Şahmar Əkbərzadənin xatirəsinə

Şahmar Əkbərzadənin xatirəsinə

Hərdən bir şeirindən yola çıxıram,
Görürəm, hər misran sərrast ovçudur.
Sözünün damarın tutub sıxıram,
Sənin hər şerində yol da yolçudur.

Bir şerin hisslərin ülvi həddidir.
Bir şeirin zamanın əlif qəddidir,
Sənin niyyətinin sərhəddi uzun –
Bəşəri.. – dünyanın son sərhəddidir.

Nə idi o böyük üsyanın səsi…
Hər bənddə gözümü ağlamaq tutub.. –
Şuşanın Topxana meşəsindəki
Armud ağacına yazdığın məktub…

Məktub deyirəm ey, kim yaza bilib,
Kim daşıya bilib o ağırlığı?
Qanlı yuxuları kim yoza bilib,
Kim danışa bilib, o aydınlığı?..

..Razı ol, vətənin oğul-qızından..
Ruhun rahat olsun, yat, anma daha.
Aldıq torpaqları it ağızından,
Misri qılıncından utanma daha…

Dünyada azadlıq, sevgi qalandır,
Həyat xalısında bu ilmələr var.
Özün deyirdin ki, ölüm yalandır,
“Dünyada müqəddəs çevrilmələr var.”

Bilmirəm, bəlkə də indi bir ağac,
Ya göyqurşağıtək doğursan haqdan.
Tapırsan həsrətin dərdinə əlac,
Yolunu salırsan can Qarabağdan.

İsa bulağının göz yaşlarını,
Öpürsən köz tutmuş dodaqlarınla.
Yəqin Qızqalanın sərt daşlarını
Əridə bilibsən qəlb dağlarınla.

…Bilirəm, sən də o döyüşdə vardın,
Gəlirdin ruh kimi, hər gecəyarı.
Yaralı əsgəri alıb apardın,
Çiynində Murovdan Ağdama sarı.

Axı sən deyirdin, eşq də köç edir,
O biri dünyada dağ, qaya yarır.
Oğullar bu eşqin izilə gedir,
Mərdləri ölümsüz o yol aparır…

Sən də ölümsüzsən! Vətənə dair
Yazdığın nə varsa hədəfləndirir.
Vətənin adını, namını, şair,
Şərəfli oğullar şərəfləndirir.

22.11.2021.

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

30 avqust – Şahmar Əkbərzadə – Vətən

VƏTƏN

(“Və-Tən”)

Sui-qəsd ediblər şan-şərəfinə!
Edam olunubdur beş hərfin də!
“Və” keçib sərhəddin o tərəfinə,
“Tən”qalıb sərhəddin bu tərəfində!

İmkan yox tikanlı sətri pozmağa,
Pozanım olsa da, poza bilmirəm.
Ürəyim gəlməyir bütöv yazmağa,
Mən səni bitişik yaza bilmirəm.

Sən iki hecalı bir sözsən “və-tən!”
Sətirdən-sətrə ķecirilmisən!!!

1966-cı il.

Müəllif:Şahmar Əkbərzadə

Mənbə: Elşən Çəmənli

YAZARLAR.AZ

Azərbaycan Milli Kitabxanası

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AMK – Azərbaycan ədəbiyyatının arxivi şöbəsi

Azərbaycan ədəbiyyatının arxivi şöbəsi

Azərbaycan ədəbiyyatının arxivi şöbəsi 1947-ci ildən fəaliyyət göstərir. Şöbədə 1831-ci ildən bu günə qədər nəşr olunan, kitabxanaya daxil olan bütün elm sahələri üzrə kitablardan bir nüsxə təxminən 107 min; 1875-1928-ci illərdə nəşr edilmiş 43 adda qəzet; 1906-cı ildən bu günə qədər 475 addan çox Azərbaycan dilində və 33 adda rus dilində jurnal; 1174 nüsxə elmi əsərlər; 2031 ədəd mikrofilm (kitab, jurnal və qəzet) qorunub saxlanılır. 2006-cı ildən Azərbaycanda nəşr olunan rus dilində ədəbiyyat şöbəyə verilməyə başlamışdır.

Şöbədəki ədəbiyyat daşbasma, əski əlifba, köhnə latın, kiril və müasir latın qrafikasındadır.

Azərbaycan Milli Kitabxanası

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rahilə QARALOVA – Bu dünya.

DÜNYA
Yaman darıxıram, bilmirəm niyə,
Başdan ayağadək qəmdi bu dünya.
Nə düzü gəzməli, nədə ki, dağı,
Yolları dumandı, çəndi bu dünya.

Başda siyah tellər tale qarımdı,
Mənə qüssə verən könül yarımdı.
Çəkdiyim zillətlər intizarımdı,
Sevincdən, nəşədən kəmdi bu dünya.

Məndən uzaq düşüb, qürbətdədir yar,
Sevgimə qəlbimdə qazmışam məzar.
Gözümdən könlümə axan leysan var,
Hər yanı dəryadı, nəmdi bu dünya.

Rahilə, cavanlıq getdi ömürdən,
Arzular, istəklər bitdi ömürdən.
O xoş xatirələr itdi ömürdən,
Kimiyə kədərdi, dəmdi bu dünya.

Müəllif: Rahilə QARALOVA

RAHİLƏ QARALOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“ONA YANIRAM Kİ, YANA BİLMİRİK…”

“ONA YANIRAM Kİ, YANA BİLMİRİK…”

deyən tanınmış Azərbaycan şairi, Müəllimim qədər çox sevdiyim
ŞAHMAR ƏKBƏRZADƏnin xatirə günüdür.
Məkanınız cənnət olsun, Şahmar müəllim!
Ehtiramla xatırlayaq.
Ruhu şad olsun.

Bu gün Azərbaycan ədəbiyyatında, publisistikasında, poeziyasında öz yeri, öz sözü, öz nəfəsi, fərqli yaradıcılıq üslubu olan şair-publisist Şahmar Əkbərzadəni qəfil itirdiyimiz gündən 24 il keçir.
O bu dünyada öz ömrünü, öz qismətin
yaşadı. Cəmi 59 baharın içində yazdı, yaratdı, sevdi, sevildi, ucaldı, duydu, düşündü, kövrəldi, yandı…

Ona yanıram ki, xeyiri şərdən
Ayıra bilmirik, qana bilmirik.
Mən ona yanıram, ona yanıram,
Ona yanıram ki, yana bilmirik…

“ONA YANIRAM Kİ, YANA BİLMİRİK…”
Tələbəlik illərində ən çox oxuduğum şairlərdən biri. Yanar ürəkli gözəl İnsan.
“Azərbaycan gəncləri”nin ŞAHMAR ƏKBƏRZADƏSİ…
Məğrur boy-buxunlu görkəminin arxasında tərtəmiz, məsum bir uşaq gizlənmişdi sanki. İşıqlı gözləri, gülər siması vardı. Elə bil həmişə nə haqqındasa düşünürdü. Hətta səninlə danışanda da. Yəni əsil Şair idi!…
Gur səsi, şimşirin ləhcəsi, özünəməxsus danışıq tərzi hələ də qulaqlarımdadır.
O vaxtlar “Azərbaycan gəncləri” qəzetində publisistika şöbəsinin müdiriydi. Mən də təcrübəçi tələbə kimi hər həftənin ikinci günü həmin qəzetin redaksiyasında olurdum. Xətrimi çox istəyirdi. Niyəsə, adımı deməzdi. Görən kimi zarafatla soruşurdu: “Telmanqızı, necəsən?”
Bir neçə ildən sonra indiki “AZƏRTAC”ın binasında yerləşən “Kommunist” qəzetində şöbə müdiri işləyirdi. Yenə görüşdük. 2-ci mərtəbədən məni görən kimi eyni sualı verdi…
Sonrakı illərdə, “Mədəniyyət” qəzetinin redaktor olduğu vaxtlarda “Azərbaycan” nəşriyyatında rastlaşardıq. Yenə də üzündə eyni təbəssüm, eyni şirinlik…
Qəribə, heç kəsə bənzəməyən adam idi Şahmar müəllim! Özünəməxsus müraciətləri vardı: dədə, nənə… Lap çox istədiklərinə, ürəyinə yatanlara belə deyirdi…

Onun şeirlərində də həmin şirinlik, təmizlik, uşaq saflığı, kövrəklik vardı.
Anasını erkən itirmişdi Şahmar müəllim. Bu ağrı onu yaman təsirləndirmişdi:

Geyimlər görəndə Ana hər dönə
48 ölçüdə qalar gözlərim,
Cibim pullarımın qəbrinə dönər
Titrəyər dizlərim, ağlar gözlərim.

Ana sevgisini, itkinin ağrısını bundan yanğılı daha necə ifadə etmək olardı ki?!…
Və ya:
Tufandım, bir əsim yelə dönmüşəm,
Suları səngiyən selə dönmüşəm,
Sonası perikən gölə dönmüşəm,
Sonam ol, sonam ol, ay Bəyim xala!…

Dilimdən var gəlmir dil acib dinəm.
Əcəlin əliylə dağlanib sinəm.
Anasi ölmüşün biri də mənəm,
Anam ol, anam ol, ay Bəyim xala!…

Qısa arayış:
Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 30 dekabrda Azərbaycan Respublikası Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur.
1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1960-cı ildə texnikumu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə Rus dili müəllimi ixtisasını bitirmişdir.
Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçüb “Azərbaycan gəncləri” qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. “Kommunist” qəzetində müxbir və şöbə müdiri olmuşdur.
1990-cı ildə “Mədəniyyət” qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur.
Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişmişdir.
10 fevral 2014-cü ildə adını daşıyan “Şahmar Ədəbi Məclisi” (ŞƏM) təsis olunmuşdur.
“Anama layla” (Yazıçı, Bakı 1978), “Sevgi borc verilməz” (Yazıçı, Bakı 1982), “Ona yanıram ki” (Yazışı, Bakı 1988), “Haqqa pəncərə” (Dünya, Bakı 1998) kitablarının müəllifidir.

“Şahmarlardan secən olsa Şahmarı
Bu dünyanin qara daşi göyərər…”

Dəyərli publisist, vaxtilə “Azərbaycan gəncləri” qəzetində Şahmar müəllimlə çiyin-çiyinə çalışmış HİDAYƏT ELVÜSALın bir sözünü xatırlayıram: “Biz həmişə közdə isinməyə adət etmişik. Közü öz qabağımıza çəkmişik. Və ağlımıza gəlməyib ki, bu köz nə vaxtsa bizi üşüdə bilər. Bəlkə elə buna görədir ki, Şahmarın ruhu qarşısında titim-titim titrəyirik” – Hidayət müəllimin dediyi bu sözlərin istisi elə məni də üşütdü. Və Şahmar müəllimin gerçəkdən yoxluğu içimi ağrıtdı…
Şahmar Əkbərzadə cəmi 59 il ömür yaşadı… Amma ona verilən bu ömür qismətində həm ədəbiyyatda, publisistikada, həm də poeziyada bacardığını əsirgəmədi.

Qızıl zəmilərin həzin səsini,
Şirin laylasını öpüb gedirəm.
Yerlərin, göylərin rayihəsini,
Gözümə, könlümə təpib gedirəm,-

dedi və getdi…
O, məşhur “Dağdağan” adlı məşhur bir şeirində yazırdı:

Sərhəd kənarında cavan yaşımda,
Həsədim utanıb yerə girirdi.
İki quş dimdiyi ağac başında,
Vətəni Vətənə birləşdirirdi.

Bu, Şahmar Əkbərzadə yanğısı idi və bu yanğı ömrünün sonunacan səngimədi. Şairin bu mövzuda “Tüstümüz”, “Eşmə”, “Bu sənsən?”, “Tikan, gəl öpüşək”, “Salam de”, “Dayanın”, “Əlvida” və başqa şeirlərində qəlb titrədən, düşündürən poetik sualları, nidaları var. Elə bu həyəcan və üzüntülər də Şahmar Əkbərzadə ömrünü yarımçıq qırdı…
Onun “Mərkəzi poçtxana”, “Göyərər”, “48 ölçülü qadın paltarı” kimi şeirlərini xatırlayıram. Bu şeirlər zamanında dillər əzbəri idi.

Dərin-dərin dəryalardan dərd dərin,
Bükə bilər dizlərini dərd nərin.
Kəsə bilsək yollarınl dərdlərin,
Bu dünyanin qara daşı göyərər…

Dağ başinda arxa bilib qar qarı,
Zirvələrə yaxın qoymaz baharı,
Şahmarlardan secən olsa Şahmarı
Bu dünyanin qara daşi göyərər..

Bir məsələni də qeyd edim ki, Şahmar müəllimin öz səsi, ifası çox gözəl idi. Bu baxımdan onun öz səsində həmin şeirləri özü qədər heç kəs bu qədər yanıqlı, səmimi, təbii deyə bilməzdi.
Özü Bakıda yaşasa da, fikri-zikri ana yurdu Qarabağda, dağlarda qalmışdı Şahmar müəllimin. Şeirlərinin çoxunda da bu nisgilin həzinliyini duyulurdu:

Ovut bircə hovur məni,
Əcəl yaman qovur məni.
Mən öləndə çevir məni,
Üzü dağlara-dağlara.

Vətən həsrəti onu didib-parçalayırdı və öz kövrək hisslərini belə ifadə edirdi:

Bu payız küsəcək məndən Qarabağ,
Yollarda qalacaq gözü yolların,
Payım budaqlardan özün asacaq,
Bağrı çatlayacaq gülöyşə narın.

Yana-yana söyləyərdi:

Öləni torpağa gömərlər,Allah
Bəs ölmüş torpağı harda basdıraq?!

Çəkdiyi əzablar, Vətən həsrəti Şahmar Əkbərzadənin şair ömrünü elə atəşlərə tuşladı ki, sözü yaşadı, özü kül oldu…
Sanki hər şeyi əvvəlcədən bilirmiş, “Anam Azərbaycana” adlı bir bəndlik şeirində görün nə yazıb:

Ölüm ayağının altında,
İtim ayağının altında.
Bir qom bənövşə olum –
Bitim ayağının altında.

Şahmar Əkbərzadə sanki özü yandığı kimi geridə qalanlarını da öz qəfil ölümü ilə yandırıb yaxıb gedəcəyini bilirdi.
Amma əzizlərinə, yaxınlarına, onu sevənlərə bir təsəlli də verirdi:

Qorxum yoxdur
Ömrün son nöqtəsindən!
Nöqtələşib torpaq içrə
İtəcəyəm.
Yer altından
Göy ot kimi baş qaldırıb
Vergül-vergül bitəcəyəm-
deyirdi…

Oğlu Elşən Əkbərzadənin xatirələrindən:
“Atam şair olduğuna görə, digər atalardan bir qədər fərqlənirdi. Düzdü, evdə çox olmurdu, amma imkan daxilində tərbiyəmizlə, təhsilimizlə məşğul olurdu.
Olduqca mehriban insan idi.
Ailəsini, bizi çox sevirdi. Anam Mələk xanımla böyük məhəbbətlə ailə qurmuşdular. “Bitməsin”, “Kipyimi qədəminə sərim qoy” şeirlərini anama həsr edib…
Ən yaxını dostları Məmməd Araz, Bəxtiyar Vahabzadə, Məmməd Aslan idi. Mənim görüb, tanıdığım şairlərin, demək olar ki, hamısında bu xüsusiyyət vardı. Onlar yazdıqları yeni şeiri çapdan əvvəl bir-birinə oxuyurdular. Atam da istisna deyildi. Yeni şeir yazanda mütləq qələm dostları ilə məsləhət edirdi. Məmməd Arazın “Dünya sənin. dünya mənim…” şeirinin ilk oxucusu atam olub. Bir gün evə gəldi, dedi, uşaqlar, Məmməd əminiz qeyri-adi bir şeir yazıb. Görüm hansınız onu tez öyrənəcəksiniz. Yadıma gəlir, mən beşinci sinifdə oxuyanda “Dünya sənin, dünya mənim…” şeirini əzbərlədiyimə görə, atam mənə ən xoşuma gələn idman ayaqqabısını almışdı…
Məmməd Arazla o qədər doğma münasibəti var idi ki, ona həmişə “dədə” deyirdi. Türk dünyasının məşhurları ilə atamın çox yaxın münasibətləri vardı. Oljas Süleymanovla həddindən artıq yaxın dost olublar. Qazaxıstanın Xalq yazıçısı Muxtar Şaxanovla, Rəsul Həmzatovla, 20-ci əsrin ən məşhur şairlərindən olan Yevgeni Yevtşenka ilə dostluq edirdi.
Çingiz Aytmatovla çox yaxın dostluqları olub. Çingiz Aytmatovla atamın dostluq münasibətlərinin təməli Moskvada qoyulub. O illərdə Moskvada, səhv etmirəmsə, kitab müsabiqəsi keçirilirmiş. Atam həmin müsabiqədə iştirak edib. Həmin müsabiqədə tanış olublar. Bu tanışlıq sonralar çox böyük dostluğa çevrildi. Bu gün bəzi ziyalılar Çingiz Aytmatovla yaxın münasibətlərinin olduğunu deyirlər. Bunu qısqanclıq kimi qəbul etməyin, sadəcə olaraq, bu, bir həqiqətdir ki, Azərbaycanın bütün üzdə olan yazıçılarının çoxu Çingiz Aytmatovla atamın vasitəsiylə tanış olub. Çingiz Aytmatovu 1985-ci ildə ilk dəfə Azərbaycana atam gətirib. Bunu bütün yaşlı ziyalılar bilir. Bəxtiyar Vahabzadənin yubileyində iştirak üçün atam şəxsən özü gedib Çingiz Aytmatovu gətirmişdi.
Bu münasibət dostluqdan keçib qardaşlığa çevrilmişdi”.
O, atası ilə bağlı son günləri belə xatırlayır:

  • Atam məclis adamı idi. Amma içki sevməzdi. Bizim evdə Bəxtiyar Vahabzadənin, Xudu Məmmədovun evində tez-tez şair məclisləri olardı. Dərdləşirdilər, şeir oxuyurdular.
    Amma həddindən artıq siqaret çəkirdi. Hətta deyərdim ki, onu ölümə yaxınlaşdıran amillərdən biri də siqaret oldu. Çünki infarktdan sonra çəkməməli idi. Elə bir dövr idi ki, özünə yer tapa bilmirdi. Qarabağ hadisələri ona çox pis təsir etmişdi.
    Elə-obaya çox bağlı insan idi. Hər il avqust ayında məzuniyyətə çıxırdı. İstirahət üçün ilk getdiyimiz yer Ağdamın Çəmənli kəndi olurdu. Orda ən az bir həftə qaldıqdan sonra ailəvi yığışıb Şuşada məşhur istirahət evinə gedərdik. Laçında Şəlvə dərəsi adlanan bir yer var idi, ora aparardı bizi. Atamın Laçına həsr etdiyi “Laçın dağlarına məktub”, “Mərkəzi poçtxana” şeirləri var.
    1988-ci il mitinqləri zamanı atam infarkt keçirtdi. Böyük qardaşım Tibb İnstitutunda oxuyurdu, orda aktiv tələbələrdən olduğu üçün iki günlük həbsə salmışdılar. O zaman infarkt keçirtdi. 1992-ci ildə Xocalı faciəsi baş verəndə ürəyi dözmədi, ikinci infarktı də onda keçirtdi.
    Atam dünyasını dəyişən günü mən Bakıda deyildim. Həmin gün qardaşımın böyük qızının ad günü idi. Uzun müddət idi uşaq velosiped istəyirdi. Atam almağa qoymurdu ki, özüm alacam. Həmin gün, avqustun 30-da atam gedib velosiped alıb gətirib qardaşımın qızına verib. Bir stəkan çay içib, anamı da qardaşımgildə qoyub evə qayıdıb. Dəhlizə girər-girməz ürəyi tutub və yıxılıb. Elə dəhlizdəcə keçinib…

Xarıbülbülü baş daşında gəzdirən şair, məkanın cənnət olsun.

P.S: Şahmar Əkbərzadə gözəl şair idi. Amma nədənsə çox təsirli, məzmunlu və bitkin poeziyası, eləcə də publisistikası ilə seçilən Şahmar Əkbərzadənin yaradıcılığı nə sağlığında, nə də ölümündən sonra yetərincə dəyərləndirilmədi. Amma xalq, onun yetirmələri, poeziyasevərlər Şahmar Əkbərzadə imzasını heç unutmadı.
Şahmar Əkbərzadə söz adamı idi.
Gözəl şair idi, jurnalist idi, kamil publisist idi.
Zaman dəyişsə də, neçə on illər, 20 illər keçsə də, Şahmar Əkbərzadə poeziyası yaşayacaq, özü demiş vergül-vergül bitəcək, ürəklərdə, könüllərdə özünə yuva quracaq, həmişə yaşayacaqdır…

Müəllif: Nurlana Telmanqızı

Nurlana Telmanqızının yazıları

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Mənbə: Sultan Əhmədova

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – “NƏCƏFİ ELXAN” PDF KİTAB

SERİYA: YUSİFCANLI ŞƏHİDLƏRİ

ZAUR USTAC – “NƏCƏFİ ELXAN” (PDF):

Zaur Ustac – “Elxan Nəcəfi” (PDF)

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəhid Mayor Nəcəfi Elxanın əziz xatirəsinə

HÜRRİYYƏT ELÇİSİ

(Şəhidi-şühəda Nəcəfi Elxanın xatirəsinə)

I

Bilirdi, “Sərhəddən başlanır Vətən!”

Görmüşdü Vətəni vətən içində.

Xəyalən keşikdə dururdu hər gün,

Arzusu çin oldu bir gün içində.

* * *

Mundiri alan gün çox sevindi, çox…

Həmən evə qaçdı sevinc içində,

Üçrəngli bayrağı öpdü min dəfə,

Sinəsi qabardı güvənc içində.

* * *

Az yaşda dynyanın görüb hər üzün,

Bərkdə də, boşda da demişdi sözün.

Əmələ keçməyin vaxtı yetmişdi…

* * *

Bəlkə də duyduğu ilk söz “Araz”dı,

Qorunda bişdiyi köz də “Araz”dı,

“Ata”, “Ana” deyil, “Araz” demişdi.

II

“Ata”, “Ana” deyil, “Araz” demişdi,

İlk gündən orduda qazandı hörmət.

Təlimdən təlimə oldu peşəkar,

Hər gün bir şücaət, yeni məharət.

* * *

“Təşəkkür” qazandı, “Çox sağol” aldı,

Yoruldum demədi, durmadı bir an.

Bilirdi, nə qədər olasa da çətin,

Döyşüdə o qədər olacaq asan.

* * *

Təlimdə hər hədəf düşmən olurdu,

Bütün hədəfləri bir-bir vururdu,

“Qızğın döyüşlərdə qalib gələrkən”;

* * *

Vətəndi, torpaqdı sözü, söhbəti,

Həzm edə bilmirdi heç cür möhnəti.

Nisgili, həsrəti dadmışdı erkən.

III

Nisgili, həsrəti dadmışdı erkən,

İlk öncə andını salırdı yada.

Anası gəlirdi gözü önünə,

Deyirdi, sadiqəm ana o anda…

* * *

Bir gün arzuların çin olacaq bil,

“Dördyol” yönəldəcək səni Ağdama.

İnan ki, o günlər çox uzaq deyi,

Anda xilaf çıxsam, gözə ağ dama…

* * *

Ən çətin anlarda nənəsi yenə,

Xəyalən yetirdi daim köməyə;

“Mənim aslan balam, qurdum demişdi…

* * *

Heç nədən qorxmayan igidim, ərim,

Mənim şir biləklim, mənim hürr nərim…”

– Şəkər əvəzinə ayaz yemişdi…

IV

Şəkər əvəzinə ayaz yemişdi…-

“Güclüdən çəkinmə, zəifi əzmə.

İlahi ədalət var olan yerdə,

Haqlını tək qoyub, haqsızla gəzmə.

* * *

Süfrədə olandan yaxşı ye, şükr et,

Ərköyünlük edib, ağzını büzmə.

Atanı, babanı xatırla daim,

Naxələflik edib, nənəni üzmə!”

* * *

Hər belə söhbətdə sevib nənəsin,

Möhkəm qucaqlayıb, öpüb nənəsin;

Nə olur, olsa da deyildi küsən…

* * *

Böyüyə yoldaşdı, kiçiyə qardaş,

Andına sadiqdi, sirrinə sirdaş,

Babası hürriyyət carçısı Həsən…

V

Babası hürriyyət carçısı Həsən

Arazı keçmişdi onun yaşında…

Adaşı Babəkdən hey söhbət açıb,

Bəzzi yaşadırdı Qarqar daşında…

* * *

Xanqulu əyrisi müqəddəs pirdi,

İkinci Araza dönmüşdü Qarqar…

Atası, babası o tayda “üzgün”,

Özü bu yaxada qalmışdı naçar…

* * *

Yenə xain qonşu işini gördü,

Qurşundan rəngbərəng çələnglər hördü,

Çox sayda məsuma çatdı bu sövqat…

* * *

Kimi iş başında, kimisi yolda,

Uşağı, böyüyü hamısı qalda,

O taylı, bu taylı Yurd idi Elxan!

VI

O taylı, bu taylı Yurd idi Elxan,

O gün al lalər bitdi çöllərdə.

Yaşıl yarpaqları güzün əvvəli,

Sübhün al günəşi ütdü çöllərdə…

* * *

Günəşin alından al alan ərlər,

Ayağı zəmində göyə qalxdılar.

Analar ağ südün sağıb laləyə,

Yeri Göyə büküb məlhəm yaxdılar.

* * *

Nə qədər atanın yaralı bağrı,

Odlanıb çəkərkən içindən ağrı,

Bu məlhəm basıldı od sinəsinə…

* * *

Bülblər oxudu, güllər ağladı,

Hər ana bir güllü dastan bağladı,

Anası Afətdi, atası Şükür…

VII

Anası Afətdi, atası Şükür,

Ana gözü yolda, Ata “sərgərdan”…

Dünya çalxalandı nehrəsində qan,

Doğru mədət umdu o gün oğrudan…

* * *

Zamanı gəlmişdi dostun, qardaşın,

Anında qardaş da, dost da yetişdi…

Ucaldı hər yanda azan səsləri,

Ruhlar da qovuşdu, can da bitişdi…

* * *

Geyindi al donu igidlər, ərlər,

Güzün sazağında açdı lalələr,

Göydə buludların rəngi oldu qan…

* * *

Toy, nişan boğçası qara bağladı,

Nə qədər sevgili gizlin ağladı,

Güllü nənə demiş: – “Qurd” idi Elxan!

VIII

Güllü nənə demiş: – “Qurd” idi Elxan!

Hər səhər yenidən al geydi üfiq.

Ağardı, qızardı, qaraldı hərdən,

İlk yağış sonrası itdi münafiq…

* * *

Qısır buludlardan mədət umanlar,

Əlləri göylərə uzalı qaldı.

Haqqın dərgahında oyaq qalanlar,

Uca Yaradandan müjdəni aldı.

* * *

İgid, ər oğullar vüsala yetdi,

İllərin həsrəti axır ki, bitdi,

Sevindi yurd yeri, el oldu agah…

* * *

Sısqa bulaqların açıldı gözü,

Aşdılar dağları, keçdilər düzü,

Bir elin xanıydı, adıyla Elxan…

IX

Bir elin xanıydı, adıyla Elxan,

Yamac dırmandılar, zirvə aşdılar.

Nələrdən keçdilər, nələr gördülər…

Hər zəfər sonrası qucaqlaşdılar….

* * *

Keçilməz sədləri keçdi ər Elxan,

Yürüdü, yürüdü Araza yetdi…

“Xudafərin” – deyib, hıçqıran Elxan,

“Körpümüz bizdədir!” – məruzə etdi…

* * *

Sinələr qabardı, ucaldı şərəf,

Sevincə büründü, hər yan, hər tərəf,

Yurdun dörd-bir yanı gövhəri-cahan…

* * *

İtirdi neçə döst, neçə ər igid,

Özü bu ütüdən çıxdı salamat,

Əməli eylədi məşhuri-cahan…

X

Əməli eylədi məşhuri-cahan,

Hələ yol yarıdı, güc ver, İlahi.

Nə qədər zirvə var hələ aşası,

Məqamı yaxın et, tac ver, İlahi.

* * *

Araza yetişmək yolun yarısı,

Xudafərin indi ancaq yol-yolaq.

Üzündə təbəssüm, çöhrəsində nur,

Yurddaşa yurdundan vermişdi soraq.

* * *

Hər kəlmə başında dilində Vətən,

Arxasında Vətən, önündə Vətən,

Müqəddəs bir yolun yolçusu oldu.

* * *

Bir gün arzusuna yetdi nəhayət,

Özü sevinsə də, qəm etdi heyət,

Şəhidi – şühəda Nəcəfi Elxan…

XI

Şəhidi – şühəda Nəcəfi Elxan…

Bu qordan od aldı ərlər, ərənlər.

Hər gün yeni zəfər, yeni qələbə,

Bu gün sevinclidir, onu sevənlər.

* * *

Arzusu, istəyi çin olub onun,

Ananın açıqdır yolu Ağdama.

İndi olanları görməzdən gələn,

Namərdin gözünə gərək ağ dama.

* * *

Görmək istəyirdi azad yurdunu,

Qalib istəyirdi görsün ordunu,

Bütün xəyalları olubdu gerçək.

* * *

O, keçən cığırlar yol olub indi,

O, içən bulaqlar göl olub indi,

Ruhu Kərbəladan, qutu Nəcəfdən…

XII

Ruhu Kərbəladan, qutu Nəcəfdən,

Bu gün çiçəklənir can Azərbaycan.

Binalar tikilir, yollar çəkilir,

Göylərə ucalır can Azərbaycan.

* * *

Ümid ağacları artıq bar verir,

Çölləri yurd edir can Azərbaycan.

Artıb doğma yurdun hörmət, izzəti.

Şanına şan qatır can Azərbaycan.

* * *

Bütün fəsillərdə geyinir əlvan,

Heyrətlə danışır eşidən, duyan,

İgid ərənlərdən, şanlı sələfdən!!!

* * *

Hər bahar boy verib, bitən lalər,

Şanlı sərkərdədən gətirir xəbər –

Bəzzdə məskən salan ulu xələfdən…

XIII

Bəzzdə məskən salan ulu xələfdən,

Sevinir, boş yerə verməyibdi can.

Əbəs deməyibmiş hər addımbaşı,

Biz gedək, sən yaşa can Azərbaycan!

* * *

Ən uca zirvədən süzür Arazı,

Arazın dərd-səri nədir bilirəm.

Bu gnlər yaralı Araz da nədən,

Bilmirəm, nədənsə görünür xürrəm.

* * *

Araz kənarının yoxdur şəriti,

Bu gələn hənirti, başqa hənirti,

Fəth edib Arazı, Nəcəfi Elxan…

* * *

Təbriz də sıyrılır qanlı tarixdən,

Ulu əcdadlardan, şanlı tarixdən,

Dərs alan elçidi Nəcəfi Elxan…

XIV

Dərs alan elçidi Nəcəfi Elxan,

Sonalar Göyçəyə enib bu axşam.

Köhlənlər Dərbəndə dəmir aparıb,

Durnalar Kərkükdə görüb ehtişam.

* * *

Yurdun dödr bir yanı ona doğmadır,

Xeyməsi laməkan gəzir Elxanım…

Yurdunda yurdundan yeni Yurd quran,

Keçilməz sədləri əzir Elxanım….

* * *

Yenə həmin günə getdi xəyalı,

Mundiri alan gün kefi, əhvalı,

Üçrəngli bayrağı göründü gözə…

* * *

Qardaşı dilləndi, bacısı güldü,

Qulağına gəldi nənə öydü:

– Bilirdi, “Sərhəddən başlanır Vətən!”

XV

Bilirdi, “Sərhəddən başlanır Vətən!”

“Ata”, “Ana” deyil, “Araz” demişdi.

Nisgili, həsrəti dadmışdı erkən.

Şəkər əvəzinə ayaz yemişdi…

***

Babası hürriyyət carçısı Həsən.

O taylı, bu taylı Yurd idi Elxan!

Anası Afətdi, atası Şükür,

Güllü nənə demiş: – “Qurd” idi Elxan!

***

Bir elin xanıydı, adıyla Elxan,

Əməli eylədi məşhuri-cahan,

Şəhidi – şühəda Nəcəfi Elxan…

***

Ruhu Kərbəladan, qutu Nəcəfdən,

Bəzzdə məskən salan ulu xələfdən,

Dərs alan elçidi Nəcəfi Elxan…

28.05 – 24.08.2024.

Bakı – Bərdə – Ağdam – Xocalı – Şuşa – Laçın – Bakı..

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ŞƏHİD ATANIN ŞƏHİD OĞLU – MAYOR ELXAN NƏCƏFİ

ŞƏHİD ATANIN ŞƏHİD OĞLU – MAYOR ELXAN NƏCƏFİ

Müharibə mövzusunda yazmaq həmişə mənim üçün çətin olub. Heç indi də asan deyil. Şəhid haqqında yazmaq isə daha çətindir. Çünki şəhid haqqında söz demək, yazmaq nə qədər qürurverici və şərəflidirsə, bir o qədər də ağrılıdır…

Şəhid adı gələndə Azərbaycan yada düşür, Qarabağ yada düşür, işğaldan azad olunmuş torpaqlarımızda dalğalanan bayrağımız göz önünə gəlir. Düşünürsən ki, məhz şəhidlərimizin canları, qanları bahasına bu gün Şuşamızda, Qarabağımızın hər yerində dövlət bayrağımız dalğalanır.

Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizdən biri də mayor Elxan Şükür oğlu Nəcəfidir. Elxan Nəcəfi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda keçirdiyi lokal antiterror tədbirində şəhid olub…

HAŞİYƏ: Elxan Şükür oğlu Nəcəfi 1986-cı il aprelin14-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. 1992-ci ildə Yusifcanlı kənd orta məktəbinin birinci sinfinə gedib. 1993-cü il iyunun 12-də Xocavənd istiqamətindən hərəkət edən erməni ordusunun Yusifcanlı kəndinə hücumu zamanı atası şəhid olan Elxan Ağdamın işğalından sonra anası və iki azyaşlı qardaşı ilə birlikdə Hacıqabul rayonunun Nəvai kəndinə pənah gətiriblər, bir müddət burada məskunlaşıblar. Ancaq bəzi çətinliklərlə üzləşən ailə Nəvaidən Suraxanı rayonunun Hövsan qəsəbəsinə köçüb. Elxan Hövsan qəsəbəsindəki 196 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. Vətənpərvərliyi ilə yaşıdlarından seçilən Elxan 2001-ci ildə 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. Hərbi liseyi bitirdikdən sonra – 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Artilleriya” ixtisasına yiyələnib, 2008-2009-cu illərdə Təlim-Tədris Mərkəzində ixtisası üzrə təhsilini başa vurub və leytenant hərbi rütbəsi alıb.

img-20230924-wa0011

Beləliklə, Elxan Nəcəfi 2009-cu il iyulun 22-dən Qazax rayonundakı N saylı hərbi hissədə minatan batareyada zabit kimi xidmət etməyə başlayıb. Qısa zamanda nümunəvi hərbi xidmətinə, döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə görə hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif olunub. Sonra Ağstafa və Lənkəranda yerləşən N saylı hərbi hissələrdə xidmətini davam etdirib. 2017-ci ildən kapitan rütbəsi ilə Ağcabədi rayonundakı N saylı hərbi hissə komandirinin Tərbiyəvi işlər üzrə müavini vəzifəsində xidmət etməyə başlayıb. 2020-ci ildə mayor rütbəsinə yüksəlib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycanın Silahlı Qüvvələrinin əks-hücumu zamanı Elxan Nəcəfinin tabor komandirinin müavini kimi ilk döyüş yolu Cəbrayıl istiqamətində başlayıb. Cəbrayılın işğaldan azad olunmasında iştirak edən Elxan Nəcəfi Zəngilan və Qubadlının erməni işğalından azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. 17 oktyabr 2022-ci il tarixdən 24 dekabr 2022-ci il tarixədək “Komando” Dağ Təlim Mərkəzində “Komando başlanğıc kursunu” müvəffəqiyyətlə bitirərək, “Komando başlanğıc döş nişanı”nı daşımaq hüququna  malik olması barədə sertifikat alıb.

Elxan Nəcəfi rayonlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0253t nömrəli 30 dekabr 2020-ci il tarixli əmri ilə Elxan “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub, bir çox Fəxri Fərman və mükafatlara layiq görülüb.

Mayor Elxan Nəcəfi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri zamanı – sentyabrın 20-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində şəhid olub. İkinci Fəxri xiyabanda dəfn olunub. Ailəli idi, 4 yaşlı oğlu yadigar qalıb.

***

…Elxan Şükür oğlu Nəcəfi kimi oğullarımızın həyat və döyüş yolu, göstərdikləri qəhrəmanlıqlar doğma Azərbaycanımızın gələcəyi olan gənc nəslə örnək, onların hərbi-vətənpərvərlik ruhunda böyümələrinə böyük töhfədir. Məhz bunu nəzərə alaraq Elxan Nəcəfinin ailəsində olduq, şəhidin həyat hekayəsi və keçdiyi döyüş yolu barədə anası Afət xanım və həyat yoldaşı Əsmayə xanımla geniş söhbət etdik. Həmin söhbəti sizə təqdim edirik:

– Afət xanım, biz mayor Elxan Nəcəfini həm peşəkar hərbçi, həm də vətənpərvər bir insan kimi tanıyırıq. Ancaq övladınız olaraq onu hamıdan ən yaxşı siz tanıyırsınız. Elxan necə övlad idi?

– Elxan ailəmizin ilk övladı idi. Nizami və Elçin onun kiçik qardaşlarıdır. Bu gün Elxanın haqqında danışmaq mənə çox çətin gəlir…

…Susur… İxtiyari olaraq baxışlarını qarşı divardakı Elxanın oğlu ilə çəkdirdiyi şəklinə zilləyir… Sanki yaddaşını təzələyirmiş kimi düşüncələri onu çox uzaqlara aparır…

– …1993-cü il iyunun 12-də Xocavənd istiqamətindən hərəkət edən erməni ordusunun birlikləri Ergi düzünü keçərək, Mərzili kəndinin aşağı hissəsindən Yusifcanlı və Qiyaməddinli kəndlərinə hücum etdilər. Heç kimin gözləmədiyi, tamamilə ağlagəlməz istiqamətdən zirehli texnika ilə Yusifcanlıya daxil olan ermənilər kəndin böyük bir hissəsini yandırdılar, evləri uçurdular, yolları dağıtdılar. Həmin hücum zamanı kənddə 2 nəfər dinc sakin şəhid oldu, 4 nəfər isə girov götürüldü. Şəhid olanlardan biri mənim həyat yoldaşım Nəcəfi Şükür Həsən oğlu idi. Onda Elxanın 6 yaşı vardı. Elə o vaxtdan bizim məcburi köçkünlük həyatımız başladı. Erməni cəlladları tərəfindən məcburi olaraq ev-eşiyimizdən, yurd-yuvamızdan çıxarıldıq, didərgin salındıq.

i

İllərlə məşəqqətli həyat sürdük… Elxan Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olduqda çox sevindim: çünki uşaqlıqdan ən böyük arzum o idi ki, Elxan qəhrəman, cəsur bir hərbçi olsun, erməni cəlladlardan şəhid olan atasının, ana-bacılarımızın, qocalarımızın, körpələrimizin, igid oğullarımızın qisasını alsın, düşmən tapdağında inləyən doğma torpaqlarımızı azad etsin, bir oğul kimi, bir övlad kimi, bir əsgər kimi bu vətənin köksündə mənfurların qanlı caynaqları ilə açılmış yaranı sarısın…

O da mənim və öz arzularını doğrultdu – cəsur və qorxmaz  hərbçi ömrü yaşadı, torpaqlarımızın işğaldan azad edilməsinə də, üçrəngli bayrağımızın həmin bölgəmizdə dalğalanmasına da nail oldu.  

“Övladımın taleyində şəhid olmaq da varmış” deyən Afət xanımın gözləri dolur, səsi titrəyir…

– …Məni ən çox ağrıdan odur ki, Elxan sentyabrın 20-də  – şəhid olandan bir saat sonra atəşkəs elan olundu. Taleyin yazısına bax… Həmişə istəyirdim ki, Elxan halal süd əmmiş bir qızla ailə qursun. Ancaq o, hələ evlənmək istəmirdi, deyirdi ki, 27 yaşında ailə quracam. Onunla bu barədə bir neçə dəfə danışdım. Axırda razılaşdı və dedi, bir şərtlə ki, mən bəyəndiyim qızı alacaqsan. Mən də qayıtdım ki, sən hansı qızı bəyənsən, kimi ürəyin tutsa, ona da elçi gedəcəm. Bir gün telefonla mənə bir qızı sevdiyini, ona elçi getməyimi istədi. Onda hələ Elxan Qazaxda xidmət edirdi. İstədiyi qızın ailəsi isə Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayırdı. Onlar da Ağdam rayonundan məcburi köçkün idilər. 2010-cu ildə elçi gedib qızın “hə”sini aldım. Və elə həmin il Elxanı Əsmayə ilə nişanlandırdıq. Evliliyə hazırlıq ərəfəsində Elxan telefonla danışanda deyirdi ki, evə gəlməyə vaxtım yoxdu, gələ də bilərəm, gəlməyə də, ona görə toy bəysiz də keçə bilər. Elxan Ermənistanla sərhəddə xidmət etdiyi üçün işindən ayrıla bilmirdi. Zabitlərə ildə bir dəfə 45 günlük məzuniyyət verildiyi üçün Elxan onu yarı-yarıya bölüb iki dəfəyə gəlirdi…

Əsmayə xanımdan Elxanla necə tanış olduqlarını soruşuram.

Əsmayə xanımın yaddaşı onu ötən illərə aparır:

 – …Bakıda 161 saylı orta məktəbə yerləşən Şuşa Mədəni-Maarif Texnikumunda (indiki Şuşa Humanitar Kolleci) Elxanın əmisi qızı Güllü ilə bir qrupda oxuyurduq. Bir gün Elxan texnikuma Güllüyə baş çəkməyə gələndə məni gördü. Sonradan öyrəndim ki, adı Elxandır, Güllünün əmisi oğludur… Bir gün Güllü mənə dedi ki, əmisi oğlu döyüşdə yaralanıb, “Papanin hospitalı”nda müalicə olunur, ona baş çəkməyə gedir. Onda hələ Elxanı o qədər də tanımırdım. Güllü hospitala tək getməməsi üçün məndən onunla birlikdə getməyimi xahiş etdi. Biz metronun “Koroğlu” stansiyasında bir xanımla görüşdük. Güllü bizi tanış etdi, dedi ki, bibimdir, Elxanın anasıdır. Afət xanımla ilk tanışlığım orada oldu. Sonra birlikə “Papanin hospitalı”na getdik….

img-20230924-wa0013

Elxan hospitaldan çıxandan sonra texnikuma davamlı gəlib-getməyə başladı. Bir dəfə də Güllüdən xəbər göndərdi ki, məndən xoşu gəlir, görüşmək istəyir. Ancaq nə qədər xəbər göndərirdisə də, Güllüyə öz qəti fikrimi demişdim ki, mən hərbçi ilə ailə qurmayacağam. O isə inadından dönmürdü ki, dönmürdü. Biz texnikumu bitirəndən sonra da Elxan məndən ümidini üzmədi. Bir neçə dəfə görüşdük də. O, hər görüşümüzdə məni razı salmağa çalışırdı. Hardasa, 10 ilə yaxın mən ona “yox” dedim…

Hətta Gülü ilə əlaqəni tamam kəsdim ki, məndən əllərini üzsünlər. Ancaq aradan bir müddət keçəndən sonra təsadüfən şəhərdə Güllü ilə rastlaşdıq. Ayaqüstü söhbət əsnasında yaşadığımız evin ünvanını, mobil telefon nömrəmi götürdü ki, bir-birimizlə əlaqəni kəsməyək. Çox keçmədi ki, bir gün Güllü anası ilə bizə qonaq gəldi. Bundan sonra əlaqələrimiz üzülmədi, hətta Elxanla da uzaqdan-uzağa olsa da, bir-birimizlə xəbər tuturduq. Beləcə, bu əlaqələr, isti münasibətlər, Elxanın mənimlə dəfələrlə görüşü və nəhayət, razılığım bizim ailə qurmağımıza gətirib çıxartdı…

2011-ci il aprelin 15-də toyumuz oldu. Toyumuzdan bir neçə gün sonra Elxan xidmətə qayıtdı. İki aydan sonra isə gəlib məni Afət xanımla birlikdə xidmət etdiyi Qazaxa apardı. Demək olar ki, 5 il yarım Qazaxda yaşadıq. Sonra Elxanı Ağstafada yerləşən N saylı hərbi hissəyə göndərdilər. Onda bizi özü ilə aparmadı. Yaxın məsafədə olduğu üçün biz Qazaxda qaldıq. Daha sonra Elxan Lənkəranda yerləşən N saylı hərbi hissədə xidmət etməli oldu. Təxminən ay yarımdan sonra Elxanın xidmət etdiyi hərbi hissənin bir hissəsini Ağcabədi rayonuna köçürtdülər. Elxan bölgüdə köçürülən hərbi hissəyə düşdüyü üçün biz də Ağcabədiyə gəlməli olduq. Bir neçə ildən sonra İkinci Qarabağ müharibəsi başladı. Həmin ərəfədə artıq övladımız dünyaya gəlmişdi. Buna baxmayaraq, Elxanı Ağcabədidə qoyub Bakıya gəlmək istəmirdim. Ancaq ermənilər oktyabrın 5-də Ağcabədi şəhərinə raket atandan sonra Elxanın təkidi ilə uşağı da götürüb Bakıya gəldim…

20230923_175002

…Bir anlıq araya sükut çökür… Əsmayə xanımın gözlərindən yaş sel kimi axır:

 – Elxan sanki ölümünü bilirmiş… Hər telefon danışıqlarımızda deyirdi ki, hər şeyə hazırlıqlı ol, hər an hər şey ola bilər. Təkrar-təkrar tapşırırdı ki, birdən mənə nəsə olsa, Şükürə, anama yaxşı bax. Elxan hərbçi, zabit adını uca tutduğu kimi, vətən, dövlət, millət, torpaq, ailə, şərəf, namus, mərdlik və bu kimi dəyərlərimizi daim uca tuturdu. Deyirdi ki, insan kimi doğulmaq dünyanın bütün insani varlıqlarının taleyinə yazılıb, ancaq insan kimi yaşayıb, şərəfli ölmək hamıya qismət olmur, əgər vətənimin yolunda şəhid olacağamsa, bu, mənim üçün böyük bir tale hədiyyəsi olacaq. Dediyini də elədi… Elxan şəhadətindən on gün əvvəl Qubadlıda yerləşən hərbi hissədən Xocavəndə gətirilmişdi. Ancaq o, Xocavəndə gətirildiyini bizə deməmişdi. Sentyabrın 17-də telefonla görüntülü danışanda onun Xocavənddə olduğunu öyrəndim. Sentyabrın 18-də isə səsli danışdıq. Sentyabrın 19-da səhər saatlarında səs atdı ki, Əsmayə, mən döyüşə gedirəm, narahat olma, Şükürdən muğayət ol, amma bu barədə anama heç nə demə, nə vaxt imkan olsa, mən özüm sizə zəng edəcəm. Sonra mən ona səs atdım ki, Elxan, bilirəm, döyüşdə hər şey baş verə bilər, amma yenə də ehtiyatlı ol, özünü qoru, ailəni, Şükürü gözünün qabağına gətir. Şükür də yanımda idi, səsləndi ki, ata, səni gözləyirəm, gəl, tez gəl…

Elxan mənə son dəfə səs atdı ki, Şükürü, ailəmizi sənə tapşırıram, ancaq anamın bu söhbətlərdən xəbəri olmasın. Mən də cavab verdim ki, narahat olma, heç kəsə heç nə deməyəcəm. Çox təəssüf ki, son dəfə atdığım səsə qulaq asmadı… 

Əsmayə xanım Elxandan danışdıqca anası Afət xanım göz yaşlarına hakim ola bilmir:

– …Oğlumun yoxluğuna hələ də inana bilmirəm. Elxan 4 yaşlı körpə oğlunu atasız qoydu. Heç körpə balasını doyunca görə bilmirdi. Onun bütün amalı vətəni, ailəsi və körpə balası ilə bağlı idi. O, ancaq bunun üçün yaşayırdı. Özü köçkünlükdə əziyyətlə böyümüşdü deyə, istəyirdi ki, gələcəkdə balası əziyyət çəkməsin. Oğlum atasız böyümüşdü, indi onun da balası atasız böyüyəcək… Ona görə də bu yoxluğu özümə yaxın buraxa bilmirəm. Gözləyirəm ki, Elxan bir gün qayıdacaq, gələcək… Sentyabrın 18-də axşam saat 17:20-də Elxana zəng elədim, lakin o, telefonu açmadı. Fikirləşdim ki, yəqin telefonu səssizə qoyub, ona görə zəngi eşitmir. Aradan 20 dəqiqə keçəndən sonra telefonum zəng çaldı. Gördüm ki, Elxandır, dedi, mama, zəng eləmisən, yatmışdım deyə eşitməmişəm. Dedim, bu nə vaxtın yatmağıdır? Cavab verdi ki, ötən gecə özümü narahat hiss elədim, ona görə bir az yatıb dincəlmək istədim. Dedi, mama, narahat olma, özünüzdən muğayət olun, hər şey yaxşı olacaq, özüm sənə zəng edəcəm. Qayıtdım ki, ay oğul, biz nədən narahat olmalıyıq, biz rahat evimizdə oturmuşuq, cəbhədə erməni ilə üzbəüz olan sənsən, sən özündən muğayət ol… Həmin gün telefonu əlimdən yerə qoymadım ki, birdən Elxan zəng eliyər, bilmərəm. Amma nə qədər gözlədim, Elxan zəng eləmədi. Allaha yalvarırdım ki, Elxan bircə dəfə zəng eləsin ki, ay mama, narahat olma, yaxşıyam. Yox, yox… telefonuma zəng gəlmədi. Demə, heç Elxan həyatda yox imiş… Sentyabrın 20-dən 21-nə keçən gecə saat 3 radələrində Əsmayə mənə zəng elədi ki, Elxan yaralanıb, evə gətirirlər… Ani olaraq fikirləşdim ki, əgər Elxan yaralanıbsa, evə niyə gətirirlər?

20230923_175151

Elə bildim sinəmə xəncər sancdılar, nəfəsim kəsildi… Səhəri dirigözlü açdım. Bütün günü Elxanın yaralı vəziyyətdə gəlməsini gözlədim… Əsmayənin bacısı ilə otaqda oturmuşduq. Birdən mətbəxdən qışqırıq səsi gəldi. Tez mətbəxə keçdik ki, görək nə olub? Gördük ki, Əsmayənin əlindəki telefonda Elxanın şəkli var, altından da yazılıb ki, mayor Elxan Şükür oğlu Nəcəfi şəhid olub… Sanki həyat mənim üçün dayandı. Şəhid atasından sonra Elxanın şəhadəti bütün varlığımı alt-üst elədi… Oğul itkisi, övlad itkisi ağır olsa da, onun həlak olmağını mətanətlə qarşıladım, təsəllim o oldu ki, oğlum Elxan Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı… İndi o, təkcə mənim oğlum deyil, bütün millətin, xalqın oğludur. Bir təsəllim də odur ki, Elxanın atasının adını daşıyan Şükür adlı bir oğul yadigarı var. Həm də qürur duyuram ki, mən şəhid həyat yoldaşı, şəhid anasıyam…

Afət xanım özünü nə qədər təmkinli aparsa da, tox tutsa da, danışdıqca göz yaşlarına boğulur:

– Komandirinin dediyinə görə, Elxangil Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsin gedən döyüşə on nəfərlə giriblər. Onlardan bir neçəsi şəhid olub, qalanları yaralanıblar. Elxan mayor rütbəli başqa bir zabit yoldaşı ilə yaralı və şəhid əsgərlərimizi döyüş meydanından çıxartmaq qərarına gəliblər. Ağırlıq etməsin deyə hər ikisi əynindəki “bronjilet”i çıxarıb yaralıları yaxınlıqdakı hərbi hissənin maşınına doğru  aparanda Elxan pusquya yatan ermənilər tərəfindən “Kalaşnikov” markalı avtomatdan atılan 5,45 çaplı güllə ilə, zabit yoldaşı isə snayper gülləsi ilə şəhid olublar. Ermənilər bilirmiş ki, azərbaycanlı hərbçilər öz yaralı əsgərlərini, şəhidlərini döyüş meydanında qoyub getməyəcəklər. Ona görə də ermənilər marığa yatıb gözləyiblər ki, öz çirkin niyyətlərinə nail olsunlar. Çox təəssüf ki, onların bu bəd niyyətləri iki mayor rütbəli zabitin şəhid olması ilə baş tutub. Ermənilər iki saata qədər həmin ərazini atəş altında saxlayıblar ki, arxadan kimsə onlara yardım etməyə gələ bilməsin. Snayperlə vurulan mayor elə yerindəcə şəhid olub. Kürəyindən vurulan Elxan isə oradan təxminən 30 metr uzaqlaşıb, lakin xilas ola bilməyib, arxası üstə uzanıqlı gözü açıq vəziyyətdə qanitirmə nəticəsində şəhid olub. Mənim yaralı balam nə fikirləşirmiş, nə arzulayırmış, təəssüf ki, o, bu sualların cavabını əbədi olaraq özü ilə apardı…

Afət xanım sözünün davamını gətirə bilmir, qəhər onu boğur, kəlmələri boğazında düyünlənir…

20230923_193949

Afət xanımın fikrini tamamlayan Əsmayə xanım deyir ki, Elxanın çox arzuları vardı:

– Bir ili qalmışdı təqaüdə çıxmağa. Hər zaman hərbçi olmağı ilə fəxr edirdi. Mənə deyirdi ki, hərbi xidmətimi başa vurandan sonra sizin xidmətinizdə olacağam. Elxanın övladımızın gələcəyi ilə bağlı o qədər arzuları, planları vardı ki, çox gözəl xəyallar qururdu. Balaca Şükürü vətənə layiqli, özü kimi cəsur bir övlad kimi böyütmək onun ən böyük arzularından idi… Elxanın məzarı önündə söz vermişəm ki, onun yarım qalan arzularını gerçəkləşdirəcəyəm. Şükürü  elə böyüdəcəm ki, o da atası kimi mərd və cəsur olsun. Elxanın övladımızın gələcəyi barədə arzuları ilə yanaşı, vətən uğrunda şəhid olmaq arzusu da vardı. O, şəhid olmağı seçdi…

***

…Bəli, şəhidlik belə bir zirvədir. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, vətəni, xalqı yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar bu zirvəyə yüksələ bilərlər. Elə ona görə də şəhid olmağı özünə şərəf bilən Elxan Nəcəfi kimi oğullarımız şüurlu şəkildə ölümü gözə almağı bacarırlar. İllər, qərinələr  ötsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğuları ilə xatırlayacaqlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə Azərbaycan xalqına Qarabağımızın azadlığının sevincini bəxş edən Elxan Nəcəfi kimi oğullarımızı daim qəlbimizdə yaşadaq.

İlkin mənbə: Təzadlar.Az

Müəllif: Elbar ŞİRİNOV

ELBAR ŞİRİNOVUN DİGƏR YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SÜLEYMAN ABDULLA – ÇAĞ

Laçında qürub çağı. Fotoqraf: Natəvan Uğurlu

QÜRUB VAXTI QƏRQ OLMAĞIN ŞEİRİ

Mənə çox da qərib gəlməz suların yadı,
Fırtınalar qərq olmağa doğma ad sayır.
Adam var ki, başı batmış, adam var adı,
Sinəm altda ürək dolu ağrı çağlayır.

Üzmək olmur sərt dalğalar önü kəsəndə,
Ümmanların yaddaşında bəlkə də varıq.
Bu qaydadır – istəsən də, istəməsən də,
Biz qürubda unudulmuş son şüalarıq.

Əl-qol atmaq mənasızdır alatoranda,
Nə fərqi var, qopsa tufan, yağsa qar daha.
Yolu azmış bir gəmiyəm düşüb boranda,
Göz qırpmaz gəlişimə mayaklar daha.

Bir arzu da suya düşdü ümid səfimdən,
İstəmirəm nə danışa, nə dinə ağrı.
Bir cərəyan ötüb keçdi sağ tərəfimdən,
Sol yanımda ürək adlı bir sinə ağrı…

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Avrasya Yazarlar Birliği Derneği (AYB) Yönetim Kurulu toplanmışdır

Avrasya Yazarlar Birliği Derneği (AYB) Yönetim Kurulu 25.08.2024 tarihinde dernek merkezinde olağan gündemle toplanmış;

  1. Merhum Kurucu Genel Başkanımız Sayın Dr. Yakup Ömeroğlu’nun aziz hatırası yaşatılarak 18 yılı aşkın süredir hayatını vakfettiği AYB çatısı altında bugüne kadar yapılan Türk Dünyası coğrafyasındaki değerli çalışmaların yeni dönemde de sürdürülmesine;
  2. Avrasya Yazarlar Birliği Yönetim Kurulu Başkanlığı görevine yeni dönemde Yönetim Kurulumuzun değerli üyelerinden Ufuk Tuzman’ın oybirliği ile Genel Başkan olarak seçilmesine;
  3. İlgili kurum ve kuruluşlar nezdinde AYB ve himayesindeki iktisadi işletmelerin iş ve işlemlerinin takibi ve devamlılığının sağlanması için Yönetim Kurulu Başkanımız Ufuk Tuzman’a gerekli yetkinin verilmesine oybirliği ile karar alınmıştır.

Avrasya Yazarlar Birliği Derneği (AYB) Yönetim Kurulu

  1. Yakup Ömeroğlu Onursal Başkan
  2. Ufuk Tuzman Genel Başkan
  3. Osman Çeviksoy Başkan Yardımcısı
  4. Mustafa Kurt Başkan Yardımcısı
  5. Ataman Kalebozan Genel Sekreter
  6. Fatih Özer Sayman
  7. Cemile Kınacı Baran Bilim Kurulu Üyesi
  8. Hüseyin Yıldız Bilim Kurulu Üyesi
  9. Nurhan Buhan Asıl Üye
  10. Murat Çoban Asıl Üye

AYB ailesine hayırlı uğurlu olması temennisiyle,
AYB YÖNETİM KURULU

AVRASYA YAZARLAR BİRLİĞİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru