
ANA QOXUSU
Gecənin bir aləmi elə bil kimsə onu silkələyib yuxudan oyatdı. Gözünü açıb key-key ətrafa baxdı. Yuxuluydu hələ . Hələ dərk etmirdi heç nəyi. Gözlərini yumdu. Dili dodağı təpimişdi. Ağzı qupquru qurumuşdu. Hiss etdi ki, bərk susayıb. Ciyəri yanırdı lap. Başa düşdü ki, elə susuzluqdan oyanıb yuxudan da. Qaranlıqda çarpayının yanındakı tumbanın üstündəki stəkanı götürüb yuxulu-yuxulu ağzına apardı. Su -zad yox idi. Heyi də yox idi ki, mətbəxə keçsin. . İstədi gözlərini yumub təzədən yuxuya getsin. Gördü ki, yox, su içməsə yata bilməyəcək. Susuzluq yuxuya güc gəldi. Yavaş-yavaş yerindən durdu. Yalın ayaqlarını döşəməyə qoydu. Döşəmə buz kimi idi. İçi üşüdü. Vicələndi. Tez çəkələklərini ayağına keçirdi. Payız bir az tez düşmüşdü deyəsən. Oktyabrın ortaları olmasına baxmayaraq havalar çox soyumuşdu. Neçə gün idi yağış da səngimirdi.
Havanın qarasına deyinə -deyinə mətbəxə keçdi. Özünə bir stəkan su töküb başına çəkdi. Gözü işıqlandı elə bil.
Susuzluq aclıqdan da betərmiş sən demə. Yadına ac -susuz uşaqlar, küçə itləri, pişikləri düşdü. Darıxdı. Kefi pozuldu. Ürəyi yuxa idi. Elə başına nə gəlirdisə , ürəyi yumşaqlığından gəlirdi. Nə edə bilərdi. Əllini haqlamışdı artıq. Bundan sonra xasiyyətini dəyişməyəcəkdi ki. Olanı bu idi.
Sakitcə pəncərənin qabağına keçdi. Ağacların xışıltısından hiss etdi ki, bayırda yüngülcə külək əsir. Şəhərsə yuxulu idi. Sanki şəhər qaranlığın içində dincini alırdı, yorğunluğunu tökürdü. Əlini, ayağını uzadıb yatmışdı elə bil. Sakitliyi sevsə də nədənsə bu günkü sükut heç xoşuna gəlmədi onun.
Qəribə tənhalıq çökdü üstünə. Tez pərdəni bağladı, pəncərənin qabağından kənara çəkildi. Yatmaq lazım idi. Bir az da oyaq qalsaydı yuxulaya bilməyəcəkdi. Dirigözlü açacaqdı səhəri. Xasiyyətinə bələd idi. İçərinin soyuğu da canına hopmuşdu. Düşündü ki, belə getsə xəstələnəcək. Tez-tələsik mətbəxdən çıxdı. Dəhlizdən keçəndə yarımqaranlıqda gözü divardakı iri , bədənnüma güzgüyə sataşdı. Saçları dağınıq halda çiyninə tökülmüşdü. Çox solğun görünürdü bənizi. Gözlərinin altı qapqaraydı. Alaqaranlıqda üzünün ləkələri də aydın görünürdü. Əlini üzünə çəkdi .Bumbuz idi üzü. Sonra yataq otağına keçdi . Yuxusu əməllicə qaçmışdı . Təzədən yuxulamaq çətin olacaqdı.Amma yenə də yuxulamağa çalışacaqdı . Səhərə çox var idi hələ . Sakitcə yerinə uzandı. Yorğanı boğazınacan üstünə çəkdi. Üşüyürdü. Dişi dişinə dəyirdi.
Başını da yorğanın içinə saldı. Nəfəsiylə isitmək istədi özünü.
Bir müddət keçəndən sonra üşütməsi keçdi. Sakitləşdi bir qədər. Ürəyi sıxıldı yorğanın altında . Başını yorğandan kənara çıxardı. “Noyabr gəlməmiş istilik sistemini işə salmazlar. Nə veclərinə. Kimdi bizi düşünən?”
Özü də bilmirdi kimin qarasınca deyinir. Sonra bayaqkı yuxusunu xatırlamağa çalışdı. Heçnə xatırlamadı. Bircə bulaqdan su içdiyi an yadına yadına düşdü. Özünə təsəlli verdi: “Su aydınlıqdı. İnşallah ki, səhərimiz işığa açılar”.
Yenə gözlərini yumdu.Dəli kimi yatmaq istəyirdi. Yuxusuz qalanda bütün günü əsəbi olurdu. Ona görə də hər vəchlə çalışırdı ki, yuxulasın.
Saymağa başladı. Anasından öyrənmişdi ki, yuxu qaçanda saymaq lazımdı. “Bir , iki, üç…on, on bir…..100”
Saymaqdan yoruldu. Sayı da itirdi. Rəqəmlər qarışdı gözünün qabağında. “Yox e. Yaxşısı budu gözləyim. Haçan yuxu tutar ,tutar. Cəhənnəmə olsun. Özümü öldürməyəcəm ki”.
Sonra anasını xatırlamağa çalışdı. Kölgə kimi gəlirdi həmişə anası xatirinə. Uzunsaçlı və əsmərbənizli qadın idi anası. Yəni belə xatırlayırdı onu. Bulaqdan səhənglə su gətirərdi. Başında ağ kalağayısı yellənərdi həmişə.. Uçardı havada .Sonra çiyninə düşərdi kalağayı..Uzun , şabalıdı saçları yol alıb çıxardı kalağayının arasından. Bikə elə bilərdi ko, dünyada anasından gözəl qadın yoxdu. Çox vaxt anasını ağlayan görürdü. Səbəbini bilməzdi. Uşaq idi deyə heç anası da ona heç nə deməzdi. Ağlayardı eləcə. Sakit, səssiz. O da anasına qoşulub ağlayardı o zaman. Onun ağladığını görüb anası tez göz yaşını silərdi. Gülümsəyərdi. Bilərdi ki, anası candərdi gülümsəyir. Qızına görə. Sonra qısılardı anasına. Hörüyünü oynadardı . Atasını çox da sevməzdi.. Davakar , diliacı adam idi. Həm də söyüşcül. Heç nədən söz-söhbət salardı evdə. Dostları da özü xasiyyətdə idi. Günün çoxunu dostlarıyla keçirərdi. Üstündən başından siqaret və içki qoxusu gəlirdi həmişə. Yadına gəlirdi ki, nənəsi (anasının anası. Atasının anasını görməmişdi. Deyilənə görə Bikə 3 aylıq olanda xərçəngdən dünyasını dəyişmişdi. Amma zəhmətkeş qadın imiş. Əri öləndən sonra 3 uşağını min əzabla böyüdübmüş. Anası həmişə ağızdolusu danışırdı ondan. Rəhmət oxuyurdu. İki bibisi vardı. Qonşu kənddə ərdə idilər. Arada anasına qoşulub onlara gedirdi. Bir az soyuq , azdanışan qadınlardı. Amma kiməsə pislikləri dəyməzdi. Onlar neyləsin ki, qardaşları zay çıxmışdı) həmişə deyinirdi atasının qarasınca. Onu tüfeyli, alkaş, avara adlandırırdı. Amma anası ayrılmırdı ərindən. Yəqin sevirdi. Ya da el gözünə dözüb otururdu. Görəsən atası ömründə bir dəfə anasına hədiyyə almışdımı? Heç olmasa bir dəstə çiçək, ya bir ətir- filan. Xatırlamırdı. Deyəsən anası da heç nə ummurdu heç kişidən…
..Bikə yenə saymağa başladı..
“Bir, iki, üç, dörd…on”. Yox e. Yuxum əməllicə qaçıb. Yaxşısı budu sakitcə uzanım. Özümə əziyyət verməyim”
Sonra yenə anasının dalğalı , uzun saçları gəldi gözünün qabağına. Şabalıdı saçlarından xüsusi qoxu gəlirdi həmişə. Sonralar bu qoxunu heç vaxt, heç yerdə hiss etməmişdi Bikə. Amma əbədi burnunda qalmışdı o qoxu. Qəribə idi. Anasının surətini tam xatırlamasa da o qoxu onu həmişə təqib etmişdi. Heç bir ətir, çiçək qoxusu onu əvəz etməmişdi. Ta ki, oğlu Murad “Ana , saçların ana qoxuyur ” deyənəcən bu sualın cavabını tapa bilməmişdi. Demək anasının saçları da ana qoxuyurmuş. Bu qoxu bircə anaların saçından gəlirmiş. Anasını itirəndə 8 yaşındaydı. Bacısıyla baş-başa verib ağladıqları yadına gəlirdi bircə. Anasının nədən rəhmətə getdiyini də xatırlamırdı. Bir də nənəsinin səsi qulaqlarında qalmışdı. Qışqıra-qışqıra ah -nalə edirdi:
–Balamı Sətdar öldürdü. Allah onun cəzasını versin. Əclaf , alçaq.
Üz gözü cırmaq -cırmaq idi arvadın. Cırmaq yerlərindən qan gəlirdi. Bikəyə elə gəlirdi ki, bu qan deyil, nənəsinin ağrısı, acısıdı üzündən axır. Sonra adamların içindən atasını axtarıb tapmışdı gözü. Evin tinində oturub başını ovucları arasına aıb oturmuşdu. Yumulub yumağa dönmüşdü. Nədənsə heç onda da atasına yazığı gəlməmişdi. Anası ürək tutmasından dünyasını dəyişsə də həmişə ona elə gəlirdi ki, onun qatili atasıdı. Atasının əlində anasının qanı vardı. Hər halda o elə düşünürdü. Sonralar atası həqiqətən qatil olub həbsxanaya düşəndə də( dostuyla dalaşmışdı. Nənəsinin dediyinə görə ikisi də hallıymış. Mübahisələri düşüb və bıçağı dostunun ürəyinə sancmışdı. . Elə yerindəcə keçinmişdi dostu) ona elə gəlirdi ki, atası çoxdanın cinayətkarıdı. Yadındadı nənəsi bu xəbəri eşidəndə
–Dünyadan bir şeytan azaldı. İndi o birin də( atasın deyirdi) tutub basarlar dama. Balamı çərlədib öldürdü. Cəzasını da Allah verdi–demişdi. Onda Bikənin 18 yaşı, bacısının 13 yaşı vardı. Amma ona elə gəlirdi ki, yaşı lap çoxdu. Rəna da bacısı yox, qızıdı. Yaşından tez böyütmüşdü həyat onu. Nənəsiylə olurdular. Anasından sonra nənəsi onları da götürüb gətirmişdi yanına. Ümid etməmişdi atalarına. Heç ataları da onların nənələri ilə yaşamalarına narazılıq etməmişdi. Arada ağlı başında olanda gəlib baş çəkirdi onlara . Onda da nənəsi dünyada qalmayan sözü deyirdi kişiyə. Amma Bikə həmişə hiss edirdi ki, atasını sevmir. Hətta anlayırdı ki, nifrət edir atasına. İndi də atasının adam öldürmək xəbərinə qətiyyən təəcüblənmədi və narahatlıq keçirmədi.. Heç vecinə də olmadı. Onsuz da onun gözündə atası çoxdan qatil idi. Anası öldüyü gündən..
Üç il çəkmədi heç . Atasını da türmədə öldürdülər . Onda da Bikə heç nə hiss etmədi. Nə ağladı, nə də üzüldü. Çiynindən yük götürüldü sanki. Onda universitetin axırıncı kursunda oxuyurdu. Bacısı universitetə hazırlaşırdı. Həkim olmaq istəyirdi bacısı. Bikə isə müəllim olacaqdı. Anasının arzusuydu. Əlaçıydı. Nənəsi “uçitel qızım”-deyib əzizlədikcə nazlanır, sevincindən yerə -göyə sığmırdı. Hərdən avtobusla Bikənin qaldığı yataqxanaya da gəlirdi əlisovqatlı. Bikı razı olmasa da gəlirdi. Nənəsini ana bilirdi. Onlarçun yaşayırdı nənəsi. Amma hər sözünü, sıxıntısını nənəsinə deməzdi. İfal çəkərdi. Çətinliyə düşəndə anasını arzulayardı. Onun yoxluğunu həmişə hiss edirdi. Amma bununla belə nənəsini də çox istəyirdi. Dünyada nənəsindən və bacısından yaxın heç kimi yox idi.
Sonra nənəsi demiş “küçədən keçənin birini ” sevdi , evləndi. Nənəsi istəyirdi ki, Bikə onun tanıdığı biriylə ailə qursun. Qismət. Amma sonralar Eldarı da öz oğlu kimi sevib qəbul etdi. Allahtərəfi Eldar da nənəsinin hörmətini saxlayırdı həmişə. Sonra oğlu Murad dünyaya gəldi. Yaxşı ki, nənəsi Muradı gördü. O doğulan gün arvadın sevincinin həddi -hüdudu yox idi. Nənəsinə söz vermişdi ki, qızı olsa anasının adını qoyacaq. Amma qızı olmadı. . Yadındadı. Əvvəlcə nənəsinə verdiyi sözü tuta bilmədiyi üçün çox üzülmüşdü. Amma Muradı görəndən sonra bütün əzabları, ağrıları yadından çıxmışdı. Sonra…
Sonrasını xatırlamaq istəmədi..
Sən demə qızlar analarının taleyini yaşayırmış. Eldarla cəmi 5 il xoşbəxt həyat sürdülər. Günlərin bir günü əri başqa qadına aşiq olduğunu və ondan ayrılmaq istədiyini deyəndə dünyası başına yıxılmışdı.
Amma susmuşdu. Heç nə deməmişdi. Heç o qadının kim olduğunu bilmək də istəməmişdi. Axı nə dəyişəcəkdi? Ortada bir xəyanət vardı və onu hansısa bir qadınla aldatmışdılar. Sevgi filan da qalmamışdı arada. Heç hörmət də. Səhər gedib Eldardan əvvəl boşanma ərizəsi vermişdi məhkəməyə və tezliklə hər iki tərəfin razılığı ilə ayrılmışdılar. Beləcə Muradla ikisinin birgə həyatı başlamışdı. O gündən sevgi də ucuzlaşmışdı onunçun. Heç kimə inamı qalmamışdı. Yolunu bilirdi. Bundan sonra uşağıyçun yaşayacaqdı.
Eldar əvvəllər oğlunu tez-tez görməyə gəlsə də sonralar bu görüşlər yavaş-yavaş səngidi. Daha sonra telefon zənglərinin sayı da azaldı. Bikə heç özünü o yerə də qoymadı. İşləyib uşağını saxlayırdı onsuz. Kiməsə ehtiyyacı yox idi Məqsədi və bircə arzusu oğluydu. Onu cəmiyyətə ləyaqətli övlad kimi böyüdəcəkdi. Böyütdü də.
Xeyli sonra öyrəndi ki, Eldar ikinci həyat yoldaşından da ayrılıb və tüfeyli həyat sürür. Onu eşidəndən sonra ağrısı bir az xəfifləmişdi. Çiynindən yük götürülmüşdü illər əvvəl olduğu kimi.
“Şükür bacım xoşbəxt oldu heç olmasa. Pis gözlərdən iraq” .
..Telefonu əlinə götürdü.İşığını yandırıb saata baxdı.
Gecə 3 -dən keçmişdi artıq. 4-ə 15 dəqiqə işləyirdi. Bir az telefonla “oynayandan” sonra sakitcə tumbanın üstünə qoydu. Çantasını götürüb açdı. Ordakı həblərdən birini götürüb dilinin altına yerləşdirdi. Yoxsa yata bilməyəcəkdi. Yüz faiz əmin idi buna. Sol tərəfi üstə çevrildi. Ürəyinin döyüntülərini aydınca hiss edirdi . Yenə saymağa başladı.” Bir, iki…20..100…” Sonra…
Sonra özü də bilmədiyi bir aləmə düşdü. Buludların üstüylə gedirdi. Ayaqları yerə dəymirdi. Amma gedirdi. Hər yan ağappaq idi. Tərtəmiz, çiçək kimi buludlar tökülmüşdü ayağının altına. Qadın çalışırdı ki, buludları ayaqlamasın. Havadan tuta- tuta yeriyirdi . Hərdən ona elə gəlirdi ki, göydə uçur. Qollarıyla havanı yara -yara həm də. Uzaqdan qulağına səs də gəlirdi arabir. Kimsə gülürdü, ya ağlayırdı?. Kəsdirə bilmirdi. Səs gah arxadan, gah da qarşıdan gəlirdi. Bikə bilmirdi ki, hansı səsə yüyürsün. Kişi səsi qadın səsinə qarışmışdı. “Burdan gəl, burdan” “Gözün ayağının altına baxsın. Dəyərsən” “Sətdarın evi yıxılsın . Balalarımı yetim qoydu” .”Bikə, Bikəəəə”.
Var qüvvəsini toplayıb qaçırdı. Hiss edirdi ki, səslərdən qaçır. Dörd yanı səslə doluydu.
Yuxuyla gerçəyin arasında vurnuxurdu Bikə. Hiss edirdi ki, yorulur. Ayaqları sözünə baxmırdı daha. Arxasıyca sürünürdü ayaqları. Özünü çəkə bilmirdi . Buludlar yoxa çıxmışdı. Hər yan tüstü içində idi. Boğulurdu . Elə bil kimsə xirtdəyindən yapışıb boğurdu onu. Çırpınırdı. Nə qədər edirdisə bu əlin arasından çıxa bilmirdi. Kimsə barmaqlarını bərk-bərk keçirmişdi Bikənin boğazına. Əl -qol atırdı yuxunun içində. Tamam gücdən düşdüyünü hiss etdi . . Saymağa başladı “Bir , iki …….üç……! ” Birdən hardansa işıq düşdü üzünə. Səslər kəsildi. Boğazını buraxdı o görünməz əl. Kimsə yaxasının düyməsini açdı. Bikə son gücünü toplayıb ciyərdolusu nəfəs aldı..
Üzündə , gözündə ilıq nəfəs hiss etdi:
–Anamım saçları ana qoxuyur.
Müəllif: Təranə DƏMİR
AYB – nin və AJB -nin üzvü.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru