Güneyli şairlərin yaradıcılığında Qarabağ mövzusu

Azərbaycanda ədəbi-bədii, mədəni-ictimai həyat hər zaman Güney ədəbiyyatına təsir göstərir. İkinci Qarabağ savaşı zamanı (27 sentyabr-9 noyabr 2020-ci il) İranda yaşayan cənublu qardaşlarımız haqqın bərpasını – Qarabağın Azərbaycana birləşdirilməsini ürəkdən dəstəklədilər. 30 il idi ki, Qarabağ dərdi Güneydəki soydaşlarımızın da qəlbinin bir tərəfində yara bağlamışdı. Bu savaşın qələbə sevincindən onlar da şad oldular. Bu müharibədə şəhid, qazi olmuş hər bir qeyrətli Azərbaycan balası üçün onların da ürəyi alışıb yandı. Baş verən bu hadisələrdən təsirlənərək İkinci Qarabağ savaşından  sonra İranda yaşayan azərbaycanlı şairlər ana dilimiz – Azərbaycan türkcəmizdə Qarabağa həsr etdikləri şeirləri bir yerə toplayaraq “Araz şaqqıldayır damarlarımda” adlı kitab çap ediblər. Kitab İranın Tehran şəhərinin “Avaz” nəşriyyatında (noyabr, 2021-ci il) işıq üzü görüb. Kitaba Təbriz, Ərdəbil, Urmiya, Sərab, Əhər, Qaradağ və sair şəhərlərdən şairlərin şeirləri toplanıb. 

Şükranə Aləmin “Mən Vətənəm”, Cəfər Purrəzəvinin “Canım, canım, Azərbaycan!”, Əbdüləli Ayrumlu Vəfanın “Torpağım”, Əbülfəz Kəriminin “Azərbaycanım”, Əli Cavadpurun “Vətən” və digər şeirlərdə “Qarabağ Azərbaycandır!” ideyasının bədii ifadəsini oxuyuruq:

Hər zaman yadıma düşür Qarabağ,
Yarpaqtək qüssədən titrəyir dodaq.

(“Ayrılıq zamanı”, Muxtar Sədrməhəmmədi)

Bilirik ki, İkinci Qarabağ müharibəsi başlayan ilk gündən Xarıbülbül Azərbaycan xalqının mübarizə rəmzinə çevrildi. “Xarıbülbül” sözü işləndikdə həmişə mövzunun Qarabağa aid olduğu aydın olur. Kitabın üz qabığında verilmiş dəmir yumruq və həmçinin Xarıbülbül rəmzi səciyyəlidir. Dəmir yumruq – güc, həmrəylik, birlik simvolu, Xarıbülbül – şəhidlərimizə olan hörmət və ehtiram, həmçinin, şeirlərin Qarabağ mövzusunda olması anlamında verilib. Bu seçimi ədəbi duyarlılıq və böyük həssasiyyətin nəticəsi kimi başa düşmək olar.

Məhəmmədrza Şücai (“Şuşa”), Hacıağa Əmcədi (“Qarabağım”), Bayraməli Hüseynzadə (“Qarabağ”), İdris Qəmgin (“Baxdı qayıtdı”), Mustafa Quluzadə Əliyar (“Qarabağ”), Nadir İlahi Meşkinşəhr (“Qarabağ”), Duman Bəxtiyari (“Qarabağım”),  Saqib Rəştəbadi “Qarabağım, ağlama”), Əlirza Əmbaz (“Can Qarabağ”), Qiblə Arbatan (“Qarabağ”),  Yəqub Nami (“Qarabağ”), Gəştasb Əbbasvənd (“Qarabağlı bayatısı”, “Xarı bülbül”), Vəhid Sultanzadə (“Qarabağ”), Maral Təbrizli (“Ay Qarabağım”), İmamverdi Samani (“Qarabağda röya”), Mehdi Əzimi (“Qarabağ”), Saleh Səccadi (“Qarabağ”) və başqa müəlliflər şeirlərini “Qarabağ şikəstəsi”, “Xarıbülbül”, “İsa bulağı”, “Cıdır düzü” kimi birləşmələrlə bəzəyirlər ki, bunlar həmin şeirləri daha rəngarəng, təbii edir, oxucunun gözləri qarşısında gözəl Qarabağ diyarının mənzərəsini canlandırır:

Kəsəcəyəm düşmən səsin,
Sındıracağam qəfəsin.
Qarabağın şikəstəsin
Çalacağam Qarabağda.

(“Qarabağda”, Qızılqələm)

Şeirin yaranma səbəblərindən biri də qəmdir. Xocalı fəryadının böyük kədər hissindən yaranan “Xocalı” şeirində Əyyub Şəhbazi və İşıq Qaradağlı xocalıların ağrı-acısını dilə gətirir, erməni cəlladlarının amansız rəftarlarına qarşı etiraz səslərini ucaldırlar. Həmçinin igid Azərbaycan oğullarının düşmən – ermənidən qisas almasını yazırlar.

“Araz şaqqıldayır damarlarımda” kitabı Şimal və Cənubu ədəbiyyat müstəvisində birləşdirən mənəvi bağ, təqdirəlayiq bir addımdır. Bu kitabın mədəniyyət və incəsənət tarixində öz yeri var. Həmin şeirlər gələcək nəsillərə Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu aşılayan poetik mənbələrdəndir. 

Cəbrayıl Cəfərpur (“And ola”), Yəqub Nikzad (“Vətən”), Əbutalin Allahyarı Tutqun (“Bir addım torpağın qalmasın gərək”), Mehdi Nəcəflu (“Qarabağın ürək dağı”), Fatimə Əbdi Könül (“Sual-cavab”), Əli Rəşrbər (“Payız günəşi”), Huşəng Cəfəri (“Oralıyam mən”), Vüqar Nemət (“Qarabağ”), Hüseyn Rəmzi (“Qarabağ kimi”), Səid Muğanlı (“Qarabağ”), Behruz Sədiq (“Qarabağ”), Tohid Namvər, Qulamrza İmaməlizadə (“Qarabağ”), Mirdavud Mirməhəmmədzadə (“Qarabağdadı”), Hüseyn Seyfheris Ağyarlı (“Təbrizdən”), Əmir Daryani (“Qarabağ anadır”), Arif Sasani (“Qarabağ”), Haray Ərkin (“Sən o tayda, mən bu tayda”) və başqa şairlər qeyrətli Azərbaycan oğullarının şücaətindən fəxrlə bəhs edirlər, bənzətmə üçün tarixi keçmişə səyahət edib Koroğlu, Babək, Xətai kimi qəhrəmanları yada salırlar, sevincimizə şərik, kədərimizə həmdərd olurlar:

Qarabağda güllə dəyəndə sənə,
Ürəyim dolurdu kədərə, qəmə.
Bu cür deyim güllə dəyirdi mənə,
And olsun şərəfə, həqqə, vətənə,
Dil birdir, din birdir, istəyimiz bir.

(“Qarabağ”, Qiblə Ərbatan)

Təbriz şairi Muxtar Sədrməhəmmədi ön sözdə yazır: “Ermənilərin Azərbaycanın tarixi və hüquqi ərazisi olan Qarabağda müsəlman xalqa qarşı törətdiyi cinayətlər İranda olan azərbaycanlı şairlərin ruhunda çox dərin təəssürat yaratdı. O dönəmdə humanitar yardımlar təşkil etmək hədəfi ilə xalqdan pul toplanıb, hətta bir çox insan Qarabağda könüllü əsgər kimi müharibəyə hazır olduğunu açıqladı. Bu arada, əlbəttə ki, şairlər bu vəziyyətə qarşı laqeyd qalmayıb dəyərli şeirləri ilə xalqda yaranan hissiyyatı bədii cilvələrlə əbədiləşdirdilər”.

Doğrudur ki, şairlər ürəyinin nəğmələrini söyləyirlər. Ön sözdən gətirdiyimiz sitat cənublu qardaşların 30 il boyunca nisgilə dönmüş Qarabağı azad görmək istəyinin ifadəsi, bu şeirlər isə onların könül nəğmələridir. Ön sözdə bu da qeyd olunur ki, Qarabağa dair şeirləri müxtəlif ixtisas, peşə sahibləri yazmışlar. Bu, gözləniləndir: Qarabağ sevgisi hər kəsin qələminə güc, ürəyinə qüvvət verə, şair edə bilir. 

“Araz şaqqıldayır damarlarımda” kitabındakı şeirlər dil-üslub xüsusiyyətlərinə görə də maraq doğurur. Bu şeirlərdə diqqətə gələn “umud”, “ğəm”, “rahət”, “eyliyib”, “vırax”, “ğəzəl” kimi sözlər Cənub dialektinə məxsusdur. Xalq danışıq dilindən alınmış bu sözlər həmin şeirlərə daha obrazlılıq, canlılıq, təbiilik gətirir. Burada assonans, alliterasiya, təkrir, epitet, təşbeh və s. kimi vasitələrdən istifadə edilmiş, qafiyənin gözəl nümunələri yaradılmışdır.

Cənub ədəbiyyatı, folkloru, dialekti mütəmadi öyrənilən sahədir. AMEA-da hələ Sovet dövründə böyük təşəbbüslə Cənubi Azərbaycan şöbəsi yaradılmışdı. Bu gün də Güneydəki ədəbiyyat, onun araşdırılması, tədqiqatı sahəsində uğurlu işlər həyata keçirilir. Almaz Əliqızı-Məmmədova, Esmira Fuad Şükürova, Pərvanə Məmmədli, Sayman Aruz və başqa tanınmış imzalar Cənubi Azərbaycan ədəbiyyatının tədqiqatçılarıdır. Şair və yazıçılarımız Cənub mövzusuna ədəbiyyatda mütəmadi müraciət etmişlər. Həmçinin, Güneydə doğulub-yaşayan şair və yazıçıların Quzey Azərbaycan ədəbiyyatında çox böyük mövqe tutmalarını bilirik. Bu zirvəni fəth edən ustad Şəhriyarın Quzey Azərbaycan ədəbiyyatına əvəzsiz təsiri və yerini xüsusi vurğulayırıq. Şəhriyar ana dilimiz barədə gözəl yazmışdı:

Türkün dili tək sevgili, istəkli dil olmaz.
Bir yad dilə qatsan, bu əsil dil, əsil olmaz.

(M.Şəhriyar)

Zamanında Şəhriyarın hamımızın adından bu şeirdə və digər şeirlərində ana dilinə verdiyi önəmin davamı olaraq, çağdaş dövrdə Güneydə ana dilimizdə şeirlər, əsərlər yazılması ənənəsini yaşatmaq, həmçinin, “Araz şaqqıldayır damarlarımda” kitabını çap etdirmək vətənpərvər, dilimizi uca tutan bütün şairlərin, söz-sənət, ədəbiyyat adamlarının mənəvi qələbəsidir. 

Cənubla Şimal arasındakı bədii-mənəvi körpünü möhkəmləndirən, Qarabağ torpağına sonsuz sevgiləri olan İrandakı azərbaycanlı şair bacı-qardaşlara  ədəbi bağlılığı inkişaf etdirmək istiqamətində bu fədakarlıqlarından dolayı Bakıdan ehtiram və salamlarımızı göndəririk. Kitabın ərsəyə gəlməsində xüsusi təşəbbüsü olan Təbriz şairi Muxtar Sədrməhəmmədə bu uğurlu nəticəyə görə təşəkkür edir, kitabı Təbrizdən mənə göndərən Leyla bacıma sonsuz sevgilərimi bildirirəm! 

Müəllif: Yeganə QURBANOVA-XANLAROVA
Filologiya üzrə fəlsəfə doktoru, 
BDU-nun əməkdaşı

YEGANƏ QURBANOVA-XANLAROVANIN YAZILARI

Heo Yunjeong

Heo Yunjeong

Şair Heo Yunjeong Koreyanın Sançxonq bölgəsində anadan olub. O, 1980-ci ildə “Hyundae Munhak” (“Müasir ədəbiyyat”) jurnalında şeirlərinin dərc olunması ilə ədəbi fəaliyyətinə başlayıb. Sonralar “Mack” adlı poeziya jurnalını təsis edib və 11 il ərzində onun nəşri və redaktəsi ilə məşğul olub.
Hazırda o, PEN Koreya Mərkəzinin idarə heyətinin üzvü, Koreya Şairlər Assosiasiyasının Planlaşdırma Komitəsinin üzvü, həmçinin Koreya Yazıçılar Birliyinin Cənub–Şimal Mübadilə Komitəsinin üzvüdür.
O, bir çox şeir kitablarının müəllifidir. Onların arasında “Boş səmanın bir küncü”, “Taclı ibisin sirri”, “Xırda çiçəklərin qapısında”, “Ulduzlar ölkəsi”, “İkiqat gavalı çiçəklərinin açdığı ev”, “Sorae kəndinin qadını”, “Yüz bir misralıq şeir” və başqa toplular var. Onun ədəbi yaradıcılığı çoxsaylı mükafatlarla qiymətləndirilib: 1-ci Baekja İncəsənət Mükafatı, 1-ci Sinsaimdang Ədəbiyyat Mükafatı, PEN Koreya Ədəbiyyat Mükafatı (2016) və 20-ci Koreya Yazıçılar Birliyi Mükafatı (2023).

13-cü Gün

Axtarış işığı –
üzülmüş ülgüc kimi.

Günəş – konus papaqlı,
öldürülmüş piano.

Qan ləkəsi –
rəqs edən musiqi.

Dönüş nöqtəsi –
tikanla püskürən kəsişmə.

Foto-kağız siqnal kimi ulayır,
kameranın nağılı danışılır.

Montaj – gülür.

Dizayner

Günəşi ip ilə bağla.

İşıq

Bu – sayıqlamadır.

Müəllif: Heo Yunjeong

Tərcümə: Zaur USTAC, Cahangir NAMAZOV


Pərvanə Salmanqızı yazır

Sevənləriniz Çox, Sevdikləriniz Yanınızda Olsun

Həyatın ən gözəl mənası sevgidə gizlidir. İnsan sevdikcə yaşayır, sevilmədikcə isə sönür. Hər bir insanın ruhuna güc, qəlbinə işıq verən ən saf hiss – sevməkdir.
Sevgi – bəzən bir baxışda gizlənir, bəzən bir sözün səmimiyyətində, bəzən də səssiz bir duada yaşayır.

Bu dünya o qədər dəyərlidir ki, onu gözəlləşdirən insanların varlığıyla daha da mənalı olur. Sevən ürəklər dünyanı dəyişir, sevgisiz qəlblər isə qaranlıqda itib gedir.
Ən böyük xoşbəxtlik – səni anlayan, sənə inanan, səni sevən insanların əhatəsində yaşamaqdır.

Sevgi təkcə iki ürəyin bağlanması deyil, həm də insanlıq, mərhəmət və səmimiyyətin rəmzidir.
Elə insanlar var ki, onların varlığı belə bir nur kimi ətrafına yayılır. Onlar həyatımıza rəng, sözlərimizə dərinlik, günlərimizə mənalar qatır.

Hər birimiz üçün dualarımız belədir:
Sevənləriniz çox, sevdikləriniz daim yanınızda olsun.
Sizə dəyər verən insanlar heç vaxt sizdən uzaq düşməsin.
Hər səhəriniz ümidlə açılsın, hər axşamınız minnətdarlıqla bitsin.

Unutmayaq ki, hər bir gözəl münasibət, hər bir dəyərli dostluq və hər bir saf sevgi həyatın bizə verdiyi ən böyük nemətdir.
Qəlbini sevgi ilə qoruyan insan heç vaxt tək qalmır – çünki sevgi elə bir enerjidir ki, paylaşıldıqca böyüyür, böyüdükcə dünyanı gözəlləşdirir.

Bu gün kimisə sevindirmək, kiməsə bir gülümsəmə bəxş etmək üçün ən doğru gündür.
Qəlbinizin işığı heç vaxt sönməsin, sevgidən doğan ümidləriniz daim yaşasın.

Həyat, əslində, sadəcə yaşamaq deyil — hiss etməkdir. Hər gün bir az daha dərin, bir az daha mənalı yaşamaq…
İnsanı var edən, ona güc verən — sevmək və sevilməkdir.

Bəzən bir gülümsəmə, bir baxış, bir söz belə insanın içində bir ömürlük iz buraxır.
Elə insanlar var ki, varlıqları belə ruhu sakitləşdirir, sevgiləri dua kimi könülə düşür.

Sevənləriniz çox, sevdikləriniz daim yanınızda olsun.
Həyat sizi sevincin, işığın, sevginin içində bürüsün.
Unutmayın — sevgi Tanrının insana ən gözəl əmanətidir. O əmanəti qoruyun, böyüdün, paylaşın…

Hər kəsin həyatında elə bir nəfər olsun ki, onunla dünya susanda belə ürək danışsın.
Və hər bir gününüz, bu gün kimi, sevgi və ümidlə başlasın.

Yeni gün, yeni başlanğıcların, saf arzuların və ürəkdən gələn duaların təzə nəfəsidir.
Bu gün də həyatınıza sevgi, işıq və ümid dolsun, əziz və dəyərli xanımlar!
Qəlbinizdəki səmimiyyət, ruhunuzdakı güc və zərifliyinizi hər addımınıza qatın.

Unutmayın, hər biriniz bu dünyanın gözəlliklərinə rəng qatan, ailəsinə, dostlarına və cəmiyyətə nur saçan bir işıqsınız.
Allah könlünüzə səfa, gününüzə bərəkət, yolunuza uğur bəxş etsin.
Hər səhər sizi yeni sevincə, yeni xeyirə aparsın.

Həyatın hər səhəri bir mesaj daşıyır — “yenidən başla, yenidən inan, yenidən sev.”
Hər gün bir fürsətdir: kiminsə qəlbinə toxunmaq, kiminsə həyatına işıq salmaq, kiminsə ümidini yeniləmək üçün.
Çünki dünyada ən böyük möcüzə, bir insanın başqa bir insana sevgisi ilə dəyişə bilməsidir.

İnsan ruhu sevgi ilə böyüyür, mərhəmətlə saflaşır, ümidlə yaşayır.
Bir gülümsəmə, bir səmimi söz, bir dost salamı — bəzən bir ömrü dəyişə bilər.
Əsl dəyər, gördüyün qayğını deyil, göstərdiyin sevgini ölçə bilməkdir.

Bəzən həyat səssiz görünür, amma o səssizliyin içində dua kimi sevən qəlblər var.
Elə insanlar var ki, uzaqda olsalar belə, adları anıldıqda içimizdə bir istilik yaranır.
Onlar qəlbimizin sakit küncündə yaşayan, ruhumuzu isidən varlıqlardır.

Bu həyatın mənası məhz onlardır — sevənlərimiz, sevdiklərimiz, dua etdiklərimiz…
Sevgi olmadan heç bir uğur, heç bir zəfər, heç bir həyat dolğun olmaz.
Sevgi insanın varlığını ilahi mənaya bağlayan görünməz ipdir.

Allah hər birimizin həyatına elə insanlar gətirsin ki, onların varlığı dua kimi rahatlıq bəxş etsin.
Gözünüzdə nur, qəlbinizdə sevgi, yolunuzda bərəkət olsun.
Dünyanı gözəlləşdirən hər bir qadına, hər bir ana qəlbli insana salam olsun —
siz həyatın rəngisiniz, bu dünyanın mənasısınız.

Hər bir gün, insanın öz iç dünyası ilə danışdığı bir səfərdir.
Bəzən bu səfərdə sükut bizə çox şey öyrədir — kim olduğumuzu, kimləri sevdiyimizi, kimlərin həyatımızda iz qoyduğunu anlayırıq.
Sevgi elə bir dəyərdir ki, onu nə zaman, nə məsafə, nə də zamanın sərt axışı azalda bilir.

Ruhunu sevgi ilə bəsləyən insan heç vaxt tükənmir.
O, hər düşdüyü yerdən yenidən qalxmağı bacarır, çünki onun gücü sevgidən, inamdan, saf niyyətdən doğur.
Sevgi – Tanrının insana bəxş etdiyi ən ali enerjidir. O enerji ilə insan həm yaradır, həm sağalır, həm də başqalarına nur verir.

Bu dünyada ən gözəl sərvət, sevildiyini bilməkdir.
Sevən qəlblərin səsi dua kimi yüksəlir, sevilən insanın adı isə yaddaşlarda əbədi qalır.
Elə insanlar var ki, onlar bu dünyaya sevgi öyrətmək üçün gəlirlər – sözləriylə, baxışlarıyla, davranışlarıyla…
Onlar insanlığı yaşadan, mərhəməti oyadan və ümidin rəmzi olan ruh daşıyıcılarıdır.

Ruhun işığıyla yaşayan qadınlara, ana qəlbli insanlara, sevgini həyat fəlsəfəsinə çevirən hər kəsə salam olsun.
Sizin varlığınız bu dünyanın ruhudur. Siz ailələrə istilik, övladlara yön, dostluqlara dəyər, cəmiyyətə işıq verirsiniz.
Hər biriniz bu həyatın yazılmamış şeirisiniz — səmimiyyətlə, mərhəmətlə, inamla yazılan bir əsər.

Sevənləriniz çox, sevdikləriniz daim yanınızda olsun.
Ruhunuzun işığı heç vaxt sönməsin, dua kimi saf sevgilər sizi hər zaman qorumağa davam etsin.
Unutmayın, bir qadının, bir insanın içindəki sevgi – dünyanın dəyişə biləcəyi ən böyük qüvvədir.

Sevgi ilə dolu bir ürək dünyanı dəyişdirə bilər.
Bəzən bir gülüş, bir baxış, bir səmimi söz – bütün yorğunluqları unutdura, bir qəlbi yenidən həyata qaytara bilər.
Həyat, əslində, böyük uğurlardan çox, kiçik, amma dəyərli hisslərdən ibarətdir.
O hisslər ki, səmimiyyətlə toxunur, saf niyyətlə böyüyür, dualarla yaşayır.

İnsan sevdikcə gözəlləşir, bağışladıqca yüngülləşir, dua etdikcə saflaşır.
Çünki sevgi – hər şeyin başlanğıcıdır. O, həyatın hər mərhələsində insanı qoruyan, yönləndirən və dirçəldən bir qüvvədir.

Hər bir qadın, hər bir ana, hər bir insan öz həyatının bir işıq mənbəyidir.
Kiminin səsi, kiminin baxışı, kiminin bir kəlməsi başqa birinə ümid olur.
Bu dünyanı yaşadan da, gözəlləşdirən də məhz bu səmimi duyğulardır.

Unutmayaq ki, sevgi nə zaman qarşılıq gözləmədən verilir, o zaman əbədi olur.
Ruhun gözəlliyi, insanın niyyətində və sözündə gizlidir.
O niyyət saf olanda, həyat da gözəlləşir, dünya da dəyər qazanır.

  Müəllif qeydi:

Bu yazı, həyatın mənasını sevgi, mərhəmət və ümid üzərində quran bütün insanlara ithaf olunur.
Sevgini qoruyun, paylaşın və yaşadın — çünki sevgi elə bir dəyərdir ki, onu bölüşdükcə artar.

Dünyanı dəyişmək üçün böyük gücə ehtiyac yoxdur;
bir yaxşılıq, bir gülümsəmə, bir səmimi salam bəzən bütün qaranlığı işığa çevirə bilər.

Sevənləriniz çox, sevdikləriniz daim yanınızda olsun.
Hər gününüz sevgi ilə, dualarınız qəbul, qəlbiniz işıqlı olsun.

 Pərvanə Salmanqızı – Sevgidən Doğan Həyat Fəlsəfəsi

Bəzən həyatın sükutu içində bir səs eşidilir – o, ruhun səsidir.
Bu səs bizi insan edən, dəyərlərimizi xatırladan, sevməyi öyrədən bir işıqdır.
O işıq bəzən bir ana baxışında, bəzən bir dost səmimiyyətində, bəzən də bir dua sükutunda doğulur.

İnsan sevdikcə yaşayır, yaşadıqca dərinləşir.
Sevgi sadəcə bir hiss deyil — o, insanın kainatla qurduğu ən ali bağdır.
Sevmək həyatın özüdür, bağışlamaq isə ruhun saflığıdır.
Hər bir səmimi sevgi, hər bir saf niyyət – dünyaya yönəlmiş bir işıqdır.

Həyatın gözəlliyi onun sadəliyindədir.
Qəlbində sevgi olan insan heç vaxt yoxsul deyil, çünki o, hər səhərini minnətdarlıqla, hər axşamını dua ilə qarşılayır.
O insan bilir ki, xoşbəxtlik nə sahib olduqlarında, nə də istədiklərindədir — xoşbəxtlik, paylaşdığın sevgidədir.

Bu gün sevdiyiniz insanlara “səni qiymətləndirirəm” demək üçün ən gözəl gündür.
Çünki sabahın gələcəyinə ümid edirik, amma bu günün dəyərini bilməyi çox vaxt unuduruq.
Həyatın gözəlliyi, məhz bu anlarda gizlidir — səmimi bir gülüşdə, könüldən gələn bir sözün istiliyində.

  Ruhun İşığıyla Yaşayan Qadınlara İthaf Olunur

Bu yazı — sevginin, mərhəmətin, ana qəlbinin və qadın zərifliyinin təntənəsidir.
Ruhun nuruyla yaşayan qadınlar bu dünyanın səssiz qəhrəmanlarıdır.
Onlar həyatın çətinliyini gülümsəməylə yüngülləşdirən, sevdiklərinə dua kimi dayanan, işığı ilə başqalarının yolunu aydınladan varlıqlardır.

Onlara salam olsun –
göz yaşını dua, səssizliyini güc, sevgisini həyat edən qadınlara…
Bu dünyanın incə ruhlu dirəklərinə, varlığı ilə dünyanı gözəlləşdirən hər bir insana salam olsun.

  Müəllif qeydi:

“Sevgi təkcə bir duyğu deyil — o, bir missiyadır.
İnsan sevdikcə, dünyanı bir az da dəyişir.
Sevmək bir dua, bir yaşamaq forması, bir mənəvi borcdur.”

Sevənləriniz çox, sevdikləriniz yanınızda olsun.
Hər gününüz ümidlə, hər gecəniz dua ilə başlasın.
Ruhunuzun işığı heç vaxt sönməsin.

Tanınmış publisist-yazar Pərvanə Salmanqızı sevginin ruhani gücündən yazır

Xəbər portalı üçün xüsusi: “Sevənləriniz çox, sevdikləriniz yanınızda olsun” adlı yazısında müəllif həyatın mənasını sevgi, mərhəmət və insanlıq üzərində qurur.
Yazı oxuculara yalnız emosional təsir deyil, həm də mənəvi rahatlıq bəxş edir. Pərvanə Salmanqızı oxucularını sevgiyə, saf niyyətə və iç dünyasının işığını qorumağa çağırır.

Hər səhər bir möcüzədir — ruhun yenidən doğuluşu, həyatın bizə verdiyi ikinci şans.
Bəzən elə anlar olur ki, bir insanın gülümsəməsi belə bütün günü işıqla doldurur.
Həyatın əsl gözəlliyi də elə budur: insan insana nur verir, söz könülə toxunur, sevgi isə hər şeyi dəyişdirir.

Sevgi — Tanrının insana bəxş etdiyi ən böyük imtahan və ən gözəl mükafatdır.
Sevmək bir cəsarətdir, bağışlamaq bir mərhəmət, susmaq bəzən ən uca hikmətdir.
Ruhun dərinliyində yaşayan sevgi insanı ucaldır, qəlbi yumşaldır, bəşəri bir dəyərlə birləşdirir.

Unutmayaq: sevdiklərimiz yanımızda olduqca, sevənlərimiz dua etdikcə, həyatın hər çətinliyi asanlaşır.
Sevgi ilə baxılan bir dünya heç vaxt qaranlıq ola bilməz.

Bu gün birini sevindirmək üçün bir söz, bir salam, bir dua kifayətdir.
Sevgidən doğan hər addım, hər niyyət kainata işıq saçır.
Ruhun işığı, insanın vicdanında, mərhəmətində və səmimiyyətində gizlidir.

Ruhun İşığıyla Yaşayan Qadınlara İthaf Olunur

Bu yazı – sevginin, şəfqətin və insanlıq dəyərlərinin təntənəsidir.
Ruhunun dərinliyindən sevən, ətrafa nur saçan qadınlara, analara, dostlara ithaf olunur.
Siz həyatın dayaq nöqtələrisiniz, sevgidən toxunmuş möcüzələrsiniz.

Dünyanı gözəlləşdirən sizin varlığınızdır — bir baxışınızla, bir sözünüzlə, bir dualınızla.
Sevginin gücünə inanan hər bir insana salam olsun.

Müəllif qeydi:

“Hər insan bu dünyaya bir işıqla gəlir. O işığı qorumaq, böyütmək və paylaşmaq – həyatın mənasıdır.
Sevin, bağışlayın, dua edin – çünki sevgi bəşəriyyətin tək ümidi, ruhun tək yoludur.”

“Sevgi ilə baxılan dünya – Pərvanə Salmanqızının ruhani baxışı”

İmza: Pərvanə Salmanqızı

PƏRVANƏ SALMANQIZININ YAZILARI

Doğum gününüz mübarək olsun, Koroğlu!

KOROĞLU
(Ədəbiyyatımızın Koroğlusu İslam Sadığa)
Qalxanı kitabdır, qılıncı qələm,
Koroğlu özüdür, bığı yerində!
Şad gün elçisidir, uzaqdı ələm,
Koroğlu özüdür, bığı yerində

Basdığı paşalar söz oğrusudur,
Mehtəri ocaqdan köz oğrusudur,
Türfə gözəlləri göz oğrusudur,
Koroğlu özüdür, bığı yerində!

Sübhü daglardadır, şamı aranda,
Təntiməz, tövşüməz qarda, boranda,
Adı həmən addır İran, Turanda,
Koroğlu özüdür, bığı yerində!

Düzdür ilqarına, düzdür əhdinə,
Çatar arzusuna, baxmaz cəhdinə,
Ustac bu şeirlə çıxıb mədhinə,
Koroğlu özüdür, bığı yerində!
29.01.2024 – Bakı.

Müəllif: Zaur USTAC

Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

İSLAM SADIĞIN YAZLARI

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SONA AMAL – OLAR

OLAR

İnsaf et, gözünü gözümdən çəkmə,
Gözlər sevən qəlbin aynası olar.
Məni qəm-kədərə bələyib, bükmə,
Qəlbim eşq odunda yanası olar.

Hicran atəşinə salıb, yandırma,
Eşqin royasından, gəl, oyandırma,
Sərt qışı gətirib, məni dondurma,
Qəlbim baxışında donası olar.

Səninlə bağlıydı, arzu-diləyim,
Xəzana tuş gəlib, açmaz çiçəyim,
Hərdən şirin sözlər söylə, dinləyim,
Ürəyim şüşətək sınası olar.

Dağtək əzəmətli, əzmin, vüqarın,
Pozulmasın heç vaxt əhdin-ilqarın,
Əstirmə ömrümə həsrət rüzgarın,
Ömrüm çiçək kimi solası olar.

Mehrini azaltma, ay ömrüm- günüm,
Dərdimi-sərimi səninlə bölüm,
Səninlə ağlayım, səninlə gülüm,
Gedərsən, üzülən Sonası olar.
Sevgin dünyamızın qalası olar.

    1. 2025-ci il.

Müəllif: Sona AMAL

SONA AMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

MƏTANƏTİN QƏLB PIÇILTILARI

MƏTANƏTİN QƏLB PIÇILTILARI

Mətanətlə orta məktəbdə paralel sinifdə oxumuşuq. Mən “A” sinfində, o isə “B” sinfində oxuyurdu. Atası İmaməli dayı anamın əmisi, ögey nənəsi Gülgəz nənə isə qağamın bibisi idi. 1990-cı ildə məzun olduq. Hərəmizin yolu bir yana düşdü. O mənim ana babamın yaxın dostu Abuzər kişinin gəlini oldu. Həyat yoldaşı Əbülfət ilə uşaqlıqdan münasibətlərimiz çox yaxşı idi. Daim əlaqlərimiz vardı. Sonralar ara-sıra da olsa Bakıda görüşər, söhbətləşər, dərdləşərdik. O bilirdi ki, mən mətbuatla sıx əlaqədəyəm. 15 ilin söhbəti olar. Bir gün Əbülfət mənə bir dəftər verdi və dedi:
– Burada həyat yoldaşım, sənin qohumun Mətanətin 10–15 şeiri var. Oxuyub baxarsan, xoşun gələn şeir olsa çapa verərsən.
Düzü indi dəqiq o şeirləri xatırlamasam da, oxuyub kitab şkafıma qoyduğum yadımdadır.
2024-cü ildə sinif yoldaşlarımızın votsap qrupunu yaratdıq. Əslində qrup 2020-ci ildən vardı. Amma qrupda yalnız oğlanlar idi. Bir gün kənddə Mahnurla Hacı Rövşən məktəbdə söhbət əsnasında qrup yaratmaqdan və hamılıqla birlikdə görüş günü keçirməyimizin vacibliyindən danışıblar. Bu haqda Hacı Rövşən mənə bildirdikdə qrupun varlığını, elə o qrupa qızların da əlavə edilməsini məsləhət bildim. Beləliklə, “A” və “B” sinif yoldaşlarımız oğlanlı-qızlı bir qrupda cəm olub söhbətləşməyə, ötən 35 ildə nələrin olduğunu, kimlərin nə işlə məşğul olmağından, övladlarımızdan, özümüzdən söhbətlər etməyə başladıq. Onu da deyim ki, həmin günlərdə Sonyadan da qrupun yaranması təklifi ilə bağlı mesaj almışdım.
Votsap qrupumuzda mən hərdən apardığım araşdırmalardan, yazdığım məqalələrdən, müxtəlif şairlərin şeirlərindən paylaşımlar edirdim. Bir gün sinif yoldaşımız, həm də orta məktəbdə “sinifkom”umuz olan Tünzalə bacı Mətanətin də çox həzin, qəlblərə toxunan, insanı duyğulandıran şeirlərinin olduğunu qrupda söylədi. Onda Əbülfətin illər öncə mənə Mətanətin şeir yazdığını deməsini, o şeirlərdən bir neçəsini mənə də verdiyini xatırladım və bu haqda “Məzun – 1990” adlı qrupumuzda fikir söylədim. Beləliklə, uşaqlar hamısı Mətanətin şeirlərini dinləməyə başladılar. Xüsusən, Mətanət bu haldan utanır, şeirlərini paylaşmaq istəyən uşaqlara qardaşı qızı Əfsanənin dəstəyi ilə Yutubda yaratdığı “Gizli dünyam” adlı kanalında olan şeirlərini dinləməyi məsləhət bilirdi. Bir vaxt sonra Mətanət votsap qrupumuz haqqında da şeir yazıb bizlərlə bölüşdü. Deyim ki, Mətanətin şeirləri bütün sinif yoldaşlarının könlünü oxşayır, hamı sevə-sevə onun şeirlərini dinləyir, fikir bildirirlər. Eyni zamanda bütün uşaqlar onun qələm məhsullarının mütləq kitab halında çap olunmasını, hətta maddi və mənəvi kömək edəcəklərini də dilə gətirdilər.
1 iyun 2025-ci ildə çox möhtəşəm “Məzun – 35” adlı görüşümüz oxuduğumuz orta məktəbdə baş tutdu. Mətanət o görüşümüzə də şeir həsr etdi. Ondan keçən müddətdə mənim də o kitabın çap olunmasına dəstək olacağımı, əlimdən gələni edəcəyimi Mətanətə bildirib uşaqların istəyini nəzərə almasını xahiş etdim. Beləliklə, əlinizdə olan bu kitab işıq üzü gördü. Kitabın cildindəki əsərin rəssamı Mətanətin qardaşı Əli Hüseynovdur. Həmin rəsm əsəri deyərdim ki, Mətanətin özünü, duyğularını tam mənasıyla ehtiva edə bilir.
Hörmətli oxucular. Mətanət şairlik iddiasında deyil. O ürəyindən keçənləri, rastlaşdığı hadisələri, xoş günlərini, kimlərinsə kədərli anlarını, duyğularını sözə çevirir, nəzmə çəkir. Həssas insanlar ürəklərini hər hansı yolla boşaltmasa rahatlıq tapa bilmirlər. Mətanət də qəlbinin pıçıltılarını ağ vərəqlərə köçürür, rahatlıq tapır, könlünü dincəldir. Onun şeirlərinin mövzusu çoxşaxəlidir. Vətən, dünya, həyat, övlad, nəvə, valideyn və başqa mövzularda yazdıqları oxucu könlünü oxşayır, onları ovuda bilir.
İnanıram ki, sinif yoldaşlarının təkidi və həyat yoldaşı Əbülfət Həşimovun dəstəyi ilə çap olunan “Gizli dünyam” adlı bu kitab digər oxucuların da könlünü oxşayacaq, onları xəyallar aləminə qərq edəcək. Mətanət bacıma yaradıcılığında uğurlar, həyatında isə ona cansağlığı arzulayıram.

Araz Yaquboğlu,
tədqiqatçı-jurnalist,
Azərbaycan Jurnalistlər Birliyinin və
Azərbaycan Aşıqlar Birliyinin üzvü

AZƏRBAYCAN YOLÇUSU

AZƏRBAYCAN YOLÇUSU

Mən İkinci Qarabağ Müharibəsini dəqiqə-dəqiqə izləyir, bir anını belə qaçırmırdım, çünki Qarabağ Azərbaycanındır və belə də qalmalı idi. Bircə Şuşa qalmışdı, azad olunması mümkünsüz kimi görünən Şuşa… Dağların ortasında, dağın təpəsində Şuşa… Oranı azad etmək hər kişinin işi deyildi. Qəhrəman əsgərlər mümkün olmayanı mümkün etdilər. Kürəklərində daşıdıqları 30-35 kq ağırlığında silah-sursat çantaları ilə dağa dırmaşaraq Şuşanı əsl sahiblərinə qovuşdurdular. Şuşa azad olunduqda ürəyimdə inanılmaz dərəcədə böyük bir fərəh, bayram sevinci olmuşdu. Belə bir şey ancaq iman gücü və vətən sevgisi ilə gerçəkləşə bilərdi. O günlərdə Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızdan birinin həyat hekayəsini yazacağım heç ağlıma gəlməmişdi.
Beş il sonra Harun bəy Yıldırımın koordinatorluğu ilə “1 Şəhid, 1 Hekayə, 1 Şeir” adlı kitabımızın dördüncü cildində Azərbaycan şəhidləri ilə bağlı yazacağımızı öyrənəndə həm çox təsirləndim, həm də çox sevindim. Addım-addım izlədiyim İkinci Qarabağ müharibəsində şəhid olmuş bir igidin hekayəsini yazmaq mənə nəsib olacaqdı. Kim bilir, bəlkə də Azərbaycana səfər edib sənədli filmlərdə gördüyüm yerləri görmək şansım olacaqdı.
Hekayəsini yazdığım Nurlan Həsənov İkinci Qarabağ Müharibəsi şəhidi idi. Geridə beş yaşlı qızı və bir yaşlı oğlunu qoyub vətən sevgisi ilə ordu sıralarına qatılmış və şəhid olmuşdur. Aylar ötmüş, hekayələr yazılmış, kitab nəşr olunmuş və Azərbaycanda keçiriləcək proqramın tarixi bəlli olunmuşdu.
Biletlər alındıqdan sonra mən artıq Azərbaycan yolçusu idim. Həyəcan pik həddə idi, ürəyim bərk-bərk döyünürdü. Bir neçə günə bir çox şey etməli idik. Doktor Namiq Müslümov və həyat yoldaşı doktor İlhamə Müslümova bizi hava limanında səmimi və gülərüz üzlə qarşıladılar. Ertəsi gün proqramın keçiriləcəyi zala daxil olanda hekayəsini yazdığım şəhidin anası, atası və bacısı bizi qapıda qarşıladı. Həmin an sanki zaman dayandı, onları yanımda görəndə elə xoşbəxt oldum ki… Xəyallarım gerçəkləşməyə başlamışdı. Şəhidimizin ailəsi məni sevgi ilə qucaqladı. Gözəl bir tədbirin ertəsi günü şəhidlərimizin məzarlarını ziyarət etməli idik. Namiq bəy Müslümova hekayəsini yazdığım şəhidin məzarını ziyarət etmək istədiyimi deyəndə o, çox məmnun oldu. Şəhid Nurlan Həsənovun ailə üzvləri ilə Biləcəri Şəhidlər Qəbiristanlığında görüşdük. Şəhidimizin şirin qızı Nurgül də orada idi. Onu öz övladım kimi bərk-bərk qucaqladım. Şəhidimizin anası Həqiqət xanım bizi evlərinə dəvət etdi. Mən artıq özümü yuxuda hiss edirdim. Şəhidimizin həyat yoldaşı və oğlunu da görəcəkdim. Bütün dualarım qəbul olunurdu.
Onlar gözəl çay və şirniyyat süfrəsi hazırlamışdılar. Əziz Nurgül balamız yuxusunda atasını gördüyünü söylədi. Əslində, təkcə onun öz yuxusunu bizə danışdığını deyə bilmərik; o, həm yaşadı, həm də bizə danışarkən yuxunu yaşatdı. Ağladıq, göz yaşlarımızı saxlaya bilmədik. Şəhidimizin bacısı da məni tanımadan, görmədən yuxusunda görüb. Sən demə, mən gəlməzdən iki gün əvvəl biz Gülnarın yuxusunda görüşübmüşük. Allahım, şəhid evində nələr yaşadıq? Söhbətimiz əsnasında şəhidimizin atası Nadir bəy dedi ki, “Düz beş il bundan əvvəl bu gün, elə bu saatda Nurlan orduya getmək üçün evdən çıxıb və onun hekayəsini yazan müəllif 5 ildən sonra, eyni gündə və təxminən eyni vaxtda Nurlanın evinə gəlib”. “Bu qədər təsadüf ola bilməzdi; bu, ilahi gücdən başqa bir şey deyil; biz o gün şəhid evində unuda bilməyəcəyimiz mənəvi anlar yaşadıq.”
Bir də şəhidimizin 6 yaşlı oğlu Məhəmməd var idi. Toppuşyanaqlı atasına çox bənzəyirdi. Qucaqladım, öpdüm doyunca yanaqlarından. Şəhid Nurlan Həsənov bizim bir araya gəlməyimizə səbəb olmuşdu. Şəhidimizin qızı Nurgül o gün elə cümlələr qururdu ki! Qurduğu cümlələrlə Nurgül nəhəngləşərkən biz qarşısında kiçilirdik. Nurgül mənim könlümdə taxt qurdu və o taxta yerləşdi. Bundan sonra o mənim öz qızım kimidir. Azərbaycan səfərimə Nurgülün duruşu, böyük ürəyi və danışdıqları damğasını vurmuşdu. Qarabağa gedirdik. Gecə saat 4 radələrində yola çıxdıq. 30 il boyunca erməni işğalı altında qalan Qarabağ boynu bükük idi ta ki özünə qovuşana qədər. Qarabağın yaxınlığına gəldiyimiz zaman maşının içində çox təsirli bir atmosfer var idi. Dağılmış evlərin yanından keçərkən o evlərin içində bir vaxtlar xoşbəxt həyatların var olduğunu düşünməkdən özünü saxlaya bilmir insan. Xocalıdan keçərkən ürəyim daraldı, orada yaşanan qətliam gözlərimin önündə canlandı. Yenə dayanmadı göz yaşım. Şuşaya yaxınlaşdıqca həyəcanım da getdikcə artırdı. Gövhər ağa məscidinə getdiyimiz zaman minarələrdən əzan səsi yüksəlirdi. 30 il boyunca əsarət altında qalmış olan Şuşadan əzan səsini eşitmək ifadə edilməsi çətin olan bir duyğudur. Nəhayət, illərdir görmək istədiyim Cıdır düzünə gəlmişdik. Qəhrəman əsgərlərin dırmaşdıqları yeri görəndə gözlərimə inana bilmədim. Allahın hikmətindən başqa bir şey deyildi bu. Azərbaycana getmişkən Xəzər dənizinə baş çəkməmək olmazdı. Doktor Namiq Müslümov bizi Xəzər dənizinə apardığı zaman çox külək və dalğa olmasına baxmayaraq, yenə də əyləncəli idi.

Müəllif: Kevser Dostagüler

Yuxuma gəlirsən, uğur böcəyim

UĞUR BÖCƏYİM

Yuxuma gəlirsən, uğur böcəyim
İzsiz duyğularda uçub gedirsən.
Mən sənin tərəfə can atdığımda,
Sən qanadlarını qucub gedirsən.

Yuxuma gəlirsən, uğur böcəyim
Bütün arzuları bitirdin, uçdun,
Sənə pıçıltımı özüm eşitdim.
Məni bu dünyada itirdin, uçdun.

Yuxuma gəlirsən, uğur böcəyim
Qırmızı bəxtinlə, qara xalınla,
Sən bir az yalançı, mən bir az qorxaq.
Çətin bu sevdadan nəsə alına…

Yuxuma gəlirsən, uğur böcəyim

Müəllif: AYSEL FİKRƏT

AYSEL FİKRƏTİN YAZILARI

“Teymur, Azərbaycan krallığını tamamilə özünə tabe etdi”

Bunu oxumamışdınız: “Teymur, Azərbaycan krallığını tamamilə özünə tabe etdi”

Şərəf əd-Din Əli Yəzdi — Teymurilər sarayının məşhur alim və tarixçisidir. Onun “Zəfərnamə” əsəri Teymurun həyatına və yürüşlərinə həsr olunub. Bu kitab sonralar Avropada “The History of Timur-Bec” adı ilə nəşr olunub.

📖 Əsərdə maraqlı bir qeyd var:
“Teymur, Azərbaycan KRALLIĞINI tamamilə özünə tabe etdikdən sonra Chenob Qazan [Şənbi Qazan-red.] yaxınlığında düşərgə saldı.”

Bu cümlə kitabın 1723-cü il, Con Derbinin ingilis dili çapı versiyasında keçməkdədir.
Lakin 1516-ci ilə aid nüsxədən özbəkcəyə olan tərcüməsində “Azərbaycan MƏMLƏKƏTİ” keçməkdədir.

İndi “Azərbaycan KRALLIĞI”, ya “Azərbaycan məmləkəti”?

Burda bir yanlışlıqmı var? Nəzərə alsaq ki, məmləkət “krallığ/şahlıq” mənasını verir, onda məsələ aydın olur. Lazım olsaydı Con Derbi orda “krallıq” yox, ölkə, vilayət mənasında “country” və ya “province”. yazardı, amma yox.

P.S. Yadınızdadırsa bizim bir XƏRİTƏ ilə bağlı paylaşımımız olmuşdu.

Həmin Katalon xəritəsi Xulaqular dövrünə aid idi və o, “Təbriz krallığı” kimi qeyd olunurdu. Monqol, Persia yox, məhz TƏBRİZ, faktiki Azərbaycan krallığı.

Maraqlıdır deyilmi? Bağlılıq göz qabağındadır: Azərbaycan bir taxt-tac, səltənət idi, sadə coğrafi bir məkan deyil.

Mənbə: Milli Kimlik

ARAZ ŞƏHRİLİNİN YAZILARI

MİLLİ KİMLİK ARAŞDIRMALARI QRUPU

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru