Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Mədinə Gülgün -100” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub 17 yanvar 2026-ci il tarixində Milli Kitabxanada Azərbaycan şairəsi, milli-demokratik poeziyanın görkəmli nümayəndəsi Mədinə Gülgünün anadan olmasının 100 illik yubileyi münasibətilə “Əməkdar incəsənət xadimi Mədinə Gülgün -100” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub. Mədinə Nurulla qızı Ələkbərzadə 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olub. 1938-ci ildə ailə Cənubi Azərbaycananın Ərdəbil şəhərinə köçüb. Sonra Təbriz şəhərində yaşayıb. 1948-1952-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) dil və ədəbiyyat fakültəsində ali təhsil alıb. Mədinə Gülgünün uşaq yaşlarından ədəbiyyata böyük həvəsi olub. Şairənin “Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Bu kitabda onun 1945-1949-cu illərdə yazdığı şeirlər toplanıb. Həyatının ilk illəri Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf etmiş və bu şeirlərində də öz əksini tapıb. Mədinə Gülgünün Bakıda, Təbriz və Moskvada otuzdan artıq kitabı nəşr edilib. “Təbrizin baharı” (1950), “Savalanın ətəklərində” (1950), “Sülhün səsi” (1951), “Yadigar üzük” (1953), “Təbriz qızı” (1956), “Dünyamızın sabahı” (1974), “Durnalar qayıdanda” (1983), “Dünya şirin dünyadır” (1989), “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni” (1978), “Könlümü ümidlər yaşadır” və onlarca digər şeir kitablarının başlıca mövzusu insan, azadlıq, Təbriz həsrəti, humanizm və vətənpərvərlikdir. Onun əsərləri bir sıra xarici ölkələrin dillərinə tərcümə olunub, lirik şeirlərinə mahnılar bəstələnmişdir. 1946-cı ildə “21 Azər”, 1948-ci ildə “Əmək veteranı”, 1980-cı ildə “Şərəf Nişanı” ordenləri, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adı və digər medallarla, fəxri fərmanlarla təltif olunub.
Qəlbin yaddaşı və xalqın nəfəsi (Asif Yusifcanlının bayatı dünyası) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu Asif Yusifcanlının bayatıları olacaq (səh. 8-10). Azərbaycan ədəbiyyatının ən qədim və ən saf poetik formalarından biri olan bayatı, xalqın min illərdən bəri süzülüb gələn dərdini, sevincini, fəlsəfəsini və mənəvi yaddaşını özündə daşıyan söz incilərindəndir. Asif Yusifcanlının “Qəlbimin səsi” kitabında yer alan bayatılar da bu ənənəni müasir dövrdə yaşadan, xalqın milli kimlik ruhunu qoruyan, milli-mənəvi dəyərlərdən qidalanaraq kökündən qopmayan parlaq nümunələrindəndir. Bu bayatılar təkcə şairin fərdi duyğularının ifadəsi deyil, həm də xalqın taleyindən, zamanın sarsıntılarından, insanın mənəvi sınmalarından xəbər verən ümumiləşdirilmiş poetik fəryaddır. Kitabdakı bayatılarda ilk nəzərə çarpan cəhət yanğın (yanğı) motividir. “Baxıram ki, daş yanır, Torpaq yanır, daş yanır” misralarında yanmaq təkcə fiziki odun təsviri deyil; burada torpağın da, daşın da yanması xalqın yaşadığı tarixi ağrıların, sosial və mənəvi sarsıntıların metaforasıdır. Şair bu yanğını konkret bir səbəblə məhdudlaşdırmır, əksinə, onu ümumbəşəri bir hala çevirir: od vuran bilinmir, amma nəticə hər kəs üçün eynidir – “quru qalar, yaş yanar”. Bu isə ədalətsizliyin, günahsızların zərər görməsinin dərin poetik ifadəsidir. Bayatılarda yurd və el anlayışı xüsusi yer tutur. “Əziziyəm bu eldə, Bu mahalda, bu eldə” deyən şair elə bağlılığını yalnız coğrafi anlamda deyil, mənəvi məsuliyyət kimi təqdim edir. Burada namus, qeyrət, vicdan anlayışları elin ölçü vahidinə çevrilir. “Qeyrətsizin başından, namus baha bu eldə” misrası təkcə keçmişin deyil, bu günün də ictimai mənzərəsini düşündürən publisistik bir hökm təsiri bağışlayır. Asif Yusifcanlının bayatıları ana obrazı üzərindən milli faciəni daha da dərinləşdirir. “Anamın baş yaylığı Qoymadı qan tökülə” misrasında ana təkcə doğma bir varlıq deyil, həm də sülhün, mərhəmətin, həyatın simvoludur. Ananın yaylığı qanla ölüm arasında sipərə çevrilir. Bu obraz Azərbaycan folklorunda ana müqəddəsliyinin və qadın mərhəmətinin ən saf təcəssümüdür. Bayatılarda ölüm və itki motivi də kədərli bir axarla davam edir. “Qardaş yerin boş gördüm, Yer başıma dolandı” misraları oxucunu fərdi dərddən çıxarıb kollektiv faciəyə aparır. Qardaş itkisi burada tək bir insanın ölümü deyil, bütöv bir nəslin, bir dayağın yox olmasıdır. Bu cür misralar bayatını sadə xalq şeiri çərçivəsindən çıxarıb, onu yüksək emosional və fəlsəfi mətnə çevirir. Diqqət çəkən mühüm məqam isə şairin ümidsizliyi etiraf etsə də, təslim olmamasıdır. “Ümidlərim puç oldu, Gəlməyəydi belə yaz” misralarında insan taleyə giley edir, amma bu giley sükutla bitmir. Bayatıların ruhunda gizli bir dirəniş, iç yanğısından doğan mənəvi müqavimət hiss olunur. Şair dərdi söyləməklə onu aşmağa çalışır – bu isə sözün şəfa gücünə olan inamdır. Ümumilikdə, Asif Yusifcanlının “Qəlbimin səsi” kitabındakı bayatılar xalq ruhunun güzgüsü, zamanın mənəvi hesabatı və insanın iç dünyasının poetik xülasəsidir. Bu bayatılar oxucunu həm köklərinə qaytarır, həm də bugünkü cəmiyyətin ağrıları ilə üz-üzə qoyur. Sadə görünən dörd misralıq formanın içində böyük bir xalqın tarixi, dərdi, vicdanı və ümidi yaşayır. Bu mənada, Asif Yusifcanlının bayatıları yalnız oxunmur – dinlənilir, hiss olunur və yadda qalır. Onlar doğrudan da şairin deyil, qəlbin səsidir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.
Ehtiyacım olan vaxtda yanımda olmadınız. Nə səsiniz gəldi, nə varlığınız hiss olundu. O günlərdə susmağı, görməməzlikdən gəlməyi seçdiniz. Mən çətinliklərlə tək üz-üzə qalanda isə yadlar ortaya çıxdı, yadlar soruşdu, yadlar əl uzatdı, yadlar insanlıq göstərdi. Və elə həmin günlərdə bir həqiqət açıq şəkildə üzə çıxdı: yadlar sizdən doğma oldu. Siz isə sadəcə ad üstündə qalan, qohumluqdan başqa heç nə ifadə etməyən bir boşluğa çevrildiniz. İndi isə hər şey bitəndən, hər şey geridə qalandan sonra məni xatırlamağınız nə vicdan göstəricisidir, nə də dəyər. Bu gecikmiş maraq mənim üçün əhəmiyyətsizdir. Vaxtında yanında olmayanın sonradan söz deməyə haqqı olmur. Mən artıq öz yolumu tək getmişəm, öz əziyyətimi tək çəkmişəm, öz qaranlıq dünyamda özüm ağlayıb, özüm göz yaşlarımı silib ayağa qalxmışam, dərsimi almışam, qapımı da bağlamışam. Bu qapı nə izah üçün açılacaq, nə də “qohumuq axı” bəhanəsi üçün. Mənim sizə ehtiyacım yoxdur. Sakitliyimə hörmət edin və bir daha məni narahat etməyin.
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.