Bu gün xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdür
İsmayıl Şıxlı zahirən çox yaraşıqlı kişi idi və toylarda inanılmaz gözəlliklə rəqs edirdi. Daha çox “Ruhani” havasına oynayardı.
Çoxu elə bilir ki, İsmayıl Şıxlının övladları, xüsusən Elçin Şıxlı orta məktəbi rus dilində oxuyub. Hətta buna görə İsmayıl müəllimə irad bildirənlər də olub. Ancaq belə deyil. Elçinin sadəcə dayəsi Tyotya Matilda rus olub. Volqaboyu qaçqınlarından imiş. Elçin valideynləri ilə azərbaycanca, Tyotya Matilda ilə rusca danışırmış.
Elçin Şıxlı yaradıcılıq evlərinin birində tanış olduğu rus qızı ilə evlənmək istəyirmiş. İsmayıl Şıxlı onun qərarında qəti olduğunu görüb sakit səslə deyir: “Özün bilərsən, həyat sənindi, amma əgər o qızla evlənsən, bir daha mən olan evə ayaq qoymayacaqsan!” Bundan sonra Elçin Şıxlı fikrindən daşınır.
Qəribədir ki, “Urus Əhməd” İsmayıl Şıxlının “Dəli Kür” romanının sevimli obrazı idi. Cahandar ağanın qızı da ona vurulmuşdu. Amma həyatda…
Həyat yoldaşını düz 7 il ona verməyiblər. Baxmayaraq ki, qohumdurlar. Nəsilləri arasına qan davası düşübmüş. Sonralar barışıblar.
İsmayıl Şıxlı Bakıya gələndə ilk düşdüyü ev gələcək qayınatasının evi olub. Qohum kimi gəlib. O bina sonralar Yazıçılar İttifaqına verilib və İsmayıl müəllim Azərbaycan Yazıçılar İttifaqının sədri olanda həmin kabinetdə oturub. İndi həmin otaq AYB sədri Anarın iş otağıdır.
İsmayıl Şıxlının Azərbaycan Yazıçılar İttifaqından getməsini istəyən bir qrup qələm adamına yazıçı ağayana bir jest edir: Ərizəsini evdən göndərir və bir daha Yazıçılar İttifaqına getmir. Deyir, vəzifəyə görə yaxın adamlarımın belə əcaib sifətə düşməsini görmək istəmirəm. İntriqalar səhhətinə də pis təsir edirmiş. Həm də bu, onun ilk istefası deyildi. İlk dəfə ittifaqın 3-cü katibliyindən, daha sonra “Azərbaycan” jurnalının baş redaktorluğundan öz ərizəsi ilə getmişdi.
Səməd Vurğun öz yerində, Süleyman Rüstəmi də şair kimi çox sevib. Onun ölüm xəbəri gələndə Neftçalada imiş. Adamlardan aralanıb və eyvana çıxaraq ağlayıb.
Böyük Vətən Müharibəsi İsmayıl Şıxlının həyatına pozulmaz izlər qoyub. Onun bu barədə çoxlu yazıları, eyni zamanda xatirələri var. Qələbə günün müjdəsini xatırlayan yazıçı yazır: “Katerin radiosundan Levitanın səsini eşitdim: ”Düşmən danışıqsız olaraq təslim edilmişdir. May ayının 9-u Qələbə günü hesab olunur”. Qaçıb yoldaşlarıma dedim, inanmadılar. Dan yeri qızarırdı. Ətrafa sükut çökmüşdü.”
Bir tələbəsi ona dəlicəsinə vurulmuşdu. Həyat yoldaşı da bilirdi.
Şəkər xəstəliyindən gözləri tutulub, sonuncu əsəri olan “Ölən dünyam”ı diktə edib. Həyat yoldaşı yazıb. Sonra bir dəfə də üzünə oxutdurub qulaq asıb və deyib: “Hə, indi rahat ölə bilərəm.”
Vəsiyyət etməyib, amma övladlarına ilk və son sözü bu olub: “Adam olun, kişi kimi yaşayın!”
Belə soyuq olma bu bahar çağı, Qar kimi başıma çox ələnibsən. Özgəyə açılmaz qəlbimin bağı, Gözümə, könlümə ilmələnibsən.
Əgər üzük yoxsa nə lazım qaşı… Həsrət ağrı kimi gəzir canında. Əzəldən belədir dünyanın işi, Kimin qəlbindəsən, kimin yanında…
Qaldım çox üz-üzə daş inadınla, Eh mən də sonunda dəyişkən oldum. Özümü sevirəm sənin adınla, Düşünə-düşünə eyni sən oldum.
Keçir günlər, aylar, illər beləcə, Razıyam dərya ol, say damla məni. Gəl mənim ömrümə bir aylı gecə, Gəl başına dönüm, tamamla məni.
Gəl, ömrün payızı, qışı gəlmədən, Beş-on gün qalıbdı yazdan, yaşayaq, Heç bir ayrılığa olmasın nədən, Bu eşqə təzədən – başdan başlayaq.
22.03.2025
AD GÜNÜNƏ HƏDİYYƏM
Həyatın yolları düz, dolanbacı, Kiminə şirindir, kiminə acı, Kökdən gəlir gücün, çinar ağacı, Bir məktub asıram budaqlarına, Çatsın, ad gününə hədiyyəm olsun.
Köksün bu dünyanın rahat yerimi?! Orda unuduram dərdi-sərimi, Bir quşa öyrədim sevgi şeirimi Göndərim, qonaraq ayaqlarına Ötsün, ad gününə hədiyyəm olsun.
O bir eşq quşudur, sevgi quşudur, Dünyada ən dadlı tamın nuşudur, Səadət quşudur, sevinc quşudur, Uçub dodağımdan dodaqlarına Öpsün, ad gününə hədiyyəm olsun.
Hələ roman və povest nədir bilmirdim, heç düzəməlli nağıl da oxumamışdım; nə sonralar dəli kimi ucdantutma əsərlərini oxuyacağım Heminqueyin adını eşitmişdim, nə də Borxesin; Knut Qamsun, İvan Bunin, Stefan Svayq, Alber Kamyunu tələbəlik illərində kəşf edəcək; antik və orta əsrlər ədəbiyyatını isə daha da gec tanıyacaqdım.
Uşaq idim, heç məktəbə də başlamamışdım, amma İsmayıl Şıxlının adını eşidirdim evdə. Evimizdə bir İsmayıl Şıxlı kultu var idi…
Akademik Azad Mirzəcanzadə atamın da müəllimi və elmi rəhbəri olmuşdu. Atam tez-tez əziz müəllimimizin “Kitabı dəyərli qılan onun rəfdə hansı kitabın yanında durmasıdır həm də” kəlamını təkrarlayardı. Gənc yaşlarımda tez-tez başımı qaldırıb kiçik evimizin böyük kitabxanasına baxar, atamın İsmayıl Şıxlı ilə Səməd Vurğunun rəflərdəki kitablarının yanına hansı əsərləri düzdüyünə baxardım. Mənim üçün həm də bir başlanğıc nöqtəsi, tramplin idi bu nəhəng ədiblər. Oxuduğum bütün digər kitablar onların yanındakılardan başlayıb uzaqlara qədər uzanırdı sanki. Sanki İsmayıl Şıxlı, Səməd Vurğun, Hüseyn Cavid olmasaydı mən bu qədər oxumaz, məsələn Fukididdən başlayıb gedib, məsələn, Yukio Misimaya qədər çıxmazdım.
Qırx yaşımı keçəndə artıq ata evindən çıxmışdım. Atamın böyük kitabxanası anam və qardaşıma əmanət idi. Türkiyədən Bakıya hər gələndə ata evimə girər-girməz özümü ilk əvvəl o otağa atardım. Atam dünyasını dəyişəndən sonra anam bütün özəl əşyalarını toplayıb o otağa keçmişdi. Kitabxana anamın otağı olmuşdu. Orada kitabların arasında yatır, xəstələnib yatağa düşəndə isə bütün gününü orada keçirirdi. “Otaqda bir kitablar vardı, bir də atamın ruhu”, – anam belə deyirdi…
Anamın son ayları idi. Bakıya gəldim Yeni il ərəfəsində. Otağına girəndə yatırdı. Yanında oturub əlini ovcumun içinə alıb öpməyə başladım. Gözlərini açıb təbəssüm etdi, “yaxşıyam mən…ac deyilsən ki” dedi, cavabımı eşitmədən yenidən yatdı. Əllərini buraxmadım, başımı qaldırıb ətrafa, divara asdığı şəkillərə, rəflərdəki saysız-hesabsız kitablara baxmağa başladım.
“Ortadakı rəf”də, “başlanğıc nöqtə” adlandırdığım yerdə “Dodaqdan qəlbə” kitabı durmuşdu. Gözlərimə inanmadım, axı atam Reşat Nuri Güntekinin kitabını heç vaxt bu rəfə qoymazdı…
Anamın əlini buraxıb yavaşca kitabı götürdüm. Açan kimi xatırladım, atam bu kitabı anamla nişanlı ikən ona hədiyyə etmişdi. Anam illər sonra, ömrünün son dəmində onun üçün çox dəyərli kitabı götürüb ən dəyərli yazarların əsərlərinin yanına qoymuşdu…
Əlli yaşımı keçəndə “orta rəf”dəki kitabların yazarlarına başqa gözlə baxmağa başladım. Məsələn, akademik Mirzəcanzadəni təkcə bir alim kimi yox, dönməzliyin, dissidentliyin; Hüseyin Cavidi romantizmin və Türkçülüyün; Səməd Vurğunu Vətənə və Ana dilimizə vurğunluğun, İsmayıl Şıxlını kişiliyin simvolları kimi görürdüm artıq.
Ağabəyim Məmməd Musayevin təbiri ilə desək İsmayıl Şıxlı həm də Qazağın Konstitusiyasının müəllifidir. O Konstitusiya nə vaxt yazılıb, necə yazılıb, onu görən varmı – bilən yoxdur. Amma onu sanki biz hamımız oxumuşuq. Və ona bəzilərimiz hələ də riayət eləməyə çalışırıq…
İstidə isinib, soyuqda üşüyürsənsə, Xəyallara dalıb, kimisə düşünürsənsə, Bu dünyaya gəlib, insan kimi yaşayırsansa, Daha nə istəyirsən?
Zirvələrə dırmanmağa ayaqlarının gücü çatırsa, Bu dağlar, bu meşələr könlünə yatırsa, Şəlalələrin şaqraq səsi Sevincinə sevinc qatırsa, Daha nə istəyirsən?
Ətirli çəmənlərdə gəzə bilirsənsə, Dənizlərdə, göllərdə üzə bilirsənsə, Məhəbbətin şirin əzabına dözə bilirsənsə, Daha nə istəyirsən?
Gözəl görəndə gözlərin gülürsə, Ürəyin sevgidən inləyə bilirsə, qulaqların yarpaqların pıçıltısını, ləpələrin, quşların səsini dinləyə bilirsə, Daha nə istəyirsən?
Baxışların güllərin rəngini görə bilirsə, Əllərin sevgilinin saçlarını hörə bilirsə, qızlara vermək üçün çiçək dərə bilirsə, Daha nə istəyirsən?
Gözlərin bir cüt ilahi gözə əsirsə, Qəlbinin telləri sevgidən əsirsə, Sevdalı ürəyin görüşə tələsirsə, Daha nə istəyirsən?
İnsanların doğmasını, yadını bilirsənsə, Dünyada hər şeyin adını bilirsənsə, Yaşamağın ləzzətini, dadını bilirsənsə, Daha nə istəyirsən?
Tanrı səni bu dünyaya gətiribsə, Gözlərindən qəflət pərdəsini götürübsə, Qəlbində arzu gülləri bitiribsə, Səni səadətə, xoşbəxtliyə yetiribsə, Daha nə istəyirsən? – Xoşbəxtlik bu deyilmi?! 11. 08. 2001
Müəllif: Rafiq YUSİFOĞLU, şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Bu gün el sənətkarı Aşıq Ələsgərin anadan olduğu gündür
Martın 22-si ustad sənətkar, şeirləri dillər əzbəri olan Aşıq Ələsgərin anadan olduğu gündür.
“Aşıq olub, tərki-vətən olanın, Əvvəl, başda pür kamalı gərəkdir…”
belə söyləyirdi ustad aşıq Ələsgər… Dədə Ələsgər, həqiqətən də, Azərbaycan aşıq ədəbiyyatının fəth olunmaz zirvəsidir. O, ömrünü əsl ustad, el sənətkarıtək yaşayaraq Azərbaycan aşıq yaradıcılığında zəngin ədəbi xəzinə qoyub getdi. Bu gün Dədə Ələsgərin vəfatından 204 il keçir. Məkanın cənnət olsun, ustad Aşıq!
Aşıq Ələsgər 1821-ci il martın 22-də Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 2 il Kərbəlayı Qurbanın həyətində nökərçilik edir.
Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayi Qurbanın Səhnəbanı adında 10–12 yaşlı bir qızı vardı. Yeniyetmə Ələsgərlə onun arasında mehriban, səmimi münasibət yaranmış, onlar bir-birini sevmişlər. Ancaq Kərbəlayı Qurbanın Məhərrəm adlı bir qardaşı vardı. Var-dövləti çox olduğuna görə mahalda ona “pullu Məhərrəm” deyirdilər. O, Səhnəbanını öz oğluna almaq istəyirdi. Buna görə gənclərin bir-birinə olan məhəbbətindən xəbər tutan kimi Ələsgəri Kərbəlayı Qurbanın həyətindən qovdurur. Səhnəbanını isə öz oğluna alır. Uşaqlıq və yeniyetməlik illərini Ağkilsədə keçirən Aşıq Ələsgər xüsusi təhsil ala bilməmişdi. O, sənətin sirlərini kənd camaatının içində, el sənətkarlarının və ağsaqqallarının yanında öyrənmişdi. Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə gedən Ələsgər mollaların hadisələrinə, dərvişlərin nağıllarına, aşıqların dastanlarına həvəslə qulaq asır. Güclü yaddaşı olduğundan eşitdiyi söhbətlərin hamısını hafizəsində saxlayar, sonra heç bir çətinlik çəkmədən başqalarına danışardı.
Aşıq Ələsgər xalq şeirimizi əsil xalq dilində, şirin bir ovqatla yaşadan, yaradan, aşıq sənətini zənginləşdirən, özünün Ustad möhürünü vuran sənətkar idi. Onun yaradıcılığına dövlət səviyyəsində həmişə yüksək qiymət verilmiş, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə Moskvada böyük sənətkarımızın 150 illik yubileyi qeyd olunmuşdur. Dahi sənətkarın Ağkilsədə büstü qoyulmuşdur. 1972-ci ildə Ustadın anadan olmasınınm 150 illiyi keçirilmiş, 1997-ci ildə Ulu öndərin sərəncamına əsasən, 175 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Bu, Heydər Əliyev tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim el sənətinə, Göyçənin sənətkar oğluna verdiyi yüksək dəyərdir.
Bu zəngin ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilib, Onun sərəncamı ilə 2011-ci ildə Ustad Aşığın 190 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd olunmuş, Heydər Əliyev Sarayında yubiley tədbiri keçirilmişdir. Cənab Prezidentin yüksək diqqətinin nümunəsi kimi Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq Məktəbi”i açılmışdır. Azərbaycan Aşıqlar Birliyi 2011-ci ili “Aşıq Ələsgər ili” elan etmişdir. 2021-ci ildəl sənətkarının 200 illik yubileyi geniş şəkildə qeyd olunmuşdur.
Qeyd edək ki, ustad el sənətkarı Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat etmiş, Ağkilsə qəbiristanlığında dəfn olmuşdur.
Dərin hörmətlə yad edirik.
Yazını hazırladı, Aynurə Əliyeva, ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər 2019-2020-ci təris ilindən etibarən məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq olunur.. Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isə yazarlar.az saytı idarəçiliyindədir. Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir. Zaur Ustac yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır. Biz də Zaur Ustaca yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!!
Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!!
Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!!
Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
ARAZ
Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
NADANLIQ
Urmu axan göz yaşımdı, Yanağımda duz olubdu… Urmu, Urmu söyləməkdən Bağrım başı köz olubdu…
Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın?
Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür…
Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik…
Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm!
İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla…
Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi…
İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə…
Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq…
Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün!
Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!
SEVİN, A TƏBRIZ!
Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər!
Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq…
Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman!
İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü!
Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!
ANA DİLİM
Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasından 106 il ötür
Martın 22-si Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 106 ili tamam olur. Görkəmli yazıçını böyük ehtiram və hörmətlə yad edirik!
İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun (ADPU-nun) Filologiya fakültəsində aspirant, müəllim, baş müəllim olmuş, Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi kimi çalışıb. “Azərbaycan” jurnalında baş redaktor , Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olub. Daha sonra Azərbaycan Yazıçılar İttifaqının sədri və Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib.
Onun yaradıcılığında tərcümə ədəbiyyatı da mühüm yer tuturdu. O, XIX əsr fransız ədəbiyyatının məşhur realist yazıçısı Gi de Mopassanın, Türkiyəli yazıçı Əziz Nesinin “Taxtalıköydən məktublar” sərlövhəli satirik hekayələrini ilk dəfə 1980-ci illərdə tərcümə edərək azərbaycanlı oxucuya təqdim etmişdi.
“Qızıl Ulduz”, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, II dərəcəli “Böyük Vətən müharibəsi” ordenləri və medalların, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanının və Azərbaycan Respublikasının “Şöhrət” ordeninin sahibi olan Xalq yazıçısı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Bu gün -martın 22-də, anadan olmasının106-cı ilində İsmayıl Şıxlının aşıq Ədalət Nəsibova yazdığı “A dünya” şeirini təqdim edirik:
Səndə neçə möcüzə var deyirlər, Ən alisi Ədalətdi, a dünya. Günəş batsa, “Kərəmi”nin alovu Yerə-göyə kifayətdi, a dünya.
Şah pərdədə dilə gəlir o sirlər, Sərraf görüb yel kimicə əsirlər. Ədalətin sazındakı sehirlər, Sevən qəlbə səadətdi, a dünya.
Xəyal yenə nə tez uçdu uzağa, Vurğun məni vurğun edib Qazağa. Şıxlı çıxan o müqəddəs ocağa Nə vaxt getsəm, ziyarətdi, a dünya.
Haray baxır bu varlığa, vəhdətə, Alqış deyir o ilahi qüdrətə. Möcüzəli sənətkara, sənətə Səcdə etmək sədaqətdi, a dünya.
Yazını hazırladı, Aynurə Əliyeva, ADPU-nun ETM-nin elmi işçisi, Filologiya fakültəsinin müəllimi.
Nadir fotolar silsiləsindən Bu foto Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın dəfn günü çəkilib. Soldan: Oleq Sarayev (Sara xanımın oğlu, Tağıyevin nəvəsi), Fuad Abdullayev (Sara xanımın nəvəsi, Tağıyevin nəticəsi), Rəsmi Abdullayev (Sürəyya xanımın oğlu, Tağıyevin nəvəsi), Püstəxanım Əzizbəyova (Dövlət Tarix Muzeyinin direktoru, akademik), Lev Sarayev (Sara xanımın oğlu, Tağıyevin nəvəsi), Dmitriy Sarayev (Lev Sarayevin oğlu, Sara xanımın nəvəsi və Hacı Zeynalabdin Tağıyevin nəticəsi). Foto 1991-ci ilin 15 dekabrında, Dövlət Tarix Muzeyində çəkilib.