TƏRANƏ MƏMMƏD. XƏYALIMDASAN.

XƏYALIMDASAN
Gizlədib qəlbimdə qəmi, qüssəni,
İstərdim ömründən bir gün qoparım.
Bu fani dünyadan ayırıb səni,
Dərin xəyallara qonaq aparım.
* * *
Ayrıl bu dünyanın dərdi- sərindən!
Son dəfə ah çəkib içdən,dərindən,
Göstər şücaəti, tut əllərimdən!
Gəl gedək mənimlə xəyallarıma…
* * *
Xəyallar şirindir, xəyallar gözəl,
Hər biri həzindir,hər biri özəl,
Orda çiçək açır tökülən xəzəl,
Gəl gedək mənimlə xəyallarıma…
* * *
Orda gecələrə qaranlıq dolmur,
Orda açan güllər saralıb solmur,
Orda tək vüsal var, intizar olmur ,
Gəl gedək mənimlə xəyallarıma…
* * *
Yox! Getmə! Qal,yaşa öz həyatını,
Göyün keçmək olmur yeddi qatını.
Fərqi nə ?Olasan, ya olmayasan,
Onsuz da həmişə xəyalımdasan.

Müəllif: Təranə MƏMMƏD

TƏRANƏ MƏMMƏDİN YAZILARI

KƏNAN HACININ YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AZƏRBAYCAN ŞAİRLƏRİ

AĞ ADAM ŞEİRİ
(Rəşad Məcidin doğum gününə)
Tanrı mayasını tutubdu “ağ”la,
Torpağı ağ, sümüyü ağ, sözü ağ.
Sən bu hekayətə ya gül, ya ağla,
Bu adamın əyrisi ağ, düzü ağ.
* * *
Ağoğlanda göz açıbdı dünyaya,
Ağ doğulub, nur saçıbdı dünyaya,
Ağ qalacaq, and icibdi dünyaya,
Sözün tutub; alnı açıq, üzü ağ.
* * *
Ağdam adlı məmləkətin uşağı,
Burda çözüb min-bir türlü tuşağı,
Çox dinləyib “dastan” deyən “aşığı”;
Hekayətin mini qara, yüzü ağ.
* * *
Ağcabədi, mədəniyyət beşiyi,
Yurd yeridi, çəkilibdi keşiyi,
Sadə olub daim evi, eşiyi,
Məqamında kürsüsü ağ, mizi ağ.
* * *
Ustac deyir; tam arınıb bu adam,
Ağayana, mərd tanınıb bu adam,
Yarananda, ağ yaranıb bu adam,
Ağ adamdı; “dirsəyi ağ”, “dizi ağ”.

Müəllif: Zaur USTAC


ZAUR USTACIN YAZILARI

RƏŞAD MƏCİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

>>>> MÜTLƏQ OXU !!!

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Xanım İsmayılqızı. Anama – dünyamın Pərizadına ithaf.

Anama – dünyamın Pərizadına ithaf

***

Saralmış dəftər

barmaqlarımın toxunuşundadı.

Saralmış pərdələri araladım.

İllərin altına düşdüm,

Ayların üstünə çıxdım.

Ayağım da büdrədi.

İçimdə buz bağlayan

ürəyim də titrədi…

Ölümünü gözləyən İnsanın

ölüm qapısında

hazır dayanışını gördüm.

Üzündə vida nəğməsi oxunan,

gözlərimə toxunan

doğmanın,

belini kəsən yatağını,

bütün həyatını boğçaya almış

otağını,

qorxusuzluğun içində, həm də

titrəyən, qıfıllı dodağını gördüm.

Ruhların cağırışına əl uzadan,

O dünyadan gələnləri salamlayan,

İçindən keçirib, göz önündə

saxlayan Qadının,

bətnindən doğulanlardan utandığını,

Üzünün saraldığını,

Gözünün ağardığını,

Ağlamadan ağladığını gördüm.

Cümlələrin, sözlərin,

hərflərin, işarələrin arasında

bir az da özümü gördüm.

Bu Qadının həsrətini,

Ağrıdan qopan bətnini,

Bətnindən qopan əllərini,

Dualarını, vidalarını,

İçindən köçən balalarını,

doğmalarını gördüm.

Saralmış vərəqlər

saralmış xatirə kimi aralandıqca,

Qat-qat yığılan,

Doğulan, boğulan nə vardısa

alt qatına doğru getdim.

Heyrətləndim…

İtdim – ağdan sarıya kimi

illəri yatıran bu dəftərin

həyat otağının

sarı pərdələri arxasında,

Səhifələr arasında…

Qatlardan çıxdım…Qatlandım…

O Qadının, bu saralmış dəftərdəki

Son cümləsi – yıxdı məni…

…Yazıların, vərəqlərin

Sarısını – üzümə,

Ağrısını – gözümə,

Tozunu – nəfəsimə,

Xatirəsini – sözümə,

Hıçqırığını – səsimə,

ANAMI – içimə cəkdim…

BALAM kimi…

Müəllif: Xanım İSMAYILQIZI

XANIM İSMAYILQIZININ YAZILARI

ÜZEYİR HACIBƏYOVUN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NAZİM ƏHMƏDLİ – 70

Azərbaycan Yazıçılar Birliyi tanınmış şair Nazim Əhmədlini 70 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir.

Nazim Şamil oğlu  Əhmədli 1953-cü il may ayının 1-də Laçın rayonunun Əhmədli kəndində anadan olub. Orta məktəbi Laçın şəhərində bitirib, 1971-74-cü illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 1981-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsinə daxil olub, 1986-cı ildə ali təhsilini tamamlayıb. Həmin il Azərbaycan Yazıçılar Birliyində dəftərxana müdiri vəzifəsinə qəbul edilib.

Natəvan klubunun müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində redaktor, ümumi şöbə müdiri vəzifələrində çalışıb. 1993-1996-cı illərdə Azərbaycan Ordusu sıralarında hərbi jurnalist kimi xidmət etmiş, sonra Nərimanov rayonundakı Ekologiya litseyində müəllim, özəl Tətbiqi Elmlər Universitetinin jurnalistika fakültəsində müəllim, dekan müavini kimi əmək fəaliyyətini davam etdirmişdir. 2012-ci ildən QHT sektorunda Skandinaviya ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədridir. Uzun illərdir Skandinaviya ölkələrində Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və Qarabağ məsələsi ilə əlaqədar layihələri həyata keçirir. 2015-2022-ci illərdə Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini vəzifəsində işləyib. Hərbi jurnalist kimi Qarabağ müharibəsi veteranıdır. “525-ci qəzet”də şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru vəzifəsində səmərəli fəaliyyət göstərib. Hazırda ictimai əsaslarla Büronun direktorudur. Şeirləri, hekayələri respublika mətbuatında müntəzəm dərc olunur və rus, çeçen, alman, ingilis, yapon dillərinə tərcümə edilib, Türkiyə, özbək türkcələrində işıq üzü görüb. “Bir ömür sevgi”, “Ruhum da sənin olacaq”, “Sevgi Allahı”, “Mən bir günah elçisiyəm”, “Əfv eylə məni”, “Mənim generalım”, “Qız təbəssümü”, “Mollaəhmədli və Mollaəhmədlilər”, “Unutduğum göy üzü”, “Buludları üstümə ört”, “Bürkü” (Təbriz), “Yenə dönüb gələcəm”, “Mein geliebtes fernes Meer” (Almaniya, Köln), “Stay in my Heart” (ingiliscə, Bakı), “Gökyüzünün adamı” kitablarının müəllifidir. Türkcədən yazıçı Orhan Arasın “Helenendorfun sonuncu şahidi” və “Biz Azərbaycanı çox sevdik” kitablarını, İsveç yazıçısı, Nobel mükafatı laureatı Pyer Fabian Lagerkvistin dörd hekayəsini, yapon yazıçısı Yukio Misimanın “Vətənpərvərlik” hekayəsini, Aqata Kristinin, İvan Jdanovun, Sergey Qraçovun və b. yaradıcılıqlarından nümunələri Azərbaycan dilinə çevirmişdir.  AYB Bədii Ədəbiyyatı Təbliğ Bürosonun  “Yaddaş”, “Qılınc və qələm” “Ədəbiyyatımızın dostu” mükafatlarını təsis edib və yazıçı və şairlərimiz milli-mənəvi yaddaşa qayıdış  və Qarabağ mövzusundakı  uğurlu əsərlərə görə mükafatlandırılıb.

Tanınmış qələm sahibi Nazim Əhmədlini yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

Onun şair təbi…

Tanınmış şair Nazim Əhmədli ilə dostluğumuzun yaşı qırx ildən çoxdur. İlk tanıdığım günlərdən hiss edirdim ki, o, qələm dostlarımın çoxundan təbiiliyi və səmimiliyi ilə seçilir. Nazim, bəziləri kimi, heç vaxt özgə səmtə əsmədi, öz yolunu getdi, düz yolunu getdi…

Artıq o, 18 kitab müəllifidir, bu kitablardan 6-sı xarici ölkələrdə çap olunub. Yaxşı yadımdadır, birinci dəfə onun şeirlərini 70-ci illərin axırlarında “Azərbaycan” jurnalında oxuyub bəyənmişdim. Və şair taleyinin uğurlu olacağı qənətindəydim. İllər ötdü, mən öz qənaətimdə yanılmadığıma əmin oldum. Çünki Nazim Əhmədli ədəbi aləmə özünün və sözünün məsuliyyətini yaxşı dərk edən istedalı şair kimi gəlmişdi. Eyforiyaya qapılıb ötəri həvəslə yazmaq Nazimin təbiətinə yad idi. Onun “Təbiət lövhələri” silsiləsindən olan ilk mətbu şeirləri oxucuya xoş duyğular aşılayırdı. Mən bu şeirlərin ikisini də bu məqalədə yer almasını ona görə istədim ki, qoy, bu günün oxucusu da bilsin ki, “Azərbaycan” jurnalının 1979-cu il, 5-ci sayında dərc olunmuş bu iki şeir hələ də öz təravətini qoruyub saxlayır.

Nazim o zaman çox gənc idi. Həmin illərdə Yazıçılar İttifaqının (İndiki AYB) bu mətbu nəşrində şeir çap etdirmək hər gənc şairə nəsib olan xoşbəxtlik deyildi. Nazim də həmin xoşbəxtlərdən idi. Təvəzökarlıqdan uzaq olsa da, həmin illərdə, hələ tələbə ikən mənim də iki şeirim “Azərbaycan” jurnalında işıq üzü görmüşdü. Həmin “Təzadlar” şeirinin işığında Nazimlə bizim tanışlığımız başladı. Yəni bizim şeirlərimiz bizi doğmalaşdırdı, dostluğumuza bir vəsilə oldu:

Zirvə açıb yaxasını Günəşə,

duman basıb, dərədə ağ gecədi;

ildırımın tək səbiri gəlmədi,

Qara bulud göy üzündə çeçədi;

Bu şeiri oxuyub bənddən-bəndə keçdikcə, göz önündə canlanan təkcə təbiət lövhələri deyildi. Mən bu şeirdə sanki təbiətin təranəsini dinləyirdim:

Tellərini döşə yayıb qız bulaq,

dağ çayına pay göndərir yüz bulaq;

bir qayanı yarıb çıxan buz bulaq

düyməsindən pərvazlanan qönçədi.

Şairin ürəyindən süzülüb gələn bu misralar da bulaq suyunun zümzüməsindən yaranan nəğmələr kimidir. Bu şeirdə müəllifin düşüncə və ürək çırpıntıları aydın duyulur:

Qoşa çinar – bir sevginin vüsləti,

yaz yağışı – quru çölün qisməti;

laləli düz dağlarımın isməti,

yastı təpə – çiçək dolu nimçədi.

əyri qaya – dəvələrin qozbeli,

buynuzlu daş – zirvədəki dağ kəli.

şümal qaya – bir igidin heykəli,

çovuş qaya qulpuqırıq çömçədi.

Nazim Əhmədli əslən Vətənimizin dilbər güşəsi Qarabağdandır. O, Laçın rayonunun Əhmədli kəndində böyüyüb, boya-başa çatıb. Ona görə çeşmələrin nəğməsindən, şəlalənin səsindən vəcdə gəlib. Təbiətin füsünkar boyalarını şeirə gətirib, öz şair dili ilə bir qədər də gözəlləşdirib.

Çiçəklərin yanağına qonan şeh,

boz dumanın dodağının nəmidi,

göy talada dalğalanan lalələr

elə bildim, od vurulmuş zəmidi.

min təzad var çeşmələrin səsində,

meşə itib ilk baharın sisində,

daş kahalar qayaların köksündə –

bu dağların yuva-yuva qəmidi.

çeşmə açıb sərin sulu ovcunu,

qonaq edir gəlib-gedən yolçunu.

harayladı bir insaflı ovçunu

tərlan qovan bir kəkliyin ümidi.

təbiətdə gör nə qədər yazan var;

çeşmə, külək, yağış, dolu, boran, qar,

şəlalələr hərəsi bir sazandar,

dağlar özü elə şair kimidir.

…İndi şair dostum üçün artıq o mərhələ çoxdan arxada qalıb. Bu gün Nazim Əhmədli yetkin və bitgin şairdir. Xalqımızın taleyi ilə bağlı duyğu-düşüncələr, ata-ana, Vətən sevgisi, mənəvi aləmə bağlılıq, həmişəyaşar, tükənməz mövzulara müasirlik baxımından yanaşma onun şeirlərinin qayəsini təşkil edir:

anam köçəndən bəri

gözüm yuxu yatmayıb,

hər gün məktub yazmışam,

biri gedib çatmayıb.

nə yatdım, nə oyanam,

çağırsam, dərd oyanar,

çıxıb gedəndə, anam

heç məni oyatmayıb.

anam bir dərd Vətəni,

hanı dərdin itəni;

opayızdan ötəni

gülüşü boy atmayıb…

…O zamanlar Azərbaycan Yazıçılar Birliyinin (İttifaqının) gözəl bir ənənəsi vardı. Şüvələndakı Yaradıcılıq evində gənc şair və yazıçıların yaradıcılıq seminarları keçirilirdi. Həmin seminarlarda Nazimlə birlikdə iştirak edirdik. Hər görüşümüzdə yazdığımız yeni şeirlərimizi bir-birimizə oxuyub fikirlərimizi bölüşürdük. Bir dəfə görkəmli tərcüməçi Vladimir Qafarov Şüvəlandakı Yaradıcılıq evinə gəlmişdi. Nazim məni Vladimir Qafarovla tanış etdi. O da bizi özünün Şüvəlandakı bağına qonaq apardı. Xalq şairi Süleyman Rüstəmlə, Vladimir Qafarov bağ qonşusu idi. Hamımız çay süfrəsi ətrafında əyləşmişdik. Vladimir Qafarov bizi Süleyman Rüstəmə təqdim edib dedi:

– Həzi artıq tələbədir, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində oxuyur. Nazim isə M.Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olmaq üçün hazırlaşır…

O zaman Vladimir Qafarov Nazimin  şeirlərini rus dilinə tərcümə edirdi. Bu, Nazimin Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olmasından ötrü tələb olunan şərtlərdən biri idi. Nazim arzusuna çatdı. O, 1981-ci ildə Moskvada Ədəbiyyat İnstituna qəbul oldu. İnstitutu bitirdikdən sonra, 1986-cı ildə Azərbaycan Yazıçılar Birliyində  işləməyə başladı. Həm bir insan, həm də bir şair kimi şərəfli ömür yolu keçdi və bu günümüzə gəlib çatdı. Ömrünə ömür calansın. Nazim gözəl ailə başçısıdır. Ömür-gün yoldaşı Rəhilə bacı ilə mənalı ömür yaşayır. Ümidli bir ailə-ocağın yanar çırağıdır. Yüksək təhsil görmüş Tural və Vüsal kimi dəyərli oğulları xalqımızı Vətənimizdən uzaqlarda ləyaqətlə təmsil edirlər.

Nazim Əhmədli ömrünün müdriklik çağlarını yaşayır, həm də fəal bədii yaradıcılığını davam etdirir. Bununla yanaşı, o, Türkiyədəki “Kırımın səsi” qəzetinin Azərbaycan üzrə təmsilçisidir. Azərbaycan şair və yazıçılarının əsərlərinin “Krımın səsi” və digər qəzet və dərgilərdə yayımlanmasında fədakarcasına çalışır. O, duyğuyla yoldaşlıq, qayğıyla qardaşlıq edən insandır. Ədəbi cameəmizdə özünəməxsus yeri olan qələm adamlarının təbliğ olunmasında bacardığı qədər yaxşı işlər görüb. Bu, onun AYB-nin Bədii ədəbiyyatı təbliğ bürosuna rəhbərlik etdiyi dövrlərdə daha aydın nəzərə çarpırdı. O, həm də ictimai fəal kimi, qeyri-hökumət təşkilatları sektorunda Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədridir. O, uzun illərdir ki, Azərbaycan həqiqətlərini Skandinaviya ölkələrində təbliğ edir.

Nazim Əhmədli 17 kitab müəllifidir. Dünyanın 7 dilində kitabları nəşr olunub. Eyni zamanda, dünyanın 9 dilində şeir və hekayələri çap olunub. Nazimin son illərdə nəşr olunmuş “Yenə dönüb gələcəm”, “Mən bir günah elçisiyəm”, “Unutduğum göy üzü” adlı şeir kitablarını bir daha oxudum.

Bu kitabları da Nazim Əhmədlinin saf duyğular toplusudur. Bu kitablarda min-min duyğunun rəngi var. Onun şeir dili çox aydın və cəlbecidir. Şeirlərinin hər misrasında dilin sehrinə ustalıqla baş vurur. Söz ustadı, qələm ustadı kimi…

Qələm dostumun bu il may ayının birində 70 yaşı tamam olur. Nurani – pirani baba ömrünü yaşayır, şirin-şəkər nəvələrinin sevinci ilə yaşayır. Bu yaşda təmiz ürəklə, gənclik şövqü ilə duyub düşünmək və bir-birindən gözəl şeirlər yazmaq da şairin xoşbəxtliyidir. Bu yaşda da onun qaynar qəlbindən süzülüb gələn duyğuları könül oxşayır. Onun şeirlərini oxuduqca hiss edirsən ki, hələ də canında yeni söz həvəsi var.

Şair Nazim Əhmədlinin haqqında çox yazılıb, bir çox ədəbiyyaşünas alimlər, ədəbi tənqidçilər onun yaradıcılığı haqqında yazıblar, dəyərli fikirlər söyləyiblər. İndi Nazimin haqqında kitab yazılır. Mənim yazdığım isə Nazim haqqında yazılanların yanında çox kiçikdir. Ona sağlam və bərəkətli ömür arzulayıram. Arzu edirəm ki, bundan sonra da təbi tükənməsin, duyğular pəncərəsi həmişə Günəşin zərrin şəfəqlərinə bələnsin, daim yazsın, yaratsın. Sorağı gələcək günlərdən gəlsin… Bax, beləcə:

Salam, necəsən ürəyim,

sinəmin altı necədi;

məni hər yana çapırsan.

mindiyin atın necədi;

bu qələmim lələk deyil,

şair hələ mələk deyil;

hamı sənə ürək deyir,

adın, soyadın necədi;

bilmirəm ki, qışam, yazam,

saçıma baxdım, bəyazam;

gərək sənə nəsə yazam,

şeir, bayatı, necədi;

bir gün gələn bir gün gedər,

dərd – sərin məni əridər,

ürəyim, bir məktub göndər,

görüm, həyatın necədi.

Həzi HƏSƏNLİ

Nazim Əhmədli

Sözüm Tanrının payıdır

Oyaq pəncərəmdən çölə,

bir sısqa işıq axırdı;

ilahi, bu oyaq gecəm,

nədən bu qədər fağırdı;

yarpaqların, çiçəklərin,

quşların səsin dinlədim;

göy üzündə ulduzları,

bircə-bircə dənələdim;

qarşı dağların qoynuna,

ağca dumanlar qısılıb;

könlümün həsrət yerindən,

ufaq gümanlar asılıb;

buluda, göyə, ağaca,

söz deməyə üzüm gəlir;

bu tənha, fağır gecədən

təkcə mənim səsim gəlir;

çöldən, buluddan, ulduzdan,

hər yandan söz axtarıram;

bu dünyaya baxmaq üçün,

bir cüt də göz axtarıram;

söz gəzirəm, söz qovuram,

sözüm Tanrının payıdır;

gündüzlər çıxır canımdan,

ruhum gecələr qayıdır.

Dünya yoxdu, əzizim

dur, çıxıb gedək burdan,

daha vaxtdı, əzizim;

buralar ürəyimi,

əzdi, sıxdı, əzizim;

mən sevdamın kür özü,

həsrətin diri gözü;

ürəyimin hər sözü,

bir bulaxdı, əzizim;

ömür bir daş aynadı,

orda ruhum oynadı;

qara bulud qaynadı,

göydən axdı, əzizim;

soyuq küləklər əsir,

hərəni bir dərd əzir;

kimi şah, kimi vəzir –

baxta-baxtdı, əzizim;

gecə ulduz sanadım,

uçdum, sındı qanadım;

bura dəlixanadı,

dərdi çoxdu, əzizim;

kim varıydı, yoxuydu,

yarac yarı  toxuydu;

bir qarışıq yuxuydu,

dünya yoxdu, əzizim.

Könül, çox da ah eyləmə

Könül, çox da ah eyləmə,

o buludun qarı keçər;

ürəyimə səda düşər,

gəlib ahu-zarı keçər;

gedər ağıl-huş addıyar,

gözümüzdən yaş addıyar;

payız gedər, qış addıyar,

dolanar baharı keçər;

yaman yuxaldır ney məni,

didərgin ruhum eymənir;

gətir, saplıyım iynəni,

ildızından darı keçər;

ötən günlər nə saydadı,

dərdim o tay, bu taydadı;

dünya bir gözüm boydadı,

ortasından barı keçər;

çıxdım daşın arasınnan,

göznən qaşın arasınnan;

yaynan qışın arasınnan

bir dəlisov sarı keçər;

nədir, dünyadan itiyim,

hansı cığırda itdiyim;

bir ömür yoldu, getdiyim,

yarı qalar, yarı keçər.

Yatmadığım gecələr

Payız yaman tələsdi,

yamaclar sap-sarıdı;

yatmadığım gecələr,

gözlərimdə qarıdı;

buludlar axıb gəlir,

tutur göyün üzünü;

bir ötüm bulud yuyur,

min çiçəyin üzünü;

üzüm nə rəngdə imiş,

daha bilmədim, öncə;

onsuz da yatmaq olmur,

nə gündüz, nə də gecə;

bu gün dünəni ötür,

sabah bugünkü günü;

yüz xoş günə tən olur,

həsrətin iki günü;

qaçıb itir gözümdən,

görmədiyim yuxular;

görmədiyim yuxumda,

göy üzü də yıxılar.

Bir az qərib kimiyəm

Küləklər at oynadır,

buludlar ləlik-ləlik;

deyən, çəkib gedəcəm,

bu şəhərdən, hələlik;

bir az qərib kimiyəm,

yenə dalğınam, bir az;

dəli duyğular məni,

götürüb gedir, bu yaz;

ürəyimin içində

bir həzin gizilti var;

gözlərimin kökündə,

həsrət var, üzüntü var;

yuxum ərşə çəkilir,

uzun gecələrimdə;

azıram bu günyanın

yorğun döngələrində;

günlərin də ayağı,

daşdan asılıb, deyən;

elə həsrət, intizar

mənə yazılıb deyən;

bu yazın buludları,

su atacaq dalımca;

yollarımın bir ucu,

uzaqların olunca.

İlkin mənbə: /525.az/

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Azərbaycan Yazıçılar Birliyi tanınmış şair Nazim Əhmədlini 70 illik yubileyi münasibətilə təbrik edib

 

Azərbaycan Yazıçılar Birliyi tanınmış şair Nazim Əhmədlini 70 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir.

Nazim Şamil oğlu Əhmədli 1953-cü il may ayının 1-də Laçın rayonunun Əhmədli kəndində anadan olub. Orta məktəbi Laçın şəhərində bitirib, 1971-74-cü illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 1981-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsinə daxil olub, 1986-cı ildə ali təhsilini tamamlayıb. Həmin il Azərbaycan Yazıçılar Birliyində dəftərxana müdiri vəzifəsinə qəbul edilib.

Natəvan klubunun müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində redaktor, ümumi şöbə müdiri vəzifələrində çalışıb. 1993-1996-cı illərdə Azərbaycan Ordusu sıralarında hərbi jurnalist kimi xidmət etmiş, sonra Nərimanov rayonundakı Ekologiya litseyində müəllim, özəl Tətbiqi Elmlər Universitetinin jurnalistika fakültəsində müəllim, dekan müavini kimi əmək fəaliyyətini davam etdirmişdir. 2012-ci ildən QHT sektorunda Skandinaviya ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədridir. Uzun illərdir Skandinaviya ölkələrində Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və Qarabağ məsələsi ilə əlaqədar layihələri həyata keçirir. 2015-2022-ci illərdə Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini vəzifəsində işləyib. Hərbi jurnalist kimi Qarabağ müharibəsi veteranıdır. “525-ci qəzet”də şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru vəzifəsində səmərəli fəaliyyət göstərib. Hazırda ictimai əsaslarla Büronun direktorudur. Şeirləri, hekayələri respublika mətbuatında müntəzəm dərc olunur və rus, çeçen, alman, ingilis, yapon dillərinə tərcümə edilib, Türkiyə, özbək türkcələrində işıq üzü görüb. “Bir ömür sevgi”, “Ruhum da sənin olacaq”, “Sevgi Allahı”, “Mən bir günah elçisiyəm”, “Əfv eylə məni”, “Mənim generalım”, “Qız təbəssümü”, “Mollaəhmədli və Mollaəhmədlilər”, “Unutduğum göy üzü”, “Buludları üstümə ört”, “Bürkü” (Təbriz), “Yenə dönüb gələcəm”, “Mein geliebtes fernes Meer” (Almaniya, Köln), “Stay in my Heart” (ingiliscə, Bakı), “Gökyüzünün adamı” kitablarının müəllifidir. Türkcədən yazıçı Orhan Arasın “Helenendorfun sonuncu şahidi” və “Biz Azərbaycanı çox sevdik” kitablarını, İsveç yazıçısı, Nobel mükafatı laureatı Pyer Fabian Lagerkvistin dörd hekayəsini, yapon yazıçısı Yukio Misimanın “Vətənpərvərlik” hekayəsini, Aqata Kristinin, İvan Jdanovun, Sergey Qraçovun və b. yaradıcılıqlarından nümunələri Azərbaycan dilinə çevirmişdir. AYB Bədii Ədəbiyyatı Təbliğ Bürosonun “Yaddaş”, “Qılınc və qələm” “Ədəbiyyatımızın dostu” mükafatlarını təsis edib və yazıçı və şairlərimiz milli-mənəvi yaddaşa qayıdış və Qarabağ mövzusundakı uğurlu əsərlərə görə mükafatlandırılıb.

Tanınmış qələm sahibi Nazim Əhmədlini yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DOĞUM GÜNÜ HƏDİYYƏSİ

DOĞUM GÜNÜ HƏDİYYƏSİ

             (hekayə)

Sübhün ala-qaranlığnda təkəm-seyrək  ötüb  keçən maşınların gur işığı düşdükcə  yastandığı çalğusunun sapı şümşad kimi parlayırdı. Yaşlı qadın küçədə ondan başqa heç kimin omadığını dəqiq bilsə də böyük bir qəbahət iş görəcəkmiş kimi bir sağa-bir sola, bir yuxarı-bir aşağı baxaraq  diqqətlə ətrafı dişnəməyə başladı. Ən uzaq səsyetəndə belə sanki çox mahir bir dirijorun çubuq işarələri ilə ustalıqla idarə olunduğundan  bir-birinə qarışmadan aydın eşidilən  quşların ecaskar səsindən başqa heç nə yox idi. Gözü  şəfaf polietilen torbaya sataşdıqca Ay Günəşdən işıq alırmış kimi parlaqlığı hiss olunacaq dərəcədə artırdı. Başını qaldırıb eyvanlara bir də baxdı. “Yəqin kimsə lap elə indicə atıb”, – düşüncəsi ilə gözlərinin qabağına xumar-xumar buğlanan isti qazan gəldi. Bütün fikrini cəmləyib bir də baxdı. Torbadakı lap elə indicə kəsilmiş, dörd dənə sapsarı toyuq ayağı idi. Son bir dəfə də ətrafı diqqətlə nəzər saldıqdan sonra ani bir hərəkətlə sarı kəhraba kimi parlayan torbanı götürüb uzun narıncı rəngli xalatının cibinə basdı. Çalğunun sol çiyninə getməsi, sağ əlinin möhkəm-möhkəm narıncı iş xalatının böyük yan cibinin üzərində qərar tutması və nurani çöhrəsinə qonan təbəssüm üçü də eyni  anda elə avtomatik baş verdi ki, “Qaravula Al!” komandasını icra edən Çin qvardiya əsgərində belə səlislik görə bilməzdin. Daha heç yana baxmadan, əli bərk-bərk cibinin üstündə, çalğusunu yellədə-yellədə səki ilə evinə doğru addımlamağa başladı. Qıvraq addımlarla elə yeyin gedirdi ki, kənardan baxan heç kimi bu gün onun 75 yaşının tamam olduğuna inandırmaq olmazdı. O isə, üzündə təbəssüm, sağ  əli cibinin üstündə, dilində şükür, gözünün önündə buğlanan qazan yeyin addımlarla evinə tələsirdi… Qəfil quşların səsi xırp kəsildi. Lap uzaqdan bir-iki it hürüşməsi eşidildi. Ardınca yaxınlıqdakı məsciddən azan verilməyə başladı. Yaşlı qadın dayandı. Sağa-sola boylandı.  Çalğusunu bir az da qorxa-qorxa yaxınlıqdakı qoca  zeytun ağacına söykədi. Gözü ağacın sinəsinə  vurulmuş lövhəyə sataşanda yenidən təbəssüm nurani çöhrəsini bəzədi.  Sağ əlini cibinin üzərindən çəkmədən, sol əlini qoynuna saldı. Düz təxmin etmişdi səs onun mobil telefonundan gəlirdi. Zəng edən aman-zaman bir oğlu idi.  Bir az da təşvişlə telefonun  “Qəbul” düyməsinə toxunub: – “Can bala” – dedi.  Kobud kişi səsi küçəni başına götürdü: – “Ma, maaş katını sən götürmüsən?!”  Həmin  anda yaşlı qadının simasına qəribə bir  rahatlıq şökdü.  O təmkinlə:  –  “Yox qadan ürəyimə, mən neynirəm kartı. Oralara yaxış bax…”  – “Yaxşı. Oldu. Elə bildim sən götürmüsən…” – həmin kobud kişi səsi yenidən küçəyə yayıldı.  Yaşlı qadın telefona bir  xeyli sakitcə  baxıdıqdan sonra onu yenidən qoynuna qoydu. Çalğusunu götürmək istəyəndə gözü yenidən zeytun ağacının sinəsindəki lövhəyə sataşdı. Yenə ani olaraq üzünə təbəssüm qondu və tez də yerini hüzn dolu kədərə verdi.  Yaşlı qadın arxasını zeytun ağacına tərəf çevirib onun bayırda qalmış ən azı 2000 yaşı olan qoca köklərinin üzərində oturdu.  Sanki, yüngülcə nəfəsini dərmək istəyirdi. Sıxılır, boğulur, çökürdü… Üzündə çox qəribə kədər məcmusu  toplanmışdı. Qəfil hardansa yadına qarğanın dilindən deyilmiş atalar sözü düşdü. Yenidən nurani çöhrəsi gülümsədi. Qalxıb xüsusi  əda ilə şalğusunu çiyninə aldı, zeytun ağacının sinəsindəki lövhəyə bir də baxdı və evinə doğru yol aldı…

01.05.2023.-Bakı.

Müəllif: Zaur USTAC


ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

>>>> MÜTLƏQ OXU !!!

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Görsən üşüyürsən… yandır özünü… – Qulu Ağsəs

Görsən üşüyürsən… yandır özünü…

Görsən ki, qaranlıq çökür aləmə,

Görsən ki, axşamdı…fikir eləmə.

Bir uçuq yuxudu gecənin boyu

Nə qədər imkan var rahatlan, uyu…

Qəflətən bir çağa salar hay-həşir

Səhər – körpəsidi doğan Günəşin.

Onu ovutmağa tələsər hamı,

Beləcə, salarlar yenə axşamı.

Təzədən qaramat basar dünyanı,

Hanı doğan Günəş?körpəsi hanı?

… Görsən hər tərəfdən əlin üzülür,

Görsən üşüyürsən…yandır özünü…

***

Özün dağ başına qoyan şəhərin

ayağın xan kəndi yuyurdu

kürəyinin təri

cıdırda soyuyurdu.

Girməzdi

dumanına gün işığı,

havasına çay qaşığı.

Qayaları sərxoş idi,

adamları tay-tuş idi,

küçələri tay-keş idi.

Qəbirüstü yazıları

nəğmə kimi oxunurdu,

kolda-kosda tələf olan

qurd-quşu gül qoxuyurdu.

Kim idi qalxan o boyda dağı? –

yağışdan sallanıb enirdi qonağı.

… Dağın dizləri əsdi bir may səhəri

gözünün yaşı

ayağının suyuna qarışdı şəhərin…

***

Canım-gözüm,şükür de ki,

Ölsən də başın üstdəki –

Pəmbə buluddu, daş deyil…

Sevməyi var, sancmağı var

Baxma hərdən uçmağı var –

Ürək yuvadı, quş deyil…

Neynəyərəm görən sənsiz?!

Ha istədim öləm sənsiz –

Baxdım ki, mənlik iş deyil…

Bu da mənim baxtımdandı,

Gözüm Tanrı taxtındadı –

Onun da yeri boş deyil…

MÜHARİBƏ ƏLİLİ

Üzdü ayaqlarımı Vətən yolu

qayıtdım üzüqoylu…

qayıtdım

qurşağımın yuxarı qatıyla,

qayıtdım

əlil arabasının atıyla…

İki balam gözüyaşlı

arvadım başıdaşlı…

Yazıq hər əmrə müntəzir:

həm məni gəzdirir,

həm … özü gəzir…

Süfrəmdə haram var –

dinmirəm,

İki ac balam var –

dinmirəm.

Dinmirəm

gül ağzı açılanda heyrətin:

“Vətəni qorudun, bəs öz qeyrətin?!”

… Üzdü ayaqlarımı Vətən yolu

bu da mənə “sağ ol”u…

***

Qələt eləyərəm desəm:

Hamı qələt eləyir…

Allah bizi xəlq eyləyib,

Yoxsa lənət eləyib?!

Qaç bu xain yuvasından

Əri, yox ol havada.

Qorx ki, yenə yerdən çıxa

Buluddan dama adam…

Baş açmazsan:

yaşdı, ya da daş?! –

Damarında qan durar.

Gözündən düşən nədisə,

Ayağını sındırar…

Bu da axır…

bu da xilas…

Son gecə…

səhər ertə…

Qoşulub göyün quşuna

Üstündən saat ötər…

***

Yastıq qoyub başımıza

əcəb yatırdın bizi.

Aç gözünü, qaranlığın

Qırıb batırdı bizi.

Milyon illərdi yeyirik

Süfrənin qırağından.

Çörək bizi tutar deyin,

Dinmirik qabağından.

Nə boydasan görən heylə?

Bir ölçüyə gəlmirsən?

Baş çəkmirsən qullarına

Bizə niyə gəlmirsən?

…Özünü görməsək də,

Xofun yamandı, Allah!

Bizi qırıb qurtarmamış,

Ölmə, amandı, Allah!..

***

Kimsən, nəçisən, ay Allah –

Heç səndən baş tapammadıq.

Özün qurduğun dünyada

Sənə bir iş tapammadıq.

Günün necə keçir barı,

Can verib can almağınan?..

Səni nəynən bəndə salaq,

Tutaq hansı qarmağnan?!

Görsək, heç nə eləmərik,

Bir üzünü göstər bizə!

Yaxşı günün əgər busa,

Yaman günü göstər bizə!..

Neyləsən, sevirəm səni,

Qulunam, gəl min boynuma!..

Bu şeiri də sən yazmısan,

Babalı mənim boynuma…

***

Barmaqlarım yaman şeydi,

Hara gəldi uzanır.

Çıxarmağa göz axtarır,

Mənə düşmən qazanır.

Bir ucu hey tətikdədi,

Hədəf elə özüməm.

Bu barmağın şıltağına

Vallah mənəm ki, dözürəm.

Üstündə say döydürmüşəm,

Sıfırdan doqquzacan.

Tutanda qız əllərindən,

Buraxmır doqqazacan…

***

Nə olar, bir səhər durub görəsən,

Divarlar üstünə Allah yazdırıb.

Qış günü soyuqdan ölən ağacın

Yasına mart ayı yarpaq yazdırıb…

Başını yelləsən, odu közərir,

İşıq vermir, amma işıq söz verir.

Bircə eybi var ki, dünya gözəlin

Məni qucağına qonaq yazdırıb…

Şükür o göydəki ismin halına,

Şükür yağışına, şükür qarına.

Şükür adımızı öz jurnalına

Əcəl adqoydudan qabaq yazdırıb…

***

Başının uğultusu

alnında şırı

m açan

kotandandı…

Səni

qoluna girməyə çağıran

Vətən-dəmdi…

Narı sümürürsənsə,

süddən yanıqsan…

Gözünlə qaşının arasındakı

qapı açılan gün…

o yanlıqsan…

Meşələr

qışda Günəşə

odun atmaq üçündü…

Yaydan çıxan oxlar

payıza çatmaq üçündü…

***

Bunu ancaq sənə danışıram-

Bircə balama

Kasıb evində bağlanmış

Turşu bankasıdı atan.

Ağzı hərdən açılır-

bayramdan bayrama.

Sənin dünyaya gəlişin də

Bayramdı deyə

Bir -iki sözüm olacaq

Allah eləsin oxşamasın

sağlığa,

nəsihətə,

öyüdə,

gileyə.ətin gündə, bərk ayaqda.

Quş quşla ötmür balası,

Şair şairlə dilləşmir.

Quş budaqda oxuyur,

şair varaqda.

Qadına yalan danışmazlar,

Həqiqət kişidi, səhv eləmirəmsə.

Əlbəttə, kişi lazımdı qadına.

Kişiyə gerçəyi deməzlər,

yalan qadına oxşar na görə

hər kişinin ürəyindən

baxmaq keçər yalanın dadına.

Bir də unutma,

Mən kimsəsizliyimdən bənzərsiz oldum,

Sən deyəsən atana oxşayacaqsan.

…Bu qədər, balası.

Gecdir ,uyu.

Gör göy üzü nə qədər qayğıkeşdir,

gecənin kürəyinə

ulduzdan piltə qoyur.

***

İşdi-qəzadı

səndən əvvəl ölsəm,

məni son mənzilə aparırlar görsən,

vəsiyyətimə əməl elə:

Arxamca su at,

uğur dilə.

Saçını yolma,

köksünü ötürmə.

Allahın yanına gedirəm

ürəyinə ayrı şey gətirmə,

Borclunun qapısın döyərlər:

Yeganə borclu qaldığım

əvəzini vermədən aldığım

son nəfəsdən özgə

kimsəni qapıma yaxın qoyma.

Bir də

ta uşaq deyilsən

burnunun suyunu

gözündən axıdan

bu faniyə uyma…

***

Dağa bax…sən allah

nə gündədi

Ayağı ayağına dolaşan

beş-altı ağacdı

qozbel torpağı

balatası qaçmış kündədi…

Dili yoxdu

ildırım vuranda çığıra

pulu yoxdu

özünə lift çəkdirə,

dərəni qonaq çağıra…

***

Rəngsizdi, tamsızdı,

ətsiz-qansızdı,

Allahsız, imansızdı,

Mən çəkən dərdlər.

Nəfsi bıçaqdan iti,

içimi dağıdır, didir,

vecinə deyiləm qəti

Mən çəkən dərdlərin.

Nə ət deyil,

nə siqaret

Deyəsən çəkildi, qurtardı.

…Dünya, Tale, Tanrı deyilən

nə var hamısı günahkardı

Mən çəkən dərdlərə.

Dərdi nə çəkiləsidi,

nə qaçılacaq,

Mən çəkən dərdlərin.

…Bir gün “sərgisi” açılacaq,

Mən çəkən dərdlərin.

***

Yazırsan: “Ölürəm…” Min şükür, alqış!

Nə yaxşı, sevgidən ölən hələ var.

Demə, kişidən də mələk olarmış,

Əzrayıl olanda axı nə olar…

Bilmirəm dünyanın xoşbəxti deyim,

Bilmirəm dünyanın bədbəxti sənə.

Düzü, istəmirəm xətrinə dəyim,

Cavab axtarıram nə vaxtdı sənə…

Kimsə ayağını qoymaz içəri –

Könlümün keşiyin balam çəkirsə.

Sevgi ötən gündür məndən ötəri,

Sən məni səvməklə dala çəkirsən.

Cavab məktubumda sözlər baş-ayaq,

Bir ucdan yazilir, pozulur elə.

Qorxuram öləsən sevgin yaşaya,

Qorxuram qalasan – məhəbbət ölə…

Müəlifi öz səsində buradan dinləyə bilərsiniz.

İlkin mənbə: /www.adalet.az/

Müəllif: Qulu AĞSƏS

QULU AĞSƏSİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NAZİM ƏHMƏDLİNİN DOĞUM GÜNÜDÜR! – TƏBRİK.

Bu gün özünəməxsus söz duyumu, deyim tərzi olan, nur damlalarından ibarət kəlmələrinİ günəş şüasından saplara düzüb göy üzünə, dağlara, dərələrə, ilmə-ilmə göy qurşağı toxuyan Nazim Əhmədlinin doğum günüdür! “YAZARLAR” olaraq, bütün yazarlar arından Nazim müəllimi təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Nazim müəllim !!!

ÇƏHRAYI YUXULARDAN…

Buluda naxır dedim
Üzüm güzgüdən baxır,
gözüm səyriyir bir az;
çəhrayı yuxularım
dönüb qayıdır, bu yaz;
* * *
saçlarımın içində,
bir əlçim ağ bulud var;
ürəyimin içində,
bir qarışıq umud var;
* * *
güzgüdəki üzümə,
gözüm uyuşa bilmir;
ağzımdan çıxan sözü
dilim dəyişə bilmir;
* * *
quş südündən söz tutub,
daşın üstünə yazdım;
payızın qalan ömrün
qışın üstünə yazdım;
* * *
buluda naxır dedim,
quşdan qanad istədim;
baxdım, göy üzü enib
kipriyimin üstədi.

Burda adamlar uçmur
Payızın ilk günüdü,
ürəyimdə qubar var;
sanki min illər öncə,
lap çoxdan ötüb bahar;
* * *
mən min illər öncəni,
unutmadım, bir an da;
tək qanadlarım qaldı,
göy üzündən o yanda;
* * *
burda adamlar uçmur,
göy üzü quşlarındı;
burda qanadı olan
adamlar daşlanırdı;
* * *
gümüş yuxularımda,
mələklər dəstə-dəstə;
harayasa uçurlar
gümüş suların üstən;
* * *
sanki bu yer üzündə,
lap çoxdan ötüb bahar;
hələ də ürəyimdə
bir azca səksəkə var.

İndi ayrı adamam
İndi ayrı adamam,
solub bətim-bənizim;
üzümü cırmaqlayır,
yuxumdakı göyüzüm;
* * *
qulağıma səs gəlir,
bilmirəm, bu nə sirdi;
günortanın göyüzü
buludları əzirdi;
* * *
həsrətin, intizarın,
əlində qalıb yaxam;
bəlkə, bu bir xəyaldır,
bəlkə də heç mən yoxam;
* * *
odam, suyam, buludam,
uhumun şələsiyəm;
bəlkə də mən dünyanın
sonuncu dəlisiyəm;
* * *
buludlar əsirgəmir,
dəli yağışlarını;
unutdum göy üzünün
yorğun baxışlarını;
* * *
hərdən ürəyim çıxır,
qaçıb gedir köksümdən;
güzgüyə baxanda da,
üşənirəm əksimdən;
* * *
iynənin ulduzundan,
keçir yolum, cığırım;
bir az yaxınımda dur,
hərdən səni çağırım.

Dünyanın gerçək üzü
Adımı hardan aldım,
ya buluddan, ya göydən;
min il öncə gəlmişəm,
bir uzaq, qərib köydən;
* * *
otdan-çiçəkdən ötüb,
daşda qalıb ləpirim;
dünya nə vaxt doğulub,
nə vaxt ölər, nə bilim;
* * *
ötüb keçən bir həsrət,
ağlımın ucundadı;
yer üzündən çəkilmir,
ötən acının dadı;
* * *
qulağım yağır olub,
yalançı nağıllardan;
ufaq bir işıq gəlir,
əhrayı yuxulardan;
* * *
ulduzlar da çəkilir,
elə bil göy üzündən;
min illik həsrət yağır
daşın çiçək üzündən;
* * *
hardan boylanıb baxır,
daş üzüm, çiçək üzüm;
hardasa gizlənibdi
dünyanın gerçək üzü.

Göy üz çox ağırdı
Üzüm-gözüm səyriyir,
yollar çuxur çuxurdu;
dağların arasında
göm-göy sular axırdı;
* * *
könül dildən, söz haqdan,
əlim donur sazaqdan;
kimdisə, lap uzaqdan,
hey yuxuma baxırdı;
* * *
buludlar qara-qara,
üz tutdum uzaqlara;
o taydakı dağlara
ayrılıqlar yağırdı;
* * *
göy üzü naxış-naxış,
nə qar vardı, nə naxış;
gecə kimsə qıj-ha-qıj,
ulduzları sağırdı;
* * *
nə gəlibdi eynimə,
sevdan düşüb beynimə;
əlini qoy çiynimə,
göy üzü çox ağırdı.

Həsrətimin ocağı
Səslənir qulağımda
uzaqların sorağı;
indi qanadlarım var,
bacarıram uçmağı;
* * *
bəxtimə bulaq düşüb,
yoluma çıraq düşüb;
kipriyimə ağ düşüb,
qaşlarımdan aşağı;
* * *
harda bir ağ gül əkək,
bulud yağış güləcək;
kim oxuya biləcək,
göy üzünün qırağın;
* * *
gəl bulağın üstünə,
alışım, bax tüstümə;
dəyir dağın üstünə,
buludlrın saçağı;
* * *
könlüm sözə üz tutur,
əllərim də söz tuyur;
tüstülənib köz tutur,
həsrətimin ocağı.

Mənə bir qayıq gətir
Görmədiyim bir şəhər
elə yuxumda gəzir;
yollarımın üstündə
dəli küləklər əsir;
* * *
hər gün bir bulaq daşır
ürəyimin içindən;
bir qərib inilti var
buludların köçündə;
* * *
hər payız ötən ömür
yarpaq-yarpaq çəkilir;
yatmadığım yuxular
gözlərimdən tökülür;
* * *
qopur qara saçımdan
qaranlıqlar əriyir;
gözlərimin kökündə
ayrılıqlar səyriyir;
* * *
bax, göydəki buludlar
həm ağdı, həm da qara;
mənə bir qayıq gətir,
üzüm, lap uzaqlara.

Payız yarpağına oxşayır üzüm
Payız səhərinə tutdum üzümü,
payız səhərinin üzü soyuxdu;
yaşıl yarpaqlara qara xal düşüb,
sarı çöhrələri oyuq-oyuqdu;
* * *
payız yarpaqların yas mərasimi,
boz dağlar payızın baş daşlarıdı;
budaqlardan düşən sarı yarpaqlar,
ötən son baharın göz yaşlarıdı;
* * *
payızın yuxusu qarışıb deyən,
dağların başında qar qoxusu var;
indi bozax tutan cığırın, izin,
bir azdan, bir uzun qar yuxusu var;
* * *
yıxıldım dünyanın yuxu yerindən,
başlandı ömürün payızı, qışı;
yazda qayıdacaq yenə geriyə,
ölən yarpaqların bahar yaddaşı;
* * *
payız yarpağına oxşayır üzüm,
gəlirəm, payızın oğlan çağından;
tanrım özü mənə ərmağan verib,
dünyanın ən şirin söz bulağından.

Qaçdım, dar ağacından
Bilmirəm, hara qaçım,
necə qaçım suçumdan;
üstümə yağmur düşmür,
buludların saçından;
* * *
sular nədən tərs axdı,
yaxşı gün baxta-baxtdı;
göy üzü quraqlıqdı,
ruhlar ölür acından;
* * *
dürüst olmur “axılar”,
yalan olur nağıllar;
itmir ötən yuxular,
gözlərimin ucundan;
* * *
daha niyə yaz olmur,
ağrı-acı azalmır;
qaranlıqlar sozalmır,
uzaqlarda açır dan;
* * *
harda ütdüm ahımı,
açılan tək sabahmı;
atıb günahlarımı,
qaçdım, dar ağacından.

Qanadlarım uçunur
Bu dünyadan böyükdü,
yumruq boyda ürəyim;
qanadlarım uçunur,
çırpındıqca lələyim;
* * *
nə var, mənim adımda,
ötən ömrüm yadımda;
qayğıların altında,
yağır olub kürəyim;
* * *
həsrət bir uzun yoldu,
canıma ağrı doldu;
yaxam əlində qaldı,
bir dəlicə küləyin;
* * *
sular qalxır dizimdən,
dünya qaçır gözümdən;
görən kimin üzündən.
gözü dönüb fələyin;
* * *
dağlara tez qar düşüb,
könlümə qubar düşüb;
saçlarıma sar düşüb,
payızdandı gileyim;
* * *
yollar uçuq-uçuqdu,
dörd yanı alaçıqdı;
saçlarını açıq tut,
həsrətimi ələyim.

Uçur yaddaşımın daş karxanası
ildi düşmüşəm yolun ağına,
düzdü, dolanbacdı, əyridi yollar;
bir ömür dost oldu, tutdu əlimdən,
hara istədimsə, yürüdü yollar;
* * *
hərdən mən yol oldum, yol özüm oldu,
mənim yol yoldaşım yol üzüm oldu;
su oldu, daş oldu, göy üzü oldu,
hərdən də gözümdə səyridi yollar;
* * *
yağdı buludların qış karxanası,
dondu gözlərimin yaş karxanası;
uçub yaddaşımın daş karxanası,
üzü o yanadı, bəridi yollar;
* * *
qulağıma düşən bu nə səsdi, nə,
həsrət hücum çəkib durub qəsdimə;
uzun kölgəsini sərib üstümə,
məni arxasınca sürüdü yollar;
* * *
kola-kosa dəydi dizim qanadı,
dilimdə atdanan sözüm qanadı;
ayağım yoruldu, dizim qanadı,
ağrıydı, acıydı, kür idi yollar;
* * *
borana, çovğuna, yağışa düşdüm,
min dəfə qarğışa, alğışa düşdüm;
dirəndim, enişə, yoxuşa düşdüm,
ayağım altında əridi, yollar.

İlkin mənbə: /edebiyyatqazeti.az/

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

NAZİM ƏHMƏDLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru