“LİTERA”DA ŞEİR GECƏSİ Həmin gün axşam çağı, havanın təzəcə qaranlıqlaşdığı bir vaxtda xudmani bir məkanda şair, tərcüməçi, esseist Səlim Babullaoğlunun poeziya işığında çox maraqlı bir gecədə iştirak edirdik.
Gün 20 fevraldı, amma təəssüratı bölüşmək bu günün tarixinə yazılır. Buna səbəb təkcə həmin gecənin təsirindən ayrıla bilməmək deyil, həm də günün mənasını dərindən dərk etməkdən ötrü şairin poetik əsərlərinin kiçik bir qisminin yer aldığı “Oğlumla söhbətlər” və “İlk hərfi itmiş cümlə”dəki şeirləri oxumaq, mətləbləri duymaq, şairin poetik aləminə dərindən varmağım oldu.
Səlim müəllim sadə bir tərzdə ciddi ədəbiyyat söhbətinə başlayır. Deyir, Avropa ölkələrində tədbirlərə dəvət olunarkən sərgilərdə, kitab mağazalarında olan ədəbiyyata, əsasən də şeir kitablarına diqqət yetirir, götürüb vərəqləyirdim. Dizayn, tərtibat, ümumiyyətlə, kitab nəşri, onun yayımlanması, avropalıların kitaba marağı məni heyrətləndirirdi. “Onlarda belə idi…” deyəndə hiss etdim ki, şairimiz də mövzu ilə bağlı gördüklərindən yetərincə bəhrələnib…
Həmin gün o şeir gecəsinə yığışdığımız oda sanki tünlükdən kənarda, dənizin sularında ahəstə yırğalanan “gəmiyə” bənzəyirdi. Burda poeziya işığına yığışanlar həzin, duyğulu bir ovqatda şairi dinləmək intizarında idilər. Müəllifin ifasında səslənən şeirlər də hər kəsi zamanın, illərin, anların xatirələri ilə çulğamışdı. Poeziyanın həzzini yaşamaq, mənəvi zövq almaq isə əsl qəlb rahatlığı idi. Həmin gün o “gəminin sakinləri” duyğusal bir ovqatda gözəl məqamlar yaşadı…
Şairin öz ifasında səsləndirdiyi şerləri, sözün poetik toxunuşundan yaranmış rənglərin harmonik ecazı, poeziyasının yarandığı zamana oxucu marağı, onları təsəvvürdə canlandırmaq, səsləndirmək, nələri bölüşmək, nələrdən bəhs etmək, şeirdə hansı ricətlərdən söz açmaq, bu qəbildən bir çox detalları – həzin poeziya gecəsini əvvəldən axıra qədər sanki Yaradan öz nizamında axarına salmışdı. Gecəyə mənəvi rahatlıq, duyğusallıqla diqqət kəsilsəm də gözümü şairin “İlk hərfi itmiş cümləsi”ndən və “Oğlumla söhbətlər”dəki poetik mətnlərindən ayıra bilmirdim. Fikrim səsləndirdiyi şeirlərində, gecənin iştirakçıları ilə qurduğu maraqlı mükalimələrdəydi…
Unutmamış qeyd edim ki, bu poetik nümunələrin hər biri ayrılıqda mənzum həyat hekayətlərdir. Yəni nəsr üçün xarakterik olan epitetlər, rəngli təsvirlər poetik mətnlərdə səciyyəvi idi. Onu da deyim, bütün şeirlər süjetlidir: formaca yeni, üslubca özünəxas və məzmunca zəngin, rəngarəng süjetli. Bu əsərləri bizlərə sevdirən cəhətlərdən başlıcası məhz o həyat hekayətlərində çoxlarının özünü, öz taleyini, gün-güzarını görə bilməsidir. Başqa bir tərəfdən, insanların taleyində üst-üstə düşən məqamların oxşarlığı, doğmalığıdır…
Arada şairin kövrəlmiş səsində sezdiyimiz həyəcan Ana haqqında yaddaş xatirələrinin yaratdığı ovqatla bağlı idi. Bəzən də fikrin qətiyyətli intonasiyasında qərarlaşmış məğrurluq, nikbinliklə süslənmiş səsinə gözlərimi kitabdan ayırır, tamlıqla ona diqqət kəsilirəm. Əsər məni alıb-aparır… Axı, qəhrəman Anadır! Dünyaya şair gətirən Ana… Övlad üçün ən böyük sevgili varlıq olan Ana…
Səlim Babullaoğlu məsuliyyətli ədəbiyyat adamıdır. Əslində zahirən sadə görünən bu fikrin sərhədi çox genişdir. Mən bu cəhəti şairin ədəbi yaradıcılığın bir neçə qolunda ərsəyə gətirdiyi əsərlərində – şeir, tərcümə, esselərində, tərtib etdiyi kitablarda və əksərinə yazdığı ön sözdə, redaktoru olduğu toplularda müşahidə etmişəm. Hər birində də dərin və məsuliyyətli yaradıcılıq zəhməti açıq-aydın duyulur…
Xatırlayıram, onun Mirzə Şəfi Vazehin “Bütün əsərlər”inin layihə redaktoru, nəşrin tərtibçisi və ön sözün müəllifi olaraq öhdəsinə aldığı işləri bir neçə istiqamətdən, həm də həssaslıqla, heç kimin xidmətini unutmadan, itirmədən ətraflı, sistemli şəkildə, ardıcıllıqla gözəl ədəbi formada təqdim etməsini bu təəssürat yazısında da təqdir etməyi məqsədəuyğun hesab edirəm. Səlim Babullaoğlunun ədəbi fəaliyyətinin başlıca amili olan bu böyük zəhmətinin adı məsuliyyətdir!
Həmin gün Səlim müəllimin söhbətlərində, oxucuların suallarına verdiyi cavablarında da mən onun daxili məsuliyyətini hiss etdim…
Yeni kitablarınızın işığına yığışmaq intizarındayıq, Səlim Babullaoğlu!
20 fevral 2026-cı il tarixində axşam saat 19:30-dan 22:30-a qədər təxminən 3 saata yaxın vaxt ərzində “LiteRA” kitab evində şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlunun müstəqillik dövrü ədəbiyyatımızın inkişafında, xüsusilə də şeirimizin yeni ideya-məzmun keyfiyyətləri, eyni zamanda fərqli forma və üslub imkanlar qazanaraq yüksəlməsində, dünya poeziyasındakı mütərəqqi meyllərlə səsləşməsi yolunda xidmətləri olan Səlim Babullaoğlu ilə möhtəşəm şeir gecəsi baş tutub. Heç bir xüsusi dəvətnamə olmadan yalnız və yalnız ədəbiyyat saytlarında və sosial şəbəkələrdə yayımlanmış “şeir gecəsi” barədə məlumat əsasında toplanmış gecənin qonaqları təxminən 3 saata yaxın bir vaxt ərzində özünəməxsus üslubu və ifa tərzi ilə seçilən tanınmış şair Səlim Babullaoğlunun ifasında həm müəllif, həm dünya şairlərindən seçmə tərcümələrlə tanış olublar. Gecənin gedişində Səlim Babullaoğlu həmçinin qonaqları maraqlandıran sualları cavablandırıb. Sonda kitablar imzalanıb, xatirə şəkilləri çəkdirilib. Möhtəşəm gecədən fotolar:
Salam olsun, əziz və dəyərli dostlar, bu gün – 20 fevral – axşam saat səkkizin yarsında (19:30), “Elmlər Akademiyası” metrosunun yaxınlığında (köhnə 5 nömrəli çörək zavodunun, 53 nömrəli məktəbin yanında) Zahid Xəlilov 43 ünvannda yerləşən “Litera kitab evi”ndə sizi şair Səlim Babullaoğlunun şeir gecəsinə dəvət edirəm. Bu axşam tamam fərqli olacaq! Gəl! Bax! Bil!
12 fevral 2026-cı ildə ölkəmizin paytaxtı Bakı şəhərində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında Balakən rayonunda yaşayıb yaradan tanınmış yazıçı Sədulla Şirinovla görüş keçirilib. Tədbirin gedişində yazıçının son illər ərzində çap olunmuş kitabları təqdim olunub. Şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlunun moderatorluğunda keçirilən tədbirdə ölkəmizin tanınmış söz adamları, ziyalılar Sədulla Şirinovun həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüblər. Sədulla Şirinov son illər ərzində qazandığı uğurlarına görə yazarlar cameəsi adından “Alqışnamə” mükafatı ilə təltif olunub. Bundan əlavə onun bütün kitablarının redaktoru Vaqif Osmanlı “Fəxri yazar”, kitabların ərsəyə gəlməsində müstəsna xidmətləri olan Oruc Şirinov isə “Ziyadar” mükafatı ilə təltif olunub. Mükafatları yazarlar cameəsi adından “Yazarlar” jurnalının baş redaktoru tanınmış şair-publisist Zaur Ustac təqdim edib. Tədbirdən fotolar:
SƏLİM öz adına layiq adamdır. Onun adı ərəb mənşəli olub, mənası “sağlam”, “salamat”, “qüsursuz”, “doğru”, “təhlükəsiz” və “etibarlı” deməkdir. Bu ad, əsasən sakit, dürüst, düşüncəli və ağlı başında olan xüsusiyyətləri təmsil edir…
SƏLİMİN daşıdığı adla tarixdə üç məşhur hökmdar olub- I Səlim, II Səlim və III Səlim…
SƏLİMƏ Allah xüsusi fərqlilik bəxş edib. Onun adına hətta “Səlimi təqvimi” də var. Bu təqvim tarixi mənbələrdə, xüsusilə Osmanlı dövründə Sultan I Səlimin (Yavuz) dövründə istifadə edilən və ya onunla əlaqələndirilən təqvim sistemidir və astronomik hesablamalarla bağlılığı olub…
SƏLİMDƏ xüsusi qüdrət var. Hündürlüyü 1 metr 70 santimetr, çəkisi 74 koloqram, eni 46 santimetr olsa da, hündürlüyü 8849 metr, çəkisi minlərlə tona bərabər, eni yüzlərlə kilometri əhatə edən Everest dağından da əzəmətlidir…
SƏLİMDƏN bədgüman olmaq Xeyirə qarşı çıxmaq, Şeytanın komandasında təmsil olunmaq deməkdir…
Təxminən 1 il bundan əvvəl 2026-cı ildə tərcüməçi kimi fəaliyyətimi yekunlaşdıracağımı, bəzi son, nəzərdə tutduğum yarımçıq işlərimi bitirəcəyimi demişdim. Rumıniya, Moldova istiqamətində gördüyümüz işlərin yekunu, hesabatı kimi “Rumın yazıları” kitabım nəşr edildi. Bugünkü “Ədəbiyyat qəzeti”ndə “Minnətdarlıq və xatırlama…” adlı yazım dərc olundu ki, paylaşıram.
Minnətdarlıq və xatırlama… “Rumın yazıları” işıq üzü gördü
Bu günlərdə Səlim Babullaoğlunun “Rumın yazıları” adlı məqalələr toplusu işıq üzü görüb. “Zərdabi Nəşr”də işıq üzü görən kitaba Səlim Babullaoğlunun Rumıniya və Moldova poeziyası nümayəndələrinin – klassiklərdən tutmuş, çağdaşlara qədər, müxtəlif nəsilləri təmsil edən şairlərin – Mihay Eminesku, Qriqore Vyeru, Ana Blandiana, İon Hadırka, Leo Butnaru, Arkadi Suçevyanu, İon Deakonesku, Qriqore Kiper və Nikolae Spetarunun 2017-2025-ci illərdə Azərbaycan dilində nəşr edilən kitabları, yaradıcılığı barədə yazıları daxil edilib. Müəllif kitabı indiyə qədər çap olunmuş şeir toplularının hazırlanmasına dəstək vermis dostu, tanınmış ictimai xadim, iş adamı Vüqar Novruzova ithaf edib. Kitabda haqqında bəhs açılan şairlərin yaradıcılığından, hərəsindən bir şeir olmaqla nümunələr də verilib, maraqlı fotoşəkillər, bu illər ərzində Azərbaycanda işıq üzü görən şeir kitabları və qəzet-jurnal publikasiyalarının biblioqrafik siyahısı təqdim olunub. Bütün oxucu kateqoriyalarına ünvanlanan “Rumın yazıları” postsovet dövrü Azərbaycanla Rumıniya və Moldova arasında ədəbi əlaqələri, tərcümə məsələlərini və tərcüməşünaslığın problemlərini öyrənən tədqiqatçılar üçün əsaslı mənbə sayıla bilər. Babullaoğlunun son söz yazısını oxuculara təqdim edirik.
2017-ci ilin martı, ya apreli idi. Xalq yazıçısı Çingiz Abdullayevdən zəng gəldi. Dedi ki, Moldovanın Bakıdakı səfiri cənab George Leuka sənə zəng eləmək istəyir, “nömrənizi verə bilərəmmi?” deyə soruşdu. “Ola bilsin, Kişineuya, festivala gedəsiniz. Anar müəllimlə məsləhətləşdik, siz bizim Bədii Tərcümə Mərkəzinin rəhbərisiniz, əlaqə də yaradarsız …” – dedi. Getdim, Kişineu və Moldovayla, rumındilli ədiblər, o cümlədən, rumınlar ilə tanışlığım, 8 ilə yaxın uzanan yolçuluq beləcə başladı. Amma o səfərin, 2017-ci ildə Kişineuda keçirilən “Avropa Şairlərinin Baharı” VII Beynəlxalq Poeziya Festivalında iştirakımın ən böyük nəticəsi Vüqar Novruzovla görüşümüz, tanışlığımız oldu. Bir vaxtlar eyni siyasi coğrafiyada yaşadığımız Moldova, dil baxımından elə Rumıniya da hüquq elmləri doktoru, tanınmış ictimai xadim və iş adamı Vüqar Novruzovun alın yazısıydı, əsgərliyini orada çəkmiş, hüquq təhsili almış, 15 il Moldova Azərbaycanlıları Konqresinə rəhbərlik etmiş, bu günə qədər rəhbəri olduğu “Azmol Group” Holdinqi qurmuşdu. Vüqar Novruzov sıradan iş adamı deyil. Şəxsi həyatında və gündəlik davranışında sözün gücünü hiss edən və hiss etdirən, ədəbiyyata və sözə dərindən bağlı olan Vüqar bəy Azərbaycan və Moldova arasında sarsılmaz, təmənnasız, canlı körpüdür. Onun təşəbbüsü və dəstəyi ilə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Anar, Elçin, Vaqif Səmədoğlu, Çingiz Abdullayev, Əjdər Ol, Fərid Hüseyn və başqa ədiblərimizin kitabları, 30-a yaxın azərbaycanlı müəllifin əsəri toplanmış “Çağdaş Azərbaycan nəsri” antologiyası, Mihay Eminesku, Qriqore Vyeru, Ana Blandiana, İon Hadırka, Leo Butnaru, Arkadi Suçevyanu, İon Deakonesku, Qriqore Kiper, Nikolae Spetaru və İqor Volnitskinin, eləcə də başqa rumın ədiblərinin kitabı, 40-dan artıq Moldova şair və yazıçısının əsəri toplanmış “Dünya ədəbiyyatı” dərgisi “Moldova ədəbiyyatı” xüsusi sayının hazırlanması və nəşri mümkün olub; 2018-ci ildə Kişineuda “Azərbaycan ədəbiyyatı günləri”, Bakıda “Moldova ədəbiyyatı günləri” keçirilib; 5 il ərzində Kişineuda təşkil olunan “Avropa Şairlərinin Baharı” Beynəlxalq Şeir Festivalında və başqa, o cümlədən, həm də Rumıniyada keçirilən ədəbiyyat tədbirlərində Azərbaycan ədiblərinin iştirakı təmin edilib; Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə Moldova Yazıçılar Birliyi arasında Əməkdaşlıq Memorandumunun imzalanması mümkün olub. Bu sadalananlar son 8 ildə gerçəkləşməsində şəxsən iştirak etdiyim, məhz Vüqar Novruzovun dəstək verdiyi böyük işlərin bir hissəsiydi. Vüqar Novruzov həm bu illər, həm də Moldova Azərbaycanlıları Konqresinə rəhbərlik etdiyi əvvəlki uzun illər ərzində xeyli başqa kitabların, elmi və populyar ədəbiyyatın nəşrinə, Qarabağ həqiqətlərinin Moldovada və Rumıniyada təbliğinə, Azərbaycanla bağlı kitabların çapına, həm Bakıda, həm Kişineuda təşkil olunan onlarla mədəni tədbirlərin təşkilinə ardıcıl dəstək verib. Onun təşəbbüsü və köməyi ilə 2004-cü ildə Kişineuda Nizami parkı salınıb, parkda dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstü qoyulub, Moldovanın Sıncerey şəhərində “Dostluq qapısı” abidəsi ucaldılıb. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olan Vüqar Novruzovun fəaliyyəti həm Moldova dövləti, həm də Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı, müxtəlif vaxtlarda Moldova prezidentlərinin fərmanlarıyla “Gloria Muncii” və Moldovanın ali dövlət mükafatı olan “Respublika” ordenləriylə təltif olunub. Əlinizdə tutduğunuz kitabda – “Rumın yazıları”nda barəsində yazılar toplanmış Moldova və Rumıniya ədiblərinin Azərbaycan dilindəki kitablarının (bu yazılar 8 il ərzində ərsəyə gələn, tərcüməçisi olduğum 11 kitaba Ön söz, son söz və rəylər kimi qələmə alınıb) tərcüməsi və çapı da məhz hazırkı nəşrin ithaf ünvanı Vüqar Novruzovun dəstəyi, bir çox hallarda isə onun təşəbbüsü ilə mümkün olub ki, mən indi bunu dərin minnətdarlıq hissi ilə xatırlayır, məmnuniyyətlə qeyd edirəm.
İndi təxminən, qırx üç il əvvələ qayıdıb, rumın ədəbiyyatı adına ilk oxuduğum mətni xatırlamağa çalışıram. “Pəhləvan Ageran” nağılıydı. 1976-cı il nəşri. Əli Bayramlıda evimizdən çox da aralıda olmayan (ayaqla 3-5 dəqiqəlik yoldu) kitabxana vardı; uşaqlar, yeniyetmələr, bəlkə də, məktəblilər üçündü, qarışdıra bilərəm. Elə şənbələr vardı ki, gün ərzində üç dəfə baş çəkirdim kitabxanaya. 30-40 səhifəlik kitabları bir-iki saata oxuyub geri qaytarır, təzəsini götürürdüm. Amma rumın nağılları ilə vəziyyət başqa cür olmuşdu. Kitab qalındı və mən həmin kitabdan, nağıllardan haradasa, bir həftə-on gün ayrılmadım. Sonradan absurd teatrının banisi rumın əsilli fransız dramaturqu Ejen İoneskunun “La Salutation” (mən “Hal-əhval” kimi çevirərdim əsərin adını) qısa pyesini, bəlkə də, indiki dəblə desək, sketçi oxudum; İonesku mənim “üzləşdiyim” ikinci rumındı, 1997-ci ildən danışıram. Sonra Emil Çoranla “tanış oldum”, “Tarixin sonundan sonra” əsəriylə, daha doğrusu, bu əsərin fraqmentləriylə, bir də “islaholunmaz sonuncu pessimist”in 2003-cü ildə oxuduğum aforizmləri ilə; “şüur barmağına batmış tikan deyil ki, bədəninə sancılmış xəncərdir” fikri, filosofun bir çox başqa əqli nəticələri kimi sarsıtmışdı məni. Əsərlərini oxuduğum rumınların sırasına rumındilli ədəbiyyatın klassiki Eminesku da əlavə olundu, 2004, ya da 2005-ci ildi gərək ki. Bu yerdə hər nə qədər utansam belə, bir etiraf da etməliyəm: bir vaxtlar moldovan adlandırdığımız insanların elə rumın, “moldav dili” dediyimiz dilin isə elə “rumın dili” olduğunu mən həmin illərdə öyrəndim. 2009-cu ildə mən adını sonradan sevdiyim Şərqi Avropa şairlərinin siyahısına əlavə etdiyim Qriqore Vyerunun bir neçə şeirini oxudum, Ramiz Rövşənin tərcüməsində, “Xəzər” jurnalında; bu böyük şairin yaradıcılığına mən 15 il sonra əsaslı şəkildə baş vuracaqdım.
2017-2025-ci illərdə mən müxtəlif nəsilləri təmsil edən və müxtəlif ədəbi çəkiyə malik Moldova şairləri – Qriqore Vyeru, İon Hadırka, Leo Butnaru, Arkadie Suçevyanu, Nikolae Spetaru, Qriqore Kiper, Marqareta Kurtesku, Mariya Pilkin, İvan Pilkin, Raisa Sıbırne, Viktoriya Fonari, Olqa Xodova, Todur Zanet, Olqa Radova-Karanastas və Güllü Qərənfilin (Qaqauz Yerindən olan sonuncu üç şair, həm türkdilli ədəbiyyatın, həm də Moldova ədəbiyyatının təmsilçiləridir) Rumıniya şairləri – Ana Blandiana, İon Deakonesku, Nikita Danilov, Adi Kristi və Daniel Korbunun, eləcə də Rumıniya və Moldova ədəbiyyatının, rumındilli ədəbiyyatın ortaq klassiki Mihay Emineskunun poeziyasını ana dilimizə çevirdim; bir çox tərcümələr kitablaşdı, 11 poetik toplu ərsəyə gəldi ki, bu prosesdə mən dəyərli həmkarlarım, şairlər, tərcüməçilər, alimlər – adını ilk növbədə qeyd etmək istədiyim tarix və filologiya üzrə fəlsəfə doktoru J.İsmayıl, professor Cavanşir Yusifli, filologiya üzrə fəlsəfə doktoru Qismət Rüstəmovla əməkdaşlıq etdim; “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, dərginin Moldova və Rumıniya xüsusi saylarının hazırlanmasında böyük zəhməti olan həmkarım, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynli ilə ortaq işlədim, həm adıçəkilən rumın şairlərin yaradıcılığı, bütövlükdə isə rumındilli poeziya ilə bağlı xeyli materiallar oxudum. Şərqi Avropa coğrafiyasının ən unikal poetik ərazisini – Moldova və Rumıniyanı yaxından tanıdım. İş elə gətirdi ki, Blandiana, Hadırka, Deakonesku, Suçevyanu, Butnaru, Spetaru, Kiper, Kurtesku, Miroslava Metlyayeva, Kristi, Korbu, Danilov, Mariya və İvan Pilkinlər, Todur Zanet, Viktoriya Fonari, Olqa Radova-Karanastas və əsərlərini tərcümə etmədiyim İqor Volnitski, Boris Marian, Teo Kiriak, Moni Stanila, Dumitru Krudu, Vladimir Lorçenkov və onlarla başqalarıyla Bakıda, Kişineuda, Ankarada, İstanbulda, Yaşda, Krayovada, Moskvada, Qdanskda dəfələrlə görüşdüm. Nikolae Spetaru ilə münasibətlərimiz dostluğa çevrildi və o mənim tərcümələr üzərində işlədiyim zaman ən yaxın, təmənnasız məsləhətçim olmaqdan usanmadı. Öz-özünə, planlaşdırılması mümkün olmayan bir proses başladı və Azərbaycan oxucusunun ixtiyarına buraxılan, az əvvəl söylədiyim kimi, 11 şeir kitabıyla bitdi, deyə bilərəm. Əlbəttə, həm bu kitablara daxil edilən şeirlər, həm də həmin şeirlərin tərcümə səviyyəsi haqqında fərqli fikirlər ola bilər. Necə ki, illər sonra mən öz tərcümələrimə baxanda müəyyən şeyləri başqa cür eləməyin mümkünlüyünü daha aydın hiss edir, təsdiq edirəm ki, yaradıcılıq, həmçinin tərcümə işi nəhayətsiz redaktə prosesidir bir az da. Amma ümid edirəm, sonradan bir faktı təsdiqləyənlər az olmayacaq ki, bu 8 il rumındilli ədəbiyyatın, xüsusən, poeziyanın ana dilimizə çevrilməsinin təkcə 34 illik müstəqillik dövründə deyil, hətta 70 ilə yaxın “sovet epoxası”nda da ən məhsuldar dövrü sayıla bilər. Bu illər ərzində nəşr olunan kitabların həm Azərbaycanda, həm Moldova və Rumıniyada təqdimatları oldu, “ədəbiyyat günləri”, festivallar, tədbirlər keçirildi. Mən Moldovanın Azərbaycandakı səfirləri – George Leuka, Alexsander Esaulenko, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ilə dəfələrlə ünisyyətdə oldum, cənab Soare ilə isti dostluq münasibətlərimiz də formalaşdı ki, mən indi bu şəxslərin hamısına səmimiyyətlə təşəkkür edirəm. Yeri gəlmişkən, Mihay Emineskunun Vüqar Novruzovun dəstəyi ilə hazırladığımız şeirlərindən xəbər tutan (onda hələ biz öz Bakı nəşrimizi çapa verməmişdik) Rumıniyanın Bakıdakı səfiri cənab Vasile Soare Azərbaycandakı diplomatik fəaliyyətinin ilk aylarında tərcümələri bizdən istəyərək ilk nəşri də gerçəkləşdirmişdi. Kitablara daxil edilmiş şeirlər zamanında tərcümə edilə-edilə “Ədəbiyyat qəzeti”, “Ulduz” jurnalı, “525-ci qəzet”, “Mütərcim” toplusu, “Elm” qəzeti, AMEA-nın saytı, www.kulis.az, www. mustaqil.az, www.manera.az, www. zefernews, www. yazarlar.az və b. elektron resurslarda dərc olunmuşdu. Kitablar çap edildikdən sonra isə onların təqdimatları (bəzən müəlliflərinin iştirakı ilə) yuxarıda adını çəkdiyim elektron KİV-lə yanaşı, AzTV, “Mədəniyyət” kanalı, Real TV, Baku TV, Reaksiya TV və başqa televiziya və internet kanallarında geniş təbliğ olunmuş, işıqlandırılmışdı. Bu təqdimatların keçirilməsində Bakı Kitab Mərkəzi, AMEA Ədəbiyyat İnstitutu və AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Milli İncəsənət Muzeyi, Muğam Mərkəzi bizə, Azərbaycan Yazıçılar Birliyinə yaxından köməklik göstərmişdi. Mən adıçəkilən bütün qurumlara və KİV-ə minnətdarlıq edirəm. Amma bu müddət ərzində, daha doğrusu, bir dövrün sonuna yaxın (ümid edirəm ki, başqa bir dövrün və prosesin başlanğıcında), ola bilsin, başqaları üçün əhəmiyyətli görünməyən bir şəxsi sual məni ciddi şəkildə düşündürür. Bu prosesdə daha çox kim olaraq iştirak etmişdim? Tərcüməçi kimimi, ya ədəbi işin təşkilatçısı olaraq, öz vəzifə borcunu yerinə yetirən şəxs qismindəmi? Hər halda xatırlayıram, 2023-cü il yanvar ayının ilk günlərində mən ölüm yatağında olan atamın çarpayısı başında ona qulluq edirdim, elə gecələr, gündüzlər olurdu ki, 40-50 dəfə, bəlkə də, daha çox ona su verir, dodaqlarını isladır, yatağında rahat olsun deyə, yerini azacıq da olsa dəyişirdim. Və bu işlərin arasında 2-3 dəqiqəlik fasilələrdə Emineskunun nəşriyyata göndərməli olduğum kitabının (kitab yanvarın 14-nə qədər nəşr olunmalıydı) son oxusuna baş vurur, redaktə eləməyə çalışırdım, bilmirəm, bəlkə də, özümü ovutmağa, ölümü yox, həyatı düşünməyə çalışırdım. Amma atamın tez-tez halsız səslə saatı soruşmağı yenə də həyatdan yox, ölümdən danışır, ölümü xatırladırdı; adətən həyatımızı, günümüzü planlaşdırmağa xidmət edən zamanın, saatın, sən demə, daha çox ölümü xatırlatmalı olduğunu mən ilk dəfə belə aydın-açıq hiss etdim. Atam yanvarın 15-i, Emineskunun doğum günündə vəfat etdi: bu isə ağlagəlməz həyat-ölüm qafiləsinin təklif etdiyi ağrılı qafiyələr idi. İki il sonra, yəni indi anlayıram, bütün işlər həmişə yarımçıq qalacaq.
Kollektiv, ictimai təcrübə və yaşantılarla şəxsi təcrübə və yaşantıların arasında əsas əlaqə ədəbiyyat və xüsusən, ali nitq hadisəsi kimi poeziya vasitəsiylə qurulur. Çılpaq, soyuq, zahiri hadisələr, faktlar, statistika ilə daxili, batini hadisələr – hisslərimiz, fikirlərimiz az-çox düşünən adamların içindəki iki səs kimi bizi ömrü boyu müşayiət edir. Poeziya bu iki, sanki həm özgə dillərdə danışanların öz aralarında, ortaq məxrəcə gəlib bütünləşəndə isə həm də onlar ilə cəmiyyət arasında dilmanc, tərcüməçi rolunu oynayır. Rumın şairlərin şeirlərini tərcümə edərkən mən bu fikrin bir daha təsdiqini tapdım.
Həyatının yetkinlik illərində Şərqi Avropa ədəbiyyatının, poeziyasının, belə demək mümkünsə, muxtariyyəti, özəlliyi haqda tez-tez danışan, bu ədəbiyyatın ümum-Avropa ədəbiyyatı, mədəniyyəti kontekstində bir çox hallarda gözardı edilməsi ilə heç vaxt barışmayan, XX əsrin görkəmli şairlərindən biri, ədəbiyyat üzrə Nobel mükafatı laureatı, böyük polyak düşünər Çeslav Miloş (1911-2004) yazırdı: “Avropa mədəniyyəti xeyir və şər, həqiqət və yalan kimi aydın meyarların itirildiyi, fərdlərin isə dəyərləri təhrif etməkdə təcrübəli və güclü olan kollektiv hərəkatların oyuncağına çevrildiyi bir mərhələyə qədəm qoyub. Nəticədə, hər gün qara ağa, cinayət tərifəlayiq əmələ, aşkar yalan isə hər kəs üçün məcburi doqmaya/ehkama çevrilir…” Bu fikirlərlə razılaşmamaq olmur; üstəgəl, düşünürəm ki, Avropa mədəniyyəti deyərkən, pan Miloş yalnız siyasi-coğrafi ərazi olaraq Avropadan bəhs etmir, 300 ildir ki, dominantlıq təşkil edən bir mədəniyyətin ərazisindən, əslində bütün sivil dünyadan bəhs edirdi. Məsələ budur ki, Avropa xalqlarının poeziyasının böyük “kütləsi” bu dövr ərzində həm də Miloşun dediyi çöküşə refleksiya, reaksiya kimi meydana çıxıb; fikirləşirəm ki, mənim tərcüməçilik fəaliyyətimin, ya şüurlu, ya təhtəlşüur, bizim ərazilərdə – Qafqazda, Orta Asiyada, müsəlman və türk Şərqində baş verməkdə olan mənəvi çöküşü önləmək kimi bir hərəkətverici qüvvəsi, niyyəti, sadəlövh bir inam olub. Təbii, bu cür işlərdə heç bir və qəti müvəffəqlikdən söz gedə bilməz. Hər necəsə, dəyərli oxucuların əlində tutduğu bu kitab və bu kitaba yazılmış son söz poeziya tərcüməçisi kimi fəaliyyətinə son verməkdə olan bir adamın bir az hesabatı, daha çox minnətdarlığı və xatırlaması idi.
10 dekabr 2025-ci il
Mənbə və müəllif: Səlim Babullaoğlu, şair, esseist, ədəbiyyatşünas, tərcüməçi
Bu fotoda sözlər danışmır, duruş danışır. İki insan yan-yana dayanıb, amma aralarındakı məsafə fiziki yox, mənəvidir. Hər ikisinin əlləri önündə birləşib — bu, nə təsadüfi jestdir, nə də sadə rahatlıq. Bu, daxili nizamın, özünü toparlamanın, zamanın ağırlığını çiyinlərində hiss etməyin ifadəsidir:
Biri gələcəkdir, o biri keçmiş, İndiki zamanda qoşa, mehriban. Gələnə gedənin sözü çox qısa: Yükün çox ağırdır, yaşa mehriban!
Soldakı insan dik durur, baxışları açıqdır. Duruşunda məsuliyyət var — sanki söylənəcək sözlərin yox, daşınacaq yükün fərqindədir. Əllərin birləşməsi onun özünü nəzarətdə saxladığını, düşüncələrinin içində sakit bir intizam yaratdığını göstərir. Bu duruş “mən buradayam” demir, “mən cavabdehəm” deyir:
Dədə Qorqud deyir: – dinlə Qazan xan, O qədər olacaq oyun pozan xan, Ağılına gələni şeir yazan xan, Hamısın yola ver, yaşa mehriban!
Sağdakı insanın duruşu isə daha çox zamanla üz-üzə qalmış bir ruhu xatırladır. Çiyinlər bir qədər irəli əyilib, baş aşağıya doğru yönəlib. Bu, zəiflik yox, dərinlikdir. İllərin topladığı təcrübənin, görülmüş işlərin, deyilmiş və deyilməmiş sözlərin ağırlığıdır bu əyilmə. Onun duruşu sükutun müdrikliyini daşıyır:
Bizik söz mülkünün sədri-əzəmi, Çox olub bu mülkün xəstə, cüzəmi, Heç zaman söyləmə: – qalıb bizəmi?! Hamısın yola ver, yaşa mehriban!
Hər iki insanın ortaq cəhəti tələskənlikdən uzaq olmalarıdır. Onlar poza vermirlər, özlərini göstərmirlər. Bu fotoda nümayiş yox, hal var. Elə bil zaman bir anlıq dayanıb və insanın öz vicdanı ilə tək qaldığı o səssiz məqam tutulub:
Ustac şəklə baxır, şəkildə yoxdur, Oxumaqda acdır, yazmaqda toxdur, Dədənin sözündə həqiqət çoxdur: “Hamısın yola ver, yaşa mehriban!“
Bu duruşlar bizə bir həqiqəti xatırladır: bəzən insanın kim olduğunu öyrənmək üçün nə danışdığına yox, necə dayandığına baxmaq kifayətdir. Çünki duruş – insanın daxili dünyasının səssiz etirafıdır. Həmişə göz önündə olan hər iki ziyalımıza qədəm qoyduğumuz yeni ildə can sağlığı və bolluca uğur arzulayıram! Sözümü böyük Azərbaycan şairi ulular ulusu, ustad Səməd Vurğunun bu bəndi ilə yekunlaşdırmaq istəyirəm:
Saç ağardı, ancaq ürək Alovludur əvvəlkitək. Saç ağardı, ancaq nə qəm! Əlimdədir hələ qələm… Bilirəm ki, deməyəcək Bir sevgilim, bir də Vətən: -Şair, nə tez qocaldın sən!
“Tanrı” sözünü daşa qazan ilk yazanımızdan üzü bəri, bütün söz demiş ozanlarımızı rəhmətlə anır, hazırda əldə qələm çarpışan bütün yazarlarımıza üzümüzə gələn yel qanadlı at ilində muradlarının hasil olmasını diləyirəm!
Səlim Babullaoğlu milli mətbuatın 150 illik yubiley medalı ilə təltif edilib
Şair, esseist, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu Azərbaycan milli mətbuatının 150 illik yubiley medalı ilə təltif edilib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid medalı Səlim Babullaoğluna təqdim edib. Babullaoğlu təltif olunmuş bütün həmkarlarını təbrik edib, Rəşad Məcidə, Medianın İnkişafı Agentliyinin rəhbərliyinə təşəkkür edib.
Bu gün Əli Çağlaya AYB-nin “Fəxri üzv” vəsiqəsi təqdim edilib. Vəsiqəni şəxsən Səlim Babullaoğlu özü təqdim edib. Əli Çağla təəssüratlarını sosial şəbəkə üzərindən öz izləyicilərlə bölüşüb:
“5 mart, 2025-ci il Azərbaycan Ədəbiyyat Fondu və DGTYB-nin təqdimatı ilə AYB-nin fəxri üzvlüyünə qəbul olunmuşdum, amma vəsiqəni əldə etmək bu günə qismət oldu. Hər kəsə təşəkkürlər! Dünən ədalətli xalq yazıçımız Anar müəllim dedi ki, gör sən nə qədər xoşbəxtsən ki, 23 yaşın var, AYB-nin fəxri üzvüsən, çünki fəxri üzvlərimizin hamısının 40-dan çox yaşı var!..”
YAZARLAR.AZ olaraq , Əli Çağlanı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!
SENTYABR SARISININ SƏSSİZ SARSINTISI (Səlim Babullaoğlu şeirində güzun güzəranı) Salam olsun, çox dəyərli oxucum! Bu dəfəki söhbətimizin mövzusu tanınmış şair Səlim Babullaoğlunun “Sentyabr. Eylül. Veresen. September” şeiri haqqında olacaq. Mövzuya keçməzdən əvvəl müəllif haqqında qısa arayış təqdim etmək istəyirəm. QIŞA ARAYIŞ Şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlunun müstəqillik dövrü ədəbiyyatımızın inkişafında, xüsusilə də şeirimizin yeni ideya-məzmun keyfiyyətləri, eyni zamanda fərqli forma və üslub imkanlar qazanaraq yüksəlməsində, dünya poeziyasındakı mütərəqqi meyllərlə səsləşməsi yolunda xidmətləri əvəzsizdir. Bir yaradıcı şəxs kimi təkcə öz uğurları üçün deyil, ümumilikdə ədəbiyyat, kitab, kitabçılıq adına onun gördüyü bütün işlər təqdirəlayiqdir. Bu yazını yazdığım gün Səlim Babullaoğlunun 53 yaşı tamam olur. Şairi doğum günü münasibətilə təbrik edir, tutduğu yolda bolluca uğur arzulayıram! Yuxarıda qeyd etdiyim kimi, bu yazımda bütün digər fəaliyyətlərini bir kənara qoyub, müəzzəm bir şeir haqqında söhbət edəcəyik:
Sentyabr – il təqviminin sadəcə bir vərəqi deyil. O, zamanın içində səssizcə yetişən bir xatirədir. Payızın ilk nəfəsidir. Sarı rəngin, kədərin, yüngül, amma dərin melanxoliyanın ilk cümləsidir. Səlim Babullaoğlunun “Sentyabr. Eylül. Veresen. September” şeiri də məhz bu nəfəsdir: dörd dildə bir ayın adı, dörd tərəfdən eyni duyğunun səsləndiyi bir poeziya aləmi. HAŞİYƏ Sentyabr. Eylül. Veresen. September eyni ayı – sentyabrı – müxtəlif dillərdə verir: Azərbaycan: Sentyabr Türk: Eylül Ukraynaca (Slavyan mənşəli): Veresen İngiliscə: September Bu, ayın müxtəlif mədəniyyətlər və dillərdə eyni kədərli payız duyğusu ilə yaşanmasını vurğulayan poetik bir üsuldur. Şair bir ayı sadəcə adlandırmır – onu yaşayır, ona çevrilir, onun ritmində danışır. Şeirin ilk sətri artıq bir manifestdir. Sentyabr bir coğrafiya deyil, bir xəyal durumudur. Ay sanki dörd dilin arasında dolaşır, sözlərin səddini aşır, “yerlə göyün arasında” gizli bir təlatümü çatdırır. Dil dəyişir, duyğu dəyişmir: Sentyabr. Eylül. Veresen. September. Dörd ayrı söz, dörd ayrı mədəniyyət. Və eyni sarı rəng, eyni kədər. Sanki dünya kiçilib bir vərəqə yerləşib: yağış köndələndən yağır, külək göz doldurur, yarpaqlar qəpik kimi səpələnir. Şairin poetik kamerası geniş panoramı çəkmir – o, detalı göstərir: tozlu əlcək, sapsarı arı, çətir çiçəyi, köynəyin altındakı ürək. Bütün bunlar payızın metaforasıdır. Və bu metafora heç vaxt təmtəraq axtarmır. O sadədir, ləngərsizdir və buna görə də təsirlidir. Yarpaq bir rəngdə olsa da, şair onu müxtəlif rakurslardan çəpandazı süzərək, gah gözlərini qıyır, gah da daha geniş açaraq təbiətin möcüzəsi olan payız səhnələrini öz gördüyü kimi müxtəlif spektrli çalarlala bizə təqdim edir. Müəllifin baxış bucağı saniyələr çərçivəsində dəyişdikcə dillər və coğrafi sərhədlər dəyişsə də insan və onun hissləri dəyişməz olaraq qalır. Şeirdə ayların dilini dəyişmək, sanki mədəniyyətlərin arasında sərhədsiz bir təcrübə yaratmaq deməkdir. Təqvimlər “özünü biyabır” eləyir: çünki insan onsuz da bilir – payız gəlib. Təqvimə baxmağa ehtiyac yoxdur. Güz gözün içindədir.
Şeirin ikinci bölümü sükutun fəlsəfəsinə dayanır. Sükut – qalib gəlir. Sözlər, dillər, təqvimlər yarışır, amma sonunda barmağını dodaqlarına qoyan bir səssizlik hamını susdurur. Qələmin ucu şimşək kimi “çaxanda” çiçək açan çətirlər həm qorunma, həm də təslimiyyət simvoludur. Bu mənzərənin içində bir kədərli insan obrazı peyda olur – sədəqə istəyən. Şair ona pul verir, təbəssüm verir, diləyir: “Qoy, arzun çin olsun, qoy, üzün gülsün!” Bu, yalnız bir sosial səhnə deyil. Payızın içində insanın insana son sığınmasıdır. Pəncərənin dalından göyə uçan sözlər insanın içində yaşarıb gözə çevrilir. Üçüncü bölümdə göy üzünün “tənbəl-tənbəl” ağarması – həyatın ritminin yavaşımasıdır. Məğrurluq miskindir burada. Çünki insan əvvəldən göylərə məğlubdur. Payızın fəlsəfəsi də budur: “Biz ki göylərə əvvəldən məğlubuq.” İmre Kertesin açıq qalmış kitabı – yaddaşın, tarixin, fəlsəfənin bir simvoludur. Vərəqlər geri çevrilir, amma ömür geri dönmür. “Еh… kaş…” misrasının nəfəsi oxucunun sinəsində səslənir. Həqiqət yalanlardan daha ağırdır. Buna görə süni gülün üzərində qalan miçək öpüşü belə təsirlidir. İnsan yalanı dinləməyə alışır. Çünki yalan sığallayır, həqiqət isə üşüdür. Şeir finalda sanki kinonun son kadrı kimi dayanır. İşıq, kölgə, qızarmış üfüq, frigid qadıntək bir qələm. Və divarda bitən sevgi oyunu. Film bitir. Payız isə bitmir. Çünki payız yalnız bir fəsil deyil, insan ruhunun halıdır. Bu şeir bir fəsil (ay) haqqında deyil – insanın öz içindəki payız haqqındadır. Sarı rəng və kədər, qüssəli tembr… Bunlar yalnız təbiətin deyil, düşüncənin rəngləridir. Səlim Babullaoğlu payızı dilə gətirmir – payızı dildən azad edir. Ona görə dörd dil eyni nəfəsdə səslənir. Bu şeir coğrafi deyil, metafizikadır. Bu şeir fiziki təqvim deyil, ruh təqvimidir. “Sentyabr. Eylül. Veresen. September” – təqvim dəyişəndə deyil, insan dəyişəndə başlayan bir aydır, ömrün payızdır. O səssiz fırtınadır. Sapsarı təlatümdür. Bir tozlu əlcəkdir pəncərə önündə. Dünyadan əl çəkmək yox, dünyanı sakitcə seyr etməkdir. Bu şeir həm mətn, həm də güzgüdür. Payız hər kəsə bir başqa cür görünür. Amma sarı rəng hamının kədərinə uyğundur. Və sual hələ açıqdır: Sentyabr, Eylül, Veresen, September… Adın nə fərqi var? Ay həmin aydır. İnsan, həmin insandır. “Payız” və ya “güz” de, nə fərq edər, fəsil həmin fəsildir, insan həmin insan… Ayın adı dəyişir. Duyğunun adı dəyişmir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm, əziz və çox dəyərli oxucum. Allah amanında.