
“Günaydın” üçün bədii dürüstlük haqqında yazı
(10 il əvvəl yazılıb…)
“Əgər ərimə paltar göndərsəm, o evə dönməyə bilər. Göndərməsəm, çox güman soyuqdan donub ölər. Bəlkə ərimə don göndərim? Hər gün elə bu cürə çək-çevir eləyirəm və taqətdən düşürəm…” Bu oxuduğunuz sətri tərcümələr XIII əsrdə yaşamış Çin şairəsi Yao Suyun şeiridir.
Diqqət yetirin, əvvəl “paltar”dan söhbət gedirsə, sonradan “don” dan danışılır. Yəni, belə anlaşılır ki, qadın ondan uzaqda olan ərinə əvvəl paltar göndərmək arzusunu bildirir: göndərərsə gəlməyəcəyini, göndərməzsə soyuqdan öləcəyini düşünür; amma hər necəsə narahat olur, bütün hallarda ərinə sevgisini bildirir. Sonra isə xanımı kişisinə qadın paltarı göndərmək arzusunu biruzə verir, yəni, oxucuya (əri də oxucudur, daha doğrusu həmin bir oxucu vahidinin içərisindədir) fikrən işarə vurur ki, bəlkə sənin başqa qadının var; yəni, mən bunu da ehtimal edirəm; kişiyə qadın paltarı göndərməyin bir ənənəvi yozumu da “kişi ol” deməkdir ki, adətən bunu kişi kişiyə edir deyə, bu indiki kontekstdə istisna deyilsə də zəif ehtimaldır. Hər halda qadın bütün bunları düşünə bilər, düşünür və yəqin şübhələrdən başını itirir… Amma şeirin başqa yozumu da var…Bəlkə o ərinə öz “donu”nu göndərməklə ona öz qoxusunu yollayır, özünü xatırlatmaq istəyir. Səxsən mən daha çox bu ehtimala üstünlük verirəm. Zərif eyhamlar və çoxyozumluluq üstündə qurulan vəfadar Şərq qadınının sevgi dolu gözəl şeiri gözləri yaşarda bilər. Burda bədii dürüstlük şəxsi sədaqət və etik ağırlıqlıdır…
Bəzən süjetə, kompozisiyaya sədaqətin diqtə elədiyi bədii dürüstlük lə rastlaşırsan.
Müşfiqin dillər əzbəri olan “Yenə o bağ olaydı” şeirindən bu yeri xatırlayırsız:
“Əllərində əllərim, gözlərində gözlərim…
Asılaydı sözlərim.
Könlünün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.”
Görəsən Müşfiq niyə “günəş batana” kimi yazmamışdı? Əgər yazsaydı “tana- batana” kimi dəqiq qafiyə yaranacaqdı. Amma yaza bilməzdi. Çünki bəndin az əvvəlində bu sətirlər vardı:
“Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.
Gecələr darayaydı saçlarını ay gözəl!”
Çünki şeirin həmin bəndində hələ “gecə idi”, “günəş doğamışdı ki, batsın”.
Və Müşfiq bütün böyük, usta şairlər kimi dürüst davranmalı idi, əksəriyyətin gözlədiyi, etdiyi kimi məzmunu nə qədər gözəl olsa belə qafiyəyə qurban verə bilməzdi.
“Ədəbiyyat qəzeti” qəzetinin baş redaktoru, dostum Elçin Hüseynbəyli məndən “Günaydın” rubrikası üçün yazı istədi. Məmnuniyyətlə yazacağımı dedim.
Düzdür, ümumi sözlərdən, ümumi və yayğın mətləblərdən ibarət bir “Günaydın” yazmaq olardı: məsələn, sabahınız xoş olsun və sair və başqa cürə…
Bəs onda “Ədəbiyyat (+qəzeti)” nolacaqdı?
Deyirlər ki, ədəbiyyat detallar və təfərrüatdı.
Bu fikri bölüşən bir adam kimi, köşə üçün son cümləmi yazım, bitsin:
Gününüz dürüst olsun və günaydın dostlar!
Müəllif: Səlim BABULLAOĞLU
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru