
Dipdiri
Qara qəpik dünyanın sakinləri qovaqdır,
Biri köç karvanında, biri doğulacaqdır,
Nənəmin cəhrə qurub, nəhrə asdığı vaxtdır,
Duaların üfqündə isinmiş alın təri – dipdiri.
Bir tərəfdə çardağı, bir tərəfdə balları,
Qumaşdandır boğçası, cehizliyi, şalları,
Ay şövqündə toplamış yuxulu, – buğdaları,
Qartımış sümükləri, qabarlamış əlləri – dipdiri.
Yəhərli yüyənli at daylağına teylənir,
Yaz açılır arandan dağa köçən əylənir,
Kimsə qonşu çadırda nərgiz yuyub dəmləyir,
Toplayırıq şəfalı bitkiləri, gülləri – dipdiri.
Kainat da sükutda, yer kürəsi tələsmir,
Nə nənəmin əlləri, nə də ki, yarpaq əsmir,
Əzrail də bağ qurur, qurur, bir teli kəsmir,
Elə bil ki, alacaq ağuşuna göy yeri – dipdiri.
Bu elə yuxudur ki, ayılmaq istəmirsən!
Hər şey səndən aşağı, üst yerdəsən, əmrsən.
Birdən də zaman dönür əcəl donu geyirsən,
Özündən, özgəsindən yerini alır biri-dipdiri.
O dam yox
Buludların tozcuğu dağa çöküb dağıldı,
Bir buluddan buluda qara keçib qayıtdım.
Səhərin dan çağında açılmadı səhərim,
Gedənlərin dalınca sıra seçib qayıtdım.
Qayıtdım günəş qürub, ay daldanıb, yox səsim,
Cığırlar hörük-hörük, təpələr damğa-damğa.
Buralarda külək yox, susqun düşüb meşələr,
Amma ömür qıvrılır, sovrulur dalğa-dalğa.
Elə bil ki, qayada şimşəkdən gizlənmişəm,
Ulduz-ulduz meh əsib gözlərimə didəmdən.
Səssizlikdən ulayır yuva yeri, yurd yeri,
Xana-xana boş qalıb anam atam gedəndən.
Qayıtdım ki, obam yox, isti-isti o dam yox.
Qayıtdım ki, yox kəsim, qayıtdım ki, adam yox.
Ruhumun qalxanı
Bir çəkimlik nəfəsəm, bir udumluq su düşün,
Büsbütün ruhundakı qida kimi, səs kimi.
Sən məni unutmusan, unut, unuda bilsən,
Səni çəkdim içimə ən qəşəng nəfəs kimi.
Gözümdə bir güzgülən, gözümdə bir köç də, qal!
Bu dünyanın yox üzü, hə üzü üzümdədir.
Sənin mən olan adın kainatın köçündə,
Yaşanmış və yaşlanmış ən ali, ən ümdədir.
Elə sanma getmərəm, gedər, geri gəlmərəm,
Buludların əlində göy üzü çiliklənər.
Sən müqəddəs sandığın bağımız qopsa birdən,
Ən ali həqiqətlər, yuxular da çirklənər.
Sənin döydüyün qapı ürəyimin çarpışı,
Sənin gəzdiyin ürək gözlərimin qibləsi.
Sən məni yox saymağa davam etmə eləcə,
Ay ruhumun qalxanı, cismimin dəbilqəsi.
İlahi
Mənim bir dənəyimlik ömrüm yoxdur, İlahi,
Ondansa bağrım üstə daş göndər, taxta göndər.
Sən verdiyin şeyləri almadım ki, vaxta var,
Bir işığın vardırsa, qısacıq vaxta göndər.
Boş qalan beşiyimin layla səsi çatışmır,
İçimdəki ocağın, su töksəm də yatışmır,
Başımı nəylə qatsam, qarışmır ki, qatışmır,
Beynimi dondurmağa azacıq şaxta göndər.
Sil ömrümdən nə olar anam atam nə yazdı,
Mən dərinəm, olanlar ömrüm üçün dayazdı,
Əgər deyirsən ki, Sən, olub bitənlər azdı,
Səsi, nəfəsi də al, nə versən yoxda göndər.
****
Viran şəhərlərin uşaqlarıyıq
Qopub dam örtüyü yiyəsi hanı,
Yiyəsiz qalmışıq qəbilələrdə.
Mən din havasında qalxmışam göyə,
Sən də ziyarətdə, mədinələrdə.
Nə vaxt özümüzə gələcəyik biz,
O uçuq daxmamız yuvalaşacaq?
Bizi ayrı salan məzhəb davası
Bizimlə ömürlük vidalaşacaq?
İndi biz deyilik mənlə sən ayrı,
Hərəmiz bir yolun qurşaqlarıyıq.
Anamız atamız dağılan ölkə,
Viran şəhərlərin uşaqlarıyıq.
Külək
Kəs uğultu qoparan, sarı, narıncı külək
Evimə çırpılma dur, susqun, zarıncı külək.
Hardasa qoparmısan istilik naqilini
Qaçıb rəngi əlimin, qara, turuncu külək.
Yuxumu qaçırdığın “u” səsinə oyandım
Elə bildim yağırsan su səsinə oyandım
Piltənin istisi yox qapının küncündəki
Səsinin səsindəki “du” səsinə oyandım.
Soyuq sənin əsərin burnumun ucundakı
Qarıltı, qurultusan qarnımın acındakı
Həniri yox örtümün, nəfəsimin, əlimin
Üfürtünü çək barı alnımın sacındakı
Ruhun canı
Mən elə yorğunam ki,
ruhumun damarında
bir dolaşım qan yoxdur.
Bir qucaqlıq hənirti,
yaşamağa can yoxdur.
– Ruhun canımı olur?
– Olur ey əziz adam,
yoxsa yaranardımı
atan anan torpaqdan?
Bir nütfəlik həyatın
eşiyində dövrələr,
göz hiss eləmirsə bəs,
necə yatar, kövrələr?
– Gözün görməkdir işi,
əcaib, qəraibdir,
bu dünyanın seyrişi.
– Ruhun canında dad var,
dadın canında dad var,
görməkdə, bilməkdədir,
yaşamaqdadır dadlar.
– Yox, sən ağlını uddun,
sən bir torpaq, hava, su,
özündən yanan oddun.
Bir cüt ulduz parlayır
üzündəki dəlikdə,
sən işığa dönürsən
işıqlar gəlmədikdə.
Ruh öz yuvasındadır,
yuva vücuduna tən.
Ruh doğulur,
yaranır cansız qopan kölgədən.
Ukrayna
Elburus küçələrin
yastıq qəlpələri
yetim qarnını aclığa aparır.
Zirzəmilərin almaq-culmaq dalğası
düyün hədiyyəsi edir doğmağı.
Yaşamın barıt nəfəsliyində
cütlük imza atır.
Güvən
qanına qəltan edir
binaları.
Diktator gecələrin
hörük saçları
soyumuş səsini oxşayır adamların.
Çərşənbə gecəsinin
keçməyən qanmışıdır Ukrayna.
Bir imza qədər
qurtuluşdur savaşlar,
bir imza qədər
ölümdür doğuluşlar.
Kiçiltdin
Səhərimin dan yeri kimi
sevmişdim səni,
asta-asta arınırdı.
Bir səhər oyandım ki, vətənsən,
Bir səhər oyandım ki, dostsan,
Bir səhər oyandım ki, yoxsan.
Yoxluq varlığın qoynuna qısılan
əcəl kimi gəlir.
Darıxmışam
ümid arxasınca boylanıb
səssiz axan zamanın sən boyda olmasına.
Daha gözlərim öpməz mesajlarını,
ürəyim də çapmaz
əvvəlki quş ürəyi kimi.
Sən məni sükut əyninə biçib,
kiçiltdin.
Qurqur
Qurqur yumurta qoyub
çardağımın altına,
səs edir səhərləri.
Ordan püş töküləndə,
heç olmur ətərləri.
Əvvəl iki idilər,
sonra dörd, altı oldu.
Bir günsə baxıb gördüm,
çardağın altı doldu.
Arada nəğmə deyir,
arada gəlir – gedir,
tük tökülür başıma.
Dimdiyindən daş atır,
elə bil evcik qurur,
birdən də sakit durur…
Unuduram çox zaman
ağzını bağlamağa
duz tökdüyüm “banka” ın.
Çadırı düzəltməyə çıxanda
gördüklərim;
barmaq basmağa yer yox,
üstü dolub atmanın –
püş çoxalıb quruyub.
Ata qurqur ananı
yumurtasının üstə
yem gətirib doyurub.
Hava isti, dəmir od,
çətin çıxar balası.
Xoşbəxtdir mənim qədər
unudub örtmədiyim üstünü –
duz “banka” sı.
Şak-şak
Üşüyür parıltılı baxışların laməkanlığı,
lallığın sovruğunda.
İnsanın gözündən başlayır tanışlıq,
dərdindən qovulur,
səsindən bilinir kimsəsizlik…
Qulağında cırcırama ötüşür,
yuxusuzlayır gecələri.
Sabahın danı, mürgülü
bir çimirlik yol əsnəkliyi.
Gecən xeyirə dayanıqlıq,
sabit doğulur Qaffur zikirlər.
“Müqqətəə” fəslində
bağı qopur doğmalığın.
Lut qövmü kimi sonunu gətirir adamlar,
əsir ayrılıqlar.
Gecənin günortasında şəffaflanır
çəpəkilik
Səhərin dilində sərinləyir sözlüklər,
cəm gedir qaranlıqlar.
Mən bir səhərə,
bir qaranlığa boylanıram
don vurmuşumdan.
Qəlbimin ritm melodiyası şak-şak…
Müəllif: GÜLNARƏ İSRAFİL


























