Etiket arxivi: HAQQINDA

Vətəni Məcnuntək sevən Oğulların Leylalarına… – Xəyalə Zərrabqızı

Azər – Songülün Qəhrəmanı

Vətəni Məcnuntək sevən Oğulların Leylalarına…

… Azərin Songülünə…

Ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, qanıyla Tarix yazan, adını tarixə çevirən 26 yaşlı Vətən müharibəsi qəhrəmanı şəhid Azər Nazim oğlu Yusiflinin yarımçıq ömrünün yarısını həsr etdiyi dillərə dastan olan sevgisinə Elegiya…

 “Bir gün Süleyman peyğəmbər yol gedərkən belində torpaq daşıyan bir qarışqaya rast gəlir. Torpağı hara daşıdığını soruşur qarışqadan… Qarışqa cavab verir: mən birinin eşqinə tutulmuşam. O mənə deyir ki, əgər sevgində doğrusansa, onda bu təpənin torpağını qarşıdakı təpəyə daşı. Süleyman peyğəmbər gülür: Axı, sənin ömrün yetməz bir təpənin torpağını o birinə daşıyasan. Təpəni yerindən eləməyə bir qarışqa ömrü bəs eləməz. Qarışqa cavab verir: Bilirəm, ömrüm yetməz. Amma onu da bilirəm ki, ömrüm bir eşqin cəfasını çəkməkdə keçəcək.”

Nə qutsal bir eşq… Nə fədakar bir ömür, İlahi… Bütün ömrünü bir eşqin cəfasına həsr etmək… Bunun adı nə sevgi, nə də fədakarlıq deyil. Bu duyğuların adı yoxdu dilimizdə… Bir ömrün buna yetməyəcəyini bilə – bilə ağır olduğu qədər də müqəddəs yükü daşımaq… və sevgisinə, sevdiyinə ilahi sədaqət… İzaholunmaz bağlılıqdı… Mənim qəhrəmanlarım – Azərlə Songülün yaşadığı ilahi məhəbbət, bağlılıq kimi…

Azər… Yusifli Azər Nazim oğlu… Vətən Müharibəsi Qəhrəmanı…

Azər – ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, son damla qanına kimi düşmən hücumuna mərdliklə sinə gərən, qanıyla tarix yazan, adını tarixə yazan, azad etdiyi 26 ərazidə şanlı Azərbaycan bayrağını ucaldan 26 yaşlı Cəsur Qəhrəman…

Azər – Songülün Qəhrəmanı… Ona həyatının bütün ilklərini yaşadan Böyük Sevginin Adı…

Azər – toy mağarı qurulmamış, xonçası bəzənməmiş, şaxı qalxmamış, xınası islanmamış, sevdalısı gözü yaşlı, arzuları yarı yolda, taleyi yarımçıq qalmış, Vətənin azadlığını bütün arzularından uca tutan, şəhadətiylə ürəklərdə Ucalan Qəhrəman…

Azər –  yarımçıq ömrünün tən yarısını  həsr etdiyi böyük sevgisini Vətən boyda ürəyində özüylə əbədiyyətə aparan Azadlıq sevdalı Şəhid…

Bu dünyaya gələn hər bir insanın son mənzili olur. İnsanların yaşamına, ömür yoluna nəzər saldıqca bəzən adama elə gəlir ki, sanki hamı bir-birinin yaşamını təkrarlayır… Amma Azər Yusifli  gənc yaşında bənzərsiz bir ömür yaşadı və mən düşünürəm ki, onun ömrü bu məmləkətdə nəsil-nəsil insanlardan ötrü bir örnək, əvəzsiz bir nümunə olacaq – namus, qeyrət, şərəf, ləyaqət, kişilik, mərdlik və fədakarlıq nümunəsi…

Bu dünyada insanlar bir-birinə oxşadığı kimi talelər, sevgilər də bəzən bir – birinə bənzəyir. Amma Azərlə Songülün bağlılığı heç kimi təkrarlamayan bir bərabərlik, bir ilahi sevgiydi,  ki, elə sonu da bənzərsiz oldu…

Nakam ömrü bənzərsiz olan Azərin taleyi, o böyük ürəyində daşıdığı ülvi sevgisi də bənzərsizliyi ilə ürəklərdə iz saldı, ürəklərə Azərin yoxluğu böyüklükdə dağ oldu… Nişanlısı –  ömrün gənc çağında gül kimi açılmaq yerinə bənövşətək boynunu bükən Songül xanım  Azərin yoxluğuna hələ də heç cür inana bilmir. Yazır ki: “Azər! Sən “istiqamət Zəngilan, istiqamət Zəngilan” – deyərək gülə – gülə getdiyin Zəngilanın mən adını belə çəkə bilmirəm. Bilmirəm ki, gedə bilərəmmi o torpaqlara nə vaxtsa? Nə üçün gedərəm… Bəlkə də bir ümid aparar – Səni taparam deyə… Son nəfəsini verdiyin yerdə qoxlayam torpağı, arayam, axtaram Səni gözüm qanlı yaşlarla…” Songül xanımın Azərli xatirələrini hönkürtüsüz dinləmək, yazdığı gündəliyini sakit tonla oxumaq olmur. Qəhər bir tikə yavan çörək kimi boğazımda düyünləyir, udquna bilmirəm.

Vətən savaşının bitdiyi, Ermənistan tərəfin kapitulyasiyaya – təslimolma aktına əyilməyə məcbur olduğu gün, müzəffər ordumuzun rəşadətlə, üzüağ, alnıaçıq qələbə çaldığı gün, Azərin – Azərlərin müqəddəs ruhunun rahatlıq tapdığı gün – 10 noyabr tarixdə Songül xanım Azərə yazır: “Bu gün Sənin qanınla yazdığın tarixdir, Azərim! Zəfərin mübarək! Sənin bəylik paltarın ucaltdığın bayrağın oldu… mənim borcum isə son nəfəsiməcən Sənin adına, sevginə – Sənin ucalığına layiq yaşamaq… Əgər bunun adı yaşamaqdırsa… Mən Sənin qəlbində getdim, Sən mənim qəlbimdə yaşayırsan. İndi ölən kimdi, yaşayan kimdi, Sevdiyim?! Əbədi həyatda qovuşacağıq, Azərim!”

Songülü dinlədikcə, gündəliyini oxuduqca  bir daha ürəkdən inanıram ki, bu Vətənin  bayrağını ucaldan Azər Yusifli kimi mərd, qeyrətli oğullardırsa, bu xalqın başını ucaldan İlhamın Fərizəsi, Mehdinin Mələyi, Azərin Songülü kimi qar kimi tərtəmiz, namuslu, ləyaqətli, şərəf mücəssəməsi olan, sevgisinə, Sevdiyinə son nəfəsinəcən sadiq qalan sədaqətli qızlarımızdır… Və bu xalqın hərb meydanında dünyaya meydan oxuyan Azərləri cəsarət, qeyrət məktəbidirsə, Songülləri əhdinə vəfa örnəyi, ülviyyət rəmzi,  sədaqət simvoludur. Belə övladlar yetirən xalqı heç nə məğlub edə bilməz…

Nakam eşqi, ayrılığı, lap elə bədbəxtliyin özünü də ünvanladığın Eşqin – aşiqinin xatirinə əzizləyib oxşamaq, Dərdi Alın yazısı kimi sinəyə çəkməyi bacarmaq da bir cür böyüklükdü.

Mən Səni Sənin özün qədər duyuram, hiss edirəm, anlayıram, Songülüm… Heç kəsi nigaran qoymamaq üçün o məsum çöhrənə qondurduğun təbəssümün altındakı üzündə özünə “qum şırımı” kimi iz açan kədəri, gözlərində gizlətdiyin nisgili, başını hər qaldırıb işıqlı dünyaya baxanda göylərə bülənd olan ahını… hamısını duyuram.

Əzabdı bu dünya başdan, binadan,

Yalandı baharın çiçəyi, gülü.

Sənin məzarının üstə gəlirəm,

Ürəyi qubarlı, boynu bükülü. 

Qaldıra bilmirəm kirpiklərimi,

Durub göy üzünə boylanım, baxım.

Bir zaman qartal tək uçardın orda,

İndi o səmaya ucalır ahım…

Mən Sənin təkcə Azərli xatirələrini, danışdıqlarını, gündəliyinə yazdıqlarını yox, yazmadıqlarını da “oxuyuram” – hiss edirəm…  Və hərdən mənə elə gəlirdi ki, bu cümlələrin arxasında “Ürəyimin içində diş ağrısı kimisən, Azər” deyə pıçıldayırsan…

Gedənlər özləri ilə bərabər hər şeyimizi apardı, Songül! –  ruhumuzu, üzümüzün gülüşünü, ağzımızın dadını… hər şeyimizi…

Ruhumuzu apardılar – hər şeyə dözən, səbir eliyən quruca canımız qaldı… Canımızı dişimizə tutub yaşamağı öyrəndik…

Üzümüzün gülüşünü apardılar – Guya ki güldük… yıxılmadığımızı, ayaqda olduğumuzu göstərmək üçün güldük… İçimiz ağlayırdı əslində…

Gözümüzün işığını apardılar – İşıqsız qaldıq. Qaranlıqda qoydular bizi, qaramatdan xilas olmağa səndələyə – səndələyə yol axtardıq…

Dilimizin sözünü apardılar – Bu boyda insan dənizinin içində ruhumuz tənhalaşdı, bir kəlmə kəsə bilmədik bir Allah bəndəsiylə… 

Hənirtimizi apardılar – canımıza titrətmə düşdü. Ağrı içimizdə ocaq qaladı, yandıq, külümüz çıxdı. Amma o ocağın isinmədik istisinə, kor olduq tüstüsünə…

Ağzımızın dadını apardılar – bu dünyanın aşını, daşını, şəkərini, zəhərini yedik, şirinin – acının, heç nəyin fərqini, dadını bilmədik.

 Biz səninlə hələ görüşməmişik. Səni görməmişəm, əllərinə toxunmamışam, Songül bacım! Amma o pak ruhunu, nisgilli ürəyinin içindəkiləri vərəq – vərəq oxumuşam. Və elə bir ilahi doğmalıq hiss etmişəm ki, görmədiyim gözlərindəki həsrəti, buz bağlamış əllərindəki həniri duymuşam. Elə məhrəm olmusan ki, içimə.

Bu dünyada tək canına bütöv bir sevgi yükünün altına çiyinlərini təslim etmək, bu yüklə sevməyi bacarmaq bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi…

Bu dünyada təkbaşına Biz olmağı bacarmaq və o “Biz”i qorumaq – Tanrının ən müqəddəs yükünü çiyinlərinə almaq, Azəri ürəyində, ruhunda, sevgində yaşatmaq deməkdi…

Mən Sənin bu müqəddəsliyin, təmizliyin, paklığın, sədaqətin, nurlu üzün və böyük ürəyin qarşısında baş əyirəm,Songülüm!

Doğum günündü bu gün Sənin… Gündəliyində yazırsan ki, “Hər il 00:01-də aldığım təbriki bu il ala bilmədim. Mən Sənsiz qeyd etdiyim ad günlərimi xatırlamıram ki, Azər… Bu ad günün tam fərqli olacaq, – demişdin. Bu qədər fərqli olacağını düşünmürdüm. Şahdağa gedəcəyik, demişdin… Ordakı bütün qarlar, buzlar mənim ürəyimə doldu, sevdiyim… Telefon alacam sənə, demişdin… Telefon nəyimə lazım, mən bir ömür Sənin səsinə həsrət qaldım… Mən səndən sonra heç böyümədim… Mən də oktyabrın 21-də Səninlə getdim bu dünyadan, Sən cismən, mən isə ruhən yoxam bu həyatda… Səndən sonra nə yaşaya bildim, nə də ki ölə… Qaldığım arafın adını belə bilmirəm, Sevdiyim…” – Doğum günündə Sənin Azərə yazdığın bu cümlələr sətir-sətir iliklərimə qədər üşütdü ruhumu… Dünyam dağıldı… parça-parça oldum, Songülüm… Doğum günündə adamı təbrik etmək üçün nəsə arzular deyərlər… Mən ömrü boyu sözlə işləyən adam Sənə demək üçün bir kəlmə söz tapa bilmədim, Songülüm… Bütün günü bir yanıqlı nəğməm içimdə qovruldu:

Tutalım ki, mən aşığam…

Axı necə saz çalım…

Mizrab qırıq, tellər sınıq…

Barmaqlar qan içində…

Qarşınızda danışmağa sözlərimiz də acizdir… Bu gün bütün qəlbimlə anlayıram ki, şəhid olan təkcə bayrağa büküb torpağa əmanət etdiyimiz Azər deyil, o Azərin bizə əmanət etdiyi sevdalısı da şəhiddi… Şəhidlik məqamı təkcə Vətən yolunda canından keçmək deyil… Şəhidlik həm də torpağa əmanət etdiyin yarınla bərabər, xoşbəxtliyini, arzularını, bütün işıqlı gələcəyini Vətənin qaranlıqdan xilas olması üçün fəda edə bilməkdi… Vətəni Məcnuntək sevən Oğulların Leylalarının qarşısında son nəfəsimizədək minnətdarıq… Udduğumuz hava üçün, gəzdiyimiz torpaq üçün, başını sığalladığımız körpələrimiz üçün Sizə minnətdarıq… Haqqınızı halal edin, məmləkəti işığa çıxarmaq üçün ömrünü qaranlığa qərq edən Leylalar… Haqqınızı heç zaman ödəyə bilməyəcəyik, Azərin Songülü… Azərin qoxusuna doya bilmədiyi Gülü!…

4 yanvar 2021-ci il…

*****

*****

Bildim qəmini sənin ki, çoxdu,

Qəm çəkməyə bir hərif yoxdu…

Gəldim olam qəmin hərifi

Gəl təcrübə eylə mən zəifi…

“Leyli və Məcnun” poemasındakı bu misralar həm o talehsiz Məcnuna, həm ömrü külə dönmüş Leyliyə, həm də elə Füzulinin özünə aiddi. Füzuli bu dünyanın yiyəsiz qəminə yiyə durmağa, öz xoşuna “qəmin hərifi” olmağa gəlmişdi…

Bu qəmlər ki, mənim vardır, bəyirin başına qoysan,

Keçər kafər cəhənnəmdən, gülər əhli – əzab oynar…

-yazır Füzuli. “Bəyir” – dəvəyə deyirlər. “İncil”də də, “Tövrat”da da belə bir məqam var: “Dəvə iynənin gözündən keçərsə əgər, günah əhli, kafirlər yalnız o zaman bağışlanar.” Uşaq vaxtı Füzulini oxuyanda o böyüklükdə beytin mahiyyətini anlamamışdım. Sonra təsadüfən İncildə qarşılaşanda elə bil məni ildırım vurdu: Füzulinin Qəm yükü nə qədər böyükmüş, İlahi, deyə pıçıldadım öz – özümə. O qədər böyük ki, onu bəyirin – dəvənin belinə qoyanda bəyiri iynənin gözündən keçirəcək, kafiri cəhənnəmdən çıxaracaq…

Qəm yükü bu dünyanın ən ağır, həm də ən müqəddəs yüküdü…

Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Heç görmüsünüzmü qanmazın, hissizin, duyğusuz – duyarsızın birinə Allah dərd verə? Görə bilməzsiniz… Çünki Dərd o qədər müqəddəs şeydir ki, Allah onu da qanana – seçdiyi bəndəsinə  –  dərd qədri bilənə verir. Verir, sonra o dərdin Adamın üzündə necə şəkilləndiyinə, bəndəsinin o Dərdi sevdiyi yar təkin əzizlədiyinə – canının parçası kimi sahib çıxdığına Allah özü də məəttəl qalır…

         … Mənim kəşf elədiyim, ruhunu oxuduğum, kədərini sətir-sətir içimə çəkdiyim, acısını bütün varlığımla hiss elədiyim, öz dünyamda müqəddəsləşdirdiyim Songül xanım məhz Allahın belə seçdiyi bəndəsidi – Seçilmişlərdəndi, zərif çiyinlərini səssiz-səmirsiz qəm yükünə təslim edənlərdəndi…

Hamı kimi yaşamağa, hamı kimi olmağa nə var ki?! Hamının görmədiyini görməkdi Songül olmaq…Yaşadığın, nəfəs aldığın halda əslində yaşamamaqdı, sevdalısının bayraq örpənmiş torpağına hopmaq, ruhən köçməkdi bu həyatdan Songül olmaq… Adamların var olanları sevməyə təpəri yox ikən, bəxtinə yazılan yazını – Azərini yoxluğunda belə sayğıyla yaşatmağı bacarmaqdı Songül olmaq… Bütün ömrünü Azərin anası Yeganə xanımın çöhrəsində bircə kərə də olsa təbəssüm yaratmağa həsr eləməkdi, ömrünü Şəhid yarına fəda eləməkdi Songül olmaq…

Bu ömrü yaşamaq həm də əzabdır və Songül bu taledən qaçmağa çalışır, əslində. Amma nə qədər qaçırsa, yenə də Ona doğru gedir. Qaça bilmədiyi tale o böyük ürək, mənəviyyat sahibini ömrünü  həsr elədiyi ən böyük Həqiqətlə üzləşdiyi yerə gətirib çıxarır. Ölüm bu dünyanın ən böyük həqiqətidi… Songülün nakam ömrü beləcə başlayır. Bu ömür ona dünyanı hamının gördüyü kimi görməyə imkan vermir. Daha duyarlı olmaq daha çox əzabla yaşamaq deməkdir.

Barışmaq nə qədər çətin olsa da, bu, Songülün taleyidi. Bu ömrün səfası, rahatlığı, dincliyi yoxdu, bu ömür başdan başa cəfadı, hər anı, hər dəqiqəsi dərddi, əzabdı, taleylə vuruşdu, döyüşdü, uzun bir yolda ağır-ağır addımlayan qəm karvanıdı…

“Mən bütün həyatımı, xəyallarımı  Səninlə və Sənə görə qurmuşdum, Azər… Gedişinlə hər şeyimi apardın. Bir saat sonra, bir gün sonra nə edəcəyimi bilməyəcək qədər çarəsizəm. Kaş  məni Allaha tapşırdığın kimi, özümə də nə edəcəyimi tapşırıb gedərdin. Sözündən çıxmazdım ki… Sənsiz hər şeyimi itirmiş limansız gəmi kimi dənizin ortasında qalmışam…

Həyatım dediyin insanı itirəndə… itirdiyin təkcə O olmur… Bütün ümidlərini, arzularını, xəyallarını, gələcəyini itirir insan… Əlində yerlə bir olmuş, çiliklənmiş dünya, sıfırlanmış həyat qalır… Sonra uzun-uzun düşünürsən, heç bir çarə və ümid işartısı tapa bilmirsən yenidən qurmağa o dünyanı… Bir gün başqa bir aləmdə qaldığımız yerdən davam edəcəyimiz ümidiylə… həyata tutunmağa çalışırsan…

Azər… sirdaşım, can yoldaşım… Üzümü güldürən, acımı dindirən İnsan… Səadəti yarım qalan yarım…Qəhrəmanım… İnsan ən sevdiyi ilə imtahan olunarmış… Səninlə dünya bir nağıl, yuxu idi… Amma biz yuxuda olsaq da, dünya nağıl dünyası deyil ki… imtahan dünyasıdı və sən mənim ən ağır imtahanım oldun…

          Həyatımda olduğun hər gün mənim üçün bayram idi… Mən bayramları yox, səni görəcəyim günü həvəslə gözləyirdim. Zaman keçdikcə içimdəki yara daha da dərinləşir…

Sən Vətəni həyatındakı hər şeydən uca tutdun… Təsəllim odur ki, Xocalıdakı körpələrin qisasını aldığın üçün ruhun rahatdır, Qəhrəman Şəhidim… Yarım qalan ömrünüz, canınız, qanınız bahasına da olsa, Vətənimizin ərazi bütövlüyünü bərpa etdiniz… Şükürlər olsun ki, Azərbaycanın qan yaddaşı silindi… amma mənim, minlərlə məni kimi taleyi yarım qalan insanın qan yaddaşı yazıldı…

 İndi mənim həyata tutunacaq ən böyük səbəbim bütün acılarımla sığındığım Rəbbim və Sənin ürəklərdə, könüllərdə ən böyük ucalıqda, zirvədə olmağındır…

Bundan sonra mənim yaşayacağım (?!) ömrüm Sənin yolun qədər çətin olsa da, Sənin adını daşıyacağı üçün şərəflidir…”

Bu sətirlər Vətənə Məcnuntək sevdalanan Azərin Songülünün gündəliyindən idi… Özümü qanandan əli kitablı olsam da, indi anlayıram ki, biz bugünəcən bütün duyğuların sadəcə təsvirini oxumuşuq… Songülün yazısında mən yaşanılan duyğuların ağrısı və yaşanılmamış ömrün acısını duydum. Sadəcə kədəri içində çəkən yox, bütün varlığıyla kədəri içinə çəkəndi Songül…

Bu qədər dərdin qabağında İnsan nə qədər böyük ürəyə sahib olar ki, hər gələn bəlanı sinəyə çəkib Tanrıya şükür etməyi bacara!

Oxuduqca Songülün hər sətrində Rəbbinə sığındığını, Allahın hər kəramətinə şükranlıq etdiyini gördüm, onu bir daha ürəkdən alqışladım.

Azərin adına, ucalığına layiq olan bu dəyanətli xanımın, mətin olduğu qədər də şükür eləməyi bacarmaq kimi ilahi bir keyfiyyətə sahib olduğunu gördüm. Şükrə yüksələn insan ilahi firavanlıq qazanır, elə Tanrı qatında sevgili yarının ucaldığı şəhidlik məqamı qədər ali mərtəbəyə ucalır.

Ruhundakı dinmək bilməyən ağrılarını kağıza köçürür Songül… İstisinə isinə bilmədiyi, tüstüsünə kor olduğu, ruhunu darmadağın edən nakam sevgisindən, o sevgini doya – doya yaşamağa qoymayıb araya qəfil hicran salan zamansız ölümdən… yazır. Yazır ki, bəlkə ürəyi boşala… Yazır ki, bir az səbbi alına… Yazır ki, unuda yaşadıqlarını… Amma “unutmağı öyrənmək” istədiyi halda əksinə yazdıqca bütün yaşananları daha da unudulmaz edir, əbədiləşdirir, xatirəyə – Sözə  çevirir.

Songülün elə sevgilisi Azər kimi bənzərsizliyi ondadır ki, o, cavan ömrünü gültək solduran, onu bənövşətək boynubükük qoyan vaxtsız Ölümü “qarğımır, daş-qalaq eləmir”, onu alnına yazılan yazı kimi qarşılayır…  Sadəcə bir gün əbədiyyətdə qovuşacağı ümidilə təqvimdəki günləri yarpaq-yarpaq  ömründən qoparır…

Baharı xəzan olan Gəlin… Arzuları üşüyən Gəlin… Nəfəsi buz bağlayan Gəlin… Bəyaz Gəlinlik paltarı qırmızı bel bağına həsrət qalan Gəlin… Xınası islanmamış Gəlin… Xonçası açılmamış Gəlin… Hələ cehiziylə evini bəzəməyə, yuvasını yapmağa macal tapmayan Gəlin… 

Qara paltarlı Gəlin… Yollara dikilən gözləri nəmli, hicran yükü daşıyan yorğun çiyinli, köksü param-parça, ürəyi qəmli Gəlin… Gözlərinə baxa bilmədiyim Gəlin… Adını çəkməyə nitqimin lal olduğu Gəlin…

Nə qutsal bir eşq…

Sevdiyinin adı, əmanəti kimi qoruduğun o uca alnından öpürəm! Bacarsan, bizi bağışla… Beşik yırğalaya bilmədiyin üçün bizi bağışla, sevginizin meyvəsi kimi pöhrələyəcək Sevgi adlı bir Nur parçasına Ana ola bilmədiyin üçün bizi bağışla! Bayramlarını qızıl gülə qərq edən oğlanın gənc ömrünü xarıbülbülün ömrünə fəda etdiyi üçün bizi bağışla! Üşüyən əllərin, heç gəlməyəcək baharın üçün bizi bağışla! Biz özümüzü bağışlaya bilməyəcəyik amma… 

8 mart 2021-ci il



Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“YAZARLAR” JURNALININ MART SAYI İŞIQ ÜZÜ GÖRÜB – YAZARLAR

YAZARLAR JURNALININ MART SAYI

JURNALIN BU SAYI DƏDƏ ƏLƏSGƏRƏ HƏSR OLUNUB

BU  SAYDA YER  ALAN  YAZARLAR:

Azərbaycan Respublikası Prezidentinin  

                Sərəncamı      – 3

Zaur Ustac -6.                            Adil Cəfakeş – 18

Mövlud Ağamməd  -20             Təvəkkül Goruslu – 22

 Mayıl Dostu –  24                   Sona Abbasəliqızı  – 28

 Tuncay Şəhrili-31                      Təranə Arifqızı – 33

Jurnal sosial-ictimai yönümlü “TƏRƏFSİZ ƏDƏBİYYAT TARİXDİR!” layihəsi çərçivəsində ödənişsiz əsaslarla nəşr olunur. Qiyməti: Pulsuz

 ∑ = 36 səh.                Çapa imzalanıb: 05.03.2021.

YAZARLAR JURNALININ MART NÖMRƏSİ

YAZARLAR JURNALININ MART SAYI PDF:

Baş redaktor: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ŞAİRİN PLAN DƏFTƏRİ

Zaur Ustac, 1989, Ağdam. Fotoqraf: Tahir.

Xüsusi Proqramlı Yusifcanlı İbtidai Məktəbinin planı (Yanvar – 1993, Ağdam rayonu, Yusifcanlı kəndi.) PLAN PDF:


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

UŞAQ ƏDƏBİYYATININ BİLİCİLƏRİ – FOTO

Füzuli Əsgərli, Ayətxan Ziyad (İsgəndərov), Zahid Xəlil.

Uşaq ədəbiyyatı biliciləri: Sağdan, ədəbiyyatşünas-tənqidçi Füzuli Əsgərli, yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyad (İsgəndərov), uşaq yazıçısı, ədəbiyyatşünas, professor Zahid Xəlil.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – CAN AY ANA

Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…

CAN  AY  ANA…

(Polad Həşimovun Anasına)

Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular…
Bu baxışda min vaizin xütbəsi,
Al don geymiş qürub da var, dan da var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox… 
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti  dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda  susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
 “Ana” – deyə,  şirin-şirin gülən yox…

*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…

12.01.2021. – Bakı.


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ZAUR USTAC – ANA ŞEİRLƏRİ

Zaur Ustac və anası Gülüzə xanım. 1997 – Xanabad.

ANA

Sönməz bir od kimi, adın qövr edər,
İçimdən atəşlə boylanar, ANA!
O, hansı duyğudur, hər şeydən uca,
Qəlbimin yağıyla qovrular, ANA?!

***

Nə qədər cismimdə dövr edər qanın,
Nə qədər yaşayar, bir para canın,
Özünün əmridir, Cənabi-haqqın,
Borcluyam, qarşında daima, ANA!

***

Ümidim, təsəllim sənin duandır,
Həmişə çin olan röyalarındır,
Ən yüksək mərtəbə analarındır,
De, səni unutmaq olarmı, ANA?!

13.04.1997. Bakı.

ANA

Beşiyim üstündə layla çalanım,
Gözümün işığı, dirəyim, ANA!
Dünyalar durduqca, yaşayasan sən,
Düşünən beyinim, ürəyim, ANA!

***

Dünya yaranışdan Həvva anamız,
Anadır, bacıdır qol-qanadımız,
Özün demişdin ki, deyil babımız,
Gör, nəyin dərdini çəkirsən , ANA!

***

Heç fikir eləmə oğul sarıdan,
Oğlunu bəxş etdi ulu Yaradan,
Mərdlərə təsəlli olmaz nigardan,
Vətənçün böyütdün oğlunu, ANA!

***

Vaxt olar; baharda, açanda güllər,
Yaxud da qocalar dadanda nübar,
Sənin də üzünə təbəssüm qonar,
Qayıdacaq oğlun, cəbhədən, ANA!

ANA

Sənsən xəyalların tuşlandığı yer,
Ümdə arzuların məkanı, ANA!
Nə qədər, möcüzəli, sirli bir dünya,
Kəşf olunmamış dünyamsan, ANA!

***

Nə deyim, nə yazım yaraşsın sənə,
Yüksələ biləydim kaş mənsəbinə,
Dünyalar sığınar mərhəmətinə,
Özün boyda böyük dünyamsan, ANA!

***

Bir, şirin kəlməni eşidəydim kaş,
Kipriyim islanıb, oldu yenə yaş,
Olaydım, ayağın altda qalan daş,
Biləydim, başımın üstəsən, ANA!

***

Elə, kövrəlmişəm, körpə uşaq tək,
Qəlbimi yandırır odlu bir, istək,
Ay Ana, saçıma yüngül sığal çək,
Ən böyük dövlətim, qayğındır, ANA!!!

ANA

Ey ilk sözüm, əzəl cümləm, dastanım, Ana!
İnsanların gözəli, mehribanım, Ana!
***
Ana, borcludur hər bir kəs önündə sənin
Səcdəyə layiqsən, ey səcdəgahım,Ana!
***
İlahi bəxş etmiş səni xoş günlər üçün
Ey azadə günüm, xoşbəxt dövranım, Ana!
***
Bil, ülviyyətin ilə sən geniş cahansan
Mənim həyat məktəbim, ilk cahanım, Ana!
***
Hamı istinad üçün öncə səni görür
Hər sözün mənbəyi, istinadgahım, Ana!
***
Dünyada sənin tək uca varlıq de hanı?
Ey müqəddəsliyin rəmzi, paklığım, Ana!
***
Zaurun bildiyi bu idi, bunu dedi
Bilmədiyim ucalıq, cənnəti-sultanım, Ana!

29.12.1991. Yusifcanlı.

ANA

Ana, ən ülvi insan
Çox əziz, çox mehriban.
Övladına qayğılı,
Övlad ananın balı.
Ana balasın sevər,
Hərdən tənbeh də edər.
Bu danlamaq deyildir,
Ana nəvazişidir….
Övlad üçün şalışır,
Hər zəhmətə qatlaşır.
Övladı gümrah olsun,
Paltarı təmiz olsun.
Hamıdan yaxşı geysin,
Ən ləziz yemək yesin.
Bala pis iş görəndə,
Ana bunu biləndə….
Çox da ki, kötəkləyir….
Ana məhəbbətidir.
O, övladın çox sevir.
Pis əməlin istəmir….
İstəyir yaxşı olsun,
Ləyaqətli böyüsün….
Fərsiz övlad olmasın,
Adın təmiz saxlasın.
Ana tənbeh edəndə,
Hərdən kötəkləyəndə….
O, balasın döyməyir,
Xətadan hifz eləyir.
Deyirəm, bir haləti,
Qədim bir rəvayəti;
Rəvayətdə deyilir,
Bir Ana vəfat edir….
Vəfat edərkən Ana
Deyir öz yoldaşına:
-“Sən kəs əlimi saxla,
Sonra yoldaşın olsa….
Bu əllə uşaqları,
Vursun, vuranda barı….
Mənim əlim ağtıtmaz,
Öz balamı sızlatmaz….
Axı, ananınkıdır,
Ana əli AĞRITMIR….

08.03.1990. Ağdam-Yusifcanlı.

* * *

Ay ana, adına vurğunam sənin,
Durduğun ucalıq xəyalə gəlməz…
Dünya xalqlarının lüğətlərində,
“ANA” sözünə tay söz ola bilməz!!!

08.01.1997. Bakı.

AY ANA

(Yazar Etibar Həsənzadənin anası Nailə xanıma )

Ay Ana, önündə səcdədəyəm mən,

Varlığın duyulan hər yer cənnətmiş.

Xatəmül-ənbiya (s) vermişdi xəbər,

Qədəmin toxunan  hər yer cənnətmiş.

* * *

Ən türlü kəlmələr, xitablar belə,

Sənin  tərifini daşımaz dilə,

Dünyanın mal-mülkü sığışmaz ələ,

Əməlin görünən hər yer cənnətmiş.

* * *

Ustacam, əzəldən həqqi bilmişəm,

“Ordan” gələn varmı ? – Çox eşitmişəm,

Deyəcəm, cənnəti görüb gəlmişəm,

Əsərin  oxunan  hər yer cənnətmiş.

16.07.2017.  Bakı.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TUNCAY ŞƏHRİLİ – ANA ŞEİRİ

Tuncay ŞƏHRİLİ – Texniki redaktor.

ANA

(Anamın ad günü münasibəti ilə)

Qayğımıza  qalan,  anadır,  ana.

Varmı bu dünyada, anadan əziz?!

Dünyanın bəzəyi, anadır, ana.

Ananın özüdür, anadan əziz…

 ***

Harda bir bala var, orda ana var,

Analar olmasa, bala da olmaz!

Dünyanı sözüylə bəzər analar,

Analar olmasa, dünya da olmaz!!!

27.10.2018.

ANA,  AD  GÜNÜN  MÜBARƏK !!!

Müəllif: Tuncay ŞƏHRİLİ – Mustafayev.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – HEYKƏLLƏŞƏN QADIN – BU GÜN ONUN GÜNÜ

Gültəkin Əsgərovanın heykəli – Ünvan:Atatürk, Bakı, Nərimanov, AZ1110.

QISA ARAYIŞ:

Gültəkin Əsgərova 1992-ci ilin aprelindən konüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 19 iyun 1992-ci ildə qəhrəmancasına həlak olub. Gültəkin Əsgərova ailəl i idi və bir qız övladı qalıb. Azərbaycan Respublikası prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Bakının Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulub.

GÜLTƏKİN ƏSGƏROVA HAQQINDA

Əsgərova Gültəkin Məlik qızı 20 noyabr 1960-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 1978-ci ildə Nərimanov rayonundakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Gültəkin fizika, kimya, riyaziyyat fənləri üzrə məktəbdə keçirilən olimpiyadalarda daim iştirak edərək həmişə qalib adını qazanıb. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və təhsilini 1989-cu ildə başa vurub. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləyib. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında çalışıb. Daha sonra isə Uroloji xəstəxanada…

Gültəkin həkim…


O, burada anestezioloq-reanimatoloq vəzifəsində işləyir, həkimlərin dərin hörmətini qazanır. Dağlıq Qarabağ hadisələri başlayanda qəlbi qəzəb alovuna bürünür. 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərir. Güllə yağışları altında o, yaralı döyüşçüləri təhlükəsiz yerlərə aparır, onlara ilk tibbi yardım göstərir. Şuşa alındıqdan sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edir.

Döyüşçü, bacı, qadın, həkim, şəhid, Qəhrəman Gültəkin…

Uzun döyüş yolu keçən Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olur.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdur.

Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub. Eyni zamanda Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə də büstü var. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulub. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Tibbi biologiya kafedrası onun adını daşıyır. Bundan əlavə, Xəzərdə üzən gəmilərdən biri də onun adını daşıyır və muzeyi təşkil edilib. 
20 iyun 2014-cü ildə Nizami Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan “Gültəkin” filminin təqdimat mərasimi keçirilib və ona həsr olunan “Gültəkin zirvəsi” kitabı təqdim olunub. 

Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.




Baş redaktor: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VAHİD ÇƏMƏNLİ – QADIN

Vahid Çəmənli – şair.

Sənə igid dedik, sənə Ər dedik,
Dinib danışmayan,
lal olan Qadın.
Gah Niğar söylədik,
gah Həcər dedik,
Əhdinə, eşqinə qul olan Qadın.
Yüz il bir daxmada yaşasan belə,
Nə giley, nə güzar gəlmədi dilə.
Dözdün hər əzaba sən gülə-gülə,
Gülüşü üzündə bal olan Qadın.
Anamız, bacımız, xalamız oldun,
Bizə arxa durdun, qalamız oldun.
Yüz dəfə can dedin, qadamız aldın,
Qadası, balası bol olan Qadın.
Əslinə, nəslinə vurmadın ləkə…
Bizsiz boğazından keçmədi tikə,
Gözlədin, gözlərin yol çəkə-çəkə,
Doqqazın ağzında gül olan Qadın.
Vahidin sinəsi dolur qubarla,
Qəlbinə dəyirik nə ixtiyarla?
Fəxr edib oğulla, qardaşla, yarla,
Yanan, zərrə-zərrə kül olan Qadın.
Müəllif: Vahid Çəmənli



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏADƏT QƏRİB – GECIKƏN BƏYAZ GÜL

Səadət QƏRİB – yazar.

GECIKƏN BƏYAZ GÜL

Bəzən həyatımıza girən ” kaş ki” kəlməsi  bir ömür boyu bizə yoldaş olur, hər nəfəs aldığımzda  içimizi qurd kımı yeyir, yaralarımızın qaysağını qopardıb, sızladır.. “Bəlkələr “də həmçinin…. Elcanın  dilində bir ömür qalan  ” kaş ki” kəlməsi kimi…

“8 mart Qadınlar bayramı”

Quşların cəh-cəhləri hər yandan duyulan yazın ilıq nəfəsilə  qarışaraq insanın ruhunu oxşayırdı. Öncələr sevdiyi “8 mart “bayramını daha sevə bilməz ki  Elcan…

      O   sübh tezdən oyanıb tələsik evdən çıxdı. Gül  dükanına daxil olub bir bəyaz gül alıb maşınına əyləşib  yola düşdü. .

    Elcan yol boyu gözlərinin yaşını saxlaya bilmirdi, “necə unuda bildim ?” deyə özünü danlayırdı. Həyacandan ikiəlli sükandan bərk-bərk yapışan Elcan heç vaxt  unuda  bilmədiyi o günü  yenidən yaşayırdı. O bu düşüncələr içində məzarlığa çatdı.Maşını bir kənara verib, ağır addımlarla, başını aşagı salaraq  anasının məzarına yaxınlaşdı. Məzar bəyaz güllər içində güllü baxçaydı. 20 ildir özünü bağışlaya bilməyən Elcan anasının məzarına yaxınlaşıb bəyaz gülü məzara qoyub , dəfələrcə dediyi sözü: “Bağışla məni “ana deyib yenidən  hönkürdü…Yenidən o” mənzərə” kino lenti kimi gözündə canlandı, onu 20 il öncəyə “8 mart” gününə apardı…20 il öncə Elcanın düz  29 yaşı vardı…

    O gün Məryəm ana həmişəki kimi sevincli idi. Səhər tezdən oyanıb oğlu Elcanı işə yola salmışdı. Sonra isə nahar tədarükünə  başlamışdı. Oğlunun ən sevdiyi yeməkləri hazırlamış, sevdiyi şirniyyatlardan  bişirmişdi. Axı o gün bayram idi. Məryəm xanımın ən sevdiyi bayram . Qadın olduğunu hiss etdiyi bayram..O gün oğlu, onu ən çox sevdiyi tək bəyaz güllə təbrik edəcəkdi. Bu tək bəyaz gülün tarixçəsi isə  Məryəm   xanım üçün çox özəl  idi.

   Oğlunu dünyaya gətirən gün həyat yoldaşını itirmişdi Məryəm  xanım. Həmən gün  həyat yoldaşı avtomobil qəzasında dünyasını dəyişmişdi.

O, həyat yoldaşı Ramizlə  hələ məktəb illərindən, sevgilərindən çox öncə  dost idilər.O zamanlar  hər 8 mart günü Ramiz  ona tək bir bəyaz gül  alar, təbrik edərdi. Çünki Məryəmin nə qədər bəyaz gülləri sevdiyini yaxşı bilirdi. Elə ilk evlənmə təklifi edəndə də  bəyaz güllə sevindirmişdi Məryəmi. Amma oğlunu dünyaya gətirən günə yetişə bilməmiş və əlində bir bəyaz güllə avtomobil qəzasına uğramışdı.Məryəm xanım o qanlı gül qurusunu hələ də saxlayırdı. Elcan demək olar ki, 10 yaşından  bu hadisəni öyrəndikdən sonra, anasına hər bayram ağ gül bağışlar, bu ənənəni ürək ağrısıyla da  olsa  davam etdirirdi. Anası da çox sevinər, hər dəfə bayram günləri acıılı – şirinli xatirələriylə baş -başa  qalar, yenidən o günləri yaşardı.

    Məryəm ana naharı hazırlayıb, masanı bəzədi..Pəncərənin önündə oturub oğlunun yolunu gözlədi. Və yaşadığı əzablı , sevincli günləri yenidən xatırladı. Oğlundan başqa həyatda kimsəsi yox idi. Bütün sevgisini ona vermişdi. Onu oxutmuş, böyütmüş, sadəcə onunçün yaşayırdı. Oğlu da onu böyük məhəbbətlə  sevərdi.

Artıq şər qarışmışdı, saat 12-ni göstərirdi.Qəfil qapının zəngi çalındı. Səsdən diksinən ana sevincək  qapıya doğru qaçdı. Oğlu sakitcə içəri girdi ,deyəsən  bir az da içkili idi.

 “Ana mən yatacam” deyib otağına keçdi. Onun bu soyuqluğundan ana çox sarsıldı:

-Oğlum sənin sevdiyin yeməkləri hazırlamışam, gəl bərabər oturub yeyək. Səhərdən   mən də heç nə yemədim, səni gözlədim.

–  Yox ana , sən ye, “mən yatacam “deyib tələsik otağına keçdi.. Telefonu çıxardıb sevgilisini aradı. Yenidən onunla deyib gülməyə başladı. Bütün günü birlikdə keçirtmişdilər. Bir dəstə bəyaz gül , hədiyyələr alıb sevgilisini təbrik etmişdi.Demək olar ki maaşını tamamilə sevgilisinin hədiyyələrinə xərcləmiş, amma nədənsə anası üçün bir tək bəyaz gülü unutmuşdu.

  Məryəm ana yeməyə toxunmadan otağına keçdi. Ürəyi döyünməyə başladı. Fikirlərə qərq oldu. Elcan heç belə etməzdi. Demək qorxduğum başıma gəldi. Mənə olan sevgisi azalmış. Ana özünü ələ almağa çalışırdı.. Yox, yəqin daha önəmli işləri olub deyə özünə yalandan təskinlik verdi.. Yox  unutmaz , bilir o gülü necə gözlədiyimi. Yəqin bu gün bayram olduğunu unudub, yəqin səhər  alar deyə fikirləşdi.Amma ürəyinin sancısı, narahatlığı artırdı. Rəfdən gündəliyini götürdü .Tarixi qeyd etdi. Tək bir cümlə  yazdı.. “Gecikən bəyaz gül “….

Sonra dəftərin arasındakı qurumuş bəyaz gülü əlinə aldı, gözlərindən axan gözyaşlarıyla o qurumuş gülü islatdı. Ovcunda bərk bərk sıxdı, və yatağa uzandı…

    Səhər Elcan yuxulu-yuxulu  mətbəxə su içməyə keçdi.Başı çox ağrıyırdı. Yatağına geri dönəndə   salonda toxunulmamış  masanı görüncə sanki yuxudan ayıldı. İki əliylə başını  tutdu.”Mən neylədim İlahi?” Bu nə haqsızlıq- deyib dərhal əynini geyindi, çox keçmədi ki, anası yuxudan oyanmamış  bəyaz güllə evə döndü.  Anasını  səslədi, amma səsinə səs verən olmadı. Yataq otağının qapısın açıb sakitcə  içəri girdi.  Çarpayıda uzanan anasına yaxınlaşdı. Onu oyandırmaq üçün ehmalca əlni uzadıb onun əlindən tutdu və birdən  diksindi. Ananın əlləri bum-buz idi.  O  əbədi yuxuya getmişdi…, yanağında donmuş gözyaşları…

ovcunda bərk bərk tutduğu qurumuş bəyaz gül…

05.03.2021.

Müəllif: Səadət QƏRİB

SƏADƏT QƏRİBİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru