Müstəqillik dövrü Azərbaycan mətbuatının və ədəbiyyatının tanınmış simalarından biri olan dəyərli qələm adamı Hikmət Məlikzadənin “Quru yarpaqların görüş yeridir nəm oturacaqlar” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Müəllifi bu münasibətlə təbrik edir və “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə təqdim olunan “Ziyadar” Mükafatı ilə təltif edirik. Uğurlarınız bol olsun, Hikmət müəllim!!!
Yadımdadır, 1988-ci ildə ermənilər Şuşada Topxana meşəsini məhv edəndə 9-cu sinfində oxuyurdum. Bu hadisə insanlarımızda böyük hiddət doğurmuşdu. Camaat ayağa qalxıb meydanlara axışmışdı. Topxana hadisəsi o dövrdə Azərbaycanda meydan hərəkatının başlanmasına, ictimai-siyasi gərginliyin dərinləşməsinə səbəb olmuşdu. O vaxtlar biz məktəb yoldaşlarımızla dərsdən qaçıb, meydandakı mitinqlərə baxmağa gedərdik. Sovet dövrünün uşaqları, yeniyetmələri üçün bu, yeni bir mənzərə idi. Maraq naminə qoşulduğumuz mitinqlərdə torpağa, Vətənə sevginin ifadəsini hiss edirdik, sanki insanlar da dəyişmişdilər, buradakı coşğunluq 7 noyabr, 1 may nümayişlərindəki coşğunluğa bənzəmirdi. O vaxtadək sadəcə adlarını eşitdiyim şairlərin bir çoxunu – Xəlil Rza Ulutürkü, Sabir Rüstəmxanlını meydanlarda tanıdım, sevdim, odlu-alovlu çıxışlarını, şeirlərini dinlədim. O şeirləri dinlədikcə Vətən sevgisinin qəlbimdəki rüşeyimləri cücərməyə başladı, hər şeyə baxışım dəyişirdi. Topxanada kəsilən hər bir ağac üçün döyüşməyə hazır idim. Vətənə məhəbbət, düşmənə nifrət yan-yana gedirdi… Mən Şuşanı görməsəm də, qəlbimdə bir Şuşa abidəsi ucalırdı, uğrunda xalqın ayağa qalxdığı o yerləri görmək istəyi mitinqdən-mitinqə daha da dərinləşirdi…
1992-ci ildə Şuşa işğal olunanda mən Azərbaycan Tibb Universitetinin 2-ci kursunda oxuyurdum. Torpaqlarımız parça-parça erməni qəsbkarları tərəfindən işğal olunurdu. Təcrübə üçün getdiyimiz xəstəxanalar yaralılarla dolu idi. Həkimlər əsgərlərin bədənlərində açılan güllə yaralarını yuyub tikirdilər. Ağrıkəsicilərin vurulmasına baxmayaraq, dözülməz ağrılardan zarıyan əsgərlər də var idi. Yaxına gəlirdik, əllərindən tutub təsəlli verirdik. “Tezliklə sağalacaqsınız, biz sizinlə fəxr edirik, siz qəhrəmansınız”, deyirdik. Gülümsəməyə çalışırdılar. Bir anlıq ağrılarını unudurdular. O vaxtlar tez-tez işıqlar sönürdü. Həkimlərimiz ağır və gərgin vəziyyətdə gecəyə kimi işləyirdilər, qəhrəman, fədakar əsgərlərimiz üçün əllərindən gələni əsirgəmirdilər, peşə borclarını yerinə yetirməyə çalışırdılar. Xəstəxanada həkim çatışmazlığı var idi. Biz tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin (keçmiş Semaşko adına xəstəxana) cərrahlarına və tibb bacılarına əsgərlərin yaralarının yuyulub sarınmasında, iynələrin vurulmasında yaxından köməklik göstərirdik. Evdən yemək, meyvə və şirniyyat gətirir, əllərimizlə əsgərləri yedirirdik. Axşama kimi şəfqətli tibb bacıları ilə bərabər, yaralı əsgərlərə tibbi yardımlar göstərir, qayğılarına qalırdıq. Dəfələrlə ET Hematologiya və Transfuziologiya İinstitutuna gedib, səhhətimizin pisləşməsindən qorxmadan əsgərlər üçün qan verirdik. Bundan başqa əlimizdən bir şey gəlmirdi.
Ömrümün ən yaxşı çağları – məktəb və universitet illərim o gərgin dövrə, Birinci Qarabağ müharibəsinə təsadüf edib. O illərin xatirələri yaddaşımda çox ağır izlər qoyub. Biz torpaqlarımızın böyük bir hissəsini – Xankəndi, Şuşa, Ağdam, Xocalı, Xocavənd, Cəbrayıl, Laçın, Kəlbəcər, Füzuli, Qubadlı və Zəngilanı ard-arda beləcə itirdik. Yüz minlərlə azərbaycanlı yurd-yuvasından didərgin düşdü, evlərini-ocaqlarını tərk etməyə məcbur oldu. Hələ nə qədər itkin düşənlərimiz, əsir götürülən, qətl edilən insanlarımız oldu.
Torpaq, Vətən nisgili ilə 28 il alovlandıq, yandıq. Bir çox qeyrətli oğullar kimi, Tibb Universitetində oxuyan qardaşımın qrup yoldaşı, əslən Şuşadan olan Asif 1992-ci ildə Şuşaya vuruşmağa, həm də yaralı əsgərlərə tibbi yardım göstərməyə getmişdi, amma sonradan itkin düşməsi xəbəri çıxdı. Aman Allah, anasına təsəlli vermək mümkün deyildi. “Balamın cəsədini verin, oxşayıb ağlayım”, -deyirdi… Bu dərdə necə dözmək olar? Hələ qonşum Fərhad… 18 yaşı vardı, boy-buxunlu, yaraşıqlı oğlan idi. Şuşada dostları ilə bərabər mühasirəyə düşmüşdü. Ermənilər “Qarabağ ermənilərindir” deməsini tələb etmişdilər. O isə “Qarabağ bizimdir, Azərbaycanındır” deyib, düşmənə əyilməkdənsə, ölümü seçmişdi. Bu hadisənin şahidləri danışananda elə sarsılmışdım ki, indi də xatırlayanda göz yaşlarımı saxlaya bilmirəm.
Birinci və İkinci Qarabağ müharibəsində minlərlə əsgərimiz qəhrəmanlıq göstərdi, Vətən uğrunda canından keçdi. Hər birinin qanı tökülüb o torpaqlara. Hər birini göz yaşları ilə, eyni zamanda fəxrlə, qürurla xatırlayırıq bu gün. Allah şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla dolsun. Nə qədər əsgərimiz müharibədə sağlamlığını itirdi, nə qədər gəlinlərimiz ərsiz, nə qədər qızlarımız qardaşsız, atasız qaldı… Lənət olsun düşmənimizə.
Vətən müharibəsində 3 min əsgər və zabitini şəhid verən Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan ərazilərimizi düşməndən geri aldı, Azərbaycan bayrağını Şuşaya sancdı.
Şuşa Dağlıq Qarabağın döyünən ürəyidir. Möhtərəm Prezidentimizin dediyi kimi, Qarabağsız Azərbaycan, Şuşasız Qarabağ yoxdur. Hər bir vətəndaşımız, hər bir azərbaycanlı kimi mən də 30 ilə yaxındır bu günü səbirsizliklə gözləyirdim. Ərazimdə məskunlaşan köçkünlərə sahə həkimi kimi tez-tez baş çəkirdim, müayinə və müalicələri iə məşğul olurdum. Onları hər gedişimdə ruhlandırırdım. “Siz torpaqlarınıza qayıdacaqsınız, Prezidentimiz də çalışır siyasi yolla məsələni həll etsin, olmasa, hərb yolu ilə torpaqlarımız geri qaytarılacaq”, deyirdim. Allahdan dilək diləyir, heç vaxt ümidimi itirmirdim, dua edirdim.
44 günlük Vətən müharibəsi otuz illik həsrətimizə son qoydu. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin başçılığı altında şanlı ordumuz, qəhrəman əsgər və zabitlərimiz torpaqlarımızı işğaldan azad etdilər. Sevincimizin həddi-hüdudu yox idi. Göz yaşlarımızı saxlaya bilmirdik. Torpaqlarımızı rahatca gedib ziyarət edə biləcəkdik. Şəhidlərimizin ruhu qarşısında utanmayacaqdıq. “Allahım, sənə sığınıram, sənə yalvarıram, torpaqlarımızı ziyarət etməyi, Şuşanı görməyimənə nəsib elə! Qarabağda şəhidlərimizin qanı bahasına işğaldan azad olmuş torpaqlarda onların əziz xatirəsi qarşısında baş əyməyi mənə də qismət elə. Müqəddəs Şuşamızı, azad edilmiş torpaqlarımızı ziyarət etmək arzusunu ürəyimdə qoyma…” Dilimin əzbəri olmuşdu bu diləklər.
Vətən müharibəsi günlərində mən xəstəxanada pandemiya ilə mübarizə aparırdım. Ürəyim ön cəbhədə olsa da, buranın da ön cəbhə olduğunu, insanlara burada lazım olduğumu anlayırdım.
Virusa yoluxmuş xəstələrimiz arasında döyüşçü əsgərlərimiz də var idi. Onların sağlamlığı keşiyində durmağı ən ümdə borcum bilirdim. Hər gün ürəyimdə əsgərlərimizin sağ-salamat evlərinə qayıtması üçün dua edirdim. Ruhdan düşmürdüm. Bura da bir cəbhədir, düşünürdüm. İnsanlara yardım etmək üçün cəbhənin önü, arxası olmaz. Cəbhə-cəbhədir. Və mən o cəbhənin ən təhlükəli, görünməyən düşməni ilə vuruşurdum. Özümün yox, insanların sağlamlığını düşünürdüm. Sonacan virusla mübaizə aparacağıma, qalib gələcəyimə özümə söz vermişdim. Elə də oldu. İki ilə yaxın mübarizədə mən və həkim həmkarlarım virusa qalib gəldik. Yüzlərlə insanı sağaldıb evlərinə yola saldıq. Həkimlik, vətəndaşlıq, insanlıq borcumuzu yerinə yetirdik. Amma itkilərimiz də oldu. 40 nəfərə yaxın həkim yoldaşımızı virusla mübarizə zamanı itirdik.
44 günlük Vətən müharibəsində isə cəbhədə 42 nəfər həkim şəhidlik zirvəsinə yüksəldi. Tibb işçilərindən yeganə xanım şəhid Arəstə Baxışova feldşer idi və Qubadlı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına həlak olub. Rasim Abdullayev, Adil Əfəndiyev, Anar Məmmədov və adlarını çəkmədiyim digər zabit həkimlərimiz Şuşa istiqamətində gedən döyüşlərdə 100 nəfərdən artıq ağır yaralı əsgər və zabitə yerindəcə tibbi yardım göstərib hərbçilərimizi döyüş bölgəsindən çıxararkən qəhrəmancasına həlak oldular. Vahimələnirəm və ermənilərə qarşı qəddarlaşıram. Unutmayaq, deyirəm. Heç vaxt erməni vəhşiliyini unutmayacağıq, düşünürəm və gələcəyə ümidlə baxıb özümü ələ alıram. Əlimə qələm alıb 2 il xəstəxanada çalışdığım dövrdə yaşadıqlarımı, gördüklərimi göz yaşları ilə qələmə alıram. Beləcə, “Ağ libaslı mələk” kitabı yaranır. Arzum Şuşaya getmək, orada kitab sərgisində nümayiş etdirməkdir.
İki gün əvvəl, Qurban bayramında Heydər Əliyev Fondundan gələn zəng məni çox sevindirdi. Arzum çin çıxdı. Şuşaya gedirəm… Böyük Allahım məni eşitdi. Günorta saatlarında avtobusumuz Heydər Əliyev Mərkəzinin qarşısından yola düşəcək. İyul ayının 14-15-də Şuşada Vaqif Poeziya Günlərində iştirak edəcəyik. Şəhidlərimizin qanı, canı bahasına alınan müqəddəs torpaqları ziyarət etmək mənə də qismət olacaq. Vaqifin məqbərəsini, Bülbülün ev-muzeyini ziyarət edəcəyik, Natəvan bulağından, İsa bulağından su içəcəyik. Cıdır düzündə gəzib, Şuşadan yadigar olaraq gül-çiçək toplayacağıq, şəkil çəkdirəcəyik… Bütün bunlar məni sevindirsə də, ürəyimdə sevinc hissi olsa da, kədər də vardı qəlbimdə, tez-tez qəhərlənirdim. Uşaq kimi hər an ağlaya bilərdim. Gözümü uzanan yola diksəm də, şəhidlərimizin ruhu, xəstəxanada çalışarkən əsgərlərimizin ağrıdan çəkdiyi əzabları, ah-naləsi, şəhid analarımızın göz yaşları gözümün qarşısından getmirdi. İtkin düşən əsgərlərimizi düşünürdüm. Asif gözümün önündən çəkilmirdi. Həkim kimi əsgərlərə yardım etməyə getmişdi. Gözlərimdən yaş axır. Bəs Fərhadın ermənilər tərəfindən qolları, ayaqları vəhşicəsinə sındırılarkən çıxardığı tükürpədici səsi, əsir düşən qız-gəlinlərimizin ah-naləsi qulaqlarımda eşidilməyəcək ki? Bu gün biz işğaldan azad olmuş mübarək, müqəddəs torpağımıza -Şuşaya yol alırıq. Avtobus irəlilədikcə pəncərəsindən təbiətin gözəl mənzərələrini seyr edirik. Qəhrəman döyüşçülərimizin qanı bahasına alınan torpaqlara çatanda kövrəlirik. Füzulidən keçirik. Sevinirik, qürur duyuruq, şəhidlərimizə hər an rəhmət oxuyuruq. Yüksəkliyə qalxdıqca şair və yazıçı yoldaşlarımın səhhətində təzyiq problemləri yaranır. Tibbi yardımlar etdikcə, eşitdiyim ən xoş sözlər qəlbimi fərəhləndirir: “Həkim, sağ ol, əlin-qolun var olsun”. Həkimlik peşəm burada da karıma çatır. Sevimli şairimiz Firuzə xanım yoda qəza keçirir. Sabahkı çıxışa qədər ağrıkəsicilərlə ağrısını götürməyə çalışıram. “Bircə ağrımasın, çıxışdan imtina etməsin”, -ürəyimdə Allaha yalvarıram. Ağrılardan qovrulan sevimli şairimiz çıxışdan imtina etmək istəyir. Onun tribunaya tam ağrısız çıxacağına söz verirəm. Gülümsəyən gözlərimə baxır, inanmağa çalışır… Sağ olsun, Arifə xanım, sonacan Firuzə xanımın yanında oldu, qayğısına qaldı.
Avtobusumuz dağların qoynuna doğru ilan kimi qıvrılan yolları aram-aram qalxır. Füzulini keçib, Zəfər yolu ilə üzü yuxarıya – Şuşuya qalxırıq. Pəncərədən Şuşanın dağları, meşələri görünür. Nəhayət, dağın döşündə “Şuşa” sözü yazılan lövhə görünür. Dağlara əl edib, gülümsəyərək,“Xoş gördük, Şuşa”, pıçıldayıram. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, dəyərli şairimiz Rəşad Məcid yolboyu bizə bələdçilik edir. Sol tərəfdəki uçurumun Daşaltı olduğunu söyləyir. Ətrafdakı dağıdılmış evlər, məktəblər, məscidlər. bulaqlar haqqında məlumat verir. Avtobusumuz Şuşaya daxil olanda gurultulu alqış qopur. Qəlbimdə fərəh və qürur hissi keçirirəm. Bir neçə dəqiqədən sonra “Qarabağ” otelinin qarşısında dayanırq. Hər kəs doğma torpağa ayaq basmaq üçün səbirsizlənir.
Axşam düşüb, hava qaralıb. Yazıçı həmkarım Xatirə Fərəcli ilə bir otağa düşmüşük. Liftlə otelin 6-cı mərtəbəsinə, otağımıza qalxırıq. Qapını açıb otağa yerləşirik. Əşyalarımı yerləşdirib, eyvana çıxıram. Şuşanın xoş ətirli havasını ciyərlərimə çəkirəm. Uzaqdan görünən mənzərə – dağlar, meşələr gözəllik yaratsa da, yaxındakı mənzərə ürək dağlayır. Bir dənə salamat ev yoxdur. Bütün tikili evlər, memarlıq abidələrimiz erməni vəhşiləri tərəfindən uçurulub, dağıdılıb, tavansız, pəncərəsiz viranə qalıb. Otelin sol tərəfində 1874-cü ildə inşa olunmuş, ermənilər tərəfindən uçulub dağıdılmış Aşağı Gövhər ağa məscidi görünür. Hazırda təmir olunur. Ürəyim ağrıyır. Ermənilər mədəniyyət beşiyimiz olan Şuşamızı məhv ediblər. Burada necə dəhşətli döyüşlər getdiyini anlayıram və vahimələnirəm. Bu döyüşlərin yeganə şahidi indi tək qalmış Şuşa özüdür. Mən Şuşanı gözü yaşlı gördüm. Sanki balalarını şəhid vermiş əli qoynunda, saçları ağarmış dərdli-kədərli bir ananı gördüm. Başını dik tut, ana. Biz səninləyik. Bir an mənə elə gəldi ki, Şuşa bizi yox, öz qəhrəmanlarını, qaziləri, uğrunda ölən şəhid balalarını, şəhid analarını gözləyir. Onları bağrına basmaq, qarşılamaq istəyir. Mən Şuşanı gözləri kədərli və nisgilli gördüm. Quruculuq, bərpa işləri getsə belə, Şuşa hələ kədərlidir. Ürəyimdə “sağalacaqsan, Şuşa, hökmən sağalacaqsan. Uğrunda ölən varsa, vətəndir, deyiblər. Uğrunda minlərlə əsgərimiz şəhid oldu. Sil göz yaşlarını, bütün gözlədiklərin ziyarətinə gələcək. Hökmən gələcək. Qucaq açıb bağrına basacaqsan. Hökmən, o xoş günləri görəcəksən, Şuşa”, deyirdim. Dərindən nəfəsimi dərib, başımı aşağı əyirəm, qəhərlənirəm. Ətraf mənzərə ürək açan olmasa da, otelin gül-çiçəkli və sıx ağaclar arasında yerləşən fəvvarəli həyəti yerə bərkidilən lampa işığında səhradakı oazis təsiri bağışlayır. Sanki burada heç müharibə olmayıb. Şam yeməyinin vaxtıdır. Aşağı düşürük.
Hər kəs otelin qarşısındadır. Axşam yeməyindən sonra söhbət edir, gəzişir, şəkil çəkdirir, şəhər haqqında ilk təəssüratlarımıızı bölüşürük. Səhər “Qarabağ” otelinin qarşısındakı həyətdə Vaqif Poeziya Günlərinin ilk tədbiri – Qarabağ döyüşlərinə və zəfərimizə həsr olunmuş kitab sərgisi ilə başladı. Tədbiri açan Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi iştirakçıları salamlayıb sözü AYB sədri, Xalq yazıçısı Anara verdi. Bir çox yazıçı və şairlər çıxış etdilər, əziz Şuşa haqqında şeirlər səsləndirdilər. Gətirdiyim “Ağ libaslı mələk” adlı kitabım da digər kitablar kimi sərgidə nümayiş olundu. Mən pandemiya dövründə yazdığım kitabı Şuşa kitabxanasına hədiyyə etdim. Sonra yazıçı və şairlərlə birgə Molla Pənah Vaqifin məqbərəsinə yol aldıq. Daşlı-kəsəkli, qumlu yollarda hərəkət etmək çətin olsa da, Vətən eşqi hər şeyi üstələyirdi. Yolboyu gördüyümüz dağıdılmış, xarabaya çevrilmiş evlər ürəyimizi ağrıdırdı. Düşmənə qarşı nifrətimiz daha da alovlanırdı.
Bir neçə dəqiqədən sonra Vaqifin muzey-məqbərə kompleksinin önündə yığışmışdıq. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Anar Kərimov, Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər də iştirak edirdilər. İlk söz döyüşçü şairlərə verildi. Tədbir iştirakçıları onları gurultulu alqışlarla qarşıladılar. Döyüş meydanında şücaət göstərmiş igidlərimiz söz meydanında da mahirdilər. Muğam sədaları altında söylənən şeirlər bizi duyğulandırır
, göz yaşları gözlərdən daşırdı. Balaca xanəndənin “Qarabağ şikəstəsi” hamını ayağa qaldırdı. Hərbçi şairlərimizi ayaq üstə alqışladıq. Sonra Xalq yazıçısı Anar, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Vahid Əziz, şairlərdən Rəşad Məcid, İlqar Fəhmi, Səlim Babullaoğlu, Firuzə Məmmədli, Güləmail Murad, Xəyal Rza, Sayman Aruz və başqaları söz aldılar, Şuşaya həsr olunmuş şeirlərini səsləndirdilər. Firuzə xanımın kürsüyə qalxıb şeir söyləməsi məni çox sevindirdi. Axı söz vermişdim, ağrılarını az da olsa azaldacağımı, onun çıxış edəcəyini demişdim.
Vaqif Poeziya Günlərinə həsr olunmuş video-çarx bizi 40 il əvvələ – Vaqif Poeziya Günlərinin ilk tədbirinə apardı. Tədbirin sonunda tanınmış yazıçı və şairlərlə əvvəlcə Vaqifin məqbərəsi önündə, sonra məqbərəyə daxil olub şairin ruhuna dualar oxuyub, məzarının önündə xatirə olaraq şəkil çəkdirdik.
Yolumuz Cıdır düzünədir. Dağların qoynunda bəslənən, yamyaşıl sıx meşələri ilə, rəngarəng gül-çiçəyi, xarıbülbülü ilə adamı ovsunlayan, daşı, qayası ilə məftun edən və xoş ətirli havası ilə qəlbə məlhəm olan Cıdır düzü. Havası dərmandır. Nə qədər istəyirsən ciyərinə çək. Mən Cıdır düzünü sanki rəssamın fırçasından çıxan, möcüzəli, gözəl bir tabloya bənzədirəm. Adam bu al-əlvan rəsmə baxdıqca doymur, elə hey rəssam təbiətin əl işinə baxmaq istəyirsən. Yazıçı həmkarlarımla bir xeyli otların arasında gəzib, dolaşdıq. Gül-çiçək dərirdik. Cıdır düzündən doymaq mümkün deyil. Güllərin, çiçəklərin ətri indiyə qədər dərdiyim heç bir gül-çiçəyin qoxusuna bənzəmir.
Vaqif Poeziya Günləri münasibətilə Cıdır düzündə konsert təşkil olunub. Yerimizə əyləşirik. Respublikanın Əməkdar artisti, rejissor Nicat Kazımovun hazırladığı konsert-kompozisiya hər kəsin ürəyinə sərinlik gətirir. Aktyorlarımız klassik şairlərimiz – Vaqif, Vidadi, Nizami, Xaqani, Füzuli, Nəsimi, Xətai, Məhsəti, Natəvanın simasında səhnəyə çıxırlar. Xitab edirlər, dərdləşirlər. Sanki hamısı eyni dövrdə, eyni məkanda yaşayıb. Dillərindən biri-birindən gözəl qoşma, qəzəllər səslənir. Xanəndələrin ifasında mahnılar, muğamlar, xüsusilə “Qarabağ şikəstəsi” dağların zirvəsinə kimi yayılır. Hər kəsin nə yaşadığını gözlərindən görmək mümkündür. Alqış sədaları ilə bitən konsertin səs-sədası göylərə ucalır. Bu alqışlar istedadlı aktyorlara və aktrisalarımıza, eyni zamanda bu gözəl məkanı bizə bağışlayan, belə bir gözəl gecəni bizə yaşadanlara ünvanlanırdı. Tədbirin ikinci günü yenidən Vaqif məqbərəsinin önünə yığışırıq. “Nəfəs” layihəsi çərçivəsində tanınmış şairlərin “Odlar yurdum Azərbaycan” mövzusunda şeirlərini dinləyirik. Muğam sədaları altında səsləndirilən şeirlər dünənki duyğuları bizə yenidən yaşadır. Böyük şairimiz Vaqifin ruhu da şad idi yəqin ki.
Vaxtımız məhdud olsa da, böyük sənətkar Bülbülün ev-muzeyinə baş çəkiməyi unutmuruq. Ev-muzeydə olan
qiymətli eksponatlar ermənilər tərəfindən talan olunmuş, ev dağıdılmışdı. Ev-muzey yenidən bərpa olunub. Ev-muzeydə və Bülbülün həyətdəki heykəli önündə xatirə şəkili çəkdirib, yolumuza davam edirik.
Gəldiyimiz maşına minib yolumuzu İsa bulağına salırıq. İsa bulağı və ətraf mənzərəsinin gözəlliyi qəlbimizə məlhəm olur. Əl-üzümüzü yuyub, bulağın büllur kimi şəffaf suyundan içirik. Dualar edirik. Şüşələrə doldurub şəfalı suyu özümüzlə yola götürürük. Bu arada şəkil çəkdirməyi də unutmuruq. Gəldiyimiz yolu geri qayıdırıq.
Natəvan bulağına getməyə də vaxt tapırıq. Bu gözəl bulaq Xan qızı Natəvanın evinin qarşısında inşa olunub. Əl-üzümüzü yuyub, mehmanxanaya qayıdırıq. Yolumuzun üstündə Üzeyir Hacıbəyovun, Bülbülün və Natəvanın heykəlləri qarşısında xatirə şəkilləri çəkdiririk. Saat 16.00-da Bakıya yola düşürük. Yolboyu düşüncələrimdə Şuşanı günü-gündən abadlaşan, gözəlləşən şəhər kimi canlandırmağa çalışırdım. Dağıdılmış məscidlər, tarixi abidələr bərpa olunur, yollar çəkilir, xəstəxanalar tikilir. Şuşada fəaliyyət göstərən modul xəstəxanaya baş çəkmək arzusunda olsam da, vaxt məhdudluğundan oraya gedib çıxa bilmədim. İnşallah, modul xəstəxanaya işləməyə gəlmək ümidilə Şuşadan ayrılarkən “Görüşənədək, Şuşa”, deyirəm. Hökmən gələcəyəm, bu dəfə həkim kimi gələcəyəm. Hələ sağalmayan, qaysaq bağlamış yaralarına məlhəm çəkmək üçün gələcəyəm. Gözlə məni, Şuşa!
CÜCƏ OĞRUSU (hekayə) Mayın son günləri, yazın ən yaxşı vaxtı idi. Kəndimizdə demək olar ki, bütün həyətlərin mənzərəsi eynidir. Yamyaşıl, güllü-çiçəkli həyətlər bol bəhərli gilas ağacları və bəzi həyətlərdə artıq sulanmış yaylıq armudlar. Məktəblərin də bağlanmağına az qaldığına görə son günlər işimiz lap çox olur. Bilən bilir. Müəllimin yazı-pozu işi həmişə çox olub. Bu kurikulum çıxandan bəri də, and olsun Allaha ki, ta dərs keçmək, filan yoxdur. İşimiz-peşəmiz ancaq kağız doldurmaqdır. Bütün ili məktəbdə də, evdə də nə qədər yazırsan bitmir ki, bitmir. İlahi, boş-boşuna nə qədər kağız-kuğuz qaralamaq olar!? Səhər-səhər elə darvazanı açıb həyətdən çıxmaq istəyirdim ki, qonşu Məcid dayının məni hayladığını eşitdim: – Ay Cəfər, ay Cəfər, a bala evdəsənmi? – Sabahın xeyir, ay Məcid dayı! Elə indi çıxırdım. – A bala, ta keçib bir bu tərəfə zəhmət çək, – deyə, – məni çəpərin başına çağırdı. Darvazanı elə açıq qoyub, çəpərin başına getməli oldum: – Buyur, ay Məcid dayı, nə məsələdir? – Sən Allah bağışla, ay oğul. Bilirəm, sən də iş adamısan. İndi də işinizin ən çox olan vaxtıdır. Amma bizim səndən başqa kimimiz var?, – deyə, – həyətin o başında toyuq hininin açıq qalmış qapısının ağzında dayanmış Güllü nənəni göstərərək davam etdi. – Buyurun, buyurun. – Vallah heç bilmirəm necə deyim… – Sənin ürəyin necə istəyir elə de, Məcid dayı. Heç çək-çevir eləmə. – Ən yaxşısı budur. Səni indi yoldan eləməyim. Get işinə inşəAllah gələndə birbaş bizə gəl. Güllü nənən də ona qədər sac asıb, yaxşı lala kətəsi bişirəcək, dünən bağdan bir az məröçə yığmışam, onu da yaxşıca soğança yumurta ilə çığırtma eləsə, olacaq lap dəsgah. Sən indi ləngimə get işinə. Amma gələndə mütləq bizə gəlirsən. Səninlə ciddi söhbətim var. – Oldu, – deyib, – məktəbin yolunu tutmaqdan başqa çarəm qalmadı. Həmin günün hardan gəlib, hara getdiyini bilmədim. Bir də onda ayıldım ki, gəlib öz darvazamızın qarşısında dayanmışam. Məcid dayı ilə olan söhbətimizi xatırlayıb, onlara getdim. Kənddə heç kim darvazasını, qapısını bağlamaz. Məcid dayı həyətdə olduğuna görə haylamağa da gərək qalmadı. Birbaşa onun yanına getdim: – Hərvaxtın xeyir, ay Məcid dayı! Vəziyyət necədir? – Aqibətin xeyir, ay bala! Xoş gəldin, ay oğul! Şükür Allahın kəramətinə! Min şükür! – Min şükür! – Gəl, gəl otur. İşdən gəlmisən. Bir çay iç, Güllü nənənin bişirdiklərindən bir loxma ye, sonra səninlə işimiz var. Sağ olsun Güllü nənə. Məcid dayı səhər-səhər sadaladığı, sadalamadığı nemətlərin hamısını artıqlaması ilə düzdü süfrəyə. Yaxşı yeyib, içdikdən sonra Məcid dayı dedi: – Hə, toqqanın altın bərkitdik. İndi keçək əsas məsələyə. Görürsən? Həyətdə it-pişik də yoxdur. – Hə, doğurdan! Hanı bəs Əlləşlə Vuruş? – Əlləş Məcid dayıgilin itinin, Vuruş isə pişiyinin adı idi. – Vuruşu Güllü nənən verdi bacısı qızına. İndi aparıb şəhərdə evdə saxlayır. Əlləşi də mən verdim qardaşoğluna. Çobandır qoy aparıb, çöldə heyvanların yanında saxlasın. Yazıqdır, onu azdırmağa əlim gəlmədi. – Bəs səbəbi nə idi, Məcid dayı? – Səni elə o səbəbə görə çağırmışam, oğlum. Darıxma, hamısını bir-bir sənə deyəcəm. Deməli, keçən il bu vaxtdan bizim cücələr lap balaca olanda, sarı, lümək vaxtlarında bir-bir yoxa çıxır. Elə ki, bir az yekəldi, ta heç nə olmur. Yəni, nə başını ağrıdım, yumurtadan çıxandan bir az bablıxlayana qədər gündə biri, ikisi yoxa çıxır. Əvvəl elə bildik, həyətə has, zad dadanıb. Sonra gördük yox, belə bir haldan iz-toz yoxdur. Cücələr balaca vaxtı yoxa çıxdığına görə Vuruşdan şübhələndik. Çünki, cücələr həmişə onun yanında olduğuna görə toyuqlar da öyrəşib. O yesə də səslərini çıxartmazlar. Vuruşu şəhərə yola saldıq. Cücələr yenə izsiz-tozsuz itməkdə davam edir. Əlləşi də yola saldıq, yenə davam edir. Burada nəsə başqa iş var, amma bilmirəm. Düzdü, indi hələ tezdir. Amma sən mənə de görüm, keçən ili, inişil öz həyətində, bu həyətdə, yaxın həndəvərdə heç ilan-çayın gözünə dəyibmi? – Xeyr, xeyr. Heç vaxt. Neçə ildir artıq bu kənddəyəm, başqa yerdə də, məktəbin həyətində də heç vaxt belə bir şey görməmişəm. Gözümə dəyməyib. Heç hərdən uşaqlarla bağa, meşəyə gedəndə də görməmişəm. – Hə, bala mən doğub-bitmə bu kənddənəm. 80-i haqlamışım. 5-6 yaşımdan at belində bu çöllərdəyəm. Mən də heç vaxt nə kəndimizdə, nə yaxın ətrafda görməmişəm. Olanda da kənddən çox uzaqda örüş yerində, qobularda, sel gələndən sonra çay qırağında belə yerlərdə əvvəllər tək-tək gözə dəyərdi. Ancaq son illər ta heç belə yerlərdə də görməzsən. Elə bil yoxa çıxıblar. Ya gərək həyətə dələ-filan dadana? Ya da nə bilim nə? Nəsə, başağrısı olmasın, qadan alım, görəcək işə düşmüşük. Cücələr çıxmağa başlayandan yenə gündə biri, ikisi yoxa çıxır. – Bala, bala sən də məni qınama, elə bil cücə qeybə çəkilir, – bayaqdan kənarda oturub maraqla bizi dinləyən Güllü nənə də söhbətə qoşuldu, – adam heç bilmir nəyə ehtimal versin. Həyətdə də bir at, bir inək, bir dənə də danadan başqa heç nə qalmayıb. Əvvəl it-pişik var idi. Adam onlardan şübhələnirdi… İndi qalmışıq belə. Görürsən toyuq yanında 5 cücə girdi dalanın altına, bu yandan çıxır cücənin biri yox. Cikkilti yox, qaqqıltı yox. Heç nə. – Nə deyirsən arvad? İndi deyirsən 5-6 cücədən ötrü atı, inəyi də tələf eləyək? Yoxsa, indi də Alapaçadan şübhələnirsən? – Məcid dayı özünü saxlaya bilmədi. Alapaça onun atının adı idi. İnəyə də Ceyran deyirdilər. Güllü nənə həyətdə “Ceyran, Ceyran”,- deyə danışanda nabələd adam elə bilərdi ki, başqa bir qadınla söhbət edirlər. Vəziyyətin ciddiləşdiyini görüb söhbətə müdaxilə etdim: – Məcid dayı, atalar yaxşı deyib, – “cücəni payızda sayarlar”, bəlkə, sən cücələri tez saymağa başlamısan? – öz aləmimdə vəziyyəti düzəltməyə çalışdım. – Ay bala, ay oğul, özün də oxumuş adamsan, birincisi o “payız” deyil, “güz”dür. İkincisi də biz yaxşı bilirik cücənin indi sayılmaq vaxtı deyil. Bunun azarı-bezarı, qurdu-quşu var. Ancaq görürsən ki, vəziyyət başqa cürdür. Məsələ yavaş-yavaş Alapaçanın, Ceyranın üstünə qalmağa doğru gedir. – Nə məsləhət görürüsən, Məcid dayı? Bu oxumuş adam sizə necə kömək edə bilər? – Hə, bax indi səndən xoşum gəldi. İndi oldun arif adam. Yadındadır? İnişil məktəbdən nəsə oğurlamışdılar. Məktəbin öz “televizor”una baxıb, oğrunu tapdılar. O məsələ yadındadır? Bax bizə elə bir şey lazımdır. Baxaq görək gecə, gündüz, biz olmayanda tövlədə, hində, dalanda nə baş verir? Oğru kimdir? Cücələr hara yoxa çıxır? – Hə, yadıma düşdü, Məcid dayı. Məktəbdən kompüter oğurlamışdılar. O “televizor” dediyin təhlükəsizlik kameralarıdır. Onu bura necə gətirmək olar? Bir də onlar çox bahalıdır. Lap bura gətirdik onları kim quraşdıracaq? Birdən xarab olar. Ya da onları söküb buraya gətirəndə məktəbdə nəsə bir hadisə baş verər. Bilirsən ki, təzə məktəbdir. Çoxlu təzə, bahalı avadanlıqlar var. – Sən onları gətir burada qur. Mən məktəbə keşik çəkərəm. Bir quş da ora səkə bilməz. – Yaxşı, Məcid dayı. Mən soraqlayım görüm, quraşdımağa adam tapa bilsəm, direktorla danışıb, kameralardan bir-ikisini gətirib burada quraşdırarıq….
Ertəsi gün kamera quraşdıran usta ilə maraqlanırdım. Məktəbin direktoru rayon mərkəzində yaşayan bir ustanın nömrəsini verdi. Telefonla danışanda belə məlum oldu ki, məktəbin kameralarını sökməyə ehtiyac yoxdur. Razılaşdıq ki, usta həm özünə də maraqlı olduğuna, həm də qocalara görə ucuz qiymətə bir həftəlik öz kameralarını gətirib 3-4 nöqtədə fasiləsiz müşahidə üçün yerləşdirə bilər. Hər şeyi telefonla danışıb həll etdikdən sonra ustaya bir yaxşı nahar və 50 manat pul verəcəyimi dedim. Usta məndən tövlədə, dalanda, hində və digər lazım olan yerlərdə elektirik enerjisi, kənddə internet olub-olmadığını soruşdu. Bildirdim ki, hər yanda elektirik enerjisi də, internet də var. Razılaşdığımız gün usta gəlib 5 yerdə kameraları qurub getdi. Bildirdi ki, özü kameralara nəzarət edəcək. Əgər maraqlı bir görüntü olsa mənə xəbər edəcək. Heç bir gün keçməmiş usta mənə zəng etdi: – Salam, müəllim! Necəsiniz? – Salam. Çox sağ olun. Siz necəsiniz, nəsə bir yenilik var? – Müəllim, görməsəniz inanmazsınız. İnanın, mən də görməsəm, kim deyir, desin inanmazdım. – Onda sabah gəlin, həm biz də görək, həm də oğru bilindiyinə görə kameralarınıza ziyanlıq dəyməmiş aparın. – Oldu, müəllim. Sabah günortadan sonra görüntüləri gətirəcəm. Baxarıq. Kameralardan da narahat olmayın. Onlara heç nə olmaz. Danışdığımız kimi günortadan sonra usta gəldi. Məcid dayıgildə Məcid dayı, Güllü nənə, vəziyyətdən xəbərdar olan məktəbin direktoru, mən və bir də usta həyətin ortasında qoyulmuş masanın başına toplanıb, ustanın noutbukunun açılmağını gözləyəndə usta gözaltı arada gah Ceyrana, gah da Alapaçaya baxıb başını bulayırdı. Nəhayət noutbuk tam işə hazır olduqdan sonra usta dedi: – Möhkəm olun, inansanız da, inanmasanız da indi görəcəkləriniz həqiqətdir. Elə bu vaxt noutbukun monitorunda həyətin müxtəlif guşələrini seyr etməyə başladıq. Günün günorta çağı çil toyuq yanında cücələri Ceyranın qarnının altından, ayaqlarının arasından keçib gedirlər. Bu vaxt Alapaça ani bir hərəkətlə boynunu azca aşağı əyib, yana doğru uzadaraq əvvəl elə havadaca sarı, lümək cücələrdən birini iri açılmış dodaqlarının arasına alır, sonra da yüngülcə çənəsini əsnədərək, ağzını yumub, bir dəfə başını sağa-sola silkələyərək, qulaqlarını şappıldadır vəssalam… Hamımız heyrət içində donub qalmışdıq… Ani olaraq ağlıma ilk gələn Əlləş və Vuruşun məsum, yazıq simaları oldu. Halbuki, bəlkə də onların yeri indi daha yaxşı idi. Ancaq buna baxmayaraq, haqsızlığa uğradıqlarına görə onların halına acıyırdım… Məcid dayı isə elə hey təkrar edirdi: – Dağıl, a belə dünya, dağıl… At izi it izinə qarışıb…. Son.
Cəmisi bir həftə qabaq “Facebook”da dostluq təklifini qəbul elədiyim Əsədov İlham İbadulla oğlu heç demə mənə doğma olan keçmiş iş yoldaşım, mərhum İbadulla Əsədovun oğlu imiş. Əslən Füzuli rayonunun Bala Bəhmənli kəndindən olan İlham müəllim özünün dediyinə görə sovetlər dönəmində əsgəri xidmətini başa vurandan sonra Bişkekdə məskən salıb. Qırğızstanda çox məşhur hərbi jurnalist- foto müxbirdir. Ömür-gün yoldaşı doğulduğu kənddən olub və altı il qabaq vəfat edib. (Allah rəhmət eləsin!) Fəridə, Fatimə adında 2 qız övladı və Fərid adlı oğlu var. Fəridlə Fəridə ali təhsilli halal sənət sahibləri, Fatimə isə hələ məktəblidir.
İlham müəllimin atası İbadulla müəllim sağlığında Füzuli rayonunun sayılıb-seçilən ziyalılarından biri kimi böyük nüfuz qazanıb. İxtisasca ədəbiyat müəllimi idi. Uzun illər boyu dərs hissə müdiri, məktəb direktoru vəzifələrində çalışıb. (Mən institutu bitirib təyinatla Bala Bəhmənli kəndində müəllim işlədiyim illərdə rayonun Babı kəndindən olan Zakir xanlarovdan sonra məktəbə rəhbərlik edib. 1922-ci ildə doğulub, 1993-cü ildə rəhmətə gedən bu müdrik insan, doxsanıncı illərin əvvəllərindən Bala Bəhmənli kənd orta məktəbində fəaliyyət göstərən muzeyin təşəbbüskarı və yaradıcısı olub. Aşağıda onun 1980-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən çap olunan ilk şeirlər kitabım haqda yazdığı məqalə də muzeydəki eksponatlar arasındadır. İlham müəllimin mənə göndərdiyi və 42 il qabaq yazılan bu məqalədən indiyə qədər xəbərsiz olmuşam. Sonda məqalə müəllifinə Allahdan rəhmət diləməklə, Qırğızstanda yaşasa da, ana vətənimizə, doğma el-obasına qırılmaz tellərlə bağlı olan soydaşımıza bu yazını üzə çıxardığına görə təşəkkürümü bildirirəm.
Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri
26.07.2022
ŞAİR-MÜƏLLİMİN İLK KİTABI
İsmayıl İmanovCəbrayıllı olsa da, onun imzası Füzuli oxucularına da tanışdır. Çünki o, 1965-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunu bitirib, rayonumuzun Bala Bəhmənli kənd orta məktəbində 1970-ci ilə kimi müəllimlik etmişdir.
İsmayıl müəllim 1965-ci ildən respublika mətbuatı və yerli mətbuatda ara-sıra öz şeirləri ilə çıxış edir. Doğrudur, o az yazır, ancaq səmimi yazır. Onu düşündürən, həyəcanlandıran məsələlərdən söhbət açır. “Gənclik” nəşriyyatı bu yaxınlarda İsmayıl İmanovun ilk kitabını-“Səni soraqlaram” adı ilə çap etmişdir.
Vətən sevgisi, doğma yurdun tərənnümü, sevgi duyğuları müəllifin bu ilk kitabının əsas motivləridir. “Azərbaycan torpağıyam”, “Ata ocağı”, “Salam çinar”, “El-obanı alqışladım” kimi şeirlərdə Vətən sevgisi, doğma yurda məhəbbət tərənnüm edilmişdir:
…Xəritədə bir nöqtəyə
bənzəsəm də,
Ürəklərdə gur nəğməyəm,
solmaz duyğu yarpağıyam,
Ölkə-ölkə, qitə-qitə
sözü gəzən
Azərbaycan torpağıyam…
Şair göstərir ki, bəzi gənclər öz elindən, ata ocağından çıxıb başqa şəhərlərdə oxuyub boya-başa çatandan, sənət-peşə sahibi olandan sonra öz doğma yurdunu bəyənmir, ona arxa çevirir, onun yüksəlməsinə əlindən gələn köməyi əsirgəyir.
“Ata ocağı” şeirində isə şair lirik qəhrəmanının dili ilə belə adamlara yaxşı cavab verir:
Burda isindikcə eşqim dən tutub,
Burda sünbül-sünbül saçaqlamışam.
Doğma şəhərləri “atıb”, “unudub”
Ata ocağımı qucaqlamışam.
Bu yerdə gül açıb, ağac göyərib,-
Babamın ruhudur bitən, demişəm.
Burdakı torpağa, burdakı ota,
Burdakı çöpə də vətən demişəm…
Məlumdur ki, müharibə mövzusunda çox şeir yazılıbdır. İsmayıl İmanuv da “Biz 45-də doğulmuşuq”, “Əsgər məzarları” şeirlərində bu mövzuya toxunmuş və ona yeni məna vermişdir. Şair göstərir ki, əsgər məzarları sadəcə məzar deyildir, onlar sülh, əmin-amanlıq olması üçün məzarları özünə səngər edib döyüşən əsgərlərdir:
Ümidlər, baxışlar yarı yuxulu,
Soraqlar yerini dəyişir hələ.
Əsgər məzarları barıt qoxulu,
Əsgər məzarları döyüşür hələ.
Bir vaxt sipər olub təpə, dağ üçün,
Odların içində diniblər onlar.
Bəlkə də dünyanı qorumaq üçün,
Məzar səngərlərə eniblər onlar…
“İlk ünvanım”, “Əllərim”, Anamın əlləri”, “Çörək ətri”, “İş günüm” və s. şeirlərində əməyin tərənnümü əks etdirilmişdir.
Müəllif şeirlərinin demək olar ki, qoşma formasında yazır və müvəffəq də olur. Onun “Gözəllik”, “Qızlar bəzəyidir toyxanaların”, “Səni soraqlaram”, “Qalar”, “Bilmirəm”, “Qurban olum” kimi lirik şeirləri buna misal ola bilər.
Şair “Arazla görtüşəndə”, “Durnalar köç edir”, “İstisuda”, Bu axşam”, “Yaxşı saxla”, “Meşə notları” kimi şeirlərində təbiət gözəlliklərini ilhamla qələmə almışdır. O, şeirlərində yeni bənzətmələrdən istifadə etməklə öz fikirlərinin obrazlılığına çalışır:
“Burda meşə sal-sal daşı
Taxıb ağac şişə dedim.”
(“İstisuda”)
“Budaq saçlarını üzünə töküb
Maral buynuzuyla daranır meşə,”
(“Meşə notları”)
“Billur kəhriz
bir gözəlin yaddan çıxıb,
burda qalan güzgüsümü?!”
(“Salam, çinar”)
“Yağış damcıları notlara dönər,
Durna həsrətini çalar havada.”
(“Durnalar köç edir”)
Gənc şairin şeirlərinin qüsurları da yox deyildir. Hər şeydən əvvəl onun mövzu məhdudluğunu göstərmək istərdik. Müəllif ən çox sevgi duyöuları və təbiəti tərənnüm edən şeirlərə meyl edir. O, qurub-yaradan əmək adamlarından, xariqələr göstərən adamlardan hələlik yazmır. Bunu özü də hiss etdiyindən, “Öyrənəm gərək” şeirində etiraf edir:
“Bəlkə də hardasa yenə çaşmışam,
Yaxşı ki, hamar yol aramır ürək.
İndiki sahildən uzaqlaşmışam,
Dərində üzməyi öyrənəm gərək…”
Biz inanırıq ki,şair “dərində üzməyi öyrənəcək və öz oxucularını yeni kitabı ilə sevindirəcəkdir.
“MİQ – 17” (hekayə) Sanki süd gölünə düşmüşdüm. Gözlərimin önündə dümağappaq buludlar uçuşurdu. Mavi səmadan əsər-əlamət qalmamışdı. Pambıq kimi ağ, yumşaq, sonsuz ənginliklər məni qəfil öz qoynuna almışdı. Ucu-bucağı görünməyən bu “ağ dəniz”in dərinliklərinə doğru yuvarlanaraq boğulurdum. Ancaq heç nə edə bilmirdim. Gücüm sadəcə bir təhər insan selini yarıb, yaxınlıqdakı divara söykənməyə çatdı. Maraqlıdır, həmişə eşitmişdim ki, insan müəyyən bir səbəbdən özündən gedəndə “gözü qaralar”. Məndə isə tam əksinə olmuşdu, “gözüm ağarırdı”. Dünya gözümdə “ağ cənnətə” dönmüşdü. Ətrafa boylandım. Əvvəlcə harada olduğumu heç cür kəsdirə bilmədim. Bu insanların buraya nə üçün toplaşdığını da unutmuşdum. Xeyli vaxt keçdi. Bir az toxdayandan sonra xatırladım ki, 14 avqust 2017 – ci ildir və mən səhər evdən çıxıb müəllimlərin işə qəbul imtahanına gəlmişəm. İmtahan saat 11:00 – da başlamalı idi. Artıq saat 11-ə işləyəndən insanlar, – bir namizəd, beş nəfər də onun qohumu – toplaşıb buraya. Kölgəlik bir yer olmadığına görə qocalı-cavanlı, uşaqlı-böyüklü hamı günün altında gözləyir. Bu an hardansa alnıma bir damcı su düşdü. Elə bil yuxudan oyandım. Yuxarı baxdım. Kondisionerdən su damcılayırdı. Divardan əlimi çəkib bir az aralandım ki, üstümə su düşüb, ağ köynəyimi ləkələməsin. Ancaq elə o an anladım ki, hələ tam özümə gəlməmişəm. Müvazinətimi saxlaya bilmirəm. İmtahana tək gəlmişdim. Özümlə telefon da götürməmişdim. Üstümdə evin açarından, cib dəsmalından və 5-10 qəpik yol pulundan başqa heç nə yox idi. “İndi mən neyləyim?” – sualı altında sıxılırdım. Yavaş-yavaş sərin, yumşaq, ağ buludlardan isti, bərk, qara asfalt-betonun üstünə enməyə başlamışdım. Elə özümü tam burada hiss edirdim ki, rəngarəng insan seli hərəkətə gəlib, ləngər verməyə başladı. Bu minvalla yavaş-yavaş giriş qapısına çatdım və bütün vacib yoxlamalardan keçib içəri daxil oldum. Bələdçilərin müşayəti ilə, – “ora keç”, “bura keç”, – axır ki, gəlib imtahan verəcəyimiz zala çatdım. Bura üzərində müxtəlif rəngli kağızlar və kompüterlər sıra ilə səliqəli şəkildə düzülmüş masalar olan universitetlərdən birinin idman zalı idi. Son illər vacib imtahanlar adətən bu böyük idman zalında keçirilir. Bütün sıraların arasında namizədlər və nəzarətçilər qaynaşırdı. Sıraların arasında gəzən gənc nəzarətçilər zala yeni daxil olan namizədləri üzərində müxtəlif rəngli kağızlar olan masaların arxasında bir-bir oturdur, hələlik kompüterə toxunmamağı tapşırırdı. Xatırladığım odur ki, sarı, yaşıl, rəngli kağızlar qoyulmuş masaların yanından keçərək üzərində ağ kağızlar olan bir masaya yaxınlaşdıq və nəzarətçi mənə burada oturmalı olduğumu söylədi. Dinməz-söyləməz mənə göstərilmiş yerdə əyləşib, növbəti elan olunacaq göstərişləri gözləməyə başladım. Bu vaxt mənim qarşımda sol tərəfdə üzərində sarı rəngli vərəqlər olan boş yerə bir xanım namizəd əyləşdi. Bunu görən gənc nəzarətçi xanım cəld ona yaxınlaşaraq: – Zəhmət olmasa, qalxıb o yerdə əyləşin, – deyə, – mənim tuşumdakı paralel, üzərində ağ kağzlar olan boş yeri göstərdi. Xanım namizəd isə qəti etiraz edərək, bunun səbəbini soruşdu: – Niyə qalxmalıyam? Boş yerdir, mən də oturmuşam! – Sizə deyirəm, qalxın! Yoxsa, başınız ağrıyacaq! – Başım onsuzda ağrıyır… Səhərdən gün təpəmə o qədər döşəyib ki… – Bu dəfə başınız başqa cür ağrıyacaq… – Baş ağrısının təhir-töhrü də olur?! Ağrıyır də, başım ağrıyır… Vəziyyətin ciddiləşdiyini görən başqa bir oğlan nəzarətçi yer üstündə mübahisə edən xanımlara yaxınlaşdı. Bu zaman xanım nəzarətçi oradan uzaqlaşaraq, digər yeni gələn namizədləri qarşılamağa getdi. Oğlan nəzarətçi yer üstə mübahisə edən xanım namizədə tərəf əyilib astadan bir neçə kəlmə nəsə dedi. Xanım sakitcə qalxıb göstərilən yerdə oturdu. Elə bu zaman bayaqkı nəzarətçi xanım yanında yeni bir namizəd xanımla boşalmış “sarı kağızlı yerə” yaxınlaşdı və həmin yerdə oturmalı olduğunu bildirdi. Xanım da sanki tamaşaya baxmağa gəlibmiş kimi xüsusi bir əda ilə əyləşdi və həmən sarı vərəqlərdən birini götürüb özünü küləkləməyə başladı. Bu sarı vərəqlər yelləndikcə onu sərinlədib-sərinlətmədiyini deyə bilmərəm. Ancaq bir yer arxada sanki təndirdəymiş kimi “ağ vərəqli yer”də oturdulmuş xanımın ocağını necə körükləyirdisə, fısıltısı qulaqlarımda cingildəyirdi… Elə bu vaxt səs ucaldıcıdan eşidilən: “Diqqət! Diqqət! Hamının fikri burada olsun…” kəlməsi bütün məsələləri arxa plana atdı… Vacib göstərişlər elan olundu. Nəzarətçilər bir-bir hamıya yaxınlaşıb giriş kodlarını daxil etdilər. İmtahan başladı. Arada gözlərimi monitor yoranda başımı qaldırıb, gözucu “tamaşaya gələn” xanıma da diqqət yetirirdim. Bütün imtahan boyu əhvalını pozmadan, sarı vərəqləri haldan salana qədər özünü küləklədi və namizədlərə imtahan zalını tərk etməyə icazə verilən kimi qalxıb getdi. O qalxıb gedəndə mənim tuşumda əyləşmiş “ağ vərəqli“ xanıma da nəzər saldım. O da ağ vərəqlərlə bir-bir tərini silərək, bükələyib masanın üzərinə göz dağı kimi düzmüşdü. Bir əli alnında, gözlərini monitora zilləmiş nə barədəsə dərindən düşünürdü. O artıq çoxdan buralarda deyildi… Nəsə, imtahan bitdi. Mən də bu imtahandan sonra öz gündəlik qayğılarımla yaşamağa davam etdim. Ancaq hələ heç müəllimlərin işə qəbul imtahanları bitməmiş rəngli kağızlar barədə müxtəlif söz-söhbətlər dolaşmağa başladı. Düzü, bu barədə dost-tanış məndən də bir-iki dəfə soruşub. Hərdən elə olub ki, istər-istəməz bu mövzuda söhbətə qulaq müsafiri olmuşam. Ancaq hər dəfə özümdən asılı olmayaraq demişəm: – Yalan söhbətdi! Belə boş-boş sözlərə inanmayın! Bizi gözü götürməyənlərin yaydığı şayələrdir! Heç elə də iş olar?! Son. 15.01.2022. Bakı.
Bu gün yenə bəzənmişəm, Ən bahalı ətirləri üzərimə səpmişəm. Gül çiçəkər içində mən Görüşünə gəlmişəm. Görüş yerimiz həminki Dəyişən təkcə yoxluğun… O görüşə tək gəlmişəm. İçimdəki məhəbbəti, səadəti Sənin üçün gətirmişəm. Niyə yoxsan? Yoxsa sən də itib batdın tənhalığın arasında? Yoxsa sən də çəkib getdin, qoydun yolun ortasında? Yoxsa sən də boğazımda düyünlənən kəlmələrin sahibisən? Yoxsa sən də uzun – uzun dərələrdən ayrılığı gətirmisən? Məhəbbətdən üz döndərib, Ayrılığa hə demisən… Olsun…. Neynək… Bu bəzəyi, bu düzəyi silim gərək. Belə betər ayrılığa dözüm gərək… Betərin də betəri var… Ömür qısa, ömür gödək. Vədə yetməz görüşməyə Çalış ki, sözündə düz ol Özünə yaxşı bax bir də…
Раскрой свои обьятья, к тебе иду, Земля моя, Ты знаешь ведь о том, что часто в дверь твою стучался, И каждый раз, взяв в руки флаг, к тебе я собирался, Теперь уже настало время, решенье принял я, Теперь бесповоротно иду к тебе, ты жди меня.
Сколько раз я повторял, что жизнь отдам я за тебя, И не важно, что со мной, пусть минует тебя беда, «Хороший командир защитит своё войско всегда», Капитан наш впереди, укрась его путь цветами, Выходи нам навстречу, чтобы мы тебя обняли.
К смерти такой я готов, чтобы саваном стал мой флаг, Я молился, чтоб сбылись мечты, не радовался враг, Мольба моя услышана, любимая, слёз не лей, Мать моя, ты тоже слёзы утри, меня не жалей, Сын землю защищает, пусть ценою жизни своей. Автор: Заур Устадж
Eşitdim ki, darıxmısan, Haqqımda danışırsan… Mən bilirəm, hiss edirəm… Qulaqlarım cingildəyir… Orda – burda danışınca Zəng etsəydin… Ondan – bundan soruşunca Kaş gəlsəydin… Söz göndərən yaşını da keçmisən…. Sən ki, uşaq deyilsən. Mən ki, oyuncaq oynayan yaşda belə deyiləm. Amma dayan, Yoxdu indi saçlarıma sığal çəkib oxşayan… Ağlamıram, tozmu qaçdı gözlərimə bilmirəm…. Narahat olma, yaxşıyam. Gözlərimdə kədər deyil, Bu ki tale, qədər deyil. Özün seçdin ayrılmağı…. Məndən ayrılmaq olardı? Mən ki, sənə can deyirdim… Canına qurban deyirdim… Qollarımın arasında itib batdın…. Dişlərimin arasında dodağımı sıxa – sıxa ağlayırdım… Hə, yoluna gözlərimi dikib baxdım…. Bəlkə gələrsən deyə Qapını açıq buraxdım. Toz – tozanaq oldu evim, Daxmalığa döndü yuvam. Sənin mənimlədir bilirəm, Mənim özümlədi davam. O möhtəşəm gedişinə Səbəb məndim… İndi dinlə, Mən xoşbəxt idim səninlə Geri dönsən Xəbər etmə Qapım açıq Çay istəsən Qalan qablarım bulaşıq, Sən gedəndən yumamışam… Uzanmışam. Saçlarıma sığal çəkmək istəsəsən bil O vaxtdan dolam dolaşıq. Sən gedəndən hal olmayıb daramağa Yorulmuşam. Külək darayıb saçımı, Yağış yuyub üz – gözümü… Çox başını ağrıtmayım, Gəlsən dinməz – söyləməz gəl…
Bu gün gənc yazar dostumuz Sevindik Nəsiboğlunun doğum günüdür. Şad günü münasibətilə onu təbrik edir, həyatda, təhsildə və yaradıcılıq fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!!
QIRMIZI YARPAQLI AĞAC (hekayə) 2021-ci ilin adi payız günlərindən biri idi. Əslində bəlkə də bu gün heç adi gün deyil, sadəcə belə deməyə öyrənmişik. Payızın artıq son günləri olmasına rəğmən günəşli gün idi. Kimlər üçünsə gün hələ indi başlasa da mən onu artıq demək olar ki, tamamlamışdm. Dünən axşamdan iş başındayam. Artıq yorulduğumu hiss edib telefonda saata baxdım. 03.12.2021 Cümə günü 10:01. Mən yazı masamın arxasında oturanda hələ 02.12.2021 idi. Artıq buz kimi olmuş çayımın son damlalarını da udumlayıb, masadan qalxdım. Əlimdə fincan mətbəxə keçdim. Fincanı yaxalayıb, başı aşağı mətbəx masasındakı məcməyiyə qoydum və pəncərədən küçəyə, daha doğrusu havaya baxmağa başladım. Hava adama gəl-gəl deyirdi. Nazik qara yelliyimi geyinib aşağı düşdüm. Hava o qədər xoş idi ki, başıma nəsə qoymağa ehtiyac duymadım. Gəzə-gəzə gəlib Akademiya Bağına çatdım. Bura demək olar ki, Bakının gözü sayıla biləcək əsas xiyabanlarından birinin tən ortasında yerləşən böyük bağdır. Həm Elmlər Akademiyası metro stansiyası, həm də Elmlər Akademiyası özü və bir çox institutları bu ərazidə yerləşir. Səhər-axşam bu bağda çoxlu sayda insanların gəzişdiyini görmək olar. Pandemiya ilə əlaqədar sərt karantin günlərində bağa giriş yasaqlansa da hal-hazırda elə bir qadağa yoxdur. İnsanlar yenə səhər-axşam maneəsiz olaraq burada öz ehtiyaclarını ödəyirlər. Necə deyərlər şəhərin ən ucqar guşələrindən maşınlarla bu bağda gəzməyə gələnlər də daxil olmaqla yaxın ətrafda yaşayan insanlar bu bağda gəzməyi sözün əsl mənasında hələ anasının qarnında öyrənir və uşaq arabasından başlamış ta əlil arabasına qədər bütün həyatı boyu davam edir. Bu bağda adax-çiçək eləməyi, qaçmağı, şeir əzbərləməyi, sevişməyi, şeir yazmağı, qocalmağı öyrənirlər. Bir sözlə bu bağ elə əsl həyat məktəbi, akademiyasıdır. Mənim də digər insanlardan elə bir fərqim yoxdur. Ən azı gündə bir dəfə, ya səhər, ya da axşam bu bağda təxminən 2 saat gəzməsəm olmaz. Müxtəlif səbəblərdən əgər bu gəzinti alınmasa, sanki həmin gün tamamlanmamış qalır. Adətim üzrə Texniki Universitet tərəfdən bağa girib öz marşrut istiqamətimdə hərəkətə başladım. Adətən bağa girən kimi telefonda saata baxıram, 10:20 idi. İynəyarpaqların altından keçəndə payız hiss olunmasa da, tut, palıd, qaraağaclar olan hissəyə çatanda günəş şüaları altında daha da cazibədar görünən sarılı, qırmızılı müxtəlif rəngli yarpaqlar insanın ruhunu oxşayır. Qeyri-iradi nə vaxtsa oxuduğum şeirdən “Sarı yarpaq gör nə gözəl, Kimə güldü, kimə xəzəl…” misralarını xatırladım. Payızın qıpqırmızı yarpaqlarla bəzəyib amansız qışın görüşünə hazırladığı orta boylu bir ağacın altında dayandım. Hələ məktəbli vaxtlarımdan botanika və coğrafiya fənlərindən həmişə “5” alsam da bu ağacın adını yadıma sala bilmədim. Sadəcə onun görünüşü, bu halı diqqətimi həmişə cəlb edirdi. Mən də onun yanından keçəndə ayaq saxlar, səsizcə iki doğma şəxs kimi dərdləşər, sonra da sükutla, bir az da hüznlə ayrılardıq. Son günlər, yəni yarpaqları qızarmağa başlayandan hər bu ağacı görən kimi artıq uzun müddət üzərində işlədiyim, bir türlü bitirə bilmədiyim “Zabitlər” povesti, daha doğrusu oradakı ümumiləşdirilmiş zabit obrazı gəlib durur gözümün qabağında… Qarlı qışı qarşılamağa qırmızı yarpaqlarla bəzənib-düzənmiş halda hazırlaşmış, yaşıl vaxtlarından daha ötkəm, daha qürurlu olan bu ağacı əsərimin qəhrəmanına bənzədirdim. “Deyirəm, bu zabit peşəsi də çox qəribə peşədir, bir ömür boyu əlləşib-vuruşub, min bir əziyyət bahasına nə vaxt səni haqlayacaq güllənin görüşünə hazırlaşırsan… Eynən amansız qarlı qışın görüşünə qırmızı yarpaqlarla bəzənib-düzənib hazırlaşan bu adsız ağac kimi…” – düşünə-düşünə adsız ağacdan aralanıb yoluma marşrut üzrə davam edirdim ki, ani olaraq gözümə sataşan mənzərə diqqətimi cəlb etdi. Orta boylu dolu bir oğlan ondan nisbətən hündür şumal digər bir cavanın əlindən tutub addım atmasına, yeriməsinə yardım etməyə çalışırdı. Əslində buna əlindən tutmaq demək olmazdı. İkisi də hardasa yaşıd olardılar. Orta boylu oğlan bütün bədəni və var gücü ilə ucaboylu oğlana dayaq olmağa çalışsa da bu onda yaxşı alınmırdı. Açıq-aydın hiss olunurdu ki, gücü çatmır. Qardaşa da oxşamırdılar. Tamam fərqli fizionomiyaya malik iki şəxs idi. Hətta elə ilk baxışdaca ayrı-ayrı millətin nümayəndələri olduğu aydın sezilirdi. Nə qədər arıqlamış olsa da qarabuğdayı hündür oğlanın şux qaməti, əzələli bədənli, bir az da zəhimli görünüşü sarıyanız ortaboylu, dolu bədənli oğlandan çox fərqlənirdi. Sarıyanız oğlanın “…ha qeyrət, ha qeyrət qardaş” kəlmələri aydın eşidilirdi. Qarabuğdayı hündür oğlan isə böyük tərəddüdlər içərisində nə qədər addım atmağa çalışsa da bu onda heç cür alınmırdı. Yaxınlıqda ağ maşın dayanmışdı. Sarıyanız ortaboylu oğlan arada qanrılıb maşına tərəf baxır nəsə narahat görünürdü. “Yəqin ki, ondan düşüblər” fikri keçdi eynimdən. Onların tuşuna çatana qədər: “Qazi qardaş, səndələmə, mətin ol, Bu torpağın altı, üstü sənindir! Addımını ürəklə at, şax yeri, Bu torpağın altı, üstü sənindir! * * * Altda qalan, “üzü bərkdir” deyilən, Yerli-yersiz harda gəldi söyülən, Dağı, daşı “əppək” kimi yeyilən, Bu torpağın altı, üstü sənindir!” Bu misralar süzülüb keçdi ruhumun süzgəcindən. Sarıyanızın “Qardaş, qardaş”- deyə məni haylaması ilham pərisini hürkütdüyünə görə şeir yarımçıq qaldı. Oğlanın yəqin ki, artıq üçüncü “Qardaş”ı idi ki, məni sanki yuxudan oyatdı. “Qardaş, zəhmət olmasa yardım et,”- mən onların tuşuna çatıb dayananda sarıyanız oğlan bir daha mənə müraciət etdi. Cəld dönüb onlara tərəf getdim. Və çata-çata: “Salam! Allah köməyiniz olsun! Necə yardımçı ola bilərəm?”- deyə soruşdum. – Zəhmət olmasa, siz qardaşın qolundan ikicə dəqiqəlik tutun, mən maşının yük yerindən bir-iki şey götürməliyəm. Həm də hələ qapıları bağlamamışam, – deyə yardım etməyimi istədi. Maşın sovetin istehsalı olan ağ rəngli “06” idi. – Buyurun, – deyə ucaboylu oğlanın qolundan yapışdım. Və elə o andaca onu belə saxlaya bilməyəcəyimi anladım. Eynən sarıyanız oğlan kimi bütün bədənimlə dayaq duraraq, onu güclə ayaqda saxlayır və addım atmasına yardımçı olmağa çalışırdım. Oğlanın nə qədər zəif və gücsüz olmasına baxmayaraq, hazırlıqlı adam olması hər halından bəli idi. Məlum döyüşlərdə yaralanıb-yaralanmadığını dəqiqləşdirmək istəyim nə qədər güclü olsa da, marağımı boğurdum. Ancaq oğlanın üzündəki ifadə sadəcə: “Dost, niyə belə üzgünsən?”- ifadəsinin lap deyə dilimdən çıxmasına səbəb oldu. – Deyiləsi dərd deyil, müəllim. Boş ver, – dedi və çətinliklə olsa da yavaş-yavaş addımlamağa başladıq. – Yenə də, – deyə sözgəlişi yenə soruşdum. Müsahibim arada yüngülcə səndələsə də getdikcə addımlarını yeyinləşdirir, daha ürəkli təsir bağışlayırdı. – Nə bilim, Vallah. – Allah köməyiniz olsun. Özünüzü sıxmayın. Həm də paylaşmaq adama yüngüllük gətirir. Bir də görürəm, hərbçiyə oxşayırsınız. Allah bütün mərd oğullara kömək olsun. – Nədən bildiniz ki, hərbçiyəm? – Sizdə zabit qaməti var. Hərtərəfli hazırlıqlı adama oxşayırsınız. – Bəli, zabitəm. – Rütbəniz? – Kapitan. – Məlum hadisələrdə hansı tərəfdə idiniz? – Füzuli cəbhəsində idim. Elə ilk gün yaralandım. Heç nə edə bilmədim. Neçə illər əziyyət çək, əlləş-vuruş gözlə və o gün gəlsin sən heç nə edə bilmə. Tam səmimi deyirəm. Yaralanmağıma, bu halıma deyil, məhz belə alınmasına çox üzülürəm. – Buna görə belə dilxorsunuz? Bir ildən çox vaxt keçib. Şükür Allaha torpaqlarımız qayıdıb. Siz iştirak edə bilməsəniz də, sizin zabitlər, əsgərlər bu məsələni həll etdilər. Üzqaramızı təmizlədilər. Bir də hərənin öz missiyası var bu həyatda, üzülməyə dəyməz. – Tək o deyil. Yəqin, xəbəriniz var helikopter qəzasından? – Bəli, əlbəttə. Çox üzüldüm. 14 şəhidimiz və 2 yaralımız var. Bəzi xəbərlərdə 4 yaralı da deyirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. – Amin. Bu televiziya, mətbuat adamı lap dəli edir. – Nə olub ki? – dolayısı ilə də olsa özümü bu tayfadan hesab etdiyimə görə iradın üzümə deyiməsi məni lap müttəhim yerinə qoymuşdu. – Yəqin, fikir vermisiniz, siyahıda hərbçilərin arasında lap sonda işçi deyə təqdim olunan bir nəfər var? – Bəli, soyadını unutdum, ancaq belə bir adam var. Özü də deyirlər məşhur adam olub. Polkovnikdir. – Bəli, polkovnik. Qəhrəman. Mərd. Qorxmaz. Bilirsiniz, belə insanları olduğu kimi təqdim edib tnıtmağa heç doğru-düzgün söz də yoxdur. Bəlkə də var mən bilmirəm. – Haqlısınız. Hərdən belə məsələlər olur. Yəqin, tələsik siyahı istəyəndə rəsmi məlumatlar əsasında belə tərtib olunub. Bunu ancaq belə izah etmək oar. Deməli, əsl narahatçılığınız bu səbəbdəndir? – Bu vaxt sarıyanızın yük yerini tappıltı ilə örtməsi ikimizin də eyni vaxta maşına tərəf baxmağımıza səbəb oldu. Onun bir əlində “06” nın yük yerindən çıxardığı qatlama kətil, digərində top və çiynində yüngül yorğan kimi bir örtük var idi. Sarıyanızın əllərinin dolu olduğundan kapitana bir az da yoldaşlıq etməli oldum. Sarıyanız gəlib bizə çatanda kapitan sözünə davam etdi: – Xeyr. Təsadüf deyil… Bax, görürsünüz bu qatlama kətili? 1 ildən artıq vaxt keçib. Allahın əlil arabasını ala bilməmişik. Əlil demişkən. Hələ heç əlillik də təyin olunmayıb. Ancaq, bilirsinz məni üzən, qorxudan əsas məsələ bunların heç biri deyil. – Bəs nədir sizi belə narahat edən? – Qorxuram ki, sabah Allah eləmımiş bir şey olsa, məsələn, lap elə bu bağda yıxıldım başım dəydi səkiyə, və ya – bu vaxt bağın içndəki yolda döngəni sürətlə dönüb siqnal verən xarici markalı maşını işarə edərək – maşın vurdu öldüm. Onda deyəcəklər bu gün Elmlər Bağında bir “əlil” ölüb. Hə, mütləq əgər xəbər verən olsa, bax belə verəcək. “Əlil” ölüb. Həlak olanlardan biri “işçi” olub… nəsə, boş ver müəllim. Sizi də yordum. Haqqınızı halal edin. – Bu nə sözdür, cənab kapitan, borcumuzdur. – Hiss etdim ki, “cənab kapitan” ifadəsi qarabuğdayı oğlanın ürəyinə yağ kimi yayıldı. Bəti-bənizi açıldı. – Buyurun. Halal, halal xoş. Allah köməyiniz olsun. Bu ara qatlama kətili yerə qoyub telefonla rus dilində danışan sarıyanıza işarə edərək: – Dostum deyəsən rusdur? – deyə soruşdum. – Bəli. Atası da anası da rusdur. Bakılıdır. Uşaqlıqdan bir məhlədə böyümüşük. O qədər dost-tanışdan ən çətin günlərimdə mənə dayaq olan, həmişə yanımda olub dəstək verən təkcə bu oldu. Adı İqordur. – Bəs sizin adınız necə oldu? Bayaqdan gəzirik heç soruşmadım. – Adım Çingizdir. Çingiz. – Çingiz, üzr istəyirəm. Bəlkə yersiz sualdır. Qardaşınız yoxdur? – Xeyr . Tək uşağam. Bilirsiniz atam da hərbçi olub. O da kapitan rütbəsində Birinci Qarabağ Müharibəsində yaralanmışdı. Mənim 7 yaşım olanda rəhmətə getdi. Uşaq olsam da onun yaralarına görə acılar içində əzab-əziyyət çəkə-çəkə necə yaşadığını, can verdiyini unuda bilmirəm. Deyəsən məni də eyni aqibət gözləyir. – Hansı idə anadan olmusunuz, Çingiz müəllim? – 20 yanvar 1990 – cı il. Özü də bilirsiniz harada? – Harada? – Kamçatkada. Atam orada xidmət edirmiş. 20 yanvar hadisələrindən sonra mən lap körpə olanda qayıdıb Bakıya. Sonra da müharibə. Və sizə danışdığım kimi. Bax belə, müəllim. Bəs sizin adınız necə oldu? Yəqin daha burada tez-tez rastlaşacağıq. – Mənim adım Vahiddir. Vahid Dilsiz. – Hə eşitmişəm. Deməli Vahid müəllim sizsiniz. Çox sağ olun! Yenə siz arada-bərədə hərbçilərin problemlərindən yazırsınız. Allah sizdən razı olsun. – Minnətdarm. Siz sağ olun. Sizin etdiklərinizin yanında bizimkilər heç nədir. – Elə deməyin. Bayaq siz özünüz dediniz axı, hər kəsin öz missiyası var. – Elədir. – Bu vaxt telefonla danışıb qurtaran İqor qatlama kətili yoldan biraz kənarda ağacların altında açaraq, çiynindəki örtüyü də üstünə atıb bizə tərəf yaxınlaşdı. Çingizi İqora təhvil verib: – Hələlik. Siz demiş yəqin tez-tez burada görüşəcəyik, – deyib marşrut üzrə dövrə vurmağa başladım. Mən dövrə vurduqca “əlil” və “işçi” kəlmələri də burğu kimi beynimə işləyirdi. Son. 03.12.2021-09.01.2022. Bakı.