Qurban Rzayev – Banklar və İmzalar – Diqqətli olun!

BANKLARDAKI 30-35 SƏHİFƏLİK KREDİT MÜQAVİLƏLƏRİ VƏ 5 DƏQİQƏLİK QƏRARLA EDİLƏN “QIZDIR-BASDIR” İMZALAMALAR

VƏTƏNDAŞ NİYƏ BANK MÜQAVİLƏSİNİ OXUYA BİLMİR? PROBLEMİN HƏLLİNƏ DAİR TƏKLİFLƏRİM

Dostlar, bankdan kredit götürərkən ən azı 30-35 səhifədən ibarət sənədləri orada sıx növbə şəraitində oxumaq mümkün deyil, məcbur qalıb imzalayırıq, sonra da düşürük problemə. Çünki buna heç bir şərait yaradılmır. Buna necə şərait yaradılmalıdır? Burada günahkar vətəndaşdır, yoxsa bank? Nə üçün o sənədlərin mətni, sənədlər paketi gizlədilir, bankın saytında yerləşdirilmir ki, vətəndaş öncədən, banka getməzdən öncə oxuyub tanış olsun? Əksinə, qızdır-basdıra salıb imza etdirirlər, sonra da başlayırıq çabalamağa. Onları bankda oxumaq mümkün deyil. Onda gərək hər bir müştəriyə ən azı iki saat vaxt ayrılsın. Üstəlik də, son zamanlar SİMA imza ilə elətdirirlər, evə çatanda telefona link gəlir, imzalanmış sənədləri açıb oradan oxuya bilirik. Narazılığımızı bildirmək isə artıq gec olur. Məsələn, mən bir dəfə 300 manatlıq keşbek kartı aldım, kartı bankomata salanda məndən sürpriz olaraq avtomatik 20+3 manat pul çıxıldı. Sən demə, sənədlərin içində Paşa həyat sığortası müqaviləsi də var imiş, guya mənim həyatım da sığortalanıbmış. Ha çığır-bağır elədim, sübuta yetirə bilmədim ki, mən bunu istəməmişəm. Dedilər ki, imza etmisən, bank mütəxəssisi də mənə guya bu barədə məlumat veribmiş… Bir sözlə, qanunda “qızdır-basdır imzalamalara” sövq etməyə görə məsuliyyət də nəzərdə tutulmalıdır. Bu cür problemlərin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?
Uzun-uzadı yazışmalardan, şikayətbazlıqdan sonra heç nəyə nail olmadığımı görüb, banka yaxınlaşdım, bank mütəxəssisi ilə mənim aramda olan dialoqun “səs yazısını” mənə dinlətdilər. Bank mütəxəssisinin həmin səs yazısında “sığorta” məsələsi barədə danışdığını eşitdim, mat-məətəl qaldım, sanki yuxu görürdüm. Çünki mən belə bir “sığorta” haqda heç nə eşitmədiyimə varlığım qədər əmin idim, mənə sadəcə kartın sığortalanması (4 manat) barədə məlumatın verildiyi dəqiq yadımda idi, amma Paşa Həyat sığortası barədə məlumat mənə yuxu kimi gəlirdi. Hətta bu işlərdə böyük təcrübəsi olan yaxın qohumum da krediti alarkən yanımda idi. Həmin Paşa Həyat sığortası barədə bank mütəxəssisinin verdiyi məlumatın sonradan səs yazısınına əlavə olunması barədə məndə ciddi şübhələr yarandı.

Hamı müştəriləri “gərək oxuyub imza edərdin” ittihamı ilə qınayır, amma bu eybəcərliyin aradan qaldırılması yollarından danışan yoxdur.

Bu, tək-tük hadisə yox, sistem problemidir və açıq deyim ki, burada əsas məsuliyyət vətəndaşın yox, bankların üzərindədir.

  1. Real vəziyyət: “oxu, amma oxuma”- 25–30 səhifəlik sənədi: sıx növbədə, ayaqüstə, psixoloji təzyiq altında, “tez olun, növbə var” atmosferində oxumaq obyektiv olaraq mümkün deyil.
    Hüquqda buna deyilir: formal razılıq, amma real məlumatlandırma yoxdur. Yəni imza var, amma şüurlu razılıq yoxdur.
  2. Günah kimdədir: vətəndaş, yoxsa bank?
    Burada məsuliyyət əsasən bankdadır, səbəblər:
    a) Bank güclü tərəfdir, çünki bank hüquqi, maliyyə və texnoloji cəhətdən üstün mövqedədir, vətəndaş isə zəif tərəf sayılır.
    Müasir hüquqda bu prinsip var: zəif tərəfi qorumaq dövlətin borcudur. Bank məlumatlandırma öhdəliyini yerinə yetirmir.
    Məlumatlandırma o demək deyil ki, “kağız verdim, imzala”.
    Məlumatlandırma o deməkdir ki, aydın, öncədən, təzyiqsiz, seçim imkanı ilə izah edilsin.
    Qeyd etdiyimiz SİMA imza ilə: evə çatandan sonra sənədi oxumaq hüquqi baxımdan gecikmiş məlumatlandırmadır.
  3. Sığorta “sürprizi” — tipik manipulyasiya. Paşa Həyat sığortası nümunəsi klassik “opt-out” fəndidir: mən istəməmişəm, amma sənədin içində gizlədilib, sonra da deyirlər ki, “imza etmisən”
    Bu artıq, sadəcə etik problem yox, istehlakçı hüquqlarının pozulmasıdır.
    Bir çox ölkələrdə belə hal aldadıcı kommersiya praktikası sayılır.
  4. Banklar niyə sənədləri sayta qoymur?
    Çox sadə səbəblər var: oxunsa, imtina edən çoxalar, gizli ödənişlər ifşa olunar, “paketə salınmış” sığortalar işləməz, bankın qazancı azalar. Yəni bu, texniki yox, qəsdən edilən seçimdir.
  5. Normal ölkələrdə bu necə tənzimlənir? Bir çox inkişaf etmiş hüquq sistemlərində:
    Standart müqavilələr bankın saytında MƏCBURİ yerləşdirilir
    Hər hansı bir cərimə tətbiq olunmadan, müştəriyə imtina üçün möhlət hüququ verilir (məsələn, 7–14 gün). Bu müddət ərzində sığortadan, əlavə xidmətlərdən səbəb göstərmədən imtina hüququ olur. “Gizli sığorta” avtomatik etibarsız sayılır.
  6. “Qızdır-basdır” imzalama
    Bəli, qanunda ayrıca maddə olmalıdır:
    “Qızdır-basdır şəraitində imzalamağa sövq etmə” aşağıdakılarla xarakterizə oluna bilər: növbə təzyiqi, vaxt verilməməsi, sənədlərin öncədən təqdim edilməməsi, əlavə müqavilələrin ayrıca izah olunmaması. Bunun üçün bank cərimələnməli, müqavilənin mübahisəli hissəsi etibarsız sayılmalıdır.
  7. Bu problemi aradan qaldırmaq üçün konkret tədbirlər
  8. Məcburi öncədən açıqlama: Bank bütün kredit və əlavə müqavilələri saytında, PDF fayl formatında və sadə dildə
    yerləşdirməlidir.
  9. Ayrı-ayrı razılıqlar: kredit – ayrı, sığorta – ayrı, paket xidmət – ayrı. Bunların “hamısı bir imza ilə” qadağan olunmalıdır.
  10. İmtina hüququ: müştəriyə, imzadan sonra müəyyən müddət ərzində cəriməsiz imtina hüququ verilməlidir.
  11. SİMA imza üçün qayda: imza yalnız sənəd oxunduqdan sonra, “oxudum və başa düşdüm” seçimi ilə mümkün olmalıdır.

Dostlar, bu yaşananlar fərdi problem deyil, kütləvi şəkildə hamının başına gələn sistem boşluğunun nəticəsidir.
Burada vətəndaş günahkar deyil, banklar isə qanuni boşluqlardan sui-istifadə edir.

Yekun fikrim ondan ibarətdir ki, “oxumağa şərait yoxdursa, məsuliyyət bankda olmalıdır”, yaxud da müştəriyə, imtina üçün möhlət hüququ verilməlidir. Bütün bunlar hüquqi baxımdan tam əsaslı və haqlıdır.

Onu da qeyd edim ki, digər fəaliyyət sferalarında da “qızdır-basdır” imzalardan, hətta izahat, ərizə adı ilə ağ vərəqə imza etdirmək, “vaxt yoxdur, sonra yazarıq” fəndlərindən də istifadə olunur.
Əməliyyata 1 saat qalmış cərrahiyyə stoluna qaldırılan xəstənin yaxınlarına imza etdirilən çoxsəhifəli razılıq müqaviləsi də bu cür “qızdır-basdır imza”lara aiddir. Bütün bunlara görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulmalıdır.

7 yanvar 2025-ci il

Müəlif: Qurban Rzayev

QURBAN RZAYEVİN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ON ALTI İLLİK ƏSIRLIK — TOY — ÖLÜM

Azərbaycan ədəbiyyatında postmodernizm Kamal Abdullanın dramaturgiyası ilə təcrübə və konseptual yanaşma baxımından yeni mərhələyə keçdi. Onun pyesləri göstərdi ki, milli mətn yalnız tarixi irslə folklora sədaqət üzərində deyil, həmin irsin yenidən düşünülməsi, parçalanması və yeni formaya salınması ilə də inkişaf edə bilər. Bu dramaturgiya məhz bu səbəbdən milli köklərə bağlı olaraq dünya postmodern estetikası ilə qohum görünür. Kamal Abdulla ənənə ilə müasirlik müstəvilərini bir-birinə qarışdırır, sərhədləri silir, mətnin çoxqatlı gücünü açır və Azərbaycan dramaturgiyasına yeni düşüncə imkanları təqdim edir.
Kamal Abdullanın “Beyrək” pyesində də postmodern ənənəyə sadiq qalaraq intertekstuallıq son dərəcə çoxqatlı, gizli və açıq mətniçi rabitələrlə qurulur. Əsərdə ilk nəzərə çarpan şey odur ki, Dədə Qorqud, Basat, Baybura, Banuçiçək kimi adlar oxucunu dərhal dastan dünyasına çəkir. Amma intertekstuallıq yalnız adların gətirilməsi deyil. Müəllif dastanı həm məzmun, həm də forma olaraq götürür, ona yeni mənalar verir. Yəni o, dastanı təkrar etmir, dastanın melodiyasını qoyur, sonra onu kəsərək başqa şəkillərə çevirir. Nəticədə qədim mətnin izi qalır, amma üstündə yeni, bəzən zidd mənalar yaranır. Pyesin öz mənbəyi olan “Kitabi-Dədə Qorqud” dastanına dönüşü postmodern estetikanın “mətnin mənşəyinə qayıdış” prinsipindən çox “mənbənin özünü parçalamaq” niyyəti kimi görünür. Müqəddimədə Qorqud atanın dilindən eşitdiyimiz nəsihətamiz cümlələr pyesdə xor tərəfindən həm sual olaraq qarşımıza çıxır, həm də cavab verilir :
Ölən adam dirilərmi?
Çıxan can geri gələrmi?
Yox, yox, yox, yox…

Sanki müəllif “Sizcə, Dədə Qorqud doğrumu deyir?” deyə oxucudan soruşaraq əsərin əvvəlində şübhə vasitəsilə onları açıq sonluğa hazırlayır. Burada dastanın kodlarını yenidən şərh etməklə yanaşı, həmin kodların sabitliyini pozur, onları müxtəlif dövrlərdən, dillərdən, mifoloji qatlardan gələn digər mətnlər ilə qarşılaşdırılır. Dastan dili ilə dialoq üslubunun, adət və şəxsi arzuların bir arada olması, postmodern pastiş effektini yaradır: əsər yüksək mədəniyyətin simvolları ilə yanaşı, eyni zamanda xalq rəvayətlərinin ritmini saxlayır və onların bir-birinə qarşı necə qurulduğunu nümayiş etdirir. Burada vacib məqam odur ki, müəllif yalnız “müqəddəs” mətnlərə aid olan institusional əhval-ruhiyyəni, dəyərləri də çağırıb yenidən oxuyur. Beləcə, müəllif ənənəni qoruyur, ona sadiq qalır və ya onu sual altına alır. Bunu pyesin dekonstruktiv girişində görürük.Əsər Dirsə xan oğlu Buğac xan boyunda olan 3 rəngdə çadır, bəylərin bu çadırda olmaqlarına etirazı ilə başlayır. Oxucu üçün bu tanış mənzərədir, lakin mənzərənin iştirakçıları pyesdə Baybörə ilə Baybecandır. Boylardakı hadisələr dekonstruksiya olunaraq yeni baxış bucağına keçmişdir. Hadisələr Oğuz elində, lakin mifik zamanda baş verir. Sanki o Qara çadırda yaşananlar açılır, biz dastanda 3 otaq və kimlərin hansı otağa çağırıldığını görürdüksə, Kamal Abdulla, orada hansı dialoqların qurulduğu göstərir. Sanki bizi Oğuz elinə aparıb bir kənarda əyləşdirir, biz isə oradakı hadisələrə başqa bir rakursdan baxıb nəticə çıxardırıq. Müəllif hadisələri sadəcə bərpa etmir, əksinə onları parçalayır və yenidən qurur. Bu, folklorun ironik şəkildə təqdim olunmasına imkan verir. Oğuz elini tanıyan oxucu pyesdə qəhrəmanların birlikdə süfrə arxasındakı dialoqlarına şahid olub onların məişətini tanıyır, boşluqları özü doldurur. Pyesin əsas ideyalarından biri budur ki, müəllif miflə münasibətdə nə keçmişə bağlanan nostalji mövqeyə çəkilir, nə də onu tamamilə yanlış və yararsız elan edir. Mif həm möhkəm bir istinad nöqtəsi kimi görünür, həm də dərin qüvvə kimi dərk olunur. Yazıçı mifin qapısını açır, amma onu bağlayaraq bütövləşdirmək istəmir. Mif səhnəyə çıxır, dağılır, parçalanır, sonra başqa bir quruluşda yenidən birləşir. Bu, postmodern ədəbiyyatın miflə qurduğu ən açıq və dürüst dialoqlardan biridir: mifdən qaçmaq yox, onu müxtəlif istiqamətlərə axan, çoxmənalı bir qaynaq kimi qəbul etməkdir.
“Yarımçıq əlyazma” romanı və “Casus” pyesi, bu əsərlə tamamlanaraq postmodern trioya çevrilir. Kamal Abdulla, Qorqud atanın romanda Nur daşı vasitəsilə, uyquya dalaraq hadisələri necə öncədən bildiyini göstərirdisə, iki pyesdə bu biliciliyi müxtəlif məkanlarda peyda olub sirlər açması ilə davam etdirir. “Beyrək” müəllifin folklorla münasibətinə də yeni təbəqə gətirir. “Yarımçıq əlyazma” folkloru bir mədəni kod kimi dekonstruksiya edirdisə, “Beyrək” həmin folklorun içindəki “boş yerlər”i araşdırır və onların üzərinə mətndə görünməyən yeni boşluqlar əlavə edir. Casus obrazını “Beyrək” pyesində də görürük. Xaosu təmsil edən obraz, bu dəfə onun rakursundan təqdim olunur. Bayburdla dialoqları, Beyrəyin dustaq olduğunu deyərək Oğuz elinin artıq kosmosdan xaosa doğru bir keçid yaşadığını simvolizə edir. Casusun kimliyi yenə də bilinmir.
Lakin pyes Casus haqqında olan sualı dəyişməyimizə səbəb olur. Artıq Casus “kimdir?” yox, “nəyə xidmət edir?” sualı ortaya çıxır. Casus, xaosun özüdür. Romanla pyeslərdə onun varlığı, bəy və igidlərin yaxşı-pis, ağ-qara, daha dəqiq desək, kosmos-xaos tərəflərini ifşa edərək müqəddəs olanı sorğulamaq inkanı yaradır. Dramaturq, dastandakı hər boya aid müstəqil süjetləri əritməklə qəhrəmanları bir-birindən xəbərdar edir. Pyesdə Baybura və Beyrəyin dialoqlarında Beyrəyin Qanturalı ilə atası arasındakı söhbətləri bildiyini görürük. O da Qanturalı kimi özündən əvvəl duran, at çapmaqda özünü keçən yoldaş arzuladığını, lazım olarsa bunun üçün Trabzon elinə gedə biləcəyini deyir. İnisiasiya prosesi də elə burada başlayır. Lakin “Beyrək” pyesində inisiasiya da fərqli aspektdə təhlil olunmalıdır : “Beyrək bu inisiasiyanı hansı səbəbdən yaşadı?”
Pyesdə baş verən hər şey həm realdır, həm deyil, həm mifdir, həm də yazının düzəltdiyi imitasiya. Oğuzların sözə, nizama və törəyə bağlılığı həm “Dədə Qorqud” ənənəsində, həm də Kamal Abdullanın pyesində bütöv bir dünyagörüşü kimi işləyir. Söz dünyanın yaranma aktı, nizam onun saxlanma forması, törə bu iki qatın insan həyatında təzahürüdür. Oğuz eli üçün söz məsuliyyətdir, eyni zamanda müqəddəsliyin bir formasıdır. Bu nizam pozulanda dünyanın tarazlığı titrəyir. Pyesdə də məhz bu sarsıntı hiss olunur. Burada nizamdakı Oğuz eli mifi, pozulan 3 törə (tutulmayan söz) isə xaosu təmsil edir :

  1. Baybecanın Bayburda qızını vermə sözünü tutmur
  2. Beyrək Kafir qızına verdiyi sözü tutmur
  3. Qazan xan törəni pozaraq Dədə Qorquda məsləhət etmədən Dış Oğuz bəylərini yağmaya çağırmır.
    Beləliklə, xaos Oğuz elinə gəlir, qurban olaraq da inisiasiya keçirən, mifdən yazıya keçidi təmsil edən Beyrəyi seçir. Beyrək və Banuçiçəyin inisiasiyası burada iki mərhələli şəkildə baş verir:

BEYRƏK

ON ALTI İLLİK ƏSIRLIK — TOY — ÖLÜM

BANUÇIÇƏK:

ON ALTI İLLİK YAS — TOY — BEYRƏYIN ÖLÜMÜ

Maraqlıdır ki, hər iki obrazı bu inisiasiyanı tamamlamaq üçün xaotik obraz iştirak edir. İnsanın Xaotik qarşılığı ibtidai təsəvvürdə şər mjqüvvələrin onu tanımaması, yan keçməsi və beləliklə mənəvi keçidini tamamlamaq üçün xaos aləmindən olan yerdəyişməsi deməkdir. Bu, pyesdə Beyrəyi əsirlikdən gələndə ozan qiyafəsində heç kimin tanımaması ilə simvolizə olunub. Nizama qayıdışı təmsil edən Toy mərasimində Beyrəyin yerində bəy obrazı Yalançıdır. O, Beyrəyin sağ-salamat toyu tamamlaması üçün seçilib. Banuçiçəyin xaotik qarşılığını isə Burla xatun rəqs zamanı seçir. Boğazca Fatmaya Banuçiçəyin yerinə “Dur sən oyna” deyərək onu qoruyur. Pyesdə xalq gülüşünün bu funksiyası postmodernizmin oyun texnikasını xatırladır. “Casus” pyesində də xaosun mərkəzi olaraq tanıdığımız yeddi oynaşlı Boğazca Fatmanın Banuçiçək kimi bir bəy qızının dayəsi olması, üstəlik toyunda onun yerinə oynaması, oxucunu oyun texnikasını xalq gülüşü ilə intertekstual əlaqədə təhlil etməyə imkan verir. Bu situasiyalar Baxtinin karnaval nəzəriyyəsində olduğu kimi, ciddiliklərin müvəqqəti olaraq alt‑üst edilməsi ilə kollektiv gülüş yaratması ilə uyğundur. Son inisiasiya mərhələsində Beyrəyin xaos aləminə kafir qızı ilə getdiyini görürüksə, onlarla səmaya süzülən Banuçiçəyin aqibəti bilinmir.
Mətn öz köklərinə çox bağlı görünür, amma bu bağlılıq qarşılıqlı müstəqillik üzərində qurulub: hər folklor motivi mətnin içində ya qeyri-müəyyənləşdirilir, ya da təhrif olunur. Nizam mərhələsində Beyrək atasının “Get Banuçiçəyi gör” cümləsinə uyaraq mifə sadiq qalır. Banuçiçək obrazının inisiasiyadakı rolu da ənənəvi deyil. O, klassik sevdalı-qəhrəman modeli ilə verilməyərək inisiasiyanın yönləndiricisi kimi də iştirak edir. Baybecanın Bayburda verib tutmadığı söz Beyrəyi inisisasiyaya doğru aparır. Kafir qızının “bizdə yalançılara cəza verirlər” deməsi, sonda Beyrəyin xaos tərəfindən cəzalandırılacağına işarədir. Kamal Abdullanın pyesində inisiasiya daha çox özünə yol açan, amma heç vaxt tamamlanmayan transformasiyadır. Çünki postmodern məkanda nəticə deyil, proses məna daşıyır. Pyesin əvvəlində Beyrək, Qanturalı kimi Trabzona getmək istəyir, lakin Kafir qızı xaos aləmindəndir, “Elə bil, qorxa-qorxa” pyesindən də bildiyimiz kimi, xaosdakı ruh kosmosda qala bilməz. Qazan xanın da mifə xəyanət edib Qorqud atadan məsləhət almadan mifdən uzaqlaşması birliyi pozur. Birliyin olmadığı yerdə ikilik yaranır ki, bu da xaosla kosmosu təmsil edir. Mif və folklor elementləri inisiasiyanın materialı kimi istifadə olunur, amma onlar da dekonstruksiya olunur. Qədim motivlər tanınır, sonra isə onların əsl gücü və mənası sorğulanır. Beləliklə, inisiasiya həm xatırlanır, həm də tənqid edilir. Nəticə etibarilə, “Beyrək”də inisiasiya bitmiş, yekunlaşan mərhələ deyil. O, yarımçıq, çoxqatlı, davam edən bir axtarışdır. Qəhrəman və oxucunun bu axtarışda iştirak edərək açıq suallara cavab tapması əsərə canlılıq verir. Pyes boyu Beyrəyin inisiasiyası dastana sadiq formada davam etsə də sonu postmodern ənənəyə uyğun gəlir. Kafir qızı xaos aləmindən gələrək haqqa vasil olmuş Beyrəklə başındakı Banuçiçəyi bilinməzə aparır. İntertekstuallıq burada materialın gətirilməsi və mətn daxilində yenidən işlənməsi kimi təzahür edir. Beləliklə, Beyrəyin inisiasiyası yarımçıq qalır. Kamal Abdulla, Oğuz elinin, ölü olan zaman “ökür-ökür” ağlaması, qızların yanaqlarını yırtması kimi adətlərini dekonstruksiya edərək Beyrək və Banuçiçəyi yeni bir inisiasiya mərhələsinə aparır.
Pyesin intertekstuallığı həmçinin “müəllifləşmə” mexanizmi qurur: Kamal Abdulla yalnız mətnlər arasında dialoq yaratmır, həm də bu dialoqun necə manipulyasiya olunduğunu göstərir. Beyrəyin taleyi dastandan götürülüb, amma dastanın özünün “müqəddəs mətni” kimi toxunulmazlığı dağıdılır. Bu, müəllifin folklorun arxetipik sabitliyinə qarşı modern şüurun qeyri-sabitliyini çıxarmasıdır. Dədə Qorqudun nizamı ilə postmodern xaos üz-üzə gəlir və heç biri tam qələbə qazanmır. Nəticədə ortaya mətniçi gərginliklə yaşayan yeni Beyrək çıxır. Beyrək öz yaddaşı ilə mifin yaddaşı arasında, öz taleyi ilə mətnin diktə etdiyi taleyin arasında sıxışıb qalır.
Kamal Abdullanın “Beyrək” pyesi Azərbaycan teatrında folklor və qəhrəmanlıq motivlərini müasir səhnə dili ilə birləşdirən əhəmiyyətli əsərdir. Burada intertekstuallıq oxucunu bəzi məqamlarda seçici edir: mədəni kodları tanıyanlar əlavə ləzzət alır, tanımayanlar üçün isə məna qapalı qala bilər. Bu, pyesin həm açıq, həm də gizli ünsürlərə malik olmasını təmin edir, bəzilərinə «oyun», bəzilərinə isə «sınaq» olur.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

MİN SÖZ DEYƏN BİR AN

MİN SÖZ DEYƏN BİR AN

(esse)

Bu fotoda sözlər danışmır, duruş danışır. İki insan yan-yana dayanıb, amma aralarındakı məsafə fiziki yox, mənəvidir. Hər ikisinin əlləri önündə birləşib — bu, nə təsadüfi jestdir, nə də sadə rahatlıq. Bu, daxili nizamın, özünü toparlamanın, zamanın ağırlığını çiyinlərində hiss etməyin ifadəsidir:

Biri gələcəkdir, o biri keçmiş,
İndiki zamanda qoşa, mehriban.
Gələnə gedənin sözü çox qısa:
Yükün çox ağırdır, yaşa mehriban!

Soldakı insan dik durur, baxışları açıqdır. Duruşunda məsuliyyət var — sanki söylənəcək sözlərin yox, daşınacaq yükün fərqindədir. Əllərin birləşməsi onun özünü nəzarətdə saxladığını, düşüncələrinin içində sakit bir intizam yaratdığını göstərir. Bu duruş “mən buradayam” demir, “mən cavabdehəm” deyir:

Dədə Qorqud deyir: – dinlə Qazan xan,
O qədər olacaq oyun pozan xan,
Ağılına gələni şeir yazan xan,
Hamısın yola ver, yaşa mehriban!

Sağdakı insanın duruşu isə daha çox zamanla üz-üzə qalmış bir ruhu xatırladır. Çiyinlər bir qədər irəli əyilib, baş aşağıya doğru yönəlib. Bu, zəiflik yox, dərinlikdir. İllərin topladığı təcrübənin, görülmüş işlərin, deyilmiş və deyilməmiş sözlərin ağırlığıdır bu əyilmə. Onun duruşu sükutun müdrikliyini daşıyır:

Bizik söz mülkünün sədri-əzəmi,
Çox olub bu mülkün xəstə, cüzəmi,
Heç zaman söyləmə: – qalıb bizəmi?!
Hamısın yola ver, yaşa mehriban!

Hər iki insanın ortaq cəhəti tələskənlikdən uzaq olmalarıdır. Onlar poza vermirlər, özlərini göstərmirlər. Bu fotoda nümayiş yox, hal var. Elə bil zaman bir anlıq dayanıb və insanın öz vicdanı ilə tək qaldığı o səssiz məqam tutulub:

Ustac şəklə baxır, şəkildə yoxdur,
Oxumaqda acdır, yazmaqda toxdur,
Dədənin sözündə həqiqət çoxdur:
“Hamısın yola ver, yaşa mehriban!

Bu duruşlar bizə bir həqiqəti xatırladır: bəzən insanın kim olduğunu öyrənmək üçün nə danışdığına yox, necə dayandığına baxmaq kifayətdir. Çünki duruş – insanın daxili dünyasının səssiz etirafıdır. Həmişə göz önündə olan hər iki ziyalımıza qədəm qoyduğumuz yeni ildə can sağlığı və bolluca uğur arzulayıram! Sözümü böyük Azərbaycan şairi ulular ulusu, ustad Səməd Vurğunun bu bəndi ilə yekunlaşdırmaq istəyirəm:

Saç ağardı, ancaq ürək
Alovludur əvvəlkitək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim, bir də Vətən:
-Şair, nə tez qocaldın sən!

“Tanrı” sözünü daşa qazan ilk yazanımızdan üzü bəri, bütün söz demiş ozanlarımızı rəhmətlə anır, hazırda əldə qələm çarpışan bütün yazarlarımıza üzümüzə gələn yel qanadlı at ilində muradlarının hasil olmasını diləyirəm!

07.01.2015 – 5:10. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I