Beynəlxalq İşıqfor Günü Hər il 5 avqust dünyada Beynəlxalq İşıqfor Günü kimi qeyd olunur. Bu tarix 1914-cü ildə ABŞ-ın Klivlend şəhərində qırmızı və yaşıl rəngli ilk elektrik işıqforunun quraşdırıldığı gün ilə əlaqədardır. İşıqfor əslində mədəniyyət, etika və məsuliyyətin gözəl bir təzahürüdür. İşıqfor adlandırdığımız bu qurğu cəmiyyətdə nizam-intizamla yanaşı həm də təhlükəzisliyimizə böyük töhfə verir. Lakin təhlükəsizliyimizlə yanaşı həm də dilimizi qorumaq boynumuzun borcudur. Bu qurğunun yaradıcısı biz olmasaq da, Azərbaycan türkcəsində “İşıqfor” sözünün mənası anlaşılmazdır. Belə ki, “işıq” öz dilimizdə olsa da, “for” birləşməsi “daşıyan” mənasını yetirən yunan mənşəli bir sözdür. Biz Sovetlər dönəmindən etibarən buna “svetafor” deyirdik və yalnız müstəqillik illərində nə qədər çətin olsa da adını dəyişib bu formaya saldılar. İnsanlar da çətinliklə yeni adı qəbullanıb işlətməyə başladılar. Amma bu, yetərsiz bir addım idi. Çünki “for” ifadəsi əcnəbi sözüdür. Onun Azərbaycan türkcəsində kifayət qədər uyğun mənaları mövcud olarkən nədən ayrı-ayrı dillərdəki ifadələrdən istifadəyə bu qədər can atırıq? Yoxsa işıqforun “for” birləşməsini öz dilimizə tərcümə etmək üçün daha bir əsr gözləməliyik?
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Bəyaz durnalar” kitabının təqdimatı keçirildi 5 avqust tarixində “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə şair Lalə İsmayılın ilk şeirlər kitabı – “Bəyaz durnalar”ın təqdimatı və Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İsmayıl Barat oğlu İsmayılovun doğum gününə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, ziyalılar, şair və yazıçılar, ədəbiyyatsevərlər, ictimaiyyət nümayəndələri iştirak etdilər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətənin azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, “Kəlağayı Ev Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, “Bəyaz durnalar” təkcə bir şeir kitabı deyil, həm də şəhidlərimizin müqəddəs xatirəsinə ucaldılmış mənəvi abidədir. O, müəllif Lalə İsmayılı ilk kitabının nəşri münasibətilə təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzuladı. Tədbirdə çıxış edən müəllif Lalə İsmayıl qeyd etdi ki, “Bəyaz durnalar” onun ilk fərdi şeir kitabıdır. Kitab Xalq şairi Nəriman Həsənzadənin xeyir-duası, Prezident təqaüdçüsü, Əmək qəhrəmanı Tərlan Musayevanın dəstəyi ilə ərsəyə gəlib və Zəngilan uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş yeddi polis əməkdaşının əziz xatirəsinə ithaf olunub. Həmin qəhrəmanlardan biri də müəllifin qardaşı, itkin şəhid İsmayıl Barat oğlu İsmayılovdur. Müəllif çıxışında bildirib ki, kitab nəşr etdirmək əvvəlcədən planında olmayıb. Dostlarının və yaxınlarının təkidi ilə illər ərzində qələmə aldığı şeirlər toplanaraq kitab halında oxuculara təqdim olunub. O, bundan əvvəl türkiyəli şair Celalettin Kurtla birgə müəllifi olduğu “İki səs, bir nəfəs” kitabının işıq üzü gördüyünü, hazırda isə yeni kitab üzərində çalışdığını və yaxın vaxtlarda onu da oxucuların ixtiyarına verməyi planlaşdırdığını vurğuladı. Tədbirdə çıxış edənlər “Bəyaz durnalar” kitabını yüksək qiymətləndirərək müəllifə yaradıcılıq uğurları arzuladılar, şəhidlərimizin xatirəsinin yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd etdilər. Tədbirin yaddaqalan məqamlarından biri də rəssam Humay Əliyevanın Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid İsmayıl Barat oğlu İsmayılovun xatirəsinə həsr etdiyi rəsm əsərini müəllif Lalə İsmayıla təqdim etməsi oldu. Şəhidin əziz xatirəsini yaşadan bu mənalı hədiyyə iştirakçılar tərəfindən böyük ehtiram və duyğusallıqla qarşılandı. Sonda müəllif oxucular üçün kitablarını imzaladı və xatirə şəkilləri çəkdirildi:
Hamı, heç olmasa onu yaxından tanıyanlar, Fərman Salmanovun fenomenallığını birmənalı şəkildə qəbul edirdi. Bununla belə, ömrü boyu qazandığı parlaq nailiyyətlərə qəribə bir qısqanclıqla yanaşıldı. Elə bil, onun böyüklüyünü etiraf etmək çoxlarına çətin gəlirdi. Fərman Salmanov 28 iyul 1931-ci ildə Şəmkir rayonunun Morul kəndində dünyaya göz açmışdır. Orta məktəbdə oxuduğu illərdən yaşıdlarından iti zəkası, güclü hafizəsi və çalışqanlığı ilə seçilirdi. Hələ gənclik çağlarında xarakterinin iki əsas cəhəti – sarsılmaz əzmkarlıq və dönməz inad özünü açıq şəkildə göstərirdi. Qarşısına qoyduğu məqsədə nə olursa-olsun çatmaq onun həyat fəlsəfəsinə çevrilmişdi. Bu məqsəd onu orta məktəbi bitirdikdən sonra Bakıya – Azərbaycan Neft Sənayesi İnstitutunun geologiya fakültəsinə gətirdi. Ali təhsilini fərqlənmə ilə başa vuran gənc geoloq təyinatla Kuzbasa göndərildi. Çox keçmədən apardığı müşahidələr nəticəsində burada aparılan geoloji axtarışların perspektivsiz olduğu qənaətinə gəldi və bu barədə rəhbərliyə məlumat verdi. Dövlət vəsaitinin səmərəsiz istiqamətdə xərclənməsinə etiraz edərək, heç bir rəsmi icazə almadan kiçik bir ekspedisiya ilə neft ehtiyatlarının mövcudluğuna inandığı Sibir çöllərinə yollandı. Əvvəlcə bu addıma müəyyən dözümlə yanaşılsa da, uzun müddət nəticə görünmədiyindən onun cəzalandırılması məsələsi gündəmə gəldi. Məsələ SSRİ rəhbəri Nikita Xruşşova qədər çatdırıldı. Deyilənə görə, Xruşşov məruzəni dinlədikdən sonra belə demişdi: “İndi artıq Stalin dövrü deyil. Tələsməyin. Ona bir şans da verin. Bəlkə axtardığını tapacaq.” Bu qərar təkcə bir geoloqun taleyini deyil, bütöv bir ölkənin iqtisadi gələcəyini dəyişdi. Ekspedisiyanın üzvləri arasında belə ümidsizliyin hökm sürdüyü günlərdə, 21 mart 1961-ci ildə Sibirin Meqion yatağında qazılan ilk kəşfiyyat quyusundan 2180 metr dərinlikdən gur neft fontanı vurdu. Bu, təkcə yeni yatağın deyil, Qərbi Sibirin gələcək neft imperiyasının doğuluşu idi. Sonralar Fərman Salmanovun bilavasitə kəşf etdiyi yüzdən artıq neft və qaz yatağının ilki məhz Meqion oldu. Ancaq taleyin qəribə ironiyası vardı. Salmanovun dünya miqyaslı bu kəşfi cəmi üç həftə sonra Yuri Qaqarinin kosmosa uçuşunun kölgəsində qaldı. Sovet ideologiyası bütün diqqətini kosmosun fəthinə yönəltdi, geoloqun nailiyyəti isə ikinci plana keçdi. Fərman Salmanov buna təəssüflə yanaşırdı. Yaxın dostlarına deyirdi: “Mənim kəşfim Yuri Qaqarinin şücaətindən nəinki geri qalır, hətta ondan qat-qat böyük iqtisadi əhəmiyyət daşıyır.” Zaman onun haqlı olduğunu sübut etdi. Salmanovun bilavasitə iştirak etdiyi 130-a yaxın neft və qaz yatağının istismarı nəticəsində əldə olunan gəlirlər trilyonlarla ABŞ dolları ilə ölçülür. Bu gün də Rusiya Federasiyasının iqtisadi dayaqlarından biri məhz onun vaxtilə aşkara çıxardığı yataqlardır. Bununla belə, miqyasına görə misli görünməmiş bu xidmətlər heç vaxt layiq olduğu səviyyədə qiymətləndirilmədi. Ona ordenlər, medallar, fəxri adlar verildi. Lakin heç kim açıq şəkildə etiraf etmədi ki, Fərman Salmanov tək bir alim kimi nəhəng dövlətin iqtisadi qüdrətini formalaşdıran əsas simalardan biri idi. Ən sadə müqayisə belə göstərir ki, nə Sovet İttifaqının 69 illik tarixində, nə Romanovlar sülaləsinin üç əsrlik hakimiyyəti dövründə, nə də müasir Rusiya tarixində hər hansı bir şəxsin elmi fəaliyyəti dövlətə Fərman Salmanovun qazandırdığı qədər sərvət gətirməmişdir. Fərman Salmanov geologiya-mineralogiya elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü idi. 1987–1991-ci illərdə SSRİ geologiya nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Prinsiplərinə ömrünün sonunadək sadiq qaldı. Neft-qaz sənayesinin özəlləşdirilməsi siyasəti ilə razılaşmadığı üçün yüksək dövlət vəzifəsindən könüllü istefa verdi. Bu addım həmin dövr üçün nadir cəsarət nümunəsi idi. O, elmdə fəth ediləcək zirvələri fəth etdi. Sağlığında mümkün olan bütün mükafatları aldı. Ölümündən sonra isə yalnız seçilmiş şəxsiyyətlərə qismət olan daha bir tarix yazdı. Bu gün dünyada adına hava limanı verilmiş iki azərbaycanlıdan biri Fərman Salmanovdur. Tümen vilayətinin Surqut şəhərinin beynəlxalq hava limanı 2019-cu ildən onun adını daşıyır. Fərman Salmanov 31 mart 2007-ci ildə Moskvada vəfat etmişdir. Məzarı Moskvanın məşhur Vaqankovo qəbiristanlığındadır. Ömrünün böyük hissəsini Rusiyada keçirsə də, ürəyi həmişə doğma Azərbaycanla döyünürdü. Hələ 1946-cı ildə, cəmi on beş yaşı olarkən, ittifaq miqyasında tanınmış dövlət xadimi Nikolay Baybakovun Şəmkirdə seçicilərlə görüşündə cəsarətlə bölgəsinin problemlərini dilə gətirmişdi. Bu görüş təsadüfi deyildi. Məktəbin əlaçı şagirdi olan Fərmanın ən böyük arzusu neftçi olmaq idi. Gənc məktəblinin Baybakovla görüşünə şərait yaradanlar onun gələcəkdə böyük neftçi olacağına inanırdılar. Bu gün Şəmkirdə onun təhsil aldığı məktəb Fərman Salmanovun adını daşıyır. Vaqankovo qəbiristanlığında Fərman Salmanovun yanında taleyin amansızcasına cəmi qırx iki yaşında həyatdan apardığı oğlu da uyuyur. Tale babasının sürgün yeri olmuş Sibiri ona başqa cür fəth etməyi nəsib etdi. Onun qərib məzarı Moskvadadır. Amma adı, xatirəsi və yaratdığı irs doğma elindən heç vaxt ayrılmayıb. Çünki böyük insanlar vətəndən uzaqda dəfn oluna bilərlər. Ancaq onlar heç vaxt xalqın yaddaşından köçmürlər.
Ədəbi tənqidə 1979- cu ildə Balakən rayonunda müəllim işləyərkən gəlib. Daha doğrusu, Gəray Fəzlinin “Yeddi ulduzlu səma” romanını oxuyandan sonra buna qərar verib. Bəli, bugünkü söhbətimin qəhrəmanı hidrometoroloq olsa da, həm də söz adamıdır…
Deyir ki:- “Söz sənətinin hər dövrünün özünəməxsusluğu var. Müasir nəsr artıq cild-cild romanlar dövrünü arxada qoyub. İndi vaxtın qıtlığı, informasiyaların bolluğu zamanıdır. Ona görə də hekayə, povest, roman həcmini dəyişib. Yığcam, konkret, geniş informasiyalı nəsr əsərləri çox oxunur. Özüm də böyük həcmli əsərləri oxumuram. Hövsələm və vaxtım çatmır. O vaxt oxuduğum Zahid Sarıtorpağın “Quşların intiharına inanmayın” romanındakı hadisələr məni, necə deyərlər, yerimdən tərpətdi. Yazıçı bu günün reallıqlarını ustalıqla həcmcə kiçik, mənaca dolğun romana yerləşdirib. Kənan Hacının, Ataqamın, Yaşar Bünyadın, Ayaz İranooğlunun hekayə və povestləri, Pərvanə Bayramqızının hekayələri, Əli bəy Azərinin Qarabağ müharibəsi haqqında əsərləri maraqlıdır. Ən başlıca məsələ isə gerçəkliyi, həqiqəti yazmaqdır. Bəzək-düzəksiz olsun, oxucunu inandırsın. Bəli, əsas meyar budur mənim üçün.”
1956-cı ilin avqust ayının 26-da Balakən rayonunun Qamıştala kəndinə anadan olub, 1973-cü ildə Qaravəli kənd orta məktəbini bitirib. 1973-1977- ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb. Oranı bitidikdən sonra dörd il Balakən rayonunda müəllim işləyib. Balakən rayonunun “Şən həyat”, ADPU-nun “Gənc müəllim”, eləcə də “Azərbaycan gəncləri”, “Azadlıq”, “Rezonans”, “Azad qələm”, “Ədalət”, “Aktual qəzet”, “Ruzigar”, İnamın gəlişi” qəzetlərində, “Elm və həyat”, “Xəzan”, “Əfsun”, Türkiyədə nəşr olunan “Hece taşları” dərgilərində şeirləri, hekayələri, publisistik yazıları, elmi, ədəbi-tənqidi yazıları dərc olunub. Bir sözlə, ölkədə bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin müəllifi kimi tanınır. Eyni zamanda, uşaqlar üçün ingilis dilindən tərcümələr də edib…
…Bəlkə də heç özü də bilmir, o anadan olanda həftənin bazar günü olub. Bazar günü dünyaya gələnlər isə Günəş tərəfindən idarə olunur, təbii xarizma, liderlik xüsusiyyətləri və yüksək həyat enerjisi ilə seçilirlər. Onlar optimizm, yaradıcılıq və uğur meyilliliyi kimi keyfiyyətləri daşıyan fərdlərdir. Odur ki, qəhrəmanım da, güclü iradəyə və idarəçilik bacarığına malikdir. Ətrafındakı insanları cəlb edən parlaq və isti aura var. Həvəsli, canlı və hər zaman hərəkətli quruluşu ilə seçilir. Həyata ümidlə baxır, çətinliklərə qarşı müsbət düşüncələrini itirmir. Sənətə, gözəlliyə və yenilikçi fikirlərə meyillidir…
“Mənim ixisasım coğrafiya müəllimi, pedaqoqdur, peşəm hidrometeoroloqdur. Sırf mənim peşəmlə bağlıdır deyə söyləyirəm. Bakı küləkər şəhəridir. Amma Bakı toponimi küləklər şəhəri mənasını vermir. Bəzi tədqiqatçılar onun adının “təpə” mənasında olduğunu yazırlar. Sara Aşurbəyli bu coğrafi adın “Bagi” qəbiləsinin adından yarandığını qeyd edir. Bu versiya daha inandırıcıdır. Ərəb səyyahları Bakıya gəlib onu “Badi-kubə” adlandıranda “Bakı” toponimi vardı. Hətta Xəzər dənizinin coğrafi adlarından biri Bakı olub. O ki qaldı niyə küləklər şəhəridir? Bəli, Bakının və Abşeron yarımadasının azı 250-300 günü küləkldir. Küləklərimiz də millidir- xəzri və gilavar. Bakının və Xəzər dənizinin küləkli olmasının əsas səbəbi coğrafi mövqeyidir. Şimal Büzlu okeanından gələn Kra antisiklonu Xəzərin şimalından Azərbaycana sanki dar dəhlizdən daxil olur. Yelçəkər yaradır. Mülayim qurşaqdan gələn hava kütlələri isti hava axını gətirir.”- söyləyir.
Maraqlı adamdır, ömrünün çox hissəsini müəllimliyə, hidrometeorologiyaya həsr etsə də, həm də yaxşı publisist və tərcüməçidir. O ki, qaldı onun bir insan kimi xarakterinə, qoy deyim, siz də bilin: Onun ən böyük gücü analitik düşüncə tərzidir. Problemləri tez bir zamanda müəyyənləşdirə və bu problemləri həll etmək üçün effektiv yollar tapa bilir. Həmçinin, səmimi və etibarlı dostdur. Onunla əməkdaşlıq etmək bir başqa aləmdir. Başqalarına kömək etməkdən xoşlanır, yardımsevərdir. Və ondan müdrik, uğurlu məsləhətlər almaq olar. Bir sözlə, özünütəkmilləşdirmə və öyrənmə arzusu onu zaman-zaman gözəl məsləhətçi kimi yetişdirə bilib. O, həm də sağlam həyat tərzinə və fiziki rifaha böyük önəm verir. Necə deyərlər, sağlam bədəndə sağlam ruh olar, haqqında danışdığım Vaqif Osmanovda olduğu kimi…
Xülasə, avqust ayının 26-sı Vaqif müəllimin 70 yaşı tamam olacaq. Birdən elə düşünərsiniz ki, tələsmişəm, axı 26-na hələ qalır. Elə deyil, söz gəldisə gərək qarşısını almayasan…
Metamorfoz İnsan həyatının ilk illərində başqalarının həqiqətləri ilə yaşayır. Ona deyilənləri doğru qəbul edir, öyrədilən qaydaları isə dəyişməz qanun hesab edir. Lakin zaman keçdikcə həyat elə sınaqlar gətirir ki, illərlə inandığın düşüncələr bir-bir çatlayıb dağılır. Məhz o an anlayırsan ki, həqiqət hazır şəkildə heç kimə verilmir. Hər kəs onu öz yolunda, öz səhvləri, itkiləri və seçimləri ilə kəşf edir. Bəlkə də insan üçün ən böyük təhlükə yalan eşitmək deyil, eşitdiyini sorğulamadan həqiqət kimi qəbul etməkdir. Sorğulanmayan fikir zaman keçdikcə inanca çevrilir, inanc isə bəzən insanı reallıqdan uzaqlaşdırır. Halbuki həqiqət rahatlıq vəd etmir. O, bəzən bütün bildiklərini dağıdır, səni sarsıdır, amma eyni zamanda gözlərini açır və həyata daha ayıq baxmağı öyrədir. Həyatın ən qiymətli dərsləri məktəb partalarının arxasında keçirilmir, kitabların son səhifəsində yazılmır. Onlar gecənin səssizliyində peşmanlıqlarla üz-üzə qaldığın anlarda, səni dəyişən ayrılıqlarda, güvəndiyin insanların xəyanətində və hər şey bitmiş kimi görünərkən yenidən ayağa qalxmaq məcburiyyətində qaldığın anlarda gizlənir. Ona görə də hər deyilənə inanmağa tələsmə. Hər fikri öz ağlından, hər həqiqəti isə öz vicdanından keçir. Çünki başqaları sənə yolu göstərə bilər, amma o yolu necə gedəcəyini, harada dayanacağını və kimə çevriləcəyini yalnız həyatın özü öyrədə bilər.
Etibar Həsənzadənin “Zəfərlərə Doğru” adlı kitabı AK Parti MKYK Üyesi Barış ÖzErol bəyə hədiyyə edildi
Etibar Həsənzadənin “Zəfərlərə Doğru” adlı kitabı AK Parti MKYK Üyesi Barış ÖzErol bəyə hədiyyə edildi
Bu barədə Yazar Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat vermişdir.
“Zəfərlərə Doğru” adlı kitabım Cümhurbaskanimiz Recep Tayyip Erdoğanin dava və yol dostu AK Parti MKYK Üyesi Barış ÖzErol bəyə hədiyyə. Diqqət və hörmətə görə AK Parti MKYK Üyesi Barış ÖzErol bəyə və məni layiqincə təmsil etdiyinə görə Gönül Elçim Mustafa Nazilli bəyə təşəkkürümü bildirirəm. Allah ömür versin Allah razı olsun sizlərdən var olun. Qeyd edim ki Barış bəy mənə salamlarını və xoş sözlərini xoş arzularını çatdırmış və uğurlar arzulamışdır. Bizdən də Qardaş Türkiyəmizdə ki dostlarımıza və Barış bəyə qucaq dolusu salamlar sevgilər.
“Milli Qəhrəman Vüqar” – Yeni kitabın təqdimatı Bu günlərdə Azərbaycan ədəbi mühitinin görkəmli və qocaman nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Turan Yazarlar Birliyinin sədri, Turan Xalq şairi, “Turan Ödülü”, “Ustad Niftalı Göyçəli” ödülü, “Həməşəra” Fəxri Diplomu, “Məhəmməd Füzuli” Fəxri ödülü və “Əsrin yazarı” medalı laureatı, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, türkoloq, aşıq, yazıçı-şair Ustad Niftalı Göyçəlinin Azərbaycanın Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlovun xatirəsinə yazdığı “Milli Qəhrəman Vüqar” adlı bioqrafik poema kitabı işıq üzü görmüşdür.
Kitabın əsas məlumatları: Kitabın adı: “Milli Qəhrəman Vüqar” (Bioqrafik poema) Müəllif: Niftalı Göyçəli Redaktor: Valeh Novruzov (Turan Yazarlar Birliyinin üzvü, ünlü-sədalı etnoqrafik “Dərəçiçək xatirələri” kitabının müəllifi Naşir: “Elm və təhsil” nəşriyyatı, Bakı, 2026 Kağız formatı: 84×108 1/16 Kitabın həcmi: 104 səhifə Tiraj: 100
Kitab barədə: Bu poemada Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlovun obrazında I Qarabağ savaşında rəşadət göstərmiş igid əsgərlərimizin döyüş salnaməsindən bəhs olunur. Əziz şəhidimizə həsr olunmuş kitabın girişində Turan Yazarlar Birliyinin üzvü, TYB-nin xüsusi ödülü, “Hüseyn Cavid” ödülü və “Ustad Niftalı Göyçəli” ödülü laureatı, yazıçı-şair Ramil Bəylər tərəfindən kainat və varlıq aləmi barədə qələmə alınmış “Münacat” adlı gözəl şeiri təqdim edilir. Ardınca kitabın əsas hissəsində Ustad Niftalı Göyçəlinin uyğun mövzuda xüsusi məharətlə qələmə aldığı gözəl və mənalı poeması yer almışdır. Bundan sonra kitabın redaktoru Valeh Novruzovun II Qarabağ Savaşı ilə bağlı fikirləri, ardınca şəhid Vüqar Mürəslovun bibisi, Turan Xalq şairi Şəhla xanım Rəvanın həmin poema barədə qələmə aldığı nəzəri münasibəti yer almışdır. Kitabın sonunda isə “Şəkil albomu” başlığı altında şəhid Vüqar Mürsəlov və eləcə də onun yaxınları və cəbhə yoldaşlarına aid fotoşəkillər təqdim edilmişdir… Məlumat üçün qeyd etmək lazımdır ki, Ustad Niftalı Göyçəlinin “Milli Qəhrəman Vüqar” adlı bioqrafik poemasının ilk təqdimatı 26.07.2026 tarixində Cəlilabad şəhərində yerləşən “Tut Bağı” İstirahət Mərkəzində “Həməşəra” mətbu orqanının təşkilatçılığı ilə onun özü və eləcə də tanınmış ziyalılar, Cəlilabad ədəbi mühitinin bir qrup tanınmış və dəyərli nümayəndəsi, AYB, AJB və TYB-nin üzvləri, şəhid ailələri, habelə yazıçı və şairlərin, ədəbi təhlilçi, tənqidçi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə və səmimi aurada keçirilmişdir…
Minnətdarlıq: Fürsətdən istifadə edib, Azərbaycan ədəbi mühitinin qocaman nümayəndəsi, Turan məfkurəli Turan Xalq şairi, Ustad Niftalı Göyçəlini işıq üzü görmüş yeni kitabına görə səmimi qəlbdən təbrik edir, doğma elimizin fəxarətli sülaləsinə mənsub olan Azərbaycanın Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlovla bağlı yazıb ərsəyə gətirdiyi belə bir gözəl və mənalı poemaya görə təşəkkürümü bildirir, eyni halda əziz və dəyərli Ustadımıza uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
İlqar İsmayılzadə (fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist) 04.08.2026