Qulu Ağsəs və İlahi Eşq!
Qulu Ağsəsin sevgisi onun sözünün boyuna biçilib. Hər şey yerindədi. Əti, qanı, canı üstündədi. Bircə sözü də adamı aldatmır . Dialoqa girirsən şairlə .Sözü şairlə oxucu arasında körpüdü. Bəzən dalaşırsan, bəzən barışırsan, bəzən küsürsən. Amma sonra təzədən dönüb yapışırsan sözün ətəyindən. Axı bilirsən ki, bu sözdən sənə ziyan gəlməz, işığa çıxarar səni.
Bir də ki, şair onsuz da sevgiyə Tanrı kimi baxır. Özü isə şeirinin arxasında gizlədir özünü. Amma bununla belə oxucu harda olsa axtarıb tapır şairi. Sözündən.
Pıçıltısında bir haray var.Şeirlərinin səsi adamın başına düşmür , ürəyinə düşür. Duyğularına alqış donu geyindirmir, bəzək vurmur, rəngləmir. Necə varsa, necə düşünürsə , elə yazır. İncitməkdən , ağlatmaqdan, küsdürməkdən də qorxmur. Gecədə ulduzu sayır, gündüzdə günəşə qucaq açır. Sazaqda üşüyür, istidə yanır. Amma hər yerdə özüdü. Öz məninə sadiqdi şair. Təkrarı da sevmir. Elə uzunçuluğu da. Gedənin dalınca da ağlamır. Boş da vermir. ( Özü demiş) Bütün əzablarını, iztirablarını, həsrətini də yükləyir ayrılığın boynuna ki, bir də geri dönməsin. Demək vüsalla ayrılığın növbələşməsində də özüylədi şair. Təkliyinə sığınır bütün məqamlarda.
..İstidi,
Ürəyim səni istədi,
Səni-Soyuq bir şeyi yəni.
Görürsən ki, şairin od kimi ürəyi qarşıdakının buz soyuqluğuna sevə-sevə dözür hələ. Çünki hələ ayrılığa hazır deyil şair.
Çünki hələ sevir.
Yenə boyasız, pafossuz, “Ölürəm”, “yanıram” demədən. Göstərir sadəcə. Sözünə sığınıb göstərir həm də.
Şairə görə “sevgidə üçüncü yox , ikinci adam artıq”- dı. Bir də sevgi heç də ikinəfərlik deyil. İki ürək bir olursa , demək bütövləşir sevgi də. Çox doğru yanaşma.
Tağda bir xanım şamama gördüm.
Sinəsində siqaret söndürməyə çatıbmış kiminsə kişiliyi
–deyən şairin tər-təmiz sevdaların kimlərinsə əlində oyuncağa çevrilməsindən nigarançılığı və narahatlığı sezilir. Fərqli ifadələr seçə-seçə, dolayısı ilə çatdırır fikirlərini yiyəsinə. Oxucunun gözünün qabağına solmuş , ətri küçələrə tökülən, siqaret tüstüsünə bürünən bir çiçək gəlir. Geri çəkilir oxucu bir addım. İnamından bir pillə aşağı düşür və güclənir. Sözün qüdrəti də budu.
Lənət şeytana,
Ya gərək iyirmi il qabağa gedəsən,
Ya gərək iyirmi il geri.
Hanı?
Hardan alım qırx yaşın sevgi şeirin?
…Başımın üstündə az ağla,
Ev dolub, batıram.
Mən çürük dişimi çəkdirmirəm..
Səni hara atıram?!
Şairlə söz arasında zaman məsafəsi var. Amma qırx yaşında da eyni sevgidədi, üstündə dayandığı zamanda da. Sadəcə bir az yorğundu şair. Vəssalam. Amma öz çəkisindədi.Elə sevgisi də. Bircə göstərişi bacarmır. Sadiqliyi elə sevgisinin isbatıdı.
Özündə olanı bilir. Bilir ki, qırx il əvvəl də belə olub, indi də belədi, qırx il sonra da belə olacaq. Bir sözlə etibarsız deyil.
Şairçün forma yox, məzmun əsasdı:
İstəyirəm əcəl gələndə
Qarşımda heçnə dayanmasın.
Məni elə çağırsın ki,
Sevgilim yuxudan oyanmasın.
Şair burda da sevginin ali mərtəbəsindədi. Ölümə meydan oxuyan ruhu bircə sevdasından nigarandı. Yəni özündən çox , qarşı tərəfi düşünmək amalı var bu sətirlərdə.. Şair boyat, çiy ifadələrdən çox uzaqdı. Təkrarçılıqdan da. Ümumiyyətlə Qulu Ağsəs hər şeirdə fərqli yanaşmaları ilə seçilən yazardı. Dünyaya baxış bucağı da, sevgiyə yanaşma tərzi də fərqlidi. Bir az da mükəmməliyə can atan şair olduğu üçün yüz ölçüb bir biçəndi həm də.Sözdə olduğu kimi sevginin də yeni formulunu çıxarmağa çalışır şair. Düşündürməyi, təkrar-təkrar yeni qənaətlərə gətirməyi bacarır eyni zamanda:
İşdi, qəzadı ,
səndən əvvəl ölsəm,
Məni son mənzilə aparırlar görsən ,
vəsiyyətimə əməl elə:
Arxamca su at,
Uğur dilə.
Saçını yolma,
Köksünü ötürmə,
Allahın yanına gedirəm,
Ürəyinə ayrı şey gətirmə.
Nigarançılıq, eyni zamanda qəribə bir arxayınçılıq var bu sətirlərdə. Şairçün ölüm son deyil. Bir həyatın başqa həyatla yerdəyişməsidi sadəcə. Birinin sonu o birinin başlanğıcıdı demək. Bu sözlər adi təsəlli deyil, inamdı. Eyni zamanda o ilahi Eşqi Tanrıyacan aparıb çıxarmaqdı. Paklandırmaq və qüsullamaqdı. Bundan müqəddəs duyğu ola bilərmi? Şairin təxəyyülü də çox güclü və dəyişkəndi. O obrazdan obraza girməyi bacarır.. Hər misrasında işıq var, ümid var, Eşq var. Şair ” Onsuz da hamının gedəcəyi yer Oradı” qənaətindədi. Demək bu dünya fanidi və hər kəs özünü Ora hazırlamalıdı. Amma sevgi əbədidi, bəşəridi. İnsan cismən ayrıla bilər bir- birindən. Əsas ruh yaxınlığıdı, doğmalığıdı. Unutmağın, unudulmağın bu dünyayla heç bir əlaqəsi yoxdu. Elə o dünyayla da. Bütün ayrılıqlar ruhdan başlayır. Sevgidə bədən sadəcə qabıqdı. Şairin sufi düşüncələrində ruh hər şeydən əvvəl gəlir və əbədidi.
Şair vüsalla həsrəti qoşa görür həmişə. Yəni yazıları belə deyir:
Bu sevgim də daşa dəydi,
Bəxtəvər daşın başına
-deyən şair əslində bu daşı gözləyirmiş əvvəldən. Amma nə atıldığından, nə unudulduğundan şikayətçi deyil.Peşmançılığı da yoxdu. Bircə ürəyinin soyuduğuna, daşa döndüyünə görə nigarandı. Demək nigarançılığı da özündəndi. Daşa dönmək istəmir şair.
Cavab məktubumda sözlər baş-ayaq,
Bir ucdan yazılır, pozulur elə.
Qorxuram , öləsən , sevgi yaşaya,
Qorxuram, qalasan, məhəbbət olə..
Əslində getlə qalın arasında can çəkişdirməkdi bu hissin adı. Ucuz sevdalardan qaçmaqdı. Həsrəti ondan doğma bilməkdi özünə. Elə insanlığın təntənəsi də adlandırmaq olar bu hissi. Bir də ki, şairə görə təki adam sevgidən ölsün. Qulu Ağsəs bənzətmələrdən , təşbehlərdən, metaforalardan da çox məharətlə istifadə edir. Şeirdən-şeirə keçdikcə irəliləyir həm də. Sözdən sözə artır, böyüyür, qol-budaq atır. İnandırır , aldatmır. Gözdən pərdə asmağı da sevmir. Necə varsa, elədi. “Sözü əyninə biçilib”- deyəndə məhz bunu nəzərdə tuturam. Sözü söz xatirinə deməkdən də çox uzaqdı .
Yığışıb qarama yüz söz deyərlər,
Bu boyda millətə nə cavab verim?
Bilsələr qanıma yerikləyərlər
Səni sevdiyimi sevmədiklərim–
deyən şair mübhəm , gizlin hisslərini qoruyur əslində. Yad nəfəsdən, yad baxışdan, küləkdən, yağışdan. Hansı ağrıdan keçdiyini də bir özü bilir, bir ürəyi, bir də Tanrısı:
Bunu bir mən bilim, bir də sən ancaq,
Ölüncə bu gözəl sirr bəsimizdi.
Bizə nə yurd versin, nə yuva Allah,
Sənə ayırdığım yer, bəsimizdi.
Ümumiyyətlə şairi oxuduqca belə qənaətə gəlirsən ki, bu şeirlər tərtəmiz duyğularla cilalanıb və ona görə də hamısı gedib İlahi Eşqə söykənir. Bu da bir zəfərdi.
Müəllif: Təranə DƏMİR
Müəlifi öz səsində buradan dinləyə bilərsiniz.
Görsən üşüyürsən… yandır özünü…
I>>>>>>>>WWW.BEYDEMİR.RU
QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru