Etiket arxivi: YAZARLAR JURNALI

Zaur Ustac – Hər səngər məbəddi, pirdi hər əsgər!

   ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif:  Zaur USTAC

ZAUR USTAC HAQQINDA

ZAUR USTACIN YAZILARI

Tanınmış şair Nigar Arif Mərakeşdə keçirilən Beynəlxalq Poeziya Festivalında Azərbaycanı təmsil edib – FOTOLAR

“8-ci Layoune Beynəlxalq Poeziya Festivalı və 5 Qitədən Şairlərin Mədəni Dialoqu” 12 gün – aprelin 18-dən 29-nadək Mərakeşin 5 şəhərində (Layoune, Safi, Tangire, Rabat, Mərakeş) və Sahara səhrasında baş tutub.  

Festivala beş qitədən olmaqla 30 müxtəlif ölkələrdən tanınmış şairlər dəvət olunub. Sözügedən festivala Azərbaycanı tanınmış şair NİGAR ARİF təmsil edib. 

Tanınmış şair NİGAR ARİF səfər təəssüratlarını YAZARLAR.AZ oxucuları üçün bizimlə bölüşdü:

“Olduqca böyük, maraqlı, şən  və rəngarəng festival idi və yuxarıda adları keçən şəhərlərin hər birində çıxışlarımız oldu, bütün tədbirlərdə 3 dildə – həm öz dilimizdə, həm də ingiliscə, ərəbcə tərcümədə şeirlərimizi səsləndirdik. (öz dilimizdə və ingiliscə özümüz səsləndirirdik, ərəbcə tərcüməsi isə xüsusi təyin olunmuş tərcüməçi tərəfindən oxunurdu) Bir çox tədbirlərdə, konfranslarda, məktəb , universitet, nəşriyyat yerlərində qonaq olduq. Hamısında bizi çox hörmətlə, qonaqpərvərliklə qarşıladılar. Müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırıldıq. Bir çox televiziya kanallarına müsahibələr verdik, Mərakeşin fərqli saytlarında da şəkillərimiz, çıxışılarımız barədə yazılar dərc olundu… Layoune şəhərində Poeziya gecəsinin Bağlanış mərasimində bizə milli geyimlərini hədiyyə edərək geyinməyimizə kömək etdilər… Həqiqətən də özümüzü öz evimizdə kimi hiss edirdik… Poeziya gecəsi keçirilən ən əsrarəngiz və sehirli yerlərdən biri “Sahara” səhrası, digəri isə “Tangier” şəhərində Mağarada idi… Saharada iki dəfə olduq, çox poetik ab-havası vardı, mənzərəsi çox hüzurverici idi, mərasim də, poeziya gecəsi də möhtəşəm təşkil olunmuşdu. Həm şeirlərimizi səsləndirdik, həm Mərakeşin milli rəqsi, musiqisi, adət-ənənələri ilə tanış olduq, həm də rəqs edib əyləndik… Ümumiyyətlə, qrup olaraq da yaş fərqləri olmasına baxmayaraq kifayət qədər deyib-gülən, şən, zarafatcıl, mehriban,əyləncəli qrup idik, elə bil 5 qitədən eyni “kafada” olan bütün şairləri özəlliklə seçmişdilər.

Bu arada ən cavan, azyaşlı şair mən idim, buna görə qalan şairlər hamısı mənə “qızım” deyə müraciət edirdilər, mən də onlara “anam”, “atam” deyə … O qədər doğmalaşmışdıq ki, heç kim ayrılmaq istəmirdi… Çox xoşbəxtəm ki, Mərakeşin ən böyük belə bir  Beynəlxalq Şeir Festivalında Azərbaycanı təmsil edən mən oldum və  müxtəlif ölkələrdən istər insan olaraq, istərsə də şair olaraq kifayət qədər uğurlu, gözəl insanları yaxından tanıdım”. Fotolar:





YAZARLAR.AZ olaraq, tanınmış şair NİGAR ARİFi təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! uğurlarınız bol olsun, NİGAR xanım!!!

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” kitabı axır ki, işıq üzü gördü.

YAZIÇI EYVAZ ZEYNALOVUN “NADİR ŞAH” KİTABI

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” kitabı axır ki, işıq üzü gördü. Niyə “axır ki” ifadəsi işlətdim – çünki qocaman yazıçı Allahın bəxş etdiyi ömür payının beş ildən çoxunu bu romanı yazıb ərsəyə gətirmək üçün sərf etdi. Mən öz fikrimi deyəcəm: beş ildən artıq vaxtı bir roman yolunda qoymaq yalnız klassik ruhda yazan, əsil ədəbiyyat məktəbi keçmiş yazıçılara məxsusdur.

Bu əsərə “xərclənən” illər özü, yazıçının öz əsərinə necə yanaşmağına, faktları dəqiqləşdirmək, hadisələri olduğu kimi öz tarixi boyaqları ilə birlikdə oxucuya çatdırmaq arzusunun şahididir.

Nadir şah kimi tarixi şəxs barədə əsər yazmaq asan iş ola bilməz, hətta, təcrübəli qələm sahibi üçün də! Əgər, min illər tarixi olan dünya yazılı ədəbiyyatında haqqında ən çox yazılan, anılan on nəfər sərkərdə varsa, Nadir şah onların sırasındadır və birincilərdəndir. Belə bir tarixi şəxs barədə böyük həcmli əsər yazmaq üçün təkcə yazıçı olmaq azdır, burada həm tarixşünaslıq, həm də şərqşünaslıq elmlərinə də baş vurmalısan. E. Zeynalov bu işlərin ohdəsindən bacarıqla gəlib.

“Nadir şah” romanı bədii ədəbiyyat nümunəsi olmaqla yanaşı, həm də tarixi əsərdir. Roman əsrlərlə birlik təşkil edərək, eyni siyasi-iqtisadi yolla getmiş iki bölgənin – Azərbaycanın və İranın az qala yüz əlli illik tarixini əhatə edir. Burada Şah Süleyman və oğlu Sultan Hüseyn zamanında dövlətin düşdüyü acınacaqlı vəziyyətdən tutmuş, Nadirin hakimiyyətə gələrək, zəmanəsinin ən böyük dövlətini yaratdığı illər təsvir olunur.

Bir neçə əsr boyu tarixi səlnamələrdə xalqımızın, türk mənşəli sərkərdələrin aparıcı qüvvə olduğu dövlətlər “İran dövləti”, “Fars dövləti” kimi qələmə verilmişdir. Bu hal tarixi həqiqətdir.  Tarixin özünü yaratmış böyük sərkərdələrin keçdikləri yollara, yaratdıqları qüdrətli dövlətlərə həsr olunmuş araşdırmalarda bu sərkərdələrin türk mənşəliliyinə, azəri türklərinin bu imperiyalarda aparıcı qüvvə olduqlarına aid bir qayda olaraq, çox cüzi məlumatlar verilib, ya da ki, tam heç nə yazılmayıb. Bunun da iki əsas səbəbi olub. Birinci səbəb, ərəblərdən tutmuş farsına, avropalısına kimi hamısında türkə qarşı sönmək bilməyən rəqabət, paxıllıq, düşmənçilik mövqeyi, ikinci səbəb isə, öz tariximizə qarşı özümüzün göstərdiyimiz biganəlik olmuşdur.

Şah İsmayıl, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar kimi böyük sərkərdələrin həyatları, onların dövlətçilik siyasətləri, böyük imperiyalar yaratmaq yolunda apardığları müharibələr barədə tariхi məlumatları biz ya fars, ya rus, ya da Avropa mənbələrindən almışıq. Ən yaxşı halda mənbəmiz osmanlı türklərinin yazdıqları olmuşdur. Tarix elə gətirmişdir ki, yuxarıda sadlanan mənbələr-ölkələr özləri yüz illərlə ölkəmizə düşmən mövqedə dayanmışlar. Təbii ki, onlardan heç biri qabaqlarına əsil tarixi həqiqəti yazmaq, baş verənləri olduğu kimi qələmə almaq məqsədi qoya bilməzdilər. Bu tarixi səlnamələr, bu xalqların (dövlətlərin) ölkəmizə və tariximizə olan şəxsi münasibətləri kontekstindən yazılmışdır.

Bu nöqteyi-nəzərdən Eyvaz Zeynalovun “Nadir şah” tarixi romanı ölkəmizin tarixinin daha dərindən araşdırılmasında atılan yeni addımlardan biridir.

Nadir şahın apardığı siyasəti araşdırmaq, yetərincə qiymət vermək günü-bu gün də çətindir, ziddiyətlidir. Onun adı ilə bağlı ən çox sorğulanan suallardan biri, o dövrdə müsəlmançılıq – məzhəb, sünni-şiə qarşıdurmaları və bu qarşıdurmalarla bağlı şahın hansı addımları atdığı ilə əlaqədardır. Nadir şahın dini baxışları ilə bağlı fikir ayrılıqları çoxdur.

Romanda Nadir şahın dinə öz şəxsi münasibətinin dövlət idarəçiliyində dinə söykənmək prinsipləri arasında, əksər suallarda ziddiyyətlər təşkil etdiyi, üst-üstə düşməyən yanaşmalar olduğu çox açıq şəkildə təsvir olunur. Burada görürük ki, Nadir təklikdə, yaxınları, qohum-əqrəbası yanında dünyəvi baxışların sahibidir. Taxt-tacın, özünün yaratdığı dövlətin mənafeyini qoruyan qayda-qanunlar şah üçün həmişə birincidir. Amma rəiyyət qarşısında, idarəçilik, əmim-amanlıq xatirinə şah, şiə məzhəbinə qulluq edən əsl mömindir, şiə məzhəbinə böyük hörmət, sədaqət bəsləyir. Bununla yanaşı, Nadirin İmam Cəfər Sadiq məzhəbini qəbul etməsi, şiə-sünni ixtilaflarına son qoymaq arzusu tarixi bir faktdır. Bu addımı bir siyasi uzaqgörənlik kimi də qəbul etmək olar, siyasi qazanc kimi də. Necə qəbul edilməsindən asılı olmayaraq son həqiqət budur: şah nə edibsə, dövləti möhkəmləndirmək, ixtilaflara son qoymaq naminə edib, yaxud, etməyə çalışıb. İki məzhəbin bişləşdirilməsi dövlətdə ictimai-siyasi dəyişikliklərə başlama startına yol verməli idi. Nadir, xarici siyasət aləmində də, ilk növbədə, osmanlılarla qarşdurmanın əsas səbəbini şiə-sünni çəkişmələrinin mövcudluğunda görürdü. O, osmanlılarla sülh müqaviləsi bağlamaq məqsədi ilə Sultana yazdığı beş şərtin üçünü eyni məzhəbə gəlmək yollarına həsr etmişdi. “1. Cəfəri məzhəbi sünniliyin beşinci məzhəbi kimi tanınmalı; 2. Kəbədə dörd sünni məzhəbinin mehrabı yanında Cəfəri məzhəbi üçün beşinci ibadət yeri (rükn) olmalı; 3. Ölkə zəvvarlarının həcc əmiri ilə digərləri kimi rəftar edilməli; 4. Əsirlər qaytarılmalı; 5. İki dövlətin paytaxtında daimi səfirlik təsis olunmalıdır.”

 Əfsuslar, romandan göründüyü kimi, bu birləşmənin həyata keçməsi üçün lazım olan şərtlər yox dərəcəsində idi. İki məzhəb arasında birlik və əmin-amanlığa nail olmaq yolunda Nadir tərəfindən edilən cəhdlər sadə əhalinin, ən başlıcası isə, din-ruhani rəhbərliyinin və bəy-xan zümrəsinin  kor düşüncə tərzləri qarşısında aciz qaldı. Müasir oxucu “Nadir şahı”ı oxuduqca təəssüf hissiylə yenilikləri anlamağa əqli-fərasəti çatmayan kütləni, başda molla-qazi, varlı elita olmaqla, islhata dəstək ola bilməyən qüvvələri görür.

Nəticədə şahın istəyi, istək olaraq qaldı. Şiə-sünni ixtilafı aradan qaldırılsaydı, birlik təşkil edə bilsəydi, bu birlikdən xeyirlənən bütün islam dünyası, bizim üçünsə ən başlıcası, iki türk ölkəsi – osmanlılar və Azərbaycan olacaqdı, əsrlərlə davam edən qarşıdurmaya son qoyulmağa əsas yaranacaqdı.

Əsər ilk səhifəsindən sona qədər dayanmadan dəyişən, gah üzü zirvəyə, gah da, ildırım kimi uçurumlara tuşlanan hadisələrdən ibarətdir. Romanda ədəbi boyaqlarla təsvir olunan xoronoloji qaydada ingişaf edən bu hadisələrin əksəriyyəti tarixi faktlardır, beş ildən çox müddətdə yazıçının üstündə “tər töküb” araşdırdığı çoxsaylı arxiv sənədlərinə əsaslanmışdır. Təvazökarlıqan uzaq da olsa, qeyd edim ki, bu arxivlərin araşdırılmasında, daha dəqiq desəm, Nadirin Rusiya ilə bağlı siyasətinə dair dövrü araşdırarkən, Tambov, Peterburq, Krasnozrsk arxivlərində mən də müəyyən qədər çalışmışam.

Sadə bir ailədə anadan olmuş və ancaq öz gücü və bacarığı sahəsində özünə yol açmağa çalışan Nadirin həyatı olduqca maraqlı boyalarla təsvir olunur. Qarşısına qoyduğu məqsədə çatmaq qətiyyəti, misli görünməyən cəsarəti Nadiri şah taxtına sahib edir. Romanda Nadir səxavət və rəhmdillik nümayiş etdirməyi bacaran fatehdir.  Amma, məqsədi uğrunda qəddarlıq etməkdən də çəkinmir. Səbrlidir, amma, haradasa səbr kasasına qılınc vurur, amansızlıq edir. Tarixə qılıncı ilə adını yazmış fatehin amansızlıq “bacarığı” axırda onu fəlakətə gətirir. Oğlu Rzaqulunun gözlərini çıxartdırır, elə bununla da özünün məhvini qaçılmaz edir.

“– Sən mənim deyil, Avşar ölkəsinin gözlərini kor etdin. Ehtiyatlı ol, öz başını əldən vermə.” – Atasının əmri ilə gözləri çıxarılmış şahzadə Rzaqulunun bu sözləri, Nadir şaha onun özünü gözləyən fəlakətin lap yaxın olduğuna ilk işarə idi.

***

Nadir şahın dini islahatlarla bağlı planı tam həyata keçməsə də, öz dövrü üçün olduqca mütərəqqi sayıla biləcək cəsarətli addımları atmaqda davam edirdi. Romanın “Nadir şah Qəzvində” bölməsində, şahın iki məzhəbi uyğunlaşdırmaq məqsədi ilə verdiyi fərmanlar barədə qeydlərə diqqət verək: “…Quranın I surəsi Fatihə və Allahü-əkbər təkbirindən sonra oxunan dua vəli nemət adlandırılan imam Mehdiyə, olmayana deyil, var olana oxunmalıydı. Amma “xudavənd, şahımızı əbədi qoru” sözlərini, Quranda olmasa da, azana artırılmış “Əliyyən vəliyullah” (Əli rəhbər, himayəçi) əlavəsini ləğv etdi. “Əlinin buna ehtiyacı yoxdu, – dedi, – ancaq məzhəblər arasında ayrı-seçkilik salır. Himayədar tək Allahdı.”

Nadir şah, Məhərrəm ayında imam Hüseynə keçirilən təziyədarlığa qadağa qoydu. Mütəni (siğə, müvəqqəti nikah), üç rəşidi (əsl) xəlifənin (Əbu Bəkr, Ömər və Osmanın) lənətlə anılmasını yasaqladı. “Sasani imperiyasını dağıdan Ömərə türk niyə lənət oxumalıdı?”

Türklərdə təbiətin oyanması, canlanması kimi qəbul və bayram etdikləri Novruzu Səfəvilər xurafi bayrama çevirmişdilər. Novruzda əyanlardan saraya daş-qaş, zinət vermələrini tələb edirdilər.

 Ölkənin işindən xəbəri olmayan Sultan Hüseynin sarayında “at oynadan”, “Dünya bu gündə yaranıb, Adəm bu gündə anadan olub, İbrahim bu gündə bütləri qırıb, Musa İsrail oğullarını bu gündə əsarətdən qurtarıb, Məhəmməd peyğəmbərliyə bu gündə yüksəlib, Mehdi bu gündə zühur edib Dəccalı Kufədə döyəcək…”- deyən tanınmış şiə müctəhidi Məclisinin şaha təkidlə qəbul etdirdiyi bir çox fərmanlar ləğv edildi. Nadir şah dini dövlət idarəçiliyindən ayırdı.

Razılaşaq ki, müsəlman dünyasında şiə-sünni hərc-mərcliyinə son qoymaq üçün bu hərəkət Nadirin hansı islahatçılıq arzuları ilə yaşadığına gözəl sübutdur.

***

Romanı oxuyarkən, ilk səhifələrdən hiss olunur ki, əsər  xalqı, Vətəni, tarixi ilə fəxr edən hər bir Azərbaycan türkünün  qəlbinə fəxr, qürur hissinin yüklənməsinə yönəlib. On illər Nadiri bizə qaniçən, qəddar, Azərbaycanın düşməni, “iran şahı” kimi qələmə vermişlər. Tariximiz yad təzyiqlər təsiri altında “qaramatlanıb”, onsuz da az saylı olan dünya ölçülü şəxslərimizdə yalnız “qara ştrixlərin” olması aşılanıb. Romanda isə biz hər obanın-şəhərin özbaşınalığına, pərənliyinə sədd çəkən, dövləti dünya miqyasında qüdrətlilər sırasına çıxaran, Azərbaycan torpağının yetişdirdiyi, qanı – qanımızdan, canı – canımızdan olan böyük  sərkərdə Nadiri görürük. Belə də olmalıdır. Bu mövqe əsl vətənpərvər yazıçı mövqeyidir. Bütün Asiyanı birləşdirən, az qala sərhədləri Avropaya gedib çatan dövlət yaratmış böyük fatehlə, azəri türkü olmuş cəsur sərkərdə ilə niyə fəxr etməyək?! Şimaldan Rusiyanın, cənubdan osmanlıların, şərqdən əfqanların fasiləsiz hücumlarının qarşına dəmir sədd çəkməyi bacaran sərkərdə zəif ola bilərdimi? Tariximizdə az olmayıb, mərkəzi hakimiyyətin zəifliyi. Bu zəifliyin nələrə, neçə “cırtan dövlətlərin” yaranmasına gətirib çıxarmağı yaddaşımızdan silinməməlidir. 

Hansı xalqda var belə bir hal ki, tarixə belə səviyyədə iz qoymuş məşhur sərkərdə oğluna “qəddar”, “despot” nişanı vuraraq, yalnız xoşagəlməz hisslərlə xatırlansın? 

Hakimiyyət uğrunda mübarizə bütün dövrlərdə aktual olub. Taxt-tacı əldə saxlamaq, yaxud ələ keçirmək üçün güc sahibləri hər cür cinayətə əl atıblar. Tarix belə nümunələrlə doludur. Eramızdan əvvəl 44-cü ildə Romada Qay Yuli Sezarın öldürülməsi, 1286-cı ildə Danimarka kralı Erik V, 1801 çevrilişi kimi də tanınan I Pavelin qətli…

Qədim və orta əsr dövlətlərində şahların, sultanların, kralların öz əcəli ilə ölməsi nadir hadisələr idi. Ona görə də, Nadir şahın hakimiyyəti qoruyub saxlamaq yolunda etdiyi qəddarlıqlar, sonda onun öldürülməsi o dövrün saraylarında mövcud olan ənənələrə tam uyğun şəkildə baş verdi.

Tarixdə belə hallar az deyil. Dövlət bütövlüyünü qoruyub saxlamaq xatirinə şahların, çarların etdikləri cinayətlər, Nadir şahın etdiklərindən heç də az olmayıb. Ən maraqlısı da budur ki, həmin tarixi şəxsiyyətlər günü bu gün də öz xalqının qəhrəmanı kimi yad edilir, dövlətçilik naminə atdıqları addımlar söylənilir.

Götürək, misal üçün zəmanəsinin böyük tarixi şəxslərindən sayılan rus imperatoru, l Pyotru.

Sankt-Peterburq – “sümüklər üzərində şəhər” kimi tarixi qeydlərə çox rast gəlmək olar. Çünki rus xalqının hörmətlə yad etdikləri həmin Pyotr l indiki Peterburq şəhərini inşa etdirərkən, ətraf ərazilərin kəndlilərini səfərbərliyə almış, bataqlıqlar üzərində, çox çətin şərautdə tikintidə işlətmişdir. O vaxtlar Danimarkanın rus çar sarayındakı nümayəndəsi Just Yul 1710-cu il üçün “Qeydlər”ində qeyd edir: ” Sankt-Peterburq qalasının tikintisi zamanı təkcə 1703-cü ilin yayı-payızında 60 min və 1703/04-ün qışında Kronshlotun tikintisi zamanı isə – 40 mindən çox adam öldü”, yəni bir ildə 100 mindən çox adam ölmüşdür. [Беспятых 1991, 49, 26-27, 104; Описание 1975, 205; Хавен 1997, 351].

5 iyul 1718-ci ildə Pyotr l oğlu Alekseyi xəyanətdə günahlandıraraq həbsxanada boğdurub, qətlə yetirmişdir. Bu gün Pyotru heç kim lənətləmir, rus dövlət quruculuğunda atdığı addımlara görə, əksinə, hörmət və fəxrlə yad edirlər.

Böyük fatehin adı ilə bağlı ən ağır qəddarlıqla hallanan əməllərindən biri, öz oğlu Rzaqulu xanın atasına qəsd etməkdə günahlandırılıb, gözlərinin çıxarılmasıdır. Bununla yanaşı, müəllifin tarixi roman olan “Nadir şah”ı yazarkən istifadə etdiyi çoxsaylı arxiv sənədlərinə nəzər salsaq, görərik ki, asudə həyat sevən Rzaqulunun şah taxtına sahib olmaq, dövrünün ən nəhəg dövlətinə şahlıq etmək istəyinin yalan olduğunu sübut edən heç bir əsas yoxdur. Demək olar ki, əksinə, məlum olan sənədlərdə, şahzadənin atasına düşmən olan qüvvələrin şaha qarşı qurduqları tordan xəbərdar olduğunun gerçəkliyinə dəlillər daha çoxdur.

Əldə qılınc, üzbəüz döyüş meydanında məğlub etməyə gücü çatmayan mənfur qüvvələr, cəsur sərkədəni yatağında qətlə yetirdilər. Bu qətlin nəticəsi isə böyük bir dövlətin çoxsaylı xanlığa-bəyliyə parçalanması oldu. Belə sonluğun kimlərə, hansı dövlətlərə xeyirli olduğunu isə sadalamağa ehtiyac yoxdur.

***

Romanı oxuduqca, bir halın şahidi oluruq: burada bədiiliklə yanaşı, hadisələrin xoroniki gedişi elə gözəl qələmə alınmışdır ki, istənilən oxucu əsəri akademik araşdırma kimi də qəbul edə bilər. Əhatəlik etibarı ilə belə genişlik əsəri Nadir şah barədə ortada olan əksər yazılardan fərqləndirir.

Roman hər bir oxucu üçün gözəl ədəbiyyat nümunəsidir.Tariximizlə maraqlanan şəxslər üçünsə həm bədii ədəbiyyat, həm tarixi hadisələr arxividir.

Müəllif: XALİQ AZADİ MƏMMƏDOV

XALİQ MƏMMƏDOVUN YAZILARI

EYVAZ ZEYNALOVUN YAZILARI

I>>>>>>>>WWW.BEYDEMİR.RU


QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“YAZARLAR”JURNALININ MAY – 2024 № 05 (41)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR”JURNALININ MAY – 2024 № 05 (41)-Cİ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB – PDF: yazarlar-41

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (3)

Günlərdən Mədinə Gülgün!

(Babam İsmayıl Paydarın və güneylilərimizin ruhuna ithafən)
Mədinə Gülgün və Xəlil Rzanın söhbətlərindən:
7 iyul 1965-ci il.

Mən Bakıda doğulmuşam.1926-cı ildə.Birinci-ikinci siniflərə burada getmişəm.O günlər dumanlı bir xatirə kimi ürəyimdə yaşayır.Şors küçəsində, 13 nömrəli məktəbdə latın əlifbası ilə dərs keçmişik.Atam Nurulla Ələkbərzadə dəmiryol işçisi olub.Dəmir yolu ilə pulsuz gəzərmişik.Əslində, atam ərdəbilli idi.Biz Xətainin həmvətənləriyik.Dörd qardaş, bir ana burada qərar tutur.1936-cı ildə üç qardaşı anamla, nənəmlə birgə sürgün edirlər.Biz Pəhləvidən köçüb Ərdəbilə getmişik.İş dalınca.1941-ci ildə sovet ordusu Cənubi Azərbaycan torpağına qədəm basanda atam həbsdən azad edildi.Karxanada işləyirdim.Bizə əməkhaqqı yerinə qəpik-quruş verirdilər.Təbrizdə sovet məktəbi açıldı.İlk şeirlərimi mən “Yeni şəfəq” qəzetində çap etdirdim.
-Mədinə xanım, Təbrizlə bağlı yadınızda nələr qalıb?
-Yadımda bir roman qalıb, bir dünya qalıb.Hər iki tərəfdən su axan gözəl xiyabanlar, gözəl Ərk qalası, “Şiri-xurşid” i devirib “Milli teatr” adlandırdığımız binanın arxasından yüksələn möhtəşəm abidə, vağzalla şəhəri birləşdirən konka yolu, qızılgüllər içində alışıb-yanan “Gülüstan bağı” qalıb.Mən partiya sıralarına 1945-ci ildə keçmişəm.Adamın öz xalqı, öz dövləti olması ən böyük səadətdir.Onda irticaçılar S.C.Pişəvərinin əleyhinə təbliğat aparırdılar ki, səs çoxluğu qazanmasın.Biz var qüvvə ilə çalışıb məqsədimizə nail olduq.Pişəvəri Milli Məclisə baş vəzir seçildi, Milli hökumətin rəhbəri, Mərkəzi Komitənin sədri oldu…

Ardı var

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Жансая (Бийбимәрьям) Утамбетова: – ШАЙЫРЛАР

ШАЙЫРЛАР

Меҳирге толыдай оның жүреги,
Толып тасып күнде жаза береди.
Оның дәртлерине солғой кереги,
Илҳам таўларынан саза келеди…

Ашықлық дәртлери түссе басына,
Делбедей арқасы қоза береди.
Периштелер келип оның қасына,
Сәўгиниң шарабын соза береди…

Егерде айралық отларын жақса,
Жүрекке қайтпастай ыза береди.
Және бир нәзелим бир қыя бақса,
Қайтадан жанланып жаза береди…

Жанында тәнинде болса жаңалық,
Қосығы йош берип маза береди.
Қәлем қағазына қайта оралып,
Шайырлар пәт алып жаза береди…

Сыясы Ананы, Ўатанды жырлап,
Қәлеми жорғалап сыза береди.
Ҳәм пейли жүреги турыпты қоллап,
Жаңа дөретпелер жаза береди…

Қайғы – ғам тәшиўшлер соның ишинде,
Өмирдиң мазмунын соза береди.
Тынбастан илҳамның берген күшинде,
Шайырлар шаршамай жаза береди…

Бул берген Тәбият сыйлы инәмы,
Ҳәр түрли көзлерде оны көреди.
Егер тири болса Шайыр әўлады,
Кеўлине сыйғанын жаза береди…

Қосық өзи болмас оқыған ўақта,
Жазғаның қан менен қоса келеди.
Алтын сыяларды түсирип хатқа,
Негедур Шайырлар жаза береди…
22.04.2024.

ДЕМДЕ ЕКЕН

Гөдекликтен бәләғатқа жеткенше,
Талпыныўлар балалықтан өткенше.
Қанаңа сыймай сәўериңди күткенше,
Ўақыт деген зымырайды демде екен…

Шамал енип мурыныңа ҳәңкийесең,
Ашық болып дәртлерине ҳәм күйесең.
Жеттим дейсең ,әрманыңа да тийесең,
Хожалықлы болыўың да демде екен…

Арқалайсаң аңсат емес тәшиўишлериң,
Табарман тутарман егер болса ериң,
Қожбаңлайсаң кемис қутық ислеп бәрин,
Перзентке де ықлас пенен демде екен…

Оқытасаң шоқытасаң үйлендирип,
Келинди де үйретесең ийбендирип.
Ақлық бағып өмир өтер сөйтип жүрип,
Шашыңа да аппақ қыраў демде екен…

Ҳалың кетип мәплик кемпир атанасаң,
Бир ҳәз етип қай жерлерде жаталасаң.
Көзиң көрип ишиң жанып от аласаң,
Диңкең кетип ,, мәстан ” болыў демде екен…

Өмир өзи жаратылыс мәзи солай,
Бул ўақыя ушырасты көрдик талай.
Жалғыз кемпир кетти қоңсы жылай жылай,
Адам өзи мийримсизлеў бенде екен…

Ўақыт өтер отырмайды сеннен сорап,
Жасаў деген ҳәзиринше татлы бирақ.
Кешикпедимбекен деген сораў менен,
Отырыппан сүўретиме күнде қарап…

Саат тили айланады тоқтамайды,
Жас мингенди кеўил қурғыр жақламайды.
Ўақыт қатаң ертең сени жоқламайды,
Омир өзи бир бес күнлик демде екен…

19.04.2024.

ЖАСЛЫҚ

Айнаға қарасам бир кимсе бағып,
Жүзине әжимли белгилер тағып.
Қаяқта баяғы лаўлаған жаслық,
Дегендей болады қасларын қағып…

Жалыны өртеген дағлап жүректи,
Инсанға мәўритлер бәлким керекти.
Қазандай қайнаған өткинши жаслық,
Ашықлық дәстаны нелер дөретти…

Көзлери жымыңлап еслейди бәрин,
Бир өмир қол жетпес аҳыўын зарын.
Әрманға айланған өттиңбе жаслық,
Тарыйхта қалғандай болып қумарым…

Сондағы гүл жанған жүзлериң қайда,
Ынтыққан сағынып тигилген айға.
Қанша бояў жақсаң енди жаңармас,
Жаслығың өткен соң енди не пайда…

Ақ көринер қара мойыл шашыңда,
Өзгерипти бираз кеўил тасыңда.
Қалғандай әлўидағ айтып сол жаслық,
Бир сақаллы киси турар қасыңда…

Тәрбияға еле тартар зикирлер,
Тек етемиз бул күнге де шүкирлер.
Буның бәри себепкери сол жаслық,
Қарап турып көзгидеги пикирлер…

18.04.2024.

АЙ БОЛЫП БАҒАЙЫН ТОЛҚЫНЛАРЫҢА

Егер Арал толса түсимдегидей,
Шүкирлик етер ем сениң барыңа.
Балалық гезимде есимдегидей,
Ай болып бағайын толқынларыңа…

Сениң шамал менен шуўылдың қайда,
Тилеклес болғаның аҳыў зарыма.
Гүрпилдеп урылған жағыслы жайға,
Ай болып бағайын толқынларыңа…

Қаншама әрманлар көмилип жатыр,
Үйиншик далада ақ қумларыңа.
Ултаның шөп өскен шексизлик тақыр,
Ай болып бағайын толқынларыңа…

Үмитин үзбеген еле адамзат,
Ашынып күйинип сениң ҳалыңа.
Сеннен гүдер үзиў сирә маған жат,
Ай болып бағайын толқынларыңа…

Түсимде үнсизсең жүрек жаралым,
Ақ көбик суўыңа келдим жаныңа.
Аўыр мүсийбетли оян Аралым,
Ай болып бағайын толқынларыңа…

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

ЖАНСАЯ (БИЙБИМӘРЬЯМ) УТАМБЕТОВА

TÜRK DÜNYASI YAZARLARI


YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Yaxşı qan üçün süfrədə olması lazım olan yağlı qidalar

Yaxşı qan üçün süfrədə olması lazım olan yağlı qidalar

Həkimlər yaxşı qan üçün süfrədə hansı qidalar olmasını açıqlayıb. Mütəxəssislərin fikrincə, pəhrizinizə bir neçə qida, o cümlədən yağlı qidalar daxil etməklə qanın “tərkibini yaxşılaşdıra” bilərsiniz.

Dəmir ehtiyatlarını bərpa etmək üçün (orqanizmin qırmızı qan hüceyrələrinin – eritrositlərin əmələ gəlməsi üçün zəruri olan mikroelement) qırmızı ətdən imtina etməmək tövsiyə olunur.

Həkimlər xatırladıblar: “Ətə sıx qırmızı rəng verən heyvan hemoglobinin tərkibindəki böyük miqdarda dəmirdir.

Dəmir tərkibinə görəgörə, liderlər arasında heyvan mənşəli məhsullar da var. Yeri gəlmişkən, mal qaraciyərində mal ətindən daha az yağ var. Ancaq yadda saxlamağa dəyər ki, malın iç orqanları yüksək xolesterollu bir qidadır, buna görə də xidmət ölçüsünə nəzarət etməlisiniz, həmçinin həkiminizin mümkün əks göstərişlərini nəzərə almalısınız.

Toyuq və bildirçin yumurtaları da yaxşı dəmir mənbəyidir.

“Onlar həm də maqnezium, doymamış yağ turşuları və vitaminlərin etibarlı tədarükçüsüdür” həkimlər deyir.

Yaxşı qan üçün ətdən daha çox dəmiri olan orqanlar:
Mütəxəssislər mal ürəyi yeməyinə xüsusi diqqət yetirməyi məsləhət görürlər.
Ürəkdə mal ətindən altı dəfə çox B vitamini olduğu, bir yarım dəfə çox dəmir olduğu aydınlaşdırılıb. Buna görə də, bu cür qida bədənin qırmızı qan hüceyrələrini (eritrositlər) istehsal etməsi üçün, lazım olan dəmir ehtiyatlarını bərpa etməyə kömək edəcəkdir.
Qaraciyərdə çoxlu dəmir, vitamin B12 (anemiyanın qarşısının alınması və müalicəsi üçün vacibdir) var.
Yumurtanın müntəzəm istehlakının xolesterolun artması riski ilə əlaqəli olduğuna inanılır. Son araşdırmalar göstərib ki, “pis” xolesterol səviyyəsinə yumurtanın özü deyil, onları nə ilə yediyimiz təsir edir. Məsələn, kolbasa və donuzla. Kardioloq, tibb elmləri namizədi Anna Koreneviç qeyd edib. Ancaq hər şeydən istifadə etdikdə, həddi və nə vaxt dayanacağını bilmək lazımdır.

Həkimlər qeyd ediblər ki, balıq zəngin dəmir, yod və bir çox vitamin mənbəyidir. İspanağa da yaxından nəzər salmağa dəyər. İspanaqda olan dəmir (digər bitki qidalarından fərqli olaraq) yüksək konsentrasiyaya malik C vitamini sayəsində daha yaxşı sorulur. Həmçinin şokoladdan miqdarında istifadənin də orqanizmə xeyri var.

Mənbə: Esmira Şükürova

ESMİRA ŞÜKÜROVANIN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

TƏRANƏ DƏMİRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

“Gettabey” – Qoşa samitli qədim söz – anlamı

Gədəbəyin adının dəyişdirilməsi məsələsi hərdən müzakirə olunur. Müzakirəni yaradan səbəb addakı “gədə” hissəsidir. Bilənlər bilir, bilməyənlər də rayonun adı ilə bağlı etimologiyanı araşdırsalar, yaxşı olar.

“Gədəbəy adı ilə bağlı onlarla rəvayət mövcuddur. Alban tarixçisi Muxtar Qoş “Albaniya xronikası” əsərində (1206-cı il) Gədəbəy əyalətinin adını “Getabey” kimi işlədib. Ehtimal edirlər ki, “Gettabey” sözü sonradan deformasiyaya uğrayaraq Gədəbəyə çevrilib. Qədim türkcədə “böyük, qüdrətli adam” mənasında işlədilib. Coğrafi relyefinə görə bura döyüşkən türk tayfalarının yerləşdiyi ərazi olub. Gədəbəy sözü də buna müvafiq olaraq bədii ədəbiyyatda müraciət olunan şəxs, igid oğlan mənalarını verir. Gədəbəy toponimi qədim türk dilində gədə – keşikçi və bək – təpə sözlərindən ibarətdir və “gözətçi təpəsi” deməkdir. Bu ehtimal həqiqətə daha yaxındır. Tarixi mənbələrdə adı ilk dəfə XII əsrdə çəkilən Gədəbəy qalasının xarabalıqları rayonun Təpəlik sayılan yuxarı hissəsindədir. Başqa bir ehtimala görə isə, Dədəbəy sözü deformasiyaya uğrayaraq Gədəbəy olub. Orta əsrlərdə bu torpaqların bir hissəsi Atabəy, Şəkərbəy, Gədəbəy – ata və oğulları arasında bölüşdürülüb. Gədəbəy, Atabəyin oğlu olub. Ərazidə indi də Atabəy və Şəkərbəy adlı kəndlər var”.Şahdağ silsiləsinin şimal ətəyindən axan Mis çayının yaxınlığındakı Mağara dağının ətəyindən XIX əsrdən mis filizi çıxarılır. Haqqındakı məlumatlardan biri də ərazidə olan tarixi mədəniyyət abidələrinin eramizdan əvvəl XIV-VIII əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmasıdır.
“Arxeoloji qazıntının nəticələri Almaniyanın “Folker Şpis” elmi nəşriyyatı tərəfindən “Qalakənd” adlı elmi əsər şəklində Berlində çap edilmişdir. Əsər Berlin Dövlət muzeyində saxlanılır”.

MƏLUMATI HAZIRLADI: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI



GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

“ULDUZ” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Araz Yaquboğlu – BƏHRƏMİN QONAQLIĞI

ARAZ YAQUBOĞLU: Xasay əmimlə bağlı sizlərə bir əhvalat söyləyim. Axı bu gün onun anım günüdür.

BƏHRƏMİN QONAQLIĞI

Daşkəndli Orucun qızı Abuzəndə Göyçənin Qaraqoyunlu kəndində Bəhrəmin yoldaşıydı. Bəhrəm də səxalı, əli açıq, çörəkli adam olub. Abuzəndənin qardaşı Xasay Hacıyev həbsdə olan vaxtlar bacısı çox ağlayır, çox sızlayır. Qaraqoyunlular onun nə qədər könlünü alsalar da, heç rahatlıq tapmırmış. Qaraqoyunlular Abuzəndənin xətrini çox istəyirmişlər. Qoçaq bir qadın idi. Xeyirdə, şərdə yemək bişirər, kənddə dərzilik edər, camaata xidmət göstərərmiş. 1963-cü ildə Xasay Hacıyev həbsdən qayıdanda Bəhrəm Abuzəndəylə, bir neçə də qohumuyla qurban gətirib Yeni Daşkənddə kəsir. Xasayı da Qaraqoyunluya qonaq dəvət edib gedirlər.
Bir müddətdən sonra gəlib-gedənlə Bəhrəm xəbər göndərir ki, Xasay səni gözləyirik gəl. Bu xəbər göndərmələr bir neçə dəfə də təkrar olur. Xasay Hacıyevin işi-gücü çox olduğundan vaxt eləyib gedə bilmir. Bəhrəm fikirləşir ki, yaxşısı budu qaynım Xasaya xəbər göndərim ki, bacın Abuzəndə ağır xəstədi, yerdə yatır. Onda tez gələcək. Belə də edir.
Xasay Hacıyev kənddən 3–4 qohum-əqraba da götürüb bacısının yanına gedir. Qaraqoyunluya çatanda görür ki, bacısı qapıda yır-yığış, biş-düş eləyir. O dəqiqə başa düşür ki, yeznəsi Bəhrəm onu aldadıb qonaqlığa çağırıb. Təzədən yemək-içmək başlayır. Qaraqoyunlular da yığılıb adı həmişə uca tutulan Abuzəndənin qardaşı Xasayın görüşünə gəlirlər. Sazlı-sözlü bir məclisdən sonra Bəhrəmin kəndçiləri nə qədər eləsələr də Xasay iki gündən artıq qala bilmir. Qayıdır Yeni Daşkəndə.
(Söyləyəni: Hacıyev Araz Yaqub oğlu)
P.S. şəkildə Süleyman Rüstəmin arxasındakı Xasay Hacıyevdir. Öndə sağdan 1-ci isə Azaflı Mikayıl.
(Şəkili qardaşım Eldəniz Tovuzlulardan əldə edib)

ARAZ YAQUBOĞLUNUN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.r

Turan Uğur – Fədailərimizi tanıyaq!

Fədailərimizi tanıyaq! (1)
İlk olaraq inqilabçı-şair, böyük fədai
Mir Mehdi Çavuşidən başladım.

(Dostlar, bugündən etibarən güneylilərimiz haqqında çeşidli bilgilərlə sizin üçün
“Fədailərimizi tanıyaq!” rubrikasını təqdim edəcəm.Müxtəlif fədailərimiz, cəsur, rəşadətli Təbrizli-ümumən güneyli inqilabçılarımız barəsində bilgilərimi sizinlə bölüşəcəm.Bütün bu silsilə yazılarımı Təbrizin Dəryan kəndində doğulan 64 illik ömrünün böyük hissəsini Təbrizdə keçirən babam İsmayıl Paydarın və fədailərin ruhuna ithaf edirəm)

21-22 sentyabr-1965-ci il
Xəlil Rzanın gündəliyindən:
“Mir Mehdi Çavuşinin sinəsi Cənubi Azərbaycanın ensiklopediyasıdır” – Söhrab Tahirin dilindən eşitdiyim bu cür ifadələr hafizəmdə əbədi nəqş bağlayıb.
“Mir Mehdi Çavuşi firqə tərəfindən ona kəsilən və Moskva tərəfindən təsdiq edilən personal pensiyanı almaqdan boyun qaçırıb.” Bu kimi cümlələr bu fövqəladə insana bəslədiyim məhəbbəti və marağı gündən-günə artırdı.
Nə qədər ki mənim iki əlim sağdır, pensiyaya əl açmaram.Firudin İbrahiminin, Azad Vətəninin qanpulunu yeyə bilmərəm.
Quba Rayon Partiya Komitəsinə qədəm qoyduğum zaman birinci Çavuşini soruşdum.Təbliğat şöbəsində işləyən Mövlud Qonaqov zəng çaldı, traktor təmiri stansiyasında indi çilingərlik edən bu qocaman inqilabçının səsini telefonda eşitdik.Ardınca göndərilən maşın az sonra Çavuşini gətirdi.
Mir Mehdi Çavuşi 1909-cu ildə çilingər Mir Həbibin ailəsində dünyaya gəlib.Ata yurdu Təbrizdir.
-Təbriz sözünün mənası “qızdırma tökən” dir.
Mən 11 yaşda ikən Şeyx Məhəmməd Xiyabanini görmüşəm.Ucaboy, şəstli, alnı guşad, gözlərinin kənarında qırış yoxdur.Bunun səbəbi o idi ki, Xiyabani Təbrizin şərqində yerləşən Xiyaban məhəlləsindən idi.Xiyabanlılar hər səhər evdən çıxıb şəhərə gedəndə günəş arxadan düşür, boyunlarının ardını qızardır, işıqdan qamaşmadığı üçün gözün kənarında uzun müddət qırış olmur.Biz isə Təbrizin qərbindənik.Himavar məhəlləsindən.
…Xiyabanidən danışdıqca hiss edirəm ki, Mir Mehdi Çavuşi özü də məhz Xiyabani məktəbində yetişniş bir inqilabçıdır.Londonda 15 il hüquq təhsili alan ingilis casusu Mirzə Rza xan Səidi günlərin birində Çavuşinin dükanına girir.Dükanda Çavuşidən başqa heç kəs olmadığı halda, yenə ehtiyat edərək zərli əsasını arxadan qapıya dirəyib müxatibinə üz tutur.
-Ağayi Çavuşi, səninlə məxfi bir söhbətim var.Sən mənə de görüm, həyatda yaşamaqda məqsəd nə?
-Yaşatmaq
-Yox, o şurəvilərin sözüdür.Öz sözünü de.Yaşamaqda məqsəd ağ gün görməkdir.Ağ gün üçün nə lazımdır? 200 tümən pul, bağlı-bağatlı bir ev.İstəsən bunlar sənin üçün mümkündür.
Bu şirin kəlamların arxasında gizlənmiş alçaq niyyəti dərhal başa düşən Çavuşinin dodaqlarında kinayəli bir təbəssüm oyanır.Cavuşinin cavabı səkkiz misralı bu şeir olur:
Aldat özünü, şöhrətə talib deyiləm mən,
Heyhat! Yaşamaqçün ona bir an əyiləm mən.
Minnətlə əgər başimə şah tək qoyalar tac,
Haşa, o taca tuf deməsəm, ən rəziləm mən.
Yalvarmaram, hətta belə məhv olsam həyatda,
Gör dar ağacından asılıb, ya kəsiləm mən.
Azad yaşamaqdır mənim aləmdə məramım,
Çün böyük amallara mənsub nəsiləm mən.

Ardı var…

MÜƏLLİF: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru