Səhər yeməyini yeyib bitirdi. Süfrəni yığışdıran xanımını gözucu izləyə-izləyə dərmanlarını götürüb içdi. Ayağa qalxıb ağır addımlarla yataq otağına keçdi. Şifonerdən götürdüyü şabalıdları otaqda var-gəl edə-edə ovcunda ovuşdurmağa başladı. Barmaqları onların sürtünməkdən nazilib-incələn qabıqlarını oxşadıqca, bədəninə melatonik bir həzz yayılırdı. Şabalıdların bir-birlərinə toxunub çıxardıqları xaotik səslər qulaqlarından keçib beyninə dolur, barmaq uclarından yayılan istiliklə birləşib bioenerjiyə dönür, ruhunu oxşayırdı.
“Müalicə seansı”nın bitdiyini düşündüyündə ovcunda oxşayıb-əzizlədiyi şabalıdlara baxıb ah çəkdi… İllərin alışqanlığı ilə otağın baş tərəfinə gedərək şifonerin qapısını açıb şabalıdları yerinə qoydu. Geri-geri çəkilib yatağın üstündə oturdu.
Əllərini dizlərinin arasında sıxışdırıb başını aşağı saldı…
Gözlərini boşluğa zilləyərək düşünür, zaman keçdikcə yaşamının bir parçasına çevrilən tünd qəhvəyi rəngli şabalıdların onun otağına haradan, necə gəldiyini xatırlamağa çalışırdı. Nəm çəkmiş köhnə lent kimi orası-burası pozulan yaddaşını qurcalasa da, onları haradan aldığını yadına sala bilmədi… Şabalıdlarla ilgili beyninə həkk olunmuş tək bir şey var idi: onları hər gün ən azı iyirmi dəqiqə ovuclarında ovuşdurmalı idi… Dəqiqəsi-dəqiqəsinə yerinə yetirdiyi göstəriş. Kim demişdi, niyə demişdi? Unudalı çox olmuşdu… Amma hər gün səhər saat doqquz tamamda yayı burulmuş saat kimi yatağı ilə üzbəüz qoyulmuş şifonerə yaxınlaşır, qapısını açaraq ən üst gözdən şabalıdları götürüb barmaqları arasında sıxışdırır, ovuclarında ovuşdururdu. Niyə etdiyi barədə heç bir fikri yox idi, bildiyi tək şey, bir kərə pozulduqdan sonra bir daha düzəlməyən səhhəti ilə şabalıdların arasında nəsə bir əlaqə olduğu idi.
II
Divar boyu bərkidilmiş “əlillər və ahıllar üçün tutacaq”dan tutub ayaqlarını ardınca sürüyə-sürüyə “əmək terapiyası” otağına yaxınlaşdı. Nəfəsini dərib qapını döydü. İçəridən incə, məlahətli səs cavabladı:
Gəlin.
Qapını açıb otağa daxil oldu. Tibb bacısı onun qoluna girərək stulda əyləşməsinə kömək etdi, özü də dolabdan ütülü ağ örtüyü götürüb masanın üstünə sərdi. Terapiya üçün istifadə olunacaq alətləri spirtlə dezinfeksiya edib örtüyün üstünə düzə-düzə:
Nə olub sizə? – deyə soruşdu.
İnsult, – deyib köks ötürdü.
Bilmirəm qidadandır, ya həyat tərzindən, xəstəliklər yaman cavanlaşıb.
Hə, elədir, ancaq mən pandemiyada peyvənd vurdurmuşdum, ondan sonra səhhətim pozuldu, sonu da belə, – deyib gözlərini endirdi.
Çoxdan keçirmisiz?
Yox, üç il öncə.
Daha öncə bərpada olmusunuzmu?
Hə, üç-dörd dəfə olmuşam.
Yəqin çox öncə olmusuz, çünki mən sizi daha öncə görməmişəm.
Bura ilk dəfədir gəlirəm.
Öncələri bizim rayonumuzda olmuşdunuzmu?
Əlbəttə, insultdan qabaq bir-iki dəfə olmuşam. Həm şəhəriniz gözəldir, həm də insanlarınız mehriban, qayğıkeş.
Xanım gülümsəyib yanağına tökülən birçəyini qulağının arxasına keçirtdi.
Rayonumuzu bəyənməyinizə sevindim.
Tibb bacısı bir tərəfdən onun əllərinin üstünü slikon alətlə masaj edir, digər tərəfdən söhbət edirdilər:
Daha öncə “əmək terapiyası” almısınızmı?
Xeyr.
Susdular, xanım əllərinin üstünü masaj etdiyi aləti kənara qoydu. Onun sağ əlini ovcuna alıb barmaqlarını başqa bir alətlə masaj etməyə başladı.
Onun hərəkətlərini izləyə-izləyə:
Siz ixtisasca fizioterapevtsinizmi? – deyə soruşdu.
Bəli, öncə tibb texnikumunu bitirmişəm, sonra da psixologiya və fizioterapiyaya dair əlavə kurslar keçmişəm.
Əvvəldən buradamı işləyirsiniz?
Öncə xüsusi qeyri-tədris müəssisəsində işləyirdim.
Nə əcəb özəldən çıxıb dövlətə gəldiniz? Mən bilən özəl şirkətlərdə əməkhaqqı daha yaxşı olmalıdır axı…
Məsələ əməkhaqqı deyil, – deyib ah çəkdi, – bilirsinizmi ora gələnlər hamısı problemli uşaqlardır, onlarla işləməyə ürəyim dözmədi, – deyə cavablayarkən iri qara gözləri kədərlə kölgələndi, əsmər yanaqlarından təbəssüm çəkildi…
Yəqin bura təzə gəlmisiz?..
Altı aydır, bilirsinizmi, həm iş şəraitinə, həm də əməkhaqqına görə bura mənə daha uyğundur, – deyib əlindəki aləti kənara qoydu, elektrikli titrəşim cihazını götürərək armudvari başlığı taxıb işə saldı. Onun ovcunu, barmaqlarını masaj edərkən əlini yumruq kimi tutmasını rica etdi.
Deyəsən sağ əlinizi az istifadə edirsiniz.
Hə, onu pensiyaya çıxartmışam, – deyib gülümsədi.
Tibb bacısı da gülümsədi… Dodaqlarının altından sıralanmış incilər göründü.
Sağ əlinizdə tonus var, mən sizə xüsusi hərəkətlər öyrədərəm, evinizə getdikdən sonra da davam edərsiniz.
Tənbəlliyim tutmasa, məmnuniyyətlə, – deyə cavab verdi.
Yox, belə eləməyin, öz üzərinizdə nə qədər çox işləsəniz, o qədər tez sağalacaqsınız.
“Əmək terapiyası” otağından çıxarkən tibb bacısı ona dörd ədəd yabanı şabalıd verib:
Bunları sağ cibinizə qoyun, boş vaxtınız olduqca əlinizə alıb ovuşdurun, həm barmaqlarınız açılacaq, həm də sinirləri oyanacaq.
Onları sizdən xatirə saxlayacam, – deyib təşəkkür etdi, dönüb otaqdan çıxdı. Yenə divarboyu bərkidilmiş tutacaqdan tuta-tuta fizioterapiya otağına gəldi. Müalicə kartını tibb bacısına təqdim etdi. Onun göstərdiyi çarpayıya yaxınlaşaraq soyunub uzandı…
III
Ertəsi gün səhər yeməyindən sonra dərmanlarını içdi. Müalicə kartını götürüb baxaraq, psixoloqun qəbuluna yollandı. İlk seans psixoloji durumunu öyrənmək üçün keçirilən sual-cavabla başlandı. Sorğu-sualı bitdikdə, dərdləşib içini boşaltdı. Seans bitdiyində xeyli yüngülləşmiş, dərdi dağılmışdı. Psixoloqun otağından çıxdı, iki addım atıb dayandı. Nəfəsini dərmək üçün divara söykəndi. Gülümsəyirdi, illərdir ki, həsrət qaldığı təbəssüm dodaqlarına qonmuşdu. Nə sağ yanağındakı iflic, nə tutmayan əlini, nə də oduna dönmüş ayağı vecinə deyildi… Yaşadığı, nəfəs aldığı üçün xoşbəxt idi. İlk dəfə görürmüş kimi, yanından keçib gedən tibb bacılarına, müalicə otaqlarının önündəki skamyada əyləşib növbələrini gözləyən xəstələrə baxdı. Gözlərini çevirib döşəməni, divarları, tavanı seyr etdi. Buraya gəldikdən sonra heç diqqət etməmişdi. Əla təmir olunmuş bina, avtomatik açılan qapılar və çöldə görünən mənzərə… Ürəyinin sürətlə atdığını hiss etdi. Tutacağın yardımı ilə dəhlizin sonuna qədər gəlib çatdı. Önündə açılan qapıdan keçib həyətə çıxdı. Divardan tuta-tuta gəlib nərdivanın sürahisinə söykənib dayandı. Təmiz havanı acgözlüklə ciyərlərinə çəkir, üfüqə zillənmiş gözləri ilğım görürdü. Xəstəliyin, dərdin, bəlanın olmadığı bir dünya vardı orada… Ölüm də yox idi, ədalətsizlik də… Kimsə kimsəyə haqsızlıq etmir, insanlar rəngarəng çiçəklərlə bəzənmiş yaşıl təbiətin qoynunda dərdsiz-qayğısız yaşayırdılar. Hər kəsin gözləri sevinclə parlayır, dodaqları sevgi sözcükləri pıçıldayırdı.
O da getmək, üfüqdə görünən insanlara qatılmaq, onların arasında yaşamaq istədi. Sürahidən ayrılıb irəlilədi. Qollarını açıb irəli uzatmış, üfüq xətti dünyası insanlarının onu sevinclə aralarına alacağından əmin irəliləyirdi. Üçüncü addımda ayağı boşa getdi.
Yetişən mühafizəçi qolundan tutub saxladığında sarsılıb özünə gəldi. Artıq üfüq xəttində görünən dünyası yox olmuşdu. Gözləri doldu, ağlamamaq üçün alt dodağını dişlərinin arasında sıxıb dayandı.
Mühafizəçi onun gözlərinə baxdıqda üzündəki sərt ifadə silindi, gülümsəməyə çalışaraq:
Əyninizin nazik olduğunu görüb gəldim çağıram ki, üşüməyəsiniz. İçəri keçməyinizə kömək edimmi?
Üşüdüyünü hiss etdi. Dişləri-dişlərinə dəyirdi.
Sizə zəhmət olmasın, özüm gedərəm, – deyib avtomatik qapıya doğru yönəldi. İçəri keçdiklərində mühafizəçi hansı müalicə otağına gedəcəyini soruşdu. Önündən keçdikləri qapının üstündəki yazıları oxuyub:
Fizioterapiya, – deyə cavabladı.
Müalicə otağında tibb bacısının göstərdiyi çarpayıya yaxınlaşdı, soyunub üzüaşağı uzandı. Tibb bacısı kürəyinə “karpazin” tozu səpdi. “Elektrofarez”in metal ucluqlarını kürəyinə düzdü. Üstünü örtərək “stribizator”u işə salıb, – tok varmı, – deyə soruşdu. Başı ilə təsdiqlədiyində “müalicə on dəqiqə davam edəcək, özünüzü yaxşı hiss etməsəniz səslənin”, – deyib yanından ayrıldı, pərdəni çəkib bağlayaraq getdi.
Özü ilə baş-başa qaldığında bayaqdan boğazını yandıran qəhəri qarşısında davam gətirə bilmədi, gözlərindən daşmağa yer axtaran selləri sərbəst buraxdı.
Öncə psixoloqla dərdləşib içini boşaltmanın verdiyi rahatlıqla çölə çıxıb təmiz hava almaq istəmişdi. Amma insult keçirdikdən sonra xarakterindəki dəyişkənlik özünü göstərmiş, keçmiş, sağlam günlərini xatırlayıb kövrəlmişdi. İndi budur, fizioterapiya otağındakı tibbi çarpayının üstündə uzanarkən yalnız qalmanın verdiyi arxayınlıqla səssiz-səssiz ağlayırdı. İllərdir ürəyində qubar bağlayan dərdləri yastığını isladan göz yaşları ilə bərabər çölə axır, cismindən ayrılıb ruhunu sakitləşdirirdi…
Fizioterapiya otağından çıxıb əmək terapiyası otağına yaxınlaşdı. Qapını döydü. Bir neçə saniyəlik gecikmədən sonra dünənki səsi eşitdi:
Gəlin.
Ürəyi atlandı. Bu səs məlhəm kimi onun ürəyini sərinlədirdi. Qapını açıb içəri boylandı. Onun yerinə bir başqa xəstə əyləşmişdi. Təlimatçı xanım onu müalicə etməklə məşğul idi. Üzr istəyib qapıdan çəkildi, yaxınlıqdakı skamyada əyləşərək sırasını gözləməyə başladı. Beş dəqiqə keçdikdən sonra içəridəki adamın çıxdığını görüb ayağa qalxdı, qapını açaraq otağa daxil oldu:
Sabahınız xeyir.
Tibb bacısı:
Sabahınız xeyir, bu gün dünənkindən gümrah görünürsünüz, – deyib stulu çəkərək əyləşməsi üçün ona kömək etdi.
Bəli xanım, bu gün daha yaxşıyam.
Daha da yaxşı olacaqsınız, – deyib masanın üstündəki alətləri dəyişdirdi, stulunun önünə hesab şotkasına bənzəyən aləti qoyaraq:
Seans müddətincə ayağınızı üzərinə qoyub hərəkət etdirin ki, sinirlərinizi oyatsın, – dedi.
Çəkələklərini soyunub ayağını üzərinə qoydu.
İstəyirsinizsə corablarınızı soyundurum.
O gülümsəyərək:
Yox, yox, lazım deyil, qoy qalıb, – deyə cavabladı.
Əllərini slikon yastıqla masaj etdikdən sonra keçən dəfəkindən fərqli alətlərlə məşq etməyə başladılar. Sakitliyi onun sualı pozdu:
Bağışlıyın xanım, adınızı öyrənmək olarmı?
Gülümsəyib onun gözlərinin içinə baxdı, yanağına düşmüş birçəyini qulağnın ardına keçirərək:
Əlbəttə olar, – deyə cavabladı, – adım Humaydır.
Nə gözəl… Sosial şəbəkədən istifadə edirsinizmi?
Facebook-da varam, amma demək olar ki, istifadə etmirəm.
Sizi orada tapmağa çalışacağam.
Humay işindən ayrılmadan:
Sorun deyil, istək atsanız, qəbul edərəm, – deyib istifadəçi adını, soyadını söylədi.
Müalicə otağından çıxdığında artıq dostlaşmışdılar…
Bərpa mərkəzindən ayrılarkən bir-bir müalicə otaqlarını gəzib tibb heyəti və xəstələrlə sağollaşırdı. “Əmək terapiyası” otağına getdi. Qapını döyüb gözlədi. İçəridən “gəl”, – deyə eşitdiyində otağa daxil oldu. Humay pəncərənin önündə dayanıb çöldə narın-narın yağan qara baxırdı. Onu gördüyündə gülümsədi, dodaqlarını büzərək:
Demək bu gün gedirsən hə? – deyə soruşdu.
Bəli Humay xanım, gəldim ki, sağollaşaq.
Sağ-salamat get. Bax ha, şabalıdları itirməyəsən, – deyib gülümsədi.
Yox, itirmərəm, – deyə cavablayıb nəfəsini dərdi, – salamat qalın Humay xanım, sizi unutmayacağam, – deyərək dönüb qapıdan çıxdı.
IV
Bəzən şabalıdları şifonerdən götürərək barmaqlarının arasında oxşayıb-əzizlədiyində yaddaşının get-gəlində onları bağışlayan gülərüz, incə qəlbli xanımı xatırlayırdı. Belə vaxtlarda bərpa mərkəzindən ayrılarkən verdiyi söz yadına düşür, hədiyyəlik şabalıdları itirməkdən qorxaraq yerinə qoyub gizlədirdi…
QEYD:
Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.
AZƏRBAYCAN DRAMATURGİYASINDA “ATALAR VƏ OĞULLAR” PROBLEMİ İLƏ BAĞLI MONOQRAFİYA YAYINLANDI
Bu günlərdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Zəkinin “Azərbaycan dramaturgiyasında “atalar və oğullar” problemi” adlı monoqrafiyası nəşr olunmuşdur. Azərnəşrin yayınladığı monoqrafiyada XIX əsrin axırı – XX yüzilin əvvəllərində Azərbaycan dramaturgiyasında bəhs olunan problem sistemli şəkildə təhlil olunmuşdur.
Monoqrafiyada Mirzə Fətəli Axundzadə ilə yanaşı, XIX əsrin sonu – XX yüzilin əvvəllərində Azərbaycan dramaturgiyasının inkişafında mühüm rol oynamış Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Hüseyn Cavid və başqa dramatuqların milli ədəbiyyatın dəyərli örnəklərini ərsəyə gətirən pyesləri araşdırma obyektinə çevrilmişdir. Tədqiqatçı adı çəkilən dramatuqların müxtəlif əsərlərində yaradılmış obraz və xarakterləri dönəmin, mühitin problemləri fonunda nəsillərarası qarşıdrmanın fərqli rakurslarından təqdim etmişdir.
Müəllif araşdırmaya çəkilən mövzunun Azərbaycan ədəbiyyatı tarixindəki rolunu və önəmini vurğulamaqla qalmamış, onun folklordan qaynaqlanan örnəklərinə diqqət yetirmiş, klassik yazılı mətnlərdə, divan ədəbiyyatında nə şəkildə bədii təcəssümünü tapdığını dəyərləndirməyə çalışmışdır.
Filologiya elmləri doktoru, professor Vaqif Sultanlı kitaba yazdığı “Dramaturji konfliktə çevrilən əbədi qarşidurma elmi-nəzəri təhlil axarında” adlı ön sözdə araşdırılan mövzu bağlı qənaətlərini aşağıdakı kimi ümumiləşdirir: “Problemin indiyə qədər diqqətdən kənarda qalması, daha doğrusu əhatəli şəkildə araşdırılmaması müəyyən səbəblərlə bağlıdır. Hər şeydən öncə, sovet siyasi rejimi dönəmində mənəvi-əxlaqi dəyərlərə söykənən bəlli problemlərin təhlili və şərhi ideoloji stereotiplərlə yasaqlandığından obyektiv səpkili araşdırmalara imkan verilməmişdir. Əksər hallarda isə nəsillərarası ziddiyyətlərin lüzumsuz olaraq sinfi məcraya yönəldilməsi, köhnəliklə təzəliyin sosial qarşıdurmasına çəkilməsi və bu bağlamda keçmişlə gələcəyin üz-üzə qoyulması aparılan araşdırmalarda yanlış, yaxud birtərəfli sonuclara varılmasına səbəb olmuşdur”.
Monoqrafiyada “atalar və oğullar” problemi milli yaddaş və özgələşmə, xalq və hakimiyyət konflikti məsələləri ilə əlaqəli şəkildə dəyərləndirilmişdir.
Budaq Təhməzin səksən beş illik yubileyi münasibətilə yazılan, “İmza” Nəşrlər evində işıq üzü görmüş kitabın redaktoru və ön sözün müəllifi yazıçı, “Xəzan” jurnalının baş redaktoru Əli bəy Azəridir.
15-16 il bundan əvvəl idi, qarışıq vaxtlardı. “Zaman” qəzeti Bakı bürosunun əməkdaşı kimi İmişliyə ezam olunmuşdum, qaçqın şəhərciyindən reportaj hazırlamalı, Çardaqlıdan Türkiyədəki fotosərgi üçün fotolar çəkməliydim. Mənə, adını təəssüf ki, unutduğum bir cavan adamı təhkim etdilər, yaddaşım məni aldatmırsa o vaxtkı komsomol sistemində çalışmışdı, rayonu yaxşı tanıyır, hadisələrin xronologiyasını yaxşı bilirdi. İcra hakmiyyətinin qonaq evindəki bir axşamüstü baş tutan söhbəti xatırlayıram. Dedi ki, sizi (yəni, məni) iki yerə aparmaq istəyirəm. Seyid Nəsihət Ağa ocağına və şair Qəşəm Nəcəfzadə ilə görüşə. Əlavə elədi ki, Qəşəm Nəcəfzadə onun müəllimi olub. Sonra da bir az Ağa ocağının və onun övladlarının kəramətindən, bir də Qəşəm Nəcəfzadənin sevdiyi şeirlərindən danışdı. Mən onun təklifini qəbul eləyə bilmədim, o gün gecə geri qayıtmalıydım…
Üstündən illər keçəndən sonra mən bu hadisəni niyə xatırladım? Yəqin ona görə ki, bu şair həmkarımız Qəşəmə olan hörmətin nişanəsi kimi görünür mənə. Yəqin ona görə ki, xalqımız (bu sözün bütün plakat tərəfini kənara atın, lütfən) bütün dövrlərdə dinini və ədəbiyyatını ən qiymətli hesab edib, onlara bağlılığını və hörmətini məhz bu cürə sadə şəkildə büruzə verib. Və bir də yəqin ona görə ki, böyüklərin dediyi kimi, həqiqi ədəbiyyat dini tərkibli olmalıdır, danışdığım hadisədə buna balaca bir eyham vardı.
Qəşəm Nəcəfzadə maraqlı şairdi. Lirik-sentimental ovqatlı şeirlərində (“Sənin dərsin”) o tamam başqa bir poetika sərgiləyir, estetik gözdən məhrum olsa da onun bu şeirləri bəzən ziyadə uşaq sadəlövhlüyünün, təxəyyül və təmizliyinin əksi kimi görünür adama. Amma publisistik və ictimai motivli, içrikli şeirlərində(“Xocalı mövsümü fevral”, “ 8 a” sinif jurnalının arxasında yazı”, “Amerika”, “Aritmiya”) onun poetikası, dili çox soyuq təsir bağışlasa da, hədəfi çox aydın, problemə yanaşması çox dəqiq baş verir. Adi bir məqam: təsəvvür edin, Azərbaycanın yaxın tarixi, mənzərəsi, insanlarının ruhi vəziyyəti və ovqatı haqqında yalnız poeziya vasitəsilə məlumat almaq istəyən olsaydı, Qəşəmin adlarını ikinci çəkdiyim şeirləri məlumat verə bilərdimi? Fikirləşirəm ki, hə, özü də dolğun məlumat verərdi. Görünür məhz bu keyfiyyətləri,belə şeirləri onun yazdıqlarını bəzən böyük poeziya ilə qohum edir. Rotterdam poeziya festivalına onun gedişi, əlbəttə ki, çoxlarının hesab etdiyi kimi təsadüf, yaxud da ki, yalnız uğurlu tərcümə ola bilməzdi…
Qəşəm həm də olduqca maraqlı hekayələrin müəllifidi. Məsələn, bizim polyak antologiyası üçün çevirtdirdiyimiz hekayələrin arasında redaktor, tərcüməçi və oxuculardan müsbət rəy alan, diqqət çəkən əsərlərdən biri də məhz onun “Bənövşə” hekayəsi idi, halbuki onlar indiyə qədər milli ədəbi tənqidimizin diqqətindən, təəssüf ki, yayınıb…
Qəşəm aktiv kreativ potensiala malik, olduqca çalışqan adamdı, bu onun portretini tamamlayır, o gah “Pərvanə”nin təşkilatçısıdı, gah auditoriyalara çağdaş ədəbiyyatımızı və həmkarlarını təqdim edən pedaqoqdu, gah sayt yaradır, gah da hər gün onlarla əcnəbi həmkarı ilə yazışır…
Mən Qəşəmin öz kəndləri ilə bağlı şeirlərini – təpələr (Aranda dağ olmur), çəmənlər, otlar, itlər, çəpərlərin aydın, gözəl təsvir olunduğu şeirlərini sevirəm. Onların təsvirində Qəşəm poetik imkanlarının ən yuxarı plankasına qalxır. Düşünürəm ki, vaxt gələcək, bizim bir-birimiz haqqında “ya zəlzələdən, ya vəlvələdən” söz demək istəmədiyimiz dövr ötüb keçəcək, bax, onda bütün digər dəyərli həmkarlarının yazdıqları ilə yanaşı Qəşəmin şeirləri öz həqiqi, ehtirassız yerini tutacaq…
چالیسان آیریلیقین نغمه سینی، چالماگینان او گئجن گونلری بیرده، یادیما سالماگینان چوخ آرامیزدا سوز اولدو ولی من دوزدوم اونا سنده بیر مرحمت ایله اوره گه آلماگینان دییسن من گئدیرم دوز دییم آمما سوزومی گر خطا ایله دیم اوندا منیله قالماگینان سوزلریم قالدی سینمده گوز یاشیم آخدی بیرآن دفتر عشقی ورق له ولی دای دولماگینان مونیسی تکجه قویوب غملره تاپشیردین اونی اینصاف ایله منه حققیم ده جفا قیلماگینان
Bu yazı cəbhədə gördüyüm və 8 Mart bayramını ölümündən sonra təbrik etdiyim qadın haqqındadır…
1993-cü il idi. Mart ayı elə ilk günündən sərt üzünü göstərməyə başlamışdı. Cəbhəyə ezam olunmuşdum. Ağır döyüşlər gedirdi.
Tabor komandiri qazmada, odun sobasının kənarında oturmuşdu. Ocağın şölələri sir-sifətini yaladıqca, yol çəkən gözləri də alışıb yanırdı. Üzündə qos-qoca bir kədər vardı. Amma özü cavan idi. Nazik-uzun barmaqlarına baxanda kökdən düşmüş köhnə pianinomuzu xatırladım. Barmaqlarının arasında sıxdığı siqareti sonadək tüstülənmişdi, külü kötüyündən sallanırdı…
Üzünü zorla mənə tərəf çevirəndə gəlişimdən xəbərdar olduğunu anladım. Buz kimi soyuq, qılınc kimi iti baxışlarını özümdən rahatlıqla adlatdım. Belə yerlərdə jurnalistlərin “arzuolunmaz qonaq” kimi qarşılanması adi haldı. “Necəsən”, “nə var, nə yox” kimi yersiz suallar da səngərlərdə adama adətən anadan ölü doğulmuş uşağı xatırladır…
Qaşlarını çatıb başını yana əydi, sobanın böyründəki taxta mərmi qutusunu göstərdi. Qutunun üstünə quzu dərisi sərilmişdi. Sonra baxışlarını çirkdən rəngi bilinməyən fincanlara zilləyib köməkçisinə çay gətirməyi “tapşırdı”. Əsl cəbhə komandirləri dildən ləng olur. Amma bu dəfə daş qayaya rast gəlmişdi. Bir az da keçsəydi, lal olduğunu düşünəcəkdim. Dodaqlarının arasından tənbəl-tənbəl süzülən, özü kimi yorğun-arğın sözləri sükutu zorla dilimlədi:
Adətən belə məqamlarda sükutla qaynayıb-qarışmağa, səssizliyin nəbzini tutmağa çalışardım. Sakitcə irəli keçib təklif olunan yerdə əyləşdim. Qoca da mənimlə idi. Fotoqraf Əli Qafarovu deyirəm. Rəhmətlik yaman yorulmuşdu. Hələ bura gələndə meşədə qarşımıza sısqa bir arx çıxdı. Arxı addayanda ayağı sürüşdü. Üzüqoylu yerə yıxıldı. Özümü görməzliyə vurdum. Qoca qürurlu adam idi. Amma oturan kimi başını çiynimə qoyub mürgüləməyə başladı. Üç gün idi səngərdən səngərə addaya-addaya cəbhə xəttini ayağımızın altına almışdıq.
Qocanın yuxusu sükutun ömrünü bir az da uzatdı…
Orta yaşlı bir qadın idi. Qırxı, bəlkə də, haqlamazdı. Amma baxışlarında, danışığında, hərəkətlərində yaşına uyuşmayan qeyri-adi nəsə vardı. Bir anlıq mənə elə gəldi ki, müsahibim qırx illik ömrünün hələ heç yarısını yaşamayıb. Hardasa iyirmi il bundan qabaq dünyaya gəlib ya da. Ya da çox erkən qocalıb. Özündən iki dəfə böyük görünürdü…
Düz qarşımda oturdu. Tabor komandirinin yerində. Amma iyirmi yaşlı gənc xanım kimi…
Əllərini dizlərinin üstünə qoymuşdu. Bəstəboy idi. Gözləri dənizi xatırladırdı. Cod saçlarında təptəzə daraq izləri vardı. Rahat otursun deyə cütlədiyi ayaqlarını yana əymişdi. Baxışlarında, hərəkətlərində qəribə bir ürkəklik duyulurdu. Deyəsən, içindən boylanan o gənc qızı nə susdura, nə də özündə gizlədə bilirdi. Qırx yaşında iyirmi yaşlı bir xanım kimi göründüyünə görə sıxılırdı, utanırdı o qadın, bəlkə də…
Əllərinin üstü, sir-sifəti cızıq-cızıq idi. Elə bil pişik cırmaqlamışdı. Gözlərimi qanı laxtalanmış yaralarına zilləmişdim. Yaraları, yaralarında boy-boya verən qan laxtaları onun haqqında o qədər obrazlı, o qədər mükəmməl danışırdı ki, özünü dindirməyə heç ehtiyac duymurdum.
Ancaq qadın fürsəti fövtə vermədi. Diqqətimi özündən yayındırmaq üçün qəfildən tabor komandirinə tərəf çevrildi və içdən gələn uca səslə:
– Gombuldan nə xəbər var? – dedi.
Tabor komandirinin tükü də dəbərmədi. Az qala ikiqat bükülüb qazmanın ensiz, alçaq qapısından yanpörtü bayıra çıxdı. Bu vaxt səngərdən Qocanın səsini eşitdim. Həmişəki kimi əsgərlərlə deyib-gülür, zarafatlaşırdı.
Dar qazmada üz-üzə oturmuşduq. Daha qaçmağa yerimiz, gizlətməyə sirrimiz qalmamışdı. İndi o özünü hər şeydən çox döyüşən əsgər kimi göstərməyə çalışırdı. İstəyirdi ki, onun qadın olduğunu biryolluq unudum, yaddan çıxarım. Tez-tez gözlərini qıyıb açıq qapıdan bayıra boylanmağı, yaxınlıqda partlayan mərmilərin gurultusuna qulaq kəsliməyi də bundan ötrü idi. Arada nəsə tapmış kimi sevinə-sevinə çiyni sallanan əsgər gödəkçəsinin yaxasını sığallayır, uzunboğaz çəkməsinin bağını açıb yenidən düyünləyirdi. Ancaq bacarmırdı. İçindəki iyirmi yaşlı gəncə gücü çatmırdı qadının. O çox yorğun idi. Söz dalınca yüyürməyə nə taqəti vardı, nə də həvəsi. Yəqin elə buna görə hər sualımı yenidən təkrarlayırdı. Elə bil ona verdiyim sualı o da bir başqa adama verirdi – içindəki gənc xanıma…
Hər dəfə nəsə soruşanda mən döyüşçü qadından çox, o gənc xanımın səsini eşidirdim. O səs indidən düz iyirmi il geridə qalmışdı. O səsin iyirmi yaşı vardı. Və iyirmi yaşlı səs ətrafdakı mərmi gurultusunu, ardı-arası kəsilməyən güllə səslərini sanki eşitmirdi, arzularla dolu firavan həyatının pəncərəsi önündə dayanıb gülə-gülə mənə öz həqiqətlərindən danışırdı (iyirmi beşinci kadr kimi):
“Qarşındakı bu zavallı qadın əslində məni – gənc bir qızı qorumaq üçün gəlib cəbhəyə. Yarımçıq sevgi nəğməsini notlara köçürməkdən ötrü.
Burada günlərin rəsmi güllələrlə, mərmilərlə cızılır…
Başını yuxarı qaldır. Göy üzünə diqqətlə bax. Görəcəksən ki, burada Günəş də, Ay da yaralıdı. Burada hər səhərin sinəsində güllə yeri, hər axşamın yaxasında qan ləkəsi var.
Mənə diqqətlə qulaq as! Qarşındakı qadına istədiyin gözlə baxa bilərsən, dostum, amma onu heç vaxt olduğu kimi görə bilməzsən! Çünki yalnız körpələr anadan ölü doğulmurlar! Ölü doğulan günlər də var!..
Sən indi inamla şübhənin, mərhəmətlə nifrətin, sədaqətlə xəyanətin qova-qova yorub əldən saldığı köməksiz bir qadınla üz-üzə oturmusan! O öz taleyinin əsgəridir! Bu əsgəri soyuq səngərlərə çəkib gətirən yollarda yalnız bir cüt ayaq izi var! Bugünündə də, sabahında da dünənini yaşayanların ayaq izləri tənha olur…
Səngər həm də olumla ölümün əl-ələ verib cızdığı cığırdı, qol-qola girib gəzdiyi məkandı. Burada hamı sağ qaldığına görə sevinmir! Burada hamı öldüyünə görə kədərlənmir!
Dünən axşam Gombulun son sözlərini də son nəfəsilə birgə ciyərlərinə çəkən qadına dəli kimi baxma! Kol-kosdan yapışa-yapışa döyüş meydanından çıxardığı, sürüyə-sürüyə zorla səngərə saldığı gənc bir zabitin ölümünə o həqiqətən inanmır. Çünki xəyalları ilə gerçəyini, cəsarətilə sevgisini qoruyur!..
Həm də müharibə sözlərin mənasını dəyişir! Həm də səngər torpağının öz dili var. Elə səngərdəkilərin də! Burda güllə-güllə, mərmi-mərmi daşınan hökmlər həmişə ölümə aparmır! Bəzən ölümdən qaytarır…
Sən indi barıt qoxusu verən suallarınla müharibə həqiqətlərini kimə xatırlatmaq istəyirsən! O həqiqətlərin iyirmi illik yol yoldaşınamı!?
Burda hər əsgərin öz nağılı, hər döyüşçünün öz əfsanəsi var. Sən ona mənim gözümlə bax! Orada müdafiəsiz bir qadının müdafiəsinə qalxdığı adamları görəcəksən həm də. O adamların özlərindən sonra soyuq səngərlərdə qoyub getdiyi bir həqiqət var ancaq: Qadınlar sevildikləri günədək yaşayarlar. Qadınlar atıldıqları yaşda qalarlar. Və bir də heç vaxt qocalmazlar. Və bir də heç vaxt ölməzlər…”
Onunla söhbətim çox çəkmədi. Ancaq yazım dərc olunduğu günədək uzandı. Martın yeddisi idi. Bayram təbrikim ürəyimcə alınmışdı. Uşaq kimi sevinirdim. Dərhal səhra telefonunun dəstəyini götürüb tabor komandirinə zəng vurdum. Vergülü, nöqtəsi bilinməyən ərköyün cümlələrim dəstəyin o biri tərəfindən gələn qara xəbərə çırpıldı:
– Snayperlə vurdular onu… Yaralı əsgəri döyüş meydanından çıxaranda… Elə sən gedən gün…
Mənim Qəhrəmanımın ikinci dəfə şəhid olduğu gün idi. Birinci dəfəsindən xəbər tutmamışdım. Aradan keçən üç gün ərzində biz Onunla xeyli dərdləşmişdik. Aradan keçən üç gün ərzində O mənim üçün hələ ölməmişdi, hələ sağ idi…
Ancaq illər sonra haqqında bəhs edən məqaləmi itirdiyimi biləndə Onun üçüncü dəfə Şəhid olduğunu anladım. Bu dəfə qatil özüm idim..
O vaxtdan sinəmi ağacdələn kimi bir səs döyəcləyir. O səsi dərhal tanımışdım. Unudulmuş qəhrəmanımın ötən illər ərzində bəlkə yüz dəfə, bəlkə min dəfə… Şəhid olduğunu da o səs pıçıldamışdı qulaqlarıma!
Bu o idi! Onun səsi idi! Öz səsi! Müdafiəsiz bir xanımın müdafiəsinə qalxdığı insanlara səngərlərdə miras qoyub getdiyi sonuncu həqiqətini xatırladırdı:
– Adam hasarın o tayında görünsün deyə, hasarın bu tayında namusunun üstünə çıxmaz!..