Etiket arxivi: ŞƏHİDLƏR HAQAINDA

ZƏLİMXAN YAQUB – XOCALIM, AY XOCALIM

XOCALI FACİƏSİ HAQQINDA

XOCALIM, AY XOCALIM
Bu dağların qoynunda yaşıl bir kənd varıydı,
Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.
Neçə dodağı şəkər, söhbəti qənd varıydı,
Neçə incəbel gözəl, zülfü kəmənd varıydı.
Yoxdu daha, nağıldı,
İtdi, batdı, dağıldı.
Mənim şirin qafiyəm, mənim üçcə hecalım,
Xocalım, ay Xocalım!
* * *
Ağzından alov saçan silahlar yedi səni,
İştahalar, nəfslər, tamahlar yedi səni.
Bağışlanmaz, yuyulmaz günahlar yedi səni,
Göydə Allahı danan “allah”lar yedi səni,
Heç Allah götürərmi qisasımı gec alım?
Xocalım, ay Xocalım!
* * *
Neçə ki yer üzündə yamanlar, pislər yaşar,
İçi dolu qurd olan nankor xəbislər yaşar,
Dumanlı beyinlərdə dumanlı hisslər yaşar,
Neçə ki bu şeytanlar, cinlər, iblislər yaşar,
Gərək hər gün, hər saat yağılardan öc alım,
Xocalım, ay Xocalım!
* * *
Quruyub cadar olmuş dodaqlara nə deyim?
Kəsilmiş biləklərə, barmaqlara nə deyim?
Qar içində buz olmuş ayaqlara nə deyim?
Yaxınlar eşitmirsə, uzaqlara nə deyim?
Tanrı rəva bilməsin, mən bu dərdlə qocalım,
Xoclım, ay Xocalım!
* * *
Nə möcüze göstərim, nə cürə imkan tapım,
Qan itirən kəslərin damarına qan tapım?
Hansı yolu seçim ki, dərdinə dərman tapım,
Amansız cəmiyyətdə sənə nə aman tapım?
Millətəmi güvənim, torpaqdanmı güc alım?
Xocalım, ay Xocalım!
* * *
Sənə yas verənlərə yas dalınca yas gərək,
İgidlərim öyməli, oğullarım xas gərək.
Dəmirdən geyim gərək, poladdan libas gərək,
Ölümə ölüm gərək, qisasa qisas gərək,
Gərək səndən ötəri qala yıxım, bürc alım,
Xocalım, ay Xocalım!
* * *
Həyat şirin, yol çətin, ölüm ucuz, can baha,
Baş qaldırıb ağrılar, dözmür ürəklər daha.
Təslim olmaq yaraşmaz bu gün ağrıya, aha,
Yalvarmaq istəyirəm peyğəmbərə, Allaha,
Haqqımı qaytarmağa bir ömür də borc alım,
Xocalım, ay Xocalım!
* * *
Töküldülər üstünə quduz kimi, ac kimi,
Şumladılar yer kimi, qırdılar ağac kimi,
Dağıtdılar çöllərə əsir, yalavac kimi.
Səni qaldırammasam başım üstə tac kimi,
Tarixin yaddaşında çətin qalxım, ucalım,
Xocalım, ay Xocalım!
* * *
Bizdən ürək istədin, ürək vermədik sənə,
Bizdən kömək istədin, kömək vermədik sənə,
Bizdən qanad istədin, lələk vermədik sənə.
Aylarla su vermədik, çörək vermədik sənə,
Buraxdıq özbaşına əlimizdən cənnəti,
Sənsiz nəyimə gərək Məkkə görüm, Hac alım,
Xocalım, ay Xocalım!
* * *
Təzədən yandı xallar muğamın nəvasında,
Bayquşlar ötür bu gün bülbülün yuvasında.
Biqeyrət oğulların şan-şöhrət havasında,
Kəmfürsət övladların vəzifə davasında,
Harayına çatmağa tapılmadı macalım,
Xocalım, ay Xocalım!
* * *
Yerbəyer eləməmiş sevincimi, dərdimi,
Bir-birindən seçməmiş mərdimi, namərdimi,
Əjdahalar əlindən qurtarmamış yurdumu.
Tanrının qırmancına döndərməmiş ordumu.
Qoy gəlməsin ölümüm, qoy çatmasın əcəlim,
Xocalım, ay Xocalım!
XOCALIM, ay XOCALIM!!!
31 yanvar 1997

Mənbə: Zəlimxan Yaqub

Müəllif:Zəlimxan YAQUB

ZƏLİMXAN YAQUBUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qəbələdə kitab təqdimatı

Qəbələdə kitab təqdimatı
24.02.2022. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyevin təşkilatçılığı ilə şəhidləriə həsr olunmuş “Kiçik dünyanın böyük insanları” kitabının təqdimatı keçirilib.
Kitabda 1-ci Qarabağ müharibəsində son nəfəslərinə qədər silahlarını əllərindən yerə qoymayan , hətta azyaşlı övladlarını Allaha əmanət edərək “Vətən dardadırsa mən evimdə necə rahat yaşaya bilərəm?” deyib bir daha isti ocaqlarının başına keçməyən doqquz mərd oğullardan danışılır.
Yüksək səviyyədə hazırlanmış təqdimatı idarə edən və giriş sözüylə açan Qalib Nəbiyev bütün tədbir iştirakçılarını,şəhid ailələrini ,eləcə də kitabın müəllifi Jalə Cəfərovanı, kitabın redaktoru Göyçayın sonuncu Xalq Deputatları Sovetinin rəhbəri vəzifəsində çalışmış, 1989- cu ildən Göyçay könüllülər batalyonu yaradaraq ona rəhbərlik etmiş ,döyüşərək dəfələrlə yaralanmış Qarabağ qazisi Rövşən Əhmədlini salamladı.
Qalib bəy həm 1 –ci Qarabağ həm də Vətən müharibəsində tarix yazan mərd atalarımızdan,oğullarımızdan danışdı. “Şəhidlərimizin xatirəsini təkcə yaşatmaqla deyil,keçdikləri şərəfli yolu tanıdıb təbliğ etməyi hər zaman özümüzə borc bilmişik və bundan sonra da belə olacaq. Belə oğulların hər birinin valideyni də bir qəhramandır. “
Müəllif Jalə Cəfərova “ Sizlərlə artıq elə doğmalaşmışam ki sanki ailənizin bir üzvü də mənəm. Sizləri gördüyüm ,söhbət etdiyim ,kövrək xatirələrinizi mənimlə bölüşdüyünüz ilk andan içimdəki səs “ Bu igidlərin də,onları böyüdüb başa çatdıran valideynlərin də mənəvi dünyası,vətənə olan sonsuz,təmənnasız sevgisi yaşadığımız dünyanın yanında çox həm də çox böyükdür” Elə bu hisslərə köklənərək heç düşünmədən kitabın adını “Kiçik dünyanın böyük insanları “adlandırdım. Zalda xeyli gənc görürəm bu məni çox sevindirdi. Sözüm əsas sizədir. Bu vətəni qanları bahasına sizlər üçün ,gələcək nəsillər üçün qorumalısınız. Hansı birinizə şəhidlərimizlə bağlı sual verilsə ən azı beşinin adını əzbər bilməlisiz. Mən Qəbələni həməşə sevmişəm ,burdakı füsunkar mənzərə,dünyanın hər yerində adı hörmətlə çəkilən alimiylə ,ziyalısıyla sevinmişəm. Ancaq təkcə polad qeyrətli,polad iradəli general –mayor Polad Həşimov adı kifayət edir ki qürurla “Mən Qəbələdənəm ,o Qəbələdən ki Polad Həşimovun dünyaya göz açdığı məkandır Qəbələ”.
Bu cümlələr zalda xeyli alqış sədalarına səbəb oldu. General-mayor Polad Həşimovun adı çəkilən zaman ayaqüstə alqışlar xeyli davam etdi
Sonra söz Rövşən Əhmədliyə verildi. “ Mən şəhid anaların qarşısında baş əyirəm.” Deyən Rövşən bəy 1997 –ci ildə düşmənə əsir düşməmək üçün özlərini qucaqlaşaraq partladan səkkiz kəşfiyyatçıların keçdiyi şərəfli döyüş yolundan danışdı. Rövşən bəy həmçinin təqdimatı düzənləyən Qalib Nuriyevə,Qəbələ Dövlət Prşə Təhsil Mərkəzi Tərbiyə işləri üzrə direktor müavini Reyhan xanım Məmmədovaya,direktor köməkçisi Bəhruz Osmanova təşəkkür etdi.
Şəhid ailələrinə söz verildi. Teymur Rəhmanov ,Xədicə xanım (Tofiq Rəhmanovun atası və bacısı),Ayşən Məmmədova(Elşən Məmmədovun bacısı) Bahar xanım(İlyas Məsimovun qızı) Akif Qəribov ,Faiq Səfərli(Nemət Qəribovun atası və müəllimi)İbrahimxəlova Sevil,(İbrahimxəlilov Qüdrətin xanımı) Nahidə ana(Elçin Orucovun anası) Osmanov. Şahvələd ( Pərviz Osmanovun atası) Bəhəryaz xanım ,Şahid ,Asəf Kərimovlar(Həyat yoldaşı,oğlu və qardaşı) çıxış edərək təşəkkürlərini bildirərək duyğularını paylaşdılar.
Səkkiz igid kəşfiyyatçılara həsr olunmuş “Fədai şəhidlər “mahnısını zalda izləyən heç kəsi biganə qoymadı,mahnı sonacan alqışlarla müşayət olundu.
Son olaraq Qalib bəy hər iki qonağa Jalə Cəfərovaya,Rövşən bəyə üstündə Xarı bülbül rəsmi olan hədiyyə təqdim etdi. Bütün iştirakçılarla xatirə şəkli çəkildi.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

AJB-nin üzvü, “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Şəhidlər haqqında şeirlər

ZAUR USTACIN YAZILARI

HƏR GÜN NƏFDİR
Altmış üçdən nəf hesablar kişilər,
On səkkizdən başlamışam saymağa…
Kaldan, şitdən daim uzaq durmuşam,
Meylim olub özün tutmuş qaymağa…
* * *
Zənbur kimi çiçək-çiçək gəzmişəm,
Gül üzəndə, tər qönçəsin üzmüşəm,
Qürbət elin cəfasına dözmüşəm,
Bir arzum var, kaş dönəydim oymağa…
* * *
Ustac xoşlar, kəsə etsin söhbəti,
Çalış boşa yeməyəsən möhnəti,
Dadımlıqdı bu dünyanın neməti,
Macal verməz heç kimsəyə doymağa…
15.05.2020. Bakı.

ŞƏHİD HAQQI
(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…
* * *
Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…
* * *
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019 – 19.06.2020. Bakı.

GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA…
(Poladla, İlqarın məzarı başında)
Hanı qoşun, hanı ləşkər?
Tək qalbdı iki Paşa…
Baiskarı kimdi, bilməm,
Kaş dönəydi özü daşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Əlim üzümdə qalıbdı,
Sözüm ağzımda qalıbdı,
Arzum gözümdə qalıbdı,
Qanım gözdə dönüb yaşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
* * *
Ustacam, artıb ələmim,
Ta yazmır, sınıb qələmim,
Hər gün də artır sələmim,
Eşqim düzdə dönüb quşa…
Gəl, bu dərdə döz də yaşa…
Gəl, bu dərdə döz də yaşa…
17.07.2020. II FX. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)

ŞƏRİT ŞAHİD…
Müharibə,
Şərit şahid…
Pandemiya,
Şərit şahid…
* * *
Doğulursan,
Döyülürsən,
Böyüyürsən,
Şərit şahid…
* * *
Toy-büsat var,
Ziyafət var,
Şücaət var,
Şərit şahid…
* * *
Oldun əsgər,
Dəydi xətər,
Verər xəbər,
Şərit şahid…
* * *
Tək bir dəfə,
Etməz vəfa,
Çəkməz cəfa,
Susar şahid…
*Şərit- zivə, paltar ipi.
17.09.2020. Bakı.

YER CƏZA YERİDİR!
Ey insan, unutma;
Almanı xatırla,
Adəmi xatırla,
Həvvanı xatırla!
* * *
Ey insan, unutma;
Əzanı xatırla,
Qəzanı xatırla,
Cəzanı xatırla!
* * *
Ey insan, unutma;
Yer cəza yeridir!
Yer cəza yeridir!
Yer cəza yeridir!
14.09.2020. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RÖVŞƏN HÜSEYNOV – 55

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun doğum günüdür. Yaşasaydı 55 yaşı olacaqdı. Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin. Yubiley yaşın mübarək olsun, Şəhidim!!!

QISA ARAYIŞ:

Rövşən Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Mədəniyyət evində işləmişdir. 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur. Rövşənin başçılığı ilə 1992-ci ildə iyirmi tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsi olan Goranboya yola düşürlər.

Rövşən Hüseynov tələbə tağımının komandiri kimi tələbələrdən ibarət tağımı ilə birlikdə  “N” saylı hərbi-hissə – taborun tərkibində vuruşurdu. 1992-ci il 28 aprel erməni işğalçıları 300 nəfərlik qoşun və böyük silah sursatla Ağcakənd istiqamətində hücuma keçmişdi. Rövşənin taqımı nəinki ermənilərin iki zirehli texnikasını hətta onlarla canlı qüvvəsini məhv edə bildi. 1992-ci il 11 may Şıxarx uğrunda qanlı döyüşlər gedirdi. Mingəçevir alayının 27 əsgəri mühasirəyə düşmüşdü. Tələbə taqımı onları xilas etmək əmrini alır. Rövşənin başçılıq etdiyi taqım döyüşə atıldı. Onlar mühasirəyə düşən 27 döyüşçünü azad edə bildilər, lakin özləri mühasirəyə düşdülər. Rövşən atəş nöqtəsini öz üzərinə cəlb edərək tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verir. Burada tələbələrdən ikisi həlak olur, digərləri isə mühasirədən çıxa bildilər. Pulemyotu ilə erməni faşistlərinin xeyli hissəsini məhv edən cəsur vətən övladı döyüş meydanında qəhrəmancasına həlak oldu.

YAZARLAR olaraq, Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədi ilə artıq bir neçə ildir ki, “25 YARPAQ” layihəsinin icrası uğurla davam edir. Bu il də bu layihə çərçivəsində gənc yazar Leyla Yaşarın “Daş adam” adlı ilk kitabı işıq üzü görüb.

LAYİHƏ HAQQINDA MƏLUMAT

Layihənin adı:

“25 YARPAQ”

 Layihənin məqsədi:

Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək. Gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək.

Birinci Qarabağ Müharibəsi zamanı Bakı Dövlət Universitetində təhsilini yarımçıq qoyaraq torpaqlarımızın müdafiəsinə yollanmış və qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynov timsalında şəhid tələbələrimizi (doxsanıncı illərin sonuna kimi bütün şəhid olmuş tələbələrin portretləri BDU-nun əsas binasının girişində, göz önündə asılmışdı…) xatırlamaq, onların yarımçıq qalan arzularına, Vətən naminə öz istəkləri ilə aldıqları qərarlarla yarım qalmış qısa ömürlərinə diqqət çəkməkdən ibarətdir…. #25yarpaq haştağından istifadə olunur.

Layihənin müddəti:

01.09.2019- cu ildən – MÜDDƏTSİZ.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – MÜQƏDDƏSLƏR

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

MÜQƏDDƏSLƏR
(… bütün məzarsız Vətən övladlarına ithaf olunur…)
Səngəri məzarı olan qardaşım,
Hələ də bilinmir əhvalın sənin…
Dəfndən Məada Bərzəx deyirlər,
Məchuldur durumun, məqamın sənin…
* * *
Silahın pas tutub, daha heç atmaz,
Dəbilqən gəzsə də, çəkmən köç etməz,
Kəmər yox olsa da, toqqan heç itməz,
Qumquman olubdu kimliyin sənin…
* * *
Üç rəngli bayrağım süsləyən dağlar,
Hər zirvə minlərlə şəhidi ağlar,
Bənövşə çiçəyi qəlbimi dağlar,
Dağların ağ qarı kəfənin sənin…
* * *
Zaur buz bulaqdan içəmməz daha,
Bənövşə müqəddəs, dərəmməz daha,
Ağ qarı tapdayıb, gəzəmməz daha,
Bu yurdun nəyi var, ünvanın sənin…
09.05.2021. Bakı.

ATALAR
Atalar Yer üzündə Allahın kölgəsidir,
Haqdır, ədalətdi bu, Allahın bəlgəsidir.

* * *
Həm arxa, həm dayaqdı övlada varlı ata;
Uşaq var ata istər, uşaq da varlı ata…

* * *
İstəyirəm gorəsən, mümkün deyil danışmaq,
Belə olur atanın ətəyindən yapışmaq…

* * *
Allah ətəyi kimi, bərk sarılıb, tutuşmaq,
Balaca yumruqlarla, “allahlarla” vuruşmaq …

* * *
Həm arxa, həm dayaqdı övlada varlı ata;
Uşaq var ata istər, uşaq da varlı ata…
13.06.2021. Bakı.

İLQAR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Qəhrəman olmaq üçün
Gəlmişdi Yer üzünə.
Silahı sevgi idi,
Qonmuşdu nur üzünə.
* * *
Verdilər İlqar adın,
Böyüdü üzdə vüraq.
Fəxriydi dostun, yadın,
Əhdinə düzdü İlqar.
* * *
Ananın sevinciydi,
Obanın şan-şöhrəti.
Ziyası oldu xalqın,
Əritdi zin-zülməti.
* * *
Gətirdi gedişiylə
Şərəfi, şanı bizə.
Qollara qüvvət oldu,
Təpəri yetdi dizə.
* * *
Məzara düşən gün o,
And içdi mərd oğullar:
-“Bu qanı alacağıq,
Sən rahat uyu, İlqar!”
* * *
İgidlər tutdu sözün,
Bir gündə döndü zaman.
Göstəriş verildi ki,
Düşmənə yoxdur aman!
* * *
Çin oldu arzuları,
Qarabağ oldu azad.
Uyuyur rahat indi,
Şəhidim indi rahat…
21.06.2021. Bakı.

VƏTƏN DAŞI
“Yaşıl”ına yaşıl qatan,
Dizi yaşıl oğullar var!
“Göy”ün açıq olsun deyə,
Göydən buludu qovdular!
* * *
“Qırmızı”na qanın qatan,
Gözü yaşlı analar var!
Sən beləcə şax dur deyə,
Qəddini əydi atalar!
* * *
Haqqın yoxdur; nə solmağa,
Əyilməyə Vətən daşı!
Vətənimin sözüsən sən,
Yadelliyə Vətən daşı!
29.06.2021. Bakı.

O GÜN
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *
Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA YAŞAR – ŞƏHİD MƏZARI

LEYLA YAŞARIN YAZILARI

ŞƏHİD MƏZARI
Uzanan yollara baxan bir məzar daşı vardı. Hündür təpəlikdə özünə məskən salmışdı.
Buradan yayda gözəlliyə bürünən meşələrə, al-əlvan rəngə boyanan çəmənliklərə, sevinclə oynayan uşaqlara baxardı bu soyuq məzar daşı. Payız gələndə saralar solar, qışda qarın buzun altında buzlaşardı sanki…
Nə gələni vardı, nə gedəni. Kimsəsi yoxdu bu məzar daşının. Kimsə bilməzdi kimin yadigarıdı burada uyuyan. Yaxınlığına hərdən uşaqların topu gəlib düşərdi. Onlar da qorxa-qorxa yaxınlaşıb götürərdilər topların. Bir də hərdən özü kimi bir kimsəsiz çoban gələrdi bu tənha məzarın yanına. Qəmli-qəmli tütək çalardı. Bu məzarın ana laylası da, “Quran” sədası da o qəmli musiqi idi…
Əslində kimsənin bilmədiyi, sirlərlə dolu olan bu məzar daşı şəhid məzarıydı. Ata-anasının yeganə göz qarası, bacısın ürək parası, yarının can parası, övladının hər şeyi idi, bu məzar daşı… Uzaq-uzaq ellərdə onu gözləyən neçə-neçə arxasınca həm aglayan, həm axtaran, həm ümid edən ürəklər vardı… Qəlblər qəhrəmanı idi bu şəhid məzarı…
Nənəsi nəvəni dizi üstə oturdub, oxşayıb atasının qəhrəmanlıqlarından tez-tez danışardı. Babası atasının döyüş yoldaşlarının yanına aparardı, anası gecelər xısın-xısın aglayaraq, taleyinə boyun əyib, gözüyaşlı bağrına basar, oxşayardı onu: -“qayıdacaq can bala atan”,- deyərdi. Qayıda bilməsə, bizə göylərdən baxacaq deyərdi… Sən böyüyüb atan kimi olacaqsan deyirdi. Balaca qızarıb şişmış gözlərini silib:- “mən səni qoyub getməyəcəm, atam kimi”, -deyirdi… Anası onu hər dəfə qucaqlayıb:-“atan bizi qoyub getmədi, o, bizi qorumaga getdi”,- deyərdi…
İllər keçdi…Tənha məzar daşı yenə də uzanan yollara qəmli-qəmli baxırdı. Lap az əvvəl çoban laylasın çalıb getmişdi. Yaxınlıqdan maşın səsi gəldi, sanki məzar daşı işıqlandı. Bir yaşlı, qoca babayla bir cavan oğlan ona yaxınlaşırdı. Yaşlı baba oğlana nəsə danışırdı. Get-gedə səs aydınlaşırdı: -“Bax bala, dediyim məzar budur, illərdi burda ziyarətsiz qalıb… Gələni yox, gedəni yox… Sənin axtardığın adam ola bilərmi?” Cavan oğlan ürəyi əsə-əsə, ürkək baxışlarını ad yazılan daşa yönəltdi. Sanki ildırm vurdu onu:- “Ola bilməz! Ola bilməz! Kişi bir anlıq qorxdu… Nə oldu mənim balam?. Bu ola bilməz! Mənim atam ölə bilməz! O, qayıdacaq!”,- deyə hayqırırdı cavan oğlan. Kişi onu sakitləşdirməyə çalışdı. Bir az su verdi, oğlan suyu içib daşı qucaqladı. Hönkürtü ilə ağlamağa başladı. Bu anda illərlə tənha qalıb, özünü məgrur tutan məzar daşı kiçilməyə, əyilməyə başladı sanki… Daşdam qəribə bir hənirti gəldi sanki… Bu hənirti dağlara, daşlara əks-səda verdi. O, artıq təhna deyildi…

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA YAŞAR – ŞƏHİDLƏR

LEYLA YAŞARIN YAZILARI

MƏZARLIQDA YANAN İŞIQ
Evinə doğru yol almışdı. Hava qaralmağa doğru gedirdi. Günəş çoxdan öz məkanına çəkilmişdi. Ay taxtına çıxıb yer üzünü nuruyla işıqlandırmağa hazırlaşırdı.
Çox yorulmuşdu bu gün. Gecə yuxuda rəhmətlik atasını görmüşdü. Qarmaqarışıq yuxu idi. Yadında qalan atası, bir də şam idi. Gecə yuxudan qorxub oyanmışdı. Sonra nə qədər etsə də yata bilməmişdi. Başı yaman bərk ağrıyırdı. Yuxunun mənasını nə qədər çalışsa da yoza bilmirdi. İşdə agsaqqalları Rəcəb dayıdan soruşmuşdu. Rəcəb dayının cavabı onu bir az sakitləşdirmişdi.
-Xeyirli yuxudu, bala.
Amma içində bir sual var idi. Atası və şam bunları nə birləşdirir görəsən?
Evə yolu çox uzaq idi. Hərdən yolunu qısaltmaq üçün məzarlıq tərəfdən gedərdi. Özünə təsəlli verə-verə keçərdi məzarlıqdan
-Ölülər diriyə heç nə etməz – deyə.
Bu gün də yolunu qısaltmaq qərarına gəlmişdi.
Məzarlığın çox qədim və maraqlı tarixi var idi. Deyilənə görə burada şəhidlər dəfn edilmişdi.
Bir çox,şəhidin məzar daşı yox idi. Adları da yazılmamışdı. Bunu onunla əlaqələndiridilər ki, mənfur düşmənlər bu qoçaq igidlərimizin məzarlarını tapıb dagıtmasınlar. Yağı düşmənə qan udduran igidlər haqqında, yaşlı nəsil dastan edib danışardılar.
O da atasından eşitmişdi bütün bunları.
Nədən xatırladı gecə-gecə bunları?
Məzarlıqdan keçəcəkdi axı?
Məzarlığa az qalmış gözünə uzaqdan bir işıq göründü. İstədi geri qayıtsın. Yolu yarı etmişdi. Arxada itlər hürüşürdü. Vahimə basdı onu.
Yavaş-yavaş yoluna davam etdi. Bir tərəfdə qorxu, bir tərəfdə maraq onun əlindən tutub məzarlığın ortasına gətirdi. Gecənin zülmətində bura necə gəldiyini anlaya bilmədi. Sanki hansısa sehirli qüvvə ona güc verirdi.
İşıq gələn məzara yaxınlaşdı. Yaxınlaşana kimi xəyalından min cür fikir keçdi. Bəlkə ot alışıb, bəlkə ayın işigı nəyinsə üzərində bərq vurur, hardasa oxumuşdu bəzi falçılar məzatlıqda şam yandırır, bəlkə onlardı? Yuxu yadına düşdü. Ürəyində səksəkə məzara yaxınlaşdı.
Qaranlıq, səssizlik, hərdən gələn çaqqlların ulaşması, ən əsası ölülərin məkanı.
Az qaldı ürəyi dayansın. Ətrafa baxdı. Heç kim yoxdu. Qorxa-qorxa məzara yaxınlaşdı.
Kənara çəkildi, yıxılmaqdan özünü güclə saxladı. Özünü topalayıb, gözlərini ovxalayıb bir də baxdı.
Məzardan səs gəlməyə başladı:
– Ey, bəni insan qorxma…
– Sən kimsən?
– Tanımarsan.
– Bu işıq nədi?
– Sənə bir söz deyəcəm. Xahiş edirəm anama çatdır.
– Mən ananı tanımıram axı.
– Bax, mən şəhidəm.
– Şəhid!?
– Bəli.
Səssizlik hökm sürdü. Artıq ürəklənmişdi. Məzardan gül qoxusu gəlməyə başladı. Ətraf işıqlanmağa başladı.
– Anama de, ağlamasın. Mən cənnətdəyəm. Üzülməsin. Mən rahatam. Mən sağam. Şəhid anası olduğu üçün fəxr etsin.
– Atama de, belini əyməsin. Vüqarlı olsun! Şəhid atası olduğu üçün.
– Bacıma de, başını dik tutsun. Şəhid bacısl olduğu üçün.
– Mən onları tanımıram axı?
– Sən onları tanıyırsan.
Bütün şəhidlər deyir bunu …
Ətrafa baxdı. Heç kim yox idi. işıq çəkilib getmişdi. Yuxusunun mənasını indi anladı…

Müəllif:Leyla YAŞAR

LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – YENİ ŞEİRLƏR

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

YAZ  SEVDASI  VAR
Bu payız bir başqa gəlir ömrümə,
Güzün gümanında yaz sevdası var.
Xəzana bürünüb bütün bağ, bağça
Güzün gümanında yaz sevdası var.
* * *
Bu xəzan yelimi, ya bahar mehi?
Bivaxt tumurcuqda, tər zəfər zehi,
Qızılı yarpaqda zər qəhər şehi,
Güzün gümanında yaz sevdası var.
* * *
Ustac, tac almısan Haqqın özündən,
Gözəllər xoşhaldır şirin sözündən,
Görməz, qəm süzülür qəmgin gözündən,
Güzün gümanında yaz sevdası var.
29.08.2021. Bakı.

MƏN BABƏKƏM
(“Uşaq boğçası”ndan bir şeir)
Babəkdir mənim adım,
Sırğa et qulağında!
Bir ömür xərcləmişəm,
Hürriyyət sorağında.
***
Bu yurd sənə əmanət,
Bəzz yanan ocağımdır.
Mayası qan lalələr,
İstiqlal sancağımdır!

AZƏRBAYCAN
(“Uşaq boğçası”ndan bir şeir)
Odlar yurdu deyir hamı,
Azərbaycan mənim adım!
Sağım, solum, dörd bir yanım,
Öz canımdan,  qol-qanadım!
***
Nazlı Araz kəmərimdir,
Xudafərin onun qaşı!
Birləşdirir ayrı düşmüş,
Dost-tanış, bacı-qardaşı!

HÜSNÜ PÜNHANA
(birinci şeir)
İsmipünhan deyib, yazıb şairlər,
Mənim müsahibim hüsnü pünhandı.
Səmimi, mehriban, həm zarafatcıl,
Mənim müsahibim hüsnü pünhandı.
* * *
Ürəyi yuxadı, xasiyyəti xoş,
Nəyi var, nəyi yox, verər, deyər:-“Nuş”!
Camalın gizlədib, deyir:- “Nəğmə qoş”!
Mənim müsahibim hüsnü pünhandı.
* * *
İsmin bağışlayıb; “Nurlu ləçəkdi”,
Cənnət bağçasında şehli çiçəkdi,
Ustacam, bu iş də bir görəcəkdi,
Mənim müsahibim hüsnü pünhandı.
07.10.2021. Bakı.

BAYRAQ  BİZİM  BAYRAĞIMIZ!!!
Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!
11.10.2021.Bakı.

ŞAHİ-CAHAN
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!
* * *
Taclı şair şeir yazdı dodaqsız,
Canın xanı yaranışdan qonaqsız,
Şahi-cahan, yaşar səssiz, soraqsız,
Hərgah coşsa, o çağını yaza yaz!

YARADAN YARATDI
(Dodaqdəyməz)
Tala tala, meşə meşə, dağı dağ,
Yaradan yaratdı yer naxış-naxış.
Sısqa sısqa, dərya dərya, arxı arx,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Aqil alar dərsi iki alandan,
Haqq ayrılar, çıxar yağtək yalandan,
Həyat keçər, əyri-əyri dalandan,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Taclı Şair, taxtın, tacın sirdi sirr,
Sənə çatan baxtın, bacın sirdi sirr,
Qarşı yatan ağrın, acın sirdi sirr,
Yaradan yaratdı yer naxış-naxış.
07.11.2021. Bakı.

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustdan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

YEL
Kim üçünsə mələkdi,
Kim üçünsə fələkdi,
Nə mələkdi, nə fələk…
Küləkdi bu, küləkdi!
* * *
Arada küsər belə,
Hirs ilə əsər belə,
Ümidi kəsər belə,
Ələkdi bu, ələkdi!
* * *
Yenə əsdi, ələdi,
Acı fikrə bələdi,
Toxu dilək dilədi,
Diləkdi, bu diləkdi!
11.11.2021. Bakı.

NAZLI BALA
Alagözdür, verib Xuda,
Gözəl, göyçək Nazlı bala!
Maşallah olsun, namxuda,
Gözəl, göyçək Nazlı bala!
* * *
Gözü Göyçədən su içib,
Kökdən gəlib, çox yol keçib,
“Donun” Xaliq özü biçib,
Gözəl, göyçək Nazlı bala!
* * *
Ustac bağlı soya, kökə,
Nazlı balam bəyim, bikə,
Züryət hardan hara çəkə!?
Gözəl, Göyçək, Nazlı bala!
11.01.2022. Bakı.

USTACLIYAM
Gözlərimin alalığı,
Ulu Göycəmdən ərmağan.
Ərdəbilin naləsidir,
Ruhum həp eylədi fəğan.
* * *
Yarı Qarqar, yarı Əfkər,
Şəhriliyəm; şaham, tacam!
Şah İsmayıl silahdaşı,
Ustaclı oğlu, Ustacam!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYSU TÜRKEL – ÖLÜMSÜZLÜK ŞƏRBƏTİ yaxud ŞÜKÜR UCALIĞI 

AYSU TÜRKELİN YAZILARI

ÖLÜMSÜZLÜK ŞƏRBƏTİ
yaxud
ŞÜKÜR UCALIĞI 

27 sentyabr… Ardı-arası kəsilməyən güllələrin səsi ilə açıldı səhər. Cəbhəyanı bölgələrdə yaşayan kənd sakinləri yenə də atəşkəsin pozulduğunu zənn etdilər.

Nəriman baba pəncərədən boylandı: – Yenə bu vicdansızlar, bu üzdəniraq kafirlər hücum etmək istəyirlər deyəsən. Kaş ki, Ali Baş Komandan əmr verərdi, şanlı ordumuz bu erməni dığalarını torpaqlarımızdan birdəfəlik süpürüb atardı, – deyə düşündü. Sonra üzünü nəvəsinə tutaraq: – Ay bala, ay bala, o televizoru aç görək. Bəlkə nəsə xoş bir xəbər eşitdik, dedi.

-Yaxşı baba, bu dəqiqə açıram, Nurlan cəld yerindən sıçradı. Nəriman baba zənnində yanılmamışdı, elə “Xəbərlər”in efir vaxtı idi. Atəşkəsin pozulduğu haqqında məlumat verilirdi. Xəbərlərin bitməsinə az qalmış aprıcı yeni məlumatların əldə edilməsini bildirdi və sevinc göz yaşları içində hıçqıra-hıçqıra: “Füzulinin dörd, Cəbrayılın isə iki kəndi işğaldan azad edilib” xəbərini çatdırdı. Xeyli vaxt idi ki, qulaqlar qələbə xəbərinə öyrəşməmişdi. Ona görə də hər kəs heyrət və tərəddüd içində idi. Doğrudurmu? – deyə inam və inamsızlıq içində bir-birini təbrik edir, sevincdən atılıb-düşürdülər. Amma bu bir həqiqət idi. Ordumuz sürətlə irəliləyir, illərdən bəri işğal altında inləyən kənd və qəsəbələrimiz düşmən caynağından qurtulurdu.

-Şükürlər olsun, şükürlər olsun ki, artıq igid əsgərlərimiz irəliləyib, işğal altında olan torpaqlarımızı azad etməyə başlayıblar, – Nəriman babanın gözlərindən od parladı. Elə bil yanağında bərq vuran sevinc yaşları yerə düşüb yox olmaqdan ehtiyatlanırdı.

Görəsən Şükür hansı bölgədə, hansı səngərdədir, neçə vaxtdır bir xəbər də eləmir, – Nəriman baba düşündü. Ciyərparası Əzizəyə, Nurlana, ömür-gün yoldaşı Könülə bir zəng də vurmur. Bəlkə də haqlıdır, axı Vətən, torpaq məhfumu hər şeydən üstündür?! 

Cəbhə bölgəsini, səngəri öz evi sanan Şükür Həmidov döyüşlərin ən fəal iştirakçısı idi. Ömrünü hərb sənətinə həsr etmiş bu cəngavər vətənin dar günündə onun imdadına çatmaqdan qürur duyurdu. O, hələ 4 il öncə Qarabağa gedən yolda atılan ilk addım olan Aprel döyüşlərində iştirak etmiş və misilsiz qəhrəmanlıq nümayiş etdirmişdir. O zaman Şükür Həmidov  Horadiz şəhərində “N” saylı hərbi hissənin komandiri idi. O, üzərinə düşən vəzifənin öhdəsindən məharətlə gəlmiş, gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelərini, strateji nöqtələri, o cümlədən Lələtəpə zirvəsinin işğaldan azad edilməsində böyük rol oynamışdı. Elə bu səbəbdən də son 17 ildə sağlığında ilk Milli Qəhrəman adını alan şəxs kimi tarixə düşmüşdü. Amma hazırda Qarabağ uğrunda gedən döyüşlərdə daha böyük qəhrəmanlıq göstərməli idi. Çünki bu, Qarabağın azadlığı uğrunda atılan ən böyük addım olacaqdı. Vətən onu imdada səsləyirdi.

Şükür Vətəni qanı, canı bahasına olsa belə qorumağı, “Vətən!” deyə hayqıran əsgərləri ilə birgə Qarabağı işğaldan azad etməyi qarşısına məqsəd qoymuşdu. Onun ən böyük amalı da elə bu idi. Döyüşə yollanmazdan əvvəl onlara tövsiyyələr verir, nəyin bahasına olursa-olsun döyüşdə bir addım da geriyə çəkilməyəcəklərini, illərlə ürəklərdə yığılıb qalan yurd həsrətinin bitməsi üçün qisas məqamının yetişdiyini bildirirdi:

-Şanlı Azərbaycan ordusunun yenilməz əsgərləri, 30 ildir biz itirdiyimiz yurd həsrəti ilə yaşayırıq! Artıq vətənə olan borcumuzu yerinə yetirmək zamanıdır! Sizə hücum tapşırığı gələndə qartal kimi şığıyıb düşmənləri məhv edib, o müqəddəs torpaqlarımızda Azərbaycan bayrağını dalğalandırmalısınız! Bu müqəddəs yolda şəhid də ola bilərsiniz! Hər bir igid getdiyi haqq yolunda şəhadətə hazır olmalıdır! Amma öncə ölmək yox, öldürməyi düşünməliyik.

Coşqun çay kimi kükrəyən kəlmələr əsgərləri nə qədər ruhlandırırdısa, bir o qədər də onların məsuliyyətini artırırdı. Döyüşə yollanan əsgərlər irəli atılanda komandirin söylədiyi kimi düşməni öldürmək üçün sanki yarışa çıxırdılar. Bu mübarizədən qalib çıxmaq üçün alternativ tədbirlərdən istifadə edir, düşməni aldadıcı zərbələrlə mühasirəyə salmağa çalışırdılar. Odur ki, cəsarəti, təpəri, əzmi ilə düşməni əzib keçməyi bacarırdı Azərbaycan əsgəri. Qisas hissi ilə alovlanan qəlbin qığılcımı idi igidlərə döyüşmək üçün güc verən. Şükür Həmidov da bu döyüşlərdə əsgərləri ilə çiyin-çiyinə idi.

Füzuli istiqamətində vəziyyət xeyli gərginləşmişdi. Ən ağır döyüşlərdən biri olacağını Şükür əvvəlcədən təxmin edirdi. Elə bu səbəbdən də o, əsgərlərinə ehtiyatlı olmağı və çevik tərpənməyi tapşırmışdı. Zaman keçdikcə döyüşlər daha da qızışırdı. Xeyli şəhid və yaralıların olduğunu nəzərə alan Şükür əmr etdi ki, cəsədləri də, yaralıları da təhlükəsiz yerə çəksinlər. Özü isə digər silahdaşları ilə birlikdə düşmənə tərəf irəliləməyə çalışdı. Düşmənin Füzuli istiqamətində ən güclü müdafiə olunan mövqelərini darmadağın edərək, Füzulinin bütün ərazisini işğalçılardan tamamilə təmizlədilər.

  • İgid əsgərlərim Füzulini işğaldan azad etməyi bacardıq! Gözümüz aydın! Biz bunu şəhidlərimizin, yaralılarımızın qanı bahasına qazandıq! Amma bu qələbəmiz bizi nə qədər sevindirirsə, bir o qədər də ruhlandırmalıdır. Çünki hələ irəlidə neçə-neçə azad olunası torpaqlarımız, neçə bayraq taxacağımız zirvələr var! Haydı, igidlər, irəli! – polkovnik Şükür Həmidov sözünü tamamlayıb cəng meydanına yenidən atıldı.

Günlər bir-birini əvəz edir və hər gün igidlərin yeni zəfər müjdələrini eşidirdik. Oktyabrın 20-si Şükür Qubadlı rayonu ərazisində döyüşlərə qatıldı. O bu istiqamətdə də məğrurluğu ilə əsgərlərinə örnək oldu. Həftələrlə uzanan döyüşlərin yorğunluğu Şükürü daha məğrur və yenilməz edirdi. Ac-susuz günlərin, yuxusuz gecələrin uzunluğuna baxmayaraq Şükür əzmlə, mətanətlə döyüşür, yorulmaq bilmirdi. Çünki başladığı işi sona çatdırmamışdı. Yorğunluq hissi də onun bu əzəmətli duruşu qarşısında aciz idi.

Qubadlı istiqamətində gedən döyüşlərdə 1 gün ərzində 12 yaşayış məntəqəsi işğaldan azad edildi. Şəhərin bir addımlığında yerləşən Mahmudlu kəndi uğrunda şiddətli döyüşlər səngimək bilmirdi. Təəssüf ki, bu döyüş Şükürün son döyüşü oldu. Yəqin ki, Şükürə elə burada şəhidlik şərbətin içmək nəsib imiş. Beləcə, o da Xarı bülbül ətrafında birləşən şəhidlər cərgəsinə düşdü. Ölümüylə, ölümsüzlüyə qovuşdu!

Nəriman baba bir qüllab vurub siqareti külqabında söndürdü. Bayaqdan bəri masa üstdə buxarlanan çay isə soyuyub buza dönmüşdü. Könül xanım canından artıq sevdiyi ömür-gün yoldaşına demək istədiklərini torpağa gömmüşdü o gün. Amma hər kəsin bir təsəllisi vardı. Şükür ən ali məqama – Tanrı dərgahına ucalmışdı. Və o, ölümü ilə hərb tariximizin şanlı səhifəsinə qəhrəmanlıq dastanını yazmışdı.

Televizor hələ də açıq idi, deyəsən “Xəbərlər” proqramı davam edirdi. Cəbhədən xoş xəbərlər gəlməkdə idi.

Müəllif: Aysu TÜRKEL

AYSU TÜRKELİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ŞEİRLƏR

ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

MÜQƏDDƏSLƏR
(… bütün məzarsız Vətən övladlarına ithaf olunur…)
Səngəri məzarı olan qardaşım,
Hələ də bilinmir əhvalın sənin…
Dəfndən Məada Bərzəx deyirlər,
Məchuldur durumun, məqamın sənin…
* * *
Silahın pas tutub, daha heç atmaz,
Dəbilqən gəzsə də, çəkmən köç etməz,
Kəmər yox olsa da, toqqan heç itməz,
Qumquman olubdu kimliyin sənin…
* * *
Üç rəngli bayrağım süsləyən dağlar,
Hər zirvə minlərlə şəhidi ağlar,
Bənövşə çiçəyi qəlbimi dağlar,
Dağların ağ qarı kəfənin sənin…
* * *
Zaur buz bulaqdan içəmməz daha,
Bənövşə müqəddəs, dərəmməz daha,
Ağ qarı tapdayıb, gəzəmməz daha,
Bu yurdun nəyi var, ünvanın sənin…
09.05.2021. Bakı.

ATALAR
Atalar Yer üzündə Allahın kölgəsidir,
Haqdır, ədalətdi bu, Allahın bəlgəsidir.

* * *
Həm arxa, həm dayaqdı övlada varlı ata;
Uşaq var ata istər, uşaq da varlı ata…

* * *
İstəyirəm gorəsən, mümkün deyil danışmaq,
Belə olur atanın ətəyindən yapışmaq…

* * *
Allah ətəyi kimi, bərk sarılıb, tutuşmaq,
Balaca yumruqlarla, “allahlarla” vuruşmaq …

* * *
Həm arxa, həm dayaqdı övlada varlı ata;
Uşaq var ata istər, uşaq da varlı ata…
13.06.2021. Bakı.

İLQAR
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Qəhrəman olmaq üçün
Gəlmişdi Yer üzünə.
Silahı sevgi idi,
Qonmuşdu nur üzünə.
* * *
Verdilər İlqar adın,
Böyüdü üzdə vüraq.
Fəxriydi dostun, yadın,
Əhdinə düzdü İlqar.
* * *
Ananın sevinciydi,
Obanın şan-şöhrəti.
Ziyası oldu xalqın,
Əritdi zin-zülməti.
* * *
Gətirdi gedişiylə
Şərəfi, şanı bizə.
Qollara qüvvət oldu,
Təpəri yetdi dizə.
* * *
Məzara düşən gün o,
And içdi mərd oğullar:
-“Bu qanı alacağıq,
Sən rahat uyu, İlqar!”
* * *
İgidlər tutdu sözün,
Bir gündə döndü zaman.
Göstəriş verildi ki,
Düşmənə yoxdur aman!
* * *
Çin oldu arzuları,
Qarabağ oldu azad.
Uyuyur rahat indi,
Şəhidim indi rahat…
21.06.2021. Bakı.

VƏTƏN DAŞI
“Yaşıl”ına yaşıl qatan,
Dizi yaşıl oğullar var!
“Göy”ün açıq olsun deyə,
Göydən buludu qovdular!
* * *
“Qırmızı”na qanın qatan,
Gözü yaşlı analar var!
Sən beləcə şax dur deyə,
Qəddini əydi atalar!
* * *
Haqqın yoxdur; nə solmağa,
Əyilməyə Vətən daşı!
Vətənimin sözüsən sən,
Yadelliyə Vətən daşı!
29.06.2021. Bakı.

O GÜN
(Milli Qəhrəman  İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Tarixində satrançın
Bəlkə də bu oldu ilk…
Qarşısında bir topun,
Vəzir olmuşdu fillik…
* * *
Hər şey belə başladı,
Qonaqların sığmadı
O gün həyət-bacana,
Məmləkəti çuğladı…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…
14.07.2021. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru