Tələbəlik həyatı yaşamış hər bir insan təqaüdün tələbə üçün nə demək olduğunu yaxşı başa düşür. Sənan iki imtahandan kəsilmişdi. Deməli, növbəti semestdə təqaüd ala bilməyəcəkdi. Amma onun heç vecinə deyildi. Atası Kənanın canı sağ olsun. Onu cib xərcliksiz qoymayacaqdı.
Kənan isə Sənan deyildi. Oğlunun təqaüdsüz qalacağından çox narahat idi. O da bu universitetdə işləyirdi. Əlini əlinin üstünə qoyub oturmayacaqdı ki. Universitetdə dost-tanışlar vardı. Az-çox sözü keçirdi. Təcili tədbir görməli, göndəriş alıb oğlunun kəsirlərini düzəltdirməli idi. Odur ki, özünü qaranəfəs fakültə dekanına çatdırdı. Səməd müəllim onu xoş dillə qarşıladı. Başqa cür ola da bilməzdi. Neçə illər idi ki, bir müəssisədə çalışırdılar.
-Kənan müəllim necədir?
Kənan müəllim dilxor:
-Necəliyim yoxdur, Səməd müəllim.
-Niyə?
-Uşağın iki kəsiri var.
-Hə, bu, yaxşı olmadı. Kəsirlərini verməsə təqaüd almayacaq.
Kənan müəllim əlavə etdi:
-Məsələ elə təqaüddədir.
Səməd müəllim soruşdu:
-Kəsirlər hansı müəllimlərdəndir?
Kənan müəllim:
-Biri Xasay müəllimdir, – dedi.
Səməd müəllim qaşlarını çatdı:
-Özün bilirsən Xasay müəllim necə adamdır. Söz deməli deyil.
-Bilirəm.
-O biri müəllim kimdir?
Kənan müəllim dinmədi. Fükültə dekanı cavab gözləyirdi. Kənan müəllim onu çox gözlətmədi:
-O biri müəllim mən özüm.
Səməd müəllim ayağa qalxdı. Təəccüb və maraq dolu nəzərlərlə ona baxdı:
-Nə danışırsan? Gəlmisən ki oğlunu sənə tapşırım?
Kənan müəllimin key-key baxdığını görüb:
-Bir kafi yaza bilmirdin? – deyə xəbər aldı.
Kənan müəllim peşman:
-İmtahana hazırlaşmamışdı. Tələbələrin yanında, gözləri qarşısında əlacsız qaldım. Qiymət yaza bilmədim.
Səməd müəllim əlini onun çiyninə qoydu:
-O sənə arxayın olub oxumur, özünü yaxşı aparmır. Sən də kömək əlini uzatma. Qoy hazırlaşsın. Gəlib imtahanlarını versin. Bu hələ birinci kursdadır. Gör neçə il onu himayə etməlisən.
Fakültə dekanı Kənan müəllimin susduğunu görüb:
-Bəs indi nə edək? – deyə soruşdu.
Kənan dilləndi:
-Səməd müəllim, xahiş edirəm, göndəriş yazın. Xasay müəllimə də, mənə də.
Səməd müəllim qınayıcı nəzərlərlə ona baxdı:
-Kənan müəllim, sən özün heç olmasa ona iki qiymət yazmayaydın.
-Mən onun başına 2 yazmışam. Başı işləmir. Başının qiymətidir. Amma qarnı işləyir, özü də yaxşı işləyir. Gərək təqaüd ala ki, qarnını yola versin.
Onun sözlərini eşidən Səməd müəllimi gülmək tutdu. Əyləşib göndəriş yazdı. Birini Xasay müəllimə, birini də Kənan müəllimə.
ƏVVƏLA, SALAM ƏLEYKUM… (hekayə) Atlılar yol gəlirdilər. İsti onları əldən salmışdı. Nəhayət, gəlib üç yol ayrıcına çatdılar. İndi onlara lazım olan kəndə getmək üçün bu yollardan hansını seçsinlər? Ətrafa boylandılar. Xoşbəxtlikdən iri gövdəli, uca, qollu-budaqlı ağacın kölgəsində saçı, saqqalı ağarmış ixtiyar bir kişi əyləşmişdi. Lakin ətraf aləmdən, dünyadan bixəbər görünürdü. Xəyalı uzaqlara getmişdi. Gələnləridən xəbəri tutmadı. Məcid bəy çar-naçar ona müraciətlə: -Əşi, – dedi. Kişi səksəndi. Key-key onlara baxdı: “Bu atlılar haradan peyda oldular? Heç xəbəri olmayıb. Bura adamı deyillər”. Məcid bəy sorğu-sualına davam etdi: -Bu yollardan hansı Məlikli kəndinə gedir? Biz xamıq… İxtiyar kişi özünə gəldi. Ayağa qalxıb ağır-ağır: -Əvvəla, salam əleykum…- dedi. -İkincisi, siz xam deyilsiniz. Xam at olar, eşşək olar. Atlılar bir-birlərinə baxdılar: “Bu kişi nə çərənləyir? Onları niyə təhqir edir?” Kişi dərindən nəfəs alıb sözünə davam etdi: -Siz xam deyilsiniz, nabələdsiniz. Bu yollardan sol tərəfdəki sizi aparıb Məlikli kəndinə çıxaracaq. Di xudahafiz, di yaxşı yol! Atlılar yollarına davam etdilər. Nəcəf bəy üzünü Məcid bəyə tutaraq: -Halal olsun, görüb-götürmüş kişi idi. Belə çıxır ki, o bizə qarşı yox, biz ona qarşı hörmətsizlik eləmişik. Nə rastlaşamda salam verdik, nə də ayrılanda Allahın sağ olunu demədik. Kişi bizə yol göstərmişdi. Amma borclu da qalmadı. Bu bəyənmədiyimiz adam bizə əməlli-başlı dərs verdi. Şirvan şəhəri, 17.02.2024-cü il
Hava çox isti idi. Gün adamı yandırırdı. Hər kəs bir kölgəliyə çəkilib, günəşin istisindən qorunmaq istəyirdi. Şahbaz da əl üzünü yuyub, evə keçdi. O, pəncərədəki radionun düyməsini basdı. Niyaməddin Musayev “Şahnaz təsnifi”ni oxuyurdu: Deyin hardadır, o üzü dönmüş. Şahbaz pəncərənin yanındakı çarpayıya uzandı. Əllərini bir-birinə daraq edib, gözlərini yumdu. Niyaməddin oxuyurdu: Deyin hardadır, o üzü dönmüş, sevən ürəyim onu soraqlar.Fikir, xəyal Şahbazı çox-çox uzaqlara apardı.
xxx
Dərs ili yenicə başlamışdı. Səməd müəllim sinif uşaqlarını bir-bir durğuzub, yerlərini dəyişdi. Hər partada bir oğlan, bir qız oturdu. Şahbazla Gülyaz üçüncü cərgədə, ikinci partada oturdular.
Gülyaz sakit təbiətli, tərbiyəli, savadlı bir qız idi. O, hər gün dərsə hazırlıqlı gəlir, müəllimin verdiyi tapşırıqları mütləq yerinə yetirirdi. Şahbaz da pis oxumurdu. Onlar orta məktəbi bitirdikdən sonra təhsillərini davam etdirmək fikrində idilər. Gülyaz riyaziyyatı çox sevirdi. O, riyaziyyat müəllimi olmaq istəyirdi. Şahbaz isə mühəndis olmağı qarşısına məqsəd qoymuşdu. Onları hər şeydən çox bu riyaziyyat fənni yaxınlaşdırırdı. Çünki onlar eyni müəllimin məşğələsində mütəmadi olaraq iştirak edir, bu fənn üzrə çox sorğu-sual edirdilər.
Deyirlər məhəbbət həm də vərdişdən yaranır. Artıq Şahbazla Gülyaz bir-birinə o qədər vərdiş etmişdilər ki, birinə bir şey olanda o birisi çox narahat olurdu. Hər birinin ailə üzvüləri bunu çox normal qarşılayır, məktəb, sinif yoldaşı olduqlarını düşünürdülər.
Günlər, aylar bir-birini ötüb keçirdi. Uşaqlarda həmin uşaqlar deyildi artıq. Onlar böyüyüb həyata başqa gözlə baxırlar. Şahbazın qəlbində başqa bir hiss yaranmışdı. Bir gün Gülyazı görməyəndə özünü çox narahat hiss edirdi. Elə Gülyaz da Şahbaza biganə deyildi.
xxx
Səməd müəllim uşaqları çağırıb, onlara sabah riyaziyyatdan əlavə dərs olduğunu dedi:
– Uşaqlar, bildiyiniz kimi sabah riyaziyyatdan əlavə dərsimiz var.
Maraqlı mövzular olacaq. Bu Gülyaz üçün çox sevindirici oldu. Həm bilmədiklərini öyrənəcək, həm də yenə Şahbazla bu mövzuda sorğu-sual edəcək.
Dərsdən sonra uşaqlar gəlib sinif otağının yanında müəllimi gözlədilər. Gülyaz əlindəki kitabı o üz bu üzə vərəqləsə də fikri Şahbazın yanında idi. Şahbaz da altdan-altdan Gülyazı seyr edirdi. Budur Səməd müəllim əlində kitablar gəlib sinfə daxil oldu. Uşaqlar da keçib hər kəs öz yerində oturdular. Müəllim aram – aram mövzuları uşaqlara başa salır, bilmədiklərini yenidən təkrar edirdi. Gülyaz hamıdan tez verilən tapşırıqları yerinə yetirdi. Və Şahbazın yazısı ilə maraqlanırdı. Şahbaz da tapşırıqları yazıb qurtardı və müəllimə göstərdi. Müəllim dəftəri alıb baxdı, başı ilə razılığını bildirdi.
Dərs qurtardı, uşaqlar hər kəs öz evinə getdi.Artıq Şahbaz tamam dəyişmişdi. O Gülyazı bir an nəzərindən uzağa qoymurdu. Şahbaz uşaqlardan ayrılıb, Gülyazla yanaşı addımlamağa başladı. Mövzunu bəhanə edib, bayaq ki, dərs haqqında onunla bir xeyli söhbət etdi.
xxx
Dərs ili qurtamaq üzrə idi. Dərs ilinin qurtarmasına günlər qalırdı. Uşaqlar orta məktəbdə imtahana hazırlaşırlar. Onlar həftənin bütün günlərini məktəbdə keçirir, həm orta məktəb imtahanına, həm də ali məktəbə qəbul imtahanına hazırlaşırlar. Onları çətin imtahan gözləyir. Gülyaz bir an kitabdan ayrılmır, bütün günü dərslərə hazırlaşırdı. O mütləq ali məktəbə qəbul olmalıdır.
Şahbazı nə qədər imtahan narahat edirdisə, bir o qədər də Gülyaz narahat edirdi. Şahbaz artıq özü ilə bacara bilmirdi. O Gülyazsız bir an qala bilmir, hər dəfə bir şeyi bəhanə edib, onun yanına gəlir, onunla söhbət edirdi. Yox o Gülyaza onu sevdiyini deməlidir. Artıq orta məktəbi qurtarırlar. Yeni həyata atılırlar. Öz arzularının dalınca gedəcəklər.
Şahbaz neçə dəfə bu sözü demək istəmişsə də, o özü ilə bacara bilməmişdir. Ancaq Gülyaz artıq Şahbazın üzündən, gözündən, davranışından ona olan münasibətini hiss edirdi. Elə Gülyaz da bu sözü ondan eşitmək istəyirdi. Gülyaz da Şahbazı görəndə ürəyi əsirdi. Bir gün Şahbaz Gülyazdan özünün riyaziyyat kitabını istədi. O kitabı Şahbaza verəndə ya təsadüfdənmi, ya bilərəkdənmi Şahbazın əli qızın əlinin üstünə düşdü. O bu hərəkətdən az qala yıxılacaqdı, ürəyi elə çırpındı ki, az qala yerindən qopub düşəcəkdi. O evə necə gəldiyini bilmədi.
Şahbaz evə gələn kimi bir qələm, bir kağız götürüb, ora bu sözləri yazdı.
Gülyaz, mən səni sevirəm. Məni gözlə.
Səni dünyalar qədər sevən Şahbaz.
Vərəqi qatlayıb, kitabın arasına qoydu. Tələsik kitabı aparıb Gülyaza verdi. Gülyaz da onun fikrini hardasa anlamışdı. O kitabı alıb, evə gəldi, tez kitabı vərəqləməyə başladı. Kitabın arasından vərəq yerə düşdü. Gülyaz tez kağızı açıb oxumağa başladı. O kağızı ovcuna sıxıb, gözlərini yumdu, bilmədi ki, neyləsin. Ağlasınmı, gülsünmü, sevincdən qışqırsınmı. Ayaqları əsməyə başladı, ürəyi titrəyirdi. Bir təhər gəlib çarpayıda uzandı. Nə vaxt yuxuya getdiyini bilmədi.
xxx
Şahbaz dərsə gələndə yol boyu Gülyazı düşünürdü. Tez gedib onu görsəydim, onun gözlərinə baxsaydım. Nəhayət dərs başladı.Hamı sinfə daxil oldu. Qapının ağzında Şahbazla, Gülyaz rastlaşdı. Şahbaz dik Gülyazın gözlərinin içinə baxdı. Elə bil qızın gözləri nə isə demək istəyirdi. Gülyazın yanaqları sanki yanırdı. Sifəti allanmışdı. O keçib yerində əyləşdi, nə edəcəyini, nə deyəcəyini bilmirdi. Şahbaz əlindəki qələmi tez-tez partaya vurub, fikrini cəmləmək istəyirdi. Yaxşı ki, müəllim uşaqlarla danışmağa başladı. Müəllimin səsi hər ikisini öz fikrindən ayırdı. Şahbaz nə qədər narahat görünsə də, bir o qədər də özünü rahat hiss edirdi. Ürəyindən keçəni Gülyaza demişdi.
Artıq Şahbaz Gülyazla başqa cür rəftar edirdi. Gülyaz da onun səmimiyyətinə inanır, onu olduğundan daha çox sevirdi.
xxx
Orta məktəbdə buraxılış imtahanı başa çatmışdı. Məzunlar atestatlarını alıb, hər kəs öz arzuladığı peşənin dalınca getdi. Kimi instituta, kimi texnikuma, kimi sənət məktəbinə üz tutdu. Şahbaz da sənədlərini hazırlayıb, Neft və Kimya İnstitutuna verdi. Qəbul imtahanlarından yaxşı və əla qiymət alıb, ali məktəbə qəbul oldu. Sevincinin həddi- hüdudu yox idi. Çəkdiyi zəhmət hədər getməmişdir. Bir tərəfdən də sevinirdi ki, Gülyazla eyni şəhərdə yaşayacaqdı, istədiyi vaxt görüşəcəkdi.
O Gülyazla görüşüb, vəziyyətlə maraqlandı. Gülyaz da universitetin riyaziyyat fakültəsinə qəbul olunmuşdu. Onlar tələbə biletlərini alana qədər şəhərdə qaldılar. Onlar illərlə çəkdikləri zəhmətin bəhrəsini görmüşdülər. Bir az gəzib dincəlmək istəyirdilər. Tez-tez Şahbaz gəlib Gülyazı da götürüb şəhərə çıxır, parkda, bulvarda gəzib dolandılar. Bir neçə gündən sonra biletlərini alıb, evə qayıtdılar. Bir azdan onlar üçün qaynar tələbəlik həyatı başlayacaqdı. Şahbazgilin də, Gülyazgilin də evində toy-bayram idi. Axı hər iki evin övladı ali məktəbə qəbul olunmuşdu.
xxx
Şahbaz paltarlarını geyinib, divardan asılmış güzgünün qarşısına keçdi. Saçlarını səliqə ilə darayıb pilləkənə tərəf getdi. Pilləkəndə anası ilə rastlaşdı. Anası oğluna baxıb sevindi, zarafatla, — Anan qurban, hara gedirsən, görüşə gedənə oxşayırsan. Şahbaz anasının boynunu qucaqladı, üzündən öpdü, yavaşca anasının qulağına dedi: — Hə ay ana, görüşə gedirəm və yoluna davam etdi. O Gülyazgilə gedirdi. Gülyazı görüb, nə vaxt şəhərə getməyini bilmək istəyirdi. Şahbazın qanadı olsaydı uça-uça gedərdi Gülyazgilə.Qəlbində o qədər sevinc var idi ki. O Gülyazgilin darvazasının yanına çatanda qapı açıq idi. Bir – iki addım içəri keçmişdi ki, həyətdə Gülyazın anası Qəmər xalanı gördü. Salam verdi: — Hər vaxtın xeyir, Qəmər xala. Qəmər xala Şahbazı görüb — Qadan alım, a Şahbaz niyə gəlmirsən, orda niyə durmusan? Şahbaz Gülyaz lazımdır, kitab var onu soruşacağam, dedi. Qəmər xala Gülyazı səsləyib, — Ay Gülyaz, Şahbaz səninlədi gör nə deyir . Gülyaz Şahbazı görcək həm sevindi, həm də özü-özündən bir az utandı. O, irəli gəlib, Şahbazla görüşdü, nə üçün gəldiyini soruşdu. Şahbaz kitab almağa gəldiyini dedi. Əslində o Gülyazdan nə vaxt şəhərə gedəcəyini soruşmağa gəlmişdi. Gülyaz gələn həftə gedəcəyini dedi. Bir az söhbət etdikdən sonra Şahbaz evlərinə qayıtdı.
xxx
Şahbazın anası onun Gülyaza meylinin olduğunu çoxdan duymuşdu. Ancaq ürək edib, oğlundan bu haqda heç bir söz soruşmamışdı. Vaxtı gələndə özü deyəcək, demişdi.
Şahbaz əlində kitab evə gəldi. Çox sevincək idi. Anası da bunu görüb çox sevindi.
Şahbaz — Ana mən gələn həftə Bakıya gedəcəyəm. Mən gərək indidən hazırlaşım. Anası, nə deyirəm, ay ağul, işin avand olsun, dedi.
xxx
Bu bir həftə Şahbaza bir il kimi göründü. Nəhayət Bakıya yola düşdü. Heç vaxt yaddan çıxmayan tələbəlik həyatı başladı. Hər gün dərs, tələbəyə məxsus məişət qayğıları, tələbə kasıblığı. Bütün bunlarla yanaşı Şahbaz Gülyazı da yadından çıxarmırdı, onun da qayğıları ilə maraqlanır, lazım olan kitabı tapır, onun üçün də bazarlıq edirdi.
xxx
Artıq universitetdə çox uşaqlar Şahbazı tanıyırdı. Yataqxananın demək olar ki, bütün tələbələri, komendantı və başqaları Şahbazı görən kimi bilirdilər ki, Şahbaz Gülyazdan ötrü gəlib.
Beləcə birinci, ikinci kursu başa vurdular. Üçüncü kursu bitirdikdən sonrs tələbələri yay tətilində Krasnodora göndərdilər. Bütün tələbələr kimi Gülyaz da Krasnodara yola düşdü. Tələbələri pomidor yığımına cəlb etmişdilər. Onlar həftənin müəyyən günlərində yığımda iştirak edir, müəyyən vaxtlarda isə şəhərə gəzməyə çıxır, konsertə gedirdilər. Bu müddət ərzində Camal heç də Gülyazı gözdən qoymurdu. Yığım vaxtı onun vedrəsinə kömək edir, şəhərə çıxanda onunla gəzməyə fürsət axtarırdı.
Camal da universitetin fizika fakültəsində oxuyurdu. Yaxşı imkanlı bir ailənin uşağı idi. Məktəbə maşınla gəlir, geyimi ilə, davranışı ilə hamıdan seçilməyə çalışırdı. O, hərdən Gülyazla rastlaşır. Hər dəfə onu görəndə Camal da qəribə bir hiss yaranırdı. Bir dəfə universitetin pilləkənlərində Gülyazla Camal rastlaşdı. Camal özünü itirmədən Gülyaza salam verdi. Gülyaz onun salamını alıb keçdi. Camal ona nə isə demək istədi, ancaq dönüb getdi. Yox o elə-belə hiss deyildi. O, Gülyaza vurulmuşdu. Mütləq onu görməli, danışmalı idi.
xxx
Universitetdə çox qızlar Camalla dost olmaqdan, hətta sevgili olmaqdan ötrü əldən-ayaqdan gedirdilər.Camalsa bunlara əhəmiyyət vermirdi. O, Gülyaza vurulmuşdu. Bunu mütləq ona deməlidir. Camal bir neçə dəfə Gülyazı izlədi. Onun kiminlə dostluq etdiyini, kiminlə gedib – gəldiyini öyrəndi. O, Gülyazın yaxın rəfiqəsi Kəmalə ilə görüşüb, söhbət etdi. Gülyaz haqqında ətraflı məlumat topladı, harada qaldığını öyrəndi.Camal bu məsələnin həll etmək yolunu ancaq Kəmalədə gördü. Ancaq bu yolla bu məsələni həll edə bilərdi.
Bayramlarda o Kəmaləyə hədiyyə alıb gətirir, birini də rəfiqəsinə verməyi tapşırırdı. Bir gün o Kəmaləyə Gülyazdan xoşu gəldiyini dedi. Kəmalə də bunu çoxdan hiss etmişdi. O bu haqda Gülyaza söyləyəcəyini Camala dedi.
Kəmalə Gülyaza dərsdən gələndən sonra şəhərə getməyini təklif etdi. Gülyaz da bir az tərəddüd etdikdən sonra razılaşdı. Onlar bir az gəzdikdən sonra parkda skamyaların birində oturdular. Bu vaxt Camal maşınla gəlib, parkın kənarında onlarla üzbəüz dayandı., maşını saxlayıb, maşından düşdü.Kəmalə bunu görüb Gülyaza dedi:
– Camal da burdadır, dur bir az gəzək. Gülyaz heç özü də bilmədən
ayağa durdu. Onlar parkın ortasında görüşdülər. Bir az gəzdikdən sonra qayıtmaq istədiklərini bildirdilər. Camal onları maşınla aparmaq istədiyini dedi. Qızlar bir az tərəddüd etsələr də razılaşdılar. Beləcə onlar bir neçə dəfə görüşdülər. Bir gün Kəmalə Gülyaza Camalın ondan xoşu gəldiyini dedi. Gülyaz Kəmaləyə – yox, ola bilməz, bu haqda heç fikirləşməyə dəyməz, dedi.O, bu sözü eşidəndə gözünün qarşısına Şahbaz gəldi.Axı illərdir Şahbaza söz verib, bu necə ola bilərdi. Şahbaz bunu eşitsə nə deyər?
Kəmalə Gülyaza – ay qız, ağlını başına yığ, universiteti qurtarmağımıza günlər qalıb, Camal kimi oğlanı əlindən buraxacaqsan? Şəhərdə qızlar ondan ötrü əldən ayaqdan gedirlər. İmkanlı, yaraşıqlı oğlandı. Yaxşı fikirləş, sonra peşiman olarsan. Onlar bir az bu haqda söhbət etdikdən sonra hər kəs öz işinin dalınca getdi. Nə Camal, nə də Şahbaz Gülyazın gözünün qarşısından getmirdi. Camal da yaraşıqlı, imkanlı bir oğlandı, Neyləsin hansını seçsin.
xxx
Şahbaz ali məktəbi qurtardıqdan sonra onu təyinatla Tümen vilayətinə işləməyə göndərdilər. O evlərinə gəlib, valideyinləri ilə görüşüb, Tümenə getdiyini onlara bildirdi. Tələsik Bakıya qayıtdı ki, gedib Gülyazı görsün, onu məsələdən agah etsin. O, Bakıya gəldi. Gülyazı görə bilmədi. Gülyaz da evlərinə qayıtmışdı. Şahbaz çox narahat oldu. Fikirləşdi ki, məktubla əlaqə saxlayar. O Tümenə yola düşdü.
xxx
Gülyaz bir az rayonda qalıb, şəhərə qayıtdı. Kəmalə şəhərdə onu gözləyirdi. O Camala cavab verməli idi. Nə olur, olsun Gülyazdan razılıq almalıdır. Gülyaz Kəmalə ilə görüşüb, hal-əhval tutdu. Kəmalə ordan-burdan söhbət edib, məsələni yenə Camalın üstündə saxladı. – Ay Gülyaz, nə oldu fikirləşib, qurtardın? Axı Camal səndən cavab gözləyir, deyə Gülyazdan soruşdu. Gülyaz nəsə demək istədi. – Axı, Kəmalə onun sözünü ağzında kəsdi. Nə axı, ay qız, sənin ağlın yoxdur başqası olsaydı, indi çoxdan toyları da olmuşdu. Mən Şahbaza söz vermişəm dedi. – ay qız, quru sözdən nə çıxar, sən gələcəyini fikirləş, həyatını, uşaqlarını fikirləş. Şahbaz hanı o, çıxdı getdi, kim bilir orda sən onun yadına düşəcəksən, ya yox.
Gülyaz – sən mənə bir az vaxt ver Kəmalə, fikirləşim deyərəm.
Kəmalə Camalla görüşüb, vəziyyəti ona söylədi. O vaxtı uzatmaq olmaz, – dedi. Kəmalə – nə olur – olsun ondan hə cavabı alacam, deyərək Camaldan ayrıldı.
xxx
Qadınların özləri kimi sevgiləri də müxtəlifdir, qəribədir. Kimi ağlı ilə sevir, kimi gözü ilə, kimi də eşitdiyi sözlə sevir. Elə sevgilər var ki, ağlın, dərrakənin yox, varın, dövlətin, gözəlliyin üzərində yaranır.
Camalın imkanı, yaraşığı, Gülyazı elə dəyişdi ki, o saf eşqin, məhəbbətin nə olduğunu tez unutdu. Camal Gülyazın qəlbinə elə yol tapdı ki, Şahbaz onun yadından çıxdı, unuduldu.
xxx
Kəmalə Gülyazla görüşüb, təkidlə, Camal səndən cavab gözləyir, dedi. Gülyaz – nə deyirəm olsun, yaxşı, deyib, pəncərənin qarşısına keçdi, pəncərədən çölə baxdı. Kəmalə sevincək gəlib, Gülyazı qucaqladı, üzündən öpdü və bu şad xəbəri Camala çatdırmaqdan ötrü tələsik onun yanına getdi.
Camalla Gülyaz el adəti ilə nişan alıb, toy etdilər.
xxx
Şahbaz gəlib Tümenə çatdı, qaldıqları yeri, ünvanı müəyyənləşdirdikdən sonra o, Gülyaza məktub yazdı, poçtla yola saldı. Bir neçə dəfə məktub yola saldıqdan sonra o çox narahat oldu. O, yazdıqları məktublara cavab almırdı. O çox əsəbləşdi, görəsən məktublara niyə cavab gəlmir, bəlkə məktublar gedib ünvana çatmır, ya da Gülyaz özü cavab vermək istəmir. O, artıq dözə bilmədi. Mütləq evə qayıtmalıdır, bir səbəb olduğunu öyrənməlidir. O iş yerindən bir neçə günlüyə icazə alıb, vətənə qayıtdı. Gəlib Bakıya düşdü.
Gözəl Bakı. Xoş günlərimizin keçdiyi gözəl şəhər. Həm də bir çox hadisələrə səbəb olan şəhər. Bəlkə də Bakı olmasaydı Camal Gülyazı görməzdi, ona vurulmazdı. Gülyaz da öz əhdinə dönük çıxmazdı. Nə isə.
Şahbaz rayon avtobuslarının birinə oturub, evə gəldi. Anası Şahbazı görüb sevincindən ağladı. Onlar görüşüb hal-əhval tutdular. Bu neçə vaxtda kimin evlənib, kimin hara getdiyini soruşdu Şahbaz. Anası söhbət arası Gülyazın da ərə getdiyini dedi. Şahbaz ola bilməz, ana, deyə qışqırdı. Ana bu sözdən elə bil səksəndi. Və nə deyim ay oğul, mən neyləyim, anan ölsün, dedi. Şahbaz bir neçə gün burda qalıb, Gülyazı görmək istədisə də, onu görə bilmədi. Kor-peşiman yenidən Tümenə qayıtdı.
Bağçama, bağıma qar yağıb yenə, Bəyaz təbəssümdü, bu qar deyil ki. Lopalar bənzəyir ağ göyərçinə, Göydə uçuşurlar, bahar deyil ki.
Torpağa xeyirdi, yerə xeyirdi, Baharda dil açar, ruzu, var altda. Dünən nərgiz gülü gülümsəyirdi, Bu gün gözə dəymir, qalıb qar altda.
Göydən qayğı yağır, sevinən deyil, Soruşmayın, qəlbim niyə gülmədi? Ağappaq xalıdı torpaq elə bil, Üstündə ağaclar ilmə- ilmədi.
Deyirəm dünənki çal- çağır hanı? Küçələr saxlamaz adam səsini. Səhər ayrı cürə gördüm dünyanı, Gördüm ki, dəyişib qiyafəsini.
Yerin bəyazlığı arzu ki, kam ki, Əzəldən torpağa başımı əydim. Kaş rəssam olaydım, elə rəssam ki, Uşaq sevincinin rəngin çəkəydim.
Bu ümid hələ çox yaşadar məni
Yaşım qılıncını çəksə üstümə, Kədərim çən kimi çöksə üstümə Buludlar hirsini töksə üstümə, Döysə yağış məni, boran, qar məni, Bu ümid hələ çox yaşadar məni.
Haqqım yox, doğmadan, nə yaddan küsüm, Uça bilməmişəm, qanaddan küsüm? Qoymadı darıxım, həyatdan küsüm, Bağçamda, bağımda bəhər, bar məni, Bu ümid hələ çox yaşadar məni.
Çevirmə arxanı öz amalına, Tanrı sevgisindən süz amalına. Gözümü dikmədim dünya malına, Desin, kimsə görüb könlü dar məni, Bu ümid hələ çox yaşadar məni.
Toyda da, yasda da görünmüşəm mən, Ruzum qaçaq düşüb, sürünmüşəm mən. Utanıb abrıma bürünmüşəm mən, Bəzən ac qoyubdu həya, ar məni, Bu ümid hələ çox yaşadar məni.
Ürəyə məlhəmdi bir isti baxış, Ömrü uzadandı hər dua, alqış. Mənə, neyləyəcək axı qarlı qış? Gətirib dünyaya ilk bahar məni, Bu ümid hələ çox yaşadar məni.
Şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor. Rafiq YUSİFOĞLUnun yaradıcılığına həsr olunmuş “Elmin, sənətin ucalığında” (2020) kitabındakı ilk məqalə:
ƏDƏBİYYATIMIZIN İNKİŞAFI NAMİNƏ
Hələ gənclik illərindən istedadlı bir qələm sahibi kimi tanıdığım, uzun illər mətbuatda imzasını maraqla izlədiyim, istər şeirlərini, istərsə də elmi-publisistik məqalələrini, kitablarını məmnunluq hissi ilə oxuduğum Rafiq Yusifoğlunun 60 yaşının tamam olduğunu eşidəndə bir qədər təəccübləndim. Düşündüm ki, illər nə tez gəlib keçdi, dünənə qədər gənc şair kimi tanıdığımız qələm dostumuz nə tez ömrünün ixtiyar çağına qədəm qoydu? Ancaq Rafiq Yusifoğlu qələminin məhsulu olan 50-yə yaxın kitabın, o cümlədən ali məktəb tələbələri üçün yazdığı “Ədəbiyyatşünaslığın əsasları”, “Müasir ədəbi proses və ədəbi tənqid”, “Uşaq ədəbiyyatı”, ümumtəhsil məktəblərinin birinci sinifləri üçün “Ana dili”, ikinci sinifləri üçün “Azərbaycan dili” (şərikli) dərsliklərini, “Azərbaycan poeması: axtarışlar, perspektivlər” adlı sanballı monoqrafiyasını və sair kitablarını xatırlayanda mənə aydın oldu ki, bu qədər işi 40-50 yaşında bir adamın görməsi çox çətindir, hətta deyərdim ki, bir qədər də imkan xaricindədir. Bu qədər faydalı əsərləri araya-ərsəyə gətirmək Rafiqin istedadından, tükənməz yaradıcılıq ener¬jisindən, zəhmətsevər-liyindən xəbər verən danılmaz faktlardır. Necə deyərlər, Rafiq Yusifoğlu öz 60 illik yubileyini alnıaçıq-üzüağ, ləyaqətlə qarşı-layır. Onun şeirləri, hekayələri, nağılları orta məktəb dərslik-lərinin, oxu kitablarının bəzəyinə çevrilib. Dərslikləri gənc nəslə ədəbiyyatın, nəzəriyyənin, ədəbi prosesin, bədii yaradıcılıq üslu-bu¬nun incəliklərini öyrədir. Bütün ömrünü, həyatını ədəbiyyata, onun tədqiqi və təbli¬ğinə həsr edən Rafiq Yusifoğlu çoxşaxəli yaradıcılıq yolu keçən istedadlı qələm sahiblərindəndir. Onun istər poeziya, istər uşaq ədəbiyyatı, istər bədii tərcümə, istər jurnalistika, istərsə də ədəbiyyatşünaslıq sahəsindəki uğurları göz qabağındadır. İlk dəfə məktəbə qədəm basan Azərbaycan uşaqları Abbas Səhhətin, Abdulla Şaiqin şeirləri ilə birlikdə Rafiq Yusifoğlunun da bir-birindən gözəl, mənalı şeirlərini oxuyur, əzbərləyirlər. Ədəbiyyata, şeirə-sənətə gedən yolun başlanğıcında onlara Rafiq Yusifoğlu poeziyası bələdçilik edir. Bu da təsadüfi deyildir. Bu gün Rafiq Yusifoğlu nəinki çağdaş uşaq ədəbiyyatımızın sayılıb-seçilən, görkəmli nümayəndələrindən biri, hətta cəsarətlə deyə bilərəm ki, birincisidir. Bu gün uşaq ədəbiyyatının yaranması, nəşri, tədqiqi və təbliği sahəsində Rafiq müəllimin xidmətləri çox böyükdür. Təsadüfi deyil ki, Rafiq Yusifoğlunun yaradıcılıq nümunələri tədqiqatçıların da diqqətindən kənarda qalmamışdır. Müasir uşaq ədəbiyyatı haqqında yazılan elə bir dissertasiya yoxdur ki, orada R.Yusifoğlu poeziyasından məhəbbətlə söhbət açılmasın, şairin bənzərsiz poetik üslubu təqdir edilməsin. Dissertantlarımdan biri tədqiqat işi yazanda Rafiqin “Aylı cığır” kitabını mən də oxudum. Şeirlərin orijinallığı, poetik tutu¬mu, məzmun yeniliyi məni çox məmnun etdi. Nüfuzlu məclislərin birində Rafiq müəllimi müasir uşaq poeziyamızın canlı klassiki adlandırdım və tam əminliklə dedim ki, son 50 ildə yaranan bütün uşaq kitabları bir yana, R.Yusifoğlunun “Aylı cığır” kitabı isə bir yanadır. Sonra Rafiq müəllimin uşaqlar üçün yazıb nəşr etdirdiyi bir-birindən maraqlı “Bahar qatarı”, “Böyük arzuya gedən yol”, “Dəniz səviyyəsi”, “Şirin yağış”, “Çiçək yağışı”, “Günlərimiz-aylarımız”, “Zamanın qatarı”, “Söz çəməni”, “Yollar”, “Ana dilim”, “Daha uşaq deyiləm” və sair kitablarını oxuyanda fikrimdə yanılmadığıma bir daha əmin oldum. Hiss elədim ki, Rafiqin uşaq ədəbiyyatı sahəsində qazandığı uğurlar xoşbəxt bir təsadüfün yox, parlaq istedadın, yorulmaz müşahidənin, sistemli axtarışların, gərgin əməyin qanunauyğun nəticəsidir. Rafiqin şeirlərinin dili lakonikdir, obrazlıdır. Şair bədii təsvir və ifadə vasitələrindən, təşbehlərdən, metaforalardan, epitetlərdən məharətlə istifadə etməyi bacarır. İlk nəzərdə quru təsir bağışlayan mövzular şairin sehrli qələmi nəticəsində poetik məzmun kəsb edir. Məsələn, “Dəmir yumaqlar” şeirinə fikir verək: Yolbasan yola çıxıb, küçəmiz təzələnir. Təkərləri elə bil yumaqdı, çözələnir. Aldatmıram mən sizi, gəlin baxın, uşaqlar. Fırlandıqca, açılıb küçə olur yumaqlar… Bu xüsusiyyət təkcə Rafiqin uşaqlar üçün yazdığı şeirlər üçün yox, bütün yaradıcılıq nümunələri üçün xarakterikdir. Yarım gərək incə gələ, incə vara, Sahib ola qəlbimdəki incə vara. Söz demişəm, ürəyinə toxunmuşam, Qəlbi safdı, küsən deyil incəvara… Rafiq Yusifoğlu folklordan, klassik ədəbiyyatımızdan, eləcə də dünya ədəbiyyatının incilərindən yaradıcı şəkildə bəhrələnməyi bacaran qələm sahiblərindəndir. Onun şeirlərinin cövhərində folklor ruhu, folklor ab-havası, folklor müdrikliyi vardır: Çən gəldi, çisəklədi, Gözlərim çiçəklədi. Dərd məni üstələyib, Bayatıya köklədi. Yağış deyiləm yağam, Bu dərdə dözdüm, dağam. Həsrətin dörd əli var, Mənimsə bircə yaxam… Dərd çox, sevinc kəm oldu, Ağlar gözüm nəm oldu. Sözdən bir qala tikdim, Pəncərəsi qəm oldu. Klassik poeziyamıza yaxından bələdlik “Qəm karvanı” kimi sanballı bir poemanın yaranmasına səbəb olmuşdur. Ustad təfəkkürünün məhsulu olan maraqlı fikirləri öz poetik düşüncələri ilə yoğuraraq yenidən həyata qaytaran şair Füzuli dünyasına bələdçilik edir. Poemanın hər bəndi oxucunu düşündürür, onun ruhunu təzələyir, poetik ovqatını yüksəldir. Sözümü pas tutmaz ötsə də min il, İlahi, nə qədər odlanım, yanım? Məndə can qoymayıb bu şeyda könül, Verim bir gözələ, qurtarsın canım. Hicranı ömrümü etsə də yarı, Kimsəyə uymadım, – sədaqəti gör. Qiyamət günündə görməsəm yarı, Saqi, sən özün gəl qiyaməti gör! Alovlar püskürən qəlbimin başı Buxar etməsəydi gözümdə nəmi, Göz açıb yumunca, gözümün yaşı Bir anda tutardı bütün aləmi… Dünya ədəbiyyatının görkəmli nümayəndələrindən Bayro¬¬nun, Lorkanın, Yeseninin və başqalarının şeirlərini dilimizə ustalıqla tərcümə edən Rafiq Yusifoğlunun öz poeziyasına da həmin şairlərin əsərlərinin təsiri yaxşı mənada duyulmaqdadır. Rafiq Yusifoğlu həm folklordan, klassik ədəbiyyatdan, həm də dünya ədəbiyyatından yaradıcı şəkildə bəhrələnməyi bacarır. Dünya ədəbiyyatına yaxından bələdlik Rafiq Yusifoğlu poeziyasını əyalətçilik çərçivəsindən uzaqlaşdırır, elə buna görə də onun qələminin məhsulu olan əsərlər mahiyyətcə ümumbəşəri xarakter daşıyır. Rafiq Yusifoğlu nədən yazırsa yazsın, hansı problemin bədii təsvirini verirsə-versin, daim özünə, öz poetik üslubuna, düşüncə tərzinə sadiqdir. Rafiqin folklor, klassik ədəbiyyat və dünya poeziyasının təsiri altında formalaşan poetik üslubu ənənəyə söykənsə də bənzərsizdir, fərdidir. –Qaldır kirpiyini, səbrim yox daha, Görüm gözlərini bir yol yaxından. –Mənim kirpiklərim qalxa bilmir ha Sənin baxışının ağırlığından… Rafiq Yusifoğlu yaradıcılığının mövzu və problematikası çox zəngindir. Xalqımızın keşməkeşli taleyi onun poeziyasında özünəməxsus bir çalarda öz bədii əksini tapmışdır. Rafiqin bu qəbildən olan şeirləri vətəndaşlıq poeziyamızın maraqlı nümu-nələri hesab oluna bilər. Azərbaycan torpağının gözəlliklərinə həsr etdiyi şeirlər peyzaj lirikamızın gözəl nümunələri sırasındadır. Onun şeirləri insanları vətənin hər otunu, çiçəyini sev¬məyə, xalqımızın adına layiq ləyaqətli oğullar, qızlar olmağa səsləyir. Ən yaxşı cəhət budur ki, Rafiq müəllim hansı mövzuda yazırsa yazsın, təsvir elədiyi hadisələrin ən incə, xarakterik məqamlarını ön plana gətirməyi bacarır. Bu cəhət həm onun uşaqlar, həm də böyüklər üçün yazdığı şeirlərin demək olar ki, hamısı üçün xarakterikdir. Əslində Rafiq Yusifoğlu yaradıcı-lığında uşaq şeiri, böyük şeiri şərti bölgüdür. Bu şeirlərin hamısının ana xəttində incə ruhlu bir şairin duyğuları, dərin zəka sahibinin düşüncələri dayanır. Rafiq ən adi həyat həqiqətlərini belə mənalandırmağı bacarır. Ona görə də şeirlərinin əksəriyyətinin əsas məna yükünü öz üstünə götürən misraların əksəriyyəti poetik kəşflər səviyyəsinə yüksəlir. Başqa sözlə desək, Rafiqin alimliyi şairliyinə, şairliyi alimliyinə dayaq durur, onun poetik üslubunu şərtləndirən ən aparıcı amillər kimi özünü göstərir. Qədim Qəbələ şəhərinin xərabələrinin bir tərəfindən Qaraçayın, digər tərəfindən Qocalançayın axması adi həyat həqiqətidir. Görün şair bu həqiqəti necə mənalandırır, necə poetik həqiqət səviyyəsinə yüksəldə bilir: Qəbələ bir yüyrükdür, Onu zaman tərpədir. Qaraçay, Qocalançay Sanki yüyrük ipidir. Qaraçay, Qocalançay Həzin-həzin oxuyar. Bu yüyrüyün içində Tarix gedib yuxuya… Rafiq Yusifoğlu kənd həyatını, təbiəti, xalq yaradıcılığını yaxşı bilən şairlərimizdəndir. Elə buna görə də onun təsvirləri öz milli koloriti, cazibədarlığı ilə diqqəti cəlb edir. Rafiq Yusifoğlu dilimizin incəliklərini, sözün məna çalar-larını çox gözəl bilir. Elə buna görə də onun poetik nümunələri içərisində sözçülükdən əsər-əlamət yoxdur. Xarakterik bir cizgi, detal mənanı sözün zahiri biçimindən onun alt qatına ötürür. Şeirin mövzusuna, məzmununa uyğun bənzərsiz, xarakterik bədii təsvir və ifadə vasitələri, orijinal qafiyələr tapıb işlətməsi onun ədəbi üslubuna bir orijinallıq gətirir. Rafiq istər əruz, istər heca vəzninin müxtəlif ölçülərindən, istərsə də sərbəst şeirdən məharətlə istifadə etməyi bacarır. İşıq arzulayan toxum meydan oxuyur qabığa, Günəşə dal çevirənin kölgəsi düşər qabağa. Sevən sevdiyinə sarı ayağı yalınca gedər, Üzü günəşə qaçanın kölgəsi dalınca gedər… Rafiq Yusifoğlu öz taleyinin, ağrı-acılarının, sarsıntıla-rının şairidir. Xalqımızın başına gətirilmiş müsibətlər, itirilmiş torpaqlarımız, bir-birindən ayrı düşən doğmalarımızın, əzizlə-rimizin gözündə qalan arzuları şairin poeziyasının qəm yükünü bir qədər də ağırlaşdırır: Hərəmiz bir eşqin şirin barıyıq, İllər üstümüzə çökür toz kimi. Məhəbbət daşıyan eşq qatarıyıq, Zaman çəkir bizi paravoz kimi. Bərq vurur saçımda illərin qarı, Sükut qəbristanda xəyala dalıb. Sərnişini düşən eşq vaqonları Zaman qatarından açılıb qalıb… Qəlbini atdılar oda anamın, Arzuları düşdü hey pərən-pərən. Qəbri ayrı düşən ata-anamın Ruhları qovuşa bilibmi görən? Rafiqin poeziyası ağrı-acı ilə, dərd-kədərlə yoğrulsa belə, onun şeirlərinin ümumi ruhu nikbindir, insanları gələcəyə, qurub-yaratmağa, sevib-sevilməyə, həyatın qədrini bilməyə, ulu yaradanan verdiyi fürsətdən yetərincə bəhrələnməyə həvəs-ləndirir: Get dayan dənizlə nəfəs-nəfəsə, Eşit ləpələrin pıçıltısını. Meşənin qoynunda düşüb həvəsə, Dinlə yarpaqların xışıltısını. Bu necə cığırdı, bu necə yoldu? – Yarır toranlığı durnanın döşü. Qardaş, bir başını yuxarı qaldır, Ayın danışdığı nağılı eşit… Rafiq Yusifoğlu gənclərin, tələbələrin çox sevdiyi şairlər-dəndir. İstər Sumqayıt Dövlət Universitetində, istərsə də Azər-bay¬can Dövlət Pedaqoji Universitetində mühazirələr oxuması onu gənclərə, gəncləri ona daha da yaxınlaşdırıb. Tələbələrin sevimli müəllimi həm də gənclərin sevimli şairinə çevrilib. Rafiq müəllimə gələn saysız-hesabsız oxucu məktubları onun yaradıcılığının təsir gücündən, əhatə dairəsindən xəbər verir. Rafiqin gənclərin məktubları, mesajları əsasında yazdığı şeirlər müasir sevgi lirikamızın gözəl nümunələridir. Bu şeirlər gənc oxucuların ürəyindən xəbər verdiyi üçün çox sevilir, çox oxunur. Daim gənclər arasında olması Rafiq Yusifoğlunun poetik ilhamını kökdən düşməyə qoymur, onu daim gənclik eşqi ilə yazıb-yaratmağa, sevda göylərində qanad çalmağa səsləyir: Bənövşə arzular boynu bükülü, Nəfəsin ayrılıq küləyi olub. O ötən ayların, illərin külü Arzu közlərimin bələyi olub. Həsrətin əlində qalıbdır yaxam, Bu dərdə, ağrıya dözürəm hələ. Yayından ayrılan qızıl bir oxam, Sevda göylərində süzürəm hələ… Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Göyərçin” jurnalının baş redaktoru, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu ömrünün, yaradıcılığının ixtiyar çağ-larını yaşayan istedadlı bir qələm sahibidir. Ədəbi, eləcə də pedaqoji ictimaiyyətimizdə özünəməxsus nüfuzu, çəkisi olan qələm dostumuzu qarşıda hələ yeni-yeni axtarışlar, yeni-yeni elmi, ədəbi uğurlar gözləyir. Ədəbiyyatımızın, elmimizin inkişafı naminə Rafiq Yusifoğluya uzun ömür, can sağlığı arzulayırıq. Nizami CƏFƏROV AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor. “Xalq qəzeti”, 1 yanvar 2010-cu il.
Karalina Laurent Turunç Türkiyə Cümhuriyyətinin Antakya rayonundan olan doqquz uşaqlı bir ailənin qızıdır. Sosyalogiya fakültəsindən məzun olmuşdur, 2013-cü ildən bəri 1500-dən çox şeir yazmışdır, xarici ölkələrdən çox sayda sertifikatlar almışdır, qırxa yaxın yerli və xarici antalogiyalarda yazıları çap olunmuşdur. Hal-hazırda da bir çox beynəlxalq jurnallarda və internet saytlarında şeirləri yayımlanır. “Şarkla Şamal arası” ve “Çöl Zambağı” adlı iki şeir kolleksiyası yayımlandı. Rumıniyada təşkil olunmuş “Dünya Ədəbiyyatı Yarışması”nda müxtəlif ölkələrdən olan 2575 şair iştirakçı arasında ikinci yerə layiq görülmüşdür. Çin Respublikasının Yan qəsəbəsində təşkil olunmuş “Səkkizinci Bahar Şeir Festivalı”nda mükafat alaraq Çinin Şimal-qərb Universitetinin İpək Yolu Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan “Dünya Şair Ədəbiyyat Muzeyi”nə seçilmişdir. Bunlardan başqa beynəlxalq “Kainat Şeir Mükafatı 2021” yayınının münsiflər heyətində idi. “Başkent Haber Ankara” ( Paytaxt Xəbər -Ankara) qəzetində köşə yazıları dərc olunur. “Özgür İfade İstanbul” ( Azad Söz İstanbul) qəzetində köşə yazarlığı ilə də məşğuldur . Sülh Elçisi Beynəlxalq Universitet Diplomatik Xidmətdən Azad Vətəndaş Dərnəyi və Fransa, Tunusda Beynəlxalq Mədəniyyət Salonları Dərnəyində Yaradıcı Görüşlər Elçisidir. “Writers Capital İnternational Foundation”da (“Beynəlxalq paytaxt yazarları Fondu”nda) təşkilat komitəsinin üzvüdür. Türkiyə Cümhuriyyəti nəzdində fəaliyyət göstərən bir xeyriyyə dərnəyi olan U.T.E.F.-nin Paris təmsilçisidir. Hal-hazırda Fransa Respublikasının paytaxtı Paris şəhərində yaşayan və yekunlaşdırmaq üzrə olduğu bir romanını qələmə almaqla məşğul olan yazarımıza işlərində və yaradıcılığında uğurlar arzulayırıq.
BİLMİRSƏNMİ?!
Tanımırsanmı məni?! Kimsəyə boyun əymərəm… Boz buludlar Səmada var-gəl edərkən Axşamın xəfif küləyi əsərkən Hələ zülmət gəmiyə minməmişkən Bilirdim ki, yer üzü məzarlıq, Ömrümün naxışları işgəncədir…
Sən öküzləri əhilləşdir Kasıblar üçün beynini yorma… Ağla indi, ürəyin boşalana qədər, Doyunca ağla… Halına yanmadığım Şərq və Cənub üçün ağla Parçalanmış duygular, ödənməmiş borclar və Yerinə yetirilməmiş vədlər üçün ağla… Göy üzünə boylan, Bax, düz buraya, Sabahın quşları qanad çırpır səmada Torpaq nə gözəl tumurcuqlar verib Sən və sevgin qəlbinin qapısına möhür vurarkən Körpələr analarının döşlərindən zorla alınırdı. Kaş görmüş olaydım, Kaşki , qarışmayaydım demə əbəs yerə… Daha heçnə söyləmə İnamım qalmayıb sənə… Amma ki, mən hər xəfif küləyə Nəvazişlə sığal çəkdim Bir əsrdən neçə eşq keçdiyini saymadan… Əsrlərin zaman dilimini Bütün planetləri yola salana kimi Körpə bahar gələnə kimi Sirr saxlayıram… Sabahların birində Gələcəklər uşaqlar… Kim bilir, bəlkə də Pəncərəmdən boylanıb Sənə baxaram… Göy üzü salam göndərəndə Əllərimi yelləyərəm…
Və o zaman dərin bir Ah çəkəcəksən Kaşki heç yaranmasaydım deyə Sahildəki xəyalları, Küləyin səmadan yerə ələdiyi ulduzları Aşağı -yuxarı boylanıb Bir, iki, üç deyə Saymağa başın qarışacaq… Yeri- göyü yaradan Tanrının qarşısında Kim ola bilərik ki, biz Xırdaca varlıqlarıq, Bir az cılız, bir az aciz…
EY TANRISI ÜMİD
Şah damarımda qanım donar Çirkaba batmış Yer üzünü və İndiyə qədər yaşanmış Qarşılıqsız sevgiləri gördükcə Mən neçənci yuxudayam Hansı əsrin asdanasındayam Deyirəm…
Sanki şərqin vadilərində Qeyb olmuşdu ürəyim Səsim qaranlığa qərq olub Mənə doğru axır… Yadlaşmış gözlərimdə Kipriklərimə toxunuram Amma çox çarəsizəm Ayaqlarım var-gəl etməkdən Sürgün yollarındaymış kimi Yorğun düşüb… Aman, Tanrım, bu necə yuxudur?
Kaşki heç görməyəydim Gerçək olmayan gözəlliklərin xəyalını Qanadları qırılan xəyallarım Sahildə oturub Nəfəsini dərdi… Amma ki, mən əllərimi uzadıb Günəşə toxunacaqdım… Sevgilimin könlünü Ovundurmaq üçün Mahnılar oxuyacaqdım… Elə kədərliyəm ki, Kaşki ulduzlara qonşu olaydım Qızıl dövrü, ədalət və Bərabərliyi ordan görəydim Kimin üçündür bu ixtiralar Kimin üçündür bu göyqurşağı…
Ey Tanrısı ümid və qardaşları Bataqlığın qaranlığında Çürümüş göylər Çöhrələrdən süzülən işıq Qanlı irinin girdabında öləziyib… Ey yağışı müqəddəs göllərə tökülən bulud Kaşki yumruğumu açıb Yağış damlaları ovcuma yığa biləydim…
Mənə icazə ver, ey kübar dünyam Uşaqlarım var, Onlar mədrəsəyə gedəcəklər… Analarının döyülərək Qətlə yetirildiyini söyləyə bilmərəm Günah məndədir ki, Göy üzünə çox inandım… Toxumuna torpaq oldum Bir gün geri dönəcək sandım… Mən hardan biləydim göylərin Hər tökülən qandan Bir damla içdiyini… Çiçəklərin göz yaşıyla cücərdiyini…
CAHİL və ƏDƏBSİZ
Torpağa göz yaşlarıyla Kəlmələr yazmışdılar… Ruhları cahil və ədəbsiz idi. Çaya ümid bağlayanları Məhkum etmişdilər. Çürümüş dəriləri Ağappaq olmuşdu Minlərlə varlığın Qopardığı tufan içində…
Yeddi qat yerin altında Dünyanın dərdini Daşıyan torpaq Qayğılardan təngə gəlib Göz yaşları içində Yorğun düşmüşdü Ölüm əslində Diriliş günüdür, Sabahın yuxusudur…
Güc və gücün üfüqləri Bitib- tükənmək bilməyən Xəzinələr… Qövmü böyüdüb bəsləyənlər Bəzəmişdir sabahla axşamı… Bütlərə inanlar, and içənlər Başqa günəşlər vəd edərlər… Göyləri yüksəkliyə Ucaldan Tanrı Qoy yoxa çıxmış gecəni Çiyinlərimə şələləyim… Mənim dörd mövsüm Ağlımın sahibim, İhsanı və Fazili Bir-bir var etmişlər, İnsanın ağlı ilə dərk etməsi Gözlə görməsindən yaxşıdır…
Ey yaradılışın mayasını Həqiqətlə yoğuran Bu hürən itlərə agah elə Ölüm səbəbiniCansız bədənlər Qum yığınının arasında Şimaldan cənuba sovrular Qılıncınla haqqı ucalt Nə zaman müharibə etsən. O zaman qələbə çalarsan Tanrının dini üstün gələr… Torpaq üzərində mənim də Məndən başqasının da Qarışqa qədər haqqı var…
Чарли Чаплин умер в возрасте 88 лет. Он оставил нам 4 заявления: (1) Ничто не вечно в этом мире, даже наши проблемы. (2) Я люблю гулять под дождем, потому что никто не может видеть мои слезы. (3) Самый потерянный день в жизни – это день, когда мы не смеемся. (4) Шесть лучших врачей в мире …:
Солнце,
Отдых,
Упражнение,
Диета,
Самоуважение
Друзья. Придерживайтесь их на всех этапах своей жизни и наслаждайтесь здоровой жизнью … Если вы увидите луну, вы увидите красоту Бога … Если вы увидите солнце, вы увидите силу Бога … Если вы увидите зеркало, вы увидите лучшее творение Бога. Так что верьте в это. Мы все туристы, Бог – наш турагент, который уже определил наши маршруты, бронирование и направления … доверяй ему и наслаждайся жизнью. Жизнь это просто путешествие! Поэтому, живите сегодня! Завтра может и не быть.
AZƏRBAYCAN DİLİNDƏ “GİROV, GİRƏVƏ VƏ CİLOV” SÖZLƏRİNİN TƏHLİLİ. (ÖZ DİLİMİZİ ÖYRƏNƏK)
İlk baxışdan dilimizdə olan “girov” sözü ərəb və ya fars dilindən keçmə sözlərə bənzəyir.Əslində fars dilində “girovkan” sözü vardır.Mənası “girov edilmiş, girov edilməli şey;2) qul, kölə”. İlkin olaraq “girov” sözünün də fars dilindən keçmə söz kimi qəbui etmək mümkün sayılar.Ancaq bu sözün semantik mənasını araşdırarkən “gprov” sözü bir neçə pilləli Qədim Oğuz dilinə daha yaxın görsənir.Sözün semantikası dilimizdə “borc müqabilində verilən (saxlanılan) şey” kimi mənalanır. Qədim Oğuz dilində “kiritmək” sözü vardır.Yəni “səsini kəsmək, sözünü kilitləmək, ağzını bağlamaq, çənəsini qapatmaq”, bəzən də sadəcə olaraq “kilitlə!” kimi mənalara gəlir.Bu sözdə də türk dillərində aktiv olan (r-l) və (t-d) əvəzlənməsi özünü göstərir.Kirit-kilid. Fars dilində “kilid”- “açar”mənasında, türk dillərində isə sözün əsl mənası olan “bağlı” kimi məna daşıyır.”Açar” sözü kilidin açılması məqamını göstərir.Fars dilində “kilid” sözünün sinonimi “qıfıl” sözü daha işləkdir.Bu sözlərin ikisi də öz növbəsində qədim teofordurlar.Oğuzca “kirit”sözü “Qor-kir”, fars dilində “qıfıl” sözü “Qav-qıf” tanrılarının adlarından törəmə sözlərdirlər.Bu bir daha onu sübut edir ki, ən qədim sözlər tanrıların adından yaranmışdır.Dilimizdə işlənən “ey dili qafil” sözü də, fars dilində “ey qəlbi(ürəyi) bağlanmış(qıfıllanmış) mənasını bildirir. Əgər biz “girov” sözünün semantik cəhətdən “saxlamaq, dayandırmaq, durdurmaq” kimi mənalarını nəzərə alsaq, bu sözün kökünün türk dilində olan “kirit-kilid” sözündən yaranmasını görərik.Həqiqətən də birindən pul və ya digər şey borc götürülərkən hər hansı bir şeyin fəaliyyəti saxlanılaraq (dayandırılaraq) girov kimi əvəzinə pulun və ya digər şeyin əvəzinə qoyulur. Araşdırmadan aydın olur ki, “girov” sözünün kökü qədim sözümüz olan “kir-gir” sözündəndir. Fars dilində ”Girov” sözünün 2-ci mənası olan “qul, kölə” sözləri bizim qədim nağıllarımızda opfoepik qaydada işlənən doğma “qaravaş” sözüdür.Girov-Qarav.Yəni “girov alınmış” sözündəndir. Dilimizdə “Girəvə düşən kimi” sözü, “sərbəstlik, azadlıq olan kimi” mənasına gəlir.Yəni “girovluqdan çıxan kimi”… Qədim Oğuzların “Cilov” sözü də “girov” sözündən törəmiş kimi görsənir.Fonetik hadisə: g-c;r-l.Girov-cilov.”Cilov” sözünün mənası atın ağzına keçirilən və onu saxlamaq üçün dəmirdən olan bir nəsnədir.Çapar yüyəni çəkib, gilovla atını dayandırır.”Yüyən” sözü “yürüyən” sözü olub, yəni cilovu boş saxlamaqla atını yürüdür, cilovla isə onu dayandırır.Frazeloji ifadələrimizdə hər iki söz məcazi mənada işlənməkdədir.”Filankəsin yüyənini buraxmaq, yüyəni boş saxlamaq, cilovunu bərk çəkmək, cilovda saxlamaq” və s. kimi işlənilir.”Cilovsuz at yiyəsini tanımaz” kimi atalar sözümüz də var. Fars dilində “cilov” sözü “əfsar” kimi deyilir.Bəzi hallarda dilimizdə “ovsar” kimi də işlənmişdir.Fars dilində “Başa keçirilən” kimi anlaşılır. P.S.Həqiqətən də qonşu xalqların dillərində olan sözlər biri digərinin dilinə qarşılıqlı şəkildə keçə bilir.Lakin sözün kimə mənsub olmasını bilmək əsas şərtdir.Əksərən belə hallar mübahisəli hesab olunur.Lakin hər bir mübahisənin elmi sübutu vardır.Paralel müqayisəli təhlil dilçilik elminin nəzəri cəhətdən əsasıdır.Buna yiyələnmədən dilçilik elmindən danışmağa dəyməz.Çünki, “söz-leksika” qrammatikadan erkən yaranmışdır…
Ad günü də deyən var, doğum günü də… … Bəli, mən fevral ayının 18-də doğulmuşam. Amma sənədlərimdə bu “gəlişim” iyun ayının otuzu kimi qeyd olunub. Fərq etməz… Bu “texniki xəta” az şeyi dəyişə bilər. Əsas odur ki, “gəlmişəm” və hələlik “getmək” fikrində deyiləm. … Deyirlər, ömür bir əmanətdir. Bəlkə də təkcə əmanət deyil, əmanər bankıdır. Lap olsun ki, uzunmüddətli kreditdir. Mən bu terminləri həm də ona görə işlədirəm ki, ömür ən qiymətli kapitaldır. Hər kəs onu lazımi səviyyədə, gərək olan “layihələrə” xərcləməlidir. Və orasını da unutmayaq ki, “kredit” sözünün kökündə daha önəmli bir anlam dayanır: “kredo”. … Doğrusu, ilk gəncliyimdə mənə hal-hazırda gəlib yetişdiyim yaş “finişi” əlçatmaz görünürdü. Amma indi arxaya və irəliyə baxanda görürəm ki, indiyəcən yaşanmış ömür bir növü hələ də “yarımçıqdır”, “bütövləşməyib”. Hələ bundan sonra da “tamlaşmaq” üçün bilmədiyim, öyrənmək istədiyim çox şey var. … Bir az basmaqəlib səslənsə də deyim ki, həyat yolum hamar olmayıb. Fəhləlik, tələbəlik, müəllimlik, əsgərlik, aspirantlıq, jurnalistlik… illəri. Həm şagirdlərə, həm tələbələrə, həm aspirantlara, həm də doktorantlara dərs demiş, onlara bildiyimi öyrətməyə çalışmışam. Ürək qızdırdığım, könül bağladığım heç bir fəaliyyət növü ilə candərdi məşğul olmamışam. Nə etmişəmsə, ürəkdən etmişəm. … Özümdən “asılı olmayaraq” fəaliyyət sahəm çoxqatlı olub, polifonik səciyyə daşıyıb. Həyatımın böyük bir hissəsi auditoriya və kitablar arasında keçib. Belə ki, bədii yaradıcılıqla yanaşı elmi fəaliyyətlə də məşğul olmuşam. Üz tutduğum janrlar müxtəlifdir: hekayə, novella, povest, roman, dram, tənqid, ədəbiyyatşünaslıq… Fəlsəfə, fəlsəfə tarixi, kulturologiya, türkologiya, tarix, dilçilik, dünya ədəbiyyatı, Qərb və Şərq fəlsəfəsi. … Hərdən öz-özümə fikirləşirəm ki, bu yazdıqlarım görəsən kimə lazımdır? Axı indi kitab oxuyanlar, ciddi elmi fəaliyyətlə məşğul olanlar elə də çox deyil. Amma insan zəkasına, ümumiyyətlə bəşəri təfəkkürə və idraka olan inam məni hələ də tam tərk etməyib. İnanıram. İnanıram ki, insan ruhu insan cisminə qalib gələcək. …Ötən illər ərzində bir çox maddi və mənəvi sıxıntılarım olub. Vaxtın səmum yelləri məni çox qırmanclayıb, döyəcləyib. Amma, qəribədir ki, zaman keçdikcə, illər öz atını gələcəyə doğru çapdıqca, mənim özümə olan inamım daha da artıb. Son illərin ağrı və sevincləri dabanbasaraq gəlməkdədir: onlar sürətlə biri digərini əvəzləməkdədir. Əlbəttə, ağrilar bütün hallarda itkilərlə bağlı olub: ömür itkisi, torpaq itkisi. Sevinc hissləri isə daha çox “qazanclarımızla”, əldə etdiklərimizlə bağlıdır. Qəsb olunmuş torpaqlarımızın yenidən qaytarılıb “bütövləşməsi” son illərdə mənim ən böyük sevincimdir. Təbii ki, təkcə mənim yox, hamımızın. Əlbəttə, bu “tamlığın”, bu “bütövlüyün” bərpa olunmasında, bir sözlə bu qələbənin əldə edilməsində sıravı əsgərdən tutmuş ta Ali Baş komandana qədər hamının haqqı var. İşğal olunmuş torpaqlar qaytarıldı. Təəssüf ki, insan itkilərimizi qaytarmaq bizdən asılı deyildir. … Son beş ildə üç ciddi əməliyyat keçirməyə məruz və məhkum olmuşam. Son əməliyyat cəmi üç gün bundan əvvəl olub. Nə etməli? Sevindirici hal odur ki, məhz həmin illər ərzində, yəni beş il civarında artıq dediyim kimi, biz torpaqlarımıza tapınmışıq, torpaq isə bizi əsil ana kimi bağrına basıb. Biz anamıza qovuşmuşuq. …Problemlərimizin olduğunu mən də sizin hər biriniz kimi görür və dərk edirəm. Soruşsalar ki, bizdə ən böyük problem nədir, deyərdim ki, laqeydlik, etinasızlıq. Elə çox şey, bəlkə də hər şey, çox zaman bizim özümüzə, keçmişimizə, gələcəyimizə, insanlara, təbiətə, öz hərəkət və davranışımıza laqeydlikdən irəli gəlir. … Mən məşğul olduğum fəaliyyət sahəsindən asılı olmayaraq, özümü daim maarifçi hesab etmişəm. Hesab edirəm ki, maarifçilik heç də hadisələrə “loyal”, seyrçi, neytral, “sığallı-tumarlı” baxış və ya baxışlar sistemindən ibarət deyildir. Əksinə, maarifçilik hər cür ətalət və durğunluğa qarşı elan olunmuş və ya elan olunmamış mübarizə metodudur. Maarifçilər də qiyamçıdır, amma onlar cəmiyyətin inkişafında hər cür qan-qadanı, ölüm-itimi, qanlı döyüşləri istisna edən qiyamçılardır. Maarifçilik olan yerdə ədalət də olur. Maarifçilik bütün sosial-ictimai-siyasi qurumların fövqündədir. … Gecə gecədən keçib. Artıq bizim coğrafi zamanda fevralın 19-dur. Doğum günümlə bağlı ünvanıma saysız-hesabsız təbriklər gəlməkdədir. Zəng edən dostlar da az deyil. Mənə uzun ömür arzu edirlər. Hətta, bir çox dost-tanışlar konkret ömür rəqəmi də arzu edirlər. Məsələn, yüz il, min il. Mən konkret rəqəm deməyə çəkinirəm. Yalnız bunu deyə bilərəm: ürəyinzcə yaşayın. Mən sizin hər birinizə ayrı-ayrılıqda və hamınıza birlikdə cansağlığı və uğurlar arzu edirəm. …Doğrusu, əvvəlcə bir-iki cümləlik qısa təəssürat yazısı qələmə almaq fikrindəydim. Özümdən asılı olmayaraq, bu notlar bir xeyli genişləndi. İş belə alındı ki, köhnə yaşıma sözardı, yeni yaşıma sözönü yazası oldum. Hörmətlə, Sizin Firuz Mustafa 18.02.2024.