
SUSAN VAXTIMDI
Oturmuşam sakitcə qara daşımın üstə,
Həsrət öz mahnısını hey oxuyur ahəstə,
Yollar da göz önündə uzandıqca uzanır,
Elə bil intizarım qalmağa vaxt qazanır.
Nə ağ atlı oğlan var, nə də bir ağ göyərçin,
Nə də səbəb tapmıram danışıb gülmək üçün.
Yolları gözlərimə çəkməyə gücüm çatmır,
Nə xəyallar, nə də ki, zaman başımı qatmır.
Fikirlər var gəl edir, o tərəf, bu tərəfə,
Dolaşmışam kələfə.
Həyəcan asılıbdı qəlbimin hər telindən.
Can qurtara bilmirəm, sualların əlindən.
Qəm tutub qollarımdan, çarmıxa çəkmiş kimi,
Nə düşünür görəsən bu cəzanın hakimi?
Otağımın cibinə bənzəyən pəncərəmdən ümüd dolu boxçamı,
Külək alıb, qaçıbdı
Vüsal bir ağ bayrağı ürəyimə sancıbdı.
Ayağımın dibində ümüdlərim oturub,
Sükutun uğultusu qulağımı batırıb.
Dodaqlarım açılmır, ağzıma su almışam,
Tənhalıq heykəlitək elə donub qalmışam…
Hər kəsin bir susan vaxtı, hər kəsin bir susan baxtı var!
Sükutun öz taxtı var!
Bu gün susan vaxtımdı,
Qoy sevinsin intizar…!
Müəllif: Şəfəq Vilayətqızı
Oxuyun >> Gözündə tük var