Turan Uğur – Öncə söz vardı…

Öncə söz vardı…(6)

Baba bəy Şakir

(Bu rubrikanı sözü qutsal sayan şairlərimizin ruhuna ithaf edirəm)
Qədim Cavanşir elinin, Sarıcalı oymağında yetişən, Pənahəli xanın nəslindən
(Pənahəli xanın qardaşı nəvəsi) daha bir imza, daha bir qələm sahibi-Baba bəy Şakir…
Keçmişdə yazılan məqalələri çözələyəndə əksər yazılarda “Bababəy” şəklində yazılıb yəni bəy titulunu səhvən adına bitişik yazıblar.
Bunun iki səbəbi ola bilər:
1) Ya araşdırmaçılar yuxarıların qamçılarına məruz qalmamaq naminə “bəy” titulunu ada bitişik yazıblar.Xüsusən sovet vaxtı izi azdırmaq:
Yəni “bəylə, xanla sənin nə işin var?!” tənəsindən yaxalarını yan çevirmək üçün;
2) Yaxud da təzkirəçilər elə düşünüblər ki, onsuz da bəy oğlu bəy övladına elə adın tərkib hissəsi kimi “bəy” pərçim edilməlidir.
Bütün hallarda, Şakirin soyuna-sopuna aşina, şəcərəsinə bələd olan araşdırmaçılar onun adını təzkirələrində vurğulayıblar, hərçənd onun şeirlərini tənqid edən ədəbiyyatşünaslarımız da az olmayıb.
Əslində, Baba bəy Şakiri “analı-atalı yetim” saymaq daha doğru olardı.Bəy nəslindən oluban Mehdiqulu xanın, Cəfərqulu xanın mərhəmətindən kilometrlərlə aralı düşmək Baba bəyin mənhus taleyinə yazılmışdı: sözün həm məcazi, həm də həqiqi mənasında.
Ağdam yaxınlığında Qarqar çayın üstündə bir parça əkin yerində qurdalanmaqla baş girləyən Babanın görəsən qohum-əqrabası qarşısında suçu nə idi?
-Çömçə aşdan isti olmayacaq ki?
Onsuzda, nə qədər can atsaq da, şairin öz yaxınlarından çox məhrəmləri bilmək çabamız faydasızdır. Ona görə bu sualı taleyin ümidinə buraxıb mövzu ətrafında hərlənməyə davam edək, hərçənd taleyin ümidinə qalmaq da yönlü bir iş deyilmiş. Baba bəyin güzərandan gileyli məktublarından, şeirlərindən yaşadığı sıxıntılardan duyuram.Yazığın dərdləri, kədərləri Cinni Cəfər qoşunu kimi adamın üstünə elə gəlir ki, deyirsən şair bir çobanın, ya fəhlə-babanın daxmasında doğulsaydı başı bu qədər qeylü-qal çəkməzdi.

Külli-Qarabağa olub mehriban,
Gətirdikcə dövlət eylədi ehsan,
Bizlərə yetəndə xani-valaşan,
İşıqlı dünyanı eylədi zülmət.

Haşiyə: Valaşan
Vala-farscada yüksək, ali, uca mənasını verir.
Şan isə ərəbcədir.Bildiyimiz şan-şöhrət.
Deməli, yüksək şana çatmış, şan-şöhrətli deməkdir.Bəs Baba bəy Şakir bu şeirlə bizə nə demək istəyib?
Yəni bütün Qarabağa var-dövləti ilə mehriban olan, malını ehsan edən bu şanlı adam-Mehdiqulu xan bizə çatanda işıqlı dünyanı zülmət elədi.
Görünür, Baba bəy Şakir təkcə biganəlikdən deyil, həm də qohumlarının ona qarşı olan hansısa zülmündən oxucusunu agah etmək niyyətindədir.Zira burada təkcə mehribanlıqdan söhbət getmir, hətta nəsil arasında olan nifaqdan bəhs edilir.Mehriban dedim, yeri gəlmişkən, Şakirin doğulduğu kəndin adı da Mehribandır.Orada doğulub, orada yaşayıb, orada vəfat edib.Təkcə qohumu Qasım bəy Zakirlə ülfəti varmış şairin.Zatən Zakirin şeirlərində Baba bəyin dəfələrlə adı çəkilir.Şakiri özünə ustad sayıb, təxəllüsünü oxşadaraq Zakir götürüb Qasım bəy. -Çox gözəl!
-Çox pakizə!
Biri şükr edən-Şakir, o biri zikr edən-Zakir.
Sözünü yaz, şükrunü de, zikrini elə!
Lap Nəimi-Nəsimi dəstiri.
Bir vəzndə, bir ahəngdə, bir amalda, bir niyyətdə.
“Niyyətin hara, mənzilin ora” deyən atalarımızı da unutnayaq.Elə bil Baba bəy üçün çəkiblərmiş bu məsəli.
Axı son mənzili də elə ilk niyyəti oldu Şakirin.Hicri təqvimi ilə 1261-ci ildə doğulduğu kənddə torpağa tapşırıldı.
Baba bəyin ölümündən sonra onu hələ xeyli zikr edəcəkdi Zakir.

Rişteyi-təbimə yox tab verən, çərx əfsus,
Eyləyib xak ilə yeksani-qəddi-Babani.

Onu deyirdim axı…
Baba bəy dövrünün yaltaqlarını, yalaqlarını, rüşfətxorlarını həcvlərində doyunca top atəşinə tutub.
Şairin yaltaq Molla Qasımı yerin dibinə batıracaq misraları bu gün də meydandadır.Ancaq meydanda nə rüşfətxor Mehdi bəylər, nə 500 manat rüşfət verib Cavanşir elinə naib təyin olunan Əmiraslanlar, nə də yaltaq Molla Qasımlar var.

İbrət deyil, bəs nədir?!
-Təəssüf ki, deyil.Anındaca məşhur bir deyimi xatırladım:
“Tarix təkkərrür edər, fəqət bir dürlü ibrət alınmaz”
Hər zaman ibrət alanlardan olmaq diləyi ilə…

12 may 2024

(Yazımda ərəb-fars sözləri lüğətimə, habelə Salman Mümtazın, Məhəmməd ağa Müctəhidzadənin araşdırmalarına istinad etmişəm)

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir