənha” şeirləri ilə poeziya sevərlərin zövqünü oxşayır. Çağdaş türk ədəbi mühitini, mədəni ortamı və ictimai prosesləri izləmək baxımından “Türk ədəbiyyatı” dərgisinin Şubat (fevral) sayı oxucu qarşısında geniş imkanlar yaradır. Dərginin hər sayının yolunu həvəslə gözləyir, oxuduğumuz bir-birindən dəyərli bu gözəl yazıların işıq üzü görməsində əməyi keçən hər kəsə uğurlar arzulayıram! “Türk ədəbiyyatı”nın fevral sayını vərəqləyə-vərəqləyə təəssüratlarımı qələmə alarkən, Dərginin yayın kurulunda önəmli xidmətləri olan, Milli düşüncəli yazıları ilə Azərbaycanda da böyük sevgiylə oxunan, Elçibəy, Turan Yazgan, Ahmet Kabaklı… kimi böyük türk aydınlarının yolunu şərəflə yürüyən, “Oğlun oldum ey Anneler Annesi” yazısıyla duyğularımın, “Devler keçdi bu yollardan” kitabıyla düşüncələrimizin tərcümanına çevrilən istedadlı yazar-şair A.Yağmur Tunalının Kabaklı hocanın anım günü ərəfəsində “Türk Dünyasına Üstün Hizmət Ödülü” ilə təltif edilməsi sevincinə şərik olur, Yağmur ağabəyimizi bu münasibətlə ürəkdən təbrik edir, gələcək işlərində və yaradıcılığında başarılar diləyirəm! 

Müəllif: Xəyalə ZƏRRABQIZI

Filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZNIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMALIN AD GÜNÜDÜR!

Şəlalə CAMAL

Bu gün “Yazarlar” jurnalı redaksiya heyətinin üzvü və eyni zamanda yaradıcılıq məsələlri üzrə meneceri, gənc yazar Şəlalə Camalın ad günüdür. Bu xoş gün münasibəti ilə qələmdaşımızı təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, Şəlalə xanım!


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyla Yaşar – Ümid “xəstə”si

LEYLA YAŞARIN YAZILARI

Ümid “xəstə”si
Tibb bacısından xahiş etmişdi, bu gün çarpayısını pəncərənin yanına qoyacaqdılar.
Doya – doya pəncərənin şəffaf şüşəsindən günəşin nura boyadığı dünyaya baxacaqdı.
Çox keçmədi nərmənazik, badam dodaqlı, gülər üzlü həkim tibb bacısı ilə gəldi.
Bu həkimdəki xoş ovqata heyran olmamaq mümkün deyildi.
Hər xəstəni öz dilində dindirən, xoş nəvazişlə yanaşan, qardan seçilməyən ağ paltarlı qadın sanki bir mələk idi.
Gülə- gülə bizə yaxınlaşdı.
Salam verib, əlini onun alnına qoydu:
– Niyə narahatsan, ay dayı?
– Yox, ay qızım, narahat deyiləm.
– Çarpayının yerini indi deyişəcəklər, narahat olma.
– Çox sagol, qızım .
– Bax ha, özünü yerə çox vermə. Sənin hələ nə yaşın varki?
Gülürük.
-70 – i keçib, ay qızım.
– Maşallah, 17 yaşında görsənirsən .
Dayının dodağı qaçır. Üzünə cavanlıq eşqi gəlir, bığaltı gülümsünür.
Həkimin dediyi bu bir kəlmə ona ruh verir sanki. Dikəlib oturur.
– A qızım, Allah səndən razı olsun.
– Yastığın yüngül olsun, dayıcan, gələcəm. – deyib başqa xəstələrini yoxlamağ gedən gözəl qəlbli həkimin vurduğu ətrin qoxusu bir müddət otaqdan çəkilmir.
Bir az keçmiş iki tibb bacısı gəlib, dayının çarpayısının yerini dəyişirlər.
Dayının qoluna girib stulda otuzdururuq. Güclə oturan dayının iradəsinə heyran
– heyran baxıram.
Stulda rahat otura bilməyən dayı əlimi geri itələyir :
– Ay ogul, məni tutma, hələ gücüm tükənməyib.
Gülürük.
Tibb bacıları dayının çarpayısını düzəldib, dayını öz yerinə keçirdirlər.
Dayı bir müddət oturub, pəncərədən çölə baxır. Günlərdi burdadı, yanına tez – tez gəlirəm. Xəstəliyi çox ağırdı. Vəziyyətində heç bir irəlləyiş yoxdu.
Son günlərini yaşadığını özü bilmir. Müalicə alıb evə qayıtmaq ümüdü ilə yaşayır.
Sevgi dolu gözlərlə pəncərədən çölə baxır.
Payızın, küləyin yelinin vurub yerə sərdiyi yarpaqlara baxdıqca ah çəkir .
Üzünü mənə tutub :
– Bax, bala görürsən yarpaqları?
Başımı yelləyirəm. Narahat oluram. Nahaq çarpayının yerini dəyişdik ,
– Payızdı, dayı, yarpaqların tökülən vaxtıdı.
– Elədi oğul, həyat da belədi, zəif insanları tez məğlub edir.
Heç nə demirəm.
Sükut çox çəkmir.
– Uzan, bir az dincəl.- deyirəm.
– Narahat olma, oğul.
Mən yaxşıyam.
Çətinliklə uzanır. Yenə də mənim köməyimdən imtina edir.
Hava qaralmağa doğru gedirdi .
Birdən güclü külək başladı. Agaclar küləyin müşayəti ilə rəqs edirdilər . Hərdən pəncərəyə gəlib dəyən nar agacının çubugu , sanki küləyin çaldıgı musiqinin son akkordlarını vururdu .
Dayıya belə hava xoş olmaz deyə düşündüm .
– Bəlkə pərdəni çəkək ?
– Nə danışırsan , ay ogul? Belə gözəl təbiət hadisəsini qaçırtmaq olar?
– Bir azdan ildırım , falan ..
Sözüm agzımda qaldı .
– Hər bir təbiət hadisəsinin öz yeri var . Mən hər birindən güc alıram .
Bir az əsəbi verilən cavabdan sonra sakitcə yerimdə oturdum.
Nədənsə darıxmaga başladım .
– Durum bir siqarət çəkim,dayı icazənlə .
– Get ay ogul , ö zəhirmarı qarışdır qanına . Elə bilirsən xeyri var?
– Adətkar olmuşam , tərgidə bilmirəm .
– İradən olsa , tərgidərsən. Mən də çəkirdim , cavanlıqda .. Eh .. başını bulayır .
– Cavan idik , dostlarla içki məclisi qurardıq , səhərəcən qəlyanın tüstüsü siqaretin tüstüsünə qarışardı . Havadakı dumana baxıb həzz alardıq .Noldu sonu?
– Ay dayı ,xəstəliyin ona nə dəxli?
– Hə , bax , mən də elə deyirdim . İndi deyirəm keşkə o səhvləri etməzdim .
Siqaret eşqim sönür . Yandırmaq istədiyim siqareti qutusuna qoyub çölə çıxıram .
Öz – özümə düşünürəm .
Həkimlər dayının vəziyyətinin çox pis oldugunu deyirlər . Kimsəsi olmayan bu agsaqqala nəsə olsa mən neyniyərəm?
Qəribə tanışlıgımız olmuşdu dayıyla .
Gec idi , yorgun argın evə qayıdırdım . Bu gün aylıq məvacibimi almışdım . Beynimdə kirayə pulu , kamunal ,borclarımı ödəməyəcək pulumun haqq – hesabını etdiyimdən , ətrafda baş verənləri görmürdüm . Dar dalanların birinə girmişdim . Hər dəfə burdan qorxa – qorxa keçirdim . Birdən yaxınlıgımda hənirti eşitdim . Arxaya dönməyə macal tapmadım . İsti havada böyrümə dəyən soyuq nəsə oldugunu hiss edən kimi ürəyim sanki yerə düşdü .Qorxdugum başıma gəlmişdi . Soygunçular idi . Biri bıçagı böyrümə tutdu, o biri üst başımı axtardı .Bir tərəfdən canımın ,digər tərəfdən onsuzda problemlərimi ödəməyəcək maaşımı itirmək qorxusu məni az qala dəli edəcəkdi . Birdən kimsə o iki nəfəri götürüb divara çırpdı . Heç nə anlamadım . Qaçmaga taqətim olmadıgından ordaca yerə oturdum . Məni xilas edən , yerdən qaldıran, bu gün can verən dayı idi. Ondan sonra dost olduq .
Otaga qayıtdım. Dayı üzünü pəncərəyə çevirib , göyün üzünə gözünü qırpmadan baxırdı . Sanki gözünü qırpsa , nəyisə qaçıracaqdı .
Xəyaldan ayırmaq istəmirəm .
Bir qədər baxandan sonra gülümsünür . Üzünü mənə çevirib ;
– Yaxın gəl ,sənə həyat heykayəmi danışacam .- deyir .
Sevinərəkm çarpayısının ayaq tərəfində otururam .
– Hə ogul bala , mən də sənin kimi cavan olmuşam. Gəncliyimdə bir qıza aşiq olmuşdum . Fikirə gedir , gözləri dolur , agır – agır nəfəs alır .
– Su verim?
– Yox , yox . Yaxşıdı hər şey .- deyib , özünü gümrah göstərmək üçün sönük gözlərinə yalançı ümüd gətirir .
– Hə bala , dəlilər kimi sevirdim. Yolda görmüşdüm , kim oldugunu bilmirdim. Gözüm ondan başqa heç kimi , heç nəyi görmürdü .Çiyninə tökülən şabalıdı saçları , iri qara gözləri məni valeh etmişdi . Əyninə geyindiyi baharı xatırladan al əlvan rəngli donlar ona xüsusi yaraşır , gözəllik verirdi . Yaxınlaşmaga cürət etmirdim , amma şam kimi əriyirdim . Hər dəfə yolunda durub ilahinin yaratdıgı bu gözəlliyə doyunca baxmaq üçün saatlarla işimdən ayrı qalmalı olurdum. Amma bu məni yaşadan , gün verən günləri xatırladıqca indi də ruhum sanki cavanlaşır , xoşbəxt oluram .
Hə nə başını agrıdım , 4 ay beləcə bu gözəl günləri yaşadım.
Bir gün özümdə güc tapıb , mənə enerji verən günəşimə yaxınlaşdım .
Qəlbimin dərinliklərində kök atan sevgimi bu gözələ bildirdim . Heç nə demədi .İri gözlərini süzdürüb gülümsündü . Uzaqlaşıb getdi . Mənim cismimi də , ruhumu da özünə baglayıb getdi .
Günlər beləcə keçirdi . Mən yaxınlaşıb danışırdım , o gülümsünürdü .
Düzünü desəm cavab verməməyi məni pərt etsə də , büruzə verməməyə çalışırdım . Bir gün yenə işdən gəlirdi . Belə bir hava var idi . Əlində çətir tutmuşdu , qarşı səkidən gəlib yanımdan keçəcəkdi . Mənə çatanda istədim səni sevirəm deyib qışqıram . Nədənsə utandım , amma qarşısını kəsib dilim topuq vura – vura , onsuz yaşaya bilməyəcəyimi , ona aşiq oldugumu dəfələrlə təkrarladım .
Yenə gülümsündü , əlində tutdugu vərəqi mənə verib , uzaqlaşdı . Tez – tələsik səliqə ilə bükülmüş vərəqi açdım .
– Mən nə eşidə , nə də danışa bilmirəm .Zəhmət olmasa fikrinizi bu vərəqə qeyd edin . – yazmışdı . Elə bil məni ildırım vurdu . Yerimdəcə quruyub qaldım . Əvvəl məni aldatdıgını zənn etdim . Sonra öyrəndim ki , zavallı həqiqətən qüsurlu imiş .
Səbrim çatmıyıb , həyəcanla yarıda hekayəsini böldüm ;
– Uzaqlaşdın?
Əsəbi şəkildə mənə baxdı ;
– Dəli olmusan? Sevgi qüsur tanımaz bala .
Səbrsizləndim .
– Sonra nə oldu?
Öskürək tutdu dayını . Sinəsindəki xışıltı, köksününün tez – tez qalxıb – enməsi vəziyyətinin yaxşı olmadıgını göstərirdi .
– Bir az dincəl , danışarsan.
– dedim.
– Hə bala, düz deyirsən .
Amma dayana bilmədiyi bəlli idi . Yenidən danışmaga başladı.
– Qüsurlu olmagı vecimə deyildi , bütün halıyla qəbulum idi . Bircə hə desəydi , hər şey yoluna düşəcəkdi .
Sevgimi kagız üzərinə sıgdırıb , ona cavab verə bilmirdim . Amma əlacım yox idi . Bircə kəlmə yazdım .Səni sevirəm , mənim həyatımın sönməyən günəşi olarsan?
İnan adını da bilmirdim .Sən demə bu gözəlliyin adı Şəms imiş . Odur ki günəş kimi bərq vururmuş .
Bir gün əlim əsə – əsə məktubumu ona verdim . Günlərlə yolunda dayanıb cavab gözlədim . Gəlib yanımdan keçəndə başını aşagı salıb keçir ,sönük gözlərini gizlətməyə çalışırdı .Heç nə anlaya bilmirdim . Ürəyim az qalırdı dayana . Əlim hər şeydən soyumuşdu . Artıq işə də getmirdim . Siqareti – siqaretə calayırdım .
Və bir gün . Gözlədim gəlmədi . İki gün gözlədim gəlmədi .Vəziyyətimi təsəvvür belə edə bilməzsən . Nə edəcəyimi bilmirdim . İntihar etməyə belə gücüm yox idi . Səssiz gediş məni məhv etmişdi .
Bir neçə gün sonra öyrəndiyim xəbər məni göydən götürüb yerə çırpmışdı .
Dayının danışdıqca həyəcandan qızardıgını , əllərinin əsdiyini görüb qorxuya düşdüm . Tibb bacısını səsləmək istədim , qoymadı .
– Onsuzda bu gün sabah öləcəm ,qoy sonacan danışım – deyib , gülümsəməyə çalışdı . Kədər dolu gözlərdə illərin sevgisi yatırdı .
– Hə bala , öyrəndim ki ,yazıq qız ,həm də ürək qüsurlu imiş . Bu dünyaya əlvida deyibmiş .
Ondan sonra illərlə yaşaya bilmədim . Mənim sevgi günəşim ölmüşdü . Qəbrini tapıb günlərlə ora gedib aglayırdım Məzarı ilə dərdləşir , günlərimi onunla keçirirdim . Ölmək istəyirdim.
İllər sonra ayıldım ki , həyat davam edir .İlahidən güc alıb , həyat adlı amansız taleyimlə barışıb yoluma davam etdim.
Sonra ailə qurmadım. Ona olan eşqimi qəlbimə həkk etmişdim. Günəş qəlbimdə ayrısı üçün yer buraxmamışdı.
Bəlkə də anamı uşaq vaxtı itirməyim, bacımın olmamagı ona bu qədər baglanmagıma gətirib çıxartmışdı. Bəlkə də onlar olsa idi mənim həyatımı başqa tərəfə istiqamət alardı.
Amma bir söz deyim, mənim eşq adlı günəşim sönmüşdü. Həyat adlı sevgimsə bu günə kimi məni bir gün də olsa tərk etmədi. İradə , ümüd , arzu həmişə yanımda oldu.
Danışdıqca gözlərindəki həyat eşqi ətrafa işıq saçırdı . Bu yaşdakı cismdə olan , cavan ruh məni heyran etmişdi. Gözlərinin giləsinin işıgı sönmək üzrə idi, amma həyata olan sevgi, həyata baxış bucagının hərtərfli gözəlliyi o sönüklüyü ört- basdır etməyi bacarırdı.
Son anları oldugunu anlayırdım. Yaxınlaşıb əlindən tutdum. Dodagının altında kiminləsə danışırdı elə bil. Üzümə baxıb gülümsündü . Nurlu çöhrəsinə yeni bir nur qonmuşdu sanki. Hər tərəfə göz gəzdirdi. Sonra pəncərədən çölə baxdı. Göy üzünü sevgi ilə süzdü . Yavaşca kəlmeyi- şəhadətini deməyə başladı.
Sönük , amma ümüd dolu gözlər göyə dikilib qalmışdı.
-Gəlirəm , gəlirəm, nə gözəldi oralar deyib, gözlərini fani dünyaya əbədi olaraq yumdu.
Üzündə illərdi o balaca qəlbinə sıgışdırdıgı günəşin əksi bərq vururdu.
Ümidlə yaşayıb , ümid xəstəsinə çevrilən bu gözəl , nur üzlü insanın öz günəşinə qovuşmaq üçün necə tələsdiyi çöhrəsinə yansımışdı.

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyla Yaşarın “Daş adam” adlı ilk kitabı çap olunacaq

LEYLA YAŞARIN İLK KİTABI

“Yazarlar” jurnalının Azərbaycanın Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədi ilə hər il həyata keçirdiyi “25 yarpaq” layihəsi çərçivəsində gənc yazar Leyla Yaşarın ilk kitabı olacaq “Daş adam” artıq çapa hazırdır.

Leyla Yaşar həm də 2021-ci il ərzində fəallığı nəzərə alınaraq “Ustac” Milli Mükafatına layiq görülmüşüdür. Adı çəkilən mükafatın 2022-ci il üzrə laureatı odur. Leyla xanımı bu nailiyyətlərinə görə təbrik edir, bolluca uğur arzulayırıq. 22.02.2022 Rövşən Hüseynovun ad günüdür! Yaşasaydı 55 yaşı olacaqdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhu şad olsun. Var olsun öz şəhidlərini unutmayan Leyla xanım kimi Vətən övladları.

Leyla Yaşar “Daş adam” PDF

Hazırladı: Tuncay ŞƏHRİLİ


TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif Abbasovun “QIZILƏHMƏD ALMALARI” hekayələr kitabı işıq üzü görüb

AKİF ABBASOVUN KİTABI

“QIZILƏHMƏD ALMALARI” nəşr olundu

“Mütərcim” nəşriyyatı yazıçı Akif Abbasovun “QIZILƏHMƏD ALMALARI” hekayələr kitabını nəşr etmişdir.

             Abbasov A.N. Qızıləhməd almaları. Hekayələr. Bakı: Mütərcim, 2022, –120 səh.

             Redaktorları: filologiya üzrə elmlər doktoru, professor Telman Vəlixanlı, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Məmmədlidir.

Kitabda yazıçının son illərdə qələmə aldığı və internet səhifələrində, internet jurnallarında özünə yer almış hekayələri, lətifəvari hekayələri toplanmışdır. Hekayələrdə məzəli adamların əhvalatları, gündəlik həyatda baş verən gülməli hadisələr işıqlandırılır, cəmiyyətə zidd, yararsız insanlar tənqid edilir.

Hazırladı: Tuncay ŞƏHRİLİ


TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VAQİF OSMANOV – XOŞBƏXTLİYƏ AZADLIQ VERİLMƏYƏNDƏ…

VAQİF OSMANOVUN YAZILARI

XOŞBƏXTLİYƏ AZADLIQ VERİLMƏYƏNDƏ…
Təkcə ədəbi qəhrəmanının yox, əsərindəki bütün obrazların xarakterlərini mükəmməl yarada bilməyən söz adamının yazdıqları yaddaqalan ola bilməz. Təranə Məmmədin yığcam hekayələrinin qəhrəmanlarında bu mükəmməllik əsəri oxunaqlı etməklə bərabər, həm də onların müsbət və mənfi etik-əxlaqi xüsusiyyətləri bir mənəvi dərs kimi dəyərlidir.
Təranə xanım “Sirr” romanında da təzadlı xarakterlər yaratmağı bacarıb. Əsərin baş qəhrəmanları – sevginin əzablı yollarında bütün çətinliklərə sinə gərən Elçin və Ayna, həmçinin digər obrazlar – Aida, İradə xanım, Malik, Humay ana, şəhid Elvin, Elçinin həyat yoldaşı Şəmsiyyə, oğlu Azad hər gün rastlaşdığımız, ancaq diqqətimizdən yayınan insanlar olsa da, yazıçı təhkiyəsi onları bizə ya doğmalaşdırır, ya da belələrinə rast gəlməyi arzulamır.
“Həyatda hər şeyi pulla, var-dövlətlə ölçən, bir qədər sərt, bir az özündən razı, təkəbbürlü” İradə xanımla sadə, səmimi, mənəvi zəngin, maddi sərvətlərə laqeyd Ayna bir-birindən yerlə göy qədər fərqli ana və baladırlar. Böyük bir klinikanın baş həkimi İradə xanımın “fəlsəfə”si: “həyatda hər şey alınır və satılır. Bu səbəbdən də çalışıb alıcı olmaq lazımdır. Bunun üçün həmişə qazanmaq, həmişə fəal olmaq gərəkdir”.
Əslində İradə xanımı da qınamıram. O, madar övladının gələcəyindən nigaran qayğıkeş anadır. Aynanın durumundakı dəyişikliyi həmin an hiss edir. Ancaq bircə alqışlayanmamalı xisləti var ki, hər şeyi maddiyyatda görür. Anlamır ki, pul həmişə səadətə yol açmır, pul bəzən bəlalar da gətirir.
Təranə xanım zamanın nəbzini tutmağı bacaran yazıçı olmaqla yanaşı, həm də həssas və mərhəmətli anadır. O, hekayələrindəki müxtəlif ana obrazları bu günün qayğıları ilə yaşayır zamanın xaosundan narahatdır. Həmişə vurğulayır ki, bəşər övladının hamısı eyni mənəvi yükü daşımır, müsbəti də var, mənfisi də. Bu, həyatın gerçəkliyidir, heç kim də bundan qaça bilməz.
Ayna isə tam başqa xarakterli, ayıq düşüncəli, erudisiyalı, insansevər çağdaş Azərbaycan gəncidir. “O, anasının yaşadığı həyat tərzini bəyənmir”. Həyata baxışı başqadır, “müstəqilliyi və fərqli düşünməyi sevir”. İki əksqütblü düşüncə tərzi hətta ailə daxilində onların bir-birinə yaxınlaşmasına, problemləri birgə həll etməsinə əngəl törədir. Ona görə də Ayna anasının məsləhətini – “elə adamlarla oturub dur ki, onların arasından özünə ər tapasan” öyüdünü ən azı yola verir, onu yerinə yetirmək fikrindən uzaqdır. Ayna üçün mənəvi meyarlar sadəlik, səmimilik, təmənnasız münasibət, mərhəmət, saf sevgidir. Bu səbəbdən “hərdən anası ilə fikirləri haçalanır”.
Yazıçı İradə xanımın iç dünyasının paxırını Aynaya daha bir “ağıllı” məsləhəti ilə açıb tökür: “çalış sevmə, əziyyət, cəfa, hicran, bunlar sənə lazımdır?”…
İradə xanımın Aynadan sonra ikinci əksqütblüsü çıxılmaz qayğıların burulğanında çarpışan Humay anadır. Elçinin və şəhid Elvinin anası cəfakeş, övladlarının üstündə kövrək yarpaq kimi əsən həssas qəlbli insandır.
Aynanın rəfiqəsi Aida dostluğa sədaqətli, hər situsiyada nə etmək lazım olduğunu bilən, ən çətin və ağır günlərdə rəfiqəsinin dərdinə şərik olan, Aynanın xoşbəxtliyi naminə özünü fəda etməyə hazır dayanan, uzun müddət ilahi sevgisinin yolunu gözləyib ona qovuşan sevgilidir.
Elçin sadə və qayğıları bol ailədə böyüyüb, püxtələşib, anası və qardaşı ilə birlikdə ehtiyac içində yaşayıb. Hər şeyi pulla ölçən İradə xanım ona Aynadan əl çəkmək üçün pul da təklif edib. Bundan qəti imtina edən, qürurunu və sevgisinin saflığını qoruyan Elçin həmin gündən Aynanın xoşbəxtiliyinə mane olmamaq üçün bir daha onunla görüşməməyi qərara alıb. Sonradan bacarığı və zəhmətiylə şirkət sahibi olub. O, kitabın redaktoru, qazi şair – publisist Rəfail Tağızadənin yazdığı kimi, “sevgisinə sadiq qalan və ömrünün sonuna kimi unutmayan Azərbaycan kişi”sidir. “Sevginin həddini bilməyən” Elçinin öz sevgi ölçüsü, əyarı, qədəri var.
Elə əvvəldən Elçin ilə Aynanın xoşbəxtliyi yolunda “qaratikan” bitmişdi, Təpəgöz kimi səadət yolunu kəsmişdi. Bu, pul, sərvət hərisliyi, qılıncdan da iti tamah idi. Belə qollu-budaqlı “qaratikan”ı İradə xanım uzun müddət idi səhra ürəyində becərməkdəydi. Yaxşı bilirik ki, səhra bitkilərinin yarpağı, çiçəyi, meyvəsi olmur, ancaq tikan sahibidirlər. Tez-tez Ayna ilə Elçinin kövrək, azad sevgiyə tamarzı qəlbinə zəhərli ox kimi batan tikanlar onlara acı, əzab, kədər, sağalmaz mərəzlər bəxş etməkdəydi, “ömürlərini bada verirdi”.
Elçin babasının İçərişəhərdəki “həm keçmiş, həm də çox uzaqdan boylanan gələcək” yaşayan evində xəyallar içərisində çabalayanda “yanında Aynanı hiss edirdi”. Onun “uğur mələyi” əlçatmazlıqda nakam sevgisinin acısını çəkməkdəydi. “Bütün ali hisslərə yad” İradə xanım isə öz xislətiylə baş-başa dayanıb iki sevən gəncin həyatını hərraca qoymuşdu – pullu, “nüfuzlu” kürəkən axtarırdı. Amansız tale onu Maliklə rastlaşdırdı. Malik adlı-sanlı nəsildən idi, həm də polkovnik İsmayılovun bacısı oğluydu.
Malik həkim geniş dünyabaxışlı, mədəni, alicənab olsa da anlamırdı ki, “əgər qadın bir kişini gerçəkdən sevərsə, onun gözündə dünyadakı kişilər tam olaraq anlamını itirər” (Oskar Vilde). Sonradan Malik “qadının yer üzündə ən vacib vəzifəsi ana olmaqdır” fikrinə gəlib Aynaya sivil qaydada, dostcasına ayrılmağı təklif edəndə yəqin ki, mənim kimi çoxları da Malikin böyüklüyünə həsəd aparacaqlar. Çünki hər Şərq kişisi özünün dünyaya övlad gətirə bilməmək bacarığının olmamasını etiraf edə bilməz…
Elçinlə Aynanın və Maliklə Aynanın ilk görüşlərində yaşananları Təranə xanımın təhkiyəsi ilə analiz edib paralellər aparanda görürük ki:
“Ağappaq incə çiçək dəstəsi, iki gəncin arasında ilk bağlantı – bir saniyəlik baxış və zövqlərin üst-üstə düşməsi” sevginin ilahiliyindən xəbər verir.Təranə xanım sevginin aliliyinə Aynanın diliylə aydınlıq gətirir:
“Sən başqasan, Elçin! Sən hamı kimi deyilsən. Bilmirəm necəsən, amma başqasan”.
O “hamı”lar, o “başqa”lardı ilahi sevgiyə, xoşbəxtliyə qənim kəsilənlər.
Malik isə laboratoriyada ilk atüstü görüşdəcə Aynaya gözəllikdən alacalanmış şəhvətli gözlərlə baxır, Aynanın əlini öpməyə çalışır. Sonrakı görüş üçün restoranı bağlatdırır, Aynanın barmağına üzük taxmaq şərəfinə nail olmaq istəyir. İki fərqli münasibət, iki fərqli duyğu, biri ilahi, o biri qeyri səmimi. Ağappaq incə çiçək dəstəsi və brilyant üzük. İki fərqli sevgi etirafı. Malik də Aynanı sevirdi, yazıçı bizi buna inandırır, ancaq Malik anlamaq iqtidarında deyil ki, sevgi qarşılıqlı olmalıdır:
“Tanrı insana həyat adlı ən gözəl nemət, dərk etmək imkanı və bir az da şans verirsə və o bundan düzgün istifadə edə bilmirsə, günah özündədir. Ən Ali məhkəmədə “nədən narazısan?” sualına cavabı “heç nədən” olmalıdır. Çünki həyat yaşamaq üçündür”.
Dərin hikmətdir, lap aforizm səviyyəsində…
Həyat bəşər övladının gözündə ya məzhəkə, ya dram, ya da faciə şəklində yazılmış ömür kitabıdır. Hər kəs bu kitabı öz əməlləri ilə yazır, pozur. İradə xanım Aynanın və Elçinin həyatına dramatiklik gətirən səhnələrin müəllifiydi, Ayna, Elçin, Aida isə xoşbəxtliyi üçün çarpışan, ömür kitabının hər qiymətli səhifəsini işıqlı qəlbləri ilə yazmağa çaılşan həyat aşiqləri, həm də bəyaz barış göyərçinləri. Doğrudan da, bir mahnıda deyildiyi kimi, sevənlərindi dünya…
İradə xanımın monoloqvari gecikmiş etirafı sonrakı peşmançılıqdan, quru təsəllidən başqa bir məna daşımır:
“Gör başıma nələr gəldi. Mən qızımın ad-sanını qorumağa çalışarkən indi bu naməlum əlaqəni necə qəbul edə bildim? Mən Elçinə evimdə qızımla görüşməyə necə icazə verdim? Bəlkə həqiqətən bütün bunları Tanrı mənim yersiz qürurumun, yekəxanalığımın nə qədər əsassız olduğunu sübut etmək üçün göstərir? Mən doğma qızımı sevdiyi insandan ayırıb onu pula, evə, vəzifəyə görə bir başqasına ərə getməyə vadar etdim. Allahın işinə bax ki, qızım bu neçə ildə ana da ola bilmədi. İndi isə mən, İradə xanım, heç vaxt qəbul etmədiyim qanunsuz görüşlərə, qızımın başqa kişiylə görüşməyinə göz yumuram. Mən bunu necə edə bildim? İndi hətta Aynanın Elçindən uşağı olsa, mən bunu qəbul etməyə hazıram”.
Obrazların daxili aləminə vara bilmək, psixoloji məqamları açmaq bacarığı yazıçı, şair kimi Təranə xanımın böyük uğurudur. Bu onun ana, həyat yoldaşı, pedaqoq missiyasının və mühüm dövlət orqanlarındakı işinin nəticəsidir.
Təranə xanım “Sirr” romanı ilə ürəyindəkiləri bəşər övladına bəyan edir: ”siz hər şeyi bilə bilməzsiniz, çünki siz Allah deyilsiniz!”. Allahlıq iddiasında olanların sonrakı peşmanlığının faydasız olduğunu babalarımız çoxdan deyiblər, çoxumuz isə ata-babalarımızın dediyinə biganələrdənik. Çat vermiş ürəklərin ağrılarına məlhəm qoymaq bəzən heç zamanın da yadına düşmür. Nə yaxşı ki, Elçinlər, Aynalar, Aidalar hələ ətrafımızda yaşayırlar…
Roman elə qeyri-adi, gözlənilməz hadisələrlə sona çatır ki, bu ədəbi keçidi heç kim gözləmirdi. Nədir, gözləmədiyimiz hadisələr? Qoy, bu da sirr olsun. Bu sirri bilmək üçün əsəri oxumaq məsləhətdir. ‘Sırr’ sızi nəhəng bir novella təsiri bağışlayacaq.
Aristotelə görə, sevgi əzab çəkməkdir. Ayna da, Elçin də əzab çəkə-çəkə yaşadılar və…
Bu “və”nin arxasında çox suallar dayanıb. On yeddi ildə Elçin tez-tez kimin qəbrinin üstə tər ağappaq gül dəstəsi qoyurdu? Və sair, və ilaxir…
Təranə xanımın bir ana harayıdı “Sirr”. İnsanları başa salmağa çalışır ki, ürəyimizi sevgi ilə qidalandırmasaq mənəvi dünyamız bütün müqəddəs dəyərləri itirəcək. Bu da insanlığın məhvi olacaq.
Bəli, Təranə xanım, “sevgini insanı diriltmək gücünə inanmayanlar” yaşaya bilməzlər…
“ Xoşbəxtliyə azadlıq vermək lazımdır” (Əbu Turxan). Xoşbəxtliyə azadlıq verilməyəndə doğmalarımıza əzablı ömür yaşadırıq və yaşadacağıq. Axı həyatın hər anı qiymətlidir. Qədrini bilək…
Yanvar 2022.

Müəllif: Vaqif OSMANOV

VAQİF OSMANOVUN YAZILARI

TƏRANƏ MƏMMƏDİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XƏZƏR DELTASINDA GÖYQURŞAĞI. ZAUR USTACIN YENİ KİTABI HAQQINDA – KƏNAN HACI YAZIR

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI


XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

(Zaur Ustacın yeni kitabı haqqında)
Dilin gözəlliyi onun ilkinliyində, təravətində, kökündədir. Bu gün yazılan ədəbi mətnlərdə (istər poeziya, istər nəsr nümunələrində) sanki yad cisimlər dolaşır, dilin substansionallığı qondarma, hibrid sözlərə qurban verilir. İnsan əşyaları sözlər vasitəsilə tanıyır, özünü sözün batinindəki mənalarla formalaşdırır.
Söz həm də arxetiplərin övladıdır. Bədii mətnlər arxetiplərdən sızan elementlərlə yaranır. Mən Zaur Ustacın formaca ənənəyə bağlı, məzmunca yeni şeirlərini oxuyanda şairin bu fikir akrobatlığı məni yaxşı mənada təəccübləndirdi. Şeir qeybdən bizə ötürülən xəbərlərdir, bu informasiyaları poetik düşüncələrlə süsləmək istedadın göstəricisidir. Zaur bəyin şeirlərində ustadlardan bizə əmanət qalan dastan estetikası səma pıçıltılarını öz içindən keçirərək yeni biçimdə XXI əsr oxucusuna təqdim edir.

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI
Zaurun bu kitabı sanki sakit axan çayın coşub-çağlayan dənizə – Xəzər deltasına qovuşduğu yerdir. Hissin, duyğunun müxtəlif çalarları, rəngləri bu şeirlərdə göyqurşağı kimi birləşir. Şeirlərdən alınan təəssüratları ümumən bu cür ifadə etmək olar: Xəzər deltasında göyqurşağı.
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!

Bu misralar “Şahi-cahan” şeirindəndir. Şair “kamera”sını (poetik görüm bucağı) Araza tuşlayıb, bu kamerada Araz çayının coğrafi təyinatından əlavə milli identifikasiyasına da işarələr sezmək mümkündür.
Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə həsr olunmuş şeirdə bu iki misra məni tutdu:
Özün getdin yuxuya,
Milyonları oyatdın…

Olduqca tutumlu ifadədir, yaddaşa həkk olunur. Həqiqətən, İlqar Mirzəyev, Mübariz İbrahimov, Polad Həşimov kimi oğullar Zaur bəyin təbirincə desək, “yuxuya” getsə də xalqın milli şüurunun oyaq qalması üçün canlarından keçdilər.
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…

Can-torpaq qiyaslanması şeirdə orijinallığı ilə seçilir, yadda qalır. Şəhadət məqamına yetişən əsgər Vətənə, Vətənin şəklinə çevrilir, Vətənləşir. İnsan yoxdursa, Vətən də yoxdur, Vətən yoxdursa, insan da mövcud deyil. İnsanı ayaqda saxlayan üstündə durduğu torpaqdır. Ana torpaq ifadəsi əbəs yaranmayıb. Hamımız onun bağrından qopmuşuq, sonda yenə də onun qucağına düşəcəyik. Bu qəbil şeirlər Vətən sevgisinin əlifbasıdır. Vətən sevgisi imanla müqayisə olunur. İmansız adam üçün Vətən anlayışı yoxdur. Bu anlayışların konkretləşməsində poeziya çox böyük rol oynayır. Səməd Vurğunun “Azərbaycan” şeirini xatırlayın. Uşaqların ürəyinə Vətən sevgisini bu şeirlə toxum kimi əkmişik. Abbas Səhhətin “Vətən” şeirini yada salaq. “Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə vicdan olmaz”. Ana südü kimi qanımıza hopan bu şeirlər zaman-zaman içimizdəki yurd sevgisini körükləyib.
Zaur Ustacın şeirlərini fərqləndirən həm də bu komponentlərdir. Həmin komponentlər dilin folklor qatından mayalanaraq həmin şeirlərin sanbalını, çəkisini birə beş artırır. Ədəbi genetika burada öz sözünü deyir. Zaur bəy estafeti öz sələflərindən alıb gənc nəsilə ötürür. Bu mənada şairlər, qələm adamları keçmişlə gələcək arasında möhkəm körpülər quran körpüsalanlardır.
Xəzər deltasında göyqurşağı adı altında toplanmış bu şeirləri bircə-bircə təhlil etmək fikrim yoxdur. Bu şeirlərdə 44 günlük Vətən savaşının da izləri var, didaktikanın ötəsində olan misralar da var, şəraitin diktə etdiyi (gərəkli və lazımlı!) pafos da var. Rənglər spektrində qovuşan hislər, duyğular oxucunun qan yaddaşına xitab edir.
Qələm dostuma yaradıcılığında uğurlar arzulayıram! Özü demiş, “bu yol ərənlər yoludur”. Yolun uğurlu olsun, Zaur Ustac!
11.01.2022. Bakı.

Müəllif: Kənan HACI ,
Şair, yazıçı, tərcüməçi.

MƏQALƏ DİGƏR MƏNBƏLƏRDƏ:

Məqalə ön söz kimi:

  1. Zaur Ustac, “Xəzər deltasında göyqurşağı”, Bakı, 2022.

Ənənəvi mətbuatda:

  1. Kənan Hacı “Xəzər deltasında göyqurşağı” (Zaur Ustacın yeni kitabı haqqında), “Bütöv Azərbaycan” qəzeti, 20.01.2022, say:  03 (430), s.10.
  2. Kənan Hacı “Xəzər deltasında göyqurşağı” (Zaur Ustacın yeni kitabı haqqında), “Həftə içi” qəzeti, 20-26.01.2022, say:  03 (3419), s.8.
  3. Kənan Hacı “Xəzər deltasında göyqurşağı” (Zaur Ustacın yeni kitabı haqqında), “ Ədəbiyyat qəzeti”, 22.01.2022, say:  02 (5340), s.25.
  4. Kənan Hacı “Xəzər deltasında göyqurşağı” (Zaur Ustacın yeni kitabı haqqında), “Təzadlar” qəzeti, 25.01.2022, say:  03 (2332), s.13.

Elrktron mənbələrdə:

Mənbə: edebiyyatqazeti.az  Arxiv: archive.vn

Mənbə: hafta.az Arxiv: archive.vn

Mənbə: bitik.az Arxiv: archive.vn

Mənbə: yazarlar.az Arxiv: archive.vn

Mənbə: tezadlar.az Arxiv: archive.vn

KƏNAN HACININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏNİM ÖMÜR YOLUM

Seymur SÖNMƏZ

Bu gün “Yazarlar” jurnalının redaksiya heyətinin üzvü, Samux rayonu üzrə bölgə təmsilçimiz, dəyərli söz adamı Seymur Sönməzin doğum günüdür! Ad günü münasibəti ilə qələmdaşımızı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Seymur müəllim! Şairin şad günü münasibəti ilə qələmə aldığı şeirini sizə təqdim edirik:

MƏNİM ÖMÜR YOLUM
Boylanıb geriyə baxdım bir anlıq,
Elə bil üstümü duman-çən aldı.
Gözümün önündən keçdi cavanlıq,
Ömrün bir ili də arxada qaldı.
* * *
Nə yaman tez ötdü aylar-fəsillər,
Anlar tufan kimi, yel kimi keçdi.
Durub arxasınca baxdığım illər,
Qarşımdan bulanıq sel kimi keçdi.
* * *
Söykədim üzümü xatirələrə,
Sevdalı çağlarım geriyə döndü.
Zülmətdə qərq olan neçə bənd-bərə,
Mənimlə birlikdə dil açdı, dindi.
* * *
Közərdim təzədən sönmüş ocaqtək,
Nurlu sabahların seyrinə çıxdım.
Yaratmaq eşqiylə çırpındı ürək,
Keçilməz sədləri bir anda yıxdım…
* * *
Duruldum su kimi avazda-səsdə,
Sanmayın ağlımı nəsə çaşdıdı.
Bir il gəldisə də yaşımın üstə,
Məni şeirlərim cavanlaşdıdı.
04.02.2022.

Şeirin müəllifi:Seymur SÖNMƏZ

SEYMUR SÖNMƏZİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA YAŞAR – ŞƏHİD MƏZARI

LEYLA YAŞARIN YAZILARI

ŞƏHİD MƏZARI
Uzanan yollara baxan bir məzar daşı vardı. Hündür təpəlikdə özünə məskən salmışdı.
Buradan yayda gözəlliyə bürünən meşələrə, al-əlvan rəngə boyanan çəmənliklərə, sevinclə oynayan uşaqlara baxardı bu soyuq məzar daşı. Payız gələndə saralar solar, qışda qarın buzun altında buzlaşardı sanki…
Nə gələni vardı, nə gedəni. Kimsəsi yoxdu bu məzar daşının. Kimsə bilməzdi kimin yadigarıdı burada uyuyan. Yaxınlığına hərdən uşaqların topu gəlib düşərdi. Onlar da qorxa-qorxa yaxınlaşıb götürərdilər topların. Bir də hərdən özü kimi bir kimsəsiz çoban gələrdi bu tənha məzarın yanına. Qəmli-qəmli tütək çalardı. Bu məzarın ana laylası da, “Quran” sədası da o qəmli musiqi idi…
Əslində kimsənin bilmədiyi, sirlərlə dolu olan bu məzar daşı şəhid məzarıydı. Ata-anasının yeganə göz qarası, bacısın ürək parası, yarının can parası, övladının hər şeyi idi, bu məzar daşı… Uzaq-uzaq ellərdə onu gözləyən neçə-neçə arxasınca həm aglayan, həm axtaran, həm ümid edən ürəklər vardı… Qəlblər qəhrəmanı idi bu şəhid məzarı…
Nənəsi nəvəni dizi üstə oturdub, oxşayıb atasının qəhrəmanlıqlarından tez-tez danışardı. Babası atasının döyüş yoldaşlarının yanına aparardı, anası gecelər xısın-xısın aglayaraq, taleyinə boyun əyib, gözüyaşlı bağrına basar, oxşayardı onu: -“qayıdacaq can bala atan”,- deyərdi. Qayıda bilməsə, bizə göylərdən baxacaq deyərdi… Sən böyüyüb atan kimi olacaqsan deyirdi. Balaca qızarıb şişmış gözlərini silib:- “mən səni qoyub getməyəcəm, atam kimi”, -deyirdi… Anası onu hər dəfə qucaqlayıb:-“atan bizi qoyub getmədi, o, bizi qorumaga getdi”,- deyərdi…
İllər keçdi…Tənha məzar daşı yenə də uzanan yollara qəmli-qəmli baxırdı. Lap az əvvəl çoban laylasın çalıb getmişdi. Yaxınlıqdan maşın səsi gəldi, sanki məzar daşı işıqlandı. Bir yaşlı, qoca babayla bir cavan oğlan ona yaxınlaşırdı. Yaşlı baba oğlana nəsə danışırdı. Get-gedə səs aydınlaşırdı: -“Bax bala, dediyim məzar budur, illərdi burda ziyarətsiz qalıb… Gələni yox, gedəni yox… Sənin axtardığın adam ola bilərmi?” Cavan oğlan ürəyi əsə-əsə, ürkək baxışlarını ad yazılan daşa yönəltdi. Sanki ildırm vurdu onu:- “Ola bilməz! Ola bilməz! Kişi bir anlıq qorxdu… Nə oldu mənim balam?. Bu ola bilməz! Mənim atam ölə bilməz! O, qayıdacaq!”,- deyə hayqırırdı cavan oğlan. Kişi onu sakitləşdirməyə çalışdı. Bir az su verdi, oğlan suyu içib daşı qucaqladı. Hönkürtü ilə ağlamağa başladı. Bu anda illərlə tənha qalıb, özünü məgrur tutan məzar daşı kiçilməyə, əyilməyə başladı sanki… Daşdam qəribə bir hənirti gəldi sanki… Bu hənirti dağlara, daşlara əks-səda verdi. O, artıq təhna deyildi…

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru